XX əsrin əvvəllərində türk xalqlarının milli hərəkatında mövcud olmuş ideya-siyasi cərəyanlar
Birinci rus inqilabının məğlubiyyətindən sonra bir çox görkəmli türkçülər Rusiyadan xaricə, xüsusilə Türkiyəyə mühacirət etməli olurlar. Onların içərisində tatar Yusif Akçura oğlu, Ə.Hüseynzadə, Ə.Ağayev və başqaları da var idi. Bu görkəmli türkçülər Türkiyədə və Avropada türkçülük ideyalarının yayılmasında mühüm rol oynamışdılar. Sonralar “Türk dili” külliyatı qeyd edirdi ki, Əli bəy Hüseynzadənin poetik türkçülüyü “1905-ci ildən sonra İstanbulda digər türkçülərin, o cümlədən Ziya Göyalpın meydana gəlməsinə şərait yaratdı”.
Məhz Rusiya türkçülərinin axışıb Türkiyəyə gəlməsi İstanbulun türkçülük təbliğatının mərkəzinə çevrilməsinə, Türkiyədə və Avropanın müxtəlif şəhərlərində türk cəmiyyətlərinin yaranmasına səbəb oldu. Türklərin yeganə müstəqil dövləti olan Türkiyə türkçülük ideologiyasının mərkəzinə çevrildikcə türk xalqlarının birlik, yekdillik ideyaları son nəticədə Türkiyə ilə bağlanırdı.
Mərkəzi Asiyanın türk əhalisi bütün siyasi hüquqlardan məhrum edilmişdilər, ən yaxşı torpaqlar əllərindən alınmış ənənəvi istehsal üsulu, sosial struktur dağıdılmışdı. Müstəmləkəçi hökumət qarşılarına bu bölgənin ruslaşdırılması məsələsini qoymuşdular. Bununla bərabər, XX əsin əvvəllərində milli azadlıq hərəkatı yeni mərhələyə qədəm qoyur. Azadlıq hərəkatında əsas yeri milli ziyalılar tuturdular. Onların möhkəmlənməsi XX əsrin əvvəllərində siyasi partiyaların yaranmasına gətirib çıxartdı.
Məğlubiyyətə baxmayaraq, 1905-1907-ci illər inqilabında fəhlə sinfi və kəndlilər öz mübarizəsi ilə çar hökumətini bəzi güzəştlərə getməyə məcbur etdi. Sənayenin bir sıra sahələrində əməkhaqqı artırıldı, iş günü qısaldıldı. Kəndlilər ödənc əməliyyatlarının ləğv edilməsinə nail oldular. Birinci rus inqilabı ölkədəki siniflərin və partiyaların mövqeləri arasındakı fərqi, onların əməli fəaliyyətləri əsasında dəqiq müəyyənləşdirdi. İnqilab fəhlə və kəndliləri siyasi mübarizəyə cəlb etdi və onlar üçün mühüm siyasi məktəb oldu. Bu inqilab məğlubiyyətlə nəticələnsə də çar üsul-idarəsini xeyli sarsıtdı.
İnqilab beynəlxalq imperializmin müstəmləkəçilik siyasətinə qarşı azadlıq hərəkatının başlanmasına da təsir göstərdi. 1905-1907-ci illər inqilabı, mərkəzdə olduğu kimi, milli ucqarlarda da, o cümlədən türk xalqları yaşayan bölgələrdə də məğlubiyyətlə nəticələndi. Birinci rus inqilabı zamanı türk xalqlarının ictimai hərəkatları istər rus, istərsə də başqa mətbuat səhifələrində geniş təsir bağışlamışdı.
“Rusiya Müsəlmanları İttifaqı”nın ikinci qurultayı 1906-cı il yanvarın 15-23-də Peterburqda keçirildi. Mübahisəli şəraitdə keçən bu qurultayda İsmayıl bəy Qaspıralı sədr seçilsə də öz namizədliyini geri götürmüş, onun yerinə Əlimərdan bəy Topçubaşov sədr seçilmişdi. Nümayəndələr Əlimərdan bəyin “İttifaq” üçün hazırladığı layihəni qəbul edib, bəzi çatışmazlıqların gələcək qurultayda aradan qaldırılmasını qərara aldılar. Bu arada Bakıda “Həyat” qəzeti nəşr olunmağa başlamış və qurultay haqqında oxuculara ətraflı məlumatlar vermişdi.
Dostları ilə paylaş: |