71) Homer dövrü Yunanıstan Yunanıstanın dorilər tərəfindən qəsbi Egey mədəniyyətinin və ümumilikdə təsərrüfatın süqutuna səbəb oldu. Tarixdə bu dövrün, yəni bizim e.ə. XI-IX əsrlərin Qədim Yunan mədəniyyətində «qaranlıq əsrlər» kimi qəbul edilməsi məqbul hesab edilmir. Bu dövrün digər məşhur adı Homer dövrüdür. Homer Qədim Yunan mədəniyyətinin əzəmətli nümayəndəsi olub, məşhur «İliada» və «Odisseya» əsərləri ilə dünya ədəbiyyatı siyahısına töhfə bəxş etmişdir. Bu əsərlər poema janrında yazılmış və Homerin dövründən çox-çox əvvəllərin (b.e.ə. IX əsr) hadisələrini təsvir edir. Homer «İliada» poemasında qədim Troyanı «Müqəddəs şəhər» kimi qiymətləndirir.
Homer dövrünün bədii mədəniyyətindəki bəzi xüsusiyyətlər, əvvəlki tarixi dövrlərin mədəniyyət və incəsənətindən qalsa da, əvvəllərə bənzəməyən, keyfiyyətcə yeni bir mədəniyyət yaranırdı. İncəsənətdə həndəsi üslubda təsvirli keramika kimi növün yaranması mühüm mədəni hadisə idi. Bu sənətin mahiyyəti keramika nümunəsinin cizgili ornamentlərlə – dairə, üçbucaq, romb və s. İlə bəzədilməsidir. Vazaların bu tərzdə bəzədilməsi, təsviri formalarının yüksək kamillik, tamlıq əsasında yerinə yetirilməsi və bu zaman riyazi hesablamalara riayət olunması incəsənətdə yeni bir addım idi. Həndəsi üslub keçid çağlarının (ibtidai dövrdən sinifli cəmiyyətə keçid) təzahürüdür. Bu sənət sxematik səciyyə kəsb etsə də o, real həyat səhnələrini təcəssüm etdirirdi. Bu sənətdə yeni, başlıca ideya hakim idi: həndəsi fiqurların köməkliyi ilə predmet və hadisələrin ümumi cəhətlərini təsvir etmək olar, bunun əsasında gözəllik və bu gözəlliyin hansısa qaydasını müəyyənləşdirmək mümkündür. Homer dövründə yunanlar öz allahlarına müqəddəs mağara, düzənliklərdə etiqad edirdilər. Görünür, elə bununla əlaqədar ilk məbədlər, məsələn Spartadakı Artemida məbədi yaranmağa başlayır. Bu dövrün maddi memarlıq abidələrinin əsas materialı ağacdan olduğu üçün dörümüzə qədər gəlib çatanı demək olar ki, yoxdur. Həmin dövrün memarlıq sənəti haqqındakı təsəvvürlər tikililərin qalmış bünövrələri, keramik vaza və qablar üzərindəki taxta saray və məbədlərin təsvirləridir. Yüksək təbəqədən olanların evləri geniş, 2 mərtəbəli idi.