72) Klassik dövr Yunan fəlsəfəsi Sokrat, Platon və Aristotelin fəlsəfəsi qədim yunan düşüncəsi və elminin ən yüksək zirvəsi sayılmaqdadır. Bu filosoflar keçmiş irsi mənimsəmiş, onu sistemləşdirərək elm halına gətirmiş və bütün bunlara öz fikirlərini əlavə etmişdirlər. Yunan fəlsəfəsinin klassik dönəmindən öncə elm və fəlsəfə fraqmentlər və pərakəndə biliklər halında olmuşdur. Həmin dönəmdən başlayaraq bu biliklər sistemləşdirilmiş və elmi kateqoriyalara salınmışdır. Bu prinsip də sonrakı dövrlərdə bütün dünya elmində tətbiq olunmuş və insanlığı tərəqqiyə doğru aparmışdır.
Sofistlərin təlimləri yunan polislərində şiddətli tənqidlərinə məruz qalmışdır. Onların iddialarını rədd edən başqa filosoflar hamı üçün bir olan obyektiv biliyə nail olmanın yollarını axtarmış, sofistlərin subyektivli-yindən aralanmağın metodlarını araşdırmışdılar. Onlardan biri də Afinada yaşayan Sokrat olmuşdur. Öncə o sofirstlərin təlimi ilə maraqlanmış, ancaq sonra onlardan aralanaraq bu cərəyanı tənqid etmişdir. Daha sonra Sokrat öz fəlsəfi fikirlərini açıqlamış və beləliklə o, ətrafına çoxlu öyrənci yığa bilmişdir.
Peloponnesus savaşından sonra afinalılar spartalılara məğlub olmalarının səbəblərini araşdırarkən daxili düşmənlər axtarışında olmuşdurlar. O zaman Sokrata qarşı olanlar onu dövlətin dayaqlarının dağıdılmasında və təhlükəli təbliğatın aparmasında ittiham edib mühakimə etmişdilər. Onu həm də gənclərin əxlaqının pozulmasında, qədim tanrıları inkar edərək yeni tanrılar kultunun yaradılmasında suçlamışdılar. Məhkəmənin qərarı ilə Sokrat zəhər içərək intihar etmişdir.
73)Qədim Yunanıstanda elm və təhsilin inkişafı Qədim Yunanıstan dünya tarixində çox önəmli yer tutur. Təhsilin, elmin və mədəniyyətin inkişafına görə dünya xalqları arasında ön sıralarda qərarlaşır. Eramızdan əvvəl 1-ci minilliyin əvvəllərində Miken mədəniyyəti süquta uğrayır və Yunanıstan şərqdən gələn yeni mədəniyyət dalğası ilə yüksəlməyə başlayır. Miken mədəniyyəti çökəndən sonra “Miken xətti” deyilən ilkin yazı üslubu da unudulur, yunanlar finikiyalıların gətirdiyi əlifbanı özlərinə uyğunlaşdırıb, qəbul edirlər. Yazı isə insan cəmiyyətinin şübhəsiz ki, ən böyük kəşfidir. Çünki yazı olmasaydı insanlar heç bir qeyd tuta bilməyəcəkdilər. Qeyd yoxdursa bilgi də yoxdur, bilgi yoxdursa heçnə yoxdur.
E.Ə. 8-7-ci yüzilliklərdən başlayaraq yunan mədəniyyəti sürətlə yüksəlməyə başlayır. Bunun səbəbi öyrənməyə olan maraq idi. Yunanlar niyə öyrənmək istəyirdi? Yunanıstan torpaqları geoloji olaraq əkinə yararsız torpaqlardır. Torpaqları quraqdır, əhəng daşı çoxdur və başqa vulkanik daşlarla zəngindir. Beləliklə, Yunanıstanda əkinə yararlı torpaq heç də bol deyil. Buna görə də yunanlar ölkənin bütün əhalisini doyuracaq miqdarda məhsul istehsal edə bilmirdilər. Belə olan halda Yunanıstandan çoxlu sayda insan köç edib başqa yerlərdə məskunlaşırdılar. Bu yunan şəhər dövlətlərinin Qara dəniz sahili, müasir Fransa, İtaliya, Şimali Afrika, Aralıq dənizi adalarında çox sayda kaloniyasının olmasına səbəb olurdu. Və bu səbəbdən yunanlar onları əhatə edən dünyanı sürətlə öyrənməyə başlamışdılar. Qədim yunan dünyası qərb əfsanələrində “Herakılın sütunları” adalanan Cəbəllütariq boğazı, şərqdə isə dünyanı saxlayan sütunlardan sayılan Qafqaz dağlarından ibarət idi. İnsanlara alovun sirrini verdiyinə görə Promotey Zevs tərəfindən bu dağa zəncirləmişdi.
Qədim Yunanıstanda elmin yüksəlişinin başqa bir səbəbi də ölkənin polis adlanan şəhər dövlətlərdən ibarət olması idi. Çünki mərkəzi, despotik hakimiyyətlər bilərəkdən, yaxud bilməyərəkdən hər zaman elm və təhsilə əngəl törədiblər. Bunun tarixdə örnəkləri çoxdur. Hətda Haxamanişlər Yunanıstana hücum edən zaman da yunan şəhər dövlətləri bir qərara gəlib, ortaq düşmən olan farslara qarşı birləşə bilmirdilər. Sistemli despotik və monarxik hakimiyyəti olmayan şəhər dövlətləri əsasən “demokratiya” ilə idarə edilirdi. Başları üzərində despotun dəmir yumruğu olmayan müəllimlər, alimlər öz fikirlərini sərbəst səsləndirə bilirdilər. Buna görə də qədim Yunanıstanda təhsil inkişafda idi. Sonrakı illərdə Roma imperiyası tərəfindən ilhaq edilən yunan şəhər dövlətləri öz inkişaf özəlliklərini itirirdi. Xristianlığın gəlişindən sonra isə Yunanıstan öz adlı-şanlı günləri ilə həmişəlik sağollaşır.
Qədim Yunanıstanın bütün şəhər dövlətlərində uşaqlar kiçik yaşlardan təhsilə yönləndirilirdilər. Spartadan başqa digər şəhərlərdə uşaqlara musiqi, incəsənət, ədəbiyyat, riyaziyyat, siyasət kimi bir çox sahələrdən dərslər keçilirdi. Altı yaşına çatmış oğlanlara isə artıq oxumaq və yazmaq da öyrədilirdi. Qədim Yunanıstanda iki əsas təhsil sistemi mövcud idi: Afina sistemi, Sparta sistemi. Afina sistemi iki istiqamət üzrə aparılırdı, fiziki və intelektual hazırlıq və ya yunanca adları ilə uyğun olaraq, gimnastika və mosike. Gimnastika fiziki hazırlıq idi. İnsanları güclü, dözümlü, fiziki cəhətdən formada saxlamaq və daim müharibəyə hazır olmaq üçün hazırlayırdı. Həmçinin insanların qoca yaşda da sağlam qalması məqsədi daşıyırdı. Buna görə də oğlan uşaqları öz ibtidai təhsillərinə başlayan zaman artıq gimnaziyalara gedib fiziki hazırlıq keçirdilər. Gimnaziya sözü yunan dilindən tərcümədə çılpaq deməkdir. Mosike istiqaməti isə uşaqları intellektual baxımdan hazırlaşdırırdı. Burada rəqs, şairlik, musiqi və sair kimi sahələr öyrədilirirdi. Bunlarla yanaşı, burada uşaqlar tərbiyə olunur və necə alicənab olmalı olduqları öyrədilirdi. Mosike sözünün mənasına gəldikdə isə bu muzelərdən gəlir. Qədim Yunanıstanda muzelər elm, incəsənət və poeziya allahları sayılırdılar, Zevsin (ildırım allahı) və Mnemosianın (yaddaş ilahəsi) qızlarıdırlar. “Musiqi” sözü də buradan yaranıb.