siçanları tarla və çəmənlərdə, otlaq gənəsinə isə mal-qara otarılan meşə talaları, meşə kənarı, meşə qırma
sahələrində rast gəlinir.
Məlum olduğu kimi, epidemioloqların xidməti sayəsində təhlükəli sayılan taun xəstəliyinin qarşısı
alınmışdır. Lakin intensiv mənimsənilən sənaye ərazilərində bu xəstəliyin mənbələrinə təsadüf edilir. Məsələn,
Abşeron yarımadası şəraitində başdan-başa neft buruqları və nəqliyyat magistralı şəbəkəsi olan sahələrdə taun
xəstəliyinin törədicisi sayılan qum siçanı yayılmışdır.
Təbiətin dəyişdirilməsi bilavasitə vəhşi istiqanlı heyvanların kütləvi çoxalmasına şərait yaratdı, bu heyvan-
lar eyni zamanda infeksiyanın sahibi və mənbəyi sayılaraq, davamlı və müxtəlif epizootik prosesin əmələ
gəlməsinə səbəb olur.
20.1. ƏKİNÇİLİK VƏ İNSAN SAĞLAMLIĞI
Əkinçilik insanın digər təsərrüfat fəaliyyti növləri ilə müqayisədə təbiətin dəyişdirilməsində ən böyük ra-
dikal vasitə hesab olunur. Xam və dincə qoyulmuş torpaqların şumlanması, səpin işləri, plantasiyaların
salınması təbii biotopları kənd təsərrüfatı sahələri ilə əvəz edərək, torpağın üst horizontlarının fiziki-kimyəvi
strukturunu dərindən dəyişdirir, yabanı bitən floranın əsas kütləsini məhv edir. Nəticədə təbii biotoplar
kökündən dəyişilir, onlara uyğun biosenozlar pozulur, bunun sayəsində biosenozların üzvləri arasında təbii
mənbə xəstəliklərinin törədicilərinin dövran sistemi də pozulur.
Buna Cənubi Qafqaz düzən-dağətəyi taun mənbəyinin deqradasiyası nümunəvi misal ola bilər. Əvvəllər
Kür-Araz ovalığı landşaftlarında yayılan qırmızı quyruq qum siçanı bu mənbələri saxlayırdı. 1950-ci illərdə
Şirvan, Mil, Qarabağ bozqırlarının, yarımsəhranın ərazisi mənimsənilməyə başlandı, ərazinin şumlanması və
irriqasiya sisteminin yaradılması bu gəmiricinin məskunlaşdığı yerləri bir-birindən aralı saldı. Taunun
törədicilərinin kök salması üçün şərait ləğv olundu, onun mənbələri sönməyə başladı. Beləliklə, xam torpaqların
başdan-başa şumlanması Cənubi Qafqazın bu hissəsinin sağlamlaşdırılmasına səbəb oldu.
Şimali Qazaxıstanın ilkin bozqır (step) «qızdırma - Ku» zonasında torpaq massivlərinin şumlanması bu
xəstəliyin əsas infeksiyası epizootik zəncirindəki başlıca üzvlərindən biri sayılan Marmota-bobasın sayının
kəskin azalmasına səbəb oldu.
Torpağın müntəzəm hazırlanaraq mədəni bitkilərin səpilməsi bir çox digər yoluxucu xəstəliklərə qarşı
başlıca sağlamlaşdırıcı tədbir hesab olunur. Belə ki, Qazaxıstanın geniş xam torpaqlarında hər il taxıl bitkiləri
becərilən ərazilərdə biosenozlarla əlaqədar yayılan çöl gəmiricilərinin yuvaları dağıdıldığı üçün gənə səpmə
yatalağı və digər yoluxucu xəstəliklərin təbii mənbələri (ocaqları) yox edildi.
«Qolodnıy» çölündə pambıq altında becərilən torpaqlarda leyşmaniozların təbii mənbələri məhv edildi.
Türkmənistanın Sumbar vadisi başdan-başa bağa çevrildikdən sonra mığ-mığa, gənə ilə birlikdə gəmiricilərin
biosenozları tamamilə dağıdıldı və gənə-səpmə yatalağının mənbələri yox edildi.
Ərazinin kənd təsərrüfatı mənimsənilməsi prosesinin yoluxmanın (infeksiyanın) təbii ocağına (mənbəyinə)
təsir mexanizmi aşağıdakı kimi baş verir. Xam torpağın şumlanması zamanı təbii biosenozlardakı siçanşəkilli
gəmiricilər kütləvi surətdə məhv edilir. Dərin şumlama onların yuvalarını dağıdır, yem bazasını yox edir.
Gəmiricilərin çoxu bilavasitə kotanın altında məhv olur, sağ qalanları isə yuvalarından və yemdən məhrum olub
əlverişsiz temperatur şəraitində acından ölürlər. Az sayda sağ qalan gəmiricilərin bir hissəsi şumun kənarına, yol
qırağına və ya otlaq sahəsinə çataraq orada məskunlaşır.
Torpağın dövri olaraq şumlanmasının yoluxucu xəstəliklərin təbii mənbələrinə təsiri həmçinin torpaqda
istənilən mərhələdə və inkişafda olan gənələrin də məhv edilməsi ilə əlaqədardır. Bu, yalnız tamamilə mexaniki
səbəblərlə deyil, həm də şum aparılan sahələrdə mikroiqlimin kəskin dəyişməsi –temperaturun aşağı düşməsi,
rütubətliyin artması, yaz şaxtaları və ayazlarla aydınlaşdırılır. Şum sahələrində gənələrə çox nadir hallarda
təsadüf etmək olar.
Şumlama dayandırıldıqda (əkin dövriyyəsindən çıxarılan sahələr, dincə qoyulan və ya çoxillik otlar səpini
aparılan) gəmiricilərin məskunlaşması və sayı bərpa olunur. Belə yerlərdə ətraf şum aparılmayan sahələrdən
gəmiricilərin təkrar məskunlaşması böyük rol oynayır.
Beləliklə, yalnız geniş massivlərdə şumlama apararaq torpağın üst horizontlarını sistematik olaraq
dağıtmaqla gəmiriciləri stabil olaraq məhv etmək və ərazini sağlamlaşdırmaq mümkündür. Gəmiricilərin məhv
edilməsində əkinçilik mədəniyyətinin yüksək səviyyədə aparılması da həlledici rol oynayır.
20.2. MEŞƏDƏN İSTİFADƏ VƏ İNSAN SAĞLAMLIĞI
Əkinçiliyin keçmiş inkişaf tarixi meşələrin məhv edilməsi tarixi ilə bağlıdır. Paleocooğrafların məlumatına
görə 900-cu ildə Qərbi Avropanın 70%-i meşə ilə örtülü olmuşdur, hazırda isə bu rəqəm 25%-dir. Yer kürəsində
336
qarışıq və sırf yarpaqlı meşələrin sahəsi 50-60%-dən də artıq, Aralıq dənizi kserofil tipli meşələr 80%, musson
meşələri isə 90%-dən də çox azalmışdır.
Meşəsizləşdirmə nəticəsində suyun təbii dövranı pozulur, daşqınların, sellərin, su eroziyasının, tozlu
tufanların, quraqlıq və quru küləklərin dağıdıcı gücü artır, səhralaşma prosesi sürətlənir, bununla da biosferin
davamlığı aşağı düşür, ərazi isə insanın həyatı üçün az yararlı olur.
Qırma və daşıma qaydalarına riayət etmədən meşələrin istismarı arzuedilməz nəticələrlə qurtarır. İlkin meşə
biotipi müvəqqəti və ya birdəfəlik sıradan çıxır. Qırıntıdan sonra meşə on illərdən sonra bərpa olunur, adətən
başqa tərkibli, əvvəlkindən az qiymətli ağaclıqlarla əvəz olunur. Düzgün aparılmayan qırıntı və oduncağın
daşınması zamanı çox vaxt meşə torpağı dağıdılır, ağac, qabıq və s. ilə çaylar zibillənir. Mikroiqlim, yem və
qoruyucu funksiya şəraiti kəskin dəyişdiyindən bu meşələrdə heyvan qruplaşmaları transformasiyaya uğrayır.
Heyvanların növ tərkibi və say nisbəti dəyişir, meşə heyvan növlərinin fon stabilliyi itirilir. Meşə qırıntısı,
ağaclığın seyrəkləşməsi zamanı bozqır (step), meşə-bozqır və kolluq heyvan növləri (sünbülqıran, dağ siçanı,
boz dovşan, çöl siçanının bir neçə növü) üçün yaşayış şəraiti yaxşılaşır, bu isə meşə zonasında onların sayını və
arealını genişləndirir.
Meşə biosenozlarının kökündən dəyişməsi əlbət ki, yoluxucu xəstəliklərin təbii mənbələrinin taleyinə də
təsir göstərməyə bilməzdi.
Meşə massivlərinin məhv edilərək ərazinin şumlanması, orada bataqlıq tipli tulyaremiyanın mənbələrinin
sağlamlaşması halları məlumdur. Buna Barabin ovalığının mərkəzi və cənub hissəsi misal ola bilər.
Bununla belə, meşədən düzgün istifadə olunmaması bir sıra yoluxucu xəstəliklərin təbii mənbələrinin
transformasiyasına, hətta onların aktivləşməsinə səbəb olur. Məsələn, Malakka (Malayziya) yarımadasında
meşənin qırılması nəticəsində törəmə tipli kol bitkiliyində ilkin meşə biosenozundakı 50 gəmirici növündən 15
növü qalmışdır. Lakin «Rattus» siçovulunun və bununla əlaqədar qırmızıbədən gənələrin (L.dellens və
L.akamushi) sayı kəskin artmışdır, bu isə susuqamus-qızdırma xəstəliyinin törədicilərinin dövr etməsinə olduq-
ca əlverişli şərait yaratmışdır.
Şəkil 20.1. Son minillikdə Avropada meşə sahəsinin dəyişməsi
Meşənin qırılması ilə su rejimi dəyişir, səthi axım artır, bu isə çox vaxt ərazinin bataqlaşmasına, ot
örtüyünün dəyişməsinə səbəb olur. Bununla əlaqədar faunanın tərkibinin dəyişməsi leptospiroz xəstəliyinin epi-
zootoloji vəziyyətini də dəyişdirir. Meşədə dominantlıq edən sarı çöl siçanı nadir hallarda leptospirozun
daşıyıcısı olur, onu əvəz edən boz çöl siçanı isə leptospiroza qarşı yüksək yoluxdurucu hissiyyata malik olduğ-
undan bu infeksiyanın təbii mənbələrini kəskin aktivləşdirir. Meşə landşaftlarının kənd təsərrüfatı sahələrinə
çevrilməsi və faunasının dəyişməsi prosesində qızdırma xəstəliyinin ilkin meşə mənbələri çəmən-bozqır
mənbəyinə transformasiya oluna bilər, burada çöl siçanları mühüm rol oynayır.
Ensefalit xəstəlikləri qrupuna tündiynəli və yarpaqlı meşələr yayılan demək olar ki, bütün ölkələrdə rast
gəlinir və onun törədiciləri qohum viruslar hesab olunur. Təbiətdə bütün hallarda ensefalit xəstəliklərinin
törədiciləri məməlilər, əsasən gəmiricilər və quşların müxtəlif növləri, daşıyıcısı isə iksod gənələridir.
Meşə landşaftlarının dəyişilməsi gənə ensofaliti mənbələrinin təkamülünə ciddi təsir göstərdi. Meşələrin
yox edilməsi ilə əkinçiliyin inkişafı, ağac kötüklərinin çıxarılması və taxıl səpini üçün ərazinin şumlanması
təkamül prosesində yaranan gəmirici biosenozları – meşə gənələri dağıdıldı, belə ki, əkinçilik rayonlarında ik-
sod gənələri əlverişli şərait tapmadığından məhv oldular. Nəticədə gənə ensefalitinin başdan-başa arealı
saxlanılan meşə qalıqları hüdudunda ayrı-ayrı adacıqlara çevrildi.
337
3-7 yaşlı qırıntı sahəsində yeniyetmələr, kollar və ot bitkiləri inkişaf etdiyindən, günəş şüaları nisbətən
azalır, gənələrin sığınacağı və yemlənməsi üçün şərait yaranır. Bura meşə heyvanları, o cümlədən özü ilə
gənələr daşıyan gəmiricilər miqrasiya edir.
Ağac və kollarla örtülən 7-15 yaşlı qırıntı sahəsində şərait optimuma, gənələr və onları yemləyən
gəmiricilərin sayı isə maksimuma çatır. Lakin meşə qırıntı sahəsində cavan ağaclıq sıxlaşdıqca gəmiricilər üçün
ekoloji şərait pisləşir. 15-35 yaşlı yarpaqlı ağac cinslərindən ibarət meşəlikdə çətirlər birləşdikdə kollar və ot
örtüyü sıradan çıxır. Nəticədə yem bazası azalır, çürümüş qırıntı qalıqları heyvanlar (gəmiricilər) üçün sığınacaq
vəzifəsini görmədiyindən onlar miqrasiya edir, yemləyicilərindən məhrum olan gənələr də azalır.
Meşə massivlərinin antropogen dəyişilməsinin yoluxucu xəstəliklərin yayılmasına təsirinə 1960-cı illərdən
sonra Avropa ölkələrini bürüyən quduzluq epizootiyasını misal göstərmək olar.
Böyük meşə massivlərinin azalmasının uzunmüddətli prosesi və bir sıra kiçik «adacıqlar» şəklində
saxlanılan meşə qalıqları tülkülərin sayının kəskin çoxalmasına səbəb oldu, meşənin dərinliklərində isə tülküyə
rast gəlinmir. Qırıntı sahələrində çoxlu sayda gəmiricilər məskunlaşdığından tülkülər üçün yaxşı yem bazası
yaranır. Tülkünün ekoloji plastikliyi onun yaşayış məntəqələri yaxınlığında məskunlaşmasına şərait yaratmışdır.
Tülkülərin sıxlığı 10 km
2
sahədə 1-2 fərddən artıq olduqda onların arasında quduzluq epizootiyası baş verir.
Tülkülər bu yoluxmaya həm həssas, həm də aqressiv olurlar. Tülkülər arasında quduzluğun epizootik dalğası
adətən hər 3-4 ildən bir təkrarlanır. Hazırda tülkü təbiətdə quduzluğun əsas mənbəyi sayılır.
Avropada tülkülərdə quduzluq epizootiyası 1960-cı illərdən Qərbi Polşadan başlamış və oradan Almaniya,
Danimarka, Belçika, Lüksemburq, Avstriya, İsveçrə, Fransa, Çexoslovakiyaya yayılmışdır.
Tülkülərdə quduzluq hadisəsi Şimali Qafqaz, Qazaxıstan və Sibirdə də qeydə alınmışdır.
İnsanın təsərrüfat fəaliyyətinin xəstəliklərin bir təbii mənbəyinin inkişafına, digərininkinin isə
deqradasiyasına süni salınan meşə zolaqları da səbəb olur.
Süni salınan meşə zolaqları ətraf əraziyə nisbətən ekoloji şəraiti dəyişərək heyvanlar üçün yeni
məskunlaşma yeri yaradır və yerli faunanın yerdəyişməsinə səbəb olur, tərkibinə yeni növlər cəlb edir. Bu za-
man heyvanların bir qisim növləri (kserofil-çöl heyvanları) sıxışdırılır və ya oradan uzaqlaşır, digərləri isə
əksinə burada çoxalmaq üçün əlverişli şərait tapır.
Növ tərkibinin kasatlaşması və ümumi sayının azalmasına səbəb olan digər təsərrüfat fəaliyyətindən fərqli
olaraq tarlaqoruyucu meşə zolaqlarının təsiri altında faunanın keyfiyyət və kəmiyyət tərkibi dəyişsə də, meşəsiz
çöl ərazilərinə nisbətən onurğalı heyvanların növ tərkibi və sıxlığı artır. Burada (zolaqda) həm meşə və kolluq
stasiyalarına uyğun xırda məməli növlərinə, həm də açıq sahədəki növlərə rast gəlinir.
Meşə zolaqlarında heyvanların konsentrasiyasının əsas səbəbi açıq və meşə sahələrinin birləşməsidir, bura-
da müxtəlif ekoloji tələbatı olan növlər əksər hallarda meşə həyatı keçirərək, burada düşmənlərindən və iqlim
faktorlarının əlverişsiz təsirindən qorunur, açıq sahələr isə (tarlalar) heyvanlara zəngin yem verir.
Meşə zolağının mikroiqlimi ətraf ərazinin iqlimindən xeyli fərqlənir, meşə zolağında temperatur tərəddüdü
amplitudası tarlaya (çölə) nisbətən aşağıdır, odur ki, heyvanlar burada gecənin soyuğundan və gündüzün
istisindən qorunur.
Müxtəlif məməli heyvan növlərinin çöl və meşə zolaqları arasında mövsümi miqrasiyasını dəqiq izləmək
olar. Yazda çölün (tarlanın) ətrafında gəmiricilərə az təsadüf edilir, lakin meşə zolağında onların sayı çox olur.
Taxıl bitkisi böyüdükcə açıq sahələrdə gəmiricilər və onların təzə yuvaları peyda olur, meşə zolağında isə
onların sayı azalır. Taxılın yetişdiyi dövrdə açıq tarlada ev siçanları və adi çöl siçanının sayı maksimuma çatır.
Məhsul yığıldıqdan sonra çöldə gəmiricilərin sayı azalır, meşə zolağında isə yenidən çoxalır.
Siçanabənzər gəmiricilərin müntəzəm mövsümi miqrasiyası tarlaqoruyucu meşə zolaqları ilə zolaqlararası
çöldə (tarlada) bir ekoloji vahid yaradır və burada meşə zolağı ilə zolaqlar arasında vahid biosenoz əmələ gəlir.
Azərbaycanın yarımsəhra zonasındakı meşə zolaqlarında yarımsəhrada olmayan meşə və ev siçanlarına rast
gəlinir. Onlarda L.agilis və L.algericus gənələri parazitlik edir. Meşə zolaqlarında çoxlu sayda olduqca müxtəlif
quş növləri məskən salır, onların çoxu burada yuva qurur. Meşə zolağındakı bəzi sərçə yuvalarında külli miq-
darda Ornithonissus sylvarum, Steatonissis və b. gənələr aşkar edilmişdir, onlar çöl şəraitində rast gəlinməyən
parazit gənələrə aiddir.
Gəmiricilərlə mübarizədə meşə zolaqlarına məməlilərin və quşların cəlb olunması yaxşı effekt verir. Bu
işdə faydalı heyvanların məskən salması üçün əlverişli şərait yaradan ağac və kol cinslərinin seçilməsi də
mühüm əhəmiyyət daşıyır.
Meşələrdə və tarlalarda gəmiricilərin məhv edilməsi üzrə müntəzəm mübarizə tədbirləri aparılmalıdır. Meşə
zolaqlarında gənəlrin artmasının qarşısını almaq istiqamətində aşağıdakı əsas aqrotexniki tədbirlər həyata
keçirilməlidir:
338
•
iri formalı iksod gənələrinin parazitlik dövründə (aprel və sentyabr-oktyabr) meşə zolağında və onun
100 m yaxınlığında mal-qara otarılmasına yol verilməməlidir;
•
meşə zolağı boyu yolların sayını azaltmalı;
•
meşə zolağı kənarı xam sahələr şumlanmalı.
Göstərilən tədbirlər sağlamlaşdırıcı effektlə yanaşı, həm də səpin sahələrini çoxaldar.
20.3. SÜNİ SU ANBARLARI VƏ İNSAN SAĞLAMLIĞI
Su anbarlarının yaradılması energetika, kənd təsərrüfatı, su nəqliyyatı, su təchizatı, balıq təsərrüfatı, rekrea-
siya və bir sıra digər problemlərin həllinə kömək göstərir.
Su anbarlarının yaradılmasında əsas məqsəd su elektrik stansiyalarını tikmək yolu ilə çayların enerjisindən
istifadə etmək hesab olunur.
Bənd və su anbarı yaratmaqla əlaqədar hidrotexniki qurğular çayların rejimini və hidrogeoloji vəziyyəti
kəskin dəyişir. Su anbarı ətrafında yeni tipli torpaq-qrunt su rejimi formalaşır: yeni sulu horizontlar əmələ gəlir,
yeraltı suların temperatur rejimi dəyişir, təzyiqli sızma inkişaf edir. Su anbarı rayonunda ərazini su basır və
bataqlaşır, sahillər yenidən formalaşır.
Flora və faunanın növ tərkibi və ekoloji formaları, yerli növlərin sayı və yayılma xarakteri dəyişir, yeni mi-
qrasiya yolları əmələ gəlir, əvvəlki biosenotik əlaqələr, bitki və heyvanların bəzi bioloji əlamətləri dəyişir.
Su anbarları istilik və radiasiya balansını transformasiya edir, bu isə öz növbəsində su hövzəsi üzərində və
onunla sərhədlənən ərazilərin iqlim xarakteristikasını dəyişir.
Su səthinin təsirilə meteoroloji rejim adətən bilavasitə sahilyanı zonada və oradan bir neçə yüz metr
kənarda daha çox dəyişir, sonra bu təsirin intensivliyi kəskin azalır. Lakin hakim küləklər istiqamətində su
anbarının təsiri 10 km və daha uzaqlarda müşahidə olunur.
Su anbarına bilavasitə hidroloji təsir zonası birləşir, burada qrunt sularının səviyyəsi və rejimi aydın
müşahidə edilir.
Qrunt sularının səviyyəsinin qalxması bir tərəfdən su anbarı yaxınlığında ərazini bataqlaşdırır, digər
tərəfdən isə torpaqda qleyləşmə prosesinin inkişafına səbəb olur.
Su anbarlarına yüksək konsentrasiyada fosfor və azot birləşmələrinin daxil olması çox vaxt evtrofikasiya
prosesinə səbəb olur, su hövzəsinin bioloji məhsuldarlığı yüksəlir (fito və zooplankton, mikroorqanizmlər).
Su anbarında və ətraf təbii mühitdə gedən bir çox proseslər xəstəliklərin təbii mənbələrinin taleyinə
bilavasitə təsir göstərir. Bu təsirin əsas aspektlərini aşağıdakı kimi göstərmək olar:
1. Su hövzələri səthində ekoloji vəziyyətin dəyişməsi müxtəlif yoluxucu xəstəliklərin (malyariya, ontoser-
koz və b.) – hidrofil qansoran buğumayaqlı törədicilərin yayılmasına şərait yaranır.
2. Su anbarlarının sahil zonasında ekoloji vəziyyətin dəyişməsi burada məskunlaşan xırda onurğalı
heyvanların və onların ekzoparazitlərinin müxtəlif təbii mənbə infeksiyasının (tulyaremiya, leptospiroz və b.) –
sahib və törədici daşıyıcılarının həyat tərzinə təsir göstərir.
3. Su hövzəsi daxilində ekoloji vəziyyətin dəyişməsi molyusk, xərçəngkimilər və balıqların yaşama şəraitini
dəyişdirir, nəticədə belə su hövzələrində müxtəlif helmintozların (şistosomoz, epistorxoz, difillobotrioz və b.)
enedemik mənbələri formalaşır.
Su anbarlarının yaradılması zamanı biosenozlarda gedən köklü dəyişkənliklər xəstəliklərin birinin təbii
mənbələrinin məhv edilməsi bu xəstəliklərin yoxa çıxmasına və ya əksinə digər xəstəliklərin təbii mənbələrinin
əmələ gəlməsinə və yaxud aktivləşməsinə əlverişli şərait yaradır. Su anbarlarının yaradılması hər şeydən əvvəl
invaziya və infeksiyann yayılmasını əks etdirir, belə ki, qansoran törədicilərin daşıyıcılarının həyat fəaliyyəti
bilavasitə su hövzəsi ilə bağlıdır (malyariya, onxoserkoz və b.).
Hidrotexniki qurğuların yaradılması çox vaxt malyariya xəstəliyinin artması və ondan ölüm hadisələrinin
çoxalaması ilə nəticələnmişdir. Məsələn, belə hal Panama kanalının, Hindistanda Sarda kanalı, Tennesi çayı
üzərində Xaleye Bar bəndinin salınması nəticəsində baş vermişdir.
Su anbarı zonasında malyariya vəziyyətini təyin edən əsas faktorlar dayazlıqların olması və xarakteri, suyun
səviyyəsinin dəyişməsi, dalğa fəaliyyəti və bitki örtüyünün xarakteri hesab olunur.
Vaxtilə malyariyanın kütləvi yayıldığı ölkələrdə, o cümlədən respublikamızda planlı və aktiv kütləvi
səhiyyə-profilaktik tədbirlər aparılması malyariya ərazilərini sağlamlaşdırmağın mümkün olmasını təsdiq edir.
Su anbarı yaratdıqda ərazinin su ilə basılması ilə əlaqədar bir çox biotopların suradan çıxması burada
vaxtilə məskunlaşan siçanabənzər gəmiricilərin sayına və həyat tərzinə təsir göstərmişdir. Bozqır, quraqlıq
sevən növlər (sünbülqıran, ərəbdovşanı, qum siçanı) su anbarı yaradıldıqdan sonra çox vaxt əlverişsiz ekoloji
339
şəraitə düşür. Onların zəbt etdiyi ərazilər azalır və populyasiyalarının sayı aşağı düşür. Yarpaqlı və qarışıq
meşələr zonasında tipik növlər məhv olur və ya kəskin azalaraq yerini yeni rütubətsevən növlərə verir.
Su anbarının sahilyanı zolağında yeni rütubətsevən cəngəlliyin yaranması, quruyan dayazlıqlar tədricən
gəmiricilərlə mənimsənilir, lakin onların qalması su anbarında suyun səviyyəsinin dəyişməsindən asılıdır.
Su anbarının sahilyanı ərazisində gəmiricilərin zəbt etməsinin qarşısını almaq üçün orada meliorativ və
aqrokultur tədbirlər həyata keçirməli, ərazi intensiv kənd təsərrüfatında və bağçılıqda istifadə edilməli və
yaşıllıqlar salınmalıdır.
Tropik zonada su anbarlarının yaradılması da əlavə ekoloji dəyişikliklər və problemlər yaradır. Burada hər
yeni su anbarı yaradıldıqda xəstəlik və ölüm hadisələrinin səviyyəsi kəskin yüksəlir: su mübadiləsinin zəif
olması, su biokütləsinin çoxalması ilə əlaqədar su anbarlarının suyunun keyfiyyəti çay sularına nisbətən adətən
pis olur. Bu isə xəstəliklərin artmasına səbəb olur. Malyariya, şistosomoz kimi xəstəliklərin yayıcıları əvvəlkinə
nisbətən su anbarlarının suyunda yaşamaq üçün əlverişli şərait tapır, bu isə xəstəliklərin kəskin çoxalmasına
səbəb olur. Tədqiqatçılar qeyd edirlər ki, şistosomoz Afrikada malyariyadan sonra yayılmasına görə ikinci para-
zitar xəstəlik sayılır, kontinentin bəzi rayonlarında əhalinin 90%-ə qədəri bu xəstəliyə tutulur.
Şistosomoz schistosoma sorucu-helmint cinsi tərəfindən əmələ gələn xəstəlik qrupudur. Helmintin
yumurtasının hansı orqanın divarcığında parazitlik etməsindən asılı olaraq şistosomoz üç cür olur: sidik-tənəsül,
bağırsaq və yapon şistosomozun invaziya mənbəyi sidik və nəcis vasitəsilə helmintin yumurtasını xaricə ayıran
xəstə insan hesab olunur. Şistosomoz xəstəliyi Qana çayının üzərindəki Akosombo su anbarının sahilində, Zam-
beza çayında yaradılan Karib SES-nin bəndi rayonunda (Zambiya və Zimbabedə), Bandama çayında (Baule
rayonu) tikilən bəndin yaratdığı Kosu su anbarı (Fil Sümüyünün sahili) rayonunda qeydə alınmışdır.
Son illər rütubətli ekvatorial meşə zonasında da su anbarları tikilir. Bu isə yuxarıda göstərilənlərlə yanaşı,
əlavə yeni problemlər yaradır. Burada daim yüksək dərəcə istiliyin olması şəraitində su bitki örtüyü olduqca
yaxşı inkişaf etdiyi üçün su anbarında suyun səthi praktiki olaraq görünmür. Ölü su biokütləsinin sonrakı
çürüməsi həll olmuş oksigeni sudan tam udaraq nəhayət qalan biokütlənin anaerob çürüməsinə və olduqca
zəhərli hidrogen-sulfidin ayrılmasına gətirib çıxarır. Burada ölümlə nəticələnən ensofalit xəstəliyinin bir növü
də daha çox müşahidə olunmağa başladı. Belə vəziyyət Surinamda (Cənubi Amerikanın şimal-şərqində dövlət)
da mövcuddur, burada o qədər də böyük olmayan Brokopondo su anbarında hidrogen-sulfidin iyi o dərəcədə
kəskindir ki, SES-də operatorlar işlədiyi zaman əleyhiqazdan istifadə edirlər.
Su hövzələrində ekoloji vəziyyətin dəyişməsi opistorxoz kimi helmintozların yayılmasına səbəb olur. Tay-
landda bu invaziya 1960-70-ci illərdə Ponq çayı üzərindəki Ubolratana və Non-Vay bəndinin sahil
kəndlərindəki yerli əhali arasında yayılmışdır. Yoluxmaya uğrayan balıqdan istifadə edən adamlar da opistorxo-
za yoluxmuşlar.
Beləliklə, su anbarları həm özündə formalaşan biosenozlar ilə, həm də onların hidroloji, iqlim rejimlərinə
və ətraf ərazilərdəki biosenozlara təsiri vasitəsilə yoluxucu və parazitar xəstəliklərin təbii mənbələrinə kökündən
təsir edə bilər. Lakin bu təsirin insanın sağlamlığına təsiri baxımından müsbət və ya mənfi olması su anbarının
yaradılması faktından asılı olmayıb onun layihələşdirilmiş texniki və gigiyena qaydalarına və iş rejiminə riayət
edilməsindən asılıdır. Bu qaydalara riayət edildikdə və epidemiyaya qarşı maraqlar nəzərə alındıqda su
anbarının yaradıması xəstəliklərin təbii mənbələrinə məhvedici təsir göstərir və onları hətta ləğv edə bilər.
Dostları ilə paylaş: |