Şəkil 2. Ekoloji-təbiət elmlərinin (fənlərinin) sxemi
«Ekologiya, ətraf mühit və insan» kitabına aşağıdakı mövzular daxil edilmişdir: Dünyada, o cümlədən
Azərbaycanda ekologiya elminin inkişaf tarixi; həyat mühiti və ekoloji faktorlar; müxtəlif səviyyələrdə
(populyasiya, biosenoz, ekosistem, biosfer) təbii sistemlərin funksiyalarının əsas qanunauyğunluqları, onların
davamlığı, məhsuldarlığı, enerjisi və digər xassələrini göstərən faktorlar, insan ekologiyası; insan tərəfindən
təbii ekosistemlərin fəaliyyət prinsiplərinin pozulması və onun ekoloji nəticələri; ətraf mühitin (atmosfer,
hidrosfer, litosfer, o cümlədən torpaq) əsas çirkləndiricilərinin ətraflı xarakteristikası və onların insanın
sağlamlığına təsiri; energetika və ekologiya; iqlimin qlobal dəyişməsi və onun təbii və sosial-iqtisadi nəticələri,
istilik (parnik) effekti, ozon təbəqəsini dağıdan səbəblər, turş yağışlar, avtomobil nəqliyyatının tullantılarının
ətraf mühitə və insanın sağlamlığına təsiri; litosferə, o cümlədən torpağa antropogen təsir: torpaq eroziyası,
nitrat və nitritlərin insan sağlamlığına təsiri, səhralaşma; bitki örtüyünə antropogen təsirin nəticələri, təbii
otlaqların vəziyyəti, bioloji müxtəliflik və onun deqradasiyası səbəbləri, dərman bitkilərindən istifadə; təbiətin
müxtəlif istiqamətlərdə dəyişdirilməsi (əkinçilik, meşədən istifadə, süni su anbarlarının yaradılması, suvarma,
bataqlıqların qurudulması, heyvandarlığın intensivləşdirilməsi, tikinti işləri) və insan sağlamlığı; biosferə xüsusi
təsir növləri (səs və elektromaqnit çirklənməsi) və onların insan sağlamlığına təsiri; biosferə ekstremal təsirlərin
(kütləvi qırğın silahları, müharibələr, nüvə silahları, texnogen ekoloji qəzalar) ətraf mühitdə nəticələri; təbii
fəlakətlərin (fırtına. zəlzələ, daşqın, tropik tsiklonlar, sel və sürüşmə hadisələri, quraqlıq, vulkanlar, kosmik
fəlakətlər və b.) nəticələri; ətraf mühitin sosial faktorları (siqaret çəkmə, nakromaniya və alkoqolizm) və onların
insanın sağlamlığına təsiri.
«Ekologiya ətraf mühit və insan» kitabının tərkibində göstərilən mövzular üzrə MDB dövlətlərində və
xaricdə nəşr edilmiş ədəbiyyatlardan, həmçinin müəlliflərin şəxsi tədqiqatlarının materiallarından istifadə
olunmuşdur.
Hazırda respublikamızda ekoloji mühitin pozulması, meşələrin, otlaqların, kənd təsərrüfatına yararlı
torpaqların azalması, bəzi yerlərdə tamamilə sıradan çıxarılması, şəhərlərdə atmosfer havasının, Kür, Araz və
digər çayların, Xəzərin, torpağın çirklənməsi, bir sıra bitki və heyvan növlərinin bioloji müxtəlifliyinin
pozulması və ya azalması «Ekologiya» kitabına ehtiyac olduğunu sübut edir.
13
«Ekologiya, ətraf mühit və insan» kitabı ekoloqlar, bioloqlar, coğrafiyaşünaslar, torpaqşünaslar, meşəçilər,
geobotaniklər, kənd təsərrüfatı, həmçinin təbii ehtiyatlardan istifadə problemləri və onların mühafizəsi
məsələləri ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
Geniş oxucu kütləsinin «Ekologiya, ətraf mühit və insan» kitabına verəcəkləri məsləhətlər və ya iradlara
görə müəlliflər qabaqcadan öz təşəkkürünü bildirir.
14
I FƏSİL
EKOLOGİYA ELMİNİN İNKİŞAF TARİXİ
Ekologiyanın tarixi kökləri çox qədim dövrlərə gedib çıxır. Canlı orqanizmlərin həyatı, onların xarici
mühitdən – onu əhatə edən üzvi və qeyri-üzvi mühitdən asılı olması, heyvan və bitkilərin yayılması xarakteri
haqqında məlumatlara hələ eramızdan əvvəlki dövrlərdə rast gəlinir. Hələ Aristotel (e.ə. 384-322), Böyük Pliney
(23-79 e.ə), R.Boykonun (1627-1691) əsərlərində yaşayış mühitinin orqanizmlərin həyatında əhəmiyyəti və
onların müəyyən yaşayış yerində məskunlaşması məsələlərinə toxunulur.
Antik filosof Aristotel (384-322 e.ə) 500-dən artıq ona məlum olan heyvan növünü təsvir etmiş, onların
davranışları haqqında (məs. balıqların miqrasiyası və qış yuxusu, quşların köçməsi, heyvanların qurucu
fəaliyyətindən, qu quşunun parazitizmindən, mürəkkəbböcəyinin özünü mühafizə üsulundan) yazmışdır.
Aristotelin şagirdi, «botanikanın atası» sayılan Teofrast Ereziyski (371-280 e.ə) müxtəlif şəraitlərdə bitkilərin
xüsusiyyətləri, onların forma və xüsusiyyətlərinin torpaq və iqlimdən asılılığı haqqında məlumatlar vermişdir.
İntibah epoxasında, yeni ölkələrin müstəmləkəçiliyi dövründə böyük coğrafi kəşflər və sistematikanın
inkişafı başladı. Bitki və heyvanların təsviri, onların xarici və daxili quruluşu, forma müxtəlifliyi ilk inkişaf
mərhələsində bioloji elmin başlıca məzmunu idi. İlk sistematiklərdən A.Sezalpin (1519-1603), D.Rey (1623-
1705), J.Turnefor (1656-1708) və başqaları bitkilərin bitmə və ya becərmə şəraitindən asılı olmasını
göstərmişlər.
Ümumiyyətlə, ekologiyanın inkişaf tarixini üç əsas mərhələyə bölmək olar.
Birinci mərhələ – ekologiyanın bir elm kimi yaranma və təşəkkülü (XIX əsrin 60-cı illərinə qədər). Bu
mərhələdə canlı orqanizmlərin məskunlaşdığı yerin mühiti ilə qarşılıqlı əlaqəsi haqqında məlumatlar toplanmış,
ilk elmi yekunlar hazırlanmışdır. XVII-XVIII əsrlərdə ekoloji məlumatlar ayrı-ayrı canlı orqanizmlərə həsr
olunur, onların bioloji təsvirləri yerinə yetirilir. Məs. A.Reomyurun əsərləri həşəratlara (1734), L.Tramblenin
əsərləri isə hidra və mşankalara (1744) həsr olunur. Ekoloji yanaşmanın elementlərinə rus alimlərinin –
İ.İ.Lepexinin, A.F.Middendorfun, S.P.Kraşennikovun, fransız alimi L.Byuffonun, İsveç təbiətşünası
K.Linneyin, alman alimi Q.Yeqer və b. əsərlərində rast gəlinir. XVII əsrdə Rusiyanın bir sıra ölkələrinə
səyahətlər edildi. S.P.Kraşennikov, İ.İ.Lepexin, P.S.Pallas və başqa rus cooğrafları və təbiətşünasları iqlim, bitki
örtüyü və heyvanat aləminin Rusiyanın geniş ərazisinin müxtəlif yerlərində qarşılıqlı əlaqəli dəyişməsini
göstərmişlər. P.S.Pallas özünün çox mühüm «Zoocoğrafiya» əsərində 151 məməli və 425 quş növünün həyat
tərzini, həmçinin miqrasiya, qış (yay) yuxusu, qohum növlərin qarşılıqlı əlaqələri və s. bioloji hadisələrin
təsvirini verir.
Fransız təbiətşünası Y.Byuffona (1707-1788) görə bir növün başqasına çevrilməsinin əsas səbəbləri
«İqlimin temperaturu, qidanın keyfiyyəti və əhlilləşdirmənin təsiridir». İlk evolyusiya təliminin müəllifi Lan-
Batist-Lamark (1744-1829) orqanizmlərin uyğunlaşma dəyişgənliyinin, heyvan və bitkilərin evolyusiyasının ən
mühüm səbəbi «xarici hadisələrin» təsiri olduğunu göstərmişdir.
Həmin dövrdə L.Lamark (1744-1829) və T.Maltus (1766-1834) ilk dəfə olaraq insanların təbiətə təsirinin
neqativ nəticələrinin mümkünlüyü haqqında bəşəriyyətə xəbərdarlıq edirdi.
Ekoloji təfəkkürün sonrakı inkişafı XIX əsrin əvvəlində biocoğrafiyanın peyda olmasına səbəb oldu.
Aleksandr Qumboldtun (1807) əsərləri bitki coğrafiyasında yeni ekoloji istiqamət təyin etdi. A.Qumboldt elmə
belə təsəvvür irəli sürdü ki, landşaftın «fizionomiyasını» bitki örtüyünün xarici görkəmi müəyyənləşdirir. O,
qeyd edir ki, zonal və şaquli qurşaqlıq coğarfi şəraitində bitkilərin müxtəlif taksonomik qruplarında bənzər
«Fizionomik» formalar, yəni eyni xarici görünüş yaranır; bu formaların paylanması və nisbəti ilə fiziki-coğrafi
mühitin spesifikası haqda mühakimə yürüdülür. Bu dövrdə iqlim faktorlarının heyvanların yayılmasına və
biologiyasına təsirinə həsr olunmuş ilk xüsusi əsərlər meydana gəldi. Alman zooloqu Q.Qloqerin (1833) iqlimin
təsiri ilə quşların dəyişməsi, Danimarkalı T.Faberin (1826) şimal quşlarının bioloji xüsusiyyətləri, K.Berqmanın
(1848) istiqanlı heyvanların ölçülərinin dəyişməsinin coğrafi qanunauyğunluğu əsərləri buna misal ola bilər.
A.Dekandol «Bitkilərin coğrafiyası» (1855) əsərində mühitin ayrı-ayrı faktorlarının (temperatur, rütubətlik, işiq,
torpaq tipi, yamacın cəhəti) bitkilərə təsirini ətraflı təsvir etmiş və bitkilərin heyvanlara nisbətən yüksək ekoloji
plastikliyinə diqqət yetirmişdir.
1798-ci ildə T.Maltus populyasiyanın eksponent tənliyini təsvir etdi və onun əsasında özünün demoqrafik
konsepsiyasını qurdu. L.B.Lamark «Hidrogeologiya» əsərində biosfer haqqında faktiki təsəvvür yaratdı. Fransız
həkimi V.Edvardsın (1824) «Fiziki faktorların həyata təsiri» kitabı ekoloji və müqayisəli fiziologiyanın
15
başlanğıcını qoydu, L.Libix (1840) isə məşhur «Minimum qanununu» yaratdı, o, müasir ekologiyada da hələ öz
əhəmiyyətini itirməmişdir.
İkinci mərhələ (XIX əsrin 60-cı illərindən sonrakı dövr). Bu mərhələdə ekologiya elmin müstəqil sahəsi
kimi formalaşır. Mərhələnin başlanğıcı rus alimləri K.F.Rulye (1814-1858), N.A.Seversov (1827-1855) və V.V.
Dokuçayevin (1846-1903) əsərləri ilə əlamətdar oldu, onlar ilk dəfə ekologiyanın bir sıra prinsiplərini və
anlayışlarını əsaslandırdı, onların tədqiqat nəticələri və elmi fikirləri indiki dövrə kimi öz əhəmiyyətini
itirməmişdir. Təsadüfi deyildir ki, Amerika ekoloqu Y.Odum (1975) V.V.Dokuçayevi ekologiyanın
banilərindən biri saymışdır. XIX əsrin 70-ci illərinin sonunda alman hidrobioloqu K.Mebius (1877) biosenoz
haqqında mühüm anlayış irəli sürür və onu müəyyən mühit şəraitində orqanizmlərin qanunauyğun əlaqələnməsi
(birləşməsi) hesab edir.
Moskva Universitetinin professoru Karl Franseviç Rulye 1841-1858-ci illər ərzində praktiki olaraq
ekologiyanın prinsipial problemlərinin tam siyahısını vermiş, lakin bu elmi adlandırmaq üçün ifadəli termini
tapa bilməmişdir. O, ilk olaraq orqanizm və mühitin qarşılıqlı əlaqəsi prinsipini dəqiq təyin etmişdir. Heç bir
üzvi canlı orqanizm öz-özünə yaşamır; hər biri onun üçün xarici aləmlə qarşılıqlı təsirdə olduğu üçün yaşamağa
cəlb olunur və yaşayır. Bu ünsiyyət qanunudur və ya həyat başlanğıcının ikiliyidir (iki tərəfliliyidir), bu onu
göstərir ki, hər bir canlı həyata (yaşamağa) imkanı qismən özündən, qismən də xaricdən alır.
Bu prinsipi inkişaf etdirərək K.F.Rulye mühitlə qarşılıqlı əlaqəni iki kateqoriyaya bölür: «fərdi yaşayış
hadisəsi» və «ümumi yaşayış hadisəsi», bu, orqanizm səviyyəsində və populyasiya və biosenoz səviyyəsində
ekoloji proseslərin müasir təsəvvürünə uyğun gəlir. Rulye çap olunmuş mühazirələrində və məqalələrində
dəyişkənlik, adaptasiya, miqrasiya, insanın təbiətə təsiri kimi problemlər irəli sürürdü. Orqanizmlərin mühitlə
qarşılıqlı əlaqə mexanizmlərini Rulye Ç.Darvinin klassik prinsiplərinə yaxın mövqedə müzakirə edirdi, ona görə
də onu həqiqətən Darvinin sələfi hesab etmək olar. O, zoologiyada xüsusi istiqamətin – heyvanların həyatının
hərtərəfli öyrənilməsi, onların ətraf aləmlə mürəkkəb qarşılıqlı əlaqəsinin aşkar edilməsi məsələlərinin
tədqiqinin inkişaf etdirilməsini geniş təbliğ edirdi. Beləliklə, K.F.Rulye heyvanların geniş ekoloji tədqiqat
sistemini, onun əsasında «zoologiya»nı işləyib hazırlamış, tipik ekoloji məzmunda bir sıra əsərlər, məsələn, su,
yerüstü və eşici onurğalıların ümumi xüsusiyyətlərinin tiplərə ayrılmasını və b. yazmışdır.
K.F.Rulyenin baxışları onun şagirdlərinin tədqiqatlarının istiqamətinə və xarakterinə dərindən təsir
göstərmişdir. Onun şagirdlərindən biri olan N.A.Seversov (1827-1885) ilk dəfə Rusiyada ayrıca bir regionun
dərin ekoloji tədqiqatı əsasında «Voronej quberniyasının vəhşi heyvan, quş və həşəratlarının həyatında dövri
hadisələr» adlı əsər çap etdirdi.
Üzvi aləmin əsas evolyusiya faktorlarının aşkar edilməsi ilə Ç.Darvin (1809-1882) ekologiyanın əsaslarının
inkişafına mühüm qiymətli hədiyyə bağışladı. Evolyusiya mövqeyindən Ç.Darvinin «yaşamaq uğrunda
mübarizə» ifadəsini canlı aləmin xarici aləmlə, abiotik mühitlə və bir-birləri ilə, yəni mühitlə qarşılıqlı əlaqəsi
kimi izah etmək olar.
1859-cu ildə Ç.Darvinin «Təbii seçmə yolu ilə növün mənşəyi və ya həyat uğrunda mübarizədə yararlı
cinslərin saxlanması» kitabı çıxır. Ç.Darvin göstərirdi ki, təbiətdə «yaşayış (həyat) uğrunda mübarizə» təbii
seçməyə gətirib çıxarır, yəni bu mübarizə evolyusiyanın hərəkətdə olan faktorudur.
Ekologiya termini birdə-birə yaranmayıb və o, yalnız XIX əsrin sonunda ümumi təsdiqini aldı. XIX əsrin
ikinci yarısında ekologiyanın əsas məzmunu əsasən heyvan və bitkilərin həyat tərzinin, onların iqlim şəraitinə
(temperatur, işıq rejimi, rütubətlilik və s.) adaptasiyanın öyrənilməsi idi. Bu sahədə bir sıra mühüm ümumi
nəticələr çıxarıldı. A.Qumboltun «fizionomik» istiqamətini davam etdirərək Danimarka botaniki A.N.Beketov
(1825-1902) bitkilərin coğrafi yayılması ilə, onların anatomik və morfoloji quruluşlarının xüsusiyyətləri
arasındakı əlaqəni aşkar etdi və ekologiyada fizioloji tədqiqatların əhəmiyyətini göstərdi. A.F.Middendorf
Arktika heyvanlarının quruluşunun ümumi xüsusiyyətlərini və həyatını öyrənərək Qumboltun təlimini zooloji
obyektdə öyrənilməsinin əsasını qoydu. D.Allen (1877) Şimali Amerika məməli heyvanlarının və quşların
iqlimin coğrafi dəyişilməsilə əlaqədar bədənlərinin və hissələrinin proporsiyasını (nisbətini) və rənginin
dəyişməsi üzrə bir sıra ümumi qanunauyğunluqları aşkar etdi.
Alman bioloqu-təkamülçü Ernst Hekkel (1834-1919) ilk dəfə olaraq ekologiya elmini biologiyanın
müstəqil və mühüm sahəsi kimi ayıraraq ona ekologiya adını verdi (1866). Özünün «Orqanizmlərin ümumi
morfologiyası» kapital əsərində o yazırdı: Ekologiya dedikdə biz təbiətin iqtisadiyyatına aid olan biliklərin cəmi
kimi başa düşürük: ekologiya heyvanların onu əhatə edən mühitlə (həm üzvi, həm də qeyri-üzvi) qarşılıqlı
əlaqələrinin bütün məcmusunu, hər şeydən əvvəl təmasda olduğu heyvan və bitkilərlə bilavasitə və ya dostluq
və ya düşmənçilik əlaqələrini öyrənir. Bir sözlə, ekologiya bütün mürəkkəb qarşılıqlı əlaqələri öyrənir, bu
əlaqələri Darvin «yaşamaq uğrunda mübarizə»ni törədən şərait adlandırmışdır.
16
Dokuçayevin tədqiqatları Q.F.Morozov tərəfindən davam etdirilərək «Meşə haqqında təlim» əsərində
meşənin ekologiyasının əsasını qoydu. Sonralar Q.N.Vısotskinin işləri meşənin ekologiyası elmini
zənginləşdirdi.
XX əsrin əvvəllərində hidrobioloqlar, fitosenoloqlar, botaniklər və zooloqların ekoloji məktəbləri
formalaşır, onların hər birində ekoloji elmin müəyyən tərəfləri inkişaf etməyə başladı. Brüsseldə III Botanika
konfransında (1910) bitki ekologiyası rəsmi olaraq fərdlərin ekologiyasına (autekologiya) və qruplaşmaların
ekologiyasına (sinekologiya) parçalandı. Belə bölgü heyvan ekologiyası və ümumi ekologiyaya da aid edildi.
Müstəqil bir elm kimi ekologiya 1920-ci illərin əvvəlində qəti formalaşdı. Bu dövrdə Amerika alimi
Ç.Adams (1913) ilk ekoloji məlumatı – heyvanların ekologiyasının öyrənilməsinə dair dərslik, V.Şelvordun
yerüstü heyvanların qruplaşmaları (1913), S.A.Zernovun hidrobiologiya (1913) üzrə və digər alimlərin (Ç.Elton,
1927; R.Qessa, 1924; K.Raunkor, 1929) ekoloji məlumatları meydana gəldi. 1913-1920-ci illərdə ekoloji elmi
cəmiyyətlər təşkil olundu, ekologiyaya dair məcmuələrin əsası qoyuldu, universitetlərdə ekologiya fənni tədris
olunmağa başladı. Görkəmli rus alimi V.İ,Vernadski biosfer haqqında fundamental təlim yaratdı. 1926-cı ildə
onun «Biosfer» adlı kitabı çap olunur, orada ilk olaraq canlı orqanizmlərin bütün növlərinin məcmusunun –
«canlı maddələrin» planetar rolu göstərilir.
Rusiyada populyasiya ekologiyasının inkişafına S.A.Seversov, S.S.Şvars, N.P.Naumov, Q.A.Viktorov
böyük yenilik gətirdi. Onların əsərləri bu elm sahəsinin müasir vəziyyətini müəyyənləşdirir.
Bitkilərdə populyasiyanın tədqiqinin başlanğıcını L.N.Sinski (1948) qoydu, o, növlərin ekoloji və coğrafi
polimorfizminə aydınlıq gətirdi. Bitkilərin populyasiya ekologiyası haqqında bir sıra məsələlər T.A.Rabotnov
A.A.Uranov və onların davamçıları tərəfindən işlənib hazırlanmışdır.
Populyasiya qanunauyğunluğunun öyrənilməsi növün biosenozda rolunun, qruplaşmanın struktur təşkilinin
dərk edilməsinə kömək etdi. Ekoloji və təkamül məsələlərini sıx əlaqələndirən səmərəli «ekoloji sığınacaq»
(«ekoloji nişa») konsepsiyası yarandı. Onun hazırlanmasında qərb alimlərinin (C.Qrinnel, Ç.T.Elton,
R.Makartur, D.Xatçinson və Q.F.Qauzenin) mühüm xidmətləri az olmamışdır.
Heyvanların morfoloji və təkamül ekologiyasının inkişafında M.S.Qilyarovun (1949) böyük xidməti
olmuşdur, onun fikrincə, buğumayaqlıların qurunu zəbt etməsində torpaq keçid mühit olmuşdur.
İ.S.Serebryakov tərəfindən çiçəkli bitkilərin həyati formalarının yeni dərin təsnifatı yaradılmışdır. Paleoe-
kologiya elmi meydana gəldi, onun vəzifəsi məhv olmuş formaların həyat tərzi əksinin (şəklinin) bərpa
edilməsidir.
1930-40-cı illərdə ekologiyada təbii ekosistemlərin tədqiqində prinsipcə yeni yanaşma əmələ gəldi. 1935-ci
ildə ingilis alimi A.Tensli ekosistem anlayışını irəli sürdü, 1942-ci ildə V.N.Sukaçov biogeosenoz anlayışını
əsaslandırdı.
1930-cu illərdə çoxşaxəli tədqiqatlar və müzakirələrdən sonra biosenologiya sahəsində əsas nəzəri
məlumatlar (biosenozların sərhədi və strukturu, sabitlik dərəcəsi, bu sistemin özünütənzimləməsi mümkünlüyü)
yarandı.
Ümumi biosenologiya ideyasının inkişafında fitosenoloji tədqiqatların – Rusiyada V.N.Şennikov,
B.A.Keller, V.V.Alexin, L.Q.Ramenski, A.P.Şennikov, Amerikada F.Klements, Danimarkada K.Raunkiyer,
İsveçdə Q.Dyu Riye. İsveçrədə İ.Braun-Blanke və b. böyük rolu olmuşdur. Qruplaşmaların morfoloji (fiziono-
mik), ekoloqo-morfoloji, dinamik və b. xüsusiyyətləri əsasında bitkilərin müxtəlif təsnifat sistemi yaradıldı,
fitosenozların strukturu, məhsuldarlığı, dinamik əlaqələri öyrənildi, ekoloji indikatorlar haqqında təsəvvürlər
(anlayışlar) hazırlandı.
Bitki ekologiyasının fizioloji əsasları üzrə K.A. Timiryazevin ənənəsini davam etdirərək N.A.Maksimov
çox qiymətli yeniliklər irəli sürdü.
1930-40-cı illərdə heyvanların ekologiyası haqqında K.Frideriksin (1930), F.Bodenqeymerin (1938), D.N.
Koşkarovun (1938) və b. yeni məlumatları peyda oldu.
V.N.Sukaçovdan sonra qlobal ekologiyanın inkişafında biosenozların öyrənilməsi üzrə geobotaniki
tədqiqatları L.M.Lavrenko (1949, 1971 və b.) aparmış, müxtəlif bitki örtüyünün bioloji kütləsini və
məhsuldarlığının öyrənilməsi N.İ.Bazilyeviç və L.Y.Rodina (1967 və b.) tərəfindən yerinə yetirilmişdir.
Torpaqşünaslıq sahəsində V.V.Dokuçayevin ideyalarını İ.P.Gerasimov (1945, 1960 və b.) inkişaf etdirərək
torpaq örtüyünü biosferin bir elementi kimi öyrənmişdir. Bu istiqamətdə işlər V.R.Volobuyevə (1953 və b.) və
V.A.Kovdaya (1973 və b.) da məxsusdur, onlar torpaqəmələgəlmə proseslərini xarici faktorlarla əlaqəli
öyrənmişlər.
17
Coğrafi zonaların formalaşmasının təbii proseslərin qarşılıqlı təsirinin nəticəsi olduğunu A.A.Qriqoryev
(1966 və b.) öz əsərlərində göstərmişdir. Onun tədqiqatlarında təbii zonaların iqlimin elementlərindən - günəş
radiasiyası və yağıntıların miqdarından asılılığı müəyyən edilmişdir.
Biosferin təkamülünün qanunauyğunluğu A.P.Vinoqradov (1967 və b.), K.K.Markov (1960 və b.),
A.İ.Oparin (1957 və b.) əsərlərində öyrənilmişdir. S.S.Şvars (1973) canlı orqanizmlərin təkamül mexanizmini
tədqiq etmişdir.
Biosferin antropogen dəyişməsi kimi aktual problem bir çox tədqiqatların diqqətini cəlb etmişdir.
D.L.Armand (1966), Y.K.Fyodrov (1972), Y.A.İzrail (1974) və b. rus alimlərinin monoqarfiyaları bu məsələyə
həsr olunmuşdur. Xarici tədqiqatçılardan P.Dyuvino Tanq (Duvigneand et Tanghe, 1968), B.Kommoner (Com-
moner, 1971), K.Uat (Watt, 1968) və b. monoqrafiyaları da bu problemə həsr edilmişdir.
Qurunun və okeanların su balansı haqqında «Dünyanın su balansı və Yerin su ehtiyatları» adlı kollektiv
monoqrafiyada və M.İ.Lvoviçin (1974 və b.) əsərlərində geniş material verilir. Qlobal ekoloji problemləri
öyrənmək üçün M.İ.Budıko (1956, 1974 və b.) və Y.Odumun (1971 və b.) əsərlərindən istifadə olunmuşdur.
Geoekologiyanın inkişafında V.B.Soçava, V.S.Preobrajenski, T.D.Aleksandrova, K.M.Petrov,
A.A.Veliçko, Q.N.Qolubev (1999), sosial ekologiyanın inkişafında isə E.V.Qirusov, V.A.Los,
N.M.Məmmədov, Y.A.Markov və b. alimlərin böyük rolu olmuşdur.
Üçüncü mərhələ (XX əsrin 50-ci illərindən başlayaraq bu günə qədər olan dövr). XX əsrin ikinci
yarısında ətraf mühitin çirklənməsinin intensivləşməsi və insanın təbiətə təsirinin güclənməsi ilə əlaqədar eko-
logiya elmi xüsusi əhəmiyyət kəsb edir.
Belə vəziyyətin nəticəsində ekologiya kompleks elmə çevrilərək təbii və ətraf mühitin qorunması elmini də
özündə cəmləşdirdi. Ciddi bioloji elmdən ekologiya biliklərin tsiklinə çevrilərək özünə coğrafiya, geologiya,
kimya, fizika, sosiologiya, mədəniyyət tarixi, iqtisadiyyat bölmələrini daxil etdi (Reymers, 1994).
Ekologiyanın dünyada inkişafının müasir dövründəki inkişafı xarici ölkələrin görkəmli alimləri Y.Odum,
C.M.Andersen, E.Pianka, R.Riklefs, M.Biqon, A.Şveyser, C.Xarper, R.Uitteker, N.Borlauq, T.Miller, B.Nebel
və b. adları ilə bağlıdır. Rusiya ekoloq almilərindən İ.P.Gerasimov, A.M.Qilyarov, V.Q.Qorşqov, Y.A. İzrael,
Y.N.Kurajskovski, K.S.Losyev, N.N.Moiseyev, N.P. Naumov, N.F.Reymers, V.V.Rozanov, Y.M.Sviriyev,
A.L.Yanşin, İ.A.Şilov və b. göstərmək olar.
Müasir mərhələdə ekologiyanın inkişafı orqanizmlərin sistemli əlaqəsi və fəaliyyəti qanunlarını öyrənməklə
yanaşı, həm də təbiət və insan cəmiyyətinin qarşılıqlı əlaqələrinin səmərəli formalarını əsaslandırmalıdır.
Beləliklə, ekoloji biliklərin sosial rolu artır. Ekologiya sahəsində fundamental tədqiqatların inkişafının əsas
məqsədi xalq təsərrüfatının aşağıdakı gərgin problemləri ilə müəyyənləşdirilir: ətraf mühitin vəziyyətini saxla-
maq şərtilə istehsalı intensivləşdirmək və təbii resurslardan istifadənin iqtisadi effektivliyini yüksəltmək. Təbii
və süni qruplaşmaların bioloji məhsuldarlığı və sabitliyi məsələləri ön plana çəkilir. Bu problemlər yalnız bütün
ölkələrin ekoloqlarının birgə gücü ilə həll oluna bilər. Odur ki, qlobal ekologiya sahəsində beynəlxalq
əməkdaşlıq geniş həyata keçirilir. İndiki vaxtda insanın geniş ekstensiv təsərrüfat fəaliyyəti ilə əlaqədar olaraq
geniş böhranın təhlükəliyi, planetar sistemin qeyri-bərabər ölçüdə fəlakətli dəyişməsi aydın dərk edilir. Bu
böhranın qarşısının alınması mümkünlüyü yalnız ekoloji biliklərin inkişafı əsasında tapıla bilər. Ekoloji
biliklərin kəsərli gücü təbii resurslardan düzgün istifadə etmək, populyasiyanın sayını nizamlamaq, kənd
təsərrüfatı problemlərinin yeni həllini və sənaye istehsalının təşkilinin yeni prinsiplərini tapmağa kömək edər.
AZƏRBAYCANDA
EKOLOGİYA ELMİNİN TARİXİ
Azərbaycanda ekologiya elminin ayrı-ayrı sahələrinin tarixi müxtəlifdir. Aşağıda ekologiya ilə bağlı olan
əsas elm sahələrinin tarixi verilir.
Dostları ilə paylaş: |