II Maliyyənin funksiyaları. Maliyyənin funksiyası dedikdə, ona məxsus olan xassələrin (təyinatı, vəzifələri, icrası və rolu) təzahürü, yəni onun iqtisadi münasibətlər sistemində yerinə yetirdiyi rol başa düşülür. Maliyyənin funksiyası onun mahiyyətini və məzmununu açıqlayır.
İqtisadi kateqoriya kimi maliyyəyə iki funksiya: bölüşdürücü və nəzarət funksiyaları xarakterikdir. Amma iqtisadçılar daha iki funksiya: tənzimləyici və stimullaşdırıcı funksiyaları da yerinə yetirdiyini qeyd edirlər.
Maliyyənin birinci funksiyası ÜDM-in, milli gəlirin bölüşdürülməsi və yenidən bölüşdürülməsini həyata keçirir.
Milli gəlir iki hissəyə -yığım və istehlak fonduna bölünür. Bu hissələrin nisbəti iqtisadiyyatın inkişafının proporsiyalarını və onun strukturunu müəyyən edir. Dövlət maliyyə sistemi vasitəsilə milli gəliri bölüşdürür və onun bir hissəsini geniş təkrar istehsala (yığım fonduna), digər hissəsini isə istehlak fonduna yönəldir. Dövlət təsərrüfatçılığın nəticələrinə səmərəli təsir etmək məqsədilə maliyyədən milli gəlirin bölüşdürülməsi aləti kimi istifadə edir.
Milli gəlir bölüşdürüldükdən sonra yenidən bölüşdürülməsinə obyektiv zərurət yaranır ki, bu da aşağıdakılardan irəli gəlir:
milli gəlir yaradılmayan qeyri-istehsal sferalarının mövcudluğu (dövlət idarəçiliyi, təhsil, səhiyyə, sosial təminat);
sosial inkişafın təmin edilməsinin zəruriliyi;
sahibkarlıq üçün əlverişli şərait yaradılmasının əhəmiyyətidir ki, bu da dotasiya, subsidya verilməsini tələb edir.
Beləliklə, milli gəlir yığım fonduna və istehlak fonduna bölünür, sonra isə istehsal və qeyri-istehsal sferaları və habelə regionlar üzrə yenidən bölüşdürülür.
Dövlətin ərazi, istehsal və qeyri-istehsal sferaları arasında yenidən bölgü münasibətlərinin əsas hissəsi dövlət büdcəsi vasitəsilə həyata keçirilir.
Maliyyənin vasitəsilə həyata keçirilən milli gəlirin və ÜDM-in bölgüsü və yenidən bölgüsünün son məqsədi məhsuldar qüvvələrin inkişafından, dövlətçiliyin möhkəmləndirilməsindən, geniş əhali kütləsinin yüksək həyat səviyyəsinə nail olunmasından ibarətdir.
Maliyyə öz bölgü funksiyasını, habelə müəssələrinin gəlirlərinin formalaşması və bölgüsü prosesində yerinə yetirir.
Məhsulun reallaşdırılması zamanı müəssisələrdə satış pulu və müvafiq olaraq gəlir əmələ gəlir. Bu gəlirin bir hissəsi dövlət büdcəsinin, sosial sığortanın mərkəzləşdirilmiş fondlarına ayrılır, digər hissəsi isə müəssisənin sərəncamında qalır və əməyin ödənilməsi fondunun, iqtisadi həvəsləndirmə fondunun yaradılmasına, istehsalın genişləndirilməsi və inkişafı üzrə məsrəflərin maliyyələşdirilməsinə istifadə edilir.
Maliyyənin bölgü funksiyası vasitəsilə müəssisədə əmtəələrin, hazır məhsulların, yerinə yetirilmiş işlərin satış pulu hesabına pul vəsaitləri fondları yaradılır və onlar məsrəflərin ödənilməsinə (əmtəələrin, maddi məsrəflərin, əmək haqlarının ödənilməsinə) və xalis gəlirin (mənfəətin) yaradılmasına yönəldilir. Xalis gəlirin müəyyən hissəsi büdcə gəlirlərinə köçürülür.
Maliyyənin ikinci mühüm funksiyası - nəzarət funksiyasıdır. Nəzarət funksiyası bölgü funksiyasından törəyir hər şeydən əvvəl ümumi daxili məhsulun və milli gəlirin pul fondlarına bölgüsü və onların öz məqsədlərinə xərclənməsi üzərində nəzarətdə təzahür edir.
Maliyyənin nəzarət funksiyası iki cür həyata keçirilir: birincisi, manatla nəzarət vasitəsilə, ikincisi, maliyyə orqanlarının həyata keçirdikləri nəzarət vasitəsilə.
Müəssisələrdə maliyyənin vasitəsilə pul gəlirlərinin əmələ gəlməsinə, qənaət üsuluna əməl edilməsinə, maddi və əmək resurslarından istifadə edilməsinə, əməyin kəmiyyət və keyfiyyətinə, əsas kapitaldan və dövriyyə fondlarından istifadəyə, həvəsləndirmə fondlarının yaradılması və istifadəsinə və s. manatla nəzarət edilir.
Lakin, müəssisədə maliyyə nəzarətinin ən başlıca vəzifəsi mənfəətin yığım fonduna və istehlak fonduna yenidən bölgüsünü ciddi izləməkdən, bu fondlardan vəsaitlərin məqsədli təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirməkdən ibarətdir. Beləliklə, maliyyə məhsul istehsalı satışı prosesində pul vəsaitləri fondlarının düzgün yaradılması, bölgüsü və istifadəsinə nəzarət aləti kimi çıxış edir.
Manatla nəzarət nəinki müəssisə daxilində və habelə müəssisələr arasında, yuxarı təşkilatlar və maliyyə-kredit idarələri ilə qarşılıqlı münasibətlərdə həyata keçirilir. Müəssisələr arasında qarşılıqlı münasibətlərdə manatla nəzarət göndərilmiş malların, göstərilmiş xidmətlərin və yerinə yetirilmiş işlərin dəyərinin ödənilməsi müqavilə şərtlərinə əməl edilməsi zamanı aparılır.
Müəssisələrin təsərrüfat fəaliyyətinə büdcəyə ödənişlər üzrə büdcə qarşısında öhdəliklərin yerinə yetirilməsi və büdcədən maliyyələşdirmə prosesində manatla nəzarət edilir.
Maliyyə orqanları və xidmət idarələri tərəfindən nəzarət pul vəsaitlərinin xərclənməsinin qanuniliyinin və vergilərin ödənilməsinin tamlığının yoxlanılması yolu ilə həyata keçirilir.
Maliyyənin nəzarət funksiyasından habelə bütün dövlət miqyasında da istifadə edilir. Maliyyə resurslarının bölüşdürülməsinin kəmiyyət göstəriciləri, iqtisadiyyatın sahələrində proporsiya və disproporsiyaların, dövlət büdcəsinin icrasının necə təşəkkül tapdığını əks etdirir.
Maliyyənin bölgü və nəzarət funksiyaları təsərrüfat mexanizminin tərkib hissəsi olan maliyyə mexanizmi vasitəsilə reallaşdırılır.
Dostları ilə paylaş: |