Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
160
113. Müşriklərin cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra onlarla
qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək
yaraşmaz!
114. İbrahimin öz atası üçün bağışlanma diləməsi isə ancaq ona verdiyi bir və’də görə
idi. Atasının Allaha düşmən olması İbrahimə aydın olduqda o öz atasından uzaqlaşdı
(onunla bütün əlaqələrini kəsdi). Həqiqətən, İbrahim (Allaha çox dua edərək) yalvarıb-
yaxaran və həlim xasiyyətli bir zat idi.
115. Allah bir tayfanı doğru yola yönəltdikdən sonra qorxub çəkinməli olduqları şeyləri
özlərinə bildirmədən onları (haqq yolundan) sapdırmaz! Həqiqətən, Allah hər şeyi
(olduğu kimi, layiqincə) biləndir!
116. Həqiqətən, göylərin və yerin hökmü (mülkü) Allaha məxsusdur. Dirildən də,
öldürən də Odur. Sizin Allahdan başqa havadarınız və köməyə çatanınız yoxdur!
117. Allah (müsəlmanlardan) bir qismini ürəyi (şəkk-şübhəyə düşüb Peyğəmbərdən və
cihaddan) dömək üzrə ikən Peyğəmbərə, çətin saatda onun arxasında gedən
mühacirlərə və ənsara tövbə nəsib etdi. Sonra da onların tövbələrini qəbul buyurdu
(onları bağışladı). Çünki O, həqiqətən, onlara qarşı çox şəfqətli, çox rəhimlidir.
118. Həmçinin (Təbuk döyüşündən) geri qalmış üç nəfərin də (tövbələrini qəbul etdi).
Belə ki, dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) təngə gəlib sıxılmışdı. Onlar
Allahdan (Allahın əzabından) yalnız Onun Özünə sığınmağın mümkün olduğunu başa
düşdülər. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir!
119. Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) doğru
olanlarla olun! (Peyğəmbər və onun sadiq əshabələri ilə birlikdə olun!)
120. Mədinəlilərə və onların ətrafında olan bədəvilərə (döyüşdə) Allahın
Peyğəmbərindən geri qalmaq, ondan (ona üz verən məşəqqətlərdən) özlərini kənara
çəkmək (belə çətinliklərin özlərinə üz verməsini istəməmək, beləliklə də, özlərini
Peyğəmbərdən üstün tutmaq) yaraşmaz. Çünki Allah yolunda onlara elə bir susuzluq,
yorğunluq və aclıq üz verməz, kafirlərin qəzəbinə səbəb olan elə bir yerə onlar ayaq
basmaz və düşməndən elə bir bəla, müsibət görməzlər ki, bunların müqabilində onlara
yaxşı bir əməl yazılmamış olsun! Həqiqətən, Allah yaxşı işlər görənlərin mükafatını zay
etməz!
121. Onların sərf etdikləri elə bir az-çox xərc, (cihad zamanı Peyğəmbərlə) keçdikləri elə
bir vadi olmaz ki, Allah (qiyamət günü) əməllərinin qarşılığını daha gözəl versin deyə,
əvəzində onlara (savab) yazılmamış olsun!
|