Beşİncİ Fəsİl: Quran təhrİfİ və təkfİr amİlİ
Vəhhabi alimlərinin növbəti iddiası budur ki, Nuri kafir və mürtəd elan edilib qətlə yetirilmədiyinə görə, digər Şiə alimləri də onu təsdiqləmiş sayılırlar. Əl-Xəmis məsləkdaşı Ehsan İlahi Zəhirin “bütün şiələr Quranın təhrif olunduğunu düşünürlər” fikrini bununla izah etməyə cəhd göstərmişdir. Yəni Şiə alimləri Cəzairi və Nuri kimiləri təkfir etmədiklərinə görə onlarla eyni fikri bölüşmüş sayılırlar. (Əl-Xəmis O. “Şiə və Quran”. www.almanhaj.net) İddianın absurdluğu aksiom olsa da, bunları deməyi lazım bilirik: Biz məzhəb olaraq, təkfirçi deyilik, müxalif fikirləri təkfirlə cavablandırmır, insanlara düşüncə və etiqad azadlığı tanıyırıq. Yaşadığımız cəmiyyətdə Quranın nəinki bəzi hissələrinin azaldığını düşünən, ümumiyyətlə, hamısının bəşər tərəfindən yazıldığını deyən, Allah-Taalanın nəinki kitabını, hətta Özünü belə inkar edənlər var və biz onları nə təkfir edir, nə də qətllərinə fərman veririk. Çünki dinimiz, Quranımız bizə belə deyir. Biz insanları söyməklə, lənətləməklə deyil, hörmətlə, ağıl və məntiqlə İslama dəvət etməyi vacib sayırıq. Biz müharibə vəziyyətinə aid hökmləri sülh şəraitində tətbiq etmir və nəticədə mütərəqqi İslama mürtəce don geyindirmirik. Bizim peyğəmbərimiz adi şəraitdə müşriklərlə də normal davranırdı, imamımız Cəfər Sadiq məsciddə ateistlərlə elmi mübahisə edir, suallarını cavablandırırdı, onları söyüb məsciddən qovmurdu.
Həm də unutmaq lazım deyil ki, Quranın təhrif edildiyinə dair xəstə təfəkkür Nurinin mənsub olduğu Əxbari cərəyanının vurduğu ziyanlardan yalnız biridir. Biz ümumiyyətlə, Əxbariliyi, onun düşüncə və metodlarını yanlış sayırıq, lakin bu o demək deyil ki, Əxbari alimlərinin yazdığı bütün kitabları, o cümlədən Nuri Təbrisinin digər əsərlərini odda yandırmalıyıq. Onların işi əsasən, hansısa mövzu haqda hədisləri və ya alimlərin sözlərini toplamaqdan ibarət olub. Yəni Məclisinin Bihar və ya Təbrisinin Müstədrək kitabları müəlliflərinin fikirlərinə görə deyil, çoxlu kitablardan seçib topladıqları rəvayət və iqtibaslara görə dəyərlidir. Həmin kitabların bəzisi bizim dövrümüzə gəlib çatmayıb və biz belə ensiklopedik topluların hesabına onların müəyyən hissələrini bərpa edə bilirik.
Biz qeyri-şiələrin, hətta qeyri-müsəlmanların da yazdığı elmi əsərlərə hörmət edirik, eyni məzhəbi bölüşməsək də, dəyərli tarix kitabına görə Təbərini, obyektiv İslam araşdırmalarına görə Masinyonu uca tuturuq. Biz digərlərinin əsərlərindən, elmi fikirlərindən istifadə edərkən təəssübkeşlik etmir, din və məzhəbini araşdırmır, Şiəliyə və Əhli-beytə qarşı qərəzli mövqedə olan Lamens və Donaldsonun digər fikirlərini də qaralamırıq. Osman əl-Xəmisin hikkə ilə: “İş o yerə çatıb ki, Nurinin “Müstədrək əl-Vəsail” kitabı şiələrin mötəbər kitablarındandır” deməsi isə, nəinki elm adamına yaraşmayan yanaşmadır, hətta bu baxımdan əsl məzhəkəyə bənzəyir. Üstəlik, bu kitab heç də əl-Xəmisin və digər vəhhabilərin sandığı qədər uca tutulmur, əslində, Hürr Amilinin öz Vəsail kitabını toplayarkən zəif sayıb kənara qoyduğu hədislərdən ibarətdir və Şiə alimləri fətva verərkən ona istinad etməməyə çalışırlar.
Digər tərəfdən, Şiə hüququ o qədər mükəmməldir ki, əl-Xəmis kimilərin iman və küfr meyarlarını öyrətməsinə ehtiyac yoxdur. Biz bu meyarları kiminsə əks-təbliğatından, yaratdığı ajiotajdan deyil, Allahın kitabından və Peyğəmbərin sünnəsindən əxz edirik. Vəhhabilərin az qala bütün Orta Şərqi xarabalığa çevirməkdə olan küfr meyarları isə özlərinə qalsın.
Başqa izahı olmayıb məhz Quranın təhrifinə dəlalət edən azsaylı hədislərə (xatırladaq ki, qeyri-şiə mənbələrində belə hədislər dəfələrlə çoxdur) və hansısa Şiə alimlərinin yanlış fikrinə görə bütün Əhli-beyt davamçılarını kafir adlandıran vəhhabilərə isə sözümüz budur: Quranın azaldığını düşünənləri kafir sayırsınızsa, ayrıseçkilik etməyin, cürətiniz çatırsa, lap əvvəldən – Quranın təxminən üçdə ikisinin çıxarıldığını söyləyən xəlifə və səhabələrdən başlayaraq hamısının hökmünü verin. Heç olmasa, təkfirçiliynizdə səmimi olun. Peyğəmbərin “(Ey Əli!) Sənə yalnız münafiq kin bəsləyər və səni yalnız mömin sevər” (Müslim, 1/86, h: 78; Əhməd, 2/71, h: 642; Albani, 4/298, h: 1720), “Əlini söyən məni, məni söyən də Allah-Taalanı söyüb” (Hakim Nişaburi, 3/130) dediyi halda, nə üçün Əliyə qarşı qiyama qalxan, onu öldürməyə çalışan, on minlərlə müsəlmanın qətlinə bais olan, şəhadətindən sonra da minbərlərdə ona lənət oxutduran (Müslim, 4/1871, h: 2404) Müaviyəni təkfir etmir, hətta çoxlu səhabələrdən uca tutursunuz? Allah və Rəsulu dəfələrlə Əhli-beyti, ən azı, onları sevməyi tapşırdığı halda, nə üçün Peyğəmbərin ciyərparəsinin başını kəsib qız-gəlinlərini əsir tutan Yezidi təkfir etmir, üstəlik, Əmirəlmöminin adlandırırsınız? Nə üçün bunlara çatanda rəvayətləri inkar edir, mümkün olmadıqda isə cinni-insin ağlına gəlməyən ehtimallarla vəziyyətdən çıxmağa çalışır, Əhli-beyt imamlarının səhabə və tərəfdarlarına gəldikdə isə ən zəif ehtimalla ən böyük iddialar qaldırır, küfr, qətl, cihad hökmləri verirsiniz?! Bunları, xüsusən də təhrif düşüncəsində olan səhabə və tabeiləri təkfir etmirsinizsə, onda heç kimi təkfir etməyin, lal-dinməz yerinizdə oturun, iftiralardan əl çəkin, bir neçə nəfərin fikrini bütöv bir məzhəbə aid etməyin.
Sələfilərin mövcud Quranla razılaşmayan, ona nə isə artırmağa və ya ondan nəyisə çıxarmağa çalışan səhabələri təkfir etdiyini görə bilməzsiniz. Onlar bundan ötrü “Oxunuşun nəsxi” nəzəriyyəsini düşünsələr də, hətta bu “nəzəriyyə”yə uyğun gəlməyənləri də təkfir etmir və Abdullah ibn Məsudda gördüyümüz kimi, hansısa yolla təmizə çıxarırlar. Onlar səhabə olmayan və Quranın təhrif olunduğunu söyləyən qeyri-şiə alimlərini – Mücahidi, Zöhrini, Süfyan Saurini, İbn Şənbuzu da təkfir etmirlər. Onlar əsassız olaraq Kuleynini təkfir edirlər, amma kitablarında çoxlu təhrif hədislərini qeyd etmiş səhih və sünən müəlliflərinə rəhmət oxuyurlar. Halbuki onlar bu hədislərin oxunuşun nəsxinə aid olduğunu da söyləməyib, səhih hədis olaraq yazıblar. Bu nə deməkdir?! Məgər təkfir qaydası - əgər əsaslıdırsa - yalnız şiələrə aiddir?!
Bir daha xatırlatmağı vacib bilirik ki, biz kiminsə təkfir edilməsinin tərəfdarı deyilik, yuxarıda işarə vurulan meyarlara görə kimisə kafir hesab etmirik. Heç İmam Əlinin özü də ona qarşı vuruşanları kafir saymayıb, döyüşdə öldürülənlərin hamısını müsəlman kimi dəfn edib. Bu sözlərimiz təkfirçilərin ikili standartlarına etirazdır.
Biz indi diqqəti başqa bir məqama yönəltmək istəyirik: Hörmətli sələfilər! Tutaq ki, sizin hədis kitablarınızda təhrifə aid bircə nümunə belə yoxdur və heç bir aliminiz belə bir iddiada olmayıb. Əksinə, 100 il öncəyə qədər istisnasız olaraq, bütün Şiə alimləri Quranın təhrif olunduğunu deyiblər. Amma 100 ildir bu firqənin alimləri sələflərinin səhvini başa düşmüşlər və Quranın təhrif edilmədiyini söyləyirlər. Əgər belədirsə və bu firqə hidayət yolunu tapıbsa, nə üçün buna sevinib müsəlmanları təbrik etmir, hələ üstəlik, (fərzimizə uyğun olaraq) qədim alimlərin sözlərini bayraq edib indiki şiələri də kafir sayırsınız? Əgər sizin məqsədiniz bəşəriyyətin hidayətidirsə, nə üçün hər hansı məzhəb haqda mühakimə yürüdərkən indiki etiqadlarını deyil, (fərzimizə uyğun olaraq) 100 il qabaqkı etiqadlarını əsas götürürsünüz? Sizdə baş kəsməkdən, qan tökməkdən başqa hidayət yolu yoxdurmu?
Dostları ilə paylaş: |