Kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə və əksinə keçməsi qanunu. Kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə və əksinə keçməsi qanunu keyfiyyət, kəmiyyət, xassə və ölçü kateqoriyaları vasitəsi ilə izah olunur.
Keyfiyyət – predmet və hadisələrin daxili müəyyənliyi, özünəməxsusluğu kimi təzahür olunur. Bununla da predmet digərlərindən ayrılır, fərqləndirilir. Kəmiyyət – predmet və hadisələrin xarici müəyyənliyi, özünəməxsusluğu kimi təzahür olunur. Burada miqdarın, həcmin olması əsas götürülür.
Xassə - predmetlərin keyfiyyətinin başqa predmetlərlə müqayisədə fərqli cəhətlərinin, tərəflərinin təzahürüdür. Bu mənada xassələr mühüm və qeyri-mühüm olur ki, mühüm xassələr əsas, sabit tərəfləri əks etdirir. Qeyri-mühüm xassələr isə dəyişkəndir və keçici də ola bilər. Ölçü – kəmiyyət və keyfiyyətin vəhdəti və kəmiyyət dəyişmələrinin elə bir intervalıdır ki, onun hüdudları daxilində predmetin keyfiyyət müəyyənliyi olduğu kimi qalır.
Hadisənin və ya prosesin xüsusiyyətini təşkil edən və onu başqa hadisələrdən fərqləndirən mühüm cəhətlər və ya əlamətlər məcmusuna hadisənin keyfiyyəti deyilir. Kəmiyyət anlayışı hadisənin və ya prosesin mühüm cəhətlərindən birini əks etdirən ən ümumi kateqoriyadır. Kəmiyyət keyfiyyətdən fərqli olaraq, həcmi, böyüklüyü, miqdarı, hərəkətinin surəti, rənginin intensivliyi və s. cəhətdən göstərir.
Kəmiyyət dəyişmələri bəzən ara-sıra yaranır və buna görə də dəyişmə edə bilmir. Buna görə də predmetin keyfiyyət müəyyənliyini lazımi dərəcədə dəyişdirmir. Belə kəmiyyət dəyişmələri çoxaldıqca yeni keyfiyyət təzahürləri ortaya çıxmağa başlayır. Məsələn, inernet isifadəçilərinin sayca artması sosial şəbəkələrin formalaşmasını şərtəndirdi ki, bu da kommunikasiyanın yeni formasını doğurdu.
Dialektikada sıçrayış anlayışı da mühüm yer tutur. Sıçrayış predmetin kəmiyyət dəyişmələrinin inkişafda qəti dönüş və əsaslı dəyişiklik baş verməsidir. Məsələn, buxar maşınlarının istehsalatda tətbiqi sıçrayışa səbəb
olmuşdur.
Təbiətdə və cəmiyyətdə kəmiyyət dəyişmələrini xarakterizə etmək üçün təkamül anlayışından istifadə olunur. Təkamül kimyəvi, fiziki, bioloji, habelə sosial sferadakı bütün tarixi inkişaf prosesini səciyyələndirən ən ümumi anlayışdır. İnkişaf isə müsbət olanın yaranmasıdır. Məsələn, bərk qaçan bəzi heyvan növləri yırtıcılardan xilas olmuş və sağ qalmışlar. Lakin asta qaçan həmin canlıların digər növləri məhv olmuşlar. Burada iki proses iti qaçanların salamat qalıb nəsillərini davam etdirməsi, digər tərəfdən isə zəif qaçan eyni heyvan növlərinin tələf olduğu görünür. Deməli, təkamüldə ikili xətt var: həm yaranma, həm də məhv olma. Biz yalnız yaranmanı inkişaf kimi götürə bilərik. Beləliklə, təkamül həm mənfi, həm də müsbət olan hər cür dəyişməni, inkişaf isə ancaq müsbət olanın yaranmasını əks etdirən anlayışlardır.