İnkarı inkar qanunu. İnkarı inkar qanunu köhnənin sıradan çıxması və yeninin meydana gəlməsi prosesini əks etdirir ki, bu zaman köhnənin (əvvəlkinin) əsasında yeninin yaranması inkar adlanır. Başqa sözlə desək, inkar prosesində köhnə sadəcə itmir və yox olmur, o həm də yeninin yaranmasını təmin edir. Beləliklə, inkar köhnənin yox olması ilə inkişafın əvvəlki mərhələlərində əldə edilənlərin saxlanmasının vəhdətidir.
Lakin bu prosesin düzxətli olmadığını da düşünmək olmaz. Belə ki, inkişafın yeni mərhələsində əvvəlki mərhələnin yalnız müsbət olanları deyil, həm də köhnənin qalıqları saxlanılır. Bu halda mənfi cəhətlər yeni predmet və hadisənin yarandığı ilkin mərhələdə qalsalar da, sonradan onların yaşaması və inkişafı üçün zəmin olmadığından tədricən yoxa çıxırlar. Beləliklə, inkar – köhnənin aradan qaldırılması ilə varisliyin vəhdəti, köhnənin inkarı və yeninin ststus qazanmasıdır.
İnkar qanunauyğun olaraq inkişafın öz mahiyyətindən irəli gəlir və bir-birini istisna edən hadisələrin, meyillərin, amillərin yaranması ilə davam edir. Bu qanunun mahiyyəti budur ki, o hərəkətə daha ümumi anlayış verir, inkişafın xarakterini, hadisələrin daxili rabitəsini, onun ardıcıllığını və əsas inkişaf pillələrinin irsiliyini, hərəkətin irəliyə doğru olmasını təyin edir. İnkişaf ətalətli proses deyildir, onun yeni mərhələləri meydana gəlir və köhnə mərhələləri əvəz edir, inkişaf davamlı şəkil alır.
Dialektikanın inkarı inkar qanunu inkişaf prosesini ehtiva edən qanunudur. Dialektikada inkar etmək nəyi isə yox elan etmək deyildir. Bu elə bir inkardır ki, sonrakı inkar üçün imkan və zəmin yaradır. Məsələn, insan nəsillərinin bir birini əvəz etməsi, əmək alətlərinin təkmilləşməsi və sair.
İnkar prosesində inkar olunanın müəyyən xüsusiyyətləri sıradan çıxsa da, onun digər cəhətləri qorunub saxlanılır və sonrakı inkişafda istifadə olunur. Beləliklə, mütləq inkar, nəticəsi yalnız “yox”dan ibarət olan inkar olmur. Bu anlayışı nisbidir.
İnkarın predmet və hadisənin spesifik təbiətindən və inkişaf şəraitindən asılı olaraq iki növü var ki, bunlar daxili və xarici inkarlardır. Daxili inkar hadisələrin inkişafında köhnə ilə yeninin bağlayıcısı rolunu oynayır, xarici inkar isə konkret bir predmet üçün inkişafın kəsilməsi, dayanması və bununla da, həmin predmetin əsasən məhv olmasıdır.
İnkarı inkar qanunu onu nəzərdə tutur ki, təbiətdə və cəmiyyətdə baş verən inkişaf çox mürəkkəb bir prosesdir, bu prosesin gedişində yeninin və mütərəqqinin yaranması labüddür.
Sənaye inqilabları konteksində cəmiyyətdəki inkişafın da inkarı inkar yolu ilə getdiyinə baxaq. Belə ki, hazırda dördüncü sənaye inqilabı mərhələsidir ki, bəşəriyyət buna qədər üç dövrü geridə qoymuşdur. Əvvəlki mərhələlərin müsbət təcrübəsi saxlanmış, dövrün tələblərinə cavab verməyənlər inkar olunaraq sıradan çıxmışlar.
Beləliklə, köhnə ilə yeni arasında əlaqə olan inkar, onları bir-biri ilə müxtəlif cür bağlayır. Əvvəla, o, köhnədə olan müsbət cəhətləri yeniyə köçürməklə onları dəyişdirib istifadə edir. Habelə, köhnədən ayrıldığı üçün müəyyən mənfi cəhətləri də yeni olana daşıyır.
Dialektik inkişafın və inkarın əsas xüsusiyyətlərindən biri varislik prinsipidir. Bu o deməkdir ki, inkişaf edən predmet və hadisələr dövriyyəsində onları bir-biri ilə bağlayan bir həlqə mövcuddur və bu bütün inkişaf boyu təzahür edir.