Rəyçi və ön sözün müəllifi: Əziz ƏLƏKBƏRLİ


ŞEİRİMİZDƏ “DƏDƏ QORQUD” İFADƏLƏRİ*



Yüklə 4,68 Mb.
səhifə19/42
tarix30.12.2021
ölçüsü4,68 Mb.
#17494
1   ...   15   16   17   18   19   20   21   22   ...   42
ŞEİRİMİZDƏ “DƏDƏ QORQUD” İFADƏLƏRİ*
Folklorumuzun, ana dilimizin qədim abidəsi olan “Dədə Qor­qud” dastanı elimizin mənəvi tarixini, adət-ənənələrini, məi­şətini, psixologiyasını özündə əks etdirən və qoruyub saxlayan abidədir. O, xalqımızın yazılı ədəbiyyatına da bila­va­sitə təsir gös­tərmiş, yazılı ədəbiyyatın obraz və dil sistemində dərin iz bu­raxmışdır.

“Dədə Qorqud” dastanı haqqında maraqlı tədqiqat apar­mış yazıçı Anar doğru olaraq qeyd edir: “Dədə Qorqud” dün­yası – bu gün yalnız qədim mətnlərdə, yazılı mənbələrdə, milli mədə­niyyət yadigarlarında qalmış bir dünya deyil. O, yaşarı bir dün­yadır və Azərbycanımızın müxtəlif guşələrində “tərə­kəmə”, “elat”, “ayrım” köçəri məişətində Dədə Qorqud ruhu, Dədə Qorqud ab-havası, Dədə Qorqud dili bu gün də yaşa­maq­dadır. “Kitabi Dədə Qorqud” bütünlüklə Azərbaycan xalqının, dilimi­zin, torpağımızın abidəsidir”.

Həqiqətən də, “Dədə Qorqud” kitabında indi daha çox dialekt və şivələrdə qalan, yaxud folklor və klassik ədəbiyyat mətnlərində həkk olunmuş bir çox söz və ifadə vardır ki, bunlar müasir poeziyada da işlənməkdədir. Həmin sözlərin bəzilərində onların klassik və müasir poeziyada işlənmə formasına və mənalarına diqqəti cəlb etmək, zənnimizcə, zəruridir. Məsələn, “Dədə Qorqud” dastanının dilində “don”, “döşürmək”, “yağı”, “qarmalamaq”, “axı”, “ismarlamaq”, “görk və s. söz və ifa­də­lər, müraciət formaları vardır ki, biz bu sözlərə klassik poezi­ya­mı­zın və Azərbaycan şeirinin poetik lüğət tərkibində rast gəlirik. “Dədə Qorqud”un dil materialı ilə bu yaxınlıq milli poetik dilin təşəkkülündə, onda canlı danışıq dil ünsürlərinin fəallanmasında müsbət rol oynamışdır.

“Dədə Qorqud” dilində “don” sözünə tez-tez rast gəlmək olur:

------------------------------

*Məqalə 13 may 1988-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində yayın­lan­mışdır.

“Ağ donuma kir ələndi

sənin üçün”.

“Atdan enib tacir donu

geyindilər”.
“Paltar”, “geyim” mənası ifadə edən “don” sözü bayatı­la­rımızda, aşıq poeziyasında, Vaqif poeziyasında işlənmiş və müa­sir Azərbaycan dilinin dialektlərində də işlənməkdədir.
Don tikdik ağı bizdən,

Belinin bağı bizdən.

Qoymayın yadellini,

Almağa bağı bizdən.

(Bayatı)
Al yaşıl geyinib tirmə bağlarsız,

girmisiz dondan-dona, kəkliklər.

(Xəstə Qasım)
Meşədən don biçdin bu türyan dağa –

Qoy sərin meh əssin təbiətindən!

(M.Aslan)
Bu şeirlərdə “don” sözü libas mənasının poetik ifadəsinə xidmət edir. Aşıq şeirində və sonrakı poeziyamızda bu sözün sax­­lanılması “Dədə Qorqud” dilinin qədimliyi kimi izah olun­malıdır.

“Kitabi-Dədə Qorqud”un lüğət tərkibində “döşürmək” sözü vardır.

Xətainin şeirində bu söz “döyşürmək”, Abbas Tufar­qan­lıda isə “döşürmək” şəklindədir:
Hər çiçək üstə qondu zənbur,

Döyşürməyə çıxdı danəsin mur.

(Xətai).

Adam var dolanır səhranı, düzü,

Adam var döşürər gülü, nərgizi.

Adam var geyməyə tapammaz bezi,

Adam var al geyər, şalı bəyənməz.

(A.Tufarqanlı).


Şəhriyarın “Behcətabad xatirələri” qəzəlində və müasir Azərbaycan şairləri A.Sarıvəllinin, M.Aslanın və b. şeirlərində də söz “döşürmək” şəklindədir.
…Gözlər asılı, yox nə qaraltı, nə də bir səs,

Batmış qulağım gör nə döşürməkdədi darı.

(Şəhriyar).
Müasir Azərbaycan dilində ancaq dialektlərdə qalan “dö­şür­­mək” sözünün kökü daha qədimlə – “Dədə Qorqud”la bağlanır.

“Dədə Qorqud”la çoxəsrli şeirlərimizi birləşdirən, mənəvi əlaqə və irsilik körpüsü yaradan sözlər sırasında “yağı” sözünü də qeyd etməliyik. Biz bu sözə “Dədə Qorqud”un dilində rast gəlirik. Həm də söz öz əvvəlki mənasını saxlamışdır.

Müasir ədəbi dilimizdə “yağı” sözü “düşmən” sözünün sino­nimi kimi işlənir.

“Dədə Qorqud” dastanında da “yağı” düşmən mənası ifadə edir:

Kimi aydır:

– Yağı tozudur.

Və yaxud:

Qazan aydır:

– Bu gələn, bilmiş olun, yağıdır – dedi.

Sözün “Dədə Qorqud”dakı mənası və fonetik quruluşu “Koroğlu” dastanının şeirlərində də qorunub saxlanılmışdır:

Ucalardan uca dağı,

Hərgiz gələ bilməz yağı,

Koroğlu tək ər oylağı,

Nigar, Çənlibel budu, bu.

Düşmən mənasında işlənən “yağı” sözü klassik və aşıq poeziyamızda da çox işlənilmişdir. Aşıq Ələsgərin bir şeirində bu sözün incə poetik məna çalarına rast gəlirik:
Saxla dilin, özün üçün yağıdı,

Aşıq Ələsgərin odlu çağıdı,


Bu misralarda dilin “özün üçün yağıdı” mənası sözün kon­kret semantik mənasını ifadə edir.

“Yağı” sözü müasir Azərbaycan şeirinin dilində də işlən­mişdir. S.Rüstəm, M.Rahim və R.Rzanın siyasi-publisist ruhlu şeirlərində çox təsadüf edirik:

“Dədə Qorqud”un dilində elə sözlər var ki, nəinki şeir di­lində, həm də Azərbaycan dilinin ayrı-ayrı dialektlərində onların yaşadığı və arabir canlı ədəbi dildə funksional təsirini saxladığını görə bilərik. Məsələn, “qarmalamaq” belə sözlərdən biridir.

“Qamarlamaq” (dialektlərdə bəzən belə də işlənir) və ya “qar­malamaq” sözü “Azərbaycan dilinin izahlı lüğəti”ndə “tez-tələsik tutub götürmək”, “qapmaq”, “yapışmaq”, “tutmaq”, “qa­mar­­la­maq” kimi izah olunur.

“Dədə Qorqud” dastanının türk tədqiqatçısı Orxan Şaiq Gök­yay bu sözü “qaranlıqda o tərəf-bu tərəfə hərəkət etmək” kimi izah etmişdir. Lakin sözün belə izahının onun “Dədə Qorqud” mətnindəki mənası ilə heç bir uyarlığı yoxdur. Çünki həmin sözün həm dastanda, həm də müasir Azərbaycan dilində mənası eynidir. Məsələnin bu cəhətinə diqqəti cəlb edərək “Dədə Qorqud” dastanının tədqiqatçısı akademik Həmid Araslı yaz­mışdır: “Bu əsərin dili türk dilində danışan bir sıra xalqlara yaxın olsa da, öz lüğət tərkibi, frazeoloji ifadələr və qrammatik quruluşu etibarilə digər türk dillərinin hamısından daha çox Azərbaycan dililə bağlıdır”.

“Dədə Qorqud”da işlənən “qarmalamaq” sözü Azər­baycan dialektlərində işlənməklə yanaşı ədəbi-bədii dildə də ara-sıra işlənir. Məlumdur ki, ədəbi prosesdə dialektdən isti­fa­dənin uğur­ları ilə yanaşı itkiləri ola bilər. Poeziyanın dil tər­ki­binin xalq sözləri hesabına zənginləşdirilməsi, əlbəttə, sə­mə­rəli və müsbət hadisədir. Ancaq bu halda yazıçı sözün ümum­xalq miqyasda başa düşülməsini də nəzərə almalıdır. Bu baxım­dan, “qamar­la­maq” sözünün poeziyamızın dilində işlən­məsi etiraz doğura bil­məz, çünki poeziyaya folklordan daxil olmuşdur:


Dərya qamarladı, damladan umdu,

Ağzını ayırıb, gözünü yumdu.

Qızara-qızara kürsüyə cumdu,

Qızara-qızara sustalan oldu.

(M.Aslan).
Yeri gəlmişkən qeyd edək ki, “Dədə Qorqud”da işlənən “axı” ədatı haqqında da Orxan Şaiq Gökyayın mülahizələri düz­gün hesab edilməmişdir. H.Araslı tərəfindən bu müla­hi­zələrin tədqiqini düz­gün hesab etməliyik. Türk şərqşünası “axı” ədatının müasir Azər­baycan danışıq dilində çox geniş işlənən mənalarını “axilik” kimi başa düşmüşdür və beləliklə, dastanı tamam onun ideya məzmu­nunda olmayan bir tarixi-ictimai hərəkatla – əxiliklə bağlamışdır. Dastanın sözlüyündə müəllif bu ədatı “əliaçıq, comərd bir kimsənin sevdiklərindən yaxını” mənasında izah etmişdir.

Lakin həqiqətdə isə “Dədə Qorqud”da “axı” ədatı təkrar-təkrar işlənmişdir. Nümunələrə diqqət yetirək:


Qara qıyma gözlərini uyxu almış,

asğıl axı.

On ikicə süküciyin öyrən olmuş

yığışır axı…

Tanrı verən dadlı canın

seyrandaymış indi axı…

Öz gövdəndə canın varsa, oğul ver,

xəbər mana.

Qara başım qurban, oğul,

sana – dedi.

“Dədə Qorqud”un dilində işlənən bu ədat aşıq şeirində, Azərbaycan şairlərinin əsərlərində ən çox işlənən dil vahid­lərindən biridir. Məsələn, Aşıq Şəmşirin bir qoşması tamam bu dil vahidi əsasında qurulmuşdur:
Ürək deyir, bax gözələ,

Dizimdə gir yoxdu axı.

O cavanlıq düşməz ələ,

Qoca, düşgün vaxtdı axı.


Şəmşir, qadaq ver dilinə,

Hansı nər qatıb əlinə?

Ta baxmıram qız-gəlinə,

Gözüm-könlüm toxdu axı.


Müasir əbədi dilimizdə “sifariş” sözü işlənməkdədir. An­caq dialektlərdə bu sözün “ismarış”, “ismarınc”, “ismar­la­maq” şəkli vardır. “Anama ismarıc elədim”, “Bacıma ismar­la­dım”, “İsma­rışnan hac qəbul olunmaz” və s. Poetik dildə də bu sözə rast gəlirik.
Bir söz ismarlamış bəlkə yar eli,

Nədən anlaşılmaz quşların dili.

(Əhməd Cavad).
“Sifariş” sözü ilə “ismarış”, “ismarınc” sözlərinin fərqinə var­dıq­da, “ismarış”, “ismarınc” sözünün tədricən “sifariş” şək­li­nə düş­dü­yünü yəqin etmək olur. “Etmək” köməkçi feli “ismarış” felini “si­fariş etmək” şəklinə salıb. Halbuki, “ismarlamaq” daha yığcamdır.

Şifahi ədəbiyyatda, xüsusilə nağıl və dastanlarda “ismarış”, “ismarlamaq” sözünə tez-tez rast gəlirik.

Bu sözün də kökünü aradıqda tədqiqat bizi “Dədə Qor­qud”a aparıb çıxarır. Belə ki, “Dədə Qorqud”un nəsr dilin­də “is­marlamaq” sözü vardır.

… “Oğlanı həkimlərə ismarlayıb Dirsə xandan sax­la­dılar”.

Səciyyəvi haldır ki, sözün dastandakı mənası eynilə qalmış­dır. Müasir ədəbi dilimizdə və dialektlərdə işlənən “göynəmək”, “suç”, “yarımaq”, “iraq”, “sapand”, “aydan arı” kimi sözlər və ifadələrə də “Dədə Qorqud”un lüğət tərkibində rast gəlirik. Bu sözlər xalq poeziyasında və klassik poe­ziya­mızda da dönə-dönə işlənmişdir:
Səndən xəbər alım, ay Dədə Qasım,

Kim xəta eylədi, qaldı üstə suç?

(Xəstə Qasım).
Şəfaenin olmaz o qədər suçu,

Əvvəldən axıra ayrıdır köçü.

(M.P.Vaqif).
Yarımadıq yar olalı,

Nə sən məndən, nə mən səndən.

(Aşıq Ələsgər).
Nə özün yarıdır, nə sevənləri,

Bir para adamı kərkəvəz eylər.

(M.P.Vaqif).
Bu sözlər müasir şeirimizdə də işlənməkdədir. Deməli, ayrı-ayrı söz və ifadələr poetik dövrlərdə əsərlər arasında körpü ya­ra­dır, mənəvi varislik zəncirinin qırılmamasını təmin edir. Belə söz­lərdən biri də “görk” sözüdür. Müasir Azərbaycan ədəbi dilində, danışıqda bu söz az işlənir. Klassik poeziyanın dilində də bu sö­zün sıx-sıx işlənildiyini demək çətindir. Lakin buna baxmayaraq “görk” sözü “Dədə Qorqud”la klassik və müasir poeziya arasında mənəvi ünsiyyət yaradan bir vahid kimi qeyd oluna bilər.

Dialektlərdə işlənən “görk” sözü “Dədə Qorqud”da “bö­yük”, “uca”, “görkəmli”, “görümlü”, “baxımlı” məna­sın­dadır.


Axıntılı, görklü suyun,

Soğulmuşdu çalğadı axır.

…Dizin basıb oturanda

hilal görklü,

Dölümündən ağarsa baba görklü,

Ağ südün doya əmizdirsə

ana görklü.
Ş.Cəmşidov “Nəsimi şeirlərində “Dədə Qorqud” ifa­də­ləri” adlı məqaləsində “görklü” sözünü “gözəl”, “qəşəng” kimi izah edir.
Görklü yüzin nurindən aləm

münəvvər oldu,

Şirin sözün qatında şəkkər

mükəddər oldu.


Sözünə davam edən müəllif yazır: “Şübhə yoxdur ki, bu “görmək” feli ilə bağlı olub, əşyanın “zahiri görünüşü” gözəl görkəmi ilə əlaqədardı”. Müəllifin qənaətinə əsasən də, bu sözün əsasında “gözəl” sözü dayanır.

Doğrudan da, Azərbaycanın Qarabağ, Kəlbəcər, Gədəbəy və başqa ərazilərində yaxşı və ya pis işin müqabilində xalq “qoy başqasına görk olsun” deyir. Bizcə, sözün bu cür işlənməsində onun ibrət mənası ifadə etdiyini görmək çətin deyildir. Deməli, “Dədə Qorqud”da, Nəsimi şeirlərində görk sözü “uca, baxımlı, gözəl, ibrət” mənası ifadə etdiyi şübhəsizdir. Bu sözə biz müasir şairlərin əsərlərində də arabir təsadüf edirik. Məsələn, M.Asla­nın XX əsrin əvvəllərindəki erməni vəhşiliklərinə aid “Sümüklü dərə” şeirində “görk” sözü, ibrət, nümunə mənası ifadə edir.


Uzanıb əsəbi, göz deyə-deyə,

Qəzəbi tuşlanıb hansı nöqtəyə?

Çürütmür sümüyü görk olsun deyə –

Sümüklü dərə.

(M.Aslan).

“Kitabi-Dədə Qorqud”un dili canlı və əlvandır. Bu xüsu­siyyəti yaradan amillərdən biri dastanın dilində alqış, and, qarğış ifadə edən ifadələrin işlənməsidir ki, müasir poeziyamızda bu­nun saysız-hesabsız nümunələrinə rast gəlmək mümkündür. “Də­də Qorqud”da dilimizin poetik zəngin­lik­lə­rinin dərin və silinməz izləri qalmışdır. Məsələn, “aydan arı” ifadəsini götürək. Dastanda arı təmiz, saf mənasındadır. İndi də xalq arasında “aydan arı, sudan duru” ifadəsi vardır. Xalq şairi B.Vahabzadə “Muğam” poemasında “Aydan arı, sudan durum mənim. Ay yanıqlı şurum mənim” beytində bu ifadəni təmiz­lik, paklıq mənasında işlətmişdir. Dilimizdə saflıq, təmizlik anlayışı ifadə edən bu söz “Dədə Qorqud”un poetik parça­larında “Aydan arı, gündən görklü” şəklindədir:


Aydan arı, gündən görklü qız qardaşın Banıçiçəyi,

Bamsı Beyrəyə diləməyə gəlmişəm – dedi.


Dastanın başqa bir yerində isə arı su ifadəsi “təmiz, saf” mənasını ifadə edir.

60-cı illərdə Azərbaycan poeziyasında yeni üslubi və forma meyillərinin sürətlə inkişaf etməsi, realizmə və sadəliyə meylin qüvvətlənməsi müasir şairləri “Dədə Qorqud”a müraciət etməyə gətirib çıxarmışdır. Belə bir müraciət müasir poeziyamızın həm vəzn, həm də obrazlı strukturunda özünü hiss etdirmişdir.





Yüklə 4,68 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin