Roman Əməlləri ilə qiyamət gününü yaxınlaşdıranlar bu dünyanın ən bədbəxt məxluqlarıdırlar



Yüklə 1,76 Mb.
səhifə2/13
tarix03.02.2017
ölçüsü1,76 Mb.
#7502
1   2   3   4   5   6   7   8   9   ...   13

Falçı yenə gözlərini yumdu və camı qarışdırmağa davam elədi.

- O qara çərçivə nədir, bilmirəm.

- Xanım, bəlkə həyatım qara çərçivənin içindədir?

- Yaxşı, yaxşı, dayan görüm, - falçı hirslənib səsini qaldırdı, - mənim üçün çoxbilmişlik eləmə. Elə bilənsinizsə, mənim yanıma nəyə gəlirsiniz? İkincisinə qalanda belə bir şey olsa, o çərçivəni sındırıb qaranlığı götürmək də bizim əlimizdədir.

- Onu bilirəm.

- Hardan bilirsən?

- Belə deyirlər. Bayaq məndən qabaq çıxan qadın deyirdi ki, min beş yüz manat verdim, razı olmadı. Bilirəm ki, çarəsi sizdə olmayan dərdlərə görə pul almırsınız.

Bu sözlərdən məmnun qalan falçı qadın yumşalıb muma döndü. Bir neçə dəqiqə söhbət elədilər. Nazəninin din yoluna düşdüyünü biləndə daha da sevindi. Təzə dəmlənmiş çaydan birini özünə, birini də Nazəninə gətirtdirib sirr açırmış kimi pıçıldadı:

- Səni bir molla bacının yanına göndərəcəyəm. O sənə haqqın yolunu göstərəcək, bütün müşküllərini həll edəcək.

Falçı qadın yanındakı siyirtmədən dəftər, qələm götürdü. Nəsə yazdı. Varağın yazılan hissəsini cırıb qatladı və Nazəninə verdi.

- Bu molla bacının ünvanıdır, gedib onu taparsan. İşi çox olur, ancaq tapşıracam sənə vaxt ayıra bilsin. Hiss edirəm ki, nümunəvi qadınsan. Həm də ki, dindar… Çayını iç, dur get, on beş gündən bir mənə dəyərsən.


* **
Həyətdəki meyvə ağacları yaxşı bar gətirmişdi. Bəzi kövrək budaqlar meyvələrin ağırlığına dözə bilməyib sınmışdılar. Sınmış və yarpaqları solan budaqlarda meyvələr yetim görünürdülər. Bu meyvələri niyə yığıb aparmırdılar, belə üzüntülü, yazıq, zavallı hallarından niyə azad eləmirdilər, orası çox qəribə idi. Ağaclar da yaralı qollarından azad olar, bir az rahat nəfəs alar, ölən budaqlarının dərdinə ağlaya-ağlaya qalan budaqlarının halına yanardılar.

Dəmir qapının yuxarı tərəfində böyük su çəni qoymuşdular. Çən bəlkə də on on-beş ton su tutardı. Həyət-bağçanı, yəqin, bu çənin suyu ilə sulayırdılar. Ev gül kollarının arasında itib-batmışdı. Qapı haraydı, pəncərə hara, bilinmirdi. Evdən heç səs-səmir də gəlmirdi. Nazənin yalqız dəmir oturacaqda oturmuşdu. Ona demişdilər, gözlə, o da gözləyirdi. Bəlkə bir saat çəkdi, iki saat çəkdi, bilmədi. Ancaq bu zaman kəsiyi ona çox uzun göründü. Bir istədi ayağa qalxsın, heç kimə heç nə demədən qapıya sarı gəlsin, dəmir qapını aralayıb buradan uzaqlaşsın. Elə o anda falçı qadının sözləri yadına düşdü. Və yerindən tərpənmədi, gözlədi, gözlədi görsün kim evdən çıxacaq, kim gəlib molla bacının yanına aparacaq. Elə bu anda gül-çiçəyin içində itmiş qapı cırıltı ilə aralandı, ortayaşlı, kök, yaraşıqlı qadın həyətə çıxıb onu yanına çağırdı. Qolundan tutub danışa-danışa içəri apardı.

- Bax, burada gördüklərin haqda bir kimsəyə heç nə deməyəsən. Yoxsa, arzuların puç olar.

Elə bil, başqa aləmə düşdülər. Heç həyatında belə yer görməmişdi. Bağça-bağın ucu-bucağı görünmürdü. Yaşıllıqdan göz qamaşırdı. Xırda dağ kimi düzəldilmiş şəlalələrdən su axırdı. Hər ağacın dibində bir-iki nəfər oturmuşdu. Kimsə dua oxuyur, kimsə astadan ağı deyib ağlayır, bir neçəsi isə elə-belə, key-key gözlərini döyərək gəlib-gedənə baxırdılar. Bir qadını zəncirlə ağaca bağlamışdılar. O da halından məmnun-məmnun gülümsəyir, çiyinlərini, sinəsini qaşıya-qaşıya danışırdı.

Nazənin özünü itirdi. İstədi qadının əlindən qurtulub qaçsın, bir də buralara gəlməsin. Amma gec idi, artıq kök, yaraşıqlı qadın onu çəkib aynabəndə salmışdı. Aynabəndin içərisində bir neçə zərlə işlənmiş qapı vardı. Hamısı da bir-birinə oxşayırdı. Aynabəndin divarlarına da qəribə şəkillər vurmuşdular. Bu şəkilləri Nazənin şərq kinolarında görmüşdü.

Kök, yaraşıqlı qadın o qapılardan birini açıb onu içəri ötürdü. Nazənin tamamilə özünü itirmişdi. Utanmasaydı, qışqırıb bayıra qaçardı. Gözü evin işığına öyrənəndə yuxarı başda, döşəkcənin üstündə oturmuş qadını gördü. Qadın yaşlı olsa da, çox gözəgəlimli idi. Əllərini sinəsində çarpazlayıb, qarşısına qoyulmuş Qurana baxırdı. Özünü məşğul kimi göstərsə də, hiss olunurdu ki, oxumur, elə-belə baxır, bəlkə də ilk dəfə söhbət edəcəyi adamla danışığının cizgilərini cızır.

Əliylə Nazəninə yer göstərdi. Nazənin oturandan sonra başdan-ayağa onu süzdü.

- Kimsən?

- Molla bacı, məni falçı xanım göndərib.

- Əvvəla, molla bacı yox, hacı xanım… Altı dəfə Həcc ziyarətində olmuşam. Üç dəfə Kərbəlaya, iyirmi altı dəfə Məşhədə, qurbanı olduğum İmam Rzanın ziyarətinə getmişəm.

- Bağışlayın…

- İkincisi, bura ocaqdır, mən də ocağın sahibi. Əgər şəkk gətirəcəksənsə, üzüsulu dur get buradan. Məni də günaha batırarsan, özünü də yandırarsan… Adın nə oldu?

- Nazənin.

- Hə, Gövhər xanım deyib sənin haqqında.

Molla xanım ayağa qalxıb bir az aralı qalmış pəncərəni örtdü. Qıpqırmızıya boyanmış saçlarına tumar çəkib, əvvəlki yerinə qayıtdı, qollarını yenə sinəsində çarpazlayıb danışmağa başladı:

- Bu dünya sirli-sehrli dünyadır. Hələ heç kəs dünyanın sirlərindən baş açmayıb. Yüz alim gələ, min filosof doğula, qalın-qalın kitablar açıla, kimsə deyəmməz mən agaham dünyanın sirrindən, sehrindən. Yazılanlar yalandı, deyilənlər cəfəngiyyatdı. Bir Tanrı var, bir də onun yazan mələkləri. Nə ki, insanın yaxşı əməlləri var, yazıb, Allahın dərgahına göndərirlər. Həm də bütün pis işləri. Bir də düz olan bu Qurandı… Sizdə kitablar var?

- Var, hacı xanım, niyə yoxdu?!

- Nə kitablardı, elə?

- Nə bilim axı, Mirzə Cəlildi, Sabirdi…

- Onları oxuyursan?

- Yox, hələ oxumamışam.

- Bəs niyə alıb gətirmisən?

- Nə bilim, deyiblər yaxşı kitablardı, mən də almışam.

- Yaxşı ki, oxumamısan onları. Dedim axı, hamısı cəfəngiyyatdı. Oxumalı bir kitab varsa, o da Qurandır. Özü də gərək Tanrının göndərdiyi dildə, ərəb dilində oxuyasan. Quranın tərcüməsini oxumaq günahdır. Evinizdə Quran var?

- Bəli, təzə almışam. Ancaq öz dilimizdədir.

- Yox, yox, yox, ancaq ərəb dilində yazılmış Quran.

- Axı mən o əlifbanı oxuya bilmirəm.

- Gərək indiyə qədər öyrənəydin. Eybi yox, o əlifbanı da sənə öyrədərəm. Tapa bilməsən, ərəb dilində olan, nəfis tərtibatlı Quran gətizdirərəm sənə. Görürəm yaşın az olsa da, günahların çoxdu.

Nazənin başını aşağı dikdi. Yanaqları bir azca allandı.

- Gözlərimin içinə bax! Niyə baxışlarını yayındırırsan?

Nazənin günah iş üstündə tutulmuş uşaqlar kimi özünü itirdi. Asta-asta nəzərlərini qaldırıb mollaya baxdı.

- Olub?


- Olub, hacı xanım. Ancaq, daha o yoldan çəkilmişəm. Yuyunub, qüsl verib, təmizlənmişəm. Bundan sonra niyyətim, ancaq, Allah yolu tutmaq, Qurana tapınmaqdır.

Molla xanım bir şey tapmış adam kimi özündən razı halda Quranın vərəqlərini çevirdi.

- İstəyin olsa, səni molla kimi hazırlayıb məclislərə də göndərərəm.

- Axı…


- Axısı-maxısı yoxdu. Günahlarını yumaq üçün bu, ən yaxşı yoldu. Sən belə günahlarını yuyub təmizləyərsən, mən də savaba batıb cənnət yolçularından olaram. Əslində o yolu mən çoxdan qazanmışam. Lakin, bununla iş bitmir axı; behiştin yeddinci qatının müjdəsini almaq lazımdır.

Molla danışa-danışa Quranın vərəqlərini çevirir, elə bil orada nəsə axtarırdı.

- Evə gedən kimi o dediyin kitabları götürüb atırsan. Onları evdə saxlamaq küfrdür. Sənə dini kitablar verəcəyəm, aparıb onları evə qoyarsan, oxuyarsan, savab yiyəsi olarsan.

Elə bu vaxt qapı aralandı. Bayaqkı kök, yaraşıqlı qadının başı göründü.

- O gəlib, hacı xanım.

- O kimdi?

Qadın qaş-gözünü oynatdı.

- Tapmaca tapmağa vaxtım yoxdu. Adıynan de görüm, kim gəlib?

- Nazirin xanımı.

Molla xanım yerində qurcalandı. Ayağa qalxmaq istədi. Ancaq nə düşündüsə yerində oturub xəbər gətirən qadına baxdı.

- Hə, hə, yaxşı deyil, ötür gəlsin. Yazıq çox əziyyət çəkir… Adın nə oldu? Hə, Nazənin… Xanım, dur get, ancaq hökmən mənimlə əlaqə saxla. Sənin də işin uzun məsələdir. Allah hidayət versin.

Nazənin qalxıb sağollaşdı. Aynabəndə, oradan da həyətə çıxdı. Arxasınca baxmadan, dəmir qapıya tərəf yeridi.


***
Dağların duruşu adamı heyrətə gətirirdi. Min illərdi, milyon illərdi beləcə dayanıb bir-birinə nağıl danışan, gələnlərdən, gedənlərdən deyən, bəzən gülümsəyən, çox vaxt da qəm dəryasına batan bu ulu dağları Tanrı necə yaratmışdı? Dağlar da bir sirr idi, bir sehr idi. İnsanlar baş açammırdılar ulu dağların sirrindən, sehrindən. Sirr saxlayan olmasaydılar, nə vardı ki; gələnə dünəndən danışardılar, dünən olanlardan xəbər verərdilər, insanları qərib-qərib duyğuların yandıran atəşinə atardılar.

Və nə yaxşı ki, dağlar danışmır, ağzına su alıb heç nə demir. Yoxsa, insanların çox sirləri faş olar, kələkləri açılar. Dağlar sirr saxlayandı. Elə ona görə də belə müdrik görünürlər.

- Nə olub, Ziyad, nə yaman fikrə dalmısan? Dağlara elə baxırsan, elə bil qohumlarındı, əzizlərindi.

- Bu dağlar çox qohumdan, yaxından daha etibarlıdır adama.

- Get işinə, sən Allah, cansız, qansız, duyğusuz daşlar, qayalar necə insandan etibarlı ola bilər?

- Bu dağlar cansız deyil, Vüqar, qansız deyil. Ancaq axan qanlarını görə bilmirik. Qüdrətimiz çatmır buna. Bu dağların ürəyini, gözlərini görə bilmirik, fəhmimiz çatmır.

- Uşaqlar bura gəlin, yenə Ziyadın filosofluğu tutub.

Ətrafa dağılmış, ot-ələf yığan yoldaşları bir anda onların başına toplaşdılar. Qadir qırdığı baldırğanı soya-soya ortaya söz atdı:

- Kimin alimliyi tutub?

- Əlbəttə, mənim yox, - Vüqar ədayla Ziyadı göstərdi.

- Eh, siz nə qanırsınız dünya nədir, - Ziyad özünü müdafiə eləməyə çalışdı, - hər dağ, hər qaya bir hikmət qalasıdır. O hikməti dərk etməyə fəhm lazımdır.

Vüqar, deyəsən, Ziyadın bu sözlərindən xoşlanmadı, bir az pərt oldu, üz-gözünə xəfif qızartı çökdü.

- Nə demək istəyirsən, sən ali təhsil alırsan deyə, biz hamımız qanmazıq?

Ziyad bir qədər kobud danışdığını hiss edib, Vüqara yaxınlaşdı, əlini çiyninə qoydu.

- Yox, Vüqar, Allah eləməsin. Əslində bu dağların qoynunda yaşayan sizlər daha elmli, daha savadlısınız.

Uşaqlar araya zarafat salıb, incikliyi aradan götürmək istədilər. Vüqar da dərinə getmədi. Maraqlı bir lətifə danışıb, bu söz-söhbəti unutdurdu.

Ziyad Bakıdan yay tətilinə gəlmişdi. Ali məktəbin kursunu bitirmişdi. Hər il beləydi, qışda, bir də yayda imtahanları verib, kəndə gələrdi. Bu kənddən ali təhsil alan adam çox az idi. Sinif yoldaşlarından, özündən başqa, təkcə bir nəfər ali məktəbə daxil olmuşdu. O da Ukraynada dəmiryolu üzrə ali təhsil alırdı. Heç yayları da kəndə gəlmirdi. O gedən çıxıb getmişdi. Qayıdacaqdı, yoxsa biryolluq bu dağlara əlvida deyəcəkdi, bilmək olmazdı. Əvvəllər də, bir-iki dəfə belə işlər olmuşdu, ali təhsil almaq üçün uzaqlara gedənlər bir daha geri dönməmişdilər. Oralarda yad qızlarla ailə qurmuş, məskən salmışdılar.

Ziyadla dağa qalxan tay-tuşlarının arasında da ali təhsil almış və alan cavanlar yox idi. Ziyada qibtə hissi ilə baxanlar da var idi, onun paxıllığını çəkənlər də. Bəzən bu paxıllıq apaydın sezilirdi. Ziyada elə qəribə, elə cavabsız suallar verib, onu mat qoymağa çalışırdılar ki, Ziyad bundan tutulub eləmirdi. Özünü ələ almağa çalışıb, məntiqi cavablar axtarırdı. Belə kəntöy, baş-ayaq sualların haradan və nədən qaynaqlandığını yaxşı bilirdi. İstəyirdilər ondan alınan cavabları lağa qoysunlar, kənddə elədən beləyə, belədən eləyə dolandırıb gülsünlər. Desinlər, bax, Mürşüdün oğlu oxuyub adam olub, adi suallara da cavab verə bilmir. Bu sualları kolxozun gözətçisi key Qubada da versən cavabını deyər.

Ziyadın kəndi belə kənd idi. Bir az oxuyanı, bir az biləni, bir az qabağa gedəni götürməzdilər. Onu bir yolla «taxtdan» salmağa çalışar, taxtı boş görəndə rahatlanar, xırda-xırda gülümsəyib, qımışardılar.

Bu dağ gəzintisini İlqar təşkil eləmişdi. Demişdi, beş-altı kilo ət alaq, dağa qalxaq, bir havamızı dəyişək, kabab yeyib qayıdaq. Həm də demişdi, qoy Ziyad dağları yaddan çıxarmasın. Bakıdan gələndə dağları tanımaz, biabır olarıq.

- O günləri qızlar da buralara qalxmışdılar. Salman əminin qızını nəsə sancıb, deyirlər, su ilanı olub. Yusif həkim olmasaydı, qız əldən getmişdi.

- Hə, Nazənin də orda olub, - İlqar çırpı yığa-yığa Əzizin sözünü təsdiqlədi.

Nazəninin adını çəkəndə, uşaqlar gülüşdülər.

- Ə, İlqar, sənin başqasının qızıynan nə işin var? Olmaya, Qərib kişinin qızına vurulmusan?

- Yox, sən öl, bəs dayımın nəvəsi deyil?! Dünən bizə gəlmişdi, dağ macəralarından xeyli danışdı.

Ziyad özünü itirən kimi oldu. Çünki bulaq başında səhənglərini dolduran qızları görmüş, onların arasında ən çox Nazənini bəyənmişdi. Girəvəyə salıb, hətta, uşaqlardan Nazənini kimin sevdiyini öyrənmək də istəmişdi. Uşaqlar qeyri-müəyyən cavablar vermişdilər. Biri siniflərində iki oğlanın onu sevdiyini demiş, biri Nazəninin adını eşitcək kinayəli gülüb «ağlı olan onu istəməz» demişdi. Niyəsini soruşanda dinməmişdi. Araya ayrı söz qatıb, mövzunu dəyişmişdi.

Ziyad ikinci kursda oxuyanda birinci kursda oxuyan Nigar adlı bir qızla tanış olmuşdu. Qız olduqca yaraşıqlı, boylu-buxunlu, ağbəniz idi. Gülümsünəndə yanaqları çökəklənirdi, gözləri qəribə tərzdə axıb adamın qəlbini ehtirasa gətirirdi. Danışığı da qəribəydi. Elə astadan danışırdı ki, onu eşitmək üçün maşının ötüb keçməsini, küləyin səngiməsini gözləməliydin. Dünyada sevilməyə layiq beş qız var idisə, bunlardan biri Nigar idi Ziyada görə.

Bir axşamçağı qarşılaşdılar. Qızlar yataqxanasından bir az aralıda tramvay dayanacağının yaxınlığında Ziyad bütün gücünü toplayıb qızın qarşısında dayandı.

- Salam.

Qız ürkək baxışlarla Ziyada baxıb, astadan onun salamını aldı.

- Məni tanıyırsan?

- Tanıyıram.

- Hardan tanıyırsan?

- Bir ali məktəbdə oxumuruq?

Ziyad qıza hələ bu qədər yaxın olmamışdı. Onun nəfəsini nəfəsində hiss edirdi. Öz ürəyinin döyüntüsünü aydınca eşidirdi. Elə bilirdi ki, qız da onun ürək döyüntülərini eşidir.

Bu qəfil görüş isti təmaslarla əvəz olundu. Onlar tez-tez görüşür, bir-birinin əllərindən tutur, söhbətləşir, daha da isti münasibətlərin körpüsünü qurmağa başlayırdılar.

Bir axşam bulvarın işıq düşməyən, gözdən uzaq yerində Ziyad ilk dəfə Nigarın dodaqlarından öpdü. Bu isti təmasdan Ziyad elə sehrlənmişdi ki. Heç özündə-sözündə deyildi. Nigarı yenə qucaqlamaq, təkrar-təkrar öpmək istəyirdi. Nigar birdən ayıldı elə bil. Barmaqları ilə dodaqlarına yaxınlaşan dodaqların qarşısını kəsdi.

- Bəsdi, ehsan deyil ki.

Ziyad Nigarın titrəyən səsindən bir az da ehtiraslandı. Qızı bərk-bərk sinəsinə sıxıb, beləcə dayandı.

- Ziyad, bağışla məni.

- Nəyə görə?

- Elə bilərsən özünü idarə edə bilməyən qızlardanam.

- Dəli…

- Vallah, birdən oldu, gözlənilmədən.



Ziyad indi Nigarın da ürək çırpıntılarını eşidirdi. Saatlarla belə dayanıb, bu təmasdan, bu şirinlikdən, ilk öpüşün ağılaparan xoş təsirindən qurtarmaq istəməzdi. Lap günəş doğana qədər gözləyərdi, gözləyərdi ki, səhər açılsın, günəş gəlsin, onlara salam versin, onların məhəbbətini hamıya bəyan eləsin.

- Ziyad… Bir şey soruşacağam, düzünü de.

- De, gəlsin. Sənin imtahanından çıxmağa hazıram.

- İndiyə qədər bir qızı öpmüşdün?

- Yox. Sənə düzünü deyim, qoy aramızda heç bir qaranlıq məqam qalmasın… Orta məktəbdə oxuyanda sinfimizdə bir qız var idi. Bir az başdan o söz. Sinfimizin oğlanlarından onu öpməyən yox idi. Kimin könlünə öpüş düşürdü, tənəffüs vaxtı aparıb məktəbin arxasındakı bağda öpüb gətirirdi. Elə olurdu ki, dərs arası fasilələrdə onu öpməyin növbəsi yaranırdı. Birinci, Əjdər, ikinci Murad, üçüncü İlqar… Mən də öpmək istəyirdim o qızı. Öpüşün tamını dadmaq keçirdi xəyalımdan. Ancaq qismət olmadı, mən dəbərlənib hazırlaşana qədər onlar başqa kəndə köçdülər… İlk öpüşün dadını sənin dodaqlarında bildim, Nigar. Blsəydim belə şirindir, səni çoxdan öpərdim.

- Yox, Ziyad, bu gün də necə oldu, səhv elədim. Mən sənin dediyin o qızlardan deyiləm.

Nigar Ziyadın qolları arasından çıxıb bir az aralı oturdu. Və birdən qalxıb uzaqlaşdı. Ziyad ona çatmağa çalışsa da bacarmadı. Qız adamlara qarışıb gözdən itdi.

Sonra yenə görüşdülər. Bir dəfə, beş dəfə, on dəfə... Əl-ələ verib bir-birinin gözlərinə baxdılar, məhəbbətdən, sevgidən, ailə həyatının şirinliyindən danışdılar. Ancaq daha Nigar Ziyada onu öpməyə izin vermədi. Ziyad nə qədər çalışsa da, cəhdlər eləsə də hamısı boşuna qaldı, incə barmaqlar isti dodaqlarının qarşısına sədd çəkdi.

Və günlərin birində…

Yenə bir yerdəydilər. Yenə üzbəüz dayanıb asta səslə söhbətləşir, çox vaxt da danışıqlarının yerini lal baxışlara verirdilər. Belə «danışmaq» elə danışmaqdan şirin idi… Bu vaxt Nigar nəsə fikirləşib ala gözlərini süzdürdü.

- Ziyad, iki dəqiqə gözlə, sənə bir sürpriz eləmək istəyirəm.

Ziyad daha bir şey soruşa bilmədi. Nigar ağacların arasından bir kəpənək kimi sivişib getmişdi.

Əl çantası oturacağın üstündə qalmışdı. Yarısı açıq qalmış çantanın gözündən bir kitab görünürdü. Həvəs Ziyada güc gəldi. Qalan yarını açıb kitabı əlinə götürdü. Məmməd Arazın yenicə çapdan çıxmış kitabı idi. Sevindi. O da Məmməd Araz yaradıcılığını çox sevirdi. Onun poetik ifadələrinin vurğunuydu. Düşündü ki, kitabı alıb oxuyaram. Və kitabı vərəqləməyə başladı. Kitabın arasından bir şəkil yerə düşdü. Ziyad şəkli götürdü, əvvəl şəkildəki oğlana, sonra isə şəkilin arxasına baxdı. Ürəyindən elə bil, nəsə qırılıb içinə düşdü. Şəkildən baxan gənc oğlan Nigara sevgi dolu sözlər yazmışdı: «Sən mənim dünyamsan, Nigar, sənin gözlərinə baxmaqdan doya bilmirəm».

Ziyad çaş-baş halda ayağa durdu. Şəkli kitabın üstünə qoydu, iti addımlarla uzaqlaşıb getdi. Arxasına baxmadan, heç nəyə aydınlıq gətirmədən, heç nəyi götür-qoy etmədən…

Sonra bir dəfə həmin oğlanı Nigarla gördü. Nigarın onu görüb-görmədiyini isə bilmədi. Bu onun üçün heç maraqlı da deyildi. Ancaq bu anda ürəyinin lap dərin guşəsində həmin gəncə yazığı gəldi... Bəlkə kiminsə bir vaxtlar ona da yazığı gəlmişdi...

Quru odunlara artıq od vurulmuşdu. Odunlar elə çırta-çırtla yanırdı ki, adam baxmaqdan doymurdu. Uşaqların bir neçəsi qıraqda quzu ətini şişlərə çəkirdilər. Ziyada çay işinə baxmağı tapşırmışdılar.

- Sən tələbə babasan, odun yığmaq, ocaq qalamaq, kabab şişləmək əlindən gəlməz. Sən çay işinə baxsan bəsimizdir.

İlqarın sözlərində bir az da kinayə olduğunu Ziyad anladı. Ancaq dinmədi, çaydanı götürdü, iki daşın üstünə qoyub, daşların arasına yığdığı çırpılara od vurdu.

Artıq süfrə də hazırlanmışdı. Hər kəs ona tapşırılan işi yerinə yetirir, sonra gəlib süfrənin ətrafında otururdu. Təkcə kabab bişirənlər işlərini qurtarmamışdılar. Hələ tam hazır olmayan kababın ətri ətrafa yayılır, adamda doyumsuz iştah hissi yaradırdı.

Ziyadın dəmlədiyi çayı yaman bəyənmişdilər. Elə hey süzüb içir, kabab bişirənlərə göndərir, Ziyadı tərif yağışına tuturdular.

- Ziyad, sən mənim canım, belə çay dəmləməyi kimdən öyrənmisən?

- Atamdan… Bilirsiz, uzaq Göydaşlı kəndində atamın bir dostu vardı, tez-tez onlara gedərdi, ara-sıra bizi də aparardı. Çox gözəl kənd idi; təbiəti əsrarəngiz, adamları da ki, mərd. Bir-iki il əvvəl rəhmətə getdi o kişi. Bax, o kişi öyrətmişdi atama çay dəmləməyi. Hələ mən nə bacarıram ki?! Atamın dəmlədiyi çayın ətrindən doymaq olmur.

Kabab bişirənlər hazır kabab şişləri əllərində gəldilər. İsti kababları lavaş çörəklərlə çəkib qazana tökdülər. Və paylaşdırıb iştahla yeməyə başladılar.

Yaxşı tut arağı, xarici konyak da gətirmişdilər. Hamısı içirdi. Bircə Ziyaddan başqa. Bilirdilər ki, Ziyad içən deyil, ancaq yenə də sataşmaqlarından qalmırdılar.

- Ziyad, birdən molla olarsan.

- Yox əşi, kəndə gələndə içmir. Özünü qızlara göstərir. Şəhərdə bəlkə də, küpündə yatır.

- Hə, içəndə görən olub.

Ziyad ağzındakı kababı tələsik udub, hələ indiyə qədər dilinə spirtli içki dəymədiyini sübut eləməyə çalışdı.

- Mən içsəm şəhərin tinlərində yataram. Bəs mənim əvəzimə kim oxuyar? Orada oxumaq elə bilirsiniz halva yeməkdir?.. Ümumiyyətlə, içkiyə rəğbətim yoxdur. İçmək könüllü dəlilikdir.

- Deməli, biz hamımız dəliyik də?! Dəli yığıncağında oturmusan ki.

- Yox, mən elə deməzdim. Amma, düşünürəm, o adamlar həddindən artıq içki qəbul edirlər ki, onlar Tanrının küskün bəndələridir.

- Biz nədən küsəcəyik, ə, bir tikə yeməyimiz, içməyimiz, şokolad kimi də oğlanlarıq.

- Bakıda sənin başına soyuq dəyib deyəsən, Ziyad.

Mübahisənin qızışmaması üçün Əjdər söhbəti dəyişdi. O, uşaqlıqda başlarına gələn oyunlardan danışır, yeniyetmə çağlarında uzunqulaqlara olan «məhəbbətlərindən» söhbət salır, içkili yoldaşlarını qəhqəhələrə qərq edirdi.

- İlqar, yadına gəlir, sənin Nəbi əminin bir uzunqulağı var idi. Gözləri elə qəşəng idi ki, baxmaqdan doymazdıq.

- Sataşmağa adam tapmadın? Sənin dayının da uzunqulağı heç pis deyildi.

Ziyad qulaq asır, xırda-xırda gülür, ancaq, daxilən ziddiyyətli hisslər keçirirdi. Bilirdi ki, yumşaq başlayan bu söhbətin sonu yaxşı qurtarmaya bilər. Həmkəndlilərini yaxşı tanıyırdı axı; xırda bir söhbətin ucundan tutub ucuzluğuna aparmaq Qaradaşlıların köhnədənqalma dədə-baba adəti idi. Bir azdan tayfa söhbəti də ortaya gələ bilərdi. Bu onun, o bunun tayfasının pisindən deyəcəkdi, nöqsanlarından danışacaqdı. Biri iki yüz il bundan qabaq o birisinin babasının bunun babasına daş atdığını, bağına-bostanına kəc baxdığını, biri o birisinin əkə babasının bunun əkə əmisinə yerli-yersiz sataşdığını yada salıb meydanı qızışdıracaqdı...

- Cavad, sənin ana tərəfin erməni olub, bunu bilirsən?

- Erməni niyə oluruq, biz Seyid nəsliyik.

- Seyidin erməni arvadı ola bilməz?

- Qismət, sən özündən danış. Otuz yeddinci ildə babaların kənddə neçə adamı kulak göndəriblər.

Ziyad vəziyyətin gərginləşdiyini görüb araya girdi.

- Uşaqlar, ayıbdır. Siz, axı, məni dağa qonaq gətirmisiniz. Belə də qonaqlıq olar?!

Ziyadın sözləri səs-küyün içində itib batdı. Artıq ağız deyəni qulaq eşitmirdi. Hamısı bir-birinin tayfasında nöqsanlar axtarır, təhqiramiz sözləri bir-birinin üzünə çırpırdılar.

- Silvanı kənddə müdafiə edən, saxlayan sizsiniz…

- Armudluqda Kərimi öldürən…

- Səmədin qızını qaçırıb…

- Dəyirmandan taxıl oğurlayan…

- Gecələr qız-gəlinlər sizin qorxunuzdan…

İndi ayağa qalxmışdılar. Bir-birinə yumruq atır, kəllə vurmaqdan belə çəkinmirdilər. Üz-gözləri qana bulaşmışdı. Ziyad ortada tək qalmışdı, heç nə edə bilmirdi. Arada boş-boşuna yumruqlar yeyirdi. İşi belə görüb onlardan aralandı. Qırağa çəkilib bir az davaya baxdı. Dava salanlardan öz təhqir və söyüş payını almamaq üçün əllərini yanına saldı, yolu qabağına qatıb kəndə üz tutdu.

Evlərinə çatanda günəş hələ qüruba əyilməmişdi. Anası bağçada, ağacların altında paltar yuyurdu. Oğlunu görəndə təəccübləndi.

- Nə tez gəldiniz, Ziyad?

- Nə bilim?

- Yaxşı keçdi qonaqlığınız?

- Çox gözəl, mehribançılıq şəraitində.

Anası Ziyadın kinayəsini, deyəsən, hiss elədi. Əlindəki paltarları sıxıb, qəribə nəzərlərlə oğluna baxdı.

- Heç inanmıram, inanmıram ki, beş-on Qaradaşlı bir yerdə otura, orada dava düşməyə.

- Yox, ana, bu dəfə yaxşı qurtardıq… Ölüb-eləyən olmadı.

Anası gülə-gülə teştin çirkli suyunu arxa tökdü.

- Hə, bala, biz hələ toya getməliyik. Deyir, o biri kəndlərdə bir ovuc torpaqdan ötəri bir-birini qanına qəltan edirlər. Eyvaz müəllim deyirdi ki, Çamırlıda…

- Ana, Qərib dayının qızı neçədə oxuyur?

- Qərib dayı kimdi, ay bala?

- Qərib də... bığlı Qərib demirlər?

- Nə bilim, vallah, iki qızı var, biri ondadır, deyəsən, o birisi doqquzda. Onları neynirsən?

- Heç, elə-belə…

- Sən mənim canım.

- Ana, bilirsən, Nazənindən xoşum gəlir. Çox tərbiyəli qıza oxşayır.

- Yox, ay bala, bizimki onlarla tutmaz!

- Nəyə görə?

- Tutmaz də. Həm də deyəsən, o qızların ikisinin də deyiklisi var.

Ziyad day bir söz demədi. Həyətdəki gur suyun altında əl-üzünü yuyub, aynabəndə çıxdı. Oradan da yan otağa girib, xalçanın üstünə uzandı. Qız heç yadından çıxmırdı. Xəyalında onunla evlənir, qatara mindirib, Bakıda aldığı təzə evinə aparırdı. Uşaqları olurdu. Bir oğan, bir qız. Çoxuşaqlı ailələrdən heç xoşu gəlmirdi. Düşünürdü ki, indiki zəmanədə iki keyfiyyətli uşaq tərbiyə edib cəmiyyətə təqdim etmək, çox sayda keyfiyyətsiz uşaqlar böyüdüb cəmiyyətin canına sırımaqdan qat-qat yaxşıdır. Biri elə qonşuları İdris, on uşağından biri də cəmiyyətə faydalı şəxs ola bilməyiblər. Ziyanverici həşəratlar kimi hər yanı zəhərləyib, insanları bu işıqlı dünyada yaşamaqdan bezdiriblər.


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin