Şəfəqnur keçmişi haqqında Ziyada heç nə deməmişdi. Ancaq, deyəsən, daha danışmaq istəyirdi. Niyə demək istəyirdi, nə və nələr uzun susqunluqdan sonra onu danışmağa məcbur edirdi, Ziyad orasını biləmmirdi.
***
Kəndin elə gözəl çağlarıydı ki; axşamlar aram-aram narın yağışlar yağırdı. Sabah açılan kimi, həzin küləklər ağ buludları qovub dağların arxasına yollayırdı. Günəş kövrək-kövrək başını uzadıb, kəndə baxırdı. Ağacların, daşların, adamların üstünə şəfəqlərini salırdı. Adam uçub-uçub göylərə yüksəlmək, günəşi qucaqlayıb bağrına basmaq istəyirdi. Axşamüstü yenə günəş gedirdi, buludlar gəlirdi, yenə narın yağışlar yağırdı.
Şəfəqnur heç belə görməmişdi dünyanı. Bir həftə əvvəl onu Məmmədbəy adlı bir cavanla nişanlamışdılar. Məmmədbəyi yaxşı tanımırdı. Bir-iki dəfə onu görmüşdü, ya görməmişdi. Onlar başqa yerdən idilər. Bir dəfə təsadüfən Məmmədbəyin anası Şəfəqnuru görmüş, gedib onun gözəlliyi haqqında Məmmədbəyə demişdi. Məmmədbəy də onların kəndinə gəlmiş, girəvəyə salıb Şəfəqnuru görmüşdü. Evlərinə qayıdıb qımışa-qımışa anasına baxmışdı.
Məmmədbəy bəy nəslindən idi. Babalarının çoxlu mülkləri, otlaq yerləri, qoyun-quzuları, at sürüləri vardı. Özü müəllimlər məktəbini bitirmişdi.
Bu işi çox uzatmadılar. Üzük gətirib Şəfəqnurun barmağına taxdılar. Onu da dedilər ki, uzağı bir aya toyunu edəcəyik. Bəlkə buna görəydi dunyanın belə görsənməyi, işıqlı, nurlu olmağı. Axı bir azdan o, bu başıbəlalı kəndi tərk edəcək, gözəl-gözəl yerlər görəcək, sevginin dadını duyacaq, hələ üstəlik var-dövlətin nə olduğunu da biləcəkdi.
Gözünü açandan bu kənddə qan-qada görmüşdü. Adamlar elə bil bir-birinin qanına susamışdılar. Bu onu, o bunu döyür, məqam tapanda bir-birini öldürməkdən belə çəkinmirdilər. Hamı özünü qeyrətli hesab edir, qeyrətdən danışa-danışa qeyrətsizləşirdilər. Bu başıbəlalı qeyrət üstündə kəndin neçə-neçə igidləri dustaqlarda çürüyürdülər.
Şəfəqnur elə arzulayırdı ki, bu kənddən getməyi. Sanki Tanrı onun bu səssiz arzusunu eşitmişdi. Və Məmmədbəyi onun qismətinə yazmışdı.
Öz kəndlərindən də çoxları ona elçi düşmüşdü. Ancaq hər dəfə bir bəhanə ilə onları qaytarmış, ərə getməyini yubatmışdı.
Heç kimə deyə bilməsə də, onu aparmağa gələndə sevincindən ürəyi köksünə sığmırdı.
Axır ki, çoxdan istəyində olduğu arzusuna çatdı. Doğulduğu, on səkkiz il yaşadığı, amma hər zaman tərk etmək istədiyi kəndlərindən uzaqlaşıb getdi.
İncə, zərif əlini Məmmədbəyin əlinə verdilər. Məmmədbəy onu aldı, quş qanadına götürmüş kimi götürüb apardı.
Məmmədbəygilin kəndində az qaldılar. Onun müəllimlik təyinatını uzaq bir dağ kəndinə vermişdilər. O kəndə yola düşəndə Şəfəqnur arzu edirdi, arzu edirdi ki, o kənd onun yaşadığı kənddən olmasın. Adamlar bir-birini sevsinlər, bir-birinə bağlansınlar, hər zaman məhəbbət yağışında yuyunsun, sevgi küləklərinin tumarını duysunlar.
Ancaq…
İlk günlərdən heç bəyənmədi bu kəndi. Öz doğulduğu kəndə şükür dedi bu kəndin yanında. Ovuc boyda kənddə on, on iki tayfanın adamları yaşayırdı. Deməli, on, on iki maraqlar da üst-üstə düşmürdü, bir-birinə uyğun gəlmirdi.
Hiss olunurdu ki, Məmmədbəygil də kəndin yaşam tərzinə görə on üçüncü tayfa hesab olunurdular. Elə bir xeyir iş olmurdu ki, orada dava düşməsin, qan tökülməsin. Biri o birisinin qızına bir az sıcaq baxdısa, bir cavanın hərəkəti o biri cavanın xoşuna gəlmədisə, əvvəl kobud sözlərlə təhqirlər başlanırdı, sonra qollar, ayaqlar işə düşürdü. Xırda bir dava böyüyüb qazan kimi qaynayırdı. Üç gün, beş gün ötürdü, müvəqqəti sakitlik yaranırdı. Sonra yenə söyüşlər, təhqirlər, yumruqlar, təpiklər...
Şəfəqnur qorxurdu. Qorxusundan kirayə elədikləri evin bir küncünə qısılır, əlləri ilə qulaqlarını qapayırdı.
Bir gün ağır davadan sonra Şəfəqnur dözə bilmədi. Məktəbə gedib Məmmədbəyi tapdı.
- Məmmədbəy, gəl gedək bu kənddən.
- Niyə ki?
- Qorxuram.
- Nədən?
- Qorxuram səni də vurub öldürərlər.
- Kimin mənnən nə işi var, ay qız.
- Gedək, Məmmədbəy, nə olar, çıxaq gedək.
- Evə get. Gələrəm, söhbət edərik.
Məmmədbəy məktəbdən qayıdanda Şəfəqnur ondan yenə əl çəkmədi. Yığıb yol üçün hazırladığı bağlamanı göstərdi.
- Sən nə edirsən, Şəfəqnur?
- Gedək, Məmmədbəy, gedək. Gecələr də qorxumdan yata bilmirəm. Adamlar da belə bir təhərdilər ey, vəhşilərə oxşayırlar.
- Qorxma, əzizim, sənnən, mənnən kimin nə işi var ki?! Onların davası özləriynəndi.
Şəfəqnurun əl çəkmədiyini görəndə Məmmədbəy onu sinəsinə sıxdı, şümal saçlarına sığal çəkdi.
- Darıxma, yaxın günlərdə mənim yerimi dəyişəcəklər. Ola bilsin Bakıya göndərdilər. Onda olarsan şəhərli balası, heç kimdən də qorxun, hürkün olmaz.
- Bakıda adamlar bir-birlərini döymürlər?
- Yəqin ki, yox. Axı orda heç kim bir-birini tanımır. Bir-birini döyənlər doğma adamlardır.
Şəfəqnur day bir söz demədi.
Günlər bir-birini əvəz edir, Məmmədbəy hər gün çıxıb gedəcəklərini deyir, Şəfəqnur darıxa-darıxa o anın çatacağı vaxtı gözləyirdi. Gözləyə-gözləyə, darıxa-darıxa hələ imkan tapıb bu qəliz kənddə özünə dostlar da tapmışdı; Çimnaz xala, Bəsti bacı, Nabat, Sürəyya. Təklikdən üzüləndə həyətə çıxırdı, onlardan birini tapırdı. Söhbətləşir, dərdləşir, həyatlarındakı maraqlı məqamlardan xatirələr danışırdılar. Xatirələr köhnəlmir, axı. İnsanı ömrü boyu izləyir, yaxşı aura yaradır, insanın hər zaman yaddaş məqamında olur.
Məmmədbəy kənddə hər gün hörmətinin üstünə hörmət gətirirdi. Xatirini çox istəyirdilər, məsləhət üçün yanına gəlirdilər. Bəzən yaşlı adamlar belə onunla görüşüb, bəzi məsələlərə aydınlıq gətirməyi özlərinə rəva bilirdilər.
Bəlkə belə deyildi, ancaq Şəfəqnura elə gəlirdi ki, bu dörd-beş ayda kəndin adamları da dəyişmişdilər. Daha heç nəyin üstündə əvvəlki kimi dava salmır, bir-birinin etdiklərini çətinliklə də olsa həzm etməyə çalışırdılar.
Bunu Məmmədbəyə deyəndə Məmmədbəy güldü. Zarafata salıb «bəlkə Tanrı bizi buraya barışıq mələyi göndərib?» - dedi.
Şəfəqnur bu zarafatın içində böyük həqiqətin olduğuna inanmağı gəlirdi.
Və Məmmədbəy dərsdən qayıdıb onun işini başqa kəndə dəyişdiklərini xəbər verdi.
Şəfəqnur Çimnaz xalayla, Bəsti bacıyla, Nabatla, Sürəyyayla vidalaşdı, görüşüb, öpüşüb ayrıldı.
Bu kənd gəldikləri kənddən çox uzaq idi. At arabası ilə bir günə yaxın yol gəlmişdilər. Elə bil, iqlim də başqaydı, adamlar da. Bu kənd o kənddən çox böyük idi. Kəndi dağ çayı iki hissəyə ayırırdı. Yazda sellər-sular aşıb-daşanda, deyirdilər, kəndin bu hissəsindən o hissəsinə keçmək mümkün olmurdu.
Məmmədbəyi rayon maarif şöbəsinə çağırıb bu kənd məktəbinə direktor təyin etdiklərini dedilər. Maarif şöbəsinin ağsaqqal müdiri çal saçlarını əlləri ilə darayıb, sınayıcı nəzərlərlə Məmmədbəyə baxdı.
- Hə, cavan oğlan, mənə de görüm, Sarıqaya məktəbinin direktoru işləyə bilərsənmi?
Məmmədbəy çiyinlərini çəkib, bir söz demədi.
- Deməli, işləyə bilərsən… Get, sənə uğurlar olsun… Ancaq, yadında saxla, bu kənd sən gördüyün kəndlərdən deyil. Çox mürəkkəb kənddir. Bir az özünü yava apardın, adamı divara dırmaşdırarlar.
Maarif müdirinin sözlərini Şəfəqnura deyəndə, gəlin dərindən ah çəkdi. Sonra qəmgin-qəmgin xəyala daldı. Heç bilmədi nəyə görəydi, gəldikləri kəndi elə arzuladı ki...
Bir həftə məktəbdə, gözətçinin otağında yaşadılar. Sonra məktəbin yanında üçgözlü otaqda yerləşdirdilər.
Bura Nargilə xalanın eviydi. Əri müharibədə həlak olmuşdu. Bir qızı vardı, o da başqa kəndə ərə getmişdi. Bir-birlərini çox az-az görürdülər. Kürəkəninin xasiyyəti ağır olduğundan qızı anasının yanına gətirmirdi. Ana da hərdənbir, lap ürəyi darıxanda qızıgilə gedir, qızını, nəvələrini görüb, tez də geri qayıdırdı.
Çox xanım-xatun, işini-gücünü bilən, adam yeri tanıyan bir qadın idi Nargilə xala. Elə ilk günlərdən Şəfəqnur ona öyrəşdi, mehrini, məhəbbətini bu qadına saldı. Qadın öz taleyi haqqında məlumat verəndən sonra kəndə keçdi. Dedi, kəndimiz yaxşı kənddi, amma… Bu ammalar kəndin mənzərəsini, adamların xarakterini az-çox Şəfəqnura anlatdı.
Bu dağ kəndinin dağ kimi sərt qanunları vardı. İki yerə parçalanmış kəndin hər tayında özünəməxsus adət-ənənələr hökm sürürdü. Bu adət-ənənələrdəki bəzi uyğunsuzluqlar adamların bir-birinə olan mehr-məhəbbətinə qaranlıq bir kölgə salırdı. Yaşlı adamların dediyinə görə, bu kəndin hər tayına başqa-başqa yerlərin adamları köçmüşdülər. Əvvəllər bu kənd bir bəyin örüş yeri olubmuş. Bəy öləndən sonra örüş yeri dağılmış, adamlar bu yerlərə köçərək, özlərinə məskən salmışdılar.
Bu kənddən bir az aşağıda Çobanoba adında bir kənd var imiş. Və bu kəndin adamları ilə Çobanoba kəndinin adamları bir-biriylə düz gəlmirmişlər. Gündə davalar, şavalar, qırğınlar… Polis də buraları öz cilovunda saxlaya bilmirmiş. Bunların davasını ayırmaq üçün gələn polislərə də hücum çəkir, bəzən polislərə silah da qaldırırdılar. Axırıncı davada üç polis nəfərini vurub öldürmüşdülər. İşin qəlizliyini görən yuxarı dairələr Çobanoba kəndini bularalardan köçürmüş, adamların başqa yerdə yurd yeri salmalarına məcbur olmuşdular.
Çobanobanın yerində ruslar hərbi hissə yerləşdirdilər. Burada olan silah-sursat anbarını mühafizə etmək üçün xeyli əsgər gətirmişdilər. Əsgərlər silah-sursatı qoruyurdular, vaxt tapanda isə başqa işlərə girişirdilər. Ətraf kəndlərdən qoyun-quzu, toyuq-cücə, hətta, at oğurlayır, cavan qızlara, gəlinlərə sataşırdılar. Üç-dörd qızı gecəynən oğurlayıb aparmışdılar, təcavüz eləmiş, bəkarətlərini pozmuş, sonra qaytarıb gətirmişdilər. Rus dilində kobud-kobud söyərək, qızların valideynlərinə xəbərdarlıq eləmişdilər, demişdilər ki, bu işi bir kimsə bilsə gəlib özünüzü də… Bunun dərdindən ata-analar səslərini çıxara bilmir, böyük dərdin içində yanıb-yanıb külə dönürdülər.
Ancaq bir günləri zorlanmış qızın atası dözə bilmədi. Balta götürüb hərbi hissənin kənarına getdi, iki zabiti doğrayıb, yan-yana yığdı. Tutub kişini apardılar. Və bir daha geri qaytarmadılar. Ancaq bundan sonra qudurmuş əsgərlər əl-ayaqlarını bir az yığışdırdılar. İndi də hərbi hissə və silah-sursat anbarı yerindəydi. Orada hökmranlıq edən rus əsgərləri də. Və Şəfəqnur hər dəfə o kənddən keçib gedəndə qorxurdu. Qorxusundan gözlərini qapamaq istəyirdi.
Çobanobanın adamları köçəndən sonra, bir müddət Sarıqayanın sakinləri darıxdılar. Keçən günlərin həsrətini çəkdilər. Onsuz da yola getməyən o tayın, bu tayın sakinləri əllərinə daha yekə daşlar götürdülər, bıçaqlarını itilədilər. İndi qan görmək üçün Çobanobaya getmək lazım deyildi, elə burada o taylı bu taylının, bu taylı o taylının qanını axıdır, bundan ləzzət alır, uzaq rus çöllərinə sürgün olunsalar da, yenə əməllərindən qalmırdılar.
Nargilə xala vaxt tapanda Şəfəqnuru kəndə çıxarırdı. Kəndin dağları, dərələri, zəmiləri, bulaqları, adamları ilə tanış edirdi.
- Bax, o şiş qayalı dağ var ha, o qayanın adına Qızyeyən deyərlər. Ona görə ki, kəndin neçə qız-gəlini ot-alaf yığmağa gedəndə o qayadan aşağı uçmuşdu… O gördüyün Dişdonduran bulağıdır. Yayın qızmarında belə bu bulağın suyundan bir ovuc içə bilməzsən, dilin ağzında donar. Ona Laləli dağ deyərlər. O dağın dalında bir yeddibaşlı əjdaha yaşayır. Kim ki, səhvini, günahını qandı, o əjdaha gələr, onu aparıb yeyər.
- Bir kimsəni o əjdaha yeyibmi, Nargilə xala?
- Yox, bala, hələ indiyəcən eşitməmişəm ki, o əjdaha gəlib kimisə aparsın…
Palçıqdan hörülmüş alçaq divardan boylanıb həyətə baxırdılar. Baxırdılar ki, Şəfəqnuru görsünlər, tanısınlar, bilsinlər necə adamdır, qəşəngdir, pisdir, məktəb direktorunun adına layiq qadındır, yoxsa… Onu bəyənənlər də olurdu, bəyənməyənlər də. Bəyənməyənlər beyirdilər ki, heç Məmmədbəy müəllimə yaraşan deyil. Burnu belə, qaşı belə, gözü belə… O biri qütbdə dayananlar isə başqa fikir söyləyirdilər. Deyirdilər, niyə ki, gül kimi xanımdır, əsl direktora yaraşan qadındır.
Onu bəyənən adamlar yavaş-yavaş Nargilə xalanın həyətinə yanaşır, bir söz soruşur, min bir bəhanəylə Şəfəqnura yaxınlaşmağa, onunla təmas qurmağa çalışırdılar.
Üç-dörd ay keçmədən kənddə Şəfəqnurun o qədər dostları oldu ki. Qocası da, cavanı da, uşağı da… Bir fikiri, bir kədəri, bir sevinci olan Şəfəqnurun yanına qaçırdı.
- Şəfəqnur bacı, atam heç nəyi anlamaq istəmir. Elə hey deyir, səni alverçi Kazıma verəcəyəm. Mən alverçini neynirəm, axı?!...
- Bacım bizə gələndə evə qovğa düşür. Kişi deyir ki, iti görüm, qurdu görüm, sənin bacını görməyim. Bacıma deyəmmərəm ki, bizə gəlmə…
- Ərim evə hirsli gəlir. Şübhəyə düşürəm, deyirəm bəlkə, Allah eləməsin, hardasa saxlaması var?..
- Şəfəqnur xanım, vallah, bilmirəm necə deyim, ərim oğlan uşağı istəyir, mən də nə doğuram qız gəlir. Qorxuram ərimin gözündən düşəm. Bunun olmaması üçün nə edim görəsən?..
Şəfəqnur hərəni bir dillə yola salırdı. Hər kəsə bir məsləhət verə-verə özü də öyrənirdi. Bu müddətdə yaxşı qayğanaq, şəkərbura, paxlava bişirməyin qaydasını bilmişdi. Təzə qoyun ətiylə başqa qaydada küftə bişirməyin üsulunu da öyrənmişdi.
Məmmədbəy də qısa müddətdə sarıqayalıların rəğbətini qazanmışdı. Kənd camaatını savadsızlığın məngənəsindən qurtarmaq üçün gecə kursları təşkil etməsi ona olan inamı bir az da artırmışdı.
Kənddə savadsız adamlar çox idi. Zülmət qaranlığa düşüb yolunu, izini itirən adamlar kimi bunlar da hardan gəlib, hara gedəcəklərini bilmirdilər. Başqa diyarlarda kosmosdan, göydən, asimandan danışarkən, bu zavalı adamların yerdən xəbərsiz olmaları Məmmədbəyə çox pis təsir edirdi. Nadanlıq, cahillik girdabında üzən bəndələrin danışıqlarından, düşüncələrindən kəf qoxusunun gəlməyi onu üzür, rahatığını, dincliyini əlindən alırdı. Axı bunların da oxumaq, öyrənmək, bilmək haqları vardı. Niyə uzaq diyarda yaşayan birisi bu adamlara yuxarıdan aşağı baxmalıydı? Niyə onu lağa qoymalı, gülməli, istehza etməliydi?
Gecə kurslarında qadınların da ayrıca otaqlarda təhsil almalarını təklif edəndə əvvəl oxla, nizəylə qarşılandı onun sözləri. Hələ qabağa çıxıb ona yumruq göstərənlər də oldu!
- Sən razı olarsan, arvadın getsin?
Biz bu biqeyrətsizliyi götürə bilmərik.
Məmməbəy bir az qabağa yeriyib, ona yumruq göstərənlərin yanında dayandı.
- Burada heç bir biqeyrətlik yoxdur. Qadının da oxumağa, dünyagörüşünü artırmağa mənəvi haqqı çatır… Heç narahat olmayın, mənim xanımım lap ön cərgələrdə oturacaq.
Belə də oldu. Axşam kurslarında oxuyan qadınlar arasında Şəfəqnur öndə gedirdi. Bu onun özünə də olmazın mənəvi zövq verirdi. Orta məktəbi yaxşı oxumuşdu, axı. Ali təhsil almağı da arzulayırdı. Ancaq bu arzunun əlçatmaz olduğunu düşünür, gözəl xəyallar qurub, bu xəyal şəfəqlərinin işığında yuyunurdu. İndi bu işığın şöləsi çoxalmışdı elə bil. Məmmədbəy də o şöləyə əlavə nur çiləyirdi. Deyirdi, oxu, öyrən, savadını artır, imkan düşən kimi sənin ali təhsil almağına şərait yaradacağam.
Elə həvəslə bilmədiklərini öyrənirdi ki. Sanki balığı sudan ayırmış, yarıcan edəndən sonra yenə suya buraxmışdılar.
Axşamın gəlməyini intizarla gözləyirdi. Kitablarını, dəftərlərini qoltuğuna vurub yoldaşlarını yığa-yığa məktəbə üz tuturdu.
Yoldaşları deyəndə ki, onların arasında hər yaşda qadınlar vardı; iyirmi beş yaşında, qırx yaşında, əlli yaşında… Ən cavanı Şəfəqnurun özü olsa da, bu qadınlara başçılığı da özü edirdi. Ona görə yox ki, direktorun arvadıydı, ona görə ki, bunların arasında ən savadlısı elə Şəfəqnur idi.
Axşam saat onda, on birdə evə qayıdırdılar.
Gecənin gəlib çatmasını da bir gənc qadın həsrətiylə gözləyirdi. Son günlər özündə bəzi dəyişikliklər hiss edirdi. Ürəyi tez-tez bulanır, yeməyin qoxusundan qaçırdı. Ürəyinə dammışdı ki…
Əri saçlarına sığal çəkir, arabir xırda-xırda öpürdü.
- Şəfəq, qadınlar mənim arxamca çox danışırlar?
- Nəyə görə?
- Axı axşam vaxtı onları evlərindən, eşiklərindən, iş-güclərindən aralı salıram.
- Yox, dalınca danışmırlar, əksinə, onlar səni çox istəyirlər… Ancaq mən səndən küsmüşəm.
- Niyə ki?
- Camaatın içində mənə elə sual verirsən ki, çaş-baş qalıram. O verdiyin sualın cavabı mən oxuduğum kitablarda var ki?
- Axtarsan taparsan, əzizim. Təəssüf ki, biz az oxuyuruq, az öyrənirik. Bir də baxıb görürük ki, karvan gedib, sarvan qalıb başına döyə-döyə.
- Nə demək istəyirsən? – Şəfəqnur Məmmədbəyin qolları arasından çıxıb yanı üstə çevrildi, - yəni mən savadsızam?
- Yox, Şəfəq, sən bunların hamısından savadlısan. Amma yenə də oxumalısan, zəhmət çəkməlisən, savadını artırmalısan. Biz belə etməsək, tarix qarşısında günahkar olarıq. Bir alman filosofu deyirdi ki…
- Danışma.
Məmmədbəy anlayırdı ki, Şəfəqnur əzizlənmək istəyir. Buna öyrənmişdi. Evləndikləri vaxtdan hər gecə Məmmədbəyin xoş sözləri, isti təması ilə sığallanmış, elə nazlana-nazlana da yuxuya getmişdi.
Məmmədbəy onu özünə tərəf çevirdi. Öpdü. Asta-asta əl-qoluna sığal çəkib, əlini onun sinəsində gəzdirdi. Sonra yavaş-yavaş əlini sürüşdürüb sinəsindən aşağıya apardı. Göbəyinin üstünə çatanda Şəfəqnur onun əlini öz əliylə saxladı. Əlinə tumar çəkdi, zorla eşidiləcək səslə pıçıldadı:
- Bilirsən orada nə var?
Məmmədbəy diksinən kimi oldu. Alaqaranlıqda Şəfəqnurun gözlərini görməyə çalışdı.
- Uşağımız olacaq, Məmmədbəy.
Məmmədbəy Şəfəqnurun qarnını başdan-ayağa sığalladı. Onu ehtiraslı öpüşlərə qərq elədi. Sonra yenə başını balıncına qoyub xəyallara daldı.
- Şəfəq, oğlumuz olsa, bilirsən adını nə qoyacağam?
- Nə?
- Duruqan.
- Nə, Duruqan?.. Yox bir Atilla.
Şəfəqnur yenə nazlandı. Başını Məmmədbəyin sinəsinə qoydu.
- Adların da böyük sehri var, Şəfəq. Uşağın adını Kolxoz qoyanda, böyüyüb yəqin ki, kolxozçu olacaq. Və yaxud, Kommunal, Vladlen, Ərəfə... Bu adlarla böyüyən uşaqlar sabah adam arasına necə çıxacaqlar? Belə ad sahiblərinin əsl vətəndaş olmalarına da mənim şübhəm var.
- Onda Allah sənin Duruqanını xoşqədəm eləsin…
Bu addan Məmmədbəyin çoxdan xoşu gəlirdi. Ona elə gəlirdi ki, bu adı daşıyan insan sabah korlana bilməz, qanı hər zaman duru qalar. Qanın korlanmağından, başqa qanlarla qarışmasından yaman qorxurdu. Bir də gələcək övladının yüksək təhsilə sahib olmasını istəyirdi. Təhsil almayan insanlara elə yazığı gəlirdi ki. Elə bilirdi ki, belə adamlar gözləri bağlanmış, ancaq hey irəli qovulan və dürüst yolunu tapa bilməyən zavalı məxluqlardır. Belə məxluq olmağı heç kəsə arzulamırdı. Çox vaxt bu yöndə dostları, tanışları ilə mübahisəsi də düşürdü. Savadsız tanışları savadsızlığın da bir elm olduğunu ciddi-cəhdlə ona inandırmağa çalışırdılar. Hələ İslam dininin banisi Məhəmməd peyğəmbəri də sitat gətirirdilər. Deyirdilər, həzrəti Məhəmmədin elmi olmuşdu, o ali təhsil almışdı, hansısa universitet bitirmişdi? Dağda qoyun otara-otara, ticarətlə məşğul ola-ola peyğəmbər dünyanın altını da bilirdi, üstünü də.
Məmmədbəy onlarla razılaşa bilmir, təkidlə öz dediklərinin müdafiəsinə qalxır, misallar gətirərək elmin insana çox lazım olduğunu deməkdən usanmırdı. Peyğəmbər söhbətinə gəlincə isə, o, bu varlığın fövqəlbəşər, Allahın elçisi olduğunu deyirdi. Onun göstərdiyi möcüzələrin də Tanrı tərəfindən gəldiyini adamlara başa salmağa çalışırdı.
Axşam kursuna gələn adamların arasında başdan-ayağa kəmsavad olanları görəndə Məmmədbəyin ürəyi ağrıyırdı. Onlara həm yazığı gəlirdi, həm də qəlbinin pünhan yerində onlara qarşı mərhəmət hissi yaranırdı. İstəyirdi onların könlünün kor qalmış gözləri açılsın, dünyanı görə bilsinlər, həyata baxmağı bacarsınlar.
Beləcə, həm də gözəl xəyallar qururdu. Bu xəyallar şirin nağıllara da bənzəyirdi. Göydən üç alma düşməyən nağıllarda onun öyrətdikləri, elə başqalarının da təhsil verdikləri adamlar əl-ələ verərək dünyanı dolaşır, hamını dostluğa, əmin-amanlığa, qardaşlığa səsləyir, bərbad dünyanı abad edirdilər.
Məmmədbəyin hələ kənddə çox işləri vardı. Adamlara təhsil vermək, maarifləndirmək bir yana, kəndin iki tayı arasında körpü qurmaq keçirdi xəyalından. Bu körpü daşdan, dəmirdən olmaqla yanaşı, həm də mənəvi körpü olmalıydı. Adamlar başa düşməliydilər.
Ancaq…
İşin isti çağında Bakıdan teleqram gəldi. Onu Bakıya çağırırdılar.
Ər-arvad yol üçün tədarükə başlayanda içəriyə təngənəfəs bir qız uşağı daxil oldu. Pırtlaşıq saçlarını əlləri ilə yana çəkən qız heyrətlə Şəfəqnurun üzünə baxdı.
- Şəfəqnur bacı, bilirsən nə olub?
- Bir özünü ələ al, de görüm, nə baş verib?
- Yeddibaşlı əjdaha bir nəfəri yeyib.
Şəfəqnurun rəngi bir anda qaçdı. Qızın çiyinlərindən tutub, gözlərinə baxdı.
- Kim idi o elə?
- Qızıldiş Səməndərin oğlu.
- Ağlı yerindəydi biçarənin?
- Yox, dəlilik kağızı vermişdilər ona.
Şəfəqnur bir söz demədi. Qızı qucaqlayıb sinəsinə sıxdı.
***
Bu şəhəri birinci dəfəydi görürdü. Ancaq ona elə gəlirdi ki, yuxularında bu şəhəri çox görüb. Yuxularında gördüyü şəhər bu şəhərə oxşayırdı görəsən? Yox, Şəfəqnurun yuxularının şəhəri başqa, bambaşqaydı. Orada adamlar daha istiqanlı, daha mehriban idilər. Burada isə… Hamı laqeyd-laqeyd ötüb keçir, adamın üzünə də baxmırdılar. Elə bil hamını don vurmuşdu. Heç kəsin başqasının dərdiylə, kədəriylə işi yox idi. Maşınlar da adamlar kimi biganə-biganə ötüşürdülər. Şəfəqnura elə gəlirdi ki, bu adamlar bu planetin sakinləri deyillər, tamam başqa, yad kainatlardan gəlmişdilər. Belə olmasaydı bu adamlardan heç olmasa birini tanıyardı axı; üzündən, gözündən, baxışından, duruşundan. Ancaq heç kəsi tanımırdı. Buna görə qorxurdu, darıxırdı, Məmmədbəyin sinəsinə qısılıb asta səslə ona yalvarırdı.
- Nə olar, Məmmədbəy, gedək.
- Hara gedək, əzizim?
- Qayıdaq Sarıqayaya. Burada ürəyim sıxılır.
- Yəqin sarıqayalıların dava-şavası üçün darıxmısan?
- Hə, Məmmədbəy, hə, o kəndin hər şeyi üçün darıxmışam. Adamları, ağacları, daşları… O yerlərdə daşlar da dil açıb adamlar kimi danışır. Burada isə… adamlar da daşa dönüblər.
Məmmədbəy bilirdi ki, ilk günlər Şəfəqnur buralarda darıxacaq, öyrəşə bilməyəcək.
- Bir azca səbr elə, Şəfəqnur, sonra heç yana getmək istəməyəcəksən. Bu şəhər elə vəhşi əjdahadır ki, tutduğunu buraxmır. Elə udur, udur, heç doydum da demir.
- Yox, mən öyrənə bilmərəm bu yerlərə. Havası da başqadı, qoxusu da.
- Yaxşı, canım, bir az səbrini bas, dözə bilməsən qayıdarıq Sarıqayaya.
Əslinə qalanda Məmmədbəyə də bu şəhər yad, ögey bir yer kimi görünürdü. Beş il ali təhsil aldığı müddətdə də burada o qədər istəklə, könül bağlılığı ilə qala bilmirdi. Ən çox da bu şəhərin adamları uzaqdan gəlmişlər kimi görünürdü. Ancaq dənizi, bir də bu şəhərin küləyini çox sevirdi. Bəlkə elə onu buralarda saxlayan əsas qüvvə də dəniz, bir də aramsız küləklər idi? Xəzri küləyi sıx saçlarını şümal əlləriylə darayanda elə xoşbəxt anlar keçirirdi ki. Bu küləyin qanadından tutub göylərə ucalmaq, asimana çatmaq, al şəfəqlərin qoynunda yuyunub-yuyunub bəxtəvərlik məqamına qovuşmaq istəyirdi.
Şəfəqnuru narahat edən təkcə yad şəhərin yad adamları deyildi. Düzdü, o, Sarıqaya üçün darıxırdı. Az müddətdə o yerlərə çox öyrənmişdi. Dəlisov kəndin bir az sakit, bir az fırtınalı təbiəti də, dəlisov adamların hərdən çılğın, hərdən həlim xasiyyətlərinə də öyrənmişdi və ona elə gəlirdi ki, bu kənddə qısa zaman kəsiyində yox, uzun, çox uzun illər yaşamışdı.
Onu narahat edən başqa səbəb sağlamlığı ilə bağlı idi. Nə özü, nə həkimlər səbəbini tapa bilmirdilər. Ancaq artıq ikinci uşaq idi ki, bətnində üç aylığa çatmamış tələf olurdu. Həkimlər cürbəcür dərmanlar yazırdılar, iynələr vururdular, yenə xeyri olmurdu. Və yaxşı bilən həkimlərdən biri həyəcan təbili də çalmışdı. Deyirdi, səbəbini tapa bilməsək və ölüm mənbəyini məhv etməsək, uşaqlarının heç biri qalmayacaq. Həkimin bu sözlərindən sonra onun narahatlığı daha da artmışdı. Məmmədbəyə deməsə də, Məmmədbəy bilirdi, bilirdi ki, Şəfəqnur evdə tək olanda ağlayır, üzüntülü anlar keçirir. Bunu Şəfəqnurun gözlərindən oxuyurdu. Gecələr onu qoynuna alır, sakitləşdirir, əzizləyir, oxşayırdı.
- Şəfəq, mən işdə rahat ola bilmirəm. Elə bilirəm, evdə tək qalanda çox sıxılırsan. Uşağa görə özünü çox üzmə. Hər kəsin öz qismət payı var və o paydan artığını yeyə bilməz… Bir azdan ali məktəbə daxil olacaqsan, oxuyacaqsan, yeni-yeni insanlarla tanış olacaqsan. Özün üçün gözəl, əsrarəngiz bir həyat quracaqsan. Əlbəttə ki, mənimlə bir yerdə. Nə sənin mənsiz, nə mənim sənsiz bir dəqiqəmiz, bir anımız olmayacaq, Şəfəqnur.
Belə anlarda Şəfəqnur bir uşaq şıltaqlığı ilə yataqda Məmmədbəyi qucaqlayır, sinəsinə qısılır, onun qolları arasında nazlanmaqdan həzz alır, gecə yarıya qədər, yorulub əldən düşənə kimi onunla əylənməkdən yorulmurdu.
Dostları ilə paylaş: |