Roman Əməlləri ilə qiyamət gününü yaxınlaşdıranlar bu dünyanın ən bədbəxt məxluqlarıdırlar



Yüklə 1.76 Mb.
səhifə3/13
tarix03.02.2017
ölçüsü1.76 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13

Görəsən, anam niyə belə dedi? Bəlkə onun anasıyla arası yoxdu? Bəlkə yaxşı ailə deyillər? Axı, uşaqlar da onun haqqında qeyri-müəyyən fikirlər söylədilər. Bəs onun deyiklisi kimdir? Ancaq hər nə düşünürsə-düşünsün, özünə nə qədər suallar verirsə-versin, axırda onu qoynunda görürdü, qatara mindirirdi, Bakıya aparırdı.

Sabah tezdən yenə özünü Xurmalı dağın ətəyinə vermişdi. Neçə gün idi buranı özünə məskən seçmişdi. Buradan Nazəningilin evləri görsənirdi. Həsrətlə qızın evdən bayıra çıxmasını gözləyir, onu görməyincə evlərinə qayıtmırdı.

Məqam tapıb öyrənmişdi, qızın deyiklisi yox idi. Bundan sonra ona olan istəyi daha da artmış, ürəyi sevgi atəşinə qərq olmuşdu. Əvvəllər belə şeylərə gülməyi gələrdi. İndi özü o dərdə mübtəla olmuşdu. Xəyalından bir an da onu çıxara bilmirdi.

O anı gözləyirdi…

Və…


Günlərin birində qızın qarşısında dayandı.

- Salam.


Qız əyri-əyri baxıb, uzaqlaşmaq istədi.

Yenə qarşısını kəsdi.

- Bura sənə Bakı deyil, yan dur. Görərlər, biabır olaram.

- Qorxma, səni biabır eləmərəm.

- Bilmək olmaz. Hər gün Xurmalının döşündə dayanıb, bizim evə baxırsan. Qardaşım bilsə, səni öldürər…

Ziyad özünü ələ alıb, tələsə-tələsə sözlərini deməyə çalışırdı.

- Niyə, sizin kənddə sevənləri öldürürlər?

- Nə demək istəyirsən?

- Sevirəm səni, Nazənin.

- Nə?


- Bu haqda düşün. Bir qərara gəlsən, iki-üç gün ərzində mənə zəng elə. Axşamüstülər telefonun yanında oturacağam.

Elə həmin gün axşamçağı zəng gəldi. Ziyad tələsik dəstəyi götürdü, onun pıçıltılı səsini eşidəndə az qala ürəyi yerindən qopdu. Qız əvvəl bir az naz elədi, dedi, oxuyacam. Sonra yumşaldı. Yavaş-yavaş əriyib muma döndü.

Kənd artıq onları işindən xəbər tutmuşdu. Pıçhapıçla bir-birinə Mürşüdün oğlu ilə Qəribin qızının sevgisindən danışırdılar. Deyirdilər, məktəbin arxasındakı bağda tez-tez görüşürlər. Deyirdilər... Hətta, Nazəninin Ziyada öpüş verdiyini də görmüşdülər.

Çox şeylər deyirdilər, çox şeylər danışırdılar…

Xəbər gəlib Ziyadın anasına da çatdı. Arvad Ziyadı bir qırağa çəkib, məsələnin nə yerdə olduğunu öyrənmək istədi.

- Ziyad, görüşmüsən Qəribin qızıynan?

Ziyad dinmədi.

- Bütün kənd danışır. Utanmırsan bəs? Adam kəndin qızına sataşmaz.

- Mən sataşmıram.

- Bəs neyləyirsən?

- İstəyirəm onu.

- Başıma xeyir... Əyninə şalvar ala bilmirsən, qız istəyirsən?.. Bir də ki, oğul, sənə dedim axı, onlar bizə bab adam deyillər.

Ziyad heç nə demədi.

Yerin də qulağı vardı, elə bil, dediyi sözlər gedib Nazəninin anasının qulağına çatmışdı. Bir-iki gün nə görüşdükləri yerə gəldi, nə telefon zənglərinə cavab verdi.

Ziyad da anasından incimişdi, onunla qaş-qabaqlı davranırdı.

Sonra Ziyadın Nazəninlə münasibətləri qaydasına düşdü. Yenə görüşlər, yenə telefon danışıqları… Ancaq anası, həm də atasıyla arası Bakıya qayıdana qədər soyuq qaldı.

Bakıda bir dəfə təsadüfən yenə Nigarla üz-üzə gəldi. Nigar üzr istədi, o oğlanla bütün telləri qırdığını dilə gətirdi, Ziyadı bir an da yadından çıxara bilmədiyini dedi. Sonra ağladı. Qəşəng gözlərini ağ yaylığı ilə silib, imdad diləyən baxışlarla Ziyada baxdı.

Amma, artıq gec idi. Ziyadın Nigara olan sevgi qatarı çıxıb getmişdi. İndi Ziyadın qəlbində ancaq bir qızın, Nazəninin sevgisi vardı.

Ona həftədə, on gündə bir uzun-uzadı sevgi məktubları yollayırdı. Arabir telefonda da danışırdılar. Nazənin elə sevgi dolu sözlər, ifadələr işlədirdi ki, Ziyadın qəlbi riqqətə gəlirdi. Və Ziyad tətilin gəlməsini elə həsrətlə gözləyirdi ki…

Qaradaşlıda yenə aləm bir-birinə qarışmışdı. Faxralı tayfası ilə Atlılar tayfası arasında çaxnaşma düşmüşdü. Bu düşmənçiliyin kökü lap keçmişlərdən gəlirdi. Deyilənə görə, neçə on illər bundan qabaq faxralılar atlılardan qız qaçırmışdılar. Bunun üstündə iki tayfa arasında qan su yerinə axmışdı. Bir-birlərinin igidlərini vurub öldürmüşdülər, bir-birlərinin namusuna sataşmışdılar, yenə də ürəkləri soyumamışdı. Sonralar bir-birinə qız verib, qız alsalar da, qohumluq əlaqələri qursalar da, düşmənçilik hissi ürəklərdən getməmişdi. Yeri gələndə yenə bir-birinə badalaq vurur, quyu qazır, pisliklər etməkdən çəkinmirdilər.

Belə düşmən tayfalar kənddə təkcə bunlar deyildi. Aynalılarla İlantutanlar, Dəmirçioğulları ilə Sübhalılar arasında da dədə-baba düşmənçiliyi hökm sürürdü. Xırda otlaq yeri üstündə, bir qoyuna, bir quzuya görə bir-birinə əl qaldırır, keçmişdə olanları yada salır, bir-birinin başına olmazın müsibətlər gətirirdilər.

Bu dəfə dava su üstündə düşmüşdü. Faxralı tayfasından olan adamın suyunu Atlılar tayfasından olan adam kəsmişdi. Bunun üstündə beyinlər yenə qızmış, kişilər-kişilərə, qadınlar-qadınlara qarışmışdı. Qan da tökülmüşdü. Polis xəbər tutub kəndə gəlmişdi. Ancaq hər iki tayfanın igidlərini aradan götürmüş, aparıb dağların arasında gizlətmişdilər. İndi səs-küy salan qadınlar idi. Bir-birinə elə qarğışlar tökürdülər ki, eşidənlərin qulaqları qabarırdı.

- İgidləriniz toy gərdəyi görməsin...

- Üzünüz qara gəlsin...

- Qapınızda bayquşlar ulasın…

- Toyunuz yasa dönsün…

Ziyadla Nazənin bütün bunları eşidirdilər. Axı oturduqları yer, pünhan görüş yerləri kənddən bir az hündürdə idi. Ancaq onlar heç nəyə fikir vermir, şirin-şirin söhbətləşib, bir-birinin gözlərinə baxırdılar.

- Ziyad, xəbərin var ki, biz də düşmənik?

- Niyə?

- Ona görə ki, bizim bir tərəfimiz Faxralılara gedib çıxır, siz isə Atlılardansınız.



- Mən bilmirəm.

- Mən isə bilirəm, hamısını öyrənmişəm.

- Yaxşı dedin, onda gəl səni öldürüm.

Ziyad astaca iki əli ilə Nazəninin boğazından tutdu. Qız yalandan dilini çıxarıb, astadan qışqırdı. Ziyad bu vəziyyətdən ləzzət alıb qızı sinəsinə sıxdı. Sonra qızı özündən aralayıb, duyğulu-duyğulu onun gözlərinə baxdı.

- Mən belə şeylərə nifrət edirəm, Nazənin. Bu nə biabırçılıq idi? Hamı bir-birinə qarışır, bir-birini daş atəşinə tutur, doğmasının, yaxınının başını yarır... Belə şeylər bizim eramızdan əvvəl baş verib. Ərazi uğrunda, ərzaq naminə beyni küt tayfalar əl qaldırıblar bir-birinə… İndi iyirminci əsrdir, insan kosmosa yol açır, zəkalar itiləşir, hamı bir-birini başa düşməyə çalışır. Sivilizasiyanın yolu budur, Nazənin.

- Sağ ol, Ziyad, sən əməlli-başlı oxuyub adam olmusan.

- Adam deyildim ki?

- Yox, vallah, belə bilmirdim səni. Atan, anan, kim yox deyir-desin, səni əlimdən buraxan deyiləm.

Nazənin qəşəng-qəşəng gülüb başını Ziyadın sinəsinə qoydu…

Bu yayı da beləcə yola saldılar. Nə atası dindi, nə anası. Anası hərdən söz atdı, «sənə xalamın nəvəsini alacağam» - dedi, sonra sınayıcı nəzərlərlə Ziyada baxdı, vəssalam.

Hətta bir-iki dəfə xalasının nəvəsini evə də çağırdı, Ziyada göstərmək istədi. Ancaq Ziyadın ürəyində təkcə bir qızın adı vardı. Dünyada olan bütün qızlar onun üçün elə-belə qızlar idi. Nə gözəllikləri sevdiyi qıza çatardı, nə danışıqları, nə baxışları…

Növbəti tətil üçün kəndə gələndə uzaq bir kəndə nişanlı olan bacısı Səmayə ilə ciddi danışdı. Dedi, atama da de, anama da, mən Nazənini alacağam. Bacısı da etiraz etməyə çalışdı. Amma qardaşının qırımını görüb daha dinmədi. Qardaşının sözlərini ata-anasına çatdırdı. Atası çox qayğılandı, bir arvadına, bir Səmayəyə baxdı. Və o biri otağa keçib qapını örtdü, telefonda kiminləsə uzun-uzadı danışdı. Arvadını yanına çağırdı.

- Axşam qohumlar gələcək, bir az hazırlıq görün.

Nadirənin əli iş tutmasa da, qızı ilə köməkləşib axşama tədarük gördü.

Qohumlar bu izdivaca nə deyəsiydilər ki; oğlan razı, qız razı. Onların danışmaqları işi dəyişməyəcəkdi. Olsa-olsa, bir söz deyənlər Ziyadın könlünü bulandıracaqdılar, Ziyadın nəzərində dünyanın ən pis adamı olacaqdılar.

Aparıb qızın barmağına bir üzük taxdılar…

Ali təhsilini bitirəndən bir il sonra mağar qurub, toy çaldırdılar. Nazənini Ziyada gəlin gətirdilər. Atası xeyir-dua verdi, anası oğul-qız dilədi, Səmayə qardaşını bağrına basıb təbrik elədi.

Bir müddət keçdi. Teleqram vurub, Ziyadı Bakıya çağırdılar. Hələ kirayə ev tutmadığı üçün bu dəfə Nazənini evdə qoyub getdi. Onun bir də kəndə qayıtmağı yeddi-səkkiz ay çəkdi. Bakıda kirayə ev tutmuşdu. Nazənini götürüb gedəcəkdi. Ancaq bir aylığa öz hesabından məzuniyyət götürmüşdü. Axı bir-iki həftəyə bacısını aparacaqdılar. Həm o xeyir işi yola verməliydi, həm də kəndi doyunca gəzib-dolanmalıydı.

Çınqıllı məhəlləsinə ağsaqqallar məhəlləsi də deyirdilər. Nəyə görəydisə həmişə bu məhəllədə ağsaqqallar çoxluq təşkil edərdi. Kənd üçün bir vacib məsələ olanda bu məhəlləyə üz tutardılar. Bir-iki ağsaqqal götürüb kənd meydanına gətirər, məsələdən onları hali edər, işi yoluna qoymaq üçün onlardan imdad diləyərdilər. Ən çox da tayfalar arasında söz-söhbət olanda ağsaqqallara ehtiyac duyulardı. Ağsaqqallar bığlarına tumar çəkib düşünərdilər. Sonra bir qərara gəlib narazı tərəfləri yanlarına çağırardılar. Çalışardılar ki, səs-küy olmasın, tərəflər bir-birini təhqir eləməsinlər. Məsələ həllini tapandan sonra ağsaqqallar yenə ocaqlarına çəkilərdilər. Hərdən kənd meydanına çıxıb görsənər, varlıqlarını adamların yadlarına salardılar. Keçmişdə də belə olmuşdu, indi də beləydi. Qəribəydi ki, o ağır oturub, batman gələn ağsaqqalların kimliyi yada düşməzdi, hansı tayfadan olduqları bilinməzdi. Ancaq Ziyada elə gəlirdi ki, nə kənd əvvəlki kənddir, nə ağsaqqallar əvvəlki ağsaqqallardı. Heç Çınqıllıda o qədər ağsaqqal da gözə dəymirdi. Bu məhəllə gözə gəlmişdi, nəydi, məhəllənin kişiləri niyə ağsaqqal ola bilmirdilər, niyə sözləri əvvəlki kimi keçmirdi, niyə meydanı ağbirçəklərə vermişdilər? Bu suallara Ziyad cavab tapa bilmirdi. Düşündüklərini bir kimsəyə də deyəmmirdi. Elə bilirdi desə onu başa düşməzlər, qəbul eləməzlər, məsxərəyə qoyub gülərlər.

Kəndin bu tərəfinə əvvəllərdən «erməni məhəlləsi» deyərdilər. Bunun səbəbini çoxlarından soruşmuşdu. Bir qaneedici cavab almayınca üz tutmuşdu atasına.

- Ata, bu məhəlləyə niyə «erməni məhəlləsi» deyirlər?

- Bala, bizim millətin kişiləri hər zaman başqa millətlərin qadınlarına maraq göstəriblər. Başımıza da nə gəlib, elə bundan gəlib… İyirminci illərdə kənddə Səfa adında bir kişi olub. O vaxtkı erməni davasında erməni kəndindən sandıqda bir erməni qızı götürüb qaçırıb. Sonra onunla ailə qurub. Uşaqları olub. Bax, bu Silva, Rita, Nora, hətta, xallı Züleyxa, gözəl Qəmər, Məhər, zurnaçı İslam onların törəmələridir. Allah lənət eləsin… şeytana. Görürsən, kənddə nə oyunlardan çıxırlar?!

Mürşüd day bir söz deməmişdi, başını yerə dikib, siqaretini odlamışdı.

Onlar nə oyunlardan çıxırdılar görəsən? Ziyad bilirdi, bilirdi ki, Silva bir qarış torpağını dava-şavayla artıra-artıra böyük mülkə döndərmişdi. Bilirdi ki, İrəvandan onların yağ payları gəlir, konyakları gəlir. Bilirdi ki…

Hələ onda uşaq idi. Him-cimdən öyrənib bilmişdi ki, Silva xalanın evinə gecələr kişilər gedir. Sonra onun evinin yanında olan qızı Noranın evinə də kişilər getməyə başladılar. Niyə getdiklərini, orada nələr etdiklərini hələ Ziyad başa düşmürdü. Ancaq uşaq fəhmi ilə anlayırdı ki, bunu ucadan demək olmaz, bunu demək ayıbdı. Bir istəmişdi bunun da səbəbini atasından soruşsun, amma ürək eləməmişdi. Demişdi, birdən atam mənə qışqırar, deyər uşaqsan, otur uşaq yerində.

Böyüdükcə anladı hər şeyi. Bildi Silva xalanın, Noranın evinə niyə gedirlər. Onun yaşıdlarından da bəziləri qaranlıq düşəndə Noranın qonağı olmuşdular. Ziyad isə elə-belə xəyal qurub, xəyalında Noranın şirinliyini dadmışdı.

Eşitdiyinə görə, Silvanın qonaqları olmurdu. Olanda da az olurdu. Üç manatı olan, beş manatı ələ keçirən qoca-qucalar məqam tapıb özlərini Silvanın yanına salırdılar. Cavanlar isə Nora üçün əldən-ayaqdan gedir, artıq pul tapan kimi sevinə-sevinə aparıb bu gözəlin darbalağının içinə qoyub qayıdırdılar.

Bura Öküz yatağı idi. Ziyadın və yaşıdlarının uşaqlıqları buralarda keçmişdi. Bu yerlərdə o qədər kənd oyunları oynamışdılar ki. Buraların hamısı bir əziz xatirə idi Ziyad üçün. Bir dəfə daşla vurub çoban Şahmarın oğlu Qədirin başını yarmışdı. Yazıq oğlanın qanı axıb torpağı qırmızı rəngə boyamışdı. Bu işin üstündə axşam çoban Şahmar onlara gəlmişdi. İşdən hali olan atası nə edəcəyini bilmirdi. Çoban Şahmar gedəndən sonra atası onu yanına çağırdı. Dodaqları əsə-əsə Ziyadı yamanladı, sonra da hirsini cilovlaya bilməyib enli əsgər kəməri ilə onu kötəklədi. Ziyad üç gün atasının üzünə çıxmadı... O kötəyin dadı hələ də damağındaydı.

Bu ərazidə əsgərlər məskən salmışdılar. Sovet əsgəri deyilən bu əsgərlərin çoxusu ruslar idi. Rus dilində onlara salam verib, cavab alanda çox sevinərdilər. Böyüklərindən gizlincə bu əsgərlərə peçenyelər, şokoladlar, meyvələr verərdilər. Əvəzində cürbəcür nişanlar alanda sevinclərinin həddi-hüdudu olmazdı. Əsgərlərin içində bir qarayanız oğlan da var idi. Deyəsən Özbəkistandan gəlmişdi. Adına Bəxtiyar deyirdilər. Ziyad onunla dostlaşmışdı. Gedəndə ünvanını Ziyada verdi, onu Səmərqəndə dəvət elədi. Ziyad rus dili müəlliminin köməyi ilə ona bir neçə dəfə rus dilində məktublar yazdı. Cavablar da aldı. Bir-iki ildən sonra məktubların arası kəsildi. Elə bil nə hərbi hissə var idi, nə də əsgər Bəxtiyar. Ancaq hər dəfə televizorda Səmərqəndi göstərəndə adamların arasından Bəxtiyarı axtarırdı.

O hündür dağın başında gümüşü rəngə çalan yekə gümbəz də həmin hərbi hissəyə məxsus idi. Buradakı radiolokasiya stansiyasının köməyi ilə hava hücumundan müdafiə sistemini təmin edirdilər. Adamlar o stansiya haqqında astadan, ancaq çox şeylər danışırdılar. Deyirdilər, bu stansiya ətraf əraziləri şüalandırır. Bu şüalanma nəticəsində də torpaq zəhərlənir, məhsuldarlıq azalır, insan orqanizmini məhv edir. Bu stansiya qurulandan sonra, deyirdilər ki, ağır xəstəliklər bir neçə dəfə çoxalmışdı. Hələ kişilərin döl artırma qabiliyyətinin azaldığından da danışırdılar. Ancaq heç kəs bunları ucadan demirdi, deyə bilmirdi. Necə deyəydi axı, belə sözləri dilinə gətirəni gecəynən aparırdılar. Ya bir daha geri qaytarmır, ya da öz qurduqları sistemin dairəsinə salıb evlərinə buraxırdılar. Həmin adam əl quzusuna dönürdü. O adamın yanında bir söz danışmaq təhlükəli olurdu.

Ziyadın atası o qurğu barəsində danışmırdı. Və bu barədə danışmağı evdəkilərə də qadağan eləmişdi. Söz düşəndə tez qabağını alırdı, deyirdi, dövlətlə dövlətlik eləmək olmaz ki. Görmədiniz, otuz yeddinci ildə danışanları nə günə saldılar?!

Otuz yeddinci ildə nələr olmuşdu, nələr baş vermişdi, bunları hələ bilmirdi. Birisindən bu barədə soruşmağa da qorxurdu. Deyirdi, birdən atam bilər, acığı gələr…

Əsəd əminin bostanının yanında ayaq saxladı. Bu bostandan o qədər oğurluq eləmişdilər ki; qovun, qarpız, xiyar, pomidor... Uşaqların bir-ikisi bir az kənarda səs-küy salardılar. Bostançı Əsəd əmi səsin haradan gəldiyini öyrənmək üçün göz bəbəyi kimi qoruduğu bostanından aralanardı. Bundan istifadə edən o biri uşaqlar bostana soxulardılar. Bostançı Əsəd əmi qayıdıb gələndə görərdi ki...

Ucadan söyüb, yamanlayardı. Sonra sakitləşib dağılmış bostanının yanında oturardı.

Evinin damına ot yığan Müseyib əmiydi. Kəndin ən baməzə, həm də yaxşı kişilərindən biriydi. Əvvəllər çox kasıbçılığın əzabını görmüşdü. Uşaqlarını əzab-əziyyətlə böyüdüb ərsəyə çatdırmışdı. İndi uşaqları dadına yetirdilər. Daha paltarına yamaq vurmurdu. Filtirli siqaret çəkirdi. Ancaq bu yaxşı günlərində heç pis günlərini yadından çıxarmırdı. Şükürlü və səbirli adam olmağına heç kəs şübhə eləmirdi.

Ziyad bir istədi kəndin ara məhəllələrinə də baş vursun. Uşaqlığını xatırlasın, oynadığı yerləri, ölüb-gedən adamları yada salsın. Nə düşündüsə fikrindən daşındı. Adam olmayan, sakit yerlər axtardı. Son günlər tək qalmaq istəyirdi. Özünün-özüylə danışmağına ehtiyacı vardı. Bir tərəfdən Nazəninin danışıqları, atasının soyuq münasibəti, anasının qeyri-səmimi gülüşü Bakıdan gələn gündən onun rahatçılığını əlindən almışdı. Nə olmuşdu axı, niyə elə əzəl gündən ata-anasının gözü bu qızı götürmürdü? Onların daha ayrı gəlinləri olmayacaqdı ki, desinlər bu pisdir, o birisi yaxşı olar. Hiss olunurdu ki, bu aylar ərzində evdə ab-hava heç də yaxşı olmayıb. Nazənin də müəmmalı danışırdı, hərdən hiss olunacaq tərzdə onların münasibətinə kinayə də edirdi.

Ziyad istədi əvvəl bütün bunları qayda-qanunla əsaslandırsın. Yəni, əksər evlərdə olduğu kimi, bunların evində də xırda narazılıqlar, bir-birinin xoşuna gəlməyən xarakter fərqləri ola bilərdi. Və bunda başqa məqamlar axtarmağa yer qalmırdı. Axı Nazənin başqa evin qızıydı, başqa mühitdən gəlmişdi. Onun yemək, içmək, istirahət, iş görmək tərzi də başqaydı və bu tərz uyğunsuzluğu ola bilsin ki, Ziyadın ata-anasına xoş gəlmirdi. Heç bundan faciə düzəltmək də lazım deyildi. Ziyadı narahat edən başqa məsələydi. Bəlkə bu narazılığın, soyuq münasibətin kökündə başqa məsələlər dayanırdı? Nə ola bilərdi axı? Bu suallar Bakıdan gəldiyi andan Ziyadı üzürdü. Nə anasından bir şey soruşa bilirdi, nə də arvadından. Münasibətlərin açılacağından və daha da kəskinləşəcəyindən ehtiyat edirdi. Ancaq elə-belə məsələni qapalı saxlayıb, arvadını Bakıya aparmaq da istəmirdi…

- Ziyad, nə yaman fikrə getmisən?

Ziyad səsdən diksindi. Başını yana çevirib uşaqlıq dostu Muradı gördü.

- Hə, Murad sənsən… Nə təhərsən?.. Yox, elə-belə, uşaqlıq vaxtlarımız yadıma düşmüşdü. Deyirəm, o çağları bir də qaytarmaq mümkün olarmı?

- Yox, Ziyad, mümkün deyil. İnanırsan, məni bu həyatda yaşadan uşaqlıq vaxtlarının xatirəsidir. O vaxtların bir ilinə bütün ömrümü verərəm.

Onlar susuzluqdan codlaşmış otların üstündə oturdular. Kəndin keçmişindən, dünənindən söhbət açdılar.

- Bəs bu gün necədir, Murad?

- Çox pisdir. Mənəviyyatımızı itirə-itirə gedirik. Hardan gəlib, hara getdiyimizi bilmirik. Bu paxıllıq, bu qisas hissi ki, bizdə var, qorxuram yaratdıqlarımız bərbad ola.

- Sən elə uşaqlıq vaxtlarından beləydin. Elə bədbin danışırdın ki, sabahın açılacağına da adamın ümidi qalmazdı. Nə olub bizə, axı? Dünyanın nəbzini tutub yavaş-yavaş qabağa gedirik.

- Yox, Ziyad, şəhərin səs-küyü sənin şüurunu korşaldıb. Bu qədər geriliyi, zəkamızın inkişafdan qaldığını, sabaha əmin addımlarla gedə bilmədiyimizi görmürsənmi?

Ziyad görürdü. Bəlkə Muradın gördüyündən daha artığını görür və gördüklərinin əzabını çəkirdi. Ziyada ən çox əzab verən isə mənfiliklər məkanının genişliyi idi. Murad kəndi görürdü, Qaradaşlını görürdü, olsa-olsa o kəndin yan-yörəsindəki kəndlərin adamları ilə ünsiyyət bağlayırdı. Ziyadın isə gördüyü çox yerlər vardı. Və gördüyü çox yerlərin çox da ağrısını duyurdu. Bu ağrılar yekəlib qəlbindən asılır, onu içəri çəkir, rahat yaşamağa qoymurdu.

- O boyda müqəddəs dinimizi əllərində alətə döndəriblər. Hara istəyirlər fırladırlar. Təki onlara qazanc gətirsin, var-dövlətlərin artırsın.

Muradın sözlərindəki böyük həqiqət Ziyadın yarasının qaysağını qoparırdı elə bil. Bu mövzu lap yeniyetməlik çağlarından onu duyğulandırırdı. Axı, İslam dini elə-belə din deyildi. Onun tarixi, fəlsəfəsi, mənəvi-əxlaqi qüdrəti vardı və bunları insanlara çatdırmaq, şüurlarında inqilablar eləmək lazım idi. Bunu edirdilərmi? Dünənin yalançısı, oğrusu, əxlaqsızı, bu günün mollasıydı. Və İslamın dəyərlərindən insanlara dərs keçirdi. Onlar bilirdilərmi görəsən, İslam dəyərləri nə deməkdir? Onlar Tanrının varlığına, dünyanın elə-belə öz oxunda fırlanmadığına candan, könüldən inanırdılarmı? Namaz qılmaqla özünü göstərib, başqasını aşağılamağın günah olduğunu bilirdilərmi? Varlı, imkanlı adamların qəbri üstündə yaxasını cıran, kasıbın yasında işi çıxan və aradan sivişib gedən dindarların mənəvi kamilliyə utanclıq gətirdiklərinin fərqindəydilərmi? Yox, bütün bunlardan xəbərləri olsaydı…

- Murad, o günləri bilirsən kənddə nə olub?

- Nə olub ki?

- Molla Sübhanın Noranın evindən çıxdığını görüblər.

- Burda qəribə nə var ki? Molla Sübhan da adamdır, onun da canının təbii ehtiyacı var.

- Nə təbii ehtiyac, ay kişi? Başqasının on altı yaşlı yetim qızına küçədə sataşmaq da təbii ehtiyacdan doğur?

- Enerjisi çoxdur da yəqin, onu xərcləməyə yer axtarır.

Hər ikisi gülsə də, hiss olunurdu ki, söhbətin qayəsi onları tutub. Danışmaq, yenə də danışmaq, gileylənmək, ürəklərində olan ağırlığı götürmək üçün sanki yaxşı məqam düşmüşdü əllərinə.

- Quş quşluğu ilə o tikanlı məftillərdən o yana səkə bilmir. Bu qırmızı mollalar isə günün günorta çağı İrana şpionluq edirlər.

- Onu hardan bilirsən, Murad?

- Niyə bilmirəm, hər kəs, hər şeyi bilir. Ancaq, hamı abrına qısılıb danışmır.

- Düzünü deyim, daha adam kəndə gəlmək istəmir. Elə şeylər eşidirsən ki, papağın başından düşür. Deyir, o günləri alverçi Şadman heç nəyin üstündə vurub fağır, zavalı Zahidin başını yarıb.

Toran qovuşana qədər söhbət elədilər. Ziyad çox bilmədiklərini Muraddan öyrəndi. Öyrəndi ki, camaatın son zamanlar üzü dönüb. Zahirdə bir-birinin üzünə gülürlər, dalda isə ayaqlarının altını qazıyırlar. Öyrəndi ki, bir-birinin bəhsinə qohumlar, qonşular olduqca iyrənc əməllərə baş vururlar. Ancaq onu öyrənə bilmədi ki… Yox, bunu Muraddan öyrənə bilməzdi. Bu ailə söhbəti idi və bu söhbəti açıb başqası ilə danışmaq olmazdı.

Axşamdan xeyli keçmiş evə qayıtdı. Artıq yeməklərini yemişdilər. Nazənin onu yan otağa çağırdı. Yeməyini yanına qoydu. İştahı çəkmirdi. Bir azca yeyib, yana çəkildi. Fikri vardı ki, gecə də kəndə çıxsın. Bir hündürdə dayanıb ay işığında kəndi seyr eləsin. Uşaqlıqdan kəndin gecə mənzərələri qəlbində özünə yer eləmişdi. O anlarda kənd elə sirli-sehrli görünürdü ki. İnsan bütün gecəni oyaq qalıb, bu mənzərəyə tamaşa eləmək istəyirdi. Amma ay da insaflı deyildi. Tez gecə ömrünü başa vurub, uca dağların arxasına çəkilirdi…

Ancaq bu gecə evdən çıxmağa həvəsi olmadı. Yatağına girdi. Bir azdan Nazənin də gəldi. Soyunub yatağına uzandı.

Yan-yana uzanmışdılar. Ancaq heç biri danışmırdı. Hərəsi öz aləmindəydi. Birdən Ziyad çevrilib Nazənini qolları arasına aldı. Sinəsinə sıxıb, dodaqlarından ehtirasla öpdü… Sakit olandan sonra yenə əvvəlki kimi uzandılar.

- Nazənin, evdə nə isə bir narahatçılıq var?

- Var.


- Nə olub ki?

- O narahatçılıq sizin evdə mən gəlməmişdən qabaq başlayıb.

- Anamla söhbətin olub?

- Heç kimlə söhbətim olmayıb. Danışırlar ki, görüm dərdləri nədir?.. Gələn gündən onlardan bir dəfə xoş sifət görməmişəm. Sifətlərin elə turşudurlar ki, elə bil istiot yeyiblər… Bilsəydim belə olacaq… Nazənin yanı üstə çevrilib xısın-xısın ağlamağa başladı. Ziyad arxadan onu qucaqladı. Çiynindən, boynundan öpdü.

- Ağlama, əzizim, biz çıxıb gedirik. Genişliklərə çıxacağıq. Dünya boyda asiman bizim olacaq. O geniş asimanda səni o qədər öpüb, oxşayacağam ki, çəkdiyin iztirablar yadından çıxacaq…

Qatar onları ağuşuna almışdı. Gedirdilər. İşıqlı sabahlara tələsirdilər.

Qatarın uzun fiti səsləndi. Ziyad da, Nazənin də bu səsdən diksindilər. Sonra qatar qaranlıq və uzun bir tunelə girdi...

***


Köhnə dəmir qapı açıq qalmışdı. Ziyadın ürəyi əsdi. O heç vaxt qapını açıq qoymazdı. Başında bir iş vardı bəlkə? Qorxa-qorxa evin qapısına yaxınlaşdı. Bu qapı da aralı qalmışdı. Tələsik gətirdiyini yerə atıb, içəri girdi. Arvad yatağına uzanmışdı. Ağır-ağır nəfəs alırdı. Çömbəlib dizləri üstündə oturdu.

- Nə olub sənə?

- Bay, Ziyad, gəldin? – gözlərini geniş açıb, gələnin doğrudan da Ziyad olduğuna inanmaq istədi, - yaman nigaran qoydun məni. Harda qalmışdın?

- Evdə bir az müşküllər var idi.

- Nə müşküldür elə?

- Nə bilim. Arvadım zəng elədi, təcili evə çağırdı… Əşi, bunlar düzələr, de görüm, sənə nə olub?

Arvad dikəlib oturdu. Üzündə qəribə ifadə yarandı. Bu ifadə onun çöhrəsində əhvalı yaxşı olanda, sevinəndə yaranardı. Görünür, Ziyadı çoxdan gözləyirmiş və Ziyad gəldiyinə görə sevinirdi.

- Heç, bir az ürəyim ağrıyırdı. Getdim aptekə, dərman aldım. O dərmanları atandan necə düşmüşəmsə, sənin hənirtinə oyandım.

- Yaxşı, yaxşı, dur ayağa görüm, Şəfəqnur xanıma gileylənmək yaraşmır.

- Xanıma?.. Sənə demişəm axı, mənə xanım demə. Mənim xanımlığım çox uzaqlarda qalıb. Elə bil o illərdən məni yüz illər, min illər ayırır. Sanki o adam mən olmamışam. Sanki…

- Yaxşı, qalx ayağa. Bir loxma yemək hazırla.

Ziyad əllərindən tutub arvadı ayağa qaldırdı. Başı gicəllənsə də, arvad özünü tənzimləyib asta addımlarla mətbəxə keçdi.




Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə