Sabah Məmmədbəy onun gözlərində yenə kədər haləsi görürdü. Şəfəqnura xoş, məhrəm, isti sözlər deməklə əslində özünü də şəhərə bağlamaq istəyirdi.
Amma deyəsən, bu şəhərə bağlanmaq arzusu yenə ürəyində qalacaqdı. Şöbə müdiri bu gün onu yanına çağırmış, onu Moskvaya, altı aylıq kursa göndərmək istədiklərini bildirmişdi. Onda bəs Şəfəqnurun ali təhsil alması necə olacaqdı? Bu barədə Şəfəqnura deyəndə o əvvəl duruxdu, sonra nədənsə xoşbəxt-xoşbəxt gülümsəyib, ərinin boynuna sarıldı.
- Eybi yox, Məmmədbəy, təki sən zirvələrə yüksəl, mən qiyabi yolla da təhsil ala bilərəm.
Məmmədbəy sevindi. Nədənsə bu onun ağlına gəlməmişdi.
- Səhərdən sənədlərini hazırla.
Şəfəqnur sənədlərini hazırladı. Ali təhsil almaq üçün ali məktəbin qiyabi şöbəsinə imtahan verdi. Yüksək qiymətlər alıb ali məktəbin tələbəsi oldu.
Bu müddət ərzində Məmmədbəyi çox get-gələ saldılar. Məsələnin müsbət həlli yuxarıda oturan Robert Əyriyanın sərəncamından asılı idi. Əyriyan onu ora-bura göndərir, bir bəhanə tapmayanda işin ondan yox, başqasından asılı olduğunu deyirdi. O başqası kim idi? Orasını demirdi və bu qeyri-müəyyənlik Məmmədbəyin əsəblərini tarıma çəkirdi. Bu zorun içində bəzən başını itirir, hərdən heç nəyə baxmadan Sarıqayaya qayıtmaq istəyirdi. Ancaq son anda özünü ələ alır, düşünür, alçaq Əyriyanın qarşısından çəkilməyi öz qüruruna sığışdıra bilmirdi. Yaxşı ki, bu işdə Şəfəqnur da onun arxasında dayanmışdı. Yoxsa bəlkə də dözə bilməz, çəkilib bir qaranlıqda dayanardı.
- Sən nə danışırsan Məmmədbəy, geri çəkilmək nədi? O murdarın da qabağından adam geri çəkilər? İndi sən bir aslan olmalısan. O çaqqalı əzib, işığa doğru getməlisən!.. Görmədinmi mən ali məktəbə sənəd verəndə Roza Ayrapetyan adında qadın nə oyunlar çıxardı? Mənim yerimdə başqası olsaydı hər şeydən bezərdi, sənədlərini geri götürərdi. Mən isə…
Roza Ayrapetyan sənədlərin qəbuluna nəzarət edən şöbənin rəhbəriydi. Şəfəqnuru birinci dəfə görəndə onu başdan-ayağa süzmüş, nəşəli gözlərini onun gözlərində saxlayaraq ironiyaya bələnmiş sözlərlə soruşmuşdu:
- Sən kənddən gəlmisən?
- Bəli… Hardan bildiniz?
- Bunu bilməyə nə var ki? Yerişin, geyimin, duruşun, - Sonra qəribə tərzdə gülüb, köməkçisini çağırmışdı- Ay qız, İrina, bura gəl.
Bəzək-düzəyindən xarici kuklalara oxşayan, sinəsi yarıya qədər açıq qadın gəlib Rozanın qarşısında dayanmışdı.
- Eşidirəm, Roza xanım.
- İrina, sən Allah, düşünüb de, bu qızın sənədlərini götürmək olar?
İrina çaş-baş halda bir Rozaya, bir də Şəfəqnura baxmışdı.
- Mən nə bilim... Hə, başa düşdüm. Sənədlərə baxıb deyərəm.
Şəfəqnur isə heç nə başa düşməmişdi.
Sonrakı günlərdə isə, deyəsən, bəzi məsələləri anlamağa başlamışdı. Gizlincə sənəd verənlərin arasından öyrənmişdi ki, Roza öz soyadına və ona yaxın soyadlara üstünlük verirdi. Onların sənədlərini qeyri-şərtsiz qəbul edir, onları get-gələ salmırdı. Şəfəqnur və onun soyadından olanlara isə zülm edir, buradan oraya, oradan buraya göndərirdi. Artıq bəhanələrin bitdiyini görəndə isə ondan iş stajı tələb edirdi.
Şəfəqnur hərdən bezir, geri çəkilmək, oxumaq arzusundan əl çəkmək istəyirdi. Birdən hardansa yeni güc alırdı. Və tufan kimi qoparaq yenidən Rozanın mövqeyinə püskürürdü.
Məmmədbəyin təlimatı ilə Şəfəqnur Mərkəzi Komitəyə məktub yazdı. Nahaqdan incidildiyini, süründürməçiliyə salındığını məktub vasitəsiylə izah etdi. Mərkəzi Komitədən cavab gələndən sonra daha Rozanın bəhanəsi qalmadı. Öz soyadı tərəfindən imzalanmış məktubu oxuyandan sonra yumşaldı və yenə ironiyalı gülüşlə ona baxıb, sənədlərini qəbul etmək üçün İrinanın yanına göndərdi.
Məmmədbəyin işi lap çətinə düşmüşdü. Əyriyan üzdə cilddən-cildə düşərək ona mehriban münasibət göstərsə də, dalda başqa mövqe tutur, onun yerinə başqalarını Moskvaya göndərirdi.
Məmmədbəy yüz qapıya göndərilsə də, bir gün o qapıların birində tilsimin sinacağını gözləyir, inanır, səbr kasasını daşdırmamağa çalışırdı. Şəfəqnurun sözlərindən sonra isə, bir az da mətinləşmişdi. Axıra qədər bu yolda vuruşacağına, mübarizə aparacağına söz vermişdi. Yuxarılara da getmişdi. İvanov, Sərkisov, Balayan kimi rütbəlilərin qəbuluna düşmüşdü.
Və axırda...
Eşitdi ki, Əyriyan onu axtarır. Tez onun yanına getdi. Katibədən izinalıb, kabinetə daxil oldu. Əyriyan onu görən kimi cəld ayağa qalxdı, üzünə xoş təbəssüm verib yaxına gəldi.
- Xoş gördük, igid oğlan. Xoşum gəldi səndən. Mübariz və dönməzsən. Mən belə adamları çox sevirəm. Axır ki, yuxarılar sənin getməyinə izinverdilər. Uğurlar olsun sənə. Get, ancaq mən Robert əmini heç vaxt yaddan çıxarma.
- Yox, yoldaş Əyriyan, sizi yaddan çıxarmaq olar? Ölüncə mənim xatirimdə qalacaqsınız!
- Sağ ol. Ancaq mənə rəsmi olaraq yoldaş Əyriyan yox, Robert əmi de.
Məmmədbəy sağollaşıb kabinetdən çıxdı. Elə bil boğulmaq üzrə olan biçarə adamı təmiz havaya çıxarmışdın. Həyat gözlərində başqa cür görünürdü. Sanki göydə uçan quşlar qanad saxlayıb ona salam verir, ağaclar ehtiramla baş əyir, yollar yorulmaq bilmədən onu irəliyə, işıq dolu sabahlara aparırdı.
Xoş xəbəri Şəfəqnura çatdıranda o, əvvəl özünü itirdi, nə edəcəyini bilmədi, sonra Məmmədbəyin boynuna sarılıb, astadan ağladı.
- Zalımların əlindən qurtuldun, Məmmədbəy. İndi nə sənə, nə də mənə ölüm yoxdur!..
Moskva gözəl olduğu qədər də böyük və mürəkkəb şəhər idi. Yaşıllığa bürünmüş xiyabanlar, səliqəli parklar adamın gözünü oxşayır, qəlbində xoş duyğular oyadırdı.
İlk günlər bir qədər darıxsalar da, bu şəhərə Bakıdan daha tez öyrəşdilər. Belə isti təmasın yaranmasında kirayə qaldıqları evin sahibi Anna Mixaylovnanın da böyük rolu oldu. Bu qadın olduqca ağıllı, mehriban və səmimi idi. Bu evə gəldikləri andan Şəfəqnur evin xanımından yaxşı münasibət gördü. Rus dilini çox az bilsə də əl hərəkətləri və alayarımçıq danışıqla bir-birini anlayırdılar. Bir müddətdən sonra Məmmədbəy də bu qadının səmimiyyətinə inandı və yaxın adamı kimi onu sevməyə başladı.
Anna Mixaylovnanın üç oğlu var imiş. Biri həlak olmuş, o biri almanlara əsir düşmüşdü. Üçüncü oğlu isə müharibədən sonra Yaponiya sərhədinə işləməyə getmiş, bir daha geri qayıtmamışdı. Onun nə ölüsündən, nə qaldısından xəbər tuta bilməmişdi. Ancaq hələ də ümidlə həm onun, həm də əsir düşən oğlunun qayıdacağını gözləyir, bu həsrətin bir gün bitəcəyinə ümidini itirmirdi. Deyirdi, gecələr yaxşı yata bilmirəm. Eşikdən bir taqqıltı, şaqqıltı eşidəndə elə bilirəm ki, oğullarım gəlir. Durub yerimin içində otururam, bəzən gecəyarısı dəli adamlar kimi həyətə çıxıb fırlanıram. Hər gələn qaraltının oğullarım olduğunu zənn edirəm. Qaraltılar ötüb keçəndən sonra kor-peşman evə qayıdıram, yatağıma uzanıb səhəri dirigözlü açıram.
Həyat yoldaşı da üç il bundan qabaq ölmüşdü. Zavodda tokar işləyən əri ehtiyatsızlıq ucbatından dəzgaha düşmüş, elə yerindəcə keçinmişdi.
Dərdi böyük olsa da gözlərindəki işıq hələ də sönməmişdi. Hələ üstəlik elə nurlu sabahlardan danışır, adama ruh verirdi ki, adam onun ürəyinin böyuklüyünə heyrətlənməyə bilmirdi.
Şəfəqnur ən çox da Anna Mixaylovnadan rus dilini öyrəndiyinə görə sevinirdi. Axı Bakıda Roza Ayrapetyan həm də onu rus dilini bilmədiyinə görə lağa qoymuş, qınamışdı. Şəfəqnur ona dil qaytarıb «sizin də borcunuz bizim dilimizi bilməkdir» - deyəndə isə, Roza ədayla ona yaxın gəlmiş «siyasi səhv buraxma, başın ağrıyar» - deyərək, ona danışığında ehtiyatlı olmağı tapşırmışdı.
Bakıya qayıdan kimi gərək Roza Ayrapetyanın yanına gedəydi, ona müjdə çatdıraydı, deyəydi ki, tapşırığını yerinə yetirdim, rus dilini öyrəndim. Daha məni lağa qoyma, kinayə eləmə. İndi də siz… Yox, daha orasını deyə bilməzdi. Desəydi, bu siyasi səhv olardı və başı ağrıyardı.
Məmmədbəyin kurs keçdiyi yerin rəhbəri Armen Qaracanov adında yaşlı, ağsaçlı bir kişi idi. Kurs başlanan gündən onun gözü Məmmədbəyi götürmürdü. Bütün müəllimlərlə xoş münasibət yarada bilsə də, onunla suları düz axmırdı. Elə hey bir bəhanə ilə ona ilişir, qəlbini incidən atmacalar atırdı. Axırda Məmmədbəy dözmədi. Onun haqqında ölçü götürülməsi üçün yuxarıya məktub yolladı. Bundan sonra əriyib muma döndü Armen Qaracanov. Onu foyedə, kursa gələnlərin hamısının yanında qucaqlayıb sinəsinə sıxdı.
- Ay küsəyən oğlan, deməli mənim sözlərimdən acığın gəlib? Bəs bilmirsən pişik balasını… İkimiz də qafqazlıyıq. Mənim Bakıda bilirsən nə qədər qohumlarım var? Özüm də Bakıda çox olmuşam. Dostlarım, tanışlarım… Adam küsəyən olmaz. Nə problemin olsa, yanıma gəl, mənə de.
O gündən Armen Qaracanov daha Məmmədbəyə toxunmadı, ona pırtlaşıq sözlər deyib, qəlbini incitmədi. Hələ üstəlik hər dəfə görəndə Məmməbəyə yanaşdı, qəlbini isidən sözlər dedi.
Kursu qurtarıb Bakıya qayıdanda da Armen Qaracanov üzünə kədərli bir ifadə verib, onunla ayrılmağın asan olmadığını dilinə gətirdi.
Ən qəribəsi də o idi ki, Məmmədbəy onun isti təmasından sehrlənmiş, ona sıx bağlılığı yaranmışdı.
Ayrılanda səsi titrədi Məmmədbəyin. Onu Bakıya qonaq dəvət elədi. Armen Qaracanov da mütləq gələcəyini və olsun ki, birdəfəlik Bakıda qalacağını dedi.
Şəfəqnurun Anna Mixaylovna ilə vidalaşmağı isə təsirli kino səhnəsini xatırladırdı. Ağlamaqdan hər ikisinin gözlərində yaş qurtarmışdı. Bir-birinə elə sıcaq, elə doğmalar kimi baxırdılar ki, bu ayrılığı seyr edənlərin könlünün qübur olmaması əsla mümkün deyildi.
Məmmədbəy də dözmədi, ağladı. Bu həlim, mehriban, dərdli xanımı tək-tənha qoyub ayrılığın yoluna çıxmaq ona da asan gəlmirdi.
Heç olmasa, itkin oğullarından biri qayıtsaydı, arvadın gözləri bir az yollardan yığılsaydı, bəlkə də bu ayrılıq anlara bu qədər təsir eləməzdi. Soyuq otaq... Tənha qadın... Qaranlıq gecə... Bunları düşünəndə Məmmədbəy çox pis olurdu. Şəfəqnur da ondan daha betər...
Ancaq getməliydilər. Ayrılıq təbili artıq çalınmışdı. Bakıda onları yeni həyat, daha geniş mübarizə meydanı, çətin sınaqlar, ağır imtahanlar gözləyirdi...
Qatar fit verib vağzaldan ayrılanda Şəfəqnur pəncərənin arxasında donuq-donuq dayanıb onlara baxan Anna Mixaylovnadan gözünü çəkməyib hönkürdü. Və qapıya tərəf yeriyib bayıra çıxmaq, bir daha qadını bağrına basmaq istədi. Lakin qatar artıq tərpənmişdi. Qadın pəncərənin önündən çəkilib getmişdi...
Heç bir ay da çəkmədi, Məmmədbəyi çağırıb təhsil işi üzrə yaxşı bir vəzifə verdilər.
Şəfəqnurun da işləri pis getmirdi. Moskvada Anna Mixaylovnanın onu qadın həkiminə aparması, deyəsən, öz bəhrəsini verirdi. Bətnindəki uşağın dörd aylığı yaxınlaşırdı. Hələ elə bir müşkül hiss etmir, mənfi dəyişikliklər duymurdu. Bunu həkimlər də təsdiq edirdilər.
Narahatçılığı, ağırlığı olsa da, o bütün bunlardan üzülmür, sevinir, uşağın dünyaya gələcəyi, ana olacağı günü intizarla gözləyirdi.
***
Bakının ilıq küləyi üz-gözünü öpüb, onu salamlayanda Nazənin qəribə hisslər keçirirdi. İlk dəfə gəlsə də, bu şəhər ona elə bil doğma idi. Sanki bu yerləri görmüşdü. Bu yerləri gəzib-dolaşmış, uşaqlıq, yeniyetməlik çağları buralarda keçmişdi. Əslində isə o, Bakını ancaq kinofilmlərdə görmüş, həmişə bu şəhərə gedib, onun gözəlliyindən məst olmaq istəmişdi. Bakının gözəl olduğunu hardan bilirdi axı; Bakıya gəlib görənlər danışmışdılar. Elə heyranlıqla, elə maraqla, elə qəribə təsvir vasitələri yaratmaqla ki, bütün bunlar onda Bakıya olan marağı daha da artırmışdı. Ancaq Ziyadın kirayə tutduğu evə gələndə ilk anda onun bütün təsəvvürləri az qala alt-üst olacaqdı. Dalan, uçuq-sökük bir həyətə daxil olanda, qapını açıb az qala adamın başı dəyəcək tavana, xosaq ev-eşiyə baxanda bir anlıq özünü itirmiş, Ziyada buradan getməyi tələb etməkdən özünü zor-güclə saxlamışdı. Bunu deyəsən, Ziyad da hiss eləmişdi. Sevgilisinə yaxın gəlmiş, ona xoş sözlər demişdi.
- Darıxma, Nazənin bura bizim müvəqqəti yaşayış yerimizdir. Yaxın müddətdə ev alarıq, köçüb gedərik... Belə evləri görməsən, yaxşı evlərin qədrini bilməzsən. İnsan gərək aşağıdan yuxarıya getsin. Yoxsa nə evinin qədrini bilər, nə də insanların.
Ziyadın axırıncı sözlərindən bir şey anlamasa da, başıyla onun dediklərini təsdiq edərək, gətirdiklərini yerbəyer eləmək üçün qollarını çırmayıb işə başlamışdı...
Doğrudan da onlar bu xosaq evdə çox yaşamadılar. Ev rütubətli olduğundan və Nazəninin hamiləliyinə ziyan verdiyindən başqa bir yerə, daha münasib, şəraitli evə köçdülər.
Və dənizdə işlədiyinə görə qısa zamanda Ziyada ev də verdilər. Ev üç otaqdan ibarət idi. Nisbətən geniş mətbəxi vardı. İki eyvanın biri geniş küçəyə, o birisi dənizə baxırdı. Dənizə baxan eyvanda dayananda Ziyad zarafatından qalmamışdı...
- Nazənin, elə bil dəniz mənim taleyimə yazılıb. Təki Tanrı fırtınalarından qorusun…
İş vaxtı fırtına qopanda onların işi çətin olurdu. Dəli küləklər heç nəyə rəhm etmədən atını çapır, bir müşgül, bir ağrı, bir acı yaratmadan çıxıb getmirdi.
Yeni işə başlayan vaxtı Ziyad belə fırtınalardan yaman qorxurdu. Hətta fırtınanın şıdırğı vaxtında ürəyində qərara da gəlirdi, deyirdi ki, bu işdən çıxacağam, gedib özümə bir düz-əməlli iş tapacağam.
Günlər ötdükcə həm işinə, həm də fırtınalara alışdı. Daha özünə başqa iş axtarmaq haqqında düşünmədi. Hələ bəzi vaxtlar fırtına qopmayanda, ya bir az gecikəndə darıxmağa başladı, uzaqlara, lap uzaqlara baxıb, fırtınanın gəlməsini gözlədi. Onda iş daha cəlbedici olurdu. Adamların sürətlə hərəkət etməsi, həyacanlı və qışqırıqlı danışığı onun xoşuna gəlir, canında olan məsuliyyətini, həvəsini daha da artırırdı
Sakit havada ev üçün də çox darıxırdı. Elə hey saata baxır, vaxtın keçməsini, evə getmək anının yetməsini intizarla gözləyirdi.
O an çatanda ürəyinin döyüntüsü sürətlənir, vertalyot dayanacağından evə necə çatacağını bilmirdi. Ən çox da oğlunu görmək üçün vaxtın daralmasını arzulayırdı.
Tuqay yavaş-yavaş böyüyürdü. Ana südü az yesə də, deyəsən, uşaq yeməkləri ona düşürdü. Doyunca yeyib, yatağına uzananda elə bəxtiyar-bəxtiyar gülümsəyirdi ki. Bu anlarda Ziyadın qəlbi xoş duyğularla dolur, özünü dünyanın ən xoşbəxt atalarından biri hesab edirdi.
- Naz, sən Allah, uşağa elə gözdolusu baxma.
- Niyə ki?
- Ananın gözü uşağa tez dəyir.
- Deyirsən yəni, oğluna gözüm dəyər?
- Nənəm deyərdi ki...
- Bilirəm nə deyərdi. Ancaq mənim nənəm başqa şey deyərdi. Deyərdi ki, atanın gözü daha tez uşağa dəyir.
- Nə deyim, vallah, hər halda, uşağı gözlərimizdən qorumalıyıq… Çox gözəldir axı, mənim balam.
- Yaxşı, götürmə uşağı, axırda dəli edəcəksən.
Tuqay onların evinə əlavə nur, bir dünya işıq gətirmişdi. Çox sevinirdilər, gözlərindən bəxtəvərlik yağışları yağırdı. Bu bəxtəvərliyə bir kölgə salan məqam var idisə, o da Ziyadın ata-anasının hələ də onlara qarşı olan soyuq rəftarlarından yaranırdı. Onlar Ziyadgilə demək olar ki, zəng etmir, onlarla maraqlanmırdılar. Tuqay dünyaya gələndə də zəng edib Ziyada, gəlinlərinə gözaydınlığı vermədilər. Bir az gözlədi, sonra Ziyad əlləri əsə-əsə dəstəyi götürüb evlərinə zəng çaldı.
- Salam, ata, mənəm.
- Kimsən?
- Ata, mənəm, Ziyad...
- Yaxşıyıq.
- Ata…
- Dəstəyi anana verirəm.
Bu beş-on saniyə beş-on il qədər uzun göründü Ziyada. Elə bildi ki, daha anası yoxdu, gedib bu dünyadan, bir də geri qayıtmaz.
- Alo, kimdi danışan?
Yox, anasının səsiydi. O heç yana getməmişdi.
- Mənəm, ana… Necəsiniz? Bilirsiniz, oğlum olub…
- Bilirik, bala… Gözünüz aydın olsun… Amma ona babanın adını qoyma.
- Yox, ay ana, adını artıq qoymuşuq, adı Tuqaydı.
- Lap yaxşı, adıyla böyüsün.
Araya səs-küy düşdü, sonra xışıltı qopdu, telefon əlaqəsi kəsildi.
Ziyad telefonun yanında oturub gözləyirdi. Elə bilirdi indicə telefon zəng çalacaq, dəstəyin o başından atasının ötkəm səsi eşidiləcək, Ziyadı təbrik edib, sonra gəlinini çağıracaq. Ancaq belə olmadı. Nə telefon zəng çaldı, nə atasının səsi gəldi.
Əvvəllər atası belə deyildi axı; nəvəsini qucağında gəzdirən bir baba görəndə, həsrətli baxışlarla onu süzərdi. Sonra göylərə, Allah oturan yerə baxıb, yeyin addımlarla uzaqlaşıb gedərdi.
Ziyad aydın, apaydın bilirdi ki, atası baba olacağı günü gözləyir. Bəs bu soyuq danışıq… Yox, ola bilməz, yəqin hardasa texniki problemlər yaranıb, telefonlar xarab olub. Hə, yadına düşdü, axı evlərindəki telefonun məftilində zədə vardı. Yəqin o zədə tərpənib, telefon əlaqəsi kəsilib. O müşkül həll olunan kimi…
Ziyadın narahatçılığını Nazənin duydu. Ürəyində sıxılsa, Ziyadın ata-anasından incisə də bunu üzə vurmadı.
- Ziyad, bizim kənd telefonlarını bilmirsən? Yəqin simləri yenə ildırım vurub.
Elə bil bu sözlərdən Ziyad təskinlik tapdı. Nazənini qucağına götürüb, o biri otağa apardı.
- Bura niyə gətirdin?
- Tuqay artıq yekə oğlandır, qoy görməsin ki, onun anasını…
Sonra tez-tələsik Nazənini soyundurdu. Yatağa uzadıb, özü soyunmağa başladı.
Tuqay yuxudan ayılıb, yerinin içində oynamağa başlamışdı. Ziyadla Nazənin isə hələ də bir-birlərindən doymamışdılar.
Ziyadın ayaqda güclə dayandığını görən Nazənin gülməkdən özünü saxlaya bilmədi.
- Deyəsən, on beş günün həsrətini bir gündə çıxarmaq istəyirsən.
Ziyad yenə Nazəninin yanına uzandı. Başını onun yumru döşlərinin arasına qoyub, əlini pünhan yerlərdə gəzdirdi.
Amma gecəyarıya qədər qulağı o biri otaqda, telefonun yanında qaldı. Telefon isə susurdu…
Dənizdə işləmək hər adamın işi deyildi. Əvvəla dənizə qəlbində dəruni bir sevda olmalıydı. Dənizi yaxın adamın kimi, sevgilin qədər sevməli, ona bağlanmalıydın. Sonra onun çətinliklərinə dözməli, sınaqlarından çıxmağı, hər əzab-əziyyətinə dözməliydin. Onda dəniz də sənə bağlanar, sakit və təlatümlü qoynunda yer verər. Bunları yuxarıda oturanlar da yaxşı bilirdilər. Onlar hərdən maraq üçün dənizçilərin yanına gəlir, elə bil dənizin və dənizçinin nə olduğunu daha yaxından izləmək istəyirdilər. Bəlkə elə buna görəydi, dənizçilərin həyat şəraitlərini yaxşılaşdırmaq üçün tez-tez qərarlar verirdilər. Gah əlavə güzəştlər edir, on üçüncü əməkhaqqı ayırır, hələ ildə bir dəfə uzaq-uzaq yerlərə gəzməyə də göndərirdilər.
Ziyadın bu dəfəki məzuniyyətini Bolqarıstanın gəzməli və görməli yerlərinə salmışdılar. O yerlərə gedib qayıdanlar dil-boğaza qoymadan elə xoş sözlər danışırdılar ki, adam quşlardan qanad alıb o yerlərə uçmaq arzusuna düşürdü. Lakin nədənsə Ziyad Bolqarıstana getmək təklifindən o qədər də məmnun qalmadı. Kəndləri könlünə düşmüşdü. İstəyirdi arvadını, uşağını götürüb kəndə getsin. Bütün məzuniyyət müddətini o yerlərdə keçirsin. Sulu bulaqların, yaşıl çəmənlərin, romantik və xatirə dolu dağların qoynunda dincəlmək ona xaricə getməkdən daha çox xoş gələrdi. Axı nə müddət idi kəndlərinə getmirdilər. Atasından, anasından, bacısından ötrü də yaman darıxmışdı. Bu müddətdə heç onlar da Bakıya gəlməmişdilər. On gündə, on beş gündə bir dəfə telefonla danışmış, salamlaşıb, sağollaşmışdılar.
Ziyad nə qədər ört-basdır eləməyə çalışsa da, doğmalarının soyuq münasibəti Nazəninin əsas düşüncə nöqtəsinə çevrilmişdi. Son zamanlar Nazənin artıq bu münasibəti dilə də gətirir, hərdən Ziyadı məzəmmət eləməkdən çəkinmirdi.
- Səninkilər məni sevmirlər.
- Bu nə danışıqdır?
- Görürəm də.
- Onlar səni niyə sevməsinlər, axı?
- Bilmirəm. Yəqin ağır daş olub, başlarına düşmüşəm.
- Nazənin, sən nə danışırsan?
- Düz deyirəm də. Gəlin var qayınatanı, qayınananı heç adam hesab eləmir. Mən isə neçə ay bir qul kimi onların qulluğunda dayanmışam.
- Yaxşı-yaxşı, boş-boş danışma, kəndə gedərik, onda görərsən ki, səni nə qədər çox istəyirlər.
- Mən cəhənnəmə. Gəlib bir nəvələrini də görmədilər. Demirlər ki, oğlumuz Bakıda ev alıb, övlad sahibi olub, gedək heç olmasa dilucu gözaydınlığı verək. Mənim anamın fikri burdadır. Əlinə keçəni bizə göndərir. Dul qadının işi yollarda keçir. Hələ bacım, Bakıya köçəndən hər gün bizə baş çəkir. Bu mənimkilər, o da səninkilər…
Ziyad qapını çırpıb eşiyə çıxdı. Əsəbdən əlləri əsirdi. Ona ən çox təsir edən Nazəninin sözlərinin içində olan həqiqət idi. Acı olsa da, onun dediklərinin çoxusunda dilə gətiriləsi mümkün olmayan bir həqiqət vardı.
Əvvəllər belə deyildi Nazənin. Çətinliklə də olsa onların soyuqluğunu malalayır, söhbətin dərinləşib, ürək ağrıdan məcraya düşməsini istəmirdi. Bunu Ziyad aydınca hiss edirdi. Bu hissetmə də, əslində Ziyada pis təsir edir, Nazəninin rola girməsindən əsəbiləşir, qəlbində olanları dilinə gətirməsini istəyirdi. O biri yandan… Qəlbinin dərin guşəsində Nazəninin susmasını, elə belə qalmasını və günlərin birində vəziyyətin dəyişəcəyini, doğmalarının onlara isti münasibət bəsləyəcəyini arzulayırdı.
Bəlkə kəndə getsəydilər. Bəlkə… Bu bəlkələr burulğanında boğularkən Nazənin qəti qərarını verdi.
- Mən kəndə getməyəcəyəm!
Ziyad onu zornan, döyə-döyə kəndə apara bilməzdi ki. Belə olsaydı münasibətlər bəlkə daha da korlanar, idarəolunmaz həddə çatardı.
Xaricə getməyə hələ üç gün vaxt qalırdı. Bu müddət ərzində kəndə getmək, ata-anasına dəyib, geri qayıtmaq olardı.
Həm atası, həm anası, elə kəndin özü də bu dəfə başqa cür göründü Ziyada. Atası saqqal saxlamışdı. Qıvrılmış ağ saqqal tükləri atasını olduqca yaşlı göstərirdi. O heç vaxt atasını belə görməmişdi. Yadına gəlir, kənddə bir hadisə olanda, birisi rəhmətə gedəndə kəndin kişiləri bir neçə gün üzlərini qırxmazdılar. Ölən adam cavan olanda bu müddət daha da uzanardı. Sonra yas sahibinin təkidi ilə kişilər saqqallarını qırxardılar.
Ziyad atasını görəndə nigaran qaldı, elə bildi kənddə ölən var. Ancaq bunu atasından soruşmağa ehtiyat elədi. Məqam tapıb anasına yanaşdı.
- Ana, ölən var?
- Yox.
- Bəs niyə atam saqqalını qırxmayıb?
- Deyir, daha saqqalımı qırxmayacağam.
- Bəlkə molla-zad olmaq istəyir?
Ziyad araya şirinlik salmaq istədi. Amma anasının dodaqları qaçmadı.
Anasının da saçları çox ağarmışdı. Bu müddətdə bir neçə yaş qocalmışdı, elə bil.
Kəndin ağacları, dağları da çox yaşlı görünürdü. Ziyad bütünlüklə heç vaxt kəndi belə qoca, kədərli və məsum görməmişdi.
İki gün kənddə qalıb, geri qayıtdı. Bu iki gün ona çox uzun bir müddət kimi göründü. Yoldaşlarının, dostlarının da gözünə görünmədi. Həyət-bacada gəzib-dolandı, sakit cığırlardan keçib dağların qoynuna qalxdı. Nə qədər çalışsa da, keçmişdə qalan xoş xatirələrini oyada bilmədi. Sanki o xatirələr dərin yuxuya getmişdilər. Və Ziyadın bu halıyla o xatirələrin oyanıb onun könlünə sığal çəkməsi mümkün deyildi.
Atasını hardasa başa düşürdü. Onun sözünü yerə salmışdı, öz dediyini eləmişdi. Ataların kinli olduqlarını, övladlarını səhvlərinə görə bağışlamadıqlarını, hətta onları ağır cəzaya məruz qoyduqlarını da bilirdi. Ancaq analar başqa cür olurlar, axı. Analar ana qəlbləri ilə bacarmır, kövrək hisslərin əsiri olur, övladlarının ən ağır cinayətlərini belə bağışlamağa bəhanə tapırdılar. Bəs onun anası niyə belə daşürəkli olmuşdu? Ziyad nə eləmişdi, axı? Ata-ananın bəyənmədiyi bir qızı sevib, onunla ailə qurmaq bu qədərmi ağır özbaşınalıq hesab olunurdu? Axı anası hər vaxt ona ancaq öz kəndlərindən qız tapıb evlənməyi tövsiyə edirdi. Dönə-dönə dilinə gətirirdi ki, adam öz kəndini qoyub, başqa yerdən qız almaz. Nə bilirsən, sevəcəyin o qız hansı yuvanın quşudur, hansı dərənin azmışıdır. Ancaq kənddə hamını tanıyırsan, kimin-kim olduğunu yaxşı bilirsən. Və axırda inadla təkrar edirdi ki, öz kəndimizin ən pis qızı başqa kəndin ən yaxşı qızından yenə yaxşıdır.
Ziyad bu fikirlə daxilən razılaşmır, qəlbində gizlincə bu fikrə qarşı üsyan qaldırırdı. Üzdə isə qeyri-səmimi də olsa, anasıyla razılaşır, gülümsünüb ona öz kəndlərindən gəlin gətirəcəyinə söz verirdi. Bəs bu nə oyun idi çıxarırdılar? Bu qədər laqeydlik, biganəlik ola bilərdimi? Gəlinləri bir yana, dünyaya gələn ilk nəvələrinə qarşı bu qədər soyuqluq Ziyadı üzürdü. Ziyad kəndə gələndə atası nəvəsini heç soruşmadı da. Anası isə dilucu Tuqayla maraqlanıb, elə dilucu da boyunu oxşadı.
Şəhərə qayıdanda iç otaqda yorğan-döşəkləri səliqəyə salan anasının yanına gəldi.
- Ana, bəlkə səni də Bakıya aparım?
- Niyə, ay bala?
- Gedib nəvəni görərsən, evimizlə tanış olarsan. Mən xaricdən gələnə qədər gəlininin yanında qalarsan.
- O, tək qalmır, o barədə narahat olma.
- Bəs kimnən qalır?
- Bacısı, rəfiqələri…
- Onu hardan bilirsən?
- Niyə bilmirəm? Qayınanan kənddə danışıb ki, qızım Bakıda bir dünya hörmət qazanıb. Deyib, bu qız elə Bakıda doğulmalıymış…
Dostları ilə paylaş: |