Roman Əməlləri ilə qiyamət gününü yaxınlaşdıranlar bu dünyanın ən bədbəxt məxluqlarıdırlar



Yüklə 1,76 Mb.
səhifə7/13
tarix03.02.2017
ölçüsü1,76 Mb.
#7502
1   2   3   4   5   6   7   8   9   10   ...   13

Çox başını aparandan sonra Nazəninin işləməyinə izin vermişdi. Ancaq onun işlədiyi müddətdə Ziyadın qara şübhələri bir az da şiddətlənmişdi.

Uşaqlara Şahnaz baxırdı. Ya gəlib yanlarında durur, ya da özü ilə götürüb aparırdı.

Belə üzüntülü vəziyyət bir ilə kimi davam elədi. Və Ziyad Nazəninin qırmızı bir maşına oturub getdiyindən şübhələndiyi vaxt…

Ziyad o gün işdən bir az tez gəlmişdi. İşin qaydasına görə o, evə gecə qayıtmalıydı. Amma axşam havanın dəyişəcəyini, güclü küləyin olacağını hava məlumatçılarından eşidən rəhbərlik onları işdən üç-dörd saat əvvəl azad eləmiş, vertolyot çağırıb, işçiləri sahilə yola salmışdılar.

Yaxşı ki bu gün onlar gəmi ilə dolaşıb, kəşfiyyat işini başa vurmuşdular. Külək tez başlansaydı onların işləri yarmçıq qala bilərdi. Elə bil tufanın da onlara rəhmi gəlmiş, hikkəli gəlişini təxirə salaraq, kəşfiyyatçıların işini başa vurmalarına şərait yaratmışdı.

Ziyad evə çatanda qapını bağlı gördü. Ehtiyat açarı götürməmişdi. Həm Nazənini gözləmək, həm də bəzi şeyləri almaq üçün evlərinin yaxınlığındakı dükana yaxınlaşanda gözlərinə inanmadı. Alaqaranlıqda Nazənin bir qırmızı rəngli maşına oturub getdi. Ziyad gördüyündən özünü itirdi. Əvvəl nə edəcəyini bilmədi. Sonra qərara gəlib, yanda dayanmış taksiyə oturdu və sürücüdən qırmızı maşını təqib etməsini xahiş etdi.

Ziyad oturduğu yerdə dayana bilmir, əlləri əsir, az qala sürücüyə qışqırıb o maşına çatmasını istəyirdi. Gah qırmızı maşına yaxınlaşır, gah da aralı qalırdılar.

Maşın burulub bir həyətə daxil oldu. Onlar da onun arxasınca… Ancaq bir anda qırmızı maşını gözdən qaçırdılar. Sanki maşını Tanrı əli ilə götürüb, göyün görünməz yerinə çəkdi.

Bir az dolanbac məhəllələr arasında key-key fırlanıb, qırmızı maşını axtardılar. Sonra sürücü bezib maşını saxladı.

- Qardaş, deyəsən sənin o qırmızı maşınını yerlər uddu. Vallah, bu qatmaqarışıq dalanlarda onu tapmaq olmaz.

- Yaxşı, onda sağ ol.

Ziyad tələsik sürücünün pulunu verib maşından düşdü. Piyada ayaqları yorulana qədər bəzi yerləri qaranlıq, bəzi yerləri alaqaranlıq, bəzi yerləri isə işıqlı dar dalanlarda dolaşdı. Gözlərini dörd eləyib qırmızı maşını aradı. Hə, axır ki, tapdı deyəsən. Ürəyinin döyüntüsü bir az da artdı, az qala gəlib qulaqlarına çatdı. Bir yer seçib dayandı. Dayandığı yerdə onu görə bilməzdilər. O isə ətrafı, gözündə qara kabusa dönən qırmızı maşının yan-yörəsini aydın görürdü.

Neçə dəqiqə keçdi; beşmi, onmu, bəlkə yarım saat, bilmədi. Amma bu müddət ona uzun və cansıxıcı gecələr kimi bitib-tükənməz qədərində göründü. Maşına yaxınlaşan kişini və qucağında uşaq olan qadını görəndə sevindiyindən nə edəcəyini bilmədi. Bu o, deyildi. Qucağında uşaq maşına əyləşib gedən tamam başqa, onun tanımadığı bir adam idi.

Yenə ürəyində inam şöləsi yandı. Bəlkə ona olan şübhələri yersizdir? Bəlkə qəlbində gizlənən və ona rahatlıq verməyən xain hisslər onu aldadır? Bəlkə qadınına olan bu şübhələriylə Tanrı qarşısında böyük günahlar qazanır? Və bir gün bu günahların haqq-hesabı ondan sorulacaq? Onda nə cavab verəcək? Deyəcək ki, bir yastığa baş qoyduğum qadına inanmamışam? Deyəcək ki, ömür-gün yoldaşıma qəlbimdə böhtanlar atıb, əxlaqsız qadınlarla bir tutmuşam? Deyəcək ki, uşaqlarımın anası olan bir qadına layiq olmadığı inamsızlıqla yaşamışam?.. Yox, yox, bunları ondan soruşmayacaqlar. O bu suallara cavab verməyəcək. Lazım gəlsə, qadınından dönə-dönə üzr istəyəcək. Ondan günahlarına görə bağışlanması təmənnasında olacaq.

Evə gəlib çatınca ikili hisslərin əlində çırpına-çırpına qaldı. Yolda imkan tapıb üç, dörd yüz qram araq da içmişdi. Son vaxtlar çox içirdi. Və işlədiyi yerdə onlara baxan həkim onun bu qədər içməyinin təhlükəli olduğunu deyirdi. O, isə heç nəyə baxmadan içir, siqareti-siqaretə calayırdı.

Qapının zəngini basdı. Həm keçirdiyi hisslərin, həm də arağın təsirindən qapının bir azca gec açılması onu az qala dəli edəcəkdi.

Qadınının gülümsər üzünü görəndə onun ayaqları altına düşməkdən özünü birtəhər saxladı. Qucaqlayıb Nazənini elə qapının ağzındaca öpdü.

- Neyləyirsən, ay Ziyad, qoy bir qapını bağlayım… Püf, yenə içmisən. Deyirəm axı, sən içəndə, başın dumanlı olanda məni sevirsən. Başqa vaxtlar elə qaşqabaqlı gəzib-dolaşırsan ki, elə bilirəm keçmişdə dədəmin dədənə borcu qalıb… Yaxşı, bir de görüm, nə əcəb bu gün belə tez gəlmisən?

- Tufan qopacaq, arvad, dünya dağılacaq.

- Nə, onu kim deyir? Yenə sinoptiklər gic-gic danışıb?

- Nazənin, səni nə qədər sevdiyimi bilirsən. Ona görə də gərək məni…

Nazənin mətbəxə keçdi. Ziyadın sözlərinin sonunu eşitmədi.

Nazənin bu gün çox yaraşıqlı görünürdü. Bəlkə heç ömründə Ziyad Nazənini belə qəşəng görməmişdi. Üzünə vurduğu ənlik-kirşan da bu gün ona başqa cür yaraşıq verirdi. Ayrı günlər belə bəzənəndə Ziyad ona hirslənir, bu bəzək-düzəyin ona heç yaraşmadığını və onu olduğundan da pis göstərdiyini deyirdi. Onun belə sözlərindən sonra Nazənin nə edəcəyini bilmir, hirsini uşaqların, qab-qacağın üstünə tökürdü. Bu gün isə… Ziyad həvəsə gəlib hələ Nazəninə şirin bir bayatı da dedi:

Əzizim, gündə gələ,

Gün çıxa, gündə gələ,

Vəfalı o yardı ki, -

Yanıma gündə gələ.

Belə şirin davranışı ərindən çoxdan görməyən Nazənin heyrət dolu nəzərlərlə onun üzünə baxırdı.

Və Ziyad gecənin gəlməsini, Nazəninlə bir yataqda olmasını gözləyirdi. İstəyirdi ki, o vaxta qədər beyninin dumanı tam çəkilməsin. Ömür-gün yoldaşına baldan şirin sözlər desin. Onu oxşasın, əzizləsin… Diləyə bilsə, ondan təvəqqə diləsin, desin ki…

Bu vədə telefonun uca cingiltisi onu diksindirdi. Dəstəyi götürdü. O başda kimsə bir az dinləyib, dəstəyi üstünə atdı. Azca ötmüş yenə zəng gəldi, naməlum adam yenə aram-aram nəfəs alıb əlaqəni kəsdi.

Ziyad bu zənglərdən bir az ayılan kimi oldu. Elə bil beynindəki tüstü-duman tədricən çəkilir, nəşə, ləzzət yerini yenə hüznə, kədərə, şübhəyə verirdi.

Nazənin qızının əlindən tutub, gülə-gülə Ziyadın yanına gələndə Ziyad özü də bilmədən bu cavabsız zənglərin haradan gəldiyini soruşdu:

- Bu kim ola, Nazənin?

- Mən nə bilim… Yəqin anandır, oğlundan nigaran qalıb. Zəng edib görsün nə təhər dolanır.

- Anamla işin olmasın. O, yaxşı qadındır.

Elə bil bu anlarda Ziyadın canında, ruhunda, xəyalında həzin ney havası çalındı. Bu ney havası onu götürüb bir anda uzaqlara, keçmişdə qalan günlərinə apardı.

Anası onu çox istəyərdi. Ziyad hiss edərdi ki, anası onu bacısından çox sevir. Bəlkə bu belə deyildi, bəlkə fəhmi aldadırdı onu. Ancaq hər halda, belə düşünürdü və nəyə görəsə elə belə də olmasını arzulayırdı. Atasının isə ondan daha çox bacısını sevdiyini duyurdu.

Bir günləri uşaq şıltaqlığı ilə bu fəhmini dəqiqləşdirmək istədi. Əvvəl anasından soruşdu:

- Ana, sən Allah düzünü de, Səmayəni çox istəyirsən, yoxsa məni?

- Hər ikinizi, - ana düşünmədən cavab vermişdi.

- Bəs ən çox?

- Ən çox səni.

- Nəyə görə? Axı o da sənin balandır.

- Ona görə ki, sən böyüyüb, əsgər olacaqsan, məni, bacını düşmənlərdən qoruyacaqsan…

Sonra atasının yanına gedib, onun dizləri üstə oturmuşdu.

- Ata, düzünü de, məni çox istəyirsən, yoxsa qızını?

- Hər ikinizi.

- Bəs ən çox kimi?

- Ən çox… Səmayəni.

- Niyə bəs ata?

- Ona görə ki, o sabah bir evin çırağını yandıracaq. O çırağın işığından atasına, anasına da nur düşəcək.

- Mən sənin çırağını yandırmayacağam?

Bu gözlənilməz sualdan özünü itirən ata onu dizləri üstündən yerə salmış, suala cavab vermədən, bir bəhanə taparaq ondan uzaqlaşmışdı.

Bir azca nasaz olanda, başı ağrıyanda anasının gözlərində elə qəribə nigarançılıq olurdu ki. Onun sağına, soluna keçir, dodaqları ilə qızdırmasını yoxlayır, istisi, baş ağrısı keçməmiş onun yanından aralanmırdı. Bu nəvazişdən Ziyad daha da ərköyünləşir, bəzən özünü yalandan xəstə kimi göstərirdi. Bunun üstündə neçə dəfə bacısı ilə də davaları düşmüşdü. Belə anlarda bacısı onun paxıllığını çəkirdi. Ona yanaşıb məqam gəzir, sataşmaq üçün əldən, ayaqdan gedirdi.

- Nəyindir, yenə xəstələnmisən? Yavaş ol, qızdırma səni öldürər. Əsgərə bax…

Onun sözlərindən Ziyad əsəbləşir, onu döyəcəyi haqqında xəbərdarlıq edirdi. Çox vaxt anası münaqişəyə qoşulur, qızını hədələyib, bayıra qovurdu.

Anasının yeməklərindən başqa Ziyad ayrı şey yeyə bilmirdi. Qohumlarıgilə qonaq gedəndə ac qayıdıb evlərinə gəlirdi. Anası məzəmmət edəndə:

- Ana, sənin kimi heç kəs yemək bişirə bilmir, - deyirdi…

Hələ indi Tuqayın evdə olmadığının fərqinə vardı.

- Bəs Tuqay hardadır?

- Xalası aparıb.

- Sən hardaydın?

- Saçlarımı rəngləmək üçün getmişdim. Şahnaz ikisini də aparmışdı. Getdim qızı götürdüm, Tuqay qaldı.

- Tuqay uşaq deyil ki, yekə kişidir. O, evdə otura, bacısına da baxa bilər.

- Ay Allah, sən söz güləşdirməkdən ötəri sino gedirsən.

Ziyad yenə içmək istəyirdi. Arvadına heç nə demədən bayıra çıxdı. Ən yaxın dükandan araq alıb, elə oradaca butulkadan başına çəkdi. Oradan uzaqlaşıb, kənar bir yerdə tənha guşə tapdı. Dəmir oturacaqda oturdu. Birdən-birə hönkürüb ağlamaq istədi. Atasının, onlar uşaq olanda dediyi sözlər yadına düşdü. O, deyərdi ki, kişi ömründə üç dəfə ağlayar. Bir ata, bir ana dünyadan gedəndə, bir də Vətən basılanda, düşmənin əlinə keçəndə.

Özünü zorla ələ aldı. Elə bildi ağlasa atası hardansa boylanıb onu görəcək. Birdən özünü itirən kimi oldu. Elə bil hər yerdə, hər ağacda, hər budaqda atasının gözləri vardı və o gözlər hikkəli-hikkəli ona baxırdı. Axı atası ölmüşdü, ilan gəlib onun ölən gözlərini yemişdi. Bəs bu nə işdir belə?.. Hə, insanın ruhu ölmür. Hər yandan ona baxan o gözlər də ölən atasının diri qalan ruhudur.

Ziyad başını aşağı dikdi. Əlləri ilə üzünü qapadı. Axı o, atasının qarşısında günahkar idi.

Atasının ağır xəstə olması xəbərini eşidəndə təcili işdən icazə alıb kəndə getmişdi. Cansız, ruhsuz atasını çarpayıda görəndə özünü saxlaya bilməmiş, astadan ağlamışdı. Uzanıb köksünə düşmüş ağappaq saqqalına tumar çəkib, ona nəsə demək istəmişdi. Bu anda atası gözlərini geniş açaraq gözdolusu ona baxmışdı. Sonra əlini gətirib oğlunun üzünə sığal çəkmişdi.

- Ağlama, oğul, inşallah günahından Allah keçər.

Ziyadın anası ərinin səsindən diksinmişdi. Düz gəlib başının üstündə dayanmışdı. Və sonralar Ziyada demişdi ki, atan bir həftə idi ağzını açıb bir kəlmə belə danışmamışdı. Elə bil səni gözləyirmiş. Son sözlərini demək üçün…

O sözləri deyəndən beş dəqiqə sonra atası gözlərini yumaraq həyata əlvida demişdi.

Ziyadın nə günahı vardı ki? Öz-özünü illər boyu aldadıb yaşasa da, deyəsən, qəlbinin içində günahkar olduğunu bilirdi.

Atasının meyiti ortada ola-ola anasının yavaşca onu qırağa çəkib, «bala, qoy gəlin zəhmət çəkib gəlməsin» deməsi və bu sözlərin bir az da əmrə oxşaması ona çox şeyləri anlatmış, daxilən günahını etiraf etməsinə gətirib çıxarmışdı. Yasdan sonra anasını dilə tutub Bakıya, evlərinə gətirmək istəməsini deməsi, onun tək qalacağından ürəyinin partlamaq qorxusunu yaratması və anasının onlarda qalması ilə günahının bir hissəsini yumaq arzusu da ürəyində qalmışdı.

- Tək niyə qalıram, bala, bacının qızı mənim yanıma köçəcək. Maşallah, yekə qızdır.

Onun bu ötkəm sözlərindən sonra day Ziyad başqa söz deyə bilməmişdi. Anasını qucaqlayıb ürəkdən ağlamış, qatara minib yetim qalmış quzu kimi geriyə qayıtmışdı.

İndi o özünü təkcə atadan yetim hesab eləmirdi. Elə bil hər yandan, hər yerdən tənhalıqlar onu qucur, qoynuna alır, yetim, kimsəsiz kimi göstərirdi. İnsanın yetimliyini özünə unutduran ən böyük qüvvə ömrünü bir yerdə keçirdiyi, bir yastığa baş qoyduğu ömür-gün yoldaşıdır. Kişi arvadından yetim qalanda isə…

Neçə illər özü-özüylə mübarizə aparsa da, özü-özünü təsdiq və inkar eləsə də bir hiss, o biri hissi zalımcasına basıb öldürsə də, yaşadığı əzab dolu illər onun bəxtəvərlikdən çox-çox uzaq düşdüyünə bariz nümunə deyildimi?

Arvadını bir gün sevir, o biri gün sevmirdi. Bir gün ona inanır, bir gün inanmırdı. Bir gün xain şübhələr qəlbini didir, başqa bir gün şübhələrin yerini kövrək inam, etibar əvəz edirdi. Bu inamsızlıq bir gün onun yaxasından yapışdı. Nazənini işdən çıxarıb evdə oturmasını əmr elədi. Bir gün o inamsızlığın təsirindən Şahnazı evindən qovdu.

Başqa bir gün…

Şahnaz yenə qayıdıb gəldi. Nazənin mələk donuna girib, Ziyadın könlünə həlim-həlim sığal çəkdi.

- Ziyad, sən bilirsən Şahnaz səni nə qədər çox istəyir?.. Deyir, elə bilirəm Ziyad mənim dopdoğma qardaşımdır. Hələ uşaqları demirəm. Onları duz kimi yalayır. Deyir, öz uşağım olsaydı, heç onları bu qədər sevə bilməzdim.

Yenə Ziyadın qəlbindəki xeyirxah mələk başını qaldırıb ona ağıllı, dərrakəli olmağı pıçıldamışdı.

Nazəninin, həm də Şahnazın qadın dost-tanışları evi su yoluna döndərmişdilər. Ziyad evdə olanda hələ bir az ayaqlarını çəkirdilər. Qonşuluqda yaşayan bir qoca qadının dediyinə görə, Ziyad işdə olanda evinin dabanı bir dəqiqə üstündə dayanmırdı. Bir xanım gedir, o birisi xanım gəlir, bütün günü ancaq işləri qəşəng-qəşəng xanımları qəbul edib, yola salmaq olurdu.

Ziyad Nazəninlə söhbət edirdi. Evlərinə gələnlərin kimliyi ilə maraqlanırdı. Bir az dərinə gedəndə isə Nazəninin yanaqları qızarır, əsəbi danışır, əlləri əsməyə başlayırdı.

- Dedin, evdə qaxıl otur, qaxılıb oturdum. İndi deyirsən rəfiqələrimlə də görüşməyim?.. Nə qədər zalımsan, ay Ziyad.

Belə olanda Ziyad yenə geri çəkilir, çox şeyləri ona güzəştə gedirdi...

Ancaq daha hər hansı bir güzəştə gedib-getməməyin elə bir mənası yox idi. Ya Ziyad qətiyyətlə qəlbindəki xeyirxah mələyi qovub ürəyinə daş bağlamalı, Nazəninə açıq şəkildə etimadsızlıq göstərməli, ya da özünü aldadıb, arvadına qarşı olan sevgi bağlarını tamam kəsib atmadan yaşamalıydı.

İçki və siqaretə aludəçiliyi onu işdə də hörmətdən salmağa başlamışdı. İş vaxtı da gizlincə içdiyini bilən müdiriyyət ona neçə dəfə xəbərdarlıq etmiş, ancaq bütün bunların nəticəsiz qaldığını görəndə nəyin və nələrinsə xətrinə çox dərinə getməmişdilər.

***
Bu gün ailə üçün ən əziz günlərdən biri idi. Tuqayın on yeddi yaşı tamam olurdu. Evdə hər bir hazırlıq görülmüşdü. Cürbəcür tortlar, şirniyyatlar bişirilmişdi. Bir neçə isti və soyuq yeməklər hazırlanmışdı. Nazənin, Dərya, bir də səbəbkarın özü təzə aldıqları pal-paltarları geyinmiş, özlərinə xüsusi bəzək-düzək vermişdilər. Şahnaz onlardan heç də geri qalmırdı. Aldığı bahalı paltar usta əlindən çıxmış saçlarına, üz-gözünə məxsusi bir yaraşıq verirdi. Evdə əsl bayram əhval-ruhiyyəsi hökm sürürdü. Çatışmayan bircə şey var idisə, o da atanın, yəni Ziyadın evdə olmaması idi. Ziyad yenə iş başındaydı. Əslinə qalanda o, icazə alıb oğlunun ad gününü evdə keçirə bilərdi. Ancaq Ziyad buna cəhd eləməmişdi. Heç ağzını açıb bu barədə müdiriyyətə bir kəlmə də olsun deməmişdi. Yoxsa onların ürəyi daşdan deyildi ki. Bir an belə düşünmədən Ziyada icazə verər, atanın oğlunun ad günündə onun yanında olmasına maneçilik törətməzdilər. Ziyad isə dinmədi, danışmadı, bu barədə onlara heç bir məlumat vermədi. Evdə isə… Ad gününə üç gün qalmış arvadını yanına çağırdı. Bir az özünü fikirli kimi göstərib Tuqayın ad günündən söhbət saldı.

- Naz, o günləri müdiriyyətlə danışdım, dedim, oğlumun ad günüdür. Evdə qalmaq üçün onlardan izin istədim. İcazə vermədilər, dedilər, nə bilim, dövlət komissiyası gələcək, nə bilim, yoxlama olacaq. Məni üzrlü sayın. Evə pul qoymuşam, necə lazımdır ad gününü keçirin. Məni də yanınızda hiss edin. Bu əlli manatı da Tuqaya verərsən, atasının adından özünə bir şey alar.

Nazənin bir kəlmə də artıq danışmadı. Elə bil onun bu sözlərini gözləyirdi. Bu barədə telefonda Şahnaza xəbər verəndə, deyəsən, simin o ucunda bacısı da bu xəbərə sevindi…

Evə xeyli adam yığılmışdı. İki nəfərdən başqa hamısı qadınlar idi. Kişilərdən biri Şahnazın əriydi. O biri kişini isə, deyəsən, evdə olanların heç biri tanımırdılar.

Bu adam bir qədər yaşa dolmuş, ancaq hələ də gənclik təravətini itirməmiş Sahib idi. Həqiqətən onu evə gələnlər arasında Şahnazdan başqa bir kimsə tanımırdı. Şahnaz da onu sonralar, çox sonralar tanımışdı. O vaxtlar tanımışdı ki...

Sahib üç-dörd dəfə maşınını dəyişmiş və yenə də qırmızı rəngli maşın almışdı. İndi bu maşında Nazənindən daha çox Şahnaz əyləşirdi. Elə onların evinə gəlməyinin səbəbkarı da Şahnazın özü idi. Dünən axşamüstü o Nazənini yanlamış və onu dilə tutmağa başlamışdı.

- Bacı, kişilərdən kim olacaq?

- Heç kim.

- Bəs, Tuqay taxt-tacında tək oturacaq?

- Deyirsən, kiminlə otursun?

- Bizim ölmüş gəlmək istəyir.

- Gəlsin də, nə olacaq? Bura onun öz evidir. Sən onu o qədər adam arasına çıxarmamısan ki, adamın inanmağı gəlmir.

- Ancaq, bilirsən, deyir, evdə kişi olmasa, mən gedə bilmərəm.

- Tuqay kişidir də.

- Bah, bah, Tuqaydan kişi olar?

- Sözünün canı nədir? O qədər gücənirsən ki.

- Sahib gəlmək istəyir.

- Bizə?


- Hə. Deyir, dəvət etsəniz gələrəm.

- Axı o, heç bizə gəlməyib.

- Gəlməyib, indi gələr. Həm onnan səni tanış edərəm, həm də…

Şahnaz qəhqəhə çəkib güldü. Onun sözlərindən, həm də yersiz qəhqəhə çəkib gülməsindən Nazənin xoşlanmadı. Hələ ürəyində ona acığı da tutdu.

- Bəs ərin soruşmayacaq ki, bu gələn adam kimdir?

- Eh, bəxtəvərin qızı, o, yüz qram içəndən sonra heç atasını tanımır. İçirdib sonra gətirəcəyəm.

Yenə elə ürəkdən güldü ki, bütün əzaları titrədi.

Sahibin onlara gəlməsini Nazənin bir yandan istəmirdi. Neçə illər idi Sahibin onların evlərinə gəlmək, onun uşaqlarını görmək istəyini ürəyində qoyur, yüz bir bəhanəylə onun bu gəlişinin qarşısına sədd çəkirdi. Bir yandan da ondan utanırdı. Axı o, Nazəninə çoxlu pul xərcləyirdi. O pulların hesabına Nazənin özünə, uşaqlarına pal-paltar, qızıl-mızıl alırdı. Və söz düşəndə Ziyadı aldadıb, bütün bunları ona yaxın rəfiqələrinin hədiyyə elədiklərini deyir, hələ üstəlik bu hədiyyələrin əvəzini vermək üçün Ziyaddan pul da alırdı.

Məclis başlayanda Şahnazın dediyi kimi, əri artıq hazır vəziyyətdə idi. O, deyir, gülür, şənlənir, yerinə düşən, düşməyən lətifələr danışırdı. Bir azdan o, idarəolunmaz hala düşdü. Şahnaz onu aparıb yataq otağına saldı. İndi məclis tamamilə Sahibin rəhbərliyi altına keçmişdi. O, hamıya bir-bir söz verir, hər sağlığın sonunda da badəsini doldurub başına çəkirdi.

Məclisdə olanların hamısı içirdi. Təkcə Nazənindən savayı. Nazənin içməyi bacarmırdı. İçəndə ürəyi qalxırdı. Bir-iki dəfə Sahib onu içməyə məcbur eləmiş, hər dəfə də bunun əziyyətini çəkmişdi.

İçkilərin hamısını Sahib gətirmişdi. Hamısı da bahalı və xaricdən gətirilən içkilər idi.

Səbəbkarın özü də içirdi. Bir il olardı ki, evlərinə gələn xanımlar ona içməyi öyrətmişdilər. Və bir azca içən kimi Tuqayın yanaqları qız yanaqları kimi allanır, gözləri xumarlanırdı.

Sahib yenə badələri doldurmağı təklif elədi.

- Bilirsiniz, rəhmətlik Ömər Xəyyam peyğəmbərə məktubunda nə yazırdı?..


Məndən Məhəmmədə yetirin salam,

Deyin ki, qarşında baş əyir Xəyyam.

Soruşun, nədəndir şəriətində,

Acı su halaldır, şirin mey haram?


Onun bu sözlərinə qadınlar əl çaldılar. Səs-küy salıb, badələrini bir-birinə vurdular.

- Ay Sahib, bu sözləri peyğəmbərə yazmaq olardı? Bunların hamısını içki düşkünləri özlərindən uydurublar. Hələ onu da uydurublar ki, peyğəmbər Ömər Xəyyama cavab qayıtarıb, deyib, «Nə zaman dedim ki, içməsin arif, mən meyi xamlara etmişəm haram».

Gözəl və gənc qadının dedikləri həm çaşqınlıq, həm də etiraz sədaları ucaltdı.

Sahib isə dediyi sözlərin həqiqiliyinə oturanları inandırmaq üçün başqa misallar çəkdi. Süni mübahisənin uzandığını görəndə söhbətə Nazənin qarışmalı oldu.

- Siz Allah, boş-boşuna səs-küy qaldırmayın. Onsuz da içki yaranandan bu mübahisələr olub, nə qədər içki var, yenə də olacaq. Həm də çox qəribədi, məndən başqa hamınız içirsiniz. Ancaq bir qisminiz içməyə çox pis məna verirsiniz. Əgər içki pisdirsə day niyə içirsiniz? Mənim kimi ondan aralı dayanın. Yoxsa dediyinizlə əməliniz heç uyğun gəlmir.

Məclis get-gedə qızışır, sifətlər qızarır, paltarlar bir-bir əyinlərdən çıxarılıb hara gəldi atılırdı.

Arada beş-on dəqiqəliyə Sahiblə Şahnaz gözə dəymədilər. O birilər başıdumanlı olduqlarından bunun fərqinə varmasalar da, Nazəninin nəzərindən yayınmadı. Bildi ki, onlar yan otağa keçib, qapını da bağlayıblar.

Bir saatdan sonra məclisdə olan ən gənc və ən gözəl qadın Sahibi həmin otağa çəkmişdi.

O qədər şənlənmişdilər ki, özlərini bilmir, nəzarəti itirir, danışıqlarında, hərəkətlərində məhdudiyyət dərəcəsinə dayan, dur qadağası qoymurdular.

Bədəninin xeyli hissəsi açıqda qalan qadınlar Tuqayı qucaqlayıb sinələrinə sıxır, boyalı dodaqları ilə onun bütün canını öpüşlərə qərq edirdilər. Tuqay o qadının, bu qadının qucağına dartılmaqdan nə edəcəyini bilmirdi. Qız səsinə bənzər cır səsi ilə qadınlardan qaçmağa çalışır, onların cəngindən qurtulmaq üçün əlverişli məqam gözləyirdi.

Tuqay çoxdan, lap uşaq olandan öyrənmişdi belə nəvazişlərə. Anasının, ən çox da xalasının gözəl-gözəl rəfiqələri onu isti və yumşaq qucaqlarında böyütmüşdülər. Əvvəllər, hələ oğlanlar bulağından su içmək istəyən vaxtları belə qadın mehrindən ləzzət alır, bir qadının qucağından o biri qadının qucağına növbə dəyişməkdən yorulmurdu. Xanımlar onun bütün canını, canında olan oynaq yerləri isti əlləri ilə qızdırır, bu yeniyetmə oğlanın hərarətindən öz yanar canlarına əlavə od salırdılar. Çox tez kişilik ləzzətinin dadını duymuşdu Tuqay.

Ancaq daha Tuqay o Tuqay deyildi. İndi hər vəcdlə qadınların qucağından qaçır, özünə kimsəsiz, sakit, tənha bir məkan axtarırdı. Hərdən evdə tək olanda, imkan tapanda anasının bəzək şeylərini axtarırdı. Üzünə xəfifcə pudra çəkir, dodaqlarına boya vurmaqdan özünü saxlaya bilmirdi.

Oğlan yoldaşlarından aralı gəzməyə çalışırdı. Qızlara daha çox meyl edir, onların söhbətlərini dinləməkdən zövq alırdı.

Onun orqanizmində baş verən mənfi dəyişikliyi artıq çoxları bilirdi. Anasının rəfiqələri, xalasının bacılıqları… Anasıyla xalası isə hələ bir şey anlamırdılar. Elə bilirdilər ki, Tuqay normal erkək ömrü yaşayır. Qızlara meyl göstərməsində də başqa məna görmürdülər. Bunu elə-belə, oğlan marağı kimi başa düşür, hələ yeri gələndə, bunu onun müsbət cəhəti kimi izah etməyə çalışırdılar.

Günlərin bir günündə…

Nazənin Tuqayın üzünə bəzək vurduğunu gördü. Ürəyi yarpaq kimi əsməyə başladı. Onu yanına çağırıb tənbeh elədi.

- Tuqay, sən neyləyirdin?

- Heç nə.

- Düzünü de.

- Sən nə gördün ki?

- Gördüm mənim bəzək əşyalarımı götürüb bəzənirsən.

- Yox bir.

- Gördüm axı, Tuqay. Bu kor olmuş gözlərimlə gördüm.

- Ana, bilirsən… sən düz görmusən. Ancaq bunu elə-belə, maraq xatirinə elədim.

- Burada maraqlı nə var ki?

- Sadəcə, qızların bəzənəndə hansı hissləri keçirdiklərini bilimək istədim.

- Qələt elədin, Tuqay. Bir də belə hərəkət eləsən atana deyərəm, başını kəsər.

Atasına bu barədə bir söz demədi. Amma ürəyində xırda, lap xırda bir xal qaldı. Düşündüyünü beynindən, ürəyindən qovmaq üçün bu gördüklərini uşaqlıq səhvinin ayağına yazdı. Və bu müdhiş olayı düşünməyə beynində yer saxlamamağa çalışdı...

Artıq məclis sona yaxınlaşırdı. Maqnitafonun da səsi avazımış, elə bil fırlanan lent də gücdən düşüb, əvvəlki şövqlə hərəkət eləmirdi. Qonaqlar tam dağılışandan sonra yorğun Sahib Nazənini o biri otağa çağırıb, ovcuna nəsə basdı. Kiminsə görməyindən ehtiyat eləməyib, Nazəninin dodaqlarından öpdü.

Bu vaxt heç Tuqayın özü də evdə yox idi. Onu təbrik eləmək üçün uşaqlar harasa çağırmışdılar.

Sahib qapını astaca örtüb getdi. Şahnaz ərinin yatdığı otaqda yerə sərilib, şirin-şirin yatırdı. Dərya qonaq evindəki kresloda büzüşüb yuxuya getmişdi. Nazənin pəncərənin qabağında dayanıb gecəyə baxırdı. Bu gecədə, gecələrin görünməz qaranlığında çox sirlər, çox sehrlər vardı. Bəlkə gecələrin sirrində gizlənənlər gündüzün işığına çıxsaydı, çox mətləblər açılardı. Onda bəlkə də dünya belə qalmaz, ya dağılıb dağılanlara qovuşar, ya da gündüzün işığında paklanıb başqa, bambaşqa olardı.

O qaranlıqda hələ Tuqay da görünmürdü. Və onun görünməməyi Nazənini üzürdü…

O gecənin sehri bir də orasındaydı ki, Ziyad işdə başına qara lent bağlamışdı. O, tez-tez harasa çıxır, yenə qayıdıb gəlirdi. Hər dəfə qayıdanda əhvalında bir dəyişiklik hiss olunurdu. Və o, köhnə maqnitafonda «Yas marşı»nı təkrar-təkrar səsləndirir, kiminsə ölümünə yas saxlayırmış kimi tez-tez udqunub, boğazına yığılmış qəhəri zorla udurdu.


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin