Roman Əməlləri ilə qiyamət gününü yaxınlaşdıranlar bu dünyanın ən bədbəxt məxluqlarıdırlar



Yüklə 1,76 Mb.
səhifə10/13
tarix03.02.2017
ölçüsü1,76 Mb.
#7502
1   ...   5   6   7   8   9   10   11   12   13

- Eybi yox, qoy yazsınlar. Yorulub, od püskürən qələmlərini yerə qoyacaqlar… Ancaq, bəzi məsələlərdə çox böyük səhvlər edirsən.

- O səhvlər nədən ibarətdir, yoldaş Semyonov?

- Bilirsən ki, sovet insanı hər bir işdə müstəqil və azaddır. Xüsusən, ailə və sevgi işlərində onların hüquqlarını pozmaq yaramaz. Belə məsələlərdə çox ehtiyatlı olmaq lazımdır... Yəqin bildin, söhbət nədən gedir?

Məmmədbəy daşın hansı bostana atıldığını anlasa da, özünü bilməməzliyə vurdu.

- Yox, deyəsən, sizi anlamadım.

- Anlamalısan, Məmmədov. Sən elə-belə adam deyilsən, nazir müavinisən. Buna görə də, belə məsələlərdə sənin hər hansı ehtiyatsızlığın işi gərginləşdirər və qarğa-quzğunun sənin üzərinə ayaq açmasına şərait yaradar.

Məmmədbəy çoxdan idi bu sözlərin ona deyiləcəyini gözləyirdi. Bilirdi və ürəyinə də dammışdı ki, onu nə vaxtsa çağıracaq, bir az öncə eşitdiyi sözləri deyəcəkdlər. Hələ bundan sonra nələri eşidə biləcəyini də təxminən ehtimal edirdi.

- Məmmədov, nəyə görə oğlunun ailə qurmasına mane olursan?

- Oğlumun?

- Bəli.

- Axı elə bir şey olmayıb.



- Bəlkə sən eşitmisən, ancaq yadından çıxıb. İş çox, qayğılar başdan aşır. Mən sənin yadına sala bilərəm. Sənin oğlun Duruqan erməni qızı Afinanı sevir. Bilirsən, Afina kimlərdəndir?.. Aran Mxitaryanı tanıyırsan?

- Tanıyıram. Onu Azərbaycanda tanımayan az adam olar.

- Bəs onu da bilirsənmi ki, Afina onun yaxın qohumudur?

- Yox, xəbərim yoxdur.

- Xəbərin olsun, Məmmədov. Bir az gözüaçıq olmağa çalış… Bilirsənmi ki, neçə aylardı sənin bu vəzifədə qalmağının səbəbkarı Afinadır?

- Başa düşmədim...

- Neçə müddətdir səni qarğa-quzğunun əlindən Afina qoruyur. Gələcək qayınatası kimi.

- Deməli, yoldaş Semyonov, qız evində toydur, oğlan evinin xəbəri yox?

- Oğlan evinin də xəbəri olar. Bayaq dedim axı, sevgi məsələlərində gənclərə maneçilik törətmək sovet məmuruna yaramaz. Özü də bu beynəlmiləl sevgi olanda məsuliyyət hissi birə-beş qat artıq olur.

Məmmədbəy oradan çıxıb evlərinə yollandı. Çiyinlərinin birindən elə bil ağır daş götürülmüşdü. Ancaq o biri çiyninə sanki, bu daşdan da ağır daşlar qoyulmuşdu. Bəs neyləməli? Belə məsələlərdə, ailə işlərində başqalarının təkidi və istəyi ilə razılaşmaq olardımı? Bu məsələdən yuxarılar necə xəbər tutmuşdular? Bəlkə oğlu hardasa dilini dinc saxlamamışdı? Yox, Semyonov dedi axı, o qızın qohumlarından yuxarılarda işləyən var idi. Yəqin qız bu barədə danışmışdı, söhbət böyümüşdü, gedib yuxarıda oturan qohumunun qulağına çatmışdı. İşə bir bax, sən Allah, ailə işlərinə də partiya orqanları və yuxarı təşkilatlar təsir göstərməyə başlamışdılar. Əslində belə təsirlər indinin işi deyildi. Çoxdan, lap çoxdan yuxarıda oturan yüksək çinli məmurlar hər şeyə, hər bir işə, hətta başqalarının ailə məsələlərinə belə müdaxilə edir, onların normal ahənglə sabahkı günlərə getmələrinə əngəllər törədirdilər.

Bunları düşünə-düşünə, götür-qoy edə-edə Məmmədbəy nə vaxtı gəlib evə çatdığını hiss eləmədi. Paltarlarını dəyişib, elə arvadının yanındaca ev geyiminə keçdi. Onun narahat hisslər burulğanında qovrulduğunu kişi qapıdan içəri girən kimi hiss eləmişdi. Ona görə də kişinin yanında dolanır, nə vaxt danışacağını gözləyirdi.

- Arvad, hazırlaş, oğlumuzu evləndirirlər.

- Necə yəni evləndirirlər?

- Elə-belə, sadəcə, evləndirirlər, vəssalam.

- Bizim oğlumuzu başqaları niyə evləndirir?

- Day orasını bilmirəm. Görünür, yuxarıdan tapşırıq belədir.

- Heç nə başa düşmürəm.

- Semyonovun yanına gedənə qədər mən də heç nə başa düşmürdüm. Onunla görüşəndən sonra hər şeyi anladım.

- Nəyi anladın, ay Məmmədbəy?

- Onu anladım ki, oğlumuzun ailə qurmaq məsələsi yuxarı dairələrdə geniş müzakirə olunub. Və qərara alınıb ki, Duruqanla erməni qızı Afina mütləq evlənməlidirlər. Yoxsa...

Məmmədbəy o biri otağa keçdiyindən Şəfəqnur onun son sözlərini eşidə bilmədi.

Neçə illər idi Məmmədbəy vəzifə başındaydı, ancaq hələ indiyəcən Şəfəqnur onun belə açı-saçıq danışmasını eşitməmişdi. Çox həqiqətləri, çox düzləri danışmamışdı Məmmədbəy. Danışa biməmişdi. Danışanda da, astadan, pıçıltı ilə demişdi sözləri. Elə astadan, elə pıçıltıynan demişdi ki, Şəfəqnur güc-bəlayla onu anlamışdı. Anlayandan sonra da elə eşitdiyi ritmdəcə onu sakitləşdirmiş, sabahı haqqında düşünməyi onun yadına salmışdı.

Lakin indi Məmmədbəy astadan danışmırdı. Elə ucadan danışırdı ki, qulaq verən olsaydı, alt və üst qatda oturanlar da onu eşidə bilərdilər.

Yenə deyinə-deyinə qayıdıb, arvadının qənşərində dayandı.

- İndi nə edək, yeganə övladımızın taleyini dəli fırtınaların qoynuna ataq?

- Bir az astadan danış. Bizim ailəmizin məsələsi qonşularda müzakirə olunmamalıdır.

- Mən yuxarı dairələrdən danışıram, sən qonşuların bizi eşidəcəyindən ehtiyat edirsən.

- Hər halda, biz öz ziyalılığımızı, bir də məmur məsuliyyətimizi qoruyub saxlamağı bacarmalıyıq.

Şəfəqnurun son sözləri, deyəsən, Məmmədbəyin qəlbinin incə siminə toxundu. Bir az özünü ələ almağı bacarsa da, danışığının tonunu hələ də səhmana sala bilməmişdi.

- Bu ailə işidir, Şəfəq. Bilirsən ki, ailə işi çətin işdir. Belə məsələlərdə xırda bir səhv gələcək ailəmin taleyini qaranlıq dərələrə yuvarlada bilər. Bunun məmur məsuliyyətinə nə dəxli var?

- Dəxli var, Məmmədbəy, dəxli var.

Şəfəqnur bu sözləri çox aşağı səslə dedi. Məmmədbəy onu güclə eşitdi. Ancaq bu aşağı səsdə böyük bir hayqırtı vardı. Və bu səs Məmmədbəyin qulaqlarına bir haray, bir bağırtı kimi gəlib çatdı. O, taqətdən dizləri bükülmüş halda stulun üstünə çökdü.

Və Şəfəqnur qəlbinin lap gizli yerində bir şeyə sevinirdi. Ona sevinirdi ki, bu anlarda nə yaxşı ki, nə Duruqan, nə də xidmətçi qadın evdə yox idilər.

***


Günortaya yaxın külək bir az səngimişdi. Ancaq günortadan sonra yenə sürətini artırmışdı. Hiss olunurdu ki, son üç gündə olduğu kimi yenə axşama doğru külək şiddətlənəcəkdi. Bunu dalğaların hərəkətindən də hiss etmək olardı. Sanki dalğalar indidən dərin nəfəs alır, bir az sonra başlanacaq döyüşə hazırlaşırdılar.

Duruqan maşının sükan tərəfində oturmuşdu. Ayaqlarını maşından bayıra çıxarmış, maşının qapısını sona qədər açıq saxlamışdı.

- Kari, Zarinin əlindən tut.

Duruqan fikirli olduğundan qızlarının ondan xeyli uzaqlaşdıqlarını hiss eləməmişdi. Maşından yerə düşüb, iti addımlarla qızlarına tərəf qaçdı. Onların əlindən tutub sahilə doğru çəkdi və həmişə olduğu kimi rus dilində böyük qızını danladı.

- Kari, sən uşaq deyilsən axı, artıq altı yaşın var. Zari səndən iki yaş balacadır, gərək onu dənizə girməyə qoymayasan. Görmürsən dalğaları, az qalır gəlib adamı altına alsın.

Ləpədöyəndən qızlarını çəkib qumlu sahilə, maşınına yaxın gətirəndən sonra yenə onları sərbəst buraxıb əvvəlki yerində oturdu. Maşının maqnitafonunda qəmli bir mahnı oxunurdu. Adını bilmədiyi müğənni dünyanın vəfasızlığına öz ağlar səsi ilə etirazını bildirirdi. Duruqan şəkilləri götürüb bir də baxdı. Gəlinlik paltarında Afina çox yaraşıqlı görünürdü. Afinanın yan tərəfində anası dayanmışdı. Duruqanın yanında isə Afinanın atasının əsəbi sifəti hələ də öz ciddiliyini qoruyub saxlayırdı. Düşüncəsinin mənasızlığına özünün də gülməyi gəldi. Şəkildəki sifətlər dəyişib başqa cür olmalıydı? İllər o cizgiləri başqalaşdırıb, özgə hala salmalıydı? Duruqanın nəzərləri bir xeyli qayınanasının üzərində dayandı. Sonra nə düşündüsə şəkilin o hissəsini arxaya qatladı. Asta-asta cırıb qayınanasını özlərindən ayırdı. Bir zibil qırığı kimi büküb qolu gəldikcə dənizə doğru tulladı. Şəkil dənizin sularına gedib çatdı, çatmadı, orasını bilmədi. Amma istəyirdi ki, şəkil dənizin lap ortasına düşsün.

Cırılmış şəkilə diqqətlə baxdı. İndi də qayınatası artıq görünürdü. Bu dəfə şəkilin o hissəsini arxaya qatladı. Cırdı, bükdü və uzağa atdı.

İndi şəkildən boylanan bəylə gəlin çox məsum görünürdülər. O şəkilin çəkildiyi anlarda necə, ondadamı belə məsum idilər? Yox, o anlarda Duruqan özünü dünyanın ən bəxtəvər bəndələrindən biri hesab edirdi. Onda Afinanın da xoşbəxtlərin dənizində üzdüyünə şübhəsi yox idi. Doğrudanmı bu beləydi? Uzun illərdən sonra bu sualın düzgün cavabını tapmaq Duruqan üçün o qədər də asan deyildi.

Qızlarını yenə yanına çağırdı. Karina Zarinanın əlindən tutub atasının yaxınına gətirdi.

Duruqan başını maşının arxa söykənəcəyinə dayadı. Nəzərlərini hüdudsuz səmaya zillədi. Elə bil o sonsuz kainatda Duruqanın nağıla dönmüş xatirə duyğuları mürgüləyirdi. Duruqan o mürgülü xatirələri oyatmaq üçün yaddaşına güc verdi.

…Toylarına ən ali qonaqlar dəvət olunmuşdular. Mərkəzi Komitədən də gələnlər vardı. Masabəyi toyu rus dilində aparırdı. Danışanlar da bəylə gəlini elə o dildə təbrik edirdilər. Süfrəyə ən ləziz və tapılmayan təamlar düzülmüşdü. Xaricdən gətirilən bahalı içkilər süfrəni daha da yaraşıqlı göstərirdi.

Afinanın atası danışanda o qədər sakitlik yaranmışdı ki, milçək uçsaydı, səsi eşidilərdi. Bu sakitlikdən ruhlanan qız atası elə bəlağətli sözlər işlədirdi, içkili adamlar sözlərin təsirindən dayana bilməyib, astadan ona dönə-dönə alqış deyirdilər.

- Xoşbəxtlik nədir? Bəzən deyirlər ki, xoşbəxtlik olmur, onu sadəcə insanlar özlərindən uydururlar. Mən isə belə deməzdim. Xoşbəxtlik heç də uydurma deyil. Kim deyə bilər ki, bu gün mənim qızımla Duruqan xoşbəxt deyillər? Əgər biz buna uydurma kimi yanaşırıqsa, deməli bu dünyada yaşamağa dəyməz... Mənim həyat yoldaşım bu axşam danışa bilməyəcək. Ona görə ki, bu izdivacdan çox kövrəlib. Duruqanın nişan üzüyü Afinanın barmağına taxılan gündən bu qadın özünü dünyanın bəxtəvər analarından sanır. Deyir, o gündən Bakıda daha bir təməl daşımız qoyuldu. Bu təməlin ucalıb böyük bir səltənətə çevriləcəyi gün heç də uzaqda deyil. Qadınımın sözlərində çox böyük həqiqət var. Uca, böyük və dağılmaz səltənət yaratmaq üçün belə xoş izdivacların sayını artırmaq lazımdır.

Çıxışın bu yerində məclisə gələnlərin bir xeylisi özünü saxlaya bilmədi, ona əl çalıb, afərin dedilər.

Sonra söz Duruqanın atasına verildi. Çox ciddi, bir az da fikirli görünən ata ciddi-cəhdlə hisslərini gizlətməyə çalışaraq, astadan danışmağa başladı.

- Mən bəy atasıyam və olduqca həyəcanlıyam. Desəm ki, ömrümdə bu qədər həyəcanlı olmamışam və belə hisslər keçirməmişəm, sözlərimin səmimiyyətinə inanın... Ata-ana üçün övladın ailə həyatı qurması, onların bir daha doğulmasıdır. İstərdim bizim bu yeni doğuluşumuz bizlərə əzab yox, ancaq sevinc gətirsin…

Necə oldusa bu anlarda Məmmədbəyin gözləri doldu, səsi titrədi. Çox çalışsa da, özünü ələ ala bilmədi, danışığını yarımçıq kəsib, oturduğu yerinə qayıtdı.

Bu anlarda Şəfəqnurun da gözlərində yaş gilələnmişdi. Məmmədbəy gəlib onun yanında oturanda Şəfəqnur daha dözə bilmədi, ağlayıb ürəyini boşaltdı və güllü dəsmalla gözlərinin yaşını sildi.

Toyun ən qızğın vaxtında Afinanın yüksək vəzifədə oturan qohumuna söz verildi. O, badəsini dolduraraq, mikrafona yaxınlaşdı. Bir xeyli deyəcəyi sözləri götür-qoy edib, mikrafonu söyürmüş kimi uca səslə təbrikini bəylə gəlinə çatdırdı.

- Deyirlər, bəy öz toyunda içməz. Deyirlər, gəlin öz toyunda içməz. Bunların hamısı boş sözlərdi. Toyunda bəy də içər, gəlin də. Badələrinizi doldurun!.. Bax belə… Hörmətli bəy, bu gün sənin sevincli günündür. Bəlkə də dediklərim gəlib sənə çatmayacaq. Ancaq eşitməyə çalış, yadında saxla. Bu gün Afinanı sənə əmanət veririk. Bu əmanəti yaxşı qoru. Onu da yadında saxla ki, bizim millətin qızları millətin ümumi mənafeyi naminə öz canlarından, qanlarından belə keçməyə hər zaman hazırdırlar. Tarixə nəzər salaq. Bu millətin xanımları torpaq uğrunda hansı çətinliklərə sinə gəriblər. Bu xanımların cəsarəti olmasaydı, bəlkə, heç bizlər də olmazdıq. Belə gözəl və cəsarətli xanımları olan millətin yolunda can fəda eləməyə dəyər.

Bəyə baxıb, barmağını silkələyə-silkələyə danışan çopur üzlü kişiyə gizlincə atmaca atanlar olsa da, çoxları onun sözlərini alqışlarla qarşıladılar və deyilən sağlığa badələri sona qədər içdilər.

Duruqan öz aləmindəydi. Bəzənmiş və bir az da gözəlləşmiş Afinanın qarşısında əriyir, gərdəyə girəcəkləri anı səbirsizliklə gözləyirdi. Ancaq arabir atasına, anasına da fikir verirdi. Son vaxtlar olduğu kimi bu axşam da onlar duyğulu görsənirdilər. Xoşbəxtlik anlarını yaşayan Duruqan belə duyğulu olmağı toyun üstünə atırdı. Övlad toyuydu axı, yeganə övladın birinci və sonuncu toy mərasimi. Daha onlar özlərini başqa cür apara bilməzdilər

Toyun sonunda gəlin atasının «Vağzalı» havasının çalınmasına və bu havanın sədaları altında bəylə gəlinin zalı tərk etmələrinə icazə verməməsi, onun yerinə bir qarışıq musiqinin səslənməsi Duruqanın xoş olan əhvalını korlaya bilmədi.

Bayırda atasının onu qucaqlaması, təbrik etməsi və çox nadir hallarda təsadüf olunan göz yaşını axıtması anında isə Duruqanın qəlbindən məlum olmayan bir gizilti keçdi. Sanki bu gecə Duruqanın xeyir gecəsi, şənlik çağı deyildi. Elə bil ata oğlu ilə gəlinini sehrli gərdək otağına göndərmirdi, son mənzilə, məzarın içinə yola salırdı.

Bu haldan bir az duyğulansa da, Duruqan tez özünü ələ aldı və maşına oturub Afinanın vüsalına qovuşmaq arzusu ilə qaranlığa doğru getdi…

Çox az müddətdən sonra Afina Duruqan üçün adiləşdi. Əvvəllər o, başqa cür düşünürdü. Elə bilirdi ki, həftələr, aylar, illər ötəcək, o, Afinanın sehirli haləsindən çıxa bilməyəcək. Uzun illər ondan doymayacaq, onun vüsalından usanmayacaq. Düşünürdü ki, bir gün ondan aralı qalsa, həsrət alovu qəlbini yandıracaq. Bu ayrılıq bir şahmara dönüb onun könlündən vuracaq. Onsuz qalmağın xəyalına belə dalanda qəlbi üşüyəcək və...

Və qısa zaman kəsiyində nələrin baş verdiyini heç özü də bilmədi. Bir onu bildi ki, artıq Afinanı qabaqlarda olduğu kimi sevə bilmir. Bildi ki, Afinadan doyub və Afina onun üçün adi, çox adi qadınlardan birinə çevrilib.

Bunu Afinadan gizlətməyə çalışsa da, qadın fəhmi qarşısında bunun çətin olduğunu anladı. Və günlərin birində qadını onun sinəsinə çöküb, olanların səbəbini ondan xəbər aldı.

- Məni niyə əvvəlki qədər sevmirsən?

- Sevirəm.

- Karinanın canına and iç ki, məni əvvəllər olduğu kimi sevirsən.

- Elə danışma. Bilirsən ki, mən and içməyi sevmirəm.

- Ancaq mən sizin evinizə yeni gələn vaxtlarda sən bütün dünyanı mənə qurban eləməyə hazır idin.

Afina bunları yalan demirdi. Yeni evləndikləri vaxtlarda Afinanın gözlərində olan gur işıqda yuyunmaqdan doymurdu Duruqan. Onu gecələr, hətta imkan düşəndə gündüzlər də oxşayıb, əzizləməkdən yorulmurdu. Kitablardan oxuyub yadında saxladığı, bəzən özünün quraşdırdığı qadın gözəlliyi haqqında xoş sözləri ilə geninə-boluna onun başına yağdırırdı ki, gəlin xumarlanıb, onun boynuna sarılmaqdan özünü saxlaya bilmirdi.

Afinanın gözlərinə çox baxırdı. Təkcə ona görə yox ki, o gözlərdə xüsusi bir gözəllik vardı, bir də ona görə baxırdı ki...

Uşaqlıqdan gözlərin sehri haqqında Duruqanda bir başqa münasibət yaranmışdı. Ona elə gəlirdi ki, ürəkdəki düşüncəni gizlədib, başqa şəkildə ifadə etmək olardı. Bir cür düşünüb, başqa cür danışmaq mümkün idi və elə insanların çoxu da belə edirdi. Bəlkə bu da dünyanın yazılmamış qanunlarından biri idi. Bu yazılmamış qanunu pozanda, başqa yazılan müşküllər ortaya çıxardı və adamı adam kimi yaşamağa qoymazdı.

Elə onda da, nişanlı olduqları çağlarda da onun gözlərinə baxmaq istəmişdi. Qız təkidlə gözlərini gizlətmiş, Duruqanın o gözlərin dərinliyinə varmasına imkan verməmişdi. Evinə gətirəndən bir müddət sonra o tilsimi sındırmış, istədiyi qədər o gözlərin gizlinlərini öyrənə bilmişdi. Onu da öyrənə bilmişdi ki, çox sevdiyi Afinanın gözlərində səmimiyyətin çırağı yanmır. Ona ən dəhşətli gələn isə o idi ki, öz xanımının gözlərindəki çətin görüləsi dərinlikdə məkr deyilən qorxulu nəsnənin işartıları vardı. Və bir az da bir yerdə yaşayandan sonra onu da çözüb, daxili aləmində tam qətiləşdirdi ki, bu məkrin işartısı günü-gündən böyüyür, alovlanır, atəşə dönərək çoxlarını, ən çox da Duruqanın özünü yandırır.

- Atam da sənin mənə olan soyuqluğunu hiss edib. Deyir, yaşaya bilmirsinizsə, mən səndən bezməmişəm, aparıb öz yanımda saxlaya bilərəm.

- Bir azdan ikinci övladımız dünyaya gələcək. Deyirsən, onları fidan yaşlarında həyatın frtınaları qoynuna ataq, boynubükük böyüdək?

Afina cavab verməyib, ağlamsınmışdı.

Bu aralarda işdə Duruqanın atasına qarşı təzyiqlər də çoxalmışdı. Hətta, öz katibəsinin əli ilə ona şər və böhtan ataraq iş uçotuna yazılmaqla töhmət də verdirmişdilər. Anası isə artıq üç aya yaxın idi ki, məktəb direktoru işləmirdi. Samballı bir komissiya düzəldib, Şəfəqnurun işlədiyi məktəbə göndərmişdilər. Ki, direktorun, eləcə də bütün məktəbin işə davamiyyətini, məktəbin ümumi vəziyyətini öyrənsinlər. Öyrənmişdilər də. Yekun izahatında qeyd olunurdu ki, məktəbdə vəziyyət heç də ürəkaçan deyil. Məktəbin daxili qanunlarında boşluqlar var. Müəllimlər arasında qruplaşmalar yaranıb. Başqa millətlərdən olan şagirdlərə ögey münasibət göstərilir və daha nələr, nələr… Şəfəqnur çox çalışıb şər qüvələrə qarşı mübarizə aparsa da, sonda gücü tükənmiş, məğlub olaraq, direktor kürsüsündən geri çəkilmişdi. Ona çox aşağı dərs saatı ilə həmin məktəbdə müəllim işləməyə icazə vermişdilər. Şəfəqnur çox düşünüb, bu işin arxasınca getməmək qərarına gəlmişdi. Axı neçə illərin direktoru necə gəlib başçılıq elədiyi müəllimlərin yanında pedaqoji fəaliyyətlə məşğul ola bilərdi? Buna onun hövsələsi çatardımı, əsəbləri tab gətirərdimi? Bu müəllimlərdən beşi onu sevirdisə, bir-ikisi də sevmirdi. Onu sevməyən müəllimlər sabiq direktorun onların yanında işləməsinə necə baxardılar? Onu lağa qoyub, istehzalı və tikanlı sözlər ataraq, gününü göy əskiyə bükməzdilərmi?

Ancaq Məmmədbəylə məsləhət-məşvərət edəndən sonra məktəbdə işləmək qərarına gəlmişdi. Məmmədbəy ömür-gün yoldaşına təskinlik verərək onu sakitləşdirməyə çalışmışdı, ruhdan düşməməyi, axıra qədər mətin olmağı ondan rica eləmişdi.

- Şəfəq, görəsən niyəsə, anlaşılmazlıq olub. Yəqin hər şeyi yaxşıca götür-qoy edib, səni öz yerinə qaytaracaqlar. Kişi arvadını tərifləməz. Ancaq sən elə bil bu dünyaya məktəb direktoru işləmək üçün gəlmisən… O biri tərəfə qalanda, mən nə qədər vəzifə başındayam, səninlə pis rəftar eləməyə cürət etməzlər. Məgər sən insanların düşüncə tərzini bu illər ərzində öyrənə bilmədinmi?..

Şəfəqnur ərinin sözləri ilə razılaşmışdı. Və nəyə görəsə ürəkdən gülərək Məmmədbəyi də öz gülüşünə qoşulmağa vadar eləmişdi.

Amma Şəfəqnur üzdə gülürdü, daxilində olan sarsıntıları, dalğalı əzabları üzə vurmamaq, Məmmədbəyi incitməmək və ruhdan salmamaq üçün bacardığı bütün aktyorluq məharətini işə salırdı. Məmmədbəy arvadının keçirdiyi sarsıntıları duyurdu və o da duyduqlarını gizlətməyə çalışırdı.

Hələ Şəfəqnurun bilmədiyi çox şeylər var idi. Şəfəqnur hardan biləydi ki, Afinanın «qılıncının altından» keçmədiyinə və yaxud, tərəddüdlə keçdiyinə görə, Məmmədbəyin başına hansı oyunları açırdılar?

Məmmədbəy anlayırdı öz səhvlərini. Və elədiklərinin səhv addım kimi yozulduğunu düşünəndə qəribə hisslər burulğanına düşürdü. Belə anlarda daxilində gülməyin, ya ağlamağın daha münasib olduğunu heç cürə ayırd eləyə bilmirdi.

Bütün bu həqiqətləri son vaxtlar Duruqan tam çılpaqlığı ilə anlayırdı. Anladıqlarını Afinaya demək istəməsə də, bəzən əsəbləri ona güc gəlirdi.

- Afina, sən öz səhvlərini başa düşürsənmi?

- Sən əvvəllər mənim səhvsiz olduğumu deyirdin.

- Deməli, səhvlərini görmürsən?

- Hansı səhvlərimi?

- Özün yaxşı bilirsən.

- Mən tapmaca tapmağı xoşlamıram, buna heç vaxtım da yoxdur. Sənə icazə verirəm, nə demək istəyirsən, birbaşa de.

Duruqan başını qaldırıb Afinanın üzünə baxdı. Ürəyində olanları, nə vaxtdan bəri ona deyə bilmədikləri sözləri düz gözünün içinə demək istədi. Ancaq onun gözlərindəki alov Duruqanın dilini qarsdı. Ağzına yığdıqlarını kal meyvə kimi içəri udub, dalbadal udqundu. Bu üzücü fasilədən istifadə edən Afina məqamı fövtə vermədi. Hücuma keçib, ürəyini boşaltdı.

- İlk sevişdiyimiz vaxtlarda sən belə deyildin, Duruqan. Mənə böyük klassiklərin məhəbbət, sevgi haqqında dediyi sözlərdən sitatlar gətirərdin. O qədər xoş sözlər deyərdin ki, pişik kimi yumşalıb, sənin ağuşuna qısılardım. Hətta, dəfələrlə bütün dünyanı mənə qurban verməyə hazır olduğunu deyərdin. İndi nə oldu sənə, kimlər qulaqlarını doldurdu? Əgər keçmişdə olanları sənə anladıb, səni mənə qarşı qoyacaqdılarsa, bu məhəbbət oyunu nəyə lazım idi?

Duruqan gözlərini döyə-döyə müdafiə vəziyyəti almışdı. Heç Afinanın dediyi son sözlərin mənasını anlamırdı da.

- Böyük məhəbbətlərdə həmişə qadınlar deyən olur. Yadında saxla, bura mənim və sənin evindir. Dünyaya gələn uşaqlarımız da birinci məni, sonra səni tanıyacaqlar. Mənim necə ağıllı xanım olduğuma bəlkə şübhən var?.. Uşaqlarımız da ağıllı olacaqlar. Buna əsla şübhən olmasın. Bu dünya bir dəyirmandır, kim ki, ağıllı oldu, dəyirmanın gözündən sağ çıxacaq, ağılsız və zəkasız olanlar isə dəyirmanda üyüdülüb, başqalarına yem olacaqlar. Mən dəyirmandan sağ çıxmağı bacaran, qüdrətli xalqın mərd qızıyam. Övladlarımız da anaları kimi cəsur olmağı bacaracaqlar. Buna şübhənmi var?

Duruqan daha heç nə eşitmirdi. Qulaqları tutulmuşdu, elə bil. Ancaq Afinanın dodaqlarının açılıb-yumulduğunu görürdü...

Başını ovxalayıb, xəyaldan ayrıldı. Şəkilləri yenə əlinə götürüb bircə-bircə baxdı. Kəsdiyi şəkillərdən Afinanı da kəsib götürdü. Tək özü qaldı.

Qızlar gözünə dəymirdi. Deyəsən, ondan çox uzaqlaşmışdılar. Duruqan həyəcanlandı. Bir sıçrayışla maşından yerə düşüb, ətrafa boylandı. İns-cins gözə dəymirdi. Sahil yalqız adanı xatırladırdı. Bir özünü ora-bura vuran, narahat-narahat çırpınan dəniz vardı, bir də qumlu və tənha sahil. Duruqan hansı tərəfə üz tutacağını bilmir, o yana, bu yana vurnuxurdu.

Uzaqdan, lap uzaqlardan qoşa, ağ kölgəyə bənzər işartını gözləri aldı. Amma bilmədi bu qoşa işartı onun qızlarıdır, yoxsa, dənizdə yem axtaran qağayılardır.


***


Səbrigül qab-qacağı yuyub-yığışdırdı, ev-eşiyə əl gəzdirdi. Qapının zəngi vurulanda artıq nahar yeməyinin də hazırlığını görmüşdü. Gözlükdən baxıb qapını açdı. Şəfəqnur əlində kağıza bükülmüş iynə-dərmanla dodaqlarının ucunda deyinə-deyinə içəri keçdi.

- Kişi deyirdi, mən inanmırdım, həkimlər məni əməlli-başlı xəstə çıxardılar.

- Allah eləməsin, ay Şəfəqnur xanım.

- Mən də deyirdim eləməsin, ancaq eləyib. Altı-yeddi cür xəstəlik tapdılar.

Səbrigül onun soyunmağına kömək elədi.

- Həkimlərin deməyinə o qədər də inanma. Onlara qalsa, pəhləvanı da xəstə edib, reanimasiyaya uzadarlar.

- Gərək Tolikin arvadına xəbər göndərəm, gəlib iynələrimi vura. Zalımın qızı damara elə iynə vurur, adamın ruhu da incimir.

Səbrigül Tolikin arvadını tanımırdı. Ancaq yaxşı tibb bacısı olduğunu çoxlarından eşitmişdi.

Bir ilə yaxın idi ki, Səbrigül Məmmədbəygilin evində qalırdı. Həm ev işlərinə baxırdı, həm də axşam şöbəsində təhsil alırdı. Hər ayın başında Məmmədbəy girəvəyə salıb onun cibinə beş-on manat pul da basırdı. Onu elə edirdi ki, Səbrigül utanmasın.

Duruqan arvadının təkidi ilə başqa evə köçəndən sonra bu evə bir adamın qulluq göstərməsinə zərurət yaranmışdı. Çünki çoxdan bu evə alışan, ömrünün bir hissəsini bu evdə keçirən rus qadınını da Afina götürüb özü ilə aparmışdı.

Duruqan ata-anasından ayrılmaq istəmirdi. Onları tək qoymaq bir oğul kimi ona ağır gəlirdi. Lakin Afinanın sonsuz təzyiqləri onu bu dəfə də məğlub duruma gətirdi.

Bu qərarın verilməsində atasının da rolu oldu. İki daş arasında qaldığını, sıxılıb-sınıxdığını, əzab çəkdiyini görən ata Duruqanı təklikdə tutub, dərdinə sığal çəkməyə çalışdı.

- Oğul, daha bütün bunlardan keçib. Ürəyini üzmə. Ayrı yaşayanda nə olar? O evlə bu evin heç beş dəqiqəlik yolu yoxdur. Bəlkə elə belə yaxşıdır. Sabahdan köçün, gedin. Biz də tez-tez sizə baş çəkəcəyik.

Duruqanın ürəyi doldu. Bir anda açılıb qara bulud kimi gözlərindən yaşlar tökmək istədi. Ancaq özünü yığışdırdı. Bütün gücünü səfərbər edib atasına nələrisə danışmaq keçdi könlündən. Özünü ələ alana qədər artıq atası evdən çıxmışdı. Anasını axtardı. O da evdə yox idi. Duruqan çırpına-çırpına uzun gecəni səhər elədi.

Durub geyinəndə isə artıq Afina evdən götürəcəkləri şeyləri qablaşdırıb, maşınlara yığdırmışdı. Bütün bahalı, ənlik malları silib-süpürüb götürmüşdü. Elə bil başqa, uzaq bir diyara köç edirdi və getdiyi yerdən bir daha geri qayıtmayacaqdı.


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin