Roman Əməlləri ilə qiyamət gününü yaxınlaşdıranlar bu dünyanın ən bədbəxt məxluqlarıdırlar



Yüklə 1,76 Mb.
səhifə12/13
tarix03.02.2017
ölçüsü1,76 Mb.
#7502
1   ...   5   6   7   8   9   10   11   12   13

Söhbət dolaşıb Məmmədbəyin də qulağına çatmışdı. Sabiq nazir müavini çaş-baş halda gəzişir, bir yerdə dura bilmir, bu söhbətlərin nə ilə qurtaracağını gözləyirdi.

Sonda ümidi yenə Afinaya qaldı. Sakit vaxt tapıb, onların evinə getdi. Dərdini açıb gəlininə danışdı. Gəlini xüsusi bir ədayla, meyvə yeyə-yeyə otaqda gəzişir, kişinin sözünü kəsmədən onun söhbəti bitirməsini gözləyirdi. Məmmədbəy sözlərini bitirəndə Afina da meyvə yeməyini saxladı. Bir xeyli kişini başdan-ayağa süzüb əvvəl güldü, sonra danışmağa başladı:

- Qayınata, sənin belə vəzifəpərəst olduğunu bilmirdim. Noolub, ay kişi, rəngin niyə belə qaçıb? Xəzərdə gəmilərin batıb?.. Səhv işlərin sonu həmişə faciə ilə qurtarır. Əslində sizin səhvləriniz çoxdan başlanmışdı. Bilirsən də, nəyi deyirəm? Oxusanız da, vəzifə sahibi olsanız da, hələ çox şeyi anlamırsınız. Ya da anlamaq istəmirsiniz. Bunu anlamağı qürurunuza sığışdırmırsınız... Qayınata, xəbərin varmı ki, Bakıda bütün mühüm işləri erməni gəlinlər idarə edir? Bunları bilmirsinizsə, yazıqlar olsun sizə.

Afina yenə güldü. Bu dəfə o gülməkdən yox, başqa cür güldü. Məmmədbəy isə ürəyində ağlayırdı. Gəlininin gülüşü ona matəm marşını xatırladırdı və bu anda Məmmədbəy ölməyi dünyanın ən böyük bəxşişi kimi Tanrıdan qəbul edərdi.

Əli ilə qalstukunu boşaltdı. İstədi bayıra çıxsın, yolu qabağına qatsın, uzaq, lap uzaq, şərdən, böhtandan, məkr və hiylədən iraq bir yer tapsın, sinəsini geniş açıb dərindən nəfəs alsın. Sonra da yaşıl, yamyaşıl otların üstünə uzanıb göylərə baxsın, Tanrıdan ya imdad, ya da ölüm gözləsin. Lakin nə düşündüsə ayaqlarını sıxıb getmədi. Bu dəfə yalvarışa bənzər nəzərlərlə Afinaya baxdı.

- Mən Duruqanın atasıyam. Uşaqların mənə baba deyirlər.

Afina ağzına nəsə atıb, bu dəfə gülməyini boğdu.

- Hə, anladım. Onu da bil ki, mən həm də yarım filosofam.

- Bilirəm, qızım, sən ali məktəbdə fəlsəfəni yaxşı oxumusan.

- Ona görə də, mənim dediklərimi qeyri-şərtsiz qəbul eləməlisən.

Məmmədbəyin qəlbində ümid şöləsi yandı. Yanını stula qoyub, intizarla onun nə deyəcəyini gözlədi.

- Birincisi, o ləçəri evinizdən təcili rədd etməlisiniz. O sizin evinizə fəlakətdən başqa bir şey gətirməyib. İkincisi, evi mənim adıma keçirməlisiniz! Qayınata, bunları etsəniz, elə güman edirəm ki, işləriniz səhmana düşər.

Afinanın bu dəfəki gülüşünü Məmmədbəy sona qədər dinləmədi. Ayaqlarına güc verib, oğlunun evindən uzaqlaşdı.

Onu belə halda görməmişdilər. Və Səbrigül, nə də ki, Şəfəqnur. Məmmədbəy qışqırır, söyüş söyür, anlaşılmaz ifadələr işlədir, həm arvadını, həm də Səbrigülü təhqir atəşinə tuturdu.

- Bütün günahlar səndədi, Şəfəq. Sən itin qızı ağıllı olsaydın, bunlar baş verməzdi.

- Mən neyləmişəm ki, ay Məmmədbəy?

- Neyləmişəm, neyləmişəm, canına dərd eləmisən. Bu qızı bizim evə niyə gətirirdin? Yetim qalmışdı, yiyəsi yox idi? Sən bilirsən ki, bizim başımıza nə gəlir, bu qızın üzündən gəlir? Sənin bu qohumunda iblisin tükü var.

- Sakit ol, Məmmədbəy, sən mənim canım, sakit ol.

Şəfəqnur xırıltılı səslə ona yalvardı. Səbrigül əlləri ilə üzünü qapayıb, pis yuxu görürmüş kimi nə edəcəyini, hara gedəcəyini kəsdirə bilmədi.

Şəfəqnur suya əsəb dərmanı qatıb, Məmmədbəyə uzatdı.

- İç, Məmmədbəy, iç.

- Nədi elə, zəhərdi?

- Yox, dərmandı, iç, sakitləş bir az.

- Xəstəyəm mən? Məni dəli hesab edirsən? Yox, indiyə qədər dəli olsam da, bundan belə ağıllı olacağam... Sən də, ay qız, səhərdən rədd ol, get mənim evimdən.

Şəfəqnur Məmmədbəyi ömründə belə görmədiyinə görə ona elə gəlid ki, kişinin başı həqiqətən havalanıb. O, Məmmədbəyi danışa-danışa qoyub, Səbrigülün qolundan tutdu, o biri otağa çəkdi. Qucaqlaşıb hönkürtü ilə ağladılar.

Səbrigül sabahı gözləmədi. Axşam günəş dağların arxasına aşanda, paltarlarını götürüb bu evdən birdəfəlik çıxdı.

Şəfəqnur ona dil töküb yalvarsa da, onsuz qala bilməyəcəyini, ölə biləcəyini desə də faydası olmadı. Gözdən itənə qədər Şəfəqnur qızın arxasınca baxdı. Qız kölgə kimi əriyib yox olandan sonra, zavallı qadın ən əziz adamını itirmiş kimi qollarını yanına saldı, gözləri yaşla doldu və o Səbrigülsüz evə qayıtmağın ağırlığını düşünüb, qaranlığa doğru getdi.

Məmmədbəy hələ də özünə gəlməmişdi. Evini gəlininin adına keçirəndən sonra azca rahatlıq tapdı. Amma bir həftədən sonra yenə əsəbləri oyandı və bu dəfə onu götürüb xəstəxanaya yatırdılar.

Afina qayınatasının xəstəxanadan çıxmasını gözləmədi. Müşkülləri bəhanə gətirərək, Şəfəqnurun göz yaşlarına baxmadı, evi satıb pulunu özünə götürdü...

Duruqan dilucu anasının onlarda qalmasını təklif elədi, Afina onun cavabını gözləmədən kirayə ev tutdu.

Şəfəqnur bu evdə otura bilmirdi. Baş götürüb hara gəldi gedirdi. Qorxurdu ki, birdən başına bir iş gələr, bir kimsənin xəbəri olmaz. Yenə məktəbdə dərsi olsaydı, bir az başı qarışardı. Bir-iki ay olardı məktəbdən də aralanmışdı. Dərs deməyə daha səbri çatmırdı.

Sərgərdan dolana-dolana çox şeylər haqqında düşünürdü. Bir də onu düşünürdü ki, daha Məmmədbəy yaşaya bilməz, xəstəxanadan çıxan kimi...

Elə düşündüyü kimi də oldu. Afinanın yolunu gözləyə-gözləyə dünyadan köçdü. Afinanı gözləyirdi ki, ondan imdad diləsin, bir də desin ki, ay gəlin, Duruqana rəhmin gəlsin, onu bədbəxt eləmə...

Məmmədbəy aram-aram danışa-danışa son sözlərini Şəfəqnura dedi. Dedi, arvad, Tanrı insana bütöv qismət yazmır. Bizim də qismətimiz bağrı yaralı oldu. Zəngin həyat sürsək də, mənalı ömür yaşaya bilmədik. Düşmənə əsir qalan böyük şəhərimizdə ona-buna yarına-yarına ömür sürmək əzabdan başqa bir şey deyildi. Tanrı məmləkətimizi düşməndən azad eləsin... Övlad da tale kimidi. Acısı da var, şirini də. Bizim övladımız bizə çox acılar gətirdi. Bunun günahkarı mənəmmi, sənsənmi, bəlkə zəmanədi, bilmirəm. Bildiyim odur ki, onun qisməti bizi cəhənnəmin əzabına düçar elədi... Təki oğlumuz bu cəhənnəmdə yanmasın, Allah onu bizə bağışlasın... Anna Mixaylovnanı görüb eləsən, deyərsən ki, bəzən itən övlad itməyən övladdan daha şərəfli olur. Deyərsən ki, itən övladına görə dərd çəkməsin... Bir də Səbrigülü tapıb geri qaytararsan. O, yaxşı qız idi. Qoy sənə ölüncə həmdəm olsun...

Gözlərini yumandan sonra Duruqan gəlib çıxdı. Bir ölmüş atasına, bir qurumuş anasına baxıb hönkür-hönkür ağladı. Ağlaya-ağlaya:

- Səni yanıma aparacağam, ana, mən sənsiz qala bilmərəm, - dedi.

Ərinin qırxı çıxana qədər Duruqanın evində qaldı. Bu qırx gün qırx il uzunluğunda göründü ona. Gündüzlər qəlbinə daş bağlayıb özünü təmkinli apardı, gəlininin, onun rəngbərəng rəfiqələrinin yanında özünü itirmədi. Gecələrsə ağladı. Özü-özünə, budanmış taleyinə, tək övladının zavallı, biçarə qismətinə ağı deyə-deyə səhərləri gözüyaşlı açdı. Məmmədbəyin ruhunu köməyə çağırdı, qara günə qalmış oğlunun iblislər əlindən qurtulması üçün dualar elədi.

Şəfəqnur bilirdi, ancaq işin bu qədər qəliz olduğunu aydınca dərk eləmirdi. Oğlugildə qaldığı qırx günün içində ona sirli qalan qırxıncı qapının da sirrini açdı və dərdinin üstünə qırx dərd də gəldi.

Duruqanı Afina və qohumları əl quzusuna döndərmişdilər. Onu gecə-gündüz Avakyan küçəsindən Osipyan küçəsinə qovur, Şaumyanın abidəsi önünə gül düzdürür, Kaputikyanın, Balayanın kitablarını oxutdurur, Aramyanın, Baqramyanın qəbuluna göndərir, Duruqanı Unutqan eləmək üçün dəridən, qabıqdan çıxırdılar.

Onun vəzifə pilləsini bir baş da yuxarı qaldırmışdılar. Görünürdü ki, ona tapşırılan işin öhdəsindən yaxşı gəlirdi.

Kişinin qırxını verib öz kirayə qaldığı evinə qayıdanda, Duruqan etiraz eləmədi.

- Özün bilərsən, anacan, sənə necə rahatdı, elə də yaşa. Ancaq, bizdə rahat olurdun. Nəvələrinlə dərdləşirdin.

- Yox, onlar bütün günü o biri nənələrinin yanındadırlar. Mən bu qırx gündə onların üzünü bir, ya iki dəfə gördüm... Mən gedirəm, ancaq səndən nigarançılığım qalır. Qorxuram adının mənasını tamam unudasan.

- Yox, ana, bu ola bilməz. Mən manqurt deyiləm. Ana, sən manqurtlar haqqında oxumusan?

- Təəssüf ki, oxumuşam. Onlar haqqında oxuyanda çox qorxurdum. Qorxduğum başıma gəlir, deyəsən.

Duruqan manqurtlardan söhbət saldığına, deyəsən, peşman oldu. Araya başqa söz salıb, anasının könlünü almaq istədi.

Şəfəqnuru qorxudan təkcə oğlunun taleyi deyildi, həm də özünün analıq məsuliyyəti idi. Axı o, bu dünyaya övlad gətirmişdi. Övlad həyatda nəyə, yaxşıya və pisə nail olacaqdısa, mələklə iblisin mübarizəsində hansının kölgəsinə qısılacaqdısa, bütün bunların məsuliyyəti ata və ananın boynunda qalırdı. Bəşər övladı bu dünyaya öz istəyi ilə gəlmirdi ki; onu gətirirdilər və həyat meydanına atıb arxasında dayanırdılar. Dayanırdılar ki, Tanrının qüdrəti ilə hüceyrədən ruha çevirdikləri insanın yolunu azmasına, pis əməllər arxasınca getməsinə izn verməsinlər. Yoxsa dünyaya gətirdikləri övlad şeytan və iblislərin əlində qalar, başqaları üçün kabusa, qorxulu yuxuya çevrilər, dünyaya ağırlıq və əzab gətirməkdən başqa heç nəyə yaramaz.

Onlar, Şəfəqnur və Məmmədbəy bu böyük məsuliyyətin öhdəsindən gələ bildilərmi? Yeganə övladlarına düzgün tərbiyə verməyi bacardılarmı? Onu düzgün yöndə böyüdüb, həyat həqiqətlərini başa saldılarmı? Deyəsən, bir valideyn kimi onlar bu işi yerinə yetirə bilməmişdilər. Onu həyatın yanlış axarına buraxmış, bir də ayılanda görmüşdülər ki, karvan gedib və Duruqan yalanların, əyrilərin, xeyir gətirməyənlərin əlində oyuncağa çevrilib. Əslinə qalanda, onların özləri də yanlışlığa xidmət edə-edə hansı fəlakətə doğru getdiklərini dərk eləmirdilər. Ya da bunun fərqində olmur, ürəklərində günahı zamanın və siyasətin boynuna ataraq, əclaflara, nakəslərə, şərəfsizlərə boyun əyməyin gələcəklə necə böyük faciələr törədəcəyi haqqında düşünmək istəməmişdilər. Bir də axı, onların fikirləşməyi ilə nə dəyişəcəkdi ki? Olsa-olsa, onlar böyük oyundan kənarda qalacaqdılar və bir ucqarda yaşayıb, düşünə-düşünə ömürlərini başa vuracaqdılar. Çoxluq həqiqəti düşünməliydi. Onlar yalanlara qarşı öz şəhərlərində başqalarına əsirə çevrilməyə görə, müqavimət ruhlarını səfərbərliyə kökləməliydilər. Çoxluq halında bunu bacarırdılarmı? Yox, bacarsaydılar, allı-güllü evləri, yaraşıqlı kabinetləri, əsas işləri ordan-burdan gəlib, burada düşmənçilik edən adamların öhdəsinə buraxmazdılar. Düşmənçilik edən adamların qızlarını evlərinə gəlin gətirib böyük uçurumların bünövrəsini qoymazdılar. Belələrinə inanıb, aldanıb onları bağrına basanlar qurbanlıq quzu olduqlarını ya ölüncə dərk etmir, ya da bu haqda ancaq Əzrayılla danışmağa vaxt tapırdılar.

Onların üçü də - Şəfəqnur, Məmmədbəy və Duruqan da belə qurbanlıq quzulardan idilər. Fərq yalnız orasındaydı ki, Məmmədbəy qurbanlıq quzu olduğunu bilirdi və buna görə də əzab çəkə-çəkə yaşayırdı. Şəfəqnur da az-çox həqiqəti anlayırdı. Ancaq şöhrətə çatmaq, sərvətlənmək, bir də əlacsızlıq duyğusu onların əl-qolunu bağlayırdı. Duruqan isə... Ən dəhşətlisi də elə Duruqanın alın yazısıydı. O, bəlkə də çox şeyləri dərk eləmək duyğusundan məhrum idi və belə yaşamağın insanı şərəfsizliyə aparacağı haqqında deyəsən, düşünmürdü də.

Hər halda, Şəfəqnura belə gəlirdi. Və ona belə gəldiyinə görə özlərini qınayır, necə böyük səhvlər etdiklərinin əzabını yaşayır, yenidən dünyaya gəlməyin, tamam başqa cür yaşamağın arzusunu çəkirdi.

Oğlugildə qaldığı qırx gün ərzində onu təkcə oğlunun bivecliyi, nəvələrinin etinasızlığı sıxmamışdı. Gəlininin ədalı rəfiqələrinin ədabaz hərəkətləri də onu o qədər incitməmişdi. Onu sıxan və incidən başqa şeylər idi. Afinanın evdə oğrular kimi hərəkət etməsi, mebellərin siyirmələrini ehtiyatla açıb hansısa kağızları götürərək harasa aparması, anlaşılmaz telefon zəngləri Şəfəqnuru bərk narahat eləmişdi və Səbrigülün o vaxtlar dediyi sözlər yadına düşmüşdü. Qayınananı qorxudan o idi ki, Afina gizli təşkilatlarla əlbir olub, pis işlərlə məşğul olar. Bununla özü bir yana, Duruqanın da başına oyun açar. Əslində düşündüyünün həqiqət olduğuna o qədər də şübhəsi qalmamışdı. Ancaq son ümid kimi özü-özünü aldatmağa çalışır, bundan da iş aşmayanda göz yaşlarına güc verirdi. İndi onun zərrəcə şübhəsi yox idi ki, Afinanın yiyələnib satdığı evlərinin pulunu da hansısa gizli təşkilatların fonduna köçürmüşdü.

***
Ziyad Şəfəqnurun qəmli həyat hekayətini dinləyəndən sonra bir müddət danışa bilmədi. Uzun və cansıxıcı sükutdan sonra o, udqunub boğazına yığılmış qəhəri nəfəs yolundan bir az araladı və arvadın kədərli gözlərinə baxdı.

- Bəs, Duruqanın taleyi necə oldu?

- Duruqan iş başında, kabinetində keçindi. İndiyə qədər bilmirəm onu içində olan gizli dərdimi öldürdü, yoxsa zəhərləyib öldürdülər.

- Afina və qızları...

- Bilmirəm. Onlar mənim üçün oğlumdan qabaq ölmüşdülər.

Ziyad onu sakitləşdirmək üçün daha ayrı sual vermədi. Bu zavallı və dərdli qadının kədərini azca da olsa unutdurmaq üçün stəkanlara araq süzdü. Qadın heç nə yemədən dalbadal iki stəkan arağı başına çəkdi. Sonra Ziyadın siqaretindən alışdırıb, dərdini çölə atırmış kimi qatı tüstünü ağzından bayıra üfürdü.
***
Şəhər öz əsrarəngiz gözəlliyi ilə Şahnazı heyrətə gətirmişdi. Başı buludlara dəyən binalar, tərtəmiz, geniş xiyabanlar, küçələr, xaricdən gətirilmiş bahalı maşınlar… Buralara çox gəlmişdi, ancaq heç belə fikir verməmişdi. İlahi, bu susuz, quru səhralarda belə gözəl şəhəri necə salmışdılar?

- Şahnaz, elə bil heç bu yerləri görməmisən. Birinci dəfədir buralara gəlirsən?

Şahnaz gülüb sinəsi yırğalana-yırğalana Dəryaya baxdı.

- Yox, xala qurban, buraları su yoluna döndərmişəm. Ancaq, sənin canın üçün, bu şəhərin belə gözəl olduğunu birinci dəfədir görürəm.

- Görünür, başın dumandan heç açılmayıb.

- Nə bilim, xala qurban, bəlkə də.

Şahnazın kefi ala buludlardaydı. Həmişə əhvalı yaxşı olanda bacısının qızına «xala qurban» deyərdi. Bu sözü təkrar-təkrar tələffüz etməkdən yorulmur, bəzən də qızı qıcıqlandırıb özündən çıxarırdı. Onda Dərya pis sözlərlə söyür, onun üz-gözünü döyəcləyir və belə münasibətdən Şahnaz daha da həvəsə gəlib qızı bir az da qeyizləndirirdi.

- Şahnaz, heç olmasa, bu qərib yerdə mənim əsəblərimlə oynama. Ərəblərdən ayıbdır axı.

- Nə qədər itə dönürsən-dön, bir azdan elə havanı alacaqlar ki,muma dönəcəksən.

Şahnaz birinci dəfəydi bacısı qızını götürüb Dubaya gətirirdi. Bu şəhər və bu şəhərin adamları haqqında Dəryaya çox söhbətlər eləmişdi. Dərya ürəyi əsə-əsə xalasının söhbətlərinə qulaq asır, xəyal qanadlarında gəlib Dubaya çatırdı. Şəhəri gəzir, dolanır, varlı şeyxlərlə tanış olur, bir xeyli pul qazanıb geri qayıdırdı. Bunları ancaq xəyal edird. Axı o, bu uzaq ölkəyə necə gələ bilərdi? Lakin xəyalları gerçək oldu. Şahnaz Ziyadı dilə tutdu. Qızını Gəncəyə qonaq aparmaq adı ilə götürüb bu qərib şəhərə gətirdi. Əslində Ziyad dərinə getsəydi Şahnazın bu işi baş tuta bilməzdi. Amma Ziyad çox dərinə getmirdi. Bəlkə də, qəlbinin dərinliyində aldadıldığını da hiss edirdi. Ancaq sınmış qəlbinə çox da əziyyət vermir, könlünə biganəlikdən və laqeydlikdən don biçərək, öz atalıq borcunu yalandan səs-küy salmaqla bitmiş hesab edirdi. Ya da bunu bitmiş saymır, özünün bitib-tükənəcəyindən qorxaraq, sual atəşlərindən qorunmaq üçün özünü izahagəlməyən bir arsızlığa vururdu.

- Şahnaz, ürəyim elə şiddətlə döyünür, elə bil, yerindən çıxacaq.

- Niyə?


- Qorxuram.

- Nədən?


- Bilmirəm.

- Qorxma, xala qurban, bəs sənə qorxu duası yazdırmamışam? Özünü yaxşı aparsan, Bakıya çatan kimi səni ərə verəcəyəm.

- Məni?

- Bəli, səni, gözəllər-gözəli Dərya xanımı.



- Məni necə ərə verə bilərsən, axı mənim üzağlığım pozulub?

- Gic-gic danışma. Elə bil, on beşinci əsrdən qalmısan. Üzağlığını elə tikdirəcəyəm ki, səni alanın heç nədən xəbəri olmaycaq.

- Birdən diribaş, çoxbilmiş oğlan oldu?

- Ondan qorxma, səni elə oğlana ərə verməyəcəyəm ki.

- Bəs necə oğlana verəcəksən?

- Mamılı oğlana.

- Mamılı nədir?

- Yəni, bir az mal, duyğusuz... Mənim ərim kimi.

Şahnaz ürəkdən güldü. Elə güldü, iri döşləri yırğalandı. Sürücü nəzərlərini yoldan yığıb güzgüdə ona baxdı və nədənsə ah çəkdi.

- Mən elə oğlana getmək istəmirəm. İstəyirəm getdiyim adam möhkəm, iradəli, zəhmli olsun. Yəni, əsl kişi kimi.

- Ay bədbəxt, əsl kişi səni, məni qapısına qoyar? Bizi un kimi xəlbirdən keçirib, qara kündə əvəzinə təndirə yapar.

- Şahnaz, sənə demişəm ki, mənə bədbəxt demə. Bir də, məni dediyin elə yazıq oğlana verməyi yadından çıxar. Elə kişinin arvadı olmaqdansa, Dubayda sülənmək yaxşıdır.

- Belə şeylər danışma, xala qurban. Onların hamısını özüm həll edəcəyəm.

Şahnaz əl-qol hərəkətləri ilə ərəb sürücüyə hara gedəcəklərini göstərdi. Sürücü onu başa düşdüyünü başı ilə təsdiqlədi. Və sürəti artırıb dolaşıq bir küçəyə üz tutdu.

- Şahnaz, nə vaxtdır buralara gəlib-gedirsən, ərəb dilini öyrənməmisən?

- Yavaş-yavaş öyrənirəm. Əsas şeyxi başa salmaqdı, onu bacarıram.

Maşın hündür binanın qarşısında dayandı. Şahnaz sürücünün pulunu verdi. Yerə düşüb mərmər pilləkənləri yuxarı çıxmağa başladı. Hələ də maşının yanında çaş-baş qalan Dəryanı çağırdı.

Sürücü hələ getməmişdi. Həsəd dolu baxışlarla gah Şahnaza, gah Dəryaya baxır, deyəsən, ehtirasının əlində aciz qaldığından nə edəcəyini bilmirdi.

Mərmər pillələri qalxıb içəriyə daxil oldular. Liftlə yuxarıya, on dördüncü mərtəbəyə qalxdılar. Liftin qapısında onları kök, yaraşıqlı qadın qarşıladı. Şahnazı öpəndən sonra müştəri gözü ilə Dəryanı başdan-ayağa süzdü.

- Hə, gedər. Şahnaz, birinci əldi?

- Yox, Nazpəri, birinci əl deyil. Ancaq birinci əl qədər təravəti var.

- Bunu sən deyəmməzsən, müştərinin özü bilər.

Nazpəri onları ərəb dilində nəsə yazılmış qapının qarşısına gətirdi. Əyilib Şahnazın qulağına nələrisə pıçıldadı və qapını açıb onları içəri dəvət elədi.

Otaqda bir xeyli qadın var idi. Hamısı da açıq gecə paltarlarında oturmuşdular.

Dərya onların yanında özünü qərib kimi hiss elədi. Divanın bir küncündə oturub Şahnaza qısıldı.

- Şahnaz, qızla niyə bizi tanış eləmirsən?

Şahnaz Dəryanın başını çiynindən aralayıb, hamının onu görməsi üçün başını qabağa çəkdi.

- O qədər utanır ki, tanış eləmək yadımdan çıxıb.

- Niyə utanır? Burda utanmalı bir şey yoxdur. Bax, bu qızı görürsən? Bir həftə əvvəl buraya gələndə səndən betər utanırdı. İndi, maşallah, kişilərin çiyninə çıxır. Özü də birinci əl idi. Sən utanan olsaydın, buraya ikinci əl gəlməzdin… Yaxşı, vaxt keçir. Şahnaz, qızın adı nə oldu?

- Dərya.


- Dəryanı apar Svetlanaya təhvil ver, özü yerbəyer edəcək.

Ancaq ondan qabaq mütləq çimsin. Yaxşı iyisi gələn ərəb şampunu ilə. Tər qoxusu gələr, şeyxin yanında biabır olarıq…

Dərya it qoxusu gələn varlı şeyxin qucağından çıxandan sonra bir müddət ürəyi bulandı. Vanna otağına keçib ögüdü. Və elə başı dumanlı-dumanlı fikirləşdi ki, görəsən nəyə görə Nazpəri onu yaxşı iyi gələn ərəb şampunu ilə yuyundurub, şeyxin gərdəyinə göndərirdi? Axı onsuz da, şeyxin yekəpər bədənindən başgicəlləndirən it iyi gəlirdi.

Bu işin sirrini Dərya Bakıya qayıdana qədər anlaya bilmədi. Ancaq hər dəfə pis iy gələn yekəpər ərəblərin yatağından qalxanda bu barədə düşündü və bu sualın cavabını tapmaq üçün bir qədər zamanın ötməsini gözlədi.

İkinci dəfə, üçüncü dəfə, dördüncü dəfə…

Və sonralar anlayıb başa düşdü ki, bu pis iy gələn varlı ərəblər azca tər iyisi gələn xarici qadınlara az pul verirlər.

Hər dəfə Bakıya qayıdanda Şahnaz Dəryanın çantasına bir xeyli pul basırdı. Dərya da o pullarla satdıq mallar alıb Bakıya dönürdü. Bu minvalla Dəryanın bir səfərinin gəliri Bakıda orta işdə işləyən qadının gəlirindən otuz, qırx dəfə artıq olurdu.

Bakıda olanda Dərya ayrı gecə işləri ilə məşğul olmurdu. Burada kim idi onun qəşəng canına ərəb şeyxləri qələr pul verən? Bir də yorulurdu axı. On on-beş gün canının ağrısını alıb, yenə gəldiyi yerə qayıdırdı.

Evlərində olanda darıxırdı və Dubaya getməyin həsrətini çəkirdi. Dubayda olanda isə tez-tez Bakı yadına düşürdü. Və hərdən pünhan tənhalığa çəkilir, xısın-xısın ağlayırdı.
***
Nazənin Vanqanı oxuyanda tükləri ürpəşdi. Əlinin içi ilə başının damarlarını ovxaladı. Bu görücü qadın barəsində çox söhbətlər eşitmişdi, onun haqqında yazılanları oxumuşdu. Ancaq belə sinəsi sirlərlə dolu bir qadın olduğunu bilməmişdi. Bir anlığa xəyala dalıb, Vanqanın yaşadığı yerlərə getməyi arzuladı. İstədi bu kor qadının əllərindən tutsun, onun sehrindən bir damcı götürüb öz ruhuna qatsın. Axı Nazəninin görücü olduğuna inananlar olsa da, ona o qədər də inam bəsləmirdilər. Nə qədər çalışırdı, qəzetlərə müsahibələr verirdi, amma yenə də çoxlarında ona olan inamsızlıq hissini öldürməyi bacarmırdı. Qapısına gələnlərin də sayı az deyildi. Ancaq ona falçı Gövhərə inandıqları kimi inanmırdılar. Falçı Gövhərə verilən pulu da ona vermirdilər. Bu da Nazənini təbdən çıxarır, qəlbində paxıllıq hissi baş qaldırır, bu qadına olan nifrəti günü-gündən çoxalırdı.

Falçılığın, görücülüyün əsasını ona Gövhər öyrətmişdi. Sonralar Nazənin bir-iki həftə xəstə yatdı. Və ölüm yatağından qalxandan sonra camaata məlum oldu ki, Nazəninin xəstəliyi elə-belə xəstəlik deyilmiş. Bu ağır məqamlarında Tanrı ona vergi verirmiş. Ağappaq geyinmiş mələklər başının üstündə dayanıb ona yelpənək çəkir, onun qulağına insanlar üçün nicat yeri olacağını pıçıldayırmışlar. Bunları Nazənin sonralar danışdı. Xəstə yatağından qalxandan sonra. Adamların bəziləri onun dediklərindən dəhşətə gəldilər, bəziləri üz-gözünə döyüb ağladılar, bəziləri də, onun danışdıqlarını lağa qoyub, arxasınca güldülər.

Elə bu lağa qoyanlardan, gülənlərdən şübhələndi Nazənin. Elə bildi ona inanmayanlar falçı Gövhərin adamlarıdır. Ona görə falçı Gövhəri suçlu bildi. Onun arxasınca danışdı, ağır söyüşlərə qərq elədi. Şeytana züy tutanlar bütün bunları falçı Gövhərə çatdıranda, arvad özündən çıxdı. Pal-paltarını əyninə atıb düz Nazəningilin evinə gəldi. Salamsız-kəlamsız onun üstünə yeridi.

- Ağəz, ağzını hara yetirmisən?! Yəni bu qədər qudurmusan ki, mənim dalımca danışırsan? Dediklərim, öyrətdiklərim haramın olsun. Mənim hesabıma qazandıqların, yediklərin burnundan gəlsin!

- Dayan, səs-küy salma, qonşulardan ayıbdır. Mənə vergini sən verməmisən ki.

- Bəs kim verib?

- Allah.

- O Allaha mən inanmıram ki, sənin kimi nankora vergi versin.

Nazənin çox çalışsa da, falçı Gövhərin səsini azalda bilmədi. Falçı Gövhər onu yerdən alıb, yerə verdi, şeytana, iblisə bənzətdi. Onun keçmişini dilə gətirəndə isə Nazənin daha dözə bilmədi. Əl atıb falçı qadının saçlarından tutdu.

- Ay qəhbə, bəs özün mənə demirdin cavanlıqda nə oyunlar çıxardığını?

Falçı Gövhər də Nazəninin saçlarından yapışdı. Bir az dartışandan sonra nəsə düşünüb sakitləşdilər. Falçı Gövhər əlini Nazəninin saçlarından götürdü. Nazəninin də əlləri boşaldı. Falçı Gövhər düz Nazəninin gözlərinə baxdı, sonra qapıya tərəf yönəlib, bir röya kimi yox oldu.

Bundan belə onlar bir daha görüşmədilər. Bir-birinə nifrət edə-edə yaşasalar da, üz-üzə gəlməkdən çəkindilər.

Nazəninə xəstəlikdən sonra vergi verilməsinə ən çox sevinən bacısı Şahnaz idi. Tez-tez bacısının yanına gəlir, adamlar tapıb gətirir, bacısının bu vergisindən doyumsuz zövq alırdı.

Dərya da sevinirdi. Ancaq qəlbində fala-mala inam olmadığından ürəyinin gizlin yerində bunu zəmanənin istehzası sayırdı və adamların avamlığına gizlin-gizlin gülürdü.

Elə ərə gedəndə də gülə-gülə getdi. Düzdü, qəlbinin hansı gizli yerindəsə qorxu işartıları da var idi. Lakin Şahnaz onu sakitləşdirir, bəyin qarşısında mərdi-mərdanə dayanmağı tövsiyə edir, ona göz vurub hər şeyin əla olacağından ağız dolusu danışırdı.

Dəryanı oğlanla Şahnaz tanış eləmişdi. Oğlan Şahnazgilin yaxınlığında yaşayırdı. Şahnaz bilirdi ki, Şahmar adında bu oğlan bir varlı ailənin yeganə övladıydı. Şahmar bütün ömrü boyu yağ-bal içində yaşamışdı. Düz-əməlli savadı olmasa da, universiteti fərqlənmə diplomu ilə bitirmişdi. Onu tanıyanlar deyirdilər ki, Şahmar ilə bir-iki maşın dəyişməsə bağrı partlayar. Bir də deyirdilər… Orasını Şahnaz çoxdan öyrənmişdi. Öyrənməsəydi bu yükün altına girməzdi ki. Bu haqda Dəryaya deyəndə qız gülüb, qəşş eləməkdən özünü zorla saxlamışdı.

Toy gecəsi heç bir müşkülləri çıxmamışdı. Hələ Şahmar Dəryanın çılpaq canını öpə-öpə «bakirə canına canım qurban» da demişdi. Onun bu sözlərindən Dərya sehrlənmiş, soyumuş canı yenidən ehtirasa gəlmiş, Şahmarın başını iri, yumru, ağ, yumşaq qoşa məmələrinin arasına basaraq, ürəyində Şahnaza əhsən demişdi.


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin