Roman Əməlləri ilə qiyamət gününü yaxınlaşdıranlar bu dünyanın ən bədbəxt məxluqlarıdırlar



Yüklə 1,76 Mb.
səhifə11/13
tarix03.02.2017
ölçüsü1,76 Mb.
#7502
1   ...   5   6   7   8   9   10   11   12   13

Bütün bunlar Şəfəqnura o qədər də təsir eləmirdi. Ona görə eləmirdi ki, Afinanın onlarla bir yerdə yaşaması mənəvi əzabdan başqa özgə bir şey deyil, qulaq, göz, könül dincliyi idi. Və o biri tərəfdən də Məmmədbəy ona çox şeyləri maddə-maddə anlatmışdı, başa salmışdı. Başa salmışdı ki, dünyanın, taleyin gərdişinə boyun əyməsən, boynunu cəllad kötüyünə qoyub kökündən yerə salarlar. Elə bu dünyada cəhənnəmin əzabını verərlər, səni doğulduğuna, dünyaya gəldiyinə peşman edərlər və...

Məmmədbəy Şəfəqnurun gözlərində olan qorxunc ifadəni görərək sözünə ara vermiş, Şəfəqnurun əzabını götürmək üçün daha söhbətini bu tonda davam etdirməmişdi. Yumşaq və müdrik ifadələr işlədərək arvadının könlünə sığal çəkmiş, onu ovundurub, əvvəlki əhvalına qaytarmağa çalışmışdı.

Ona görə də Afinanın hərəkətləri onu hədəqəsindən çıxara bilmirdi. Onu yandıran bir şey var idi ki, o da gəlininin şəxsən ona məxsus olan, ona hədiyyə verilən bahalı əşyaları öz dədə malı kimi qablaşdırıb, evindən çıxarması idi. Bu anlarda da qəlbindəki müdriklik ilahəsini köməyə çağırmış, ondan güc alaraq özünü toplamağı bacarmışdı. Elə bil müdriklik ilahəsi aram-aram onun qulağına sözlər demişdi, pıçıldamışdı ki, narahat olma, Şəfəqnur, gedənlər başqa yerə getmir ki, öz oğlunun evinə gedir. Və Şəfəqnur ürəyində o ilahəyə təşəkkür edərək, rahatlanıb oturmuşdu.

İndiki məqamda Şəfəqnuru ən çox incidən oğlunun anlaşılmaz, qeyri-müəyyən hərəkətləri idi. Onun belə gərgin durumundan olduqca narahatlıq keçirirdi. Oğlunun gələcək taleyindən qorxurdu. Qorxurdu ki, hansısa gizli hisslər Duruqana güc gələr. Qorxurdu ki… daha dalısını Şəfəqnur düşünmək istəmirdi, belə qara fikirləri ürəyindən çıxarmağa çalışırdı.

Oğlugil gedəndən sonra Şəfəqnur bir müddət nə edəcəyini bilməmişdi. Kənar otaqlardan birinə çəkilib ərindən gizlin bir xeyli ağlamış, ürəyini boşaltmışdı. Məmmədbəyi görəndə Şəfəqnura elə gəlmişdi ki, elə Məmmədbəy də gizlində ağlayıb. Bunun həqiqət olduğunu duyanda elə bil qəlbinə köz basılmışdı və bir müddət özünü havasızlıq şəraitində hiss eləmişdi...

Yaxşı ki, Səbrigül vardı. Yaxşı ki, Səbrigülü tapıb evinə gətirmişdi. Yoxsa onun da, Məmmədbəyin də günü, güzəranı qəm-qüssə içində keçərdi. Necə ki, o, bu evə gələnə qədər ev suyu sovrulmuş dəyirmana bənzəyirdi. Onların evinə kim gəlirdi ki; hərdən bir Duruqan ata-anasına baş çəkirdi, çox az hallarda Afina gəlirdi, vəssalam. Gələndə də qızlarını gətirmirdilər. Deyirdilər, vaxtları yoxdur. Dərslər bir yandan, musiqi dərsi o biri yandan... Hərdən Məmmədbəy Şəfəqnuru götürüb onlara gedirdilər. Karinanı, Zarinanı görüb tez də evlərinə qayıdırdılar. Qızlar onlara elə yad münasibət göstərirdilər ki, bu münasibətdən baba və nənə üşüyürdülər, donmamaq üçün evlərinə gəlib üst-başlarına isti paltar atırdılar.

Səbrigül bu münasibətdən baş aça bilməsə də, hərdən özünü saxlaya bilməyib, Şəfəqnuru suallar atəşinə tuturdu.

- Şəfəqnur xanım, nəvələriniz... Karina, Zarina… adamın dilinə yatmır, ey.

- Karina Afinanın nənəsinin adıdır. Zarina da ki… Bir-birinə oxşadıblar də.

- Yox, onda gərək ikinci qıza da Məmmədbəy əminin anasının adını qoyaydınız. Heç sizin ananızı demirəm ki, düşünərsiniz mən öz qohumumun adını fikirləşirəm.

Səbrigül Şəfəqnurun uzaq qohumlarından idi. Uzaq deyəndə ki, türkəçarə yolu ilə çoxlarına şəfa vermiş, həyata qaytarmış Səbrigül xalasının nəvəsi idi. Onların əlaqəsi çoxdan kəsilmişdi. Bəlkə də Səbrigül xala dünyadan gedəndən bir müddət sonra. Xalası qızı xalası qədər xoşrəftar, ünsiyyətcil adam deyildi. Bu səbəbdən, həm də təkcə bu səbəbdən deyil, cəmiyyətdə tutduqları mövqe səbəbindən əlaqələri soyuqlaşmışdı. Nəvə Səbrigülü tapmaq, evlərinə gətirmək də qismətin qəribə gərdişindən qaynaqlanmışdı.

...Komissiya üzvləri ilə birlikdə Şəfəqnuru Səbrigülün yaşadığı rayon mərkəzinə göndərmişdilər. Ki, orada olan orta məktəblərin səviyyəsi ilə tanış olsunlar. Sonra da hesabat hazırlayıb nazirliyə təqdim eləsinlər. Bir orta məktəbin işi ilə tanış olarkən, Şəfəqnurun gözləri dəhlizdə bir qıza sataşdı. Çox suyuşirin, yumrusifət qız onun nəzərlərini özünə cəlb elədi. Yaxınlaşıb onunla salamlaşdı.

- Salam, göyçək qız.

- Salam.

- Sənin soyadın nədir?

- Qurbanlı.

- Səttarın qızı deyilsən?

- Hə, Səttarın qızıyam.

- Gülnaz necədir?

- Siz mənim anamı hardan tanıyırsınız?

- Deyirsən yəni, xalamın qızını tanımayım?

- Siz Şəfəqnur xanımsınız?

- Bəli.


Şəfəqnur qızı qucaqlayıb bağrına basdı.

- Məni hardan tanıyırsan?

- Anam danışıb. Deyirdi, indi Allah bilir, Şəfəqnur hansı vəzifənin sahibidir. O, daha bizi saymaz.

Bu sözlərdən Şəfəqnur bir az pərt oldu. Özünü sındırmamaq üçün yenə xalasının qızını soruşdu:

- Gülnaz yaxşıdır?

- Yox, xəstədir.

- Nə olub ki?

Neçə ildir iflic keçirib, yorğan-döşəkdədir.

Şəfəqnur son sözlərdən özünü tamam itirdi. Qıza rabitəsiz, çətin anlaşılan suallar versə də, fikri-zikri xalası qızının yanındaydı. Gözünün önünə köhnə, uçuq-sökük koma gəlirdi. Komanın bir küncündə köhnə dəmir çarpayıya büzüşüb uzanmış rəngsiz-ruhsuz Gülnaz görünürdü. Və özünü gizlin-gizlin qınayırdı Şəfəqnur. Ona görə qınamırdı ki, xalasının balası iflic olub, ölümcül vəziyyətdə çarpayının arasında xırda-xırda inildəyirdi. Dünyanın bütün nazını-nemətini, dadını-ləzzətini, sevincini, nəşəsini yaddan çıxarıb, ölüm mələyinin nə vaxt gələcəyini, onu qaranlıqdan işığa aparacağını gözləyirdi. Bu həyat idi və həp bir hadisə insanın başına gələ bilərdi. İnsan əzab çəkmək üçün bu dünyaya gəlməmişdimi? Şəfəqnur özünü başqa şeyə görə qınayırdı, başqa şeyə görə özündə günah görürdü. Düşünürdü və daxilən sarsılırdı ki, İlahi, insan nə qədər laqeyd olarmış?! Vəzifə, yüksək mövqe, yuxarı təbəqədə dayanmaq insanı nə qədər biganələşdirər, özündən uzaqlaşdırarmış?! Yataqda inləyən onun doğmaca xalasının qızı idi. Ola bilərdi ki, xasiyyətində bir az soyuqluq, adamayovuşmazlıq olsun. Ancaq bu da, özünəbəraət üçün Şəfəqnura haqq vermirdi. Gərək Gülnaz onu yağır eləyəydi, gərək sırtıqlığına salaydı, qapısının ağzını kəsdirib ondan nələr, nələr umaydı. Üzdə olmaq, Şəfəqnur və Şəfəqnur kimilərin yadında qalmaq üçün şərəfini kimin, kimlərinsə ayaqları altına ataydı?

Şəfəqnur iç dünyasında özünü qınaya-qınaya Gülnaza baxırdı və gözünün yaşını saxlaya bilmirdi.

- Sənə birdən-birə nə, oldu Gülnaz? Sən ki, yupyumru, sapsağlam bir qız idin.

- O illərdən çox ötüb.

Bu sözləri anasının əvəzinə Səbrigül dedi.

- Mən sənə nə kömək edə bilərəm?

- Heç bir köməyə ehtiyacımız yoxdur. Ümidimiz Allaha qalıb.

Şəfəqnur xalası qızının evinə gəldiyi az müddətdə onların qüruruna heyran qalmışdı. Bu qədər kasıb həyat tərzi keçirəsən, bəlkə də, qarnının yeməyini belə güc-bəlayla çatdırasan, yenə başqasının qarşısında şax dayanıb, öz daxili dünyanı qoruyub saxlamağı bacarasan.

Səbrigül Şəfəqnuru o biri otağa, kasıb süfrələrinin ətrafına dəvət edəndə, hələ də Şəfəqnur xəstə xalası qızının üzünə baxıb, düşüncələr aləminə qərq olmuşdu.

- Şəfəqnur xanım, siz Allah, çörəyimizdən bir tikə kəsin. Bilirəm, işiniz çox olub, bəlkə səhərdən bəri bir şey yeməmisiniz.

- Hə, yeməmişəm. Heç indi də iştaham yoxdur. Ancaq sənin hazırladığın yeməkdən, mütləq bir tikə yeyərəm.

Şəfəqnur çörək kəsib yeyə-yeyə Səbrigülə suallar verir, bəzi mətləblərə aydınlıq gətirirdi.

Səbrigül səkkizinci sinfi bitirəndən sonra anasının xəstəliyi ucbatından təhsilini yarımçıq dayandırmışdı. Yaxşı oxuduğundan müəllimlər onun təhsilini yarımçıq dayandırmasına razılıq vermək istəmirdilər. Heç Səbrigülün özü də məktəbdən könüllü ayrılmırdı. Ancaq xəstə anasına baxmağa məcbur idi və oxumaqla bir yerdə çatdıra bilməzdi. Göz yaşları içində məktəbdən ayrılanda müəllimləri də ona qoşulub ağlayırdılar. Ancaq bir ildən sonra qonşuluqda yaşayan qadın, atasının uzaq qohumlarından olan birisi ona söz verdi, dedi ki, anana səndən də yaxşı baxacağam, get təhsilini davam elətdir. Məktəbin direktoru maarif şöbəsindən icazə alandan sonra, Səbrigül təhsilini davam etdirməyə başladı... İndi orta təhsilini başa vurmaq üzrə idi.

- Qızım, ali təhsil almaq istəyirsən?

- Çox istəyirəm, Şəfəqnur xanım. Ancaq...

- Bilirəm, ananı düşünürsən. Amma elə bilirəm sən ali təhsil alsan, Gülnaz da sağalıb ayağa qalxar.

- Bakı məni qəbul eləyərmi, Şəfəqnur xanım?

- Bakının ağzı nədir səni qəbul eləməsin?

Səbrigülün kövrək sualına Şəfəqnur elə inamlı cavab verdi ki, hələ bərkə-boşa düşməmiş gənc qızın gözləri işıqlandı...

Səbrigül qəbul imtahanları üçün Bakıya gələndə onu evlərindən heç yana buraxmadı. Qız axşam şöbəsinə daxil olub, həm ali təhsil almaq arzusunun bünövrəsini qoydu, həm də ana kimi Şəfəqnurun köksünə sığındı. Bir də ona görə ana kimi Şəfəqnurun sinəsinə sığındı ki, artıq ana dediyi insan həyatda yox idi. Qəbul imtahanlarının sonuncu günü anasının ölüm xəbərini aldılar.

Şəfəqnurla rayona gələndə Gülnazı artıq dəfn eləmişdilər. Buna görə Səbrigül çox ağlayıb-sızlayırdı. Onu gözləmədən anasını torpağa tapşırmalarını ağlar sözləri ilə dilə gətirdi. Qızın sakitləşmədiyini görən molla onu yanına çağırıb, xoş sözlərlə könlünə sığal çəkdi.

- Qızım, yadında saxla, bu dünyaya gələn, bir gün gedəcək. Elə insanın xoşbəxtliyi də, belə olmasındadır. Ölüm mələyi heç nəyə baxmır, nə varlıya, nə kasıba, nə vəzifəyə, nə də... İnsan öləndən sonra onu nə qədər tez torpağa tapşırsan, ruhu əzabdan azad olar. Sənin gəlib ananın ölmüş cəsədinə baxmağın nəyi dəyişəcəkdi ki? Ancaq indi gedib yerini tapıb, rahatlanıb, ruhu Allahın dərgahında dayanıb öz məqamını gözləyir.

Mollanın bu sözlərindən, elə bil, Səbrigül rahatlıq tapdı.

Anasının üçünü verib Bakıya qayıdanda artıq onun buralarda heç nəyi qalmamışdı.

Yanında isə Şəfəqnur vardı. Başını onun çiyninə qoyub xısın-xısın ağlayırdı...

Bakıda sanki yeni bir dünyaya düşmüşdü. Yeni mühit, yeni adamlar, başqa iqlim və...

Vəyin arxasında nələrin dayandığını hələ bilmirdi. Ona elə gəlirdi ki, daha həyatı hamar yollara çıxıb. Qarşısına geniş pəncərələr açılıb və o, bu pəncərələrdən boylanıb dünyanın bütün gözəlliklərini doyunca qəlbinə yığa biləcək. Yazıq qızcığaz axı hardan biləydi...

Son günlər Afina ona göz verib, işıq vermirdi. Onun gözlərindən, tənəli sözlərindən yayınmaq üçün gizlənməyə yer axtarırdı. Onu ən çox qorxudan da o idi ki, Afina Şəfəqnur evdə olmayanda gəlirdi. Sanki hardansa evi gözünün hədəfində saxlayırdı. Şəfəqnur gedəndən bir az sonra gəlib, salamsız-kəlamsız evə daxil olurdu. Mətbəxdə qabların çirkli yuyulmasından tutmuş, evin səliqə-sahmanına qədər hər şeyə tənə edib, onu lağa qoyur, kəndçiliyini başına qaxır, onu dürlü-dürlü sözlərlə təhqir edib, sonra gedirdi. Həm də gedəndə dönə-dönə tapşırırdı ki, onun evə gəldiyini, dediyi sözləri Şəfəqnura çatdırsa, daha ondan inciməsin.

Səbrigül qorxusundan heç kəsə heç bir söz demirdi. Elə bilirdi ki, Afinanın gəlişi, onu təhqir eləməsi barəsində Şəfəqnura bir söz desə, bu məkrli qadın haradansa peyda olacaq, qüvvətli qolları ilə onu boğub öldürəcəkdi.

Ancaq daha dözümü, taqəti tükənirdi. Nə qədər olardı axı, nə qədər ürək çırpıntısı ilə onun gəlişini gözləməli, təhqir, söyüş payını almalıydı?

Bir hadisə olmasaydı, bəlkə də Şəfəqnura heç nə demədən evdən çıxıb gedəcək, bir daha bu evə dönməyəcəkdi...

Afina yenə gəlmişdi. Bu dəfə o biri günlərdən də əsəbi və çılğın görünürdü. O evdən bu evə keçir, Səbrigülün anasının qəbrini söyür, əllərinin içi ilə açıq sinəsini döyəcləyirdi.

Səbrigül mətbəxdə oturmuşdu. Xırda-xırda göz yaşları axıdır, evdən çıxıb getməyin yollarını arayırdı. Durub asta addımlarla qorxa-qorxa otaqlara göz gəzdirdi. Deyəsən, Afina çıxıb getmişdi. O qapını bağlayıb, paltlarlarını yığışdırmağa başladı. Hər şeyi hazır edəndən sonra Şəfəqnura xırda bir təşəkkür məktubu yazıb stolun üstünə qoydu. «Mənim üçün çəkdiyiniz bütün əziyyətlərə görə sizə minnətdarlığımı bildirirəm. Siz mənə analıq etmək istədiniz. Təəssüf ki, mən sizin qızınız ola bilmədim».

Qapını arxadan bağlayıb, oğrun addımlarla aşağı düşməyə başladı. Birinci mərtəbəyə çatanda qarşısında Şəfəqnuru görüb özünü itirdi. Şəfəqnur da özünü itirmişdi. Qızın oğru adamlar kimi onun evini tərk eləyib getməsi qadının əhvalını tamam korlamışdı. Səbrigülü zorla evə qaytarıb, ondan gizlin qızıllarını saxladığı siyirməyə baxanda isə heyrətdən yerində donub qalmışdı. Bahalı daş-qaşların heç biri yerində yox idi. Şəfəqnurun bir anda təzyiqi yüksəldi. Ürəyi haldan-hala düşdü. Zor-bəlayla ayaqlarını sürüyüb, Səbrigülün yanına gəldi.

- Deməli, sənin belə işlərin də var imiş, hə?

Şəfəqnur hirslə Səbrigülün ağlar sifətinə bir yumruq ilişdirdi.

- Mən səni qızım bilirdim. Anaya beləmi ehtiram göstərərlər?

Şəfəqnur yenə qızı yumruqladı.

- Sən zəhərli ilanıymışsan, bizim xəbərimiz yox.

Şəfəqnur hikkəli-hikkəli qıza baxdı. Ağzını doldurub ona tərəf tüpürdü.

- Şəfəqnur xanım, vallah, dözə bilmirəm.

- Nəyə dözə bilmirsən, ay ləçər?.. Nəyin çatışmırdı axı?

Səbrigül əllərinin arxası ilə göz yaşlarını silib, Şəfəqnurun üzünə baxdı.

- Mən, doğrudan da sizin qızınız olmaq istəyirdim. Amma...

Səbrigül yenə hönkürüb ağladı.

- Qızım olmağı bacarmadın, onda gərək əmanətə xəyanət edəydin?

Səbrigül başını qaldırıb düz Şəfəqnurun gözlərinə baxdı.

- Mən xəyanət etməyi sevmirəm. Mənim hərəkətimi xəyanət aldandırırsınızsa, bu sizin öz işinizdir. Amma yadınızda saxlayın, mənim qanımda xəyanət mikrobları yoxdur.

- Bəs buna nə deyirsən? Bunlar səncə, xəyanət deyil?

- Mən sadəcə, dözə bilmədim. Sizin bilmədiyiniz elə işlər oldu ki...

- Mənə nağıl danışma. Nə danışsaq da, sənin bu hərəkətinə bəraət qazandırmaz... Hanı bağlamalar?

Şəfəqnur qapının ağzında qalmış Səbrigülün bağlamalarını açıb yerə tökdü. Paltarlarının arasını, ciblərini bircə-bircə axtardı.

- De görüm, harda gizlətmisən onları?

Səbrigül key-key gözlərini döyüb gah Şəfəqnura, gah da yerə tökülən paltarlarına baxırdı.

- Səni boğub öldürməmiş de görüm, onları harda gizlətmisən?

Səbrigül yenə donuq-donuq baxıb, bir-iki addım qabağa gəldi.

- Nəyi gizlətmişəm, Şəfəqnur xanım?

- Bəyəm bilmirsən? Mən bu saat onları taparam.

Şəfəqnur hirslə Səbrigülün yaxasını cırdı. Qızın lifçiyini qabağa çəkib, döşlərinin arasına baxdı. Orada da bir şey tapmayanda əlini qızın hamıya sirr qalan yerlərində gəzdirdi.

- Siz nə axtarırsınız?..

- Zəhrimar axtarıram, canına çor axtarıram. Onları haraya qoymu-san?

Şəfəqnur daha da qızışırdı. Əsəbi hərəkətlərlə, əlləri əsə-əsə barmaqlarını qızın qarın-qarsağında, baldırlarında gəzdirir, elə bil, indiyə qədər ömründə olan bütün xəyanətlərin səbəbkarını tapıbmış kimi Səbrigülü didib-parçalamaq istəyird.

- Nə istəyirsiniz məndən? Nəyi gizlətmişəm axı?

Səbrigül bütün səsi ilə qışqırıb-bağırdı, əlləri ilə Şəfəqnuru itələyib özündən araladı. Şəfəqnur bir təhər müvazinətini saxlayıb, yenidən qızın üstünə gəlmək istədi. Ancaq artıq Səbrigül qapını açıb bayıra çıxmışdı.

Səbrigül gedəndən sonra Şəfəqnurun halı pisləşdi. Ürəyi indicə dayanacaqmış kimi sürətlə vurur, əl-ayağı sözünə baxmır, üzünün bütün sinirləri titrəyib onu idarəolunmaz vəziyyətə gətirirdi. Yerə yıxılıb bir müddət beləcə qaldı. Ayılanda əvvəl harada olduğunu ayırd eləyə bilmədi. Huşu yerinə gələndən sonra asta-asta ayağa qalxdı, divarlardan yapışa-yapışa mətbəxə keçdi. Ürək dərmanı tapıb, elə susuz-zadsız başına çəkdi. Özünü bir qədər ələ aldı. Yaxınlıqdakı polis şöbəsinə gedib evindən qızıl əşyalarının oğurlandığı haqda izahat verdi. İzahatda oğurluğu Səbrigülün etdiyini də yazmağı unutmadı. Polis işçiləri onun narahat olmamasını, oğrunun tezliklə tapılıb cəzalandırılacağını söyləyəndən sonra Şəfəqnur toparlandı. Evinə gəlib Səbrigülün paltarlarını zibil qutusuna atdı.

Bu hadisədən bir neçə gün keçmişdi. Şəfəqnur nəvələrini görmək üçün Duruqangilə gəlmişdi. Afina evdə yox idi. Heç Duruqan da. Karina musiqi dərsinə getdiyindən, Zarina evdə təkcə oturmuşdu. Zarina könülsüz-könülsüz nənəsi ilə bir-iki kəlmə kəsəndən sonra yatmaq üçün o biri otağa keçdi. Şəfəqnur darıxdı. İstədi durub evlərinə gəlsin. Ancaq necə oldusa, maraq ona güc gəldi. Afinanın onlardan nələri götürüb evinə gətirdiyini görmək üçün mebelin gözlərini açıb bircə-bircə onun üçün əziz olan hədiyyələrə baxdı. Birdən... Mebelin ən pünhan yerində olan qızılqabı gözünə sataşdı. Açıb qızıllara baxanda heyrətdən donub qaldı. Səbrigülün oğurladığını zənn etdiyi qızıl-brilyant əşyalarının hamısı burada idi. Ürəyi yenə əsməyə başladı, üzünün sinirləri oynadı. Zorla qapıva yanaşıb, bayıra çıxdı.

Boğulmamaq üçün dərindən nəfəs aldı. Və polis şöbəsinə yollanıb, qızıl əşyalarının tapılması haqqında məlumat verdi. Hələ üstəlik zavallı qıza böhtan atdığına görə, onun özünün həbs olunmasının lazım olduğunu polislərə çatdırdı…

Ürəyi yaman istəyirdi Səbrigülü. Heç olmasa bircə dəfə onun üzünü görmək, bağrına basmaq, ondan əfv olunmasını diləmək indiki məqamda bəlkə də Şəfəqnurun birinci arzusu idi.

Bildiyi yerlərə baş vurdu. Onu tapammadı. Şəhərdə dəli-dəli gəzdi, qızı görəmmədi.

Və gəzdikcə, Səbrigülün həsrətini çəkdikcə gəlininə olan nifrəti daha da çoxaldı, getdikcə alovlanıb cəhənnəm atəşinə döndü.

Məmmədbəydən izin alıb Səbrigül doğulan rayona getdi. Onların evlərinə baş çəkdi. Amma onu yenə tapa bilmədi.

Xəstələnib yatağa düşdü. Bir müddət ürəyindən yatdı. Özünə gələn kimi son güman elədiyi Səbrigülün təhsil aldığı ali məktəbə gəldi. Və müəllimlərdən biri Səbrigülün ünvanını bildiyini deyəndə Şəfəqnur yıxılmamaq üçün divardan tutdu. Alaqaranlıqda deyilən ünvana gələndə, Şəfəqnur üçün sanki zaman dayanmışdı. Səbrigülü o ünvanda tapmasaydı, bəlkə də, zaman onun üçün birdəfəlik dayanardı.

Qapını elə Səbrigülün özü açdı. Şəfəqnuru görən kimi dartıb qapını bağlamaq istədi. Şəfəqnur qoymadı. Zorla içəriyə girib Səbrigüllə üz-üzə dayandı. Nə qədər beləcə durduqlarını, göz qırpmadan bir-birlərinə baxdıqlarını bilmədilər. Bir də onu gördülər ki, qucaqlaşıb ağlayırlar.

- Məni bağışla, qızım, səhv eləmişəm... O yumruqlarımı ananın balasına nəvazişi say, məni halal elə.

- Elə demə, Şəfəqnur xanım.

- Sənə böhtan atdığıma görə məni əfv etməsən, o dünyada cəza çəkməli olacağam.

- Allah eləməsin.

- Sənsiz qala bilmərəm, qayıt gedək evimizə. Evimiz sənsiz elə yetim görünür ki.

Səbrigülün bir otaqda qaldıqları rəfiqələri bir qıraqda dayanıb, bu mənzərəni çaşqınlıqla seyr edirdilər.

- Sizə dediyim gözəl insan, bax budur, - Səbrigül başını Şəfəqnurun çiynindən qaldırıb qızlara baxdı.

Şəfəqnur Səbrigülün sözlərini tam səmimi qəbul elədi, hönkürüb qızı bir az da ürəkdən bağrına basdı.

Evə qayıdanda hər şey Səbrigülə aydınlaşdı. O, əlləri ilə başını tutub, Şəfəqnurun dediyi sözləri eşitmək istəmədi.

- Deməli, evdən sizin ləl-cəvahiratınızı aparıblar?

- Bəli.


- Kim aparıb?

- Gəlinim Afina.

- Bütün bunlar onun deyildi ki?

- Nə bilim?!

Səbrigül Afinanın onlara tez-tez gəldiyini də dedi.

- Bəs onun gəldiyini mənə niyə demirdin?

- Deyə bilmirdim. Məni qorxutmuşdu ki, onun gəldiyini sizə desəm, başıma oyun açacaq. Hətta, bir dəfə...

- Hə, danış.

- Evə gələndə cibindən bir kağız düşmüşdü.

- O nə kağız idi?

- Deyəsən, vəsiqəydi: «Erməni Milli Birliyi»nin vəsiqəsi. O vəsiqəni tapıb ona qaytaranda, boğazımdan yapışıb möhkəm sıxdı, dedi, bu barədə bir kimsə bilsə, yəqin özünü ölmüş bil.

İndi də Şəfəqnur əlləri ilə başını tutmuşdu. Otaqda o başa, bu başa var-gəl edir, özünə yer tapa bilmirdi.

- Elə bundan mən də şübhələnirdim. Qorxduğumuz başımıza gəldi, Səbrigül. Mənim Duruqanım bədbəxt oldu. Onun duru qanı zəhərli qanlara qarışdı…

Şəfəqnur özünü nə qədər pərişan hiss eləsə də, bu barədə Məmmədbəyə bir söz demək istəmirdi. Axı necə olsa kişi ürəyiydi, dözə bilməzdi. Onsuz da, onun işləri axır zamanlar axarında getmirdi.

Duruqana isə bəzi məsləhətləri çatdırmaq istəyirdi. Bu işləri görən, axı, onun ömür-gün yoldaşıydı. Bəlkə bütün bunlardan xəbərdar olsaydı, nəsə düşünə bilərdi, tədbirlər görərdi.

Onun oğru olduğunu Duruqana demədi. Ancaq hansısa gizli təşkilatlarla əlaqədə olduğunu eyhamlarla ona çatdırdı.

- Ana, sən nə danışırsan? Özün də bilirsən ki, mən Afinanı bir qadınım, yastıq yoldaşım kimi sevə bilmirəm. Amma onun gizli təşkilatlarla əlaqələr qurduğuna inanmıram. Heç Bakıda belə təşkilatlar da yoxdur. Bizim dövlət belə təşkilatların fəaliyyət göstərməsinə izin verərmi? Boş-boş fikirlərlə başını doldurub, özünə əzab vermə.

- Oğul, sən hər zaman gecikirsən. Və bu gecikmələr səni uçuruma aparır.

- İndi nə deyirsən, deyirsən Afinadan ayrılım? Gec deyilmi, ana? Siz vaxtında niyə məni başa salmırdınız?

- O vaxtlar sən anlamaq zəkasından məhrum idin. Biz çox dedik, sən eşitmədin.

- Hər halda, ay ana, mən özümü bədbəxt kişilərdən hesab eləmirəm.

- Elə bu da sənin ən böyük faciəndir, Duruqan.

Şəfəqnur daha artıq söz demədi. Bildi ki, ya Duruqan yenə də anlamaq həddində deyil, ya da özünü arsızlığa vurub. Axı Afinanın qohumları ona ticarət sistemində yaxşı iş təşkil eləmişdilər. Düzdü, belə işi düzəltməyə Məmmədbəyin də gücü çatardı. Ancaq hörümçək qurbanını tora alan kimi, Afinanın qohumları da onu məngənəyə almışdılar və o, bu məngənədən qurtulmaq üçün bəlkə də yol tapa bilməzdi.

Məmmədbəyin saralıb-solduğunu, gündən-günə zərrə-zərrə əridiyini görəndə Şəfəqnurun dərdi bir az da başına vururdu. Belə dərdli insanların kabinetlərdə çürüdüyünü, masa başında keçindiyini çox eşitmişdi. Qorxurdu ki, günlərin birində belə əsirlərdən olan Məmmədbəy də… Və bu fikirləri başından qovub həyat yoldaşının yanında olmağa tələsirdi.

Şəfəqnur məqam düşən kimi Məmmədbəyi ovundurur, dərdinin üstündən bir az götürüb öz dərdinin üstünə atırdı. Onun özünü ovunduran isə yox idi. Hələ nə yaxşı ki, Səbrigül yanındaydı. Hərdən bu qızla dərdləşirdi. Ürəyində olanları, hamıdan gizli saxladıqlarını ona deyir, onun sözlərindən təskinlik taparaq, qəlbində yaxşı sabahların açılacağına inam şöləsi yaranırdı.

- Yaxşı yaşamağın, varlı həyat tərzi keçirməyin hələ xoşbəxtlik olmadığını bilirsənmi, Səbrigül?

- Hə, bilirəm. Varlı həyat tərzi keçirənlərin kasıb yaşayanlardan daha çox bədbəxt olduqlarını da çoxları bilir. Mən onları yazıq, zavallı sayıram. Ancaq belələri çox vaxt öz bədbəxtliklərini görə bilmirlər. Çünki var-dövlət onların gözlərini kor, qulaqlarını kar edir.

- Deyirsən, yəni, biz həm kor, həm də karıq?

- Yox, yox, Allah eləməsin. Siz o dərəcədə sərvət sahibi deyilsiniz ki. Sizin kor və kar olmağınıza hələ çox var. Bir də Şəfəqnur xanım, elə insanlar var ki, bədbəxtliklər on yerdən, on beş yerdən onları döyür. Sizin isə...

- Bizim isə bir dərdimiz olsa da, on, on beş tərəfdən gələn dərddən də böyükdür.

Ona görə Şəfəqnur belə kədərli danışırdı ki, artıq Afina onlarla gizlin yox, açıq və sonu qorxulu görünən oyun oynayırdı.

Şəfəqnurun Səbrigülü əzizləməsi, yanında saxlaması, ona yiyəlik eləməsi Afinanı qıcıqlandırırdı. O, bunu iki-üç gün əvvəl açıqca dilinə gətirmiş, Məmmədbəyə xəbərdarlıq da eləmişdi.

- Kişi, bilirsən qayınanamın bu kəndçi balasını belə əzizləməyinin səbəbi nədir? Hardan biləsiniz, kabinet işləri başınızı elə qatıb ki, qıraqda baş verənlər yadınızdan çıxıb... Qayınanamın məqsədi bu evi xalasının nəvəsinə verməkdir. Amma yadınızda saxlayın, sizin Duruqan adında yeganə bir övladınız var. Bütün mal-dövlətinizin, əmlakınızın hüquqi və mənəvi varisi yalnız odur.

Bu söhbətdən sonra Səbrigül Afina tərəfindən hücumlara məruz qalmasının səbəbini anlamışdı. Vaxt tapıb bu haqda Şəfəqnurla söhbət də eləmişdi. Demişdi ki, mənim heç nədə gözüm yoxdur. Əgər sizin evdə müşkülləri mən yaradıramsa, çıxıb gedə bilərəm.

Onun sözlərindən Şəfəqnur kövrəlmişdi, qızı qucaqlayıb köksünə sıxmışdı. Və hər dəfə belə kövrək hallarda olduğu kimi, Səbrigül barmaqları ilə Şəfəqnurun saçlarını daramış, üz-gözünə sığal çəkmiş, yanaqlarından öpmüşdü.

* * *
Məmmədbəyin vəzifədən uzaqlaşdırılması ailədə şok vəziyyəti yaratmışdı. Onun işdən şiddətli töhmətlə azad edilməsi işi bir az da qəlizləşdirirdi. İdarə dəhlizlərində belə söhbətlər gəzirdi ki, Məmmədbəydən elə-belə əl çəkəsi deyillər, onu yaxın günlərdə həbs edəcəklər...


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin