- Əbdül dayı, sür Novxanı tərəfə.
- Bəs dərsin yoxdur?
- İcazə almışam.
- Xeyir ola, yenə yığışırsınız?
Duruqan dinmədi. Əbdül kişi onu anladı. Bu dinməməklə Əbdül kişiyə onun işlərinə çox da qarışmağa icazə vermədiyini çatdırmaq istəyirdi.
Novxanı bağlarının torpaqlı və dolanbac yollarında irəlilədikcə Əbdül kişinin daxilən narahatlığı artırdı. Bu gün qızının ad günü idi, axı. Qohum-qonşular, tanışlar qızıgilə yığışacaqdılar. Gələn adamların bəziləri Əbdül kişinin adını tutub gələcəkdilər. Birdən bunların kefləri duruldu, oxumaqdan, oynamaqdan yorulmadılar, bəs onda necə olacaqdı? Aman Allah, belə bir şey olsaydı, həm qızının, həm də qonaqların yanında biabır olardı. Bu yaşına çatmışdı, hələ olmamışdı ki, o qızının doğum gününü təntənəli surətdə keçirməsin. Təntənəli deyəndə ki, kasıbın olanından; donmuş ət alıb dolmadan, küftədən-zaddan bir şey hazırlayıb araya gətirirdilər. Ancaq o kasıb süfrənin elə səmimi qonaqları olurdu ki. Hərə əlinə düşən bir şey alıb, təbrik üçün gətirirdi. Sonra xoş sözlər deyilirdi, təbriklər-təbrikə calanırdı. Məclisi Əbdül kişi açır və Əbdül kişi də bağlayırdı. O günə üç-dörd ay qalandan kişi həsrətlə o anın gəlib çatmasını gözləyirdi.
Bəs bu gün necə olsun? Bəlkə söz salıb, bu günün xüsusi gün olduğunu Duruqanın yadına salsın?
Sürəti bir az da aşağı saldı. Yerində qurcalandı. Elə bil ki, ağır bir söz eşidəcəyinə özünü hazırlayırdı.
- Duruqan, Əbdül dayı başına dolansın, tədbiriniz uzun çəkəcək?
- O qədər də yox.
- Təqribən neçə saat?
- Nəyinə lazımdır, ay kişi, arayış doldurursan?
- Yox e… bilirsən...
- Heç nə bilmirəm. Bir onu bilirəm ki, səni o qədər də qapı dalında saxlamayacam.
Əbdül kişi ürəyində «inşallah» dedi. Və köhnə saatına baxdı. Saat on birə bir az qalırdı.
Duruqan bu bağda birinci dəfəydi olurdu. Ən çox getdikləri yer Bilgəh bağları idi. Onların bağları da Bilgəhdəydi. Ancaq uşaqlarla getməzdilər. Öz bağları o birilərin bağlarından daha yaraşıqlı, daha gözəgəlimli olsa da, başqalarının bağlarında istirahət etməkdən daha çox xoşlanır, daha çox zövq alırdı.
Bu gün qrup yoldaşları Mənzurəgilin bağlarına toplaşmışdılar. Bir tədbir-zad yox idi, elə-belə yığışmışdılar və belə gözlənilmədən bir yerə toplanmaları Duruqana xüsusi ləzzət eləyirdi. Ləzzətini bir az da yuxarı eləyən bir səbəb də vardı. Bu gün birinci dəfə istədiyi qızı aşağı kursda oxuyan qız dostu Ellada bağa gətirəcəyinə söz vermişdi.
Afinanı Duruqan bir ilə yaxın idi ki, sevirdi. Onlardan aşağı kursda oxuyan bu gözəl-göyçək, cazibədar qızı onunla Ellada tanış eləmişdi. Onlar tez-tez görüşür, söhbətləşir, sevişirdilər. Anası erməni millətindən olan Afina Duruqanın ana dilində danışa bilmirdi. Bu bir il ərzində Duruqan ona bəzi sözləri öyrətmişdi. Özü də bunu könlünün istəyi ilə eləmirdi. Bilirdi axı, bilirdi ki, atası bir yana, anası biləndə ki, oğlunun sevdiyi qız öz dilimizdə danışa bilmir, aləm bir-birinə qarışacaq. Anası əvvəlcədən onunla şərt kəsmişdi axı; demişdi, sevəndə elə qız sev ki, qanı-qanımızdan, canı-canımızdan olsun.
Anası eşidib biləndə ki, Duruqanın sevib, əhdi-peyman bağladığı qızın nəinki qanı-qanımızdan, canı-canımızdan deyil, heç gəlin köçəcəyi evin dilini də bilmir, onda nə kimi müşküllərin yaşanacağı qabaqcadan Duruqana bəlli idi.
Bağa gözlənilən on altı nəfərdən on dördü gəlmişdi. İki nəfər oğlanın işləri çıxdığından bu yeyib-içmək məclisinə gələ bilməmişdilər.
Mənzurə yaxşı hazırlıq görmüşdü. Düzdü, məclisin xərcini özü çəkməmişdi. Uşaqlar, ən yuxarı məbləğdə isə Duruqan ona pul vermişdilər. Ancaq, hər halda çətinliyin çoxu Mənzurənin boynuna düşürdü. Və buna görə də qabaqcadan ona təşəkkürlərini bildirdilər.
Duruqan bəlkə də, ömrünün ən xoş çağlarından birini yaşayırdı. Deyir, gülür, şənlənir, tez-tez də imkan tapıb Afinanın əllərindən tuturdu, gözlərinə baxırdı, ona olan doyumsuz eşqini sübuta yetirmək üçün hər bir cəfaya dözməyə hazır olduğunu hərəkətləri ilə göstərməyə çalışırdı.
Yemək masasının üstündə xaricdən gətirilmiş içkilər də var idi. Bu içkilərdən hamısı daddığından hər birinin əhvalı yuxarıydı. Yemək yeyib doyandan sonra, hərəsi bir küncə çəkilmişdilər. İki oğlanın gəlib çıxmaması məclisə gözlənilməz bərabərlik rəngi qatmışdı. Hər oğlana bir qız düşürdü və ən qəribəsi də o idi ki, bu kölgəlikdə söhbətləşən cütlüklərin arasında yalnız bir sevgi nəğməsi çalınırdı. Bu da Duruqanla Afinanın çoxdan çalınan sevgi nəğməsiydi. Və bu sevgi nəğməsindən uşaqların hamısı xəbərdar idilər. Buna görə də bir az görünən, işıq düşən yerdə onlara yer saxlamışdılar. Özlərini isə qatı kölgəliyin içərilərinə vermişdilər.
Afina başını Duruqanın sinəsi üstə qoyub, xoş sözlərlə xumarlandı. Duruqan onun ipək kimi yumşaq saçlarını əlləri ilə darayır, yumşaq və ətli qollarına sığal çəkir, hərdən qızın başını yuxarı qaldırıb, dodaqlarından öpürdü.
- Duruqan, bizim sevgimiz haqqında anana bir söz demədin?
- Yox, hələ deməmişəm.
- Niyə demirsən? Bəlkə məni sevmirsən, elə-belə...
- Elə danışma. Səni bu dünya qədər sevdiyimi özün də yaxşı bilirsən.
- Bilirəm. Ancaq...
- Nə ancaq?
- Qorxuram.
- Nədən qorxursan?
- Qorxuram iblislər gəlib, səni mənim əlimdən alalar.
- Qorxma, ceyranım, mənim sevgi mələyim o iblislərdən çox güclüdür. Onların bizə gücləri çatmaz.
- Birdən iblis mələk cildində atanın, ananın qəlbinə girsə necə?
- Elə bir şey ola bilməz. Onlar da yaxşı bilirlər ki, sevgi azaddır. O azadlığın qarşısına sipər çəkməyə ata-ananın ürəyi gəlməz.
- Elə bu gün sevgimiz haqqında anana danışarsan. Elə tələsirəm ki, ananın gəlini olmaq üçün.
- Elə o gün üçün mən də tələsirəm. Ona görə anama deyəcəyəm, mütləq deyəcəyəm!
Elə bu anda da Duruqan fikrini qətiləşdirdi. O qədər qətiləşdirdi ki, durub elə indicə evlərinə getməyə tələsdi.
Saatına baxdı. Dördə on dəqiqə qalırdı. Ayağa qalxıb geniş bağçaya çıxdı. Əllərini yanlarına açıb, ucadan qışqırdı:
- Haydı, dəlilərim, getmək vaxtıdır.
Uşaqlar ağacların, kolların dalından çıxıb, ortalıqda cəm oldular.
Dostları Duruqanın bir sözünü iki eləmirdilər. Onun sözündən çıxmağı ağıllarına sığışdırmırdılar. Belə gözəl məqamdan hansı oğlan, hansı qız əl götürərdi. Kölgəliyin məstedici aurasından ayrılıb getmək hansı oğlana, hansı qıza xoş gələrdi? Amma Duruqan hayqırıb onları çağırmışdı. Demək, getmək zamanıydı.
Duruqan Afinanın əlindən tutub Əbdül kişinin maşını saxladığı yerə yaxınlaşanda sükanın arxasında sürücünün yatdığını gördü. Lap yaxına gəlib əli ilə onun çiyninə toxundu.
- Əbdül dayı, ay Əbdül dayı, dursana, nə bərk yatmısan?
Əbdül kişi oyanmadı. Duruqan bir də ucadan çağırdı. Kişi tərpənmədi. Duruqan qorxdu. Həyəcanla Afinanın üzünə baxdı.
- Bəlkə ölüb, bu kişi?
Afina əlləri ilə üzünü qapadı. Duruqan yenə hayqırıb uşaqları çağırdı. Uşaqların bir neçəsi artıq çıxıb getmişdilər. Qalanlar isə bir anda Duruqanın qarşısında dayandılar.
- Nə olub, Duruqan?
- Deyəsən, bu kişi keçinib.
Uşaqların hamısı dərhal çevrilib maşının qabaq oturacağına baxdılar. Ömürlərində belə mənzərə ilə rastlaşmayan tələbələr sual dolu nəzərlərini bir-birlərinə dikdilər. Qızlar qorxularından çəkilib divarın dibində dayanmışdılar.
- Bəlkə ürəyi keçib?
- Bəlkə dili qatlanıb?
- Gözlərinə baxmaq lazımdır.
- Kim baxsın, mən qorxuram.
- Mən də.
Uşaqlardan biri ürəkli çıxıb sürücüyə yaxınlaşdı. Qolunu tutub, nəbzini yoxladı. Və qəti əminliklə:
- Ölüb, - dedi.
Tələbələr səs salıb, bağlarda olan adamları çağırdılar. Yaşlı adamlar kişinin ölümünü təsdiq edəndən sonra tələbələrdən bir neçəsi meyidi aparmaq üçün maşın gətirməyə getdilər...
O, kişiyə Duruqan çox öyrənmişdi. Onun yoxluğu Duruqana çox pis təsir edir, sıxırdı. Təzə gətirdikləri sürücüyə qətiyyən öyrənə bilmirdi. Hələ desən, həmin maşını sürdüyünə görə yeni sürücüyə qısqanırdı da. Yeri gəldi, gəlmədi, onu acılayır, Əbdül kişinin yoxluğunu qəbul edə bilmirdi.
Bir aydan sonra o sürücünü qovdular.
Yeni tapdıqları sürücüyə də Duruqan doğma münasibət göstərə bilmədi. Onda Duruqan anladı ki, Əbdül kişinin yerini heç kəs verə bilməz. Yeni sürücülər bəlkə də Əbdül kişidən daha savadlı, daha istiqanlı idilər. Ancaq hər bir hərəkətinə, baxışına, duruşuna, səsinin tonuna öyrəndiyi keçmiş sürücünün yerinin doldurula biləcəyinə Duruqan inanmırdı.
Bir də ona inanmırdı ki, onun Afinaya olan sevgisi anası tərəfindən bu qədər etirazla qarşılanacaq.
Sürücünün ölümündən üç gün sonra Duruqan sevgisini anasına acdı. Əvvəl Şəfəqnur çox sevinsə də, hər şeyi biləndən sonra kədər dünyasına qərpq oldu. Oğlunun tərsliyini bilsə də, onu bu sevdasından əl götürmək üçün dilə tutdu.
- Bala, biz ana-bala kimi əhdi-peyman bağlamışıq axı. Sənə demişəm ki, ailə quranda ananla məsləhət elə.
- Ana, bilirsən sevgi nədir?.. O elə bir hissdir ki, qəlbə haradan daxil olduğunu, səni necə əsir etdiyini duymursan. Bir də, ay ana, məhəbbət məsləhətlə olsaydı, Məcnun dəli olmaz, Kərəm çöllərə düşüb, sevgi atəşində yanmazdı.
- İndi deyirsən yəni, o qızı Məcnun Leylini, Kərəm Əslini sevdiyi qədər sevirsən?
Duruqan bir söz demədi. Başını aşağı dikdi.
- Oğlum, rayonda, elə şəhərin özündə də o qədər qəşəng tanış-biliş, qohum qızları var ki. Gəl onlardan birini sev. Həm bizim ürəyimizcə olsun, həm də sənin.
- Ana, onda gərək Afinalı olan ürəyimi çıxarıb, yerinə başqa ürək qoyam.
Anası çox desə də, Duruqan az eşitdi. Bəzi sözləri heç eşitmədi də. Fikri, zikri, xəyalı Afinanın yanında olduğundan anasının danışdığı sözlərin bir çox məqamları onun eşitmə orqanına yetişmədən, elə yoldaca itə-bata düşdü.
Sonra bir-iki dəfə də o qız haqqında anası ilə söhbəti oldu. Və hər dəfə söhbətin axırı mübahisəsiz ötüşmədi.
Duruqan əsəbiləşirdi, özünə yer tapa bilmirdi. Hirsindən nə edəcəyini bilmir, mətbəxə keçib, əlinə keçən qab-qacağı yerə çırpırdı. Bir az sakitləşəndən sonra, Lyudmila İvanovnanı tapıb, dərdini ona danışırdı. Lyudmila İvanovna təmkinli danışır, məhəbbət haqqında aforizmlərdən sitatlar gətirərək onu sakitləşdirirdi.
Bu sakitləşmə ilə onun Afinaya olan məhəbbəti daha da alovlanır, ona olan eşqini izhar eləmək üçün bütün müşküllərdən keçməyə hazır kimi görünürdü.
Belə vaxtlarda sürücü Əbdül kişinin də məsləhətlərinə sonsuz ehtiyac duyurdu. Çətin məqamlarda Əbdül kişi Lyudmila İvanovnadan daha çox yollar arayıb tapa bilərdi. Və Duruqan Əbdül kişini düşünəndə onu da xəyalından keçirirdi ki, gərək Afinaya olan məhəbbətini gizlətməyəydi, elə əvvəllər açıb, heç olmasa Əbdül kişiyə danışaydı. Əbdül kişi də ustufca Duruqanın anasına bu haqda dolayı yollarla məlumat verəydi. Anası da atasına çatdıraydı və… Onda bu söz-söhbətlər olmaz, mübahisələrə yer qalmaz, hər şey sakitliklə həll olunar, Afina ağ gəlinlik paltarı geyinər, onların evinə köçərək Duruqanı xoşbəxtlər səltənətinin əbədi sakini edərdi.
Bu məhəbbətdə qəribə nə vardı, axı? Afinanı çoxdan tanıyırdı, tərbiyəsinə, əxlaqına bir kimsə bir söz deyə bilməzdi. Gözəlliyi də öz yerində. Bəlkə yüz qızdan, min qızdan birində bu qədər işvə, naz ola bilərdi. O yüz qızın, min qızın içindən seçilən gözəldə də, Afinanın gözlərində olan cazibə, atəş, sevgi işığı ola bilməzdi. Bəs bu nə həngamə idi anası çıxarırdı? Bəlkə onun belə erkən məhəbbət dərdinə mübtəla olmasını, ailə qurmasını istəmirdi? Yox, anası hər zaman, Duruqan lap uşaq olandan, tez-tez, təkrar-təkrar deyirdi ki, səni tez evləndirəcəyik. Dünyanın işlərini bilmək olmaz, birdən başımıza bir iş gələr, gəlin qulluğu görmədən, dizlərimiz üstündə nəvə əzizləmədən dünyadan gedərik. Ona görə də, bığ yerin tərləyən kimi bir halal süd əmmişin qızını gətirib özümüzə gəlin edəcəyik.
Bığ tərləmə söhbətini yadına salanda, hər dəfə Duruqanın üzünə təbəssüm gəlir, Yaltaya, istirahətə getdikləri vaxt olan hadisəni xatırlayırdı.
…Yenə növbəti ilin yayı gəlmişdi. Havalar olduqca isti keçirdi. Atası birtəhər işlərini sahmana salıb, istirahət etmək üçün onları Qara dəniz sahillərinə aparmışdı. Artıq neçənci dəfəydi ki, onlar istirahət üçün bu məkanı seçirdilər. Atası da bu yerləri çox sevirdi, anası da. Duruqanın özü isə bu yerlərdən ötəri lap burnunun ucu göynəyirdi. Yazın gözü açılandan o təqvim vərəqini qarşısına qoyur, əsgərlər kimi hər keçən günü qaralayır, yay mövsümünə neçə günün qaldığını gündə neçə dəfə hesablayırdı.
Bu il Qara dənizin sahilləri o biri illərdən də gözəl, cəzbedici görünürdü. Adamların üz-gözündəki sevinc, şən qəhqəhələr yaşıl düzlərlə həmahənglik təşkil edir, insanın coşğusunu, müsbət enerjisini bir az da artırırdı
Şəfəqnur nə qədər çalışsa da Duruqanı gözünün hədəfində saxlaya bilmirdi. Duruqan gözlənilmədən göz hədəfindən yayınıb itir, bir-iki saatdan sonra itdiyi kimi də, gözlənilmədən peyda olub, günah işlətmiş adamlar kimi anasının qarşısında dayanırdı.
- Bilirəm nə deyəcəksən.
- Nə deyəcəyəm?
- Deyəcəksən ki, adam balasısan, adam anasını bu qədər incitməz.
Bu dəfə də belə oldu. Bu dəfənin o birilərindən bir fərqi vardı, o da Duruqanın bu dəfə daha çox yubanması idi. Bəlkə dörd saatdan da artıq idi ki, Duruqan gözə dəymirdi. Görünən kimi yenə əllərini yanına salıb dayandı.
- Ana, deyim, nə deyəcəksən?
- Heç nə deməyəcəyəm.
- Ancaq mənim sənə sözüm var.
- Yenə nə xahiş edəcəksən? Haraya getmək üçün məni dilə tutacaqsan? O qədər edəcəksən ki, axırda imzalı məktubla yuxarı təşkilata, atana müraciət etməli olacağam.
Duruqan uşaq kimi anasının sinəsinə qısıldı. Bu dəfə söhbətin başqa mövzuda olduğunu ona anlatmağa çalışdı.
- Ana, bilirsən nə olub?
- Nə olub, bir hadisə törətməmisən ki?
- Yox, bir bığlarıma bax. Sən həmişə deyərdin axı, deyərdin ki, bığ yerin tərləyən kimi səni evləndirəcəyəm. Görürsən, bığ yerim artıq tərtəyib.
Şəfəqnur oğlunun gözlənilməz sözlərinə ucadan qəhqəhə çəkib güldü. Bir anda hirsi, hikkəsi soyudu. Üzündə çox sakit, mehriban ana nəvazişinin cizgiləri yarandı.
- İndi nə deyirsən, bu qərib diyarda sənin üçün toy-mağar quraq?
- Toy-mağara ehtiyac yoxdu, ana, ancaq burada bir ukraynalı qız var, elə gözəldir ki, adamın ağlını başından alır. Bilirsən nə deyir mənə? Deyir, səndən çox xoşum gəlir, deyir, qafqazlı oğlanlar...
- Yəqin aşiq olub sənə?
- Təkcə o, mənə yox...
- Sən də ona vurulmusan?
- Hə, ana, atama de, o qızı mənə alsın.
Şəfəqnur bir xeyli güldü. Gülməkdən gözləri yaşardı. Gözlərinin yaşını silə-silə oğluna baxdı.
- Adı nədir o gözəlçənin?
- Nadya.
- Nadya?.. Oğlum, Nadyadan bizə gəlin olar?
- Bəs sizin gəlininiz kim olmalıdı?
- Nə bilim axı… Fatma, Tükəzban, Züleyxa…
- Eh, iyrəndirmə məni, ay ana. İndi hansı ağıllı adam, yuxarı təbəqənin nümayəndəsi Fatmaya, Tükəzbana könül bağlayıb, evinə gəlin gətirir?
Şəfəqnurun üzündəki təbəssüm bir anda yox olub getdi. Üzündə ciddi, gözlərində kədərli ifadə yarandı.
- Yox, oğlum, yaxşı düşünsən bilərsən ki, səhv edirsən.
- Ay ana, barmağını qatla, mənə sübut elə ki, dediyin qızlarla ailə həyatı quranlar sonda elit zümrənin üzvü olublar?!
- Çox qəliz danışdın, Duruqan. Mən müəllim ola-ola səni anlamaqda çətinlik çəkirəm. Bəs yazıq Nadya səni necə anlayacaq?
- Onlar bizi tez anlayırlar.
Şəfəqnur nədənsə dərindən ah çəkdi.
- Oğlum, nə qədər buradayıq, izin verirəm o qızla gəz, dolan, dənizə get. Ancaq başqa xəyallara düşmə. Reallığa söykənməyən arzulara düşsən, deyərlər, dəlidir.
Duruqan daha sözü uzatmayıb, Nadyanı axtarmağa getdi.
Və sabahısı gün dənizin pünhan yerində suların qoynunda Nadyanı qucaqlayıb öpəndə, yumşaq yerlərini xırda-xırda çimdikləyəndə, hərdən ürəyi əsə-əsə qızın yumru döşlərinə toxunanda, imkan tapıb anasının sözlərini başqa yozumda onun qulaqlarına pıçıldayırdı.
- Anam deyir, hər bir insanın alın yazısı var.
- Sən alın yazısına inanırsan, Duruqan?
- Bəs necə?
- Onda, deməli, dindarsan. Bizim tərəflərdə sənin kimi adamlara keçmişdən qalma adam deyirlər.
- Yox, Nadya, mən dindar deyiləm. Ancaq, alın yazısı…
- Nə alın yazısı, ay keçmişdən qalan oğlan? İnsan öz taleyini, öz həyat tərzini özü müəyyən edir. Allah, dini kitablar, keşişlər boş şeylərdi. Bütün bunları uydurublar ki, zəif xarakterli insanları aldadıb, öz çevrələrinə salsınlar, məqsədləri üçün istifadə etsinlər, çoxlu pullar qazansınlar. Bəs eşidməmisən, axmağın pulunu maymaq yeyər?
- Anam deyir…
- Yavaş, döşlərimi incidirsən… Ananın nə deməyi mənim üçün maraqlı deyil. Ancaq istəsən elə bu anda sənin ola bilərəm… Bu da olar materialist nəzəriyyənin əsl nümunəsi.
Qızın bu sözlərindən sonra Duruqan daha da coşdu. Öpməkdən, əlləməkdən ehtirasın ən yuxarı zirvəsinə çatdı. Tənha ləpədöyəndə ilk dəfə kişi kefinin ləzzətini gördü.
Xırda qumların üstünə səpələnən al qanın sirli möcüzəsi uzun illər boyunca onun yaddaşından silinmədi…
Anasının da qəlbində təlatümlü fırtınalar dolaşırdı. Oğluna açığını deməyə cürəti çatmırdı. Axı Duruqan kimi düşünən insanların həyatında çox zaman qara küləklər əsirdi. Milli yaddaş zəifləyirdi. İkili şüur dalana dirənib, can verə-verə qalırdı. O biri yandan da başqa bir hiss Şəfəqnuru rahat buraxmır, ona olmazın əzab-əziyyətlər verirdi. Dilinə gətirdiyi fatmalar, tükəzbanlar, züleyxalar ağ gəlinlik paltarına bürünüb zirvəyə doğru gedən təbəqə nümayəndəsinin evində gəlin olanda, elə bil, zaman dayanır, irəli getmir, bir az da geriyə, geriyə dartırdı.
Şəfəqnurun nələr düşündüyünü Duruqan o qədər də anlamırdı. Əslində heç bütün bunların fərqində də deyildi. Anasının yüz sözündənsə Lyudmila İvanovnanın bir sözü onu daha çox düşüncələrə qərq edirdi.
Məmmədbəy də iki daşın arasında qalmışdı. Hərdən o, keçirdiyi həyat tərzinə görə peşimançılıq hissi keçirir, uzaq, səsdən-küydən aralı, bir dağ kəndində yaşamağı daha üstün tuturdu. Elə yaşamağın şərəfli tərəfləri, belə yaşamağın şərəfsiz tərəflərindən bəlkə də çox idi. Ancaq… Meydanı onun-bunun öhdəsinə buraxıb kənarda qalmaq da, torpağa şərəfli övladlıq borcu sayılmazdı axı. Onda daha böyük fəlakətlərin cığırları açılar, millət onun-bunun əlində oyuncağa dönüb, tarixin səhnəsindən silinərdi. Bəs neyləməli? Dərdini açıb, kimə danışmalı? Ki, duz kimi ağır yükün bir az çiynindən götürülə, ürəyin birazca rahatlıq tapa.
Məmmədbəy işin daha qəliz tərəfini Şəfəqnurdan çox-çox yaxşı bilirdi. Heç bildiyinin çoxunu açıb arvadına da demirdi. Necə açıb deyəydi ki, neçə müddətdir Ararat Gevorkov zəli kimi onun yaxasından yapışıb əl çəkmir. Daha yüksək pillədə oturan, Məmmədbəyi gözümçıxdıya salan və məqsədi də Məmmədbəyin yerinə Qalina Sumbatyanı gətirmək olan bu dövlət məmurunun özbaşınalığından necə danışaydı? Bunları arvadına deməklə heç nə qazanmayacaqdı. Bəlkə onun dərdinin üstünə bir az da dərd gətirib, onsuz da çətin olan mübarizənin şərtlərini daha da çətinləşdirərdi. Neçə müddət idi Şəfəqnurun yerində də başqa bir millətdən olan xanımı əyləşdirmək istəyirdilər. O, çətinliklə, ağır məşəqqətlərə dözə-dözə bu mübarizəyə tab gətirir, ayaq üstə dayanmaq üçün bütün gücünü, qüvvəsini səfərbərliyə alırdı. Başqa tərəfdən, divarların da qulağı vardı. Xəbər gedib yuxarılara çata bilərdi. Onu çağırıb, yaxşıca tənbeh edərdilər, qulaqburması verərdilər, işdən çıxmaq haqqında ərizəsini alıb, suyu süzülə-süzülə evlərinə yola salardılar. Onda gəlib arvadına nə deyərdi? Deyərdi, Şəfəqnur, xırda bir qələtimin üstündə xoruzumu qoltuğuma verdilər? Onda yazıq qadın hansı hala düşərdi? Ürəyi partlayıb ölməzdimi? Ölməsə də, ölməkdən betər günə qalmazdımı? Özü, arvadı bir yana, bəs belə olsaydı Duruqanın güzəranı necə olardı? Ona keçmiş kulak balasının uşağı kimi baxmazdılarmı? Ali məktəbdən qovub, küçəyə atmazdılarmı? Elə bir küçəyə ki, o küçənin nə arxası, nə solu, nə də sağı vardı. Ancaq qabaq tərəfi görünürdü. O qabaqda da yeddibaşlı əjdaha oturub, belə adamların gəlişini gözləyirdi. Gözləyirdi ki, belə adamları yesin. Yesin ki, o birilərə görk olsun. Bir kimsə bir daha qələt eləyib, başqa fikrə düşməsin.
Belə qəliz və mürəkkəb məsələlər haqqında düşünəndə Məmmədbəy hər dəfə sinə dolusu ah çəkərdi. Sonra da nəsə düşünüb, gül dükanına adam göndərərdi. Bir yekə gül dəstəsi bağlatdırıb gətirərdi. Gül dəstəsini oğlunun əlinə verib, «Apar, bala, apar qoy Kirovun heykəlinin qabağına. O kişi yaxşı kişi olub» - deyərdi. Sonuncu sözləri çox astadan, elə pıçıldayardı ki, özündən başqa bir kimsə eşitməzdi.
Ancaq bu xına o xınadan deyildi. Məmmədbəy Afinanın evlərinə gəlin gətirilməsinə heç vəcdlə razılıq verə bilməzdi. Bu siyasət məsələsi deyildi. Vəzifə davasının da bu işlərə qarışacağı yox idi. Bu bir gəncin və gələcəkdə qurulan ailənin tale məsələsi idi. Belə məsələlərdə nəyi isə, nəyə görəsə güzəştə getmək gələcək faciələrin əsasını qoymağa bərabər olardı.
Ancaq bütün bunlara rəğmən, Duruqan ailə qurmaq məsələsində güzəştə getmək fikrində deyildi. O, möhkəm dayanmışdı, fikrində qəti idi. Və bu mövzuda olan hər bir söhbət onun üçün boş danışıqdan başqa ayrı məna kəsb eləmirdi.
Məmmədbəy həm özünə təskinlik verirdi, həm də arvadını sakitləşdirirdi. Yeri gəldi, gəlmədi elə hey danışırdı, deyirdi ki, belə havayı məhəbbətlər hər bir gəncin həyatında olur. Üfürülmüş şar kimi bir şeydi bu məhəbbət oyunu. Bir azdan soyuyacaq, başqa bir gözəl görən kimi Afina yadından çıxacaq. Deyirdi, işvəsi, nazı o qızdan bir az çox olan bir qız görən kimi, bunu atıb, ondan yapışacaq.
Deməyinə deyirdi, ancaq dediyinə o qədər də inanmırdı. Zatdan-kökdən inadkar olduqlarını bilirdi. Bilirdi ki, bir mikrobun arxasınca düşsələr onu tutub öldürməmiş, ya da o mikrobun ağır xəstəliyinə yoluxmamış əl çəkməzlər. Belə fikirli və dalğın günlərin birində kabinetindəki telefonuna zəng gəldi. Zəng edən Mərkəzi Komitədən Ayrumyan idi.
- Yoldaş Məmmədbəy, bu gün işləriniz çoxdurmu?
- Bəli, lap başdan aşır. Necə ki?
- Axşamüstü Osipyan küçəsində yerləşən idarədə Valeri Semyonov sizinlə görüşmək istəyir.
Məmmədbəyin ürəyindən bir tel qırıldı elə bil.
- Nə məsələdir belə?
- Bilmirəm. Ancaq vaxt tapın, mütləq görüşün.
Məmmədbəy dəstəyi yerinə qoyub, bu görüşün nədən qaynaqlandığını götür-qoy etməyə çalışdı. Düşündü ki, yəqin, şər qüvvələr öz işlərini görüblər. İmzasız məktublar nəticəsini verib. Ona olan böhtanlar, ləkəyaxmalar çox inandırıcı görünüb və elə buna görə də… Valeri Semyonov boyda adam özgə işdən ötrü onu yanına çağırmazdı ki.
Bu anlarda Məmmədbəyin ömür səhifəsi köhnə kino lenti kimi gəlib gözlərinin önündən keçdi. Əzablı yollarla irəlilədiyi, daşa, qayaya, rast gəldiyi, bəzən alçaldıldığı, bəzən susdurulduğu məqamlar… Və bu anlarda onun qəlbində başqa bir gizli arzu da baş qaldırdı. Bu işdən xətasız, bəlasız ötüşmək, vəzifə stolunu bir başqasına verib, kənara çəkilmək… Ancaq onlar onun bu arzusu ilə razılaşardılarmı? Onu məhbəsin qaranlıq küncünə atmamış, ömrünü çürütməmiş yaxasından əl çəkərdilərmi?
Yeganə oğlunu həyatın sərt sınaqlara qarşısında qoyub, dustaq ömrü yaşamaq onun üçün necə də əzablı olardı, İlahi. Duruqanın əlindən tutası, ona yol göstərəsi bir kimsə vardımı? Bir anası idi. O da tükdən asılı vəziyyətdə. Onu həbs edəndən sonra Duruqanın anasını rahat buraxacaqdılarmı? Bəlkə bir azdan onu da şərləyib, onun dalısınca göndərəcəkdilər?
Valeri Semyonovla görüşməyə yollananda ümidini üzmüşdü. Elə ümidi yarımcan halda da qəbul otağına gəldi. Burada nə qədər gözlədiyini bilmədi. Ancaq bu anlarda bir dəqiqənin bir gün qədər uzun göründüyünü Məmmədbəy hiss elədi. Katibə qız gəlib onu Semyonovun yanına çağıranda isə elə bil uzun çəkən qorxulu yuxudan ayıldı və bütün gücünü toplayıb ayaqlarının əsdiyini sezdirməməyə çalışdı, qapını açıb Semyonovun otağına daxil oldu.
Semyonov lap yuxarı başda oturmuşdu. Rəngbərəng telefonlar ətrafını tutduğundan, bir də cılız adam olduğundan onun yalnız keçəl başı görünürdü. Məmmədbəyi görəndə bir az dikəldi və yanında ona yer göstərdi.
- Əyləşin… Hava yaman istidir, adam lap boğulur.
Qalstukunu bir az boşaldıb, qəribə nəzərlərlə Məmmədbəyin üzünə baxdı.
- Məmmədov, işlər necə gedir?
- Pis deyil, yoldaş Semyonov. Sizlərin dəstəyi ilə tapşırılan işləri yerinə yetiririk.
- Səndən yaman yazırlar.
Məmmədbəyin ürəyinin döyüntüsü daha da çoxaldı. Semyonov isə gülümsəyib, qulaqlarının ətrafında olan seyrək ağ tüklərini barmaqları ilə arxaya daradı.
Dostları ilə paylaş: |