Samir İmanov HƏDƏFDƏKİ İnsan



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə18/20
tarix26.02.2017
ölçüsü2,48 Kb.
#9810
1   ...   12   13   14   15   16   17   18   19   20

Hadisədən 10 gün sonra
Bakı. Azərbaycan
Samir  işə  gələndə  Teymur  onu  mərkəzin  həyətində 
qarşılayıb dedi:
-Sabahınız xeyir müəllim. Sosial müdafiə naziri gəlib, 
iclas zalında sizi gözləyir. 
-İclas zalında?
-Bəli. Hamını oraya yığıb. Deyir ki, vacib məsələ haq-
qında danışacaq.
Samir mərkəzə tərəf gedə-gedə soruşdu: 
-Teymur,  sənin  vəzifəni  artırmaq  istəyirəm.  Mənim 
yerimə keçmək istəyirsən?
-Xeyr, müəllim.
-Ağıllı  adamsan.  Bu  mərkəzin  dərdi  qurtarmır  ki, 
əlillərin dərdləri ilə də məşğul olaq.
Samir iclas zalına girəndə hamı təəccüb içində nazirin 
nə deyəcəyini gözləyirdi. Samir yaxınlaşanda nazir ayağa 
qalxıb onunla görüşdü və hər ikisi oturduqdan sonra nazir 
sözə başladı:
Başına gələn bəlalara görə keçmiş olsun. İndi necəsən? 
Özünü necə hiss edirsən?
-Çox sağ olun. Get-gedə hər şey qaydasına düşür.
-Sənə görə hamımız çox narahat idik. İspaniyada həlak 
olan mərkəzin işçilərinə görə də başsağlığımı qəbul edin.
-«Ümid»  mərkəzinə  olan  diqqətinizə  və  mənə  olan 
hörmətinizə  görə  sizə  dərin  təşəkkürümü  bildirirəm.  İs-

275
paniyada həyatını itirən üç nəfərə gəlincə isə, onların bu 
mərkəz barədə çoxlu arzuları və planları var idi. Mən və 
mərkəzin digər işçiləri onların istəklərini həyata keçirmək 
üçün var qüvvəmizlə çalışacağıq. Ümid edirəm, bu sahədə 
siz də öz köməyinizi əsirgəməyəcəksiniz.
-Buna söz ola bilməz! Ancaq mən buraya başqa məsələ 
üçün  gəlmişəm.  Son  günlər  xeyli  əzab-əziyyət  çəkmisən. 
Bilirəm ki, yorulmusan. İstirahətə ehtiyacın var. Ona görə 
də  nazirlikdə  belə  qərara  aldıq  ki,  bu  işləri  buraxıb  bir 
müddət dincələsən. Sənin rahatlanıb özünə gəlmən üçün 
nazirlik nə lazımdırsa edəcək. 
-İstirahət üçün hansı müddəti nəzərdə tutursunuz?
-Bu  mərkəzin  inkşafı  üçün  səkkiz  ayda  yorulmadan 
gecə-gündüz işləməyini və son günlər çəkdiyin bu qədər 
əzab-əziyyəti nəzərə alaraq düşünürəm ki, heç olmasa bir 
il rahatca dincəlməyə və özünə vaxt ayırmağa tam haqqın 
çatır.
-Məni bu qədər düşünməyiniz qəlbimi fərəhləndirdi. 
Ancaq nahaq əziyyət çəkmisiniz, mən hələlik işləri təhvil 
vermək fikrində deyiləm.
-Səbəbini izah edə bilərsən?
-Mən bu mərkəzi yaradanda qocalanadək burada otu-
rub, sonra da oğlumu bu vəzifəyə gətirmək fikrim yox idi. 
Heç indi də yoxdur. Ancaq mən işləri yarımçıq da atıb gedə 
bilmərəm. İndi elə mərhələdəyik ki, əgər mən buranı tərk 
etsəm, buradakı işlərin hamısı hədər gedəcək. Çünki mən 
planlarımı heç kimə demirəm və təbii olaraq, bu mərkəzdə 
heç kim bilmir ki, hazırda görülən işdən sonra növbəti ad-
dım hansı olacaq və ya hansı iş nə zaman görülsə daha ef-
fektli olar. Düşünün. Mənim yerimə bir başqası gəlsə, bura-
dakı işlərlə tanış olub vəziyyəti nəzarətə götürüncə, ona ən 
azı iki-üç ay vaxt lazım olacaq ki, bu «Ümid» mərkəzinin 
çökməsi deməkdir.

276
Bayaqdan əlində saxladığı kağızı Samirə uzatdı: 
-Bəlkə də sənin sözlərində həqiqət var. Ancaq nəzərə al 
ki, Sosial Müdafiə fondunun rəsmi qərarına etiraz edirsən. 
Hansı ki, bu qərarda sənin bu vəzifədən bir illik uzaqlaşdı-
rılmağın açıq-aşkar qeyd olunub.
-Bu  günə  qədər  heç  vaxt  dövlətin  qanunlarının  və 
qərarlarının əleyhinə getməmişəm. Ancaq düşünürəm ki, 
mənə  təqdim  etdiyin  qərar  Sosial  Müdafiə  Nazirliyinin 
yox, sənin şəxsi qərarındır.
-Niyə belə düşünürsən?
-«Ümid» Mərkəzi Sosial Müdafiə Nazirliyinin nəzdin-
də yaradılsa da, birmənalı şəkildə həmin nazirliyə tabe de-
yil. «Ümid» mərkəzi özündə bir çox nazirlikləri və dövlət 
qurumlarını  birləşdirir  ki,  bu  mərkəzlə  bağlı  verilən  bü-
tün  qərarlarda  onların  da  razılığı  lazımdır.  Ancaq  mən 
düşünürəm ki, nə Səhiyyə Nazirliyinin bu qərardan xəbəri 
var, nə İdman və Turizm Nazirliyinin, nə icra başçısının, nə 
də ki, digər orqanların.
Samirin ayağa qalxdığını görən nazir də ayağa qalxdı 
və əsəbi-əsəbi dedi:
-Bu mərkəz birbaşa Sosial Müdafiə Nazirliyinə daxildir 
və mənim verdiyim qərara burada sözsüz əməl olunmalı-
dır. Mən bu qərarı verəndə sənin cəmi bir il müddətində 
və  istirahət  üçün  uzaqlaşdırılmağını  düşnmüşdüm.  An-
caq indi fikrimi dəyişdim. Elə indi işdən çıxmaq haqqında 
ərizəni yazmasan, bu mərkəzdə yoxlama aparmaq adıyla 
düz iki ay qapını möhürlədəcəyəm.
-Cənab nazir, axı...
-Mən sözümü dedim. Sən artıq özünü buranın ağası 
saymağa başlamısan.
-Yaxşı.  Mən  gedirəm  ərizəmi  yazmağa.  Bu  mərkəzin 
uğurlarını kənardan izləmək belə mənə xoşdur.

277
-Cənab nazir, – Mahmudov söhbətə qoşuldu. – axı Sa-
mir buradan çıxmamağının səbəbini sizə açıqladı. O bura-
dan çıxsa, aləm bir-birinə qarışacaq.
-O  elə  düşünür.  Nazirlikdə  istedadlı  və  bacarıqlı 
adamlar çoxdur. Qısa zaman ərzində bu mərkəz daha çox 
inkşaf edəcək.
Mahmudov:
 -O zaman mənim də ərizəmi qəbul edin. Bu mərkəz Sa-
mirsiz heç nədir! - deyərək, keçib Samirin yanında dayan-
dı. Mahmudovun ardınca Akif, daha sonra isə Əziz onun 
tərəfinə keçdilər. Onların ardınca mərkəzin bütün işçiləri 
bir-bir – mən də işdən çıxıram, mən də, mən də, mənim 
də ərizəmi qəbul edin və s. deyərək, Samirin olduğu yerdə 
dayandılar.  Vəziyyətin  belə  olacağını  gözləməyən  nazir 
özünü  itirdi.  Dünyanın  müxtəlif  yerlərində  filialları  olan 
və ölkəyə çox böyük nüfuz qazandıran bir mərkəzin onun 
ucbatından bağlanması özü üçün heç də yaxşı qurtarmaya-
caqdı. Buna görə də, geri çəkilmək məcburiyyətində qaldı.
-Yaxşı  Samir.  Mərkəzlə  bağlı  planlarını  reallaşdırıb 
qurtarana qədər burada qalıb işləyə bilərsən. Ancaq unut-
ma, gözüm hər zaman üstünüzdə olacaq.
Nazir sözünü bitirib gedəndən sonra Samir dərindən 
köks ötürüb astadan dedi:
-Bu problem də belə yoluna düşdü. Mənə göstərdiyiniz 
dəstəyə görə hamınıza təşəkkür edirəm. İndi isə haydı hamı 
iş başına, insanlar mərkəzin həyətinə yığışıb gözləyirlər. 
Hadisədən sonra 11 gün – 1 ay müddətində
Günlər  keçdikcə  mərkəzdə  işlər  yoluna  düşməyə 
başlamışdı.  Əngəlli  insanların  buraya  axını  əvvəlki  kimi 

278
davam  edirdi.  Hindistanda  və  Mərakeşdə  yeni  filial-
ların  açılışı,  əngəlli  müğənnilərdən  ibarət  beynəlxalq 
mahnı  müsabiqəsinin  keçirilməsi,  beynəlxalq  paraolim-
pia  komitəsinin  «Ümid»  mərkəzi  ilə  rəsmi  tərəfdaşlıq 
müqaviləsinin imzalanması görülən işlər sırasında idi. 
Evdə də Samirin işləri yaxşı gedirdi. Pedro yavaş-yavaş 
yeni işinə öyrəşirdi, Xose otaqlardan birini zəbt edib bü-
tün günü şəkil çəkərək səylə mərkəzin təşkil edəcəyi ikinci 
rəsm  müsabiqəsinə  hazırlaşırdı.  Dillərini  bilməsə  də,  Əli 
Xoseylə Lusiyanın yanında özünü xoşbəxt hiss edirdi. Lu-
siya Əlinin qeydinə daha yaxşı qalmaq və tezliklə Samirlə 
evlənəcəyi  üçün  lüğət  və  qrammatika  kitablarını  ərafına 
yığaraq azərbaycan dilini öyrənirdi.
Rayondan valideynləri gəldiyindən Rənanın başı qarı-
şıq idi. Rayondakı qonşunun oğlu ilə evlənməsi üçün ana-
sının tez-tez söz salması onun xoşuna gəlməsə də, bütün 
gününü həyatından çox sevdiyi valideynləriylə birgə ke-
çirdirdi.
Polis işçiləri Muradın yerini müəyyən etsələr də, onu 
orada  tapa  bilmədilər.  Bütünlüklə,  boş  butulkalardan, 
karton parçalarından və digər zir-zibillə dolu olan, uçuq-
sökük  divarlarından  kir  tökülən  əcaib  dəhlizdən  keçib 
Muradın  otağına  girəndə  mayor  Əhmədov  divardakı  əl 
ilə  çəkilmiş  əyri-üyrü  cızmaqaraları,  yazıları,  çarpayı-
nın  üstünə  sərilmiş  və  üzərində  skelet  təsviri  olan  uzun 
paltarı,  stolun  üstündə  qəddarlıqla  öldürülmüş  insan 
rəsmlərindən  ibarət  albomu,  şkafda  gizlədilmiş  müxtəlif 
növ silahları, stulun üzərinə düzülmüş və çox güman ki, 
insanlara  işgəncə  vermək  üçün  hazırlanmış  kəsici,  sıxıcı 
və  deşici  alətləri  və  döşəməyə  səpələnmiş  boş  vərəqləri 
görəndə öz-özünə düşünmüşdü: “Bu insanı tez tutmaq la-
zımdır. Özü də lap tez ”.

279
Almeyda uğurlu əməliyyatdan sonra kabinetində otu -
rub pitza yeyə-yeyə televizora baxırdı. Növbəti tikəni ye-
yib qurtardıqdan sonra telefonun dəstəyini əlinə alıb kati-
bəsinə dedi:
-Məni Samirin eviylə calaşdır.
-Baş üstə senyor. Bu dəqiqə tərcüməçini çağıraram, o 
sizi calaşdırar.
-Tərcüməçiyə ehtiyac yoxdur. Mən Lusiyayla danışa-
cağam. Hazırda evdə yalnız odur.
Yarım dəqiqədən sonra telefonda Lusiyanın zərif səsi 
eşidildi:
 -Alo.
* * *
Akif işdən bir həftəlik icazə alaraq, ailəsi ilə birgə Nab-
rana  istirahətə  getmişdi.  Bütün  gününü  dəniz  sahilində 
təmiz hava udmaqla və tanış olduğu insanlarla söhbət et-
məklə keçirdən Asif özünü xoşbəxt hiss edirdi. Hər axşam 
isə şam yeməyindən sonra klubda təşkil olunan incəsənət 
ustalarının çıxışlarına tamaşa etməyə gedirdi. 
Akif dənizdə çimir, özünü günə verir, voleybol oyna-
yır,  tez-tez Asifə  sataşaraq,  onunla  zarafat  edir,  ailəsi  ilə 
birlikdə bu bir həftəni mənalı keçirtməyə çalışırdı.
Hadisədən 1 ay sonra 
Bakı. Azərbaycan
Samir  kabinetindən  çıxanda  aşxam  saat  10  idi.  Mər-
kəzin filial rəhbərlərinin iştirakı ilə üç gündən sonra Ba-
kıda  keçiriləcək  genişmiqyaslı  toplantıda  səsləndirəcəyi 

280
fikirlər və təkliflərin üzərində işlədiyindən vaxtın necə keç-
diyini  hiss  etməmişdi.  İş  vaxtı  qurtardığından  həyətdəki 
gözətçilərdən  və  maşında  onu  gözləyən  Pedrodan  başqa 
bütün işçilər evlərinə getmişdilər. Kimsəsiz dəhlizlə ağır-
ağır  çıxışa  tərəf  irəliləyərkən,  tibb  şöbəsinin  qarşısından 
keçəndə səs eşidib içəri boylandı. Akif tibbi alətlərlə nə isə 
qurdalanırdı. Asif  isə  ona  bu  gün  mərkəzdə  qarşılaşdığı 
hansısa hadisəni danışırdı. Çıxışa tərəf getməkdən vaz ke-
çib içəri girdi. Asif Samiri görəndə heyrətlə soruşdu:
-Siz hələ buradasınız? Mən də fikirləşirdim ki, bizdən 
başqa heç kim qalmayıb.
-Yaxşı gəlmisən. – Akif söhbətə qoşuldu. – Bayaqdan 
məni bezdirir ki, niyə burada qalmışıq, gəl gedək. 
Üzünü Asifə çevirərək:
-Görürsən rəhbərlik də buradadır.
-Doğrudan,  niyə  bu  vaxtadək  ləngimisiniz?  –  Samir 
maraqla soruşdu.
-Burada elə tibbi alətlər var ki, gərək onları yerinə qoy-
mamışdan qabaq yaxşıca təmizləyəsən. Bu gün xəstə çox 
olduğundan  bunları  indi  təmizləyirəm.  Bəs  sən  nə  əcəb 
buradasan?
-Üç gündən sonra keçiriləcək tədbirin təkliflər paketini 
hazırlayırdım. Hələ işin çoxdur?
-Yox, əlimdəki axırıncıdır. Nə olub ki?
-Dedim bir yerdə çıxaq.
-Dedim dedin, yadıma düşdü. Nə qədər ki, unutma-
mışam qoy deyim, birdən sabah imkan olmaz. Onsuz da 
o qədər iş olur ki, eyni binada işləməyimizə baxmayaraq 
bir-birimizin üzünü günlərlə görmürük. (Asifi göstərərək) 
Sabah başımın bəlasının ad günüdür, 20 yaşı tamam olur. 
Sabah axşam evdə yaxın insanlarla birgə kiçik bir məclis 
təşkil etmək istəyirəm. Sən də gəlsəydin, lap əla olardı.

281
-Əlbəttə gələcəyəm, niyə də olmasın. Hətta Əliylə Lu-
siyanı  da  gətirəcəyəm.  –  Üzünü Asifə  çevirərək  –  Sabah 
sənə nə alım? Ürəyin nə istəyir?
-Heç nə almasan da olardı, ancaq mütləq nəsə almaq 
istəyirsənsə, yox deyib xətrinə dəyməyəcəyəm ki. Çox şeyə 
ehtiyac yoxdur, bir dənə qol saatı alarsan bəsdir.
-Baş üstə!
-Üz var dəə bunda. İşimi bitirdim, gedə bilərik.
Onlar tibb şöbəsindən çıxıb zarafatlaşa-zarafatlaşa çı-
xışa tərəf irəliləməyə başladılar. Qapılardan birinin qarşı-
sından keçəndə Samir dayanaraq Akifdən soruşdu:
-Bura kimin kabinetidir?
-Əvvəllər Muradın idi, indi Teymurun.
-Bu vaxt Teymurun burada nə işi var? – Samir təəccüblə 
soruşdu. – O ki, həmişə işdən bir saat tez çıxırdı ki, evdə 
xəstə anam var.
-Yazığa o qədər iş tapşırırsan ki. Yəqin bu gün hamısı-
nı çatdıra bilməyib.
Samir:  -Bu  gün  mən  ona  heç  bir  iş  tapşırmamışam. 
– deyib qapıya tərəf getdi. Qapını açıb içəri girəndə saçı 
və  saqqalı  ağarmış  qoca  bir  kişinin  otaqdakı  iri  şkafın 
çəkməcələrini  qarışdırdığını  gördü.  Onun  ardınca  içəri 
girən  Asiflə  Akif  təəccüblə  gah  qocaya,  gah  da  Samirə 
baxırdılar. Bərk məşğul olduğundanmı, yoxsa bu vaxtlar 
mərkəzdə heç kimin olmayacağını yəqinləşdirdiyindənmi 
bütün  diqqətini  əlindəki  işə  yönəldən,  əyninə  köhnə 
ayaqqabı  və  nimdaş  paltar  geyinmiş  qoca  kişi  Samirgi-
lin  içəri  girdiyini  hiss  etmədi.  Bir  müddət  sıra  ilə  şkafın 
çəkməcələrini  yoxlayan  qocanı  seyr  edən  Samir  işarə  ilə 
Akifə bildirdi ki, dəhlizə çıxıb mühafizəçilərə zəng vursun. 
Akif qapıya tərəf çevriləndə Asif gözlənilmədən asqırdı və 
qoca eşitdiyi səsdən diksinərək, əlindəki əşyanı yerə salıb 

282
geri çevrildi. Qocanın sifəti Samirə tanış gəlsə də, kim ol-
duğunu  aydınlaşdıra  bilmədi.  O,  bədəninin  əsməsindən 
güclü  həyəcan  keçirtdiyi  bəlli  olan  bu  naməlum,  qəribə 
adama yaxınlaşıb soruşdu:
-A kişi kimsən? Burada nə axtarırsan?
Cavab gəlmədiyini görüb yenidən soruşdu:
-Eşitmirsən a kişi, sənə nə lazımdır?
-Darıxma Samir. – Akif dilləndi. – Bu dəqiqə mühafi-
zəçilərə xəbər verərəm, onlar hər şeyi aydınlaşdırarlar.
Akif qapıya tərəf getmək istəyəndə qoca kişi qəflətən 
cibindən silahı çıxardaraq Akifə tuşlayıb qışqırdı:
-Dayan yerində. Əgər bir addım da atsan, səni qoyub 
oğlunu öldürəcəyəm.
Samir  qoca  kişi  qiyafəsində  olan  adamın  səsini  eşi-
dəndə təəccüblə astadan qışqırdı:
 -Murad?!
Murad saqqalını, eynəyini və papağını çıxardaraq dedi:
-Bəli əzizim, Murad. Soruşursan ki, mənə nə lazımdır? 
Sənin canın lazımdır mənə Samir, sənin canın. Qurduğum 
təşkilat dünyanın az qala hər yerinə səpələnmişdi, mafiya 
aləmində böyük gücə və nüfuza malik olan bir çox insan 
mənə tabe idi. Günlər keçdikcə hər kəs mənə heyran olurdu 
və birdən-birə ortaya sən çıxdın. İllərlə qurduqlarımı, yığ-
dıqlarımı, ən sadiq adamlarımı əlimdən aldın. – Kinayə ilə 
gülümsünərək – Gör kimin əlində qalmışam?! Mən səndən 
iki dəfə sağlamam Samir. Həm sağlamam, həm də güclü. 
Sən  heç  ayaq  üstə  düz-əməlli  dura  da  bilmirsən,  amma 
mənə meydan oxuyursan. Hələ də dərk edə bilmirəm ki, 
sən bunu necə bacardın?!
-Eşitməmisən ki, “Biləyin gücü birini yıxar, biliyin gücü 
minini?” Sən mənə ağıl sarıdan uduzdun Murad. İkincisi 
isə sənin səltənətini mən yox polis yıxdı. Bəs bilmirdin ki, 

283
cinayət fəaliyyəti göstərdiyin dövlətlərin təhlükəsizlik or-
qanları var, polisi var, qanunu var?
-Sevinirsən hə? Fikirləşirsən ki, məni məğlub etmisən. 
Tələsmə  Samir,  mənim  əlimdə  elə  bir  qüdrət  var  ki, 
itirdiklərimi bir neçə aya özümə qaytaracaq. Necə deyərlər: 
“Cücəni payızda sayarlar!”
-İnqubator  kəşf  olunandan  sonra  sən  dediyin  atalar 
məsəli  öz  qüvvəsini  itirib.  Üstündə  yaşıl  rəngli  su  pərisi 
şəkli olan diskə güvənirsənsə, özünə əziyyət vermə. O disk 
artıq mənim əlimdəir. At silahı yerə, xoşluqla təslim ol. Öl-
dürtdüyün günahsız insanların analarına hesab verməyin 
vaxtı çatıb.
-Sənə heyranam daa. Silahlı düşmənlə üz-üzə dayan-
mısan, səni ölümdən kiçik bir güllə ayırır, yenə də qüru-
runu sındırmırsan. Heç olmasa şirin dilini işə sal da, niyə 
belə xod gedirsən?
-Bilirəm ki, atəş açmayacaqsan. Atəş səsini eşidən kimi 
mühafizəçilər bura doluşub dərinə saman təpəcəklər.
Murad cibindən səsboğucunu çıxardıb Samirə göstərdi:
-Səni məyus etmək istəməzdim, ancaq məndə belə bir 
şey də var. Bir də ki, mühafizəçilərə çox güvənmə. Onla-
ra yaxınlaşıb kövrək səslə mütləq Samirlə görüşməliyəm 
bala, ümidim bircə onadır, deyən kimi heç üstümü də yox-
lamadan məni içəri keçirtdilər. Bu qədər danışdıq bəs edər, 
indi isə işə keçmək vaxtıdır. 
Silahı Asifə tuşlayaraq:
-Sənin fikirləşmək üçün bir dəqiqən var. Ya diski mənə 
verirsən, ya da bu uşağı öldürürəm.
-İstəyirsən lap ikisini də öldür, diski sənə verən deyi-
ləm.
-Yox, ikisini də öldürməyəcəyəm. Birini öldürəcəyəm 
ki, ömrün boyu digərinin təqibi altda yaşayasan. Sağ qalan 

284
bütün həyatı boyu sənə nifrət edəcək və səndən intiqam 
almaq istəyəcək ki, bir diskə görə onun oğlunu qurban ver-
din.
-Sağ  qalan  ömrü  boyu  fikirləşəcək  ki,  diski  sənə 
versəydim onun kimi yüzlərlə ata gözüyaşlı qalacaqdı.
Murad:  –  gəl  yoxlayaq  –  deyib  tapançanın  üzünü 
 kənara çevirib səsboğucunu ona bağlayanda Samir kastellə 
onun əlinə güclü zərbə vurdu. Zərbənin təsirindən silahı 
əlindən  yerə  salan  Murad  onu  götürmək  istəyəndə Akif 
özünü  çatdırıb  təpiklə  onun  əlindən  vurdular.  Hər  ikisi 
yerdə əlbəyaxa oldular. 
Samir telefonu Asifə tullayaraq: 
-Orada  mühafizəçi  Seymur  yazılıb.  Onu  tap,  zəng 
vur,  deyə  qışqırıb  savaşanlara  tərəf  getdi.  Murad  Akifə 
üstün gələrək tapançanı götürdü. Akif silahı ondan almaq 
istəyəndə atəş açıldı. Samir özünü yetirib kastellə Muradın 
boynunun arxasından güclü zərbə vurdu. Murad zərbənin 
təsirindən  huşunu  itirərək  yerdə  hərəkətsiz  qaldı.  Akif 
ayağa qalxaraq bir neçə dəfə dərindən nəfəs alaraq gülüm-
sündu:
-Bu da belə!
-Asif  mühafizəçiləri  çağırıb,  qoy  aparıb  polisə  təhvil 
versinlər. Gərək Teymura deyim sabah buraları yaxşı-yaxşı 
axtarsın, görək disk hardadır.
-Disk səndə deyildi ki? (Akif gülümsündü) Bəs hara-
dan bildin ki, o nə axtarır?
-Bir dəfə əlində görmüşdüm.
Akif geri çevrilib nəsə demək istəyirdi ki, sözü ağzın-
da qaldı. Ucadan: -Asif! - qışqırıb oğluna tərəf qaçdı. Onun 
səsinə  geri  çevrilən  Samir  gördüyü  mənzərədən  dəhşətə 
gəldi. Asif  arabanın  içində  başı  yana  əyilmiş  vəziyyətdə 
hərəkətsiz dayanmışdı, sinəsindən isə qan axırdı. 

285
-Oğlum, nə oldu sənə? Cavab ver, bir şey danış. – deyə 
qışqıraraq  qanı  saxlamağa  çalışırdı.  Güllə  səsini  eşidən 
mühafizəçilər  dəhlizdə  o  baş-bu  başa  qaçışaraq  nə  baş 
verdiyini anlamağa çalışırdılar. Samir dəhlizə çıxıb onla-
rı köməyə çağırdı. Mühafizəçilərdən biri yaxınlaşan kimi 
Samir dedi:
-Qulaq  as  Seymur.  Murad  Asifi  güllə  ilə  yaralayıb. 
Akifə kömək edin onu tibb şöbəsinə gətirsin. Muradın isə 
huşu özünə gəlməmiş əl-qolunu bağlayın başımız ayılana 
qədər qalsın otaqda.
Samir tibb şöbəsinə daxil olduqda, Seymur qucağında 
Asiflə qaçaraq onun dalınca otağa girdi. Akif isə Seymu-
run yanınca gələrək qanı saxlamağa çalışırdı. Seymur Asifi 
stola uzadıb özü Muradın arxasında. Həyəcandan Akifin 
əlləri əsirdi, nə qədər edirdisə özünü ələ ala bilmirdi. Sa-
mir bunu görüb dedi:
-Bəsdir Akif, özünə gəl. Sən həkimsən, belə şeyləri çox 
görmüsən.
-Bacarmıram  Samir.  – Akif  yanıqlı-yanıqlı  qışqırdı.  – 
Alınmır. Qanı saxlaya bilmirəm.
Samir Akifin titrəyən qanlı əlindən tutdu:
-Bacarmalısan Akif, sən buna məcbursan. Sən sadəcə 
qanaxmanı  dayandır,  əməliyyatı  xəstəxanada  edərlər.  O 
yaşayacaq Akif, əgər sən özünü ələ alsan, o yaşayacaq. Sən 
sadəcə bütün bacarığını ortaya qoy.
Birneçə dəqiqə yaranın üstündə əlləşən Akif sevinclə 
qışqırdı:
-Qanaxma dayandı Samir.
Nəfəsini dərindən buraxaraq: 
-Afərin sənə Akif, afərin sənə!
-Qanaxma dayansa da, nəbzi get-gedə zəifləyir. Təcili 
xəstəxanaya aparmaq lazımdır.

286
-Sən Asifi hazırla, mən gedim maşın işini həll edim. 
Üzünü Seymura tutaraq:
-Həkimə  kömək  elə.  Maşını  da  sən  sürərsən,  Pedro 
şəhəri yaxşı tanımır.
Maşının yanına çatanda Pedroya dedi:
-Əməkdaşlardan biri ağır yaralıdır, biz onu xəstəxanaya 
aparacağıq. Sən yolları yaxşı tanımırsan. Get evə, qoy ma-
şını başqası sürsün.
Samir maşına oturanda Seymurla Akif Asifi götürərək 
maşının yanına gəldilər. Hər ikisi arxa oturacaqda oturub 
Asifi  də  dizlərinin  üstünə  uzatdılar.  Seymur  maşını  işə 
kimi Samir dedi:
-Qəza  şəraiti  yaratmamaq  şərtilə  bacardığın  qədər 
sürətlə sür. Yolda maşın olmasa hətta qırmızı işıqda da keç.
Seymur ayağını qaza basaraq dedi6 
-Baş üstə!
Akif yolboyu yaraya nəzarət edərək, hər şeyin qayda-
sında olduğuna əmin olmaq istəyirdi. Oğlu aradabir özünə 
gəlsə də, tez-tez huşunu itirirdi. Samir onun başını sığalla-
yaraq dedi:
-Döz aslanım, az qaldı. Əgər bunun öhdəsindən gəlsən 
100 yaşına qədər hər ad günündə sənə bir saat bağışlayaca-
ğam. Yalvarıram bir az dişini sıx.
Samir  getdikləri  xəstəxananın  nömrəsini  öyrənib 
hadisə  ilə  bağlı  həkimləri  xəbərdarlıq  edərək  vəziyyətin 
ciddiliyini  izah  edib,  hazır  olmalarını  xaiş  etdi.  Maşın 
xəstəxananın həyətinə girən kimi həkimlər Asifi maşından 
çıxardaraq xərəyə qoyub əməliyyat otağına apardılar. Akif 
oğlunu  tək  qoymaq  istəməyib  onlarla  birgə  getdi.  Samir 
onun əməliyyat otağına buraxılmayacağını və buna görə 
də hay-küy salacağını bildiyi üçün Seymura dedi:
-Sən Akifin dalınca qaç. Çalış mən gəlib çatana qədər 
onu saxlayasan ki, həkimlərə mane olmasın.

287
Əməliyyat otağının qapısına çatanda Akif oturacaqda 
oturaraq başını əllərinin içinə alıb ağladığını gördü. Sey-
mur isə Akifin içəri keçməsinin qarşısını almaq üçün hər 
ehtimala  qarşı  əməliyyat  otağının  qapısının  ağzında  da-
yanmışdı. Seymura yaxınlaşıb soruşdu:
-Nə oldu?
-Əməliyyata götürdülər. Bunu güclə saxladım. – deyə-
rək, başı ilə Akifi göstərdi. 
 -Afərin, yaxşı etmisən. Səməd müəllimlə Əzizə zəng 
vur bura gəlsinlər. Teymura da xəbər et şöbə müdirlərinə 
xəbər  versin.  Sabah  saat  10-da  bu  məsələylə  bağlı  iclas 
keçiriləcək. 
Samir Seymurla danışıb qurtardıqdan sonra gəlib Aki-
fin  yanında  oturdu.  Ona  təsəlli  vermək  istəsə  də,  bunu 
necə edəcəyini bilmirdi. Başını divara söykəyib fikrə getdi: 
“Bunu necə sakitləşdirim? Oğlu ölümün pəncəsində olan 
bir  atanı  hansı  sözlər  sakitləşdirə  bilər  axı?  Kaş  Səməd 
müəllimgil tez gələydilər”.
Bir xeyli bu vəziyyətdə qaldıqdan sonra əlini Akifin di-
zinin üstünə qoyaraq dedi:
-Sənin  nələr  keçirdiyini  çox  gözəl  bilirəm.  O  dəhşətli 
qəzada bütün ailə üzvlərim həlak oldu, qardaşım oğlundan 
başqa bütün ailə üzvlərim. – dərindən köks ötürərək, - bü-
tün ailə üzvlərim və qohumlarım. Sən özünü ələ almalısan, 
çünki bir azdan həkim içəridən çıxıb deyəcək ki, gözünüz 
aydın. Əməliyyat uğurlu keçdi və təhlükə aradan qalxdı və 
Seymurla mən səni təbrik edəcəyik. Bir də ki, bur....
Samir  sözlərinə  davam  etmək  istəyirdi  ki,  əməliy-
yatxananın qapısı açıldı və həkim içəridən çıxaraq onlara 
tərəf gəldi. Onun yaxınlaşdığını görən Akif ayağa qalxa-
raq xoş söz eşitmək ümidiylə gözünü onun ağzına zillədi. 
Həkim özünü toparlayaraq sözə başladı:

288
-Güllə onun sinəsini deşərək ürəyinə dəymişdir. Əmə-
liyyat otağında olan tibbi heyət sizin oğlunuzun yaşama-
sı  üçün  əllərindən  gələnin  artığını  etsələr  də,  təəssüf  ki, 
xəstənin həyatını xilas etmək mümkün olmadı. Başınız sağ 
olsun.
Həkim sözünü bitirən kimi başını aşağı salıb iti addım-
larla oradan uzaqlaşdı. Akif isə yeniən oturacaqda otura-
raq əlləri ilə üzünü tutub hönkürməyə başladı. Samir əlini 
onun çiyninə qoyaraq astadan dedi:
-Başın sağ olsun.
-İndi mən Adiləyə nə deyəcəyəm? Mən bu xəbəri ona 
necə  deyəcəyəm?  Mən  ona  necə  deyim  ki,  mərkəzin  ən 
təcrübəli  cərrahı  mən  ola-ola,  hər  kəsin  dərdinə  dərman 
edə-edə, öz uşağımın yarasını sağalda bilmədim?
-Sən ürək cərrahı deyilsən Akif, xirurqsan. Lap bu işi 
bacarsaydın  belə  o  an  keçirtdiyin  həyəcanın  altında  sən 
heç nə edə bilməzdin.
-Qulaq as Samir. – Akif gözlərinin yaşını sildi. – Qoy 
Seymur  məni  evə  aparsın.  Bu  xəbəri  Adiləyə  telefonda 
desəm ürəyi partlayar. İstəyirəm ona bunu deyəndə yanın-
da olum. Sən bütün lazımi məsələləri həll et, mən bir saata 
qədər Adiləni də götürüb gəlirəm. Seymur məni maşında 
gözlüyər, elə qayıdanda da onunla qayıdarıq.
-Yaxşı. Sən get, narahat olma.
Akif  gedəndən  yarım  saat  sonra  Mahmudovla  Əziz 
Samirin yanına gəldilər. Samir mərkəzdə və xəstəxanada 
baş verənləri onlara danışıb qurtardıqda Əziz dedi:
-Muradla nə etmək fikrindəsən?
-Bir az bundan qabaq mayor Əhmədovla danışıb hər 
şeyi ona izah etdim. Razılaşdıq ki, mən buradan çıxanda 
ona  zəng  vurum,  birlikdə  mərkəzə  gedib  məsələni  həll 
edəcəyik.

289
-Bəlkə sabaha qalsın? – Mahmudov soruşdu.
-Yox, bu gün olsa yaxşıdır. Lap gecə saat 3-də olsa, Mu-
radı polislərə təhvil verib rahat nəfəs alacağam.
-Meyidi bu gün aparacağıq? – Əziz soruşdu.
-Yox.  Xəstəxananın  həkimi  dedi  ki,  sənədlərlə  bağlı 
olaraq meyidi ancaq sabah götürə bilərsiniz.
-Bu gün mümkün olsaydı, Akifgil birdə əziyyət çəkib 
bura gəlməzdilər. Uşağın meyidini evlərinə biz aparardıq.
-Onların  vəziyyətini  təsəvvür  edirəm.  –  Mahmudov 
dərindən köks ötürdü.
Bir  xeyli  keçdikdən  sonra  Samir  gözləməkdən  bezib 
Seymura zəng vurdu:
-Niyə bu qədər gecikdiniz? Bir hadisə baş verməyib ki?
-Yox müəllim, heç bir hadisə verməyib.
-Bəs niyə bu qədər ləngimisiniz?
-Bir saatdır ki, onların içəridən çıxmağını gözləyirəm. 
Yəqin ki, bu xəbər Asifin anasına pis təsir eləyib, yoxsa ki, 
çoxdan yola düşmükdük.
-Deyirsən  bir  saatdır?  Bəs  sən  onları  harada  gözlə-
yirsən?
-Yolda,  maşının  içində.  Akif  dedi  ki,  sən  bizi  bura-
da gözlə, bir azdan gəlirik. Sonra ağır-ağır addımlayaraq 
həyətlərinə girdi.
-Eybi yox. Sən 10 dəqiqə də gözlə, sonra get bax gör nə 
baş verib.
-Oldu müəllim.
Samir danışıb qurtardıqdan sonra əlini çənəsinə dirəyib 
düşünməyə başladı. Onu üzündəki narahatlığı görən Mah-
mudov vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün su-
allar  versə  də,  Samir  onu  eşitmirdi.  Bir  dəqiqəyədək  bu 
vəziyyətdə qalan Samir yenidən Seymura zəng vurdu:
-Buyurun müəllim.

290
-Bu  gün  mərkəzdə  keşik  çəkən  uşaqlara  zəng  vur 
gör  biz  oradan  çıxandan  sonra  oraya  heç  kim  gəlmiyib. 
Mərkəzdən xəbər gəlməyənə qədər Akifgilin evinə getmə.
-Nə isə olub?
-Sən dediyimi elə.
-Oldu müəllim.
Seymurun  mərkəzlə  əlaqə  saxlayaraq  Samirə  zəng 
vurması  arasında  keçən  üç  dəqiqə  Samirə  üç  saat  kimi 
göründü.  Əlini  düymənin  üstündə  hazır  saxladığından 
zəngin səsini eşidən kimi təsdiq düyməsinə basıb telefonu 
qulağına apardı:
-Eşidirəm.
-Qəribə hadisə baş verib müəllim. Mərkəzdən dedilər 
ki, Akif yarım saat bundan qabaq mərkəzə gəlib və hazırda 
da oradadır. Amma onun həyətə girdiyini öz gözlərimlə 
gördüm.
-Lənət  şeytana,  mərkəzdəkilərə  xəbər  ver,  Muradın 
təhlükəsizliyini təmin etsinlər. Özün də cəld ora get.
Samir ayağa qalxıb dedi:
-Tez olun mərkəzə gedirik. Kimin maşını sürətlidirsə 
onunla gedirik.
-Nə olub ki? – Əziz təlaşla soruşdu.
-Yolda izah edərəm.
Samirgil Əzizin maşını ilə yola düşdükdən bir az son-
ra Seymur ona zəng vurdu.
-Vəziyyət pisdir müəllim. Uşaqlar mərkəzdə nə Aki-
fi tapa bilirlər, nə də Muradı. Akifin mobil telefonuna da 
zəng çatmır.
-Denən yaxşı-yaxşı axtarsınlar. Mən 20 dəqiqəyə orada 
olacağam.
-Bizi başa sal görək nə olub. – Samir Seymurla danışıb 
qurtaran kimi Mahmudov dilləndi.

291
O, vəziyyəti izah edib mayor Əhmədova zəng vurdu. 
Mərkəzin həyətinə çatan kimi Samir mühafizəçilərdən so-
ruşdu:
-Akifgili tapa bildiniz?
-Xeyr müəllim. Hələlik tapa bilməmişik.
Samir  yenidən  nə  isə  soruşmaq  istəyirdi  ki,  telefonu 
zəng çaldı. Telefonun ekranına baxıb zəng vuranın Akif ol-
duğunu  görəndə  gözlərinə  inanmadı.  Özünü  soyuqqanlı 
aparmağa  çalışaraq,  telefonu  qulağına  aparıb  danışmağa 
başladı:
-Buyur həkim, eşidirəm.
-Gəlib çıxdın?
Telefonda Akifin ona xas olmayan xırıltılı səsi eşidildi:
-Bayaqdan pəncərənin qabağında oturub səni gözləyi-
rəm.
-Akif sən indi hard....
-Mən ikinci mərtəbədəki əməliyyat otağındayam. Gəl 
bura, sənə deyiləcək sözüm var.
Akif sözünü bitirən kimi əlaqəni kəsdi. Samir telefonu 
cibinə qoyub Mahmudova dedi:
-Akif əməliyyat otağındadır. Mənə nə isə demək isti-
yir. Gedirəm ora.
-Biz də sənlə gəlirik. 
-Kaş ki, Akif sonradan peşman olacağı bir hərəkət et-
məzdi. Kaş ki. 
Samir  binaya  girəndə  mayor  Əhmədovun  maşını 
mərkəzin həyətində göründü. Samir əməliyyat otağına ça-
tanda Seymur onu qarşılayıb dedi:
-Bir  dəqiqə  bundan  qabaq  tapmışıq.  İçəridə  oturub, 
əlin də də tapança. Deyir ki, kim içəri girmək istəsə vuraca-
ğam.
-Nə etmək fikrindəsən? – Əhmədov Samirdən soruşdu.

292
-Əgər Muradı öldürməyibsə, onu fikrindən daşındıra-
cağam.
-Bu vəziyyətdə nəyisə ona izah eləmək çox çətindir.
-Oğlu  öldürülmüş  bir  ata,  əlində  silah  düşməninin 
yanındadırsa, həqiqətən, çətin olacaq. – Mahmudov onun 
sözünə qüvvət verdi.
-Əgər gec deyilsə onu mütləq yola gətirəcəyəm.
 Samirf qapını ehmalca açıb içəri baxdı. Akif əməliyyat 
stolunun  yanında  qoyduğu  stulda  oturmuşdu  və  əlində 
Muradın tapançası var idi. Əlləri və üstü isə qan ləkələri 
ilə dolu idi. O, Samiri görən kimi ayağa qalxdı. Ağlamaq-
dan qızarmış gözləri lə bir neçə saniyə ona baxdıqdan son-
ra dedi:
-Bağışla Samir. Mən bunu etməliydim.
-Akif  sən  neylədin?  Murad  tək  sənin  qarşında  deyil, 
minlərlə atanın qarşısında günahkar idi və hamının qar-
şısında cəzasını almalıydı. Sən onu öldürməklə, bu qədər 
valideynin arzusunu gözündə qoydun.
-Mən  onu  öldürməmişəm  Samir,  amma  bütün  əzab 
çəkən ataların və gözü yaşlı anaların qisasını artıqlaması 
ilə aldım. Onlar bu gündən sonra rahat yata bilərlər.
-Yaxşı gəl əl-üzünü yu, paltarını da dəyiş. Əhmədovla 
danışacağam 40 gün sənə toxunmasın. Sonrasına da baxa-
rıq. İndi isə silahı mənə ver.
-Yox Samir. – tətiyi baş barmağı ilə tutub silahı çənə-
sinin altına dirəyərək: Mən bu gündən sonra Adilənin üzü-
nə baxa bilmərəm. Səndən bir xahişim var. Onu edib, tətiyi 
çəkəcəyəm.
-Qulaq as mənə Akif. Sən özünü başqa vaxt da öldürə 
bilərsən, istədiyin vaxt. Ancaq inda silahı ver mənə, özünə 
də 2-3 gün sınaq müddəti qoy. Əgər bir neçə gündən sonra 
da yaşamaq istəməsən özünü öldürə bilərsən.

293
-Asif  mənim  hər  şeyim  idi.  Alıb-verdiyim  nəfəsim, 
görən gözlərimin işığı idi. Artıq iki saatdır ki, bu həyatda 
onsuz yaşayıram, bundan sonrasına tab gətirmərəm. 
-Bəs Adilə? Heç onu düşünmüsən? Həyatının 20 ildən 
çoxunu səninlə paylaşan o qadına heçmi yazığın gəlmir? 
Birdən-birə  həyatının  iki  əziz  insanını  itirməyin  onu  nə 
hala salacağını heç düşünmüsən? Onun sənə ehtiyacı var 
Akif! Ver silahı mənə.
Akif gözlərindən yaş süzülə-süzülə silahı aşağı yendi-
rib Samirə tərəf iki addım atdıqdan sonra gözü Nabran-
da istirahətdə olarkən ailəvi çəkdirdikləri və bir neçə gün 
əvvəl  şkafın  şüşəsinə  yapışdırdığı  şəklə  sataşdı.  Bir  gün 
həkim  yoldaşlarınan  biri  ondan  niyə  əməliyyat  otağına 
şəkil yapışdırdığını soruşanda demişdi:
-Bəzən  çətin  əməliyyatlarda  çox  yoruluram.  Bu  şəkil 
mənə əlavə güc verəcək. Bir neçə saniyə Asifin şəkildəki 
gülümsəyən üzünə baxdıqdan sonra:
-Samir, evdəki videonun içində xeyli pul gizlətmişəm. 
Səndən xahişim budur ki, həmin pullarla Asifin kiçik büs-
tünü  düzəltdirib  başdaşısının  əvəzində  onu  qəbrinin  ba-
şında qoydurasan.
Akif  sözünü  bitirən  kimi  silahı  yenidən  çənəsinə 
dirəyib atəş açaraq yerə yıxıldı. Əziz Muradın vəziyyətini 
öyrənmək  üçün  cərrahiyə  masasına  yaxınlaşıb  Muradın 
üstündəki örtüyü qaldıran kimi, – aman Allah – deyə qış-
qıraraq kənara sıçradı. Akif Murada narkoz verərək onun 
hər iki qolunu çiyindən aşağı və ayaqlarını ombadan aşa-
ğıdan kəsmişdi. Muradın gözlərini çıxardan Akif həmçinin 
onun qulaqlarını da kəsərək dilini qopartmışdı. Muradın 
bu dəhşət saçan görüntüsünə baxan otaqdakı adamlardan 
kimi gözlərini yumur, kimi də özünü saxlaya bilməyib – ah 
– çəkirdi. Samir Murada baxa-baxa dedi:

294
-Seymur, təcili yardım briqadası çağır. Çalış Muradın 
vəziyyətini  onlara  izah  edəsən.  Səməd  müəllim,  səninlə 
Əziz  Akiflə  Asifin  dəfn  mərasimini  təşkil  edin.  Çalışın 
meyidlərin  evə  gətirilməsindən  və  dəfn  olunmasından 
tutmuş  40  mərasiminədək  hər  şey  yüksək  səviyyədə  ol-
sun.  Mayor  Əhmədov  bu  gündən  sonra  Murad  sənin 
nəzarətindədir. Akif ona layiq olduğu cəzanı verdi, bun-
dan belə onun hüquqi cəhətdən hansı cəzanı alacağı məni 
maraqlandırmır.
-İstəyirsənsə get evə dincəl, sabah yasda görüşərik.
-Yox  Səməd  müəllim,  işin  ən  çətin  hissəsini  özümə 
götürmüşəm. Mən də gedirəm baş verənlər barədə Adilə 
xanımla danışmağa.
Samir bunu deyərək bir az əvvəl Akifin oturduğu stul-
da oturaraq əlləri ilə başını tutdu.
Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin