413
Bakıda keçirdiyimiz böyük ədəbi məclisdə bir nəfər nadan və cahil ayağa
qalxıb, necə deyərlər, gözlərini yumub, ağzını açıb, böhtanlar söyləyirdi; bu
böhtanları o qədər ürəkdən, o qədər həyəcanla deyirdi ki, xitabət kürsüsünə
sığışmırdı, bütün ətrafa ağzından tüpürcək səpələnirdi, kinli gözləri, az qala,
pırtlayıb hədəqəsindən çıxacaqdı.
Mən yerimdə oturub ağzı köpüklənə-köpüklənə böhtanlar söyləyən, naqis, paxıl,
acgöz hisslərdən ilham və qüvvət alan bu adama baxırdım və birdən-birə mən
goreşənləri xatırladım.
Goreşənlər, deyilənə görə, murdar heyvanlardı, çox pis iy verirlər, cəsəd
yeməklə dolanırlar.
Amma... amma goreşənlərin də bütün canlılar kimi yaşamaq istəyi var, onların
da yəqin öz mehribanlıqları, öz əzizləmələri, ağrıları, problemləri var və
goreşənlərin də balaları var.
Ağzı-gözü zalda əyləşənlərin çoxunun nifrətinə, ikrahına bulaşmış bu adama
mənim yazığım gəldi: o da yaşamaq istəyir, onun da arzuları var və onun da balaları,
əzizləri var.
Mənim indi də ona yazığım gəldi.
Bu bürkülü Moskva gecəsinin havasızlığı, ürək sıxıntısı, nəfəssizliyi onu mənim
yadıma salmışdı və dünyanın böhtanlarından, dünyanın əyri işlərindən, iyrənc
hisslərindən xəbər verən sifəti yenə gözlərimin qabağına gəldi və mən bu gecə
qaranlığında onun kinli, qəzəbli gözlərinə baxa-baxa: «–Yazıq sənə...» – fikirləşdim.
Və qəribə idi, ürəyimdə o adamı yavaş-yavaş bağışlayırdım, onun sifətinin
indiyə qədər mənim üçün iyrənc cizgiləri elə bil ki, gecənin qaranlığında əriyib yox
olurdu, ömrümdə görmədiyim uşaqlarını yadıma salırdım («yadıma salırdım» ifadəsi
burada yerinə düşürmü? o uşaqlar elə bil, gözəgörünməz varlıqlar idi və mən o
varlıqları «görürdüm»...) və elə bil ki, o adama da o uşaqların gözü ilə baxırdım...
Sonra isə daha qəribə bir hadisə baş verdi: mən onun gözləri ilə özümə baxdım...
Sonra elə bil ki, tamam unutduğum, əlçatmaz, ünyetməz bir keçmişdə qalmış
xatirələr baş qaldırdı və o xatirələrin o adamla heç bir əlaqəsi yox idi: o xatirələrdə
mən yaxşı idim, mən pis idim, mən gülünc idim, mən qorxunc idim... Sonra o
bürkülü Moskva gecəsinin o havasızlığı içində birdən-birə bir qəbiristanlıq soyuğu
duydum, haqq dünyasına köçmüş qohumlar, dostlar, tanışlar bir-bir gəlib gözümün
önündən keçdi və dünyasını dəyişmiş o rəhmətliklərlə birlikdə: «– Yazıq bizə...» –
fikirləşdim.
30 iyun 1981.
Moskva.
Dostları ilə paylaş: