HABILIN KAMANÇASI
Habil Kaman kamançanı dizinin üstünə alıb çalmağa başlayır və bir azdan
gözlərini yumur, çaldığı musiqinin hisslər aləminə gedir, o aləmin rəngləri,
həyəcanları, görümləri ilə yaşayır.
Hər dəfə səhnədə, yaxud televiziya ekranında Habilə baxdıqca, onun musiqisinə
qulaq asdıqca, elə bil, o dəm onun qapalı gözlərinin qarşısından keçənləri mən də
görürəm.
Habilin kamançası səslənir, dünyaya insanlar gəlir, yaşayır, sevir, sevilir,
xoşbəxt olur, dərd çəkir və bir gün gəldiyi kimi də, köçüb gedir... Və dünyaya yeni
insanlar gəlir...
Habilin kamançası insanın, ömrün müvəqqətiliyindən, insanlığın, yaşayışın isə
əbədiliyindən deyir...
Habilin kamanı Azərbaycandan deyir...
Qoca və müdrik Dədə Qorqudu görürəm, cavan, təmiz, çılğın Kərəmi görürəm,
gözəl, ismətli, qeyrətli Nigarı görürəm...
Habilin kamançası səslənir, Koroğlu Qıratın belinə qalxır, Şah Ismayıl qanlı
döyüşlərdən sonra, öz zərif, həzin insani hisslərini ağ vərəqə köçürür, Füzuli
düşünür, Leyli çəməndə gül-çiçək dərir...
Habilin kamançası səslənir, Araz çayı axır və çayın şırıltısı Habilin
kamançasının dili ilə dünyanın dərdindən, ələmindən deyir, Dərviş Mahmud sazı
sinəsinə sıxır və mən onun yüz il bundan əvvəl dediyi misraları eşidirəm:
Bu dünyanın çox olubdur cəfası,
Cəfasına dəyməz zövqi-səfası.
Guşumda səslənir getmək sədası,
Ürəyim həsrətlə dolub, ağlaram...
Habilin kamançası səslənir, mən Qarabağı görürəm, Şirvanı, Naxçıvanı, Mili,
Muğanı, Lənkəranı, Abşeronu, ömrümdə heç vaxt getmədiyim, görmədiyim Təbrizi
görürəm, Ərdəbili görürəm, Sərabı görürəm, Ərk qalasının önündə dayanıb
babaların ucalığına baxıram...
Habilin kamançası səslənir, Habilin qapalı gözlərinin qarşısından keçənləri mən
də görürəm, o musiqiyə qulaq asa-asa həmin kamançanı da yaddan çıxarıram.
Habilin özünü də yaddan çıxarıram, mən oluram, o musiqi olur, mənim Xalqım və
mənim Vətənim olur...
Bu – kamançanın da, Habilin də böyüklüyüdür.
422
15 dekabr 1985.
Bakı.
Dostları ilə paylaş: |