«ALƏM OLDUQCA...»
Qara Qarayev vəfat edib...
Bizim böyük müasirimiz əbədi yuxuya gedib və bir də heç vaxt oyanmayacaq.
Onun işıqlı və ağıllı gözləri bundan sonra yalnız televiziya və kino
ekranlarından bizə baxacaq, o qaraşın, sərt və eyni zamanda mehriban sifəti bundan
sonra biz yalnız qəzet və jurnal səhifələrində, kitablarda görəcəyik, dostların,
yaxınların, sənətsevərlərin evlərindəki fotolarda, muzey zallarındakı portretlərdə
görəcəyik.
Qara Qarayev vəfat edib...
Külək bir də heç zaman o qıvrım, gümüşü saçları qaldırmayacaq. Qarayev bir də
heç vaxt paltosunun boyunluğunu qaldırıb, başını da bir balaca çiyninə qısıb, siqaret
dalınca siqaret çəkə-çəkə Bakının küçələri ilə addımlamayacaq.
Bu ağır, bu qəmli dəqiqələrdə bizim təskinliyimiz nə ola bilər?
Qoca Dədə Qorqudun əlacsız və müdrik misraları bir daha yüzüncü dəfə,
mininci dəfə mənim beynimdə səslənir:
Gəlimli, gedimli dünya...
Son ucu ölümlü dünya...
Və fikir məni qədimlərə aparır. Bizim ulu babalarımız Zərdüştü «böyük səadət
və sərvət» sahibi hesab edirdi və bu böyük səadət, mənəvi sərvət «şən həyat, sevinc
və əbədi şöhrət»dən ibarət idi.
Qarayev sənəti həyata çağıran, sevinc bəxş edən bir sənət idi. Həyatın mənası
barədə düşündürən, yaşayışın fəlsəfəsini ehtiva edən bir sənət idi.
Mən nə üçün bu sənət barədə keçmiş zamanda danışıram?
Qarayev sənəti əbədi sənətdir.
417
Qarayev sənəti dünən də müasir sənət idi, bu gün də müasir sənətdir və sabah da
müasir sənət olacaq.
Illər keçəcək, bizim balalarımız, bizim nəvələrimiz, nəticələrimiz atalarının,
babalarının Qarayevlə tanışlıqları ilə, Qarayevlə məktublaşmaları, şəkil
çəkdirməkləri ilə, canlı Qarayevi görməkləri ilə fəxr edəcəklər.
Bu gün olduğu kimi, sabah da xalqımız öz sənətkar oğlunun adını uca tutacaq.
Bu gün olduğu kimi, sabah da Qarayev sənətinin ölümsüzlüyü dünyanın ən
böyük konsert salonlarından, opera və balet teatrlarından ana Azərbaycanın ölümsüz
dühasından xəbər verəcək.
Bu gün olduğu kimi, sabah da Qarayev sənəti düşündürəcək və öyrədəcək,
tərbiyə edəcək və yetişdirəcək.
Qara Qarayev vəfat edib...
Bu ağır, bu qəmli dəqiqələrdə elə bil ki, bir təskinlik kimi mən böyük Qarayevin
böyük sələfi Sabirin misralarını eşidirəm:
Ölməyimlə sevinməsin əğyar,
Aləm olduqca, mən dəxi duraram!
Və bu misraları ağır, əbədi Qarayev musiqisi müşayiət edir...
14 may 1982.
Bakı.
Dostları ilə paylaş: |