Iyul, 1985.
Şüvəlan.
266
STALININ ÖLÜMÜ
Sonra 1953-cü ilin o soyuq 5 mart günü, o cümə axşamı birdən-birə Bakıda gün
çıxdı və qışın sazağında günün birdən-birə eləcə çıxıb, eləcə yaz şüaları ilə
qızdırmağı bütün məhəlləni alt-üst etmiş, hamını mat qoymuş o qara xəbərlə, daha
doğrusu, o xəbərin qara nigarançılığı ilə heç cürə uyğun gəlmirdi və hətta elə bil ki,
gün işığının o istisində, hərarətində indi bir düşmən əli var idi, elə bil, Pravadnik
Əbdülkərimin həmişə sayıq və zəhmli nəzərləri də o gün işığına qarışıb məhəlləni
bürümüşdü, qənbər döşənmiş küçə bomboş idi və elə bil ki, o cümə axşamı, o
günorta çağı küçəyə döşənmiş o daşlar da Pravadnik Əbdülkərimin o sayıq nəzərləri
altında üşüyürdü və qızına bilmirdi, təkcə Sarı hamamın qabağında ucalan qara tut
ağacının çılpaq budaqlarına qonub, sonra da pırıltıyla uçan sərçələr məhəlləyə
çökmüş bu pis nigarançılığın, bu qüssənin, kədərin fərqində deyildilər, heç nədən
çəkinmirdilər, sıxılmırdılar, heç nəyin dərdini çəkmirdilər, birdən elə olurdu ki,
cikkiltiləri boş məhəlləni başına götürürdü. Həyətləri yaşıl, qəhvəyi, birmərtəbəli,
bəzi yerlərdə ikimərtəbəli kiçik və bir-birinə bitişik binaların küçəyə baxan
pəncərələri bağlı idi və qapı-pəncərənin payızda, qışda qarın-yağışın altında qalıb
solmuş rəngi də, divarların ağ, Sarı hamamın həmişəki sarı əhəngi də məhəlləyə
daha artıq bir yetimlik gətirirdi və elə bil ki, məhəllə camaatının – o qapısı örtülü
həyətlərdəki, pəncərəsi bağlı evlərdəki adamların nigarançılığı o yaşıl, qəhvəyi, göy,
ağ sarı rənglərin solğunluğunda boş küçəyə yayılmışdı və o boş küçə də həmin qapı-
pəncərələrlə, həmin əhəngli divarlarla, səkidəki o köhnə elektrik şalbanları ilə
birlikdə, xüsusən sərçələrin cikkiltisi kəsilən zamanlar fikrə gedirdi ki, görəsən, bu
fəlakətin axırı necə olacaq, (fəlakət olmağına isə, əsl fəlakət idi!). O cümə axşamı
səhər tezdən məhəlləyə elə bir xəbər yayıldı ki, camaatın əli-ayağı qurudu, heç kim
bu xəbərə inanmadı, amma inanmamaq da olmurdu, çünki bu xəbər elə bir şəxs
haqqında idi ki, onunla zarafat eləmək, şayiə yaymaq olmazdı; məhəllənin kişiləri,
yeniyetmələr, uşaqlar Sarı hamamın qabağına yığışdı və poçtalyon Müzəffər isə işə
gecikməyini yaddan çıxarıb qolları sındığı üçün rezinlə bağlayıb başına keçirtdiyi
çeşməyinin qalın şüşələri arxasından çox iri, bədheybət görünən gözlərini hələ
mətbəə iyi verən «Kommunist» qəzetinin birinci səhifəsinə zilləmişdi, həyəcandan
tez-tez udqunduğu üçün nazik boğazının ucu iti hülqumu enib qalxa-qalxa bərkdən
oxuyurdu: «SSR ITTIFAQI NAZIRLƏR SOVETININ SƏDRI və Sov.IKP
MƏRKƏZI KOMITƏSININ katibi Iosif Vissarionoviç STALIN yoldaşın
xəstələnməsi haqqında hökumət məlumatı. Sovet Ittifaqı Kommunist Partiyasının
Mərkəzi Komitəsi və SSR Ittifaqının Nazirlər Soveti partiyamıza və xalqımıza
bədbəxtlik üz verdiyini – I. V. STALIN yoldaşın ağır xəstələndiyini xəbər verirlər.
Martın 2-nə keçən gecə, STALIN yoldaş Moskvada öz mənzilində ikən, beyninə qan
sızmış, qan beyinin həyat üçün mühüm olan sahələrini bürümüşdür. STALIN yoldaş
huşunu itirmişdir. Ürək fəaliyyəti və tənəffüsü xeyli pozulmuşdur. STALIN yoldaşı
müalicə etməyə ən yaxşı həkimlər: professor-terapevt P. E. Lukomski, SSRI Tibb
Elmləri Akademiyasının həqiqi üzvləri: professor-nevropatoloq N. V. Konavalov;
professor-terapevt A. L. Myasnikov, professor-terapevt E. M. Tareyev; professor-
nevropatoloq I. V. Filimonova; professor-nevropatoloq R. A. Tkaçov; professor-
nevropatoloq I. S. Qlazunov; dosent-terapevt V. I. Ivanov-Neznamov cəlb
edilmişdir. STALIN yoldaş SSRI Səhiyyə Naziri A. F. Tretyakov yoldaşın və
Kremlin Müalicə-Sanitariya Idarəsinin rəisi I. I. Kuperin yoldaşın rəhbərliyi altında
müalicə olunur». Bu yerdə Pravadnik Əbdülkərim poçtalyon Müzəffərin oxumağını
267
kəsdi və açıq-aşkar bir təlaş və həyəcanla: « – O birinci familiya necə oldu? –
soruşdu. – Həkimlərdən birincisinin familiyası?!» Belə ağır bir məqamda da heç kim
Pravadnik Əbdülkərimin üstünə çımxıra bilmədi ki, niyə kişinin oxumağını yarımçıq
kəsirsən və hamı Pravadnik Əbdülkərimə narazı bir nəzər salıb təzədən gözünü
poçtalyon Müzəffərə dikdi və poçtalyon Müzəffər də o qalın və girdə çeşmək
şüşəsinin böyütdüyü gözlərini bir anlıq «Kommunist» qəzetindən ayırıb Pravadnik
Əbdülkərimə baxdı, sonra təzədən birinci həkimin adını qəzetdə tapıb oxudu:
«...professor-terapevt P. E. Lukomski...» Pravadnik Əbdülkərim daha artıq bir təlaş
və həyəcanla: « – Alə, – dedi – birdən cuhud olar a?!» və bu sözdən sonra, elə bil ki,
Pravadnik Əbdülkərimin təlaşı, həyəcanı, məhəllənin kişilərinə də sirayət etdi və
hamı sual dolu nəzərini poçtalyon Müzəffərə dikdi, guya, bu sualın cavabını, yəni
professor-terapevt P. E. Lukomskinin yəhudi olub-olmadığını da bilməli və
deməliydi. Poçtalyon Müzəffər də, Sarı hamamın qabağına toplaşmış o məhəllə
camaatının da əksəriyyəti Pravadnik Əbdülkərimin sualının və əlavə təlaşının,
həyəcanının səbəbini və mənasını başa düşmürdü, amma bir halda ki, Pravadnik
Əbdülkərim kimi siyasi sayıqlığı ilə məşhur olan bir adam belə bir məqamda
nədənsə şübhələnirsə, nəyisə dəqiqləşdirirsə, deməli, nəsə var ortada ki, məhəllə
camaatının bundan xəbəri yoxdu, amma bu dəfə Pravadnik Əbdülkərim öz sualına
özü cavab verdi: «Yox!.. Cuhud olmaz... Lukomski... Lukomski... Yox, canım,
yox!.. Cuhud olmaz... Qoymazlar!». Bu o demək idi ki, poçtalyon Müzəffər
Məlumatın ardını oxuya bilər və poçtalyon Müzəffər də oxumağını davam etdirdi:
«...STALIN yoldaşın müalicəsi Sov.IKP Mərkəzi Komitəsinin və Sovet hökumətinin
daimi nəzarəti altında keçirilir. STALIN yoldaşın səhhəti ağır olduğuna görə
Sov.IKP Mərkəzi Komitəsi və SSR Ittifaqı Nazirlər Soveti bu gündən etibarən Iosif
Vissarionoviç STALININ səhhəti haqqında tibb bülletenləri elan edilməsini lazım
bilmişdir. Sovet Ittifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSR Ittifaqı
Nazirlər Soveti, habelə bütün partiyamız və bütün sovet xalqımız belə bir faktın
bütün əhmiyyətini başa düşürlər ki, STALIN yoldaşın ağır xəstəliyi, onun uzun və
ya qısa bir müddət rəhbərlik işində iştirak edə bilməyəcəyinə səbəb olacaqdır». Bu
dəfə özünü saxlaya bilməyib poçtalyon Müzəffərin oxumağını kəsən çəkməçi
Ağagül oldu, həmin Ağagül ki, Fatma arvadın oğlu çəkməçi Balaniyazın yanında
şagird idi və Balaniyaz tutulandan sonra, məhəllənin aşağı başındakı köşkdə
ustasının yerində oturub işini görürdü; çəkməçi Ağagül xüsusi bir inamla dedi:
268
«–Alə, Stalin 72 dil bilir! Xəstəliyi ona heç nə əliyə bilməz! Lap ağır olmur, nə
olur, olsun!.. Bu sözlərdən və kiçik bir sükutdan sonra, poçtalyon Müzəffər yenə
oxumağa başladı: «Mərkəzi Komitə və Nazirlər Soveti partiyaya və ölkəyə rəhbərlik
işində: rəhbər dövlət və partiya fəaliyyətindən STALIN yoldaşın müvəqqəti
ayrılması ilə...» Çəkməçi Ağagül bu dəfə də özünü saxlaya bilmədi: «– Gördüz?!
Müvəqqəti!.. Özləri yazıblar o boyda qəzetdə ki, müvəqqəti!..» Poçtalyon Müzəffər
ardını oxudu: «...müvəqqəti ayrılması ilə əlaqədar bütün şəraiti tam ciddiyyətlə
nəzərə alırlar. Mərkəzi Komitə və Nazirlər Soveti əmin olduqlarını bildirirlər ki,
partiyamız və bütün sovet xalqı bu çətin günlərdə ən böyük birlik və yekdillik,
mənəvi möhkəmlik və sayıqlıq göstərəcək...» Pravadnik Əbdülkərim bu ağır
xəbərdən sonra, elə bil ki, yalnız indi bir balaca toxtadı və dedi: «– Bax, məsələ
bundadı!..» Poçtalyon Müzəffər davam etdi: «...sayıqlıq göstərəcək, ölkəmizdə
kommunizm qurmaq sahəsində öz səyini qat-qat artıracaq, Sovet Ittifaqı Kommunist
Partiyasının Mərkəzi Komitəsi və Sovet Ittifaqı hökuməti ətrafında daha sıx
birləşəcəkdir. Sovet Ittifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi. SSR Ittifaqı
Nazirlər Soveti. 3 mart 1953-cü il». Elə ki, poçtalyon Müzəffər bu xəbəri oxuyub
qurtardı, o Sarı hamamın qabağına elə bir sükut çökdü ki heç 1941-ci ilin o isti yay
günü, o vaxt ki, bax, bu poçtalyon Müzəffər müharibənin başlamağı haqqındakı
xəbəri həmin bu «Kommunist» qəzetindən oxuyurdu, onda da buraya belə bir sükut
çökməmişdi və o vaxt o xəbərə qulaq asan məhəllə kişilərinin, yeniyetmələrin bəlkə
yarısından da çoxu indi bu işıqlı dünyada deyildi, haqq dünyasında idi – müharibədə
qırılmışdılar, itib-batan da itib-batmışdı, amma 1953-cü ilin soyuq mart səhəri Sarı
hamamın qabağına yığışmış bu kişiləri, bu cavanları, yeniyetmələri irəlidə təzə bir
müharibə gözləmirdi, amma bu dəfəki sükutun ağırlığı on iki il bundan əvvəlki o
sükutun ağırlığından qat-qat artıq idi. Indi söhbət bura toplaşmış bu adamların təkcə
öz həyatından yox, onların evdəki balalarının, körpələrinin həyatından gedirdi:
bundan sonra necə yaşayacaqdılar? Və camaat ki, o cümə axşamı sübh çağı Sarı
hamamın qabağından, qoşa tut ağacının ətrafından evlərinə dağılışmağa başladı, elə
bil, kişilərin beli sınmışdı, hər birinin ayağına pud bağlanmışdı və çəkməçi Ağagül
də bütün içinə dolmuş o ağır təəssürat altında həmişəki kimi, əvvəlcə Sarı hamamın
yanındakı çörək dükanına girib Fatma arvad üçün yarım kilo təzə ağ çörək aldı,
nöyüt dükanı ilə üzbəüz yaşıl qapıdan kiçik asfalt həyətə girdi, həyətin yuxarı
küncündəki taxta pilləkənlərlə ikinci mərtəbəyə qalxdı, qapını döydü ki, çörəyi
Fatma arvada versin, sonra çəkməçi köşkünə getsin.
Dostları ilə paylaş: |