* * *
O soyuq mart səhəri poçtalyon Müzəffər belində içi dolu poçt çantası Bakının dağlıq
məhəllələrindəki küçələri dolaşdıqca, illərdən bəri tanış qapıları açdıqca, qəzet-
jurnalları, məktubları payladıqca, elə bil, Sarı hamamın qabağında oxuduğu o qara
məlumatın sözlərini, hərflərini həmin qəzet-jurnalları, həmin məktubları verdiyi
adamların – kişilərin və qadınların, qocaların, cavanların və uşaqların sifətində,
baxışlarında hər dəfə təzədən oxuyurdu. Asfalt səkilərlə, qənbər döşənmiş küçələrlə
addımladıqca poçtalyon Müzəffərə qəribə gəlirdi ki, belə bir xəbərdən sonra, həyat
yenə əvvəlki kimi davam edir; düzdü, hər tərəfi dərd basıb, dərd divarlara, daşlara
hopub, amma həyat yenə əvvəlki kimi davam edir, yəni o yenə əvvəlki kimi qəzet-
jurnal paylayır, məktub paylayır, yoldan maşınlar keçir, kimsə dükandan nəsə alır,
kimsə hara gedir. Bayaqkı o «Kommunist» qəzetində o qara məlumatdan sonra,
bülleten çap eləmişdilər: «1953-cü il martın 4-də saat 2-də I.V. STALININ səhhəti
haqqında bülleten. 1953-cü il martın 2-sinə keçən gecə I. V. STALININ beyninə
birdən-birə qan sızmış, qan beynin həyat üçün mühüm sahələrini bürümüş, nəticədə
sağ qıçı və sol qolu iflic olmuş, huşunu itirmiş və dili tutulmuşdur. Pozulmuş
tənəffüsü və qan dövranını yaxşılaşdırmaq məqsədilə martın 2-də və 3-də müvafiq
müalicə tədbirləri görülmüş, lakin bu tədbirlər xəstəliyin gedişində hələ mühüm
dönüş əmələ gətirməmişdir. Martın 4-də gecə saat 2-dək I. V. STALININ səhhəti
ağır vəziyyətdə qalmaqda davam etmişdir. Tənəffüsün xeyli pozulduğu müşahidə
edilir: tənəffüs tezliyi dəqiqədə 36-ya çatır, xəstə düzgün nəfəs almır və arabir uzun
fasilələr olur. Nəbzi tez-tez, dəqiqədə 120-yə qədər vurur və müntəzəm işləmir; qan
təzyiqi maksimum 220 və minimum 120-dir. Temperaturu 38,2 dərəcədir.
Tənəffüsün və qan dövranının pozulması ilə əlaqədar oksigen çatışmazlığı müşahidə
edilir. Beyin funksiyalarının pozulması dərəcəsi bir qədər artmışdır. Orqanizmin
həyat üçün mühüm funksiyalarını bərpa etmək məqsədilə hazırda bir sıra terapevtik
tədbirlər görülür». Aşağıda da o böyük həkimlərin hamısının bir-bir adını
yazmışdılar, nazirin adını yazmışdılar və poçtalyon Müzəffər bu bülletendəki bir çox
sözləri, ifadələri başa düşmürdü, amma buradakı «beyninə qan sızmışdı», «qıçı, qolu
iflic olmuşdu», «huşunu itirmişdi», «dili tutulmuşdu», «nəbzi tez-tez vururdu» kimi
sözlər poçtalyon Müzəffərin öz ev-eşiyini yadına salırdı, özünün, arvadının,
uşaqlarının xəstələnməsini, xəstəliklərdən ölüb getmiş məhəllə adamlarının – hər
gün rastlaşdığı, dərdləşdiyi, xeyirdə-şərdə oturub bir qismət çörək yediyi, bir stəkan
çay içdiyi o rəhmətliklərin yas məclislərindəki söhbətləri yadına salırdı və poçtalyon
Müzəffər bu sözləri heç cürə Stalinə uyğunlaşdıra bilmirdi, bu – adamın ağlına
sığmayan bir iş idi. Bülletendəki o «xəstə» sözü... O söz dünyanın yazıqlığından,
acizliyindən, köməksizliyindən, əlacsızlığından xəbər verirdi, o sözün özündə bir
zəiflik var idi və o söz indi Stalini əvəz edirdi? Elə həmin «Kommunist» qəzetində
Bolqarıstan Elmlər Akademiyasının Moskva universitetinə hədiyyəsi barədə, Imişli
rayonundakı L. M. Kaqanoviç adına kolxozun üzvlərinin kənd təsərrüfatı
məhsullarının tədarükü planlarını 1 May bayramınadək yerinə yetirməyə söz
vermələri, Azərbaycan neft sənayesi işçilərinin orden və medallarla təltif olunması,
Çan Kayşinin Birmadakı quldur dəstələrinə Birma qoşunlarının hücumu, Iranda
Müsəddiq hökumətinə etimad məsələsinin səsə qoyulacağı barədə yazılar var idi və
271
elə bil ki, bütün bu əhvalatlar yer kürəsində yox, hardasa başqa bir aləmdə, başqa bir
dünyada Ayda, Marsda, başqa bir ulduzda baş verirdi, çünki... Çünki bu dünyada
Stalin xəstələnmişdi və bu dünyada ki, Stalin xəstələnmişdi, daha başqa nə ola
bilərdi? Dünyada nə vardısa, Stalinin xəstələnməyi bunun son həddi idi, başqa nə ola
bilərdi? Və birdən-birə poçtalyon Müzəffərin ağlına gəldi ki, bundan sonra yaxşı bir
iş ola bilər, misal üçün, amnistiya ola bilər, gözü yollarda qalan qaragünlərin bir az
bəxti açılar və poçtalyon Müzəffər bu fikirlərin gözlənilməzliyindən özünü itirdi,
çünki bu o demək idi ki, bu xəstəlik Stalini... Poçtalyon Müzəffər daha dalını
fikirləşmədi, təkcə ürəyindən bu keçdi ki, Allah mənim ömrümdən kəsib (nə qalıbsa,
bundan sonra – ondan kəssin!) Stalinin ömrünə calasın, o böyük insanın ömrünü
uzatsın və poçtalyon Müzəffər qalan bütün bəd fikirləri başından çıxarmaq üçün
belinə şəllədiyi poçt çantasının yerini rahatladı və sürətini artırdı ki, yükünü tez
boşaldıb qurtarsın, amma o mart səhəri poçtalyon Müzəffərin yükü, əslində, belinə
şəllədiyi o içi dolu poçt çantasının ağırlığı deyildi, rəhbərin xəstələnməyi xəbəri ilə
soyuq xəncər kimi ürəyinin içinə girmiş dərd idi.
Dostları ilə paylaş: |