Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə47/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   43   44   45   46   47   48   49   50   ...   147
 

* * * 


 

272


Elə ki, 1951-ci ilin sentyabrında Balaniyazı gəlib bu köşkdən götürüb apardılar, 

Balaniyaza  şagirdlik eləyən Ağagül qoymadı ki, köşkün qapısı bağlı qalsın, 

Balaniyazın yerində oturdu, Balaniyazın çəkicini-bıçağını əlinə aldı, göy ətəkliyini 

əyninə taxdı  və  səhərdən-axşamacan burada çəkmə yamadı, hər gün Fatma arvada 

baş  çəkdi; yeməyə-içməyə öz evlərinə  nə aldısa, Fatma arvadçun da aldı, nə 

qazandısa, yarısını bir qırağa qoydu ki, Balaniyaz qayıtsa, versin ona, bu köşkdən 

ötrü hökumətin qoyduğu və adamın belini sındıran verginin hamısını öz payından 

çıxdı, hərçənd Balaniyazın qayıtmağı, əlbəttə, çətin bir məsələ idi və məhəllədə də 

elə savadlı bir adam yox idi ki, qanunları bilə, gedib o yazığın başına gələni öyrənə 

– Ağagülü kim idi enkevedidə adam hesab eləyən və yaxına buraxan? Bir həftə 

getmişdi, Balaniyazın təzə tutulan vaxtları idi, bulvarın yanında böyük bir binaya 

girmişdi, soruşdular ki, sən kimsən? Dostusan? Bəlkə elə o köşkdəki söhbətlərdə 

iştirak edənlərdən birisən. Bundan sonra Ağagül nə qədər özünü məcbur elədisə də, 

qorxusundan bir daha o həndəvərlərdə dolanmadı  və  əlbəttə, Ağagül özü öz 

qorxaqlığının xəcalətini çəkirdi, amma başını aşağı salıb çəkmə yamamaqdan savayı 

əlacı yox idi, çünki Sarı hamamın yanındakı, o qoşa tut ağacının arxasındakı 

evlərində hər axşam Ağagülün yolunu özündən kiçik altı bacısı gözləyirdi...Ağagül 

yüz faiz bilirdi ki, Balaniyaza şər atıblar, çünki Balaniyazın yanında heç kim 

Stalinin əleyhinə danışmaz. Çünki Balaniyaz hələ müharibə vaxtı iynəylə sinəsinə, 

ürəyinin üstünə Stalinin şəklini döydürmüşdü və Stalinin bu cürə tuşla döymə 

şəkilləri, məhəllənin bütün cavanlarının qolunda, sinəsində var idi, çünki dünyada 

Stalindən böyük heç bir adam olmamışdı. Balaniyazı satmışdılar, gözü 

götürməyənlər satmışdılar, çünki Balaniyazın hörməti var idi, yaraşığı var idi, 

mərifəti var idi, ömründə dilinə  nəşə vurmamışdı, bir adamı nahaq yerə 

incitməmişdi və  Ağagül də  məhəllənin başqa adamları kimi, bu işdə Pravadnik 

Əbdülkərimdən şübhələnirdi. Pravadnik Əbdülkərim bu məhəlləyə gəlmə adam idi, 

müharibədən sonra burda ev almışdı, bir cavan da rus arvadı var idi; onunla tək 

yaşayırdılar, uşaqları yox idi. Düzdü, məhəllədə deyirdilər ki, guya, Pravadnik 

Əbdülkərimin Rusiyanın  şəhərlərində çoxlu uşaqları var (o cavan arvadını da elə 

Rusiyadan gətirmişdi), amma heç uşağı olan adama oxşamırdı, yəni bu mənada ki, 

adam Pravadnik Əbdülkərimi uşaq atası kimi təsəvvür eləmirdi və Ağagül istəmişdi 

ki, bu çəkməçi bıçağını götürüb gecə küçədə Pravadnik Əbdülkərimin qabağını 

kəssin, Balaniyazı soruşsun, amma buna da ürək eləməmişdi, çünki Pravadnik 

Əbdülkərim adi adam deyildi, həmişə hökumətdən danışırdı, həmişə düşmən 

axtarırdı  və Pravadnik Əbdülkərimin qabağını  kəsmək, Ağagül üçün Sovet 

hökumətinin qabağını kəsmək kimi bir şey idi. Əgər çəkməçi Ağagülün başına bir iş 

gəlsəydi, bacıları yiyəsiz qalardı (ata da, ana da haqq dünyasında idi...), bu, öz 

yerində, amma o yazıq Fatma arvadın da işi lap Allaha qalardı, çünki kömək eləyəni, 

əlindən tutanı elə  təkcə  Ağagül idi və Fatma arvad da gün-gündən dala gedirdi, 

səhərdən-axşama kimi otururdu həyətdəki o taxta pilləkənin başında, ağzını açıb bir 

kəlmə söz demirdi, yazıq daha ağlaya da bilmirdi. Nə  qədər ağlamaq olardı? Illər 

boyu o arvad ağlayırdı, daha yaş qalmamışdı gözündən gələ... Bəs, innən sonra necə 

olacaqdı? Təkcə Fatma arvad yox, təkcə Ağagül və bacıları yox, bütün bu məhəllə 

necə yaşayacaqdı, onları  nə gözləyirdi? Stalin xəstələnib... Stalin!.. Necə olacaqdı 

bundan sonra?.. Ağagül, düzdü, yüz faiz əmin idi ki, Stalin sağalacaq, amma 

ürəyində bir nigarançılıq da var idi, çünki etibarsız dünya idi... Dünyadakı əməllər 

də dünyadakı insanlar kimi etibarsız idi... Və o anda o balaca köşkün içində Ağagül 

bütün içindən axıb gələn bir diləklə dilədi ki, bundan sonra ki, nə qədər yaşayacaqdı, 




 

273


Allah-taala onun omründən kəsib Stalinin ömrünü uzadaydı – o dilək o qədər sidq-

ürəkdən idi ki, Ağagül qəhərləndi, gözləri doldu, o balaca çəkməçi köşkünün taxta 

divarlarına məhəllədəki nöyüt dükanının, çörək dükanının, Sarı hamamdakı kassir 

otağının divarlarındakı kimi, Stalinin cürbəcür  şəkilləri yapışdırılmışdı  və bu 

şəkilləri hələ Balaniyaz qəzetlərdən, jurnallardan, xüsusən «Oqonyok» jurnalından 

kəsib yapışdırmışdı, bir qismini də bazarda – həmşəri Palanında fotoqraflardan alıb 

yapışdırmışdı: Stalin generalissimus paltarında,  şərfini boynundan arxaya atmış  və 

qapqara saqqal saxlamış Koba – Stalin və oğlu general Vasili Stalin, Stalin ona gül 

verən balaca qızı qucağına alıb, Stalin və Mao-Tze-Dun, Stalin, Beriya, Mikoyan və 

Koqanoviçlə bir yerdə, Stalin və Qorki, Stalin anası ilə birlikdə... Və  Ağagül 

Stalinin sağalacağına yüz faiz inansa da, əlindəki köhnə kişi ayaqqabısının dabanına 

rezin vura-vura hərdən ürəyində baş qaldıran o nigarançılıqla köşkün divarlarındakı 

həmin şəkillərə baxırdı: bu şəkillər ən doğma, ən mehriban bir adamın şəkilləri idi, 

amma eyni zamanda bu doğma, mehriban, bu əziz adam bir ucalıqda, böyüklükdə 

idi və hansı xəstəlik olursa-olsun, o xəstəliyin gücü həmin ucalığa, həmin böyüklüyə 

çata bilməzdi, o xəstəlik nə istəsəydi, bax, bu məhəlləyə eləyə bilərdi, başqa 

məhəllələrə eləyə bilərdi, Bakıya, bütün dünyaya eləyə bilərdi, amma Stalinə heç nə 

eləyə bilməzdi və  Ağagül bu fikri özü üçün tam qətiləşdirəndən sonra, mismarları 

həmişəki kimi bir şövq ilə  əlindəki köhnə kişi ayaqqabısının dabanına vurmağa 

başladı. 

 

 * * * 



 

Sabahkı gün, yəni 1953-cü il martın 6-da səhər tezdən məhəllənin kişiləri, 

yeniyetmələr, uşaqlar yenə  də Sarı hamamın qabağına, o qoşa tut ağacının altına 

yığışmışdı və bu adamların sifətində, baxışında elə bir kədər var idi ki, elə o kədər 

boz bir rəng alıb bütün məhəlləni bürümüşdü, o Sarı hamamın divarlarını da boz 

rəngə boyamışdı  və poçtalyon Müzəffər çeşməyinin qalın  şüşəsinin böyütdüyü 

gözlərini yenicə mətbəədən çıxmış «Kommunist» qəzetinə zilləyib hərdən titrəyən

boğazında qırılan səsiylə oxuyurdu: «Sovet Ittifaqı Kommunist Partiyasının Mərkəzi 

Komitəsindən, SSR Ittifaqı Nazirlər Sovetindən və SSRI Ali Sovetinin Rəyasət 

heyətindən. Partiyanın bütün üzvlərinə, Sovet Ittifaqının bütün zəhmətkeşlərinə. 

Əziz yoldaşlar və dostlar! Sovet Ittifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi, 

SSRI Nazirlər Soveti və SSRI Ali Sovetinin Rəyasət heyəti partiyaya və Sovet 

Ittifaqının bütün zəhmətkeşlərinə böyük hüzn hissi ilə bildirirlər ki, martın 5-də 

axşam saat 9.50 dəqiqədə SSR Ittifaqı Nazirlər Sovetinin sədri və Sovet Ittifaqı 

Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Iosif Vissarionoviç STALIN ağır 

xəstəlikdən sonra vəfat etmişdir». Bu yerdə Sarı hamamın qabağına toplaşmış o 

məhəllə camaatının içindən elə bir ümumi «ah» qopdu ki, o «ah» gözə görünməyən 

səssiz bir burulğan kimi, bütün bu adamları da, Sarı hamamı da, o qoşa tut ağacını 

da, o elektrik dirəklərini də burum-burum özündə fırladıb havaya qaldırdı.  



 

274


Poçtalyon Müzəffər tez-tez udquna-udquna və udqunduqca da nazik boğazının 

ucu iti hülqumu enib, qalxa-qalxa həmin titrək səslə ardını oxudu: «... Leninin 

silahdaşı  və onun işinin dahi davametdiricisi, Kommunist Partiyasının və Sovet 

xalqının müdrik rəhbəri və müəllimi Iosif Vissarionoviç STALININ qəlbi 

döyünməkdən qaldı». Yenə  məhəllə camaatının içindən bir «ah» qopdu; uşaqlar 

hönkür-hönkür ağlamağa başladı, kişilər səssiz ağlaya-ağlaya gözlərinin yaşını 

sildilər və  həmişə  məhəllədə yas yerlərində, hətta, atalarının, qardaşlarının,  ən 

yaxınlarının yasında ağlamaqlarını, kövrəlməklərini yeniyetmələrdən, uşaqlardan 

gizlədən məhəllə kişiləri, elə bil, yaddan çıxartmışdılar ki, ətrafda uşaq, yeniyetmə 

var, ağlayırdılar, içlərini çəkirdilər və o cümə günü səhər tezdən o Sarı hamamın 

qabağında ağlamaqlarını gizlətmək heç ağıllarına da gəlmirdi. Pravadnik 

Əbdülkərim də o səhər o camaatın arasında idi və  ağlayan kişilərin gözləri 

Pravadnik  Əbdülkərimə sataşanda, daha da bərkdən ağlayırdılar – əlbəttə, bu 

adamların hamısı sidq-ürəkdən ağlayırdı, amma, bir halda ki, Pravadnik Əbdülkərim 

də burada idi, hər ehtimala qarşı qoy öz gözləriylə görsün ki, kim necə  bərkdən 

ağlayır... Pravadnik Əbdülkərim özü ağlamırdı, amma diqqətlə bir-bir məhəllə 

camaatına baxırdı və açıq-aşkar hiss olunurdu ki, öyrənib bilmək istəyir: kim necə 

ağlayır və  nə  qədər ürəkdən ağlayır?.. Poçtalyon Müzəffər oxuyurdu: «... 

STALININ adı partiyamız üçün, sovet xalqı üçün, bütün dünya zəhmətkeşləri üçün 

hədsiz dərəcədə  əzizdir. Leninlə birlikdə STALIN yoldaş qüdrətli Kommunist 

Partiyasını yaratmış, onu tərbiyə etmiş  və  mətinləşdirmişdir; Leninlə birlikdə 

STALIN yoldaş Böyük Oktyabr sosialist inqilabının ilhamçısı və rəhbəri, dünyada 

birinci sosializm dövlətinin banisi olmuşdur. STALIN yoldaş... STALIN yoldaş...» 

Bu dəfə  də poçtalyon Müzəffər özünü saxlaya bilmədi, hıçqırıq kişini boğdu, 

«Kommunist» qəzetində çap olunmuş hərflər gözünün qabağında əriyib horra kimi 

bir-birinə qarışdı və heç kişi özü də bilmədi ki, birdən-birə uşaq kimi necə ağladı; 

dizləri titrədi, uzun-uzun illərdən bəri ağır poçt çantasını belinə  şəlləyib Bakının 

dağlıq küçələrini dolaşan və yorulmaq bilməyən bu adam birdən-birə taqətini itirdi 

və az qaldı  yıxılsın, amma həmin məqamda Pravadnik Əbdülkərimin o müsibətli 

səhərdə  də adamı  xəncər kimi kəsən iti nəzərləri ilə rastlaşdı  və özünü ələ aldı, 

titrəyən  əlləri ilə tutduğu «Kommunist» qəzetini bir az da gözlərinin qabağına 

qaldırdı, nazik boğazının ucu iti hülqumu enib, qalxa-qalxa oxumağa başladı: «... 

STALIN yoldaş, Leninin ölməz işini davam etdirərək sovet xalqını ölkəmizdə 

sosializmin dünya miqyasında tarixi qələbəsinə çatdırmışdır. STALIN yoldaş dünya 

müharibəsində ölkəmizə faşizm üzərində  qələbə qazandırmış  və bu qələbə bütün 

beynəlxalq vəziyyəti kökündən dəyişmişdir. STALIN yoldaş partiyanı  və bütün 

xalqı SSRI-də kommunizm qurmağın böyük və aydın proqramı ilə silahlandırmışdır. 

Bütün həyatını böyük kommunizm işinə fədakarlıqla xidmət etməyə həsr etmiş olan 

STALIN yoldaşın vəfatı partiya üçün, Sovet ölkəsi və bütün dünya zəhmətkeşləri 

üçün ən ağır itkidir». Sarı hamamın qabağından yenə bir hönkürtü dalğası keçdi və 

qıpqırmızı qızarmış gözlərindən yaş axan çəkməçi Ağagül o anlarda özünə kişi sözü 

verdi ki, mütləq evlənəcək, mütləq oğlu olacaq və  oğluna mütləq «KOBA» adı 

qoyacaq, mütləq, mütləq, mütləq belə olacaq. Çəkməçi Ağagülün iyirmi dörd yaşı 

var idi, evlənmək vaxtı keçirdi, amma səhərdən-axşama kimi o qədər işləyirdi və 

bacılarının da o qədər qayğısını çəkirdi ki, evlənmək barədə fikirləşməyə vaxtı yox 

idi, amma həmin mart səhəri özünə kişi sözü verdi ki, lap yaxın vaxtlarda evlənəcək, 

oğlu olacaq və oğluna «KOBA» adı qoyacaq və əslində indi kimin qeyrəti varıydısa, 

gərək oğluna «KOBA» adı qoyaydı, heç olmasa, hərənin evində öz KOBASI olaydı, 




 

275


o KOBALAR böyüyəydi, o dahi rəhbərin adını həmişə yaşadaydı, hamısı bir yerdə 

bəlkə o böyük ada layiq olaydı... Düzdü, dünyada bir də heç vaxt Stalin kimi böyük 

adam ola bilməzdi, heç kim ona çata bilməzdi, amma elə eləmək lazımıydı ki, heç 

olmasa, övladlar o böyük ada layiq olaydı... Və çəkməçi Ağagül o qədər dərin bir 

fikrə getmişdi ki, hətta, Pravadnik Əbdülkərimin ona dikilmiş iti nəzərlərinin fərqinə 

varmadı. 

  

* * * 

 



 

276


Pravadnik  Əbdülkərim həmin mart səhəri Sarı hamamın qabağından qayıdıb 

mətbəxdə ülgüclə üzünü qırxırdı  və  əlüzyuyanın yuxarısından divara vurulmuş 

güzgüdə diqqətlə sabunlu sifətinə baxırdı, amma güzgü çirkli olduğu üçün, özünü 

yaxşı görə bilmirdi, ayaq barmaqlarının ücüna qalxıb sabunlu sifətini güzgüyə lap 

yaxınlaşdırırdı, az qalırdı yekə burnunun ətli ucu şüşəyə dəysin. Nataşanın ev işləri 

ilə arası yox idi, nəyi hara atırdı, orda da qalırdı, supdan başqa da heç nə bişirə 

bilmirdi, əsgini əlinə alıb Allahın güzgüsünü də təmizləmirdi və üzünü qırxa-qırxa 

çirkli güzgüyə baxan Pravadnik Əbdülkərimin qanı qaralmağa başlayırdı, amma 

həmişə belə  məqamlarda olduğu kimi, 1953-cü ilin o mart səhəri də Nataşanın 

ağappaq, dolu və sağlam bədəni Pravadnik Əbdülkərimin gözünün qabağına gəldi, o 

bədənin hərarətini hiss elədi və güzgünün eləcə çirkliyinə baxmayaraq, kişi 

sinədolusu rahat və ləzzətli bir nəfəs aldı, gülümsədi. Nataşa hələ isti yataqda idi və 

Pravadnik  Əbdülkərim başını çevirib yeganə otaqdakı enli dəmir çarpayıda yatan 

Nataşaya baxdı: Nataşa həmişəki kimi, arxası üstə uzanmışdı, dolu qollarını da 

başının kənarlarından yuxarı uzadıb balıncın üstünə qoymuşdu və  əriylə birlikdə 

gecəki yorğunluqdan sonra, rahatca yatıb istirahət edirdi və o dəm Nataşanın 

qoltuğunun altındakı narın sarı tüklərin  ətri, elə bil, mətbəxdə Pravadnik 

Əbdülkərimin burnuna gəldi və kişinin bütün bədənindən gözəl bir hiss keçdi, hətta 

istədi ki, təzədən gedib girsin Nataşanın yanına, amma tələsmək lazım deyildi, hələ 

düz üç gün evdə idi... Nataşa ərindən iyirmi beş-otuz yaş kiçik idi (iyirmi iki-iyirmi 

üç yaşı olardı) və Pravadnik Əbdülkərim içindən pıqqapıq qaynayan bu qızı 

Rastovdan tapıb gətirmişdi və qeydsiz-şərtsiz yüz faiz özünəməxsus olsun deyə, bu 

qızla ömründə birinci dəfə rəsmən evlənmişdi. Uzun illərdən bəri Rusiyanın saysız-

hesabsız stansiyalarında Pravadnik Əbdülkərim hələ bu qız qədər sümüyünə yatan 

arvad xeylağına rast gəlməmişdi (Rusiyanın o saysız-hesabsız stansiyaları isə o uzun 

illərdən bəri Pravadnik Əbdülkərim üçün hərəmxana kimi bir şey idi!) və Nataşanın 

pintiliyi, düzdü, hərdən adamı dilxor eləyirdi, amma o pintilik o bədənin yanında, o 

hərarətin yanında yaddan çıxırdı, yox olub gedirdi və Pravadnik Əbdülkərim özü 

əlinə  əsgi alıb güzgünü təmizləyirdi, pəncərələrin, evdəki  əşyaların tozunu alırdı, 

süpürgəni götürüb evi süpürürdü, mətbəxin həyətə baxan pəncərəsini şalla kip örtüb 

ləyəndə özünün və Nataşanın alt paltarlarını, üst paltarlarını yuyurdu və keyfiyyətli 

yeməkləri – təzə ət, təzə balıq, kürü, Rusiyanın stansiyalarından aldığı, yaxud şey-

şüyə  dəyişdiyi gözəl ev kolbasaları  gətirib Nataşanı  bəsləyirdi, özü də Nataşanın 

öhdəsindən layiqincə gəlmək üçün, gecə-gündüz güclü və vitaminli şeylər yeyirdi: 

qoz, fındıq, ərik qurusu, göy-göyərti, quyruq yağında qızarmış yumurta və sairə. Hər 

dəfə  səfərə  çıxanda Nataşanı evdə  tək buraxmırdı, aparıb qoyurdu Biləcəridə 

yaşayan bacısıgildə  və Nataşa orada da yeyib yatmaqla məşğul olurdu, çünki 

bacısıgil də Pravadnik Əbdülkərimin qorxusundan (qardaş olanda nə olar? qorxulu 

adam idi!) Nataşaya gözünün üstündə qaşın var demirdilər. Pravadnik Əbdülkərim 

uzun-uzun illərdən bəri Bakı ilə – «Bakı – Moskva» qatarının yolu boyunca – 

Rusiyanın irili-xırdalı stansiyaları arasında hörümçək toru kimi, öz torunu hörmüşdü 

və bu torun telləri ilə stansiyalardan stansiyalara sürüşə-sürüşə yumurta kartofa 

dəyişilirdi, kartof toyuğa, toyuq balığa, balıq nöyüt plitəsinə, nöyüt plitəsi köynəyə, 

köynək kürüyə çevrilirdi və Pravadnik Əbdülkərimin qazancı  həmişə yaxşı olurdu 

və  ən böyük rəislərindən tutmuş  bələdçi yoldaşlarına kimi heç kim Pravadnik 

Əbdülkərimə bir söz demirdi, çünki deyə bilmirdi, çünki qorxurdu. Pravadnik 

Əbdülkərim Azərbaycan dəmir yolu işçiləri arasında maskalanmış xalq düşmənlərini 

ifşa edə-edə 1937-ci ildə Sov.IKP-nin üzvlüyünə qəbul olunmuşdu və o vaxtdan bəri 




 

277


bütün partiya iclaslarında çıxış edirdi, həmişə sayıqlığa çağırırdı, kimin siyasi 

simasından şübhələnirdisə, o saat iclaslarda deyirdi, enkevediyə və Azərbaycan KP 

MK-ya, Sov.IKP MK-ya yazırdı, 7 Noyabr, 1 May, sonralar 9 May bayramlarında 

döşünə  qırmızı taxıb  əlinə  şüarlar götürürdü, nümayişlərdə  dəmiryolçuların ön 

cərgəsində respublika rəhbərlərinin dayandığı tribunanın qabağından keçirdi, hər il 

dekabrın 21-də Stalinə, noyabrın 19-da Kalininə, Kalinin öləndən sonra isə, mayın 

19-da  Şvernikə teleqram vurub anadan olduqları gün münasibətilə onları ürəkdən 

təbrik edirdi və stansiyalararası alveri də  işlədiyi vaqonların təkərləri kimi yağlı 

gedirdi və  hərgah təkcə o məhəllədə yox, bütün Bakıda heç bir nigarançılığı 

olmayan, öz həyatından razı on nəfər vardısa, biri Pravadnik Əbdülkərim idi, hətta, 

müharibə vaxtı da idarədə birinci Pravadnik Əbdülkərimə bron verib cəbhədən azad 

elədilər ki, heç kimlə  işi olmasın. Həmin mart səhəri mətbəxdə üzünü qırxdığı o 

ülgücü də Qroznıdan alıb gətirmişdi, trofey ülgüc idi, elə itiydi ki, bir göz 

qırpımında adamın başını  bədənindən ayırmaq olardı  və bunu fikirləşəndə Stalinin 

ölməyi yenə Pravadnik Əbdülkərimin yadına düşdü: Stalin də ölərmiş... Elə bilirdi 

ki, Stalindi də, dünya ona qalacaq, day demirdi ki, Isgəndərə qalmayan dünya heç 

kimə qalmayacaq!.. Oturmuşdu bu zırpılıqda ölkənin taxt-tacında, bığlarını uzadırdı, 

ayaqlarının da altını görmürdü... Indi aparıb soxarlar qara gora, onda bilər!.. Amma 

heç vaxtında ölmədi qoca kaftar!.. Kim bilir, indi necə olacaq, kim gələcək, təzə 

Stalin kim olacaq?.. Yox, heç ölməyin vaxtı deyildi... Pravadnik Əbdülkərimin 

məşhur bir söyüşü var idi, əsəbiləşəndə, narahat olanda, heyfsilənəndə söyürdü: 

«Svoluş!..» Və  həmin mart səhəri də Pravadnik Əbdülkərim özünü saxlaya 

bilməyib, ürəyində o məşhur söyüşünü söydü: « – Svoluş!.. Ölməyə vaxt tapdı!..» 

Sonra Pravadnik Əbdülkərimin gözü mətbəxin həyət pəncərəsindən papaqçı Əşrəfin 

evinin taxta pilləkənlərinə sataşdı: orada Balaniyaz adında birisi yaşayırdı, çəkməçi 

idi, pişik südə baxan kimi, altdan-altdan marıtdayıb Nataşaya baxırdı (belə  şeylər 

təbii ki, Pravadnik Əbdülkərimin gözündən yayınmazdı!), basdılar belinə on ili, 

getdi, köpək oğlu!.. Indi necə, görəsən, amnistiya olacaq? Amnistiya olsa, o gələnlər 

bəs nə deyəcək? Pravadnik Əbdülkərim yenə özünü saxlaya bilməyib o məşhur 

söyüşünü ürəyində  təkrar söydü: « – Svoluş!.. Ölməyə vaxt tapdı, qoca kaftar!..» 

Sonra Pravadnik Əbdülkərim mətbəxin pəncərəsinə yaxınlaşdı  və heyrətlə o taxta 

pilləkənlərə tərəf baxdı: Fatma arvad pilləkənlərin başında oturub için-için ağlayırdı 

və uzun müddətdən bəri ağzını açıb bir kəlmə deməyən bu arvad indi dünyanın 

qarasına nəsə deyirdi. 

 

* * * 

 



 

278


Elə ki, çəkməçi Ağagül səhər tezdən qapını açıb içəri girdi, yarım kilo ağ çörəyi 

mizin üstünə qoydu, Fatma arvadın ürəyi düşdü, elə bil, bir salxım üzümü qayçı ilə 

kəsdilər və arvad Ağagülün qıpqırmızı  qızarmış gözlərindən başa düşdü ki, Stalin 

ölüb. Fatma arvad bütün gecəni yatmamışdı;  əvvəlki gecələr həmişə Allaha 

yalvarırdı ki, Balaniyazdan bir xəbər gəlsin, Balaniyaz getdiyi yerdən salamat 

qayıtsın, amma həmin gecə Balaniyazla birlikdə Stalinçün də Allaha yalvarmışdı, 

yalvarmışdı ki, Stalin ölməsin, çünki əgər Stalin də ölsəydi, daha iynənin ucu qədər 

də ümid qalmayacaqdı bu dünyada, batacaqdı bu dünya, Aşqabaddan da pis günə 

qalacaqdı bu dünya... Və Ağagül çıxıb gedəndən sonra, Fatma arvad eləcə oturduğu 

yerdə qaldı, durub çay dəmlədi, mizin üstündəki o yarım kilo ağ çörəyə əl dəymədi 

və birdən-birə arvada elə  gəldi ki, ömrünü keçirdiyi, əriylə birlikdə iki oğlunu 

böyütdüyü bu otaq otaq yox, qəbirdi, bardaş qurub oturduğu palazın üstündən güclə 

qalxıb titrəyən ayaqları səndələyə-səndələyə evdən çıxdı, o, səhərçağı çöldə də, elə 

bil, azadlıq yox idi, elə bil, nəyləsə hər tərəfi qapamışdılar və gözə görünməyən o 

«nəsə» çölü də otağın içi kimi, qəbirə çevirmişdi və Fatma arvad taxta pilləkənin 

üstündə oturdu, çoxdan bəri ağlamadığına (ağlaya bilmədiyinə!) görə hönkürtü, elə 

bil, birdən-birə qanlı-kədərli bir fəvvarə kimi, püskürüb bütün içindən gəldi, ağlaya-

ağlaya: «–Bəs, necə olacaq? – pıçıldadı. – Ay Allah, bu nə gündü biz düşdük. – dedi. 

– O boyda kişiyə necə  qıydın, ay Allah?! – dedi. – Baisin evi yıxılsın, bəs, necə 

olacaq bundan sonra? – dedi. – Bu yazıq camaat neyniyəcək bundan sonra?..» 

  

* * * 

 

O Sarı hamamın qabağındakı o qoşa tut ağacının çılpaq budaqlarına isə pırıltıyla 



sərçələr qonurdu, uçub gedib təzədən qayıdırdı və 1953-cü ilin o soyuq mart səhəri 

bizim məhəllədə təkcə o sərçələr heç nəyin fərqində deyildi... 

  


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin