ONUNCU ŞƏKİL
Polyaniçkoların evi. Ivan Ivanoviç,
Vera Nikolayevna.
I v a n I v a n o v i ç. Sən işində ol, əzizim, darıxma, rolunu öyrən. Mən qızardıram. (Bir əli
ilə burnunun pərələrini tutub, o biri əlindəki qaşıqla, tavada qızaran kartofu qarışdırır.) Püf!..
V e r a N i k o l a y e v n a (divanda yarıuzanmış halda əlindəki «Rusca-Azərbaycanca lüğət»
kitabını vərəqləyə-vərəqləyə). Odinoçestvo – tanxalık... Aha! Manim qalbim tanxalık içinda... nə?
I v a n I v a n o v i ç. Mən axı... Püf!.. (Burnunu tutur.) Mən Azərbaycan dilini yaxşı
bilmirəm.
V e r a N i k o l a y e v n a (hirsli). Sən nəyi bilirsən ki, onu da biləsən?!
Ivan Ivanoviç (mülayim). Yaxşı, hirslənmə, Veroçka, hirslənmə, Rolu öyrən!..
V e r a N i k o l a y e v n a (hirsli). Öyrən!.. Öyrən!.. (Qışqırır.) Öyrənmirəm!.. Acmışam
mən! Yemək istəyirəm!
I v a n I v a n o v i ç. Bu saat!.. Püf!.. Bu saat kartoşka hazır olur!
Vera Nikolayevna. Sənə nə var ki?! Hazırına nazir olmaq istəyirsən! Köhnə peşəndi!..
Ivan Ivanoviç(mülayim). Veroçka...
Vera Nikolayevna. Düz demirəm? (Yamsılayır.) «Veroçka...» Elə bilirsən onunla danışmaq
üçün tekst düzəldib azərbaycanca əzbərləmək asandı? Elə bilirsən bunların psixologiyası
səviyyəsinə enmək asandı?! Bu primitiv adamların, hə, asandı?
I v a n I v a n o v i ç. Kim deyir ki, asandı, Veroçka? Əsəbiləşmə, rolu öyrən, bu saat bunu
əntiqə... püf... bişirib səni yedirdəcəyəm. Sonra da, mənim toyuğum, xoruzun gələcək yanına!..
Vera Nikolayevna. Lazım deyil mənə sənin kimi xoruz! (Kinayə ilə) Amma yaman da
xoruzsan...
Ivan Ivanoviç(özünü güclə saxlayıb mülayimcəsinə). Veroçka...
V e r a N i k o l a y e v n a (yavaş-yavaş xəyala dalaraq). Amma o, doğrudan da, çox
gözəldi!.. Obsalyutna qarnı yoxdu!..
Ivan Ivanoviç öz qarnına baxır və sinəsini irəli verib qarnını bir az yığışdırır.
Vera Nikolayevna. Meçetsya – çır-pı-nır. Mənim qəlbim tanxalık içində çır-pınır... Ax, Ax-
med bek, aqar siz bilsaniz ki, manim qalbim tanxalıq içinda nedja çırpınır?!
I v a n I v a n o v i ç. Bravo! Bravo!
Vera Nikolayevna (ona fikir vermədən). Mən sizin e-e-e... Prozraçnoye – şəffaf. Man sizin o
tamiz, o şaffaf qozunuza baxarkən...
I v a n I v a n o v i ç. Nəsə qulağıma birtəhər gəldi...
Vera Nikolayevna. Hə, qozunuza yox, gö-zü-nü-zə. Azərbaycanlıların bu «k»larını, «ə»lərini
yaxşı deyə bilmirəm! Gül bizim çar Nikolayların, Aleksandrların başına! Az qala iki yüz ildi
Azərbaycan bizim müstəmləkədi, dilləri heç, heç olmasa bu hərfləri götürəydilər! Man sizin o tamiz
o şaffaf qozunuza... yox, gö-zü-nü-zə baxarkən e-e-e... Razoçarovannıy – nakam. Man sizin o tamiz,
o şaffaf gö-zü-nü-zə baxarkən öz nakam taleyimi nə kadar darindan e-e... Osoznayu – dark edirəm.
Na kadar da dark edirəm!
I v a n I v a n o v i ç. Əla! Əla! Veroçka, əla! Püf! Sən təkcə qədri bilinməyən böyük aktrisa
deyilsən, həm də dramaturqsan! Qoy, bax, belə sentimental olsun! Azərbaycanlı cavanlar belə
şeyləri xoşlayırlar. O saat inanacaq sənə! Az qalacaq ağlasın, görərsən!
146
Vera Nikolayevna. Mənə bir azərbaycanlı redaktor lazımdı ki, aksentimə fikir versin. Bəlkə o
qonşumuz kişini, Əsədullanı çağıraq?
I v a n I v a n o v i ç. Vera! Sən də həmişə elə adamlar tapırsan ki!.. O şorgözün biridi!
Görmürsən sənə necə baxır, elə bil, ac pişik balığa baxır!
V e r a N i k o l a y e v n a (nazlana-nazlana). Nə olsun? Baxsın də! Bilir nəyə baxır!
I v a n I v a n o v i ç. Vera-a-a!
Pauza.
Özü də qızını Əhməd bəyə sırımaq istəyir!
V e r a N i k o l a y e v n a (əsəbi). Oy, neqodyay!.. Iştahına bir bax e! Sənin kimi
mədəniyyətsizlərin yeridi Fransa?! Özün də milyoner adamsan, bizim kimi gündə kartoşka yemirsən
ki, Fransaya getmək istəyirsən?! Yaxşı! Baxarıq! (Yeni bir ilhamla) Man sizin o tamiz, o şəfaf
qozunuza baxarkən... e-e-e... gö-zü-nü-zə baxarkan öz nakam taleyimi bilsaz na kadar darindan dark
ediram! Ax, Axmed bek! Manim... e-e-e... Odinokiy – qarib. Ax, Axmed bek! Manim qarib konlum
yaqin ki, bir da xeç zaman qulmayadjak!
Ivan Ivanoviç (tavadakı kartofu qarışdıra-qarışdıra). Bravo! Püf!.. Bravo!..
Vera Nikolayevna. Ax, Axmed bek!.. (Xəyala dalaraq) Fransa!.. Monpartr!.. Monparnas!..
Sena!.. Villa!.. Gecə!.. Yalnız tarşer yanır!..
I v a n I v a n o v i ç. Ah, Vera!.. Hər tərəf sakitlik!.. Perestroyka yox!.. Qorbaçov yox!..
Qurultaylar yox!.. Sessiyalar yox!.. Xalq deputatları yox!.. (Tavadakı kartof yanmaq üzrədir və onu
o gözəl xəyal aləmindən yenə də qaz plitəsinin yanına gətirir.) Püf! (Tavadakı kartofu qarışdırır.)
Püf!..
Vera Nikolayevna. Nikolay Petroviçi yox, amma Viktor Aleksandroviçi də Parisə
çağıracağam... Bəlkə, hələ bilmirəm, bəlkə Pyotr Matveyeviçi də çağırdım.
I v a n I v a n o v i ç. Vera! Bəsdir!
Vera Nikolayevna. Nə bəsdir? Eqoist!.. Onlar bəyəm mənim ərim olmayıblar?
I v a n I v a n o v i ç. Nə olsun olublar? Biz orda bir yerdə nə eləyəcəyik, hə?
Vera Nikolayevna. Nə olar? Fransadı da!..
I v a n I v a n o v i ç (daha özünü saxlaya bilməyib, əlindəki qaşığı tavanın içinə çırpır).
Axmağın biri, axmaq!
V e r a N i k o l a y e v n a (qışqırır). Axmaq özünsən!
Ivan Ivanoviç (qışqırır). Təqsir məndədi ki, sənin kimi ifritəyə kartoşka qızardıram! (Daha
bərkdən qışqırır.) Istəmirəm!.. Semiçka yağı ilə kartoşkanın iyi məni öldürür!..
V e r a N i k o l a y e v n a (qışqırır). Sənə o da azdı.
Ivan Ivanoviç (qışqırır). Yandıracağam bunu! (Tavanın altında yanan qazı artırır.) Qoy
yansın!.. Neqodyayka!
V e r a N i k o l a y e v n a (qışqırır). Tı sam neqodyay!
İ ş ı q s ö n ü r.
ON BİRİNCİ ŞƏKİL
Bəbirzadələrin evi. Əsədulla, Firəngiz xanım, Züleyxa.
Ə s ə d u l l a (Züleyxaya). Nə yaxşı oldu, özün də gəldün çıxdun! Qızım, Züleyxa, çox vacib
bir söhbətimiz var sənünlə. (Firəngiz xanıma) Sən başla.
F i r ə n g i z x a n ı m. Mən bacaran şey deyil bu, özün başla.
Z ü l e y x a. Yenə nə olub?
Ə s ə d u l l a. Heç nə. Nə olacaq? Xeyirdü!
147
Z ü l e y x a. Allaha şükür! Dedim, yoxsa, xalqımızın bu ağır günündə yenə nəsə bir fəlakət
baş verib!
Ə s ə d u l l a. Yox, canım!.. Sən də yaman hər şeyi ürəyüvə salırsan a!..
F i r ə n g i z x a n ı m. Day demə!..
Züleyxa. Bəs mən nə edim? Mən də bu xalqın qızıyam, yoxsa yox? Öz elimin, obamın
qızıyam mən!
Ə s ə d u l l a. Əlbəttə!
Z ü l e y x a. Artıq rəfiqələrim də Qarabağa getməyə başlayıblar. Onları bir-bir cəbhəyə yola
salıram!
Ə s ə d u l l a. Yaxşı eləyirsən, qızım, yola sal! Sən də yola salmayanda, bəs, bu xalqın
övladlarını kim yola salacaq?! Yola sal, amma ürəyüvə salma!
Züleyxa. Eh, ata, bu ürək mənimki olsaydı, nə vardı ki! Bu ürək mənimki deyil, yox,
xalqımınkıdır!
Firəngiz xanım (ağlamsınır). Can bala!..
Ə s ə d u l l a (kövrəlmiş halda arvadına çımxırır). Yaxşı, bəsdi! (Zuleyxaya) Özün bilirsən ki,
mənim də ürəyim həmişə xalqımla bir vurur.
Züleyxa. Əlbəttə! Mən bunu hər yerdə deyirəm! Deyirəm ki, xalqıma xidmətdə atam mənim
üçün ən böyük nümunədir!
Ə s ə d u l l a. Yaxşı eləyirsən! Əhsən! Düz deyirsən!
Z ü l e y x a. Mən bu barədə müxbirlərə də demək istəyirəm. Istəyirəm qəzetlərdə intervülərim
çıxsın. Elə sözlər deyim ki, heç olmasa, xalqım bir az təskinlik tapsın. Ancaq yaxşı müxbir
tapmıram.
Ə s ə d u l l a. Tapmırsan, bəs mənə niyə demirsən? Bilirsən ki, mən xalqım üçün nə lazımdı
eləyərəm! Sabah müxbirlər gəlib taparlar səni! Ancaq, qızım, bir iş var də... Rəfiqələrüvü də yola
sal, müxbirlərə də nə deyirsən, de, ancaq özün çox dərinə getmə...
Z ü l e y x a. Onda bəs... Bəs bu işlərin axırı nə olacaq?
Ə s ə d u l l a. Day axırdı də, qızım, bəs axır necə olar? Iş də bundadı də! Söhbət də bundadı!
Xalqa canımız qurban! Ancaq gərək öz başımızın da çarəsini qılaq! (Firəngiz xanıma) Başla.
F i r ə n g i z x a n ı m. Yox, yox... Xörək-zad döyül ki, durum asım o saat! Mənim əlimdən
gələn iş deyil...
Ə s ə d u l l a (əlini yelləyir). Yaxşı. (Züleyxaya) Bilirsən ki, sən bizim gözümüzün ağı-qarası
bir dənəmizsən! Bütün bu cah-cəlal hamısı sənündü! Nə yığmışam, hamısı sənünçündü də. Özüm də
elə bilirdim ki, bu cah-cəlalı top vursan, dağılmaz! Amma indi baxıb görürəm ki, mən də elə o gədə
kimi, adı nədi onun?.. Şey...
F i r ə n g i z x a n ı m. Eynşteyn...
Əssədulla. Hə, onun kimi axmağın biriymişəm! Qurtarır hər şey! Bir ölkədə ki, pul qiymətdən
düşdü, pul kağıza dönməyə başladı, heç kim də ki, heç kimdən çəkinmədi, onda, deməli, axirətdi!
Indi rəfiqələrüvü yola salırsan cəbhəyə, sabah elə ola bilər ki, məcbur olub özün gedərsən!
F i r ə n g i z x a n ı m. Vay!.. Allah eləməsin!.. Sən də ağzını xeyirliyə aç də!..
Ə s ə d u l l a. Mənnəndi bəgəm?! Indi day heç kim heç kimin ağzına baxmır, hörmət-izzət
yox, pul da ki, qiymətdən düşür! Hərə öz hayındadı! Burdan baş götürüb çıxıb getmək lazımdı! Indi
bir fürsət düşüb!
Z ü l e y x a. Əhməd bəyi deyirsiz?
Firəngiz x a n ı m. Tanıyırsan?
Ə s ə d u l l a. Xəbərün var onnan?
Züleyxa. Əlbəttə, xəbərim var. (Gülümsəyir və romantikcəsinə) Bütün küçəmiz onnan
danışır... Çox simpatiçnidi...
Ə s ə d u l l a. Özü də milyoner! O da xalqımızın qeyrətli oğludu də! O boyda Fransadan
durub gəlib bura ki, millətin qızıynan evlənsin! Indi nə deyirsən, hə?
148
Z ü l e y x a. Elçiliyə gəlib bəyəm?
F i r ə n g i z x a n ı m. Hələ yox, ancaq...
Ə s ə d u l l a. Sənün o məsələlərlə işün olmasın!
Z ü l e y x a. Axı... Hamı istəyir ki, onunla qohum olsun.
Ə s ə d u l l a. Hamı başqa, mən başqa! Yoxsa, süz də day mənim üstümdən xətt çəkmüsüz,
hə?
F i r ə n g i z x a n ı m. A-a-a...
Z ü l e y x a. Sən nə danışırsan, ata?
Ə s ə dul l a. Onda söz sənündü!
Pauza.
Z ü l e y x a (yeni bir ruh yüksəkliyi ilə). Mənim bir arzum var, ata!..
Ə s ə d u l l a. Arzun var?
Z ü l e y x a. Bəli.
Ə s ə d u l l a. Bəs nöşün indiyəcən demirdün?
Z ü l e y x a. Bu yeni arzudu, ata.
Ə s ə d u l l a. Yaxşı də, arzun var, qoy olsun! Onun buna nə dəxli var? Bəlkə başqa oğlan-
zad...
Züleyxa. Yox, yox, atacan!
Ə s ə d u l l a. Bəs, onda Fransa barədə nöş sözüvü demirsən?
Züleyxa. Ata, ilk öncə mənim arzum yerinə yetməlidir! Səndən xahiş edirəm, ata, bu arzumu
çin elə!
Ə s ə d u l l a. De də! Sən dedün, mən eləmədim?
Z ü l e y x a. Səni and verirəm xalqımızın ruhuna, mənə kömək elə!
Ə s ə d u l l a. Axı, nə istəyirsən?
Züleyxa. Mən... Mən xalq deputatı olmaq istəyirəm!
Pauza.
Ə s ə d u l l a. Vallah, qızım... (Firəngiz xanıma baxır.)
F i r ə n g i z x a n ı m. Əşşi, uşaq istəyir, elə də!..
Ə s ə d u l l a (Züleyxaya). Sən mənə qulaq as, qızım! Qabaqlar desəydün, səni eləyərdim
deputat. Amma indi deputatlığın da axırı yoxdu! Inan mənə!
Z ü l e y x a. Yox, ata, mən bir millət vəkili kimi xalqıma xidmət etmək istəyirəm! Hər gün
onları televizorla göstərirlər! Qərarlar müzakirə eləyirlər. Indi mənim də ən böyük arzum budur!
Məni bu arzuma qovuşdur, ata! Sonra da Ərəbzəngi adına qadınları müdafiə müstəqil komitəsi
yaradacam!
Pauza.
Ə s ə d u l l a (heyrətlə qızına baxa-baxa Firəngiz xanıma). Bu nə danışır belə, alə, nə danışır
bu?
F i r ə n g i z x a n ı m. Əşşi, düzəlt də!.. Deyirdin ki, pul xərcləməyə yer tapmırsan. Bude,
xərclə, qızı elə deputat!
Züleyxa. Özü də boş yer var, ata!.. Xalqımızın ruhuna and verirəm! Dörd il bundan qabaq
məni necə komsomol katibi eləmişdin?!
Ə s ə d u l l a. Onda başqa vaxtıydı!.. O başqa məsələydi!
Züleyxa. Indi də millət vəkili olmaq istəyirəm!..
149
Ə s ə d u l l a. Alə, siz heç nə başa düşmürsüz! Elə bilirsüz ki, mən xəsislik eləyirəm? Ay-
hay!.. Mən belə şeylərçün nə vaxt xəsislik eləmişəm?! (Get-gedə qızışa-qızışa) Süz başa düşmürsüz
ki, bir məmləkətdə pul kağıza döndü, deməli, hər şey qurtardı! Bitdi! Bunnan dalşe heç nə yoxdu!
Nə deputat?! Deputat bunnan qabaqlarıydı! Otururdu yuxarı başda, znaçoku da hökumət cehizi kimi
taxırdı döşünə! Indi deputata quru boşboğazlıq qalacaq! Bir məmləkətdə ki, rəhbərin ağzına baxan
yoxdu, pulun da qüdrəti yoxdu, orda deputatla hambalın fərqi olmayacaq, başa düşün! (Qışqırır.)
Fransa!.. Fransa!.. Fransa!..
İ ş ı q s ö n ü r.
ON İKİNCİ ŞƏKİL
Həyət. Əhməd bəy. Vera Nikolayevna, Əsədulla, Isgəndərzadə, Ivan Ivanoviç, Süpürgəçi kişi. Işıq divara
söykənmiş Vera Nikolayevnanın üzərinə düşür. Eyni zamanda, səhnənin küncündə həyəti süpürən Süpürgəçi
kişini görürük və o tez-tez Vera Nikolayevnaya tərəf boylanır. Vera Nikolayevna intizarla ikinci mərtəbəyə baxır.
Işıq Ivan Ivanoviçin üzərinə düşür və o ikinci mərtəbədəki pəncərələrin pərdəsi arxasında gizlənə-gizlənə həyətin
küçə qapısına tərəf baxır. Əhməd bəy həyətə girir. Ivan Ivanoviç tələsik pəncərədən qırmızı yaylıq yelləyir. Vera
Nikolayevna Ivan Ivanoviçin verdiyi işarəni görərək divarın tinindən ehtiyatla boylanır və yaxınlaşan
Əhməd bəylə üz-üzə gəlir.
Vera Nikolayevna. Ah!..
Ə h m ə d b ə y. Bonjur, madumazel!..
Vera Nikolayevna Müsyö... Müsyö... Müsyö...
Ə h m ə d b ə y. Əhməd bəy...
Vera Nikolayevna. O-o-o!.. Müsyö Axmed bek!.. Men sizi biliram!.. Siz bizim xayatda şofer
evində qalırsız... Siz çok sada insan!..
Əhməd bəy (başa düşməyərək özünü göstərir). O kim?
Vera Nikolayevna. Sada!.. O sada bir insan! E-e-e... Qozel bir insan!
Ə h m ə d b ə y. Mersi boku, madumazel!..
V e r a N i k o l a y e v n a. Madumazel Vera....
Əhməd bəy. Mersi boku, madumazel Vera. O revuar!.. (Getmək istəyir.)
Vera Nikolayevna. Yok, yok, o revuar yok! Siz tanxa bir adama benzersiz.
Əhməd bəy (ayaq saxlayır). Tanha! Bali! O (Özünü göstərir.) tanha.
V e r a N i k o l a y e v n a (özünü göstərir). O da tanxa!.. Ax, Axmed bek, aqar siz bilsaniz
ki, kalbim tanxalıq içində nedja çırpınır?!
Pauza.
Ə h m ə d b ə y. Pardon, madumazel, o (özünü göstərir) başa düşdü yok...
V e r a N i k o l a y e v n a (imkan tapdıqca, özünü Əhməd bəyə nümayiş etdirə-etdirə
yavaşdan). Hayıf, man yaxşı başa düşmüram ki, bu nə deyir? (Bərkdən) Man sizin o tamiz, o şəffaf
e-e-e... qoziniza baxarken öz nakam taleyimi bilsaz na qadar darindan dark ediram!
Ə h m ə d b ə y. E-e-e. Madumazel... Madumazel...
V e r a N i k o l a y e v n a (tələsik). Madumazel Vera...
Ə h m ə d b ə y. Madumazel Vera e-e-e... (özünü göstərir.) O siz deməklər başa düşdü yok!..
Pardon...
150
V e r a N i k o l a y e v n a (yavaşdan). Mənə deyən lazımdı ki, ay ifritə, otuz ildi
Azərbaycanda yaşayırsan, əməlli-başlı öyrən bunların dilini də!.. Bax öz cəzandı! Marqarita da,
Solomon da azərbaycanca elə danışırdılar ki, bunların özlərindən də yaxşı!.. Amma sən indi
bilmirsən ki, bu gözəl oğlan nə deyir? ( Bərkdən) Ax, Axmed bek!.. Manim qarip qonlu yaqin ki, bir
da xeç zaman qulmayadjak!..
Işıq üçüncü mərtəbədən həyətə boylanan
Əsədullanın üzərinə düşür.
Ə s ə d u l l a (gözlərini bərəldib). Alə!.. Alə, bu artist bizim uşağı salıb çənginə ki! Alə,
mənim leşim düşüb bəyəm?! Mən ölmüşəm, hə?! (Tələsik pəncərədən çəkilir.)
Əhməd bəy (çiyinlərini çəkir). Çox e-e-e.. tasuf!.. (Özünü göstərir.) O başa düşdü yok... O
revuar madumazel...
V e r a N i k o l a y e v n a (yavaşdan). Heç başa düşmüram ki, bu fransızca danışır, yoxsa
azərbaycanca?.. Heç olmasa, fransızca bilsəydim!.. (Bərkdən) Ax, ax, Axmed bek!.. Urek dolu
sozle!..
Ə h m ə d b ə y (bu dəfə, deyəsən, nəsə başa düşür). Hə! Hə!.. Un, madumazel Vera! (Özünü
göstərir.) Onun da ürəyi söz dolu! (Dərindən köks ötürur.) Ah!..
V e r a N i k o l a y e v n a (yavaşdan). Davay, Vera davay! Najimay! (Bərkdən) Ürek dolu
soz!.. Siz... va man!.. Torşer yanır. Tet-a-tet!
Ə h m ə d b ə y. Madumazel Vera...
Ə s ə d u l l a (tələsik özünü yetirərək). Nə?! Madmazel Vera? Alə, budu madmazel?
Səhnənin küncündə elə hey həyəti süpürən Süpürgəçi kişi daha artıq bir diqqətlə onlara tərəf boylanır.
Vera Nikolayevna. Bu svoloç haradan gəldi?
Ə h m ə d b ə y. Bonjur, müsyö!..
Ə s ə d u l l a. Bu nə deyir, alə? Söyüş-zad söyər a?! (Bərkdən) Nə deyirsən?
Ə h m ə d b ə y (özünü göstərir). O salam dedi.
Ə s ə d u l l a. Əleykümə salam. Alə, bəs sən buna (Vera Nikolayevnanı göstərir) madmazel
deyirsən, özü də günün günorta çağı, həyətin ortasında?! Alə, bəs, operaya getmək nə idi, buna
burda əlüstü madmazel deməyün nədi?
V e r a N i k o l a y e v n a (onun üstünə qışqırır). Səni kim bura çağırdı? A?!
Ə s ə d u l l a. Alə, sən mənim üstümə qışqırırsan?
Əhməd bəy (çaş-baş qalıb). O (özünü göstərir) heç nə başa düşdü yok!..
V e r a N i k o l a y e v n a (Əsədullaya). Mən sizi milisya veredjek!
Ə s ə d u l l a. Ağəz, sən məni milislə qorxudursan?! Indi bəyəm drujba narodov vaxtıdı?!
(Əhməd bəyə) Alə, bura gəl. (Əhməd bəyin qolundan tutub, Vera Nikolayevnanı göstərir.) Alə,
bilirsən bu kimdi?
Ə h m ə d b ə y. Bilirsən yok!..
Işıq dördüncü mərtəbədən boylanan Isgəndərzadənin
üzərinə düşür.
I s g ə n d ə r z a d ə. Gör o rüşvətxor necə yapışıb Fransadan gələn yoldaşın qolundan?! Yox!
Mən buna dözə bilmərəm! Mənim də səbrimin sonu var, yoldaşlar! (Tələsik pəncərədən uzaqlaşır.)
Ə s ə d u l l a (Vera Nikolayevnaya). Əlün hər yerdən üzülüb,indi bizim bu uşağı tovlayırsan?
Vera Nikolayevna (qışqırır). O sizin uşaq deyil! O menim uşağım e-e-e... mənim tanışım!.. O
Axmed bek!.. Intelegent! Sənin uşağın evda! Qet qozuna... e-e-e... qyozina sok! (Əsədullaya işarə
ilə Əhməd bəyə) Bu internasionalist deyil!
151
Ə s ə d u l l a. Mən deyiləm? Bəs kimdi internasyalist, ağəz? (Əhməd bəyə) Alə, bu qələt
eləyir! Mənim «Drujba narodov» ordenim var! (Vera Nikolayevnaya) Mən döyüləm, bəs kimdi
internasyalist? Hə? Kimdi?!
I s g ə n d ə r z a d ə ( hövlank qışqıra-qışqıra gəlir). Mən! Mənəm internasionalist! Mənəm!
Mən!
Ə s ə d u l l a. Bircə elə sən əskiyüdün?!
I s g ə n d ə r z a d ə (tövşüyə-tövşüyə). Mən buna yol verə bilmərəm! Mənim prinsiplərim
buna yol verməz!
Səhnənin küncündəki Süpürgəçi kişi boylana-boylana
onlara tamaşa edir.
Ə s ə d u l l a. Əşşi, tüpürüm sənin prinsiplərüvə! Ode, Qorbaçov soxdu siçan deşiyinə sənin
prinsiplərüvü!
Ə h m ə d b ə y. Allah! Allah!
I s g ə n d ə r z a d ə. Xeyr! Mən yol verə bilmərəm ki, sənin kimiləri bu sadə yoldaşı ( Əhməd
bəyi göstərir.) yoldan çıxarsın!
Vera Nikolayevna. Vot tak!
Ə s ə d u l l a. Nə? Alə, bəs dünənə kimi deyürdüz ki, kapitalist ölkələrdəkülərün hamısı
şipyondu, bəs, noldu, hə, ay partokrat?! Ode, Yelsin bağlıyır partiyavu! (Əhməd bəyə) Bax, sən
öləsən, yox, sən cavansan, bu özü ölsün ki, belə deyirdilər! (Isgəndərzadəyə) Hə, demürdüz belə, ay
partokrat?!
I s g ə n d ə r z a d ə (dəruni bir pərişanlıq içində). Ah, Lenin!.. Lenin!.. Qabaqkı vaxtlar
olaydı, bu da mənim qabağımda belə danışaydı?!.
V e r a N i k o l a y e v n a (başını bulayır). Ay-yay-yay!..
Ə s ə d u l l a. Danışardım!.. Mən bütün ömrüm boyu əlitəmizlik uğrunda partokratiyaya qarşı
mübarizə aparmışam!..
I s g ə n d ə r z a d ə. Mənim prinsiplərim qoymur ki, səni burda...
Ə s ə d u l l a (onun sözünü kəsir). Get! Get o prinsüplərüvün dərdini çək!
Ə h m ə d b ə y (tamam çaşbaş qalıb). Allah!.. Allah!.. Bu nə?! (Özünü göstərir.) O heç nə
başa düş yok!..
I s g ə n d ə r z a d ə. Mənim vicdanım...
Ə s ə d u l l a. Alə, nə sənün vicdanun? Sənün vicdanun partiya döyül?! Tüpürüm sənün
partiya iclasuva!
Vera Nikolayevna. Kakoy nevospitannıy!.. Ujas!..
I s g ə n d ə r z a d ə. Mən...
Ə s ə d u l l a ( ona macal vermir). Sən öləsən, səsüvü çıxarsan, Lenini də söyəcəyəm! Onsuz
da heç kim eşitmir məni!
Vera Nikolayevna. Man eşidiram, mən! Man deyadjak!.
Ə s ə d u l l a (tamam hövsələdən çıxmış). Day deməyəcəksən sən heç nə! Birinci səni
boğacam, bax, by əllərimnən, sonra (Isgəndərzadəni göstərir.) bunu! Birinci səni! (Vera
Nikolayevnaya sarı cumur.)
V e r a N i k o l a y e v n a (qorxub qışqırır). Vanya! Vanya!
Ivan Ivanoviç (qaça-qaça səhnəyə daxil olur). Manim qeyrati buna yol verdi olmaz!.. Veranı
oldurmak istayir o?! (Əsədullanı göstərir.) Dinamit!.. Dinamit!.. Man bunları da, özumu da
partladajak!..
Ə h m ə d b ə y. Allah!.. Allah!.. (Özünü göstərir.) O heç nə başa düşdü yok!..
V e r a N i k o l a y e v n a ( canfəşanlıqla). Lazım deyil, Vanya, əzizim!..
152
I v a n I v a n o v i ç. Yox! Partladajaq! Dinamit! Dinamit! Mana Ivan Ivanoviç Polyaniçko
deyarlar!
I s g ə n d ə r z a d ə. Yoldaş Polyaniçko!..
I v a n I v a n o v i ç. Yox!.. Dinamit!..
Ə h m ə d b ə y. Bu nə belə?! Komediya, nə?.. Nə?! Allah!.. Allah!.. (Özünü göstərir.) O
getdi!.. O revuar, müsyö!.. O revuar, madumazel!..
Əhməd bəy cəld addımlarla səhnə boyu uzaqlaşır və gəlib Süpürgəçi kişinin yanından keçəndə, Süpürgəçi kişi
böyük ehtiramla ona baş əyir, süpürgə ilə cani-dildən Əhməd bəyin qarşısını süpürür ki, keçib getsin. Əhməd bəy
gedir.
I v a n I v a n o v i ç. Dinamit!..
Ə s ə d u l l a (bir az özünü itirib). Alə, bu lap dəliymiş ki!..
I v a n I v a n o v i ç. Veroçkanı öldürmak? Onu boğmaq? Dinamit!..
Ə s ə d u l l a. Alə, kimdi onu boğan?! Onu boğub özümü də bədbəxt eləyim?! (Əhməd bəyin
ardınca baxır.) O uşağımızı da bədbəxt eləyim?!
Vera Nikolayevna. O sanin uşaq yox!..
I v a n I v a n o v i ç. Partladacam!.. Dinamit!.. Man Ivan Polyaniçko yox, Aleksandr
Matrosov!.. Partladajam!..
I s g ə n d ə r z a d ə. Yoldaş Polyaniçko!..
V e r a N i k o l a y e v n a (Ivan Ivanoviçin qolundan tutub yavaşca). Xoroşo! Ne
pereiqrivay! (Bərkdən ) Ah, Vanya! Gedək! Apar mani burdan! Mani xilas et!
I v a n I v a n o v i ç. Dinamit!.. Dinamit!..
V e r a N i k o l a y e v n a (Ivan Ivanoviçin qolundan darta-darta). Gedək, doroqoy, gedək!..
(Gedirlər.)
Pauza.
Ə s ə d u l l a. Alə, sən öləsən, mən heç bilməzdim ki, bu belə qeyrət sahibidi?! Malades!..
I s g ə n d ə r z a d ə. Siz isə... Siz isə...
Ə s ə d u l l a (onun sözünü kəsir). Sən get!.. Get partiya iclasına!.. Qorbaçov gözləyir səni!..
Get!..
İ ş ı q s ö n ü r
Dostları ilə paylaş: |