Seçilmiş əsərləri



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə13/33
tarix31.01.2017
ölçüsü2,34 Mb.
#7080
1   ...   9   10   11   12   13   14   15   16   ...   33

ON ÜÇÜNCÜ ŞƏKİL 
 
Bəbirzadələrin evi. Ə s ə d u l l a, E y n ş t e y n. Eynşteyn yenə belini büküb, başını aşağı salıb və gözlərini 
döşəməyə zilləyib. 
 
Ə s ə d u l l a. Nədi? Nolub yenə? 
Eynşteyn(başını qaldırmadan). Cürət etmirəm... 
Ə s ə d u l l a. De görüm, nə deyirsən? 
E y n ş t e y n (başını qaldırmadan). Cürət etmirəm... 
Ə s ə d u l l a (hövsələsiz). Alə, sözüvü deginən! 
E y n ş t e y n (dərhal belini düzəldərək). Mənimçün bunu bilmək çox vacibdir! 
Ə s ə d u l l a. Nəyi? 
E y n ş t e y n. Bu mənim üçün həyat məsələsidir! 
Ə s ə d u l l a. Alə, nə axı? 
E y n ş t e y n. Siz gedirsiz, yoxsa yox? 

 
153
Ə s ə d u l l a. Nədi? Qulağuva səs-zad çatıb? Işdən götürürlər məni? (Hədə ilə) Məni ya?!. 
E y n ş t e y n. Yox, işi demirəm. Fransanı deyirəm? 
Ə s ə d u l l a (o tərəf-bu tərəfə baxır). Nə Fransa, alə? Mənim barəmdə belə söhbət yayılıb? 
Eynşteyn. Yox, sadəcə olaraq, mən öz işimi bilmək istəyirəm. Siz Fransaya... e-e-e... nə isə!.. 
Əyər belə bir iş olsa, mən burada həyatımı yenidən quracağam! 
Ə s ə d u l l a. Neyləyəcəksən? Inqilabçı olacaqsan? 
Eynşteyn. Yox! Mən də gedib yazacam! 
Ə s ə d u l l a. Neynəyəcəksən? 
Eynşteyn. Yazacam! 
Ə s ə d u l l a (gülür). Alə... Alə, indi yazmaq vaxtıdı? Indi kim kimin ərizəsinə baxır, alə?! 
Indi day ananim məktub vaxtı döyül, ay yazıq! Kimnən yazacaqsan? Kim sənə məktub yazdıracaq? 
Ağlun əvvəlki vaxtlara getməsün! Indi hərə öz hayındadı! Ananim məktublara baxan kimdi?! 
Eynşteyn. Yox, mən daha ananimka yazmayacağam! Mən əsər yazacam! 
 
Pauza. 
 
Ə s ə d u l l a. Nə yazacaqsan? 
Eynşteyn. Əsər yazacam! Faciə! «Romeo və Cülyetta»! 
Ə s ə d u l l a (istehza ilə).Alə, sənnən əvvəl, deyəsən, yazıblar onu, hə? (Gülümsəyib başını 
bulayır.) Kinosunu öz gözlərimlə görmüşəm!.. 
E y n ş t e y n (get-gedə  çılğınlaşan bir ehtirasla.) Mən zəmanəmizin «Romeo və 
Cülyetta»sını yazacam! Mən yox, onu mənim qələmimlə zəmanə özü yazacaq! Artıq bu böyük faciə 
mənə rahatlıq vermir! Mən bu faciə ilə yaşadığımız zəmanənin fəlakətini bütün dünyaya 
göstərəcəyəm! Romeo ilə Cülyetta bir-birlərini dəlicəsinə sevirlər. Fəqət Cülyettanın atası 
kommunistdi, SEKAda işləyir, Romeonun atası isə  cəbhəçidir!.. Hadisələr bir qanlı vulkan 
püskürtüsü ilə  cərəyan etməyə başlayır!.. Hisslər qızışır!.. Ideya mübarizələrinin sədası göylərə 
qalxır!... Ehtiraslar hamını dəli eləyir!.. 
Ə s ə d u l l a. Sonra nə olur? 
E y n ş t e y n. Sonra böyük müsibətlər olur, Əsədulla məllim!.. Fəlakət başlayır!.. 
Ə s ə d u l l a (bərk hirslənir).  Alə, kim sənnən xeyir görüb indiyəcən ki, teatr da xeyir 
görsün?! Alə, utanmırsan xalqın bu ağır günündə  sən də bir tərəfdən müsibət eləyirsən, fəlakət 
açırsan?! 
E y n ş t e y n (qorxmuş). Əsədulla məllim. 
Ə s ə d u l l a (onun sözünü kəsir). Alə, mən ölmüşəm bəyəm?! Mən bu xalqın oğluyam! 
(Barmağı ilə hədələyə-hədələyə Eynşteynin üstünə gedir.) Mən qoymaram! Mən qoymaram ki, sən 
öz həyatuvu yenidən dəyişəsən! (Eynşteyni təpiklə vurmaq istəyir, Eynşteyn qaçır.) 
 
Işıq sönür. 
 
ON DÖRDÜNCÜ ŞƏKİL 
 
     Mehdiqulu bəy, Süpürgəçi kişi yarıqaranlıq səhnədə bizim möhtərəm qəhrəmanlarımızın yaşadığı o binanın və 
həyətin konturları görünür. Süpürgəçi kişi, həmişəki kimi, boylana-boylana səhnənin dibində həyəti süpürür. Işıq 
bir-bir pıçı-pıçı sahiblərinin üzərinə düşdükcə, onların siluetini görürük, sözlərini eşidirik. 
 
Birinci qız (pıçıltı ilə). Əhməd bəy!.. 
Q a d ı n (pıçıltı ilə). Fransa!..  
Ikinci qız (pıçıltı ilə). Milyonçu!.. 
Kişi(pıçıltı ilə). Bəxtəvər başına!.. 
Oğlan(pıçıltı ilə). Dünyaya gələndə belə də gələsən: Fransa!.. Milyonlar!.. Öz yaxtan!.. 

 
154
Birinci qız (pıçıltı ilə). ABŞ-da on yeddi dənə xalça dükanı var!.. 
Q a d ı n (pıçıltı ilə). Meksikada da!.. 
K i ş i (pıçıltı ilə). Meksikada?!. 
Ikinci qız(pıçıltı ilə). Argentinada da!.. 
K i ş i (pıçıltı ilə). Argentina!.. 
Oğlan(pıçıltı ilə). Atasından qalıb!.. Yaponiyada da əntiq dükanları var!.. 
Birinci qız (pıçıltı ilə). Xoşbəxt milyonçu!.. 
K i ş i (pıçıltı ilə). Yaponiyada?! 
 
Birdən-birə işıq bu pıçı-pıçı eləyənlərin arası ilə gələn Mehdiqulu bəyin üzərinə düşür. 
 
M e h d i q u l u  b ə y (bərkdən). Baba, nə qədər «milyonçu» deyib qəşş edərlər?! Ay həzərat, 
bunlar necə insanlardı?! Vallah, billah, bu milyon söhbəti məni dəli elədi!.. Hara gedirəmsə, 
böyüklə, kiçiklə, kiminlə görüşürəmsə, işi-gücü buraxıb, məni bacıoğlunun milyonları sarıdan 
sorğu-suala tuturlar!.. Mən tamam məəttəl qalmışam!.. Elə bil bu camaat üçün dünyada başqa heç 
bir dərd-sər yoxdu, baba, maraq yoxdu, mövzu yoxdu!.. Ay bədbəxtlər! Həzrət Allah bu məmləkət 
üçün heç nə əsirgəməyib! Neft deyirsən, burada! Pambıq deyirsən, burada! Filiz deyirsən, burada! 
Balıq, kürü, barama, qaz, kürreyi-ərzdə nə istəyirsən, burada! Mandarini! Alması! Zeytunu! Üzümü! 
Ənciri! Nə istəyirsən? Ay bədbəxtlər! Başqalarının milyonlarını saymaqdansa, qolunuzu çırmalayın, 
iş görün, özünüz olun milyonçu!.. Adam nə qədər başqasından xoşbəxtlik umar?! Ay zalımlar! Ay 
insafsızlar! Ay mürvətsizlər! Həzrət yaradanımız bu qədər verib bu məmləkətə, adını da qoyub 
Azərbaycan! Nə istəyirsiz daha?! Nəyiniz çatışmır! Gözünüz onun-bunun cibində olanacan, çalışın, 
tər tökün, Allahsız əməllərdən çəkinin, sizin də cibiniz dolsun, baba!.. Gözünüz o məmləkətdə, bu 
məmləkətdə olanacan, öz gözəl məmləkətinizə bir gün ağlayın də, ay cahillər!.. 
Kişi(pıçıltı ilə). Bu yenə gəldi!.. 
Qadın (pıçıltı ilə). Millətin düşmənidi bu! 
Birinci qız (pıçıltı ilə). Əhməd bəyi yoldan eləmək istəyir!.. 
Oğlan(pıçıltı ilə). Dayısı olanda, nə olar. Gözünü dikib Əhməd bəyin milyonlarına!.. 
I k i n c i  q ı z (pıçıltı ilə). Milyonlarına?!. 
K i ş i (pıçıltı ilə). Milyonlarına?!. 
Q a d ı n (pıçıltı ilə). Milyonlarına?!. 
 
Süpürgəçi kişi tez-tez və nigarançılıqla boylana-boylana pıçı-pıçı sahiblərinə və Mehdiqulu bəyə baxır. 
 
M e h d i q u l u  b ə y (bərkdən). Oyanın, ay bədbəxtlər!.. Oyanın, özünüzə bir gün ağlayın!.. 
Heç kim sizin əvəzinizə gəlib müharibə eləməyəcək!.. Heç kim sizin əvəzinizə gəlib bu millət üçün 
xidmət etməyəcək!.. Evladlarınıza bir gün ağlayın!.. Məmləkəti ağ günə çıxarın!.. 
Kişi(pıçıltı ilə). Bu, millət xainidi!.. 
O ğ l a n (pıçıltı ilə). Dəlidi!.. 
Qadın(pıçıltı ilə). Yox, dəli deyil, Əhməd bəyin başını yemək istəyir!.. 
Birinci qız(pıçıltı ilə). Milyonlarını istəyir!.. 
O ğ l a n (pıçıltı ilə). Milyonlarını!.. 
Ikinci qız(pıçıltı ilə). Ah, Fransa!.. 
Q a d ı n (pıçıltı ilə). Milyon!.. 
K i ş i (pıçıltı ilə). Milyon!.. 

 
155
M e h d i q u l u  b ə y (çox əsəbi). Yox! Yoxdu milyon! Yoxdu! Yalan deyiblər sizə! Əhməd 
bəy milyonçu deyil! Fransaya qayıtmayacaq. Burada qalıb şofer işləyəcək! Bildiniz?! Bir halal süd 
əmmiş azərbaycanlı  qızla evlənmək istəyir, vəssalam! Başa düşdünüz?! Gedin özünüzə bir gün 
ağlayın! Bu cavanda işiniz olmasın! Iyrəndirməyin onu özünüzdən! Yoxdu milyon! Yaddan çıxardın 
milyonları! Yalan deyiblər sizə! 
 
Pauza. 
 
K i ş i (pıçıltı ilə). Nə?!. 
Qadın(pıçıltı ilə). Milyonçu deyil?! 
Birinci qız(pıçıltı ilə). Fransaya qayıtmayacaq?!. 
Oğlan(pıçıltı ilə). Burada qalıb şofer işləyəcək! 
 
Pauza. 
 
I k i n c i  q ı z (pıçıltı ilə). Ay aferist!.. 
Q a d ı n (pıçıltı ilə). Julik!.. 
K i ş i (pıçıltı ilə). Mən o Əhməd bəyi görən kimi bildim ki, fırıldaqçıdı!.. 
Birinci qız(pıçıltı ilə). Bəy Əhməd yox, fırıldaqçı Əhməd!.. 
Oğlan(pıçıltı ilə). Bizi aldatmaq istəyib!.. 
Qadın(pıçıltı ilə). Parisdə hamı onu tanıyır: cibgir Əhməd! 
Ikinci qız(pıçıltı ilə). Vay!.. 
Qadın(pıçıltı ilə). Iranda onu oğurluq üstündə axtarırlar, asacaqlar! 
Kişi(pıçıltı ilə). Bay səni, dələduz oğlu, dələduz!.. 
 
Süpürgəçi kişi pıçı-pıçı sahiblərinə tərəf boylana-boylana qalıb. 
 
İ ş ı q  s ö n ü r. 
 
 
ON BEŞİNCİ ŞƏKİL 
 
Bəbirzadələrin, Polyaniçkoların, Isgəndərzadələrin evi. Əsədulla, Firəngiz xanım, Ivan Ivanoviç, Vera 
Nikolayevna, Isgəndərzadə. Işıq Əsədulla ilə Firəngiz xanımın evinə düşüb. 
 
Ə s ə d u l l a (həyəcanlı). Mənə deyən lazımıydı ki, ay axmaq, ay maymaq oğlu, maymaq, 
Fransadan gələndə nolar? Görmürdün ki, adam dilində iki kəlmə danışa bilmir?! Görmürdün ki, ay 
axmaq  (ovcu ilə alnına vurur), ay ağlı dabanında, ləvəngili kütümü burda qoyub «opera-opera» 
deyə-deyə  məliyirdi? Alə, belə adamdan da milyoner olar?! Alə, ay gic, milyoner də Fransadan 
basa-basa gəlib burda şoferin evində qalar?! (Ovcu ilə alnına vurur.) Alə, nolub sənə, ay axmaq?! 
Ay maygülü?! Bakıda raykom qalmadı, OBAXEES qalmadı, narodnı kantrol qalmadı, hamısını 
doladun barmağuva, ancaq ağzınnan şorba tökülən fırıldaqçı Əhməd ovsunladı səni?! Hipnoz elədi?! 
Cadu yazdırdı?! Alə, yəni küçədəki bu mitinqlər sənin başını bu qədər xarab eləyib ki, gözünün ağı-
qarası bircə balanı az qalmışdı verəsən lütün birinə? O da burda şoferlik eləsün, hə?! Alə, belə 
məmləkət olar?! Alə, belə zəmanə olar?! Dedilər də, dedilər ki, alə, bu Qorbaçovun ki, belə xalı var 
başında, bunun axırı yaxçı qurtarmiyicək!.. Vay sənün perestroykova mən nə deyim!.. 
F i r ə n g i z  x a n ı m. Bəsdi,  Əsədulla!.. Ürəyinə salma! Uşağcığazı elə xalq deputatı, 
vəssalam! 
Ə s ə d u l l a (özündən çıxır). Ay bala, ay uşaq, ay arvad, ay tovariş, xanım, bəy, alə, süz heç 
nə baş düşmürsüz! Hə, deputat elədim uşağı, sonra? Sonra nolacaq?! Pul oldu kağız, başa düşdün, 
kağız!.. 

 
156
Firəngiz xanım(hövsələsiz).  Mən kağız-mağız bilmirəm!  Ətdən nə bişirəcəyəm sabah, adını 
qoy! 
Ə s ə d u l l a (tamam özündən çıxmış halda). Ət istəmirəm day!.. Istəmirəm!.. Işdə ət! Evdə 
ət! Hər gün bozbaş! Dolma! Pilov! Kabab! Istəmirəm! (Əli ilə pəncərəni göstərir.) Ode, hər gün o 
rus artistin evində gözəl kartoşka qızardırlar! Iyi adamı elə vurur, adam az qalır  şişsin! Qızarmış 
kartoşka istəyirəm! Bildün?! Qızarmış kartoşka!.. 
 
Işıq sönür və bu dəfə yananda Ivan Ivanoviç ilə  
Vera Nikolayevnanın üzərinə düşür. 
 
I v a n  I v a n o v i ç. Mənə deyən lazımdı, ay axmaq! Bu ağılla səhnədə Vladimir Iliçin 
obrazını yaradırdın?! Mən hələ Ivan Qroznını demirəm!.. Fransadan gələn milyonçunun burda nə 
ölümü var, hə?! Milyonçunun başına yer qəhətdi?! Sən bilmirsən ki, bunlar pul qazansa Fransada, ya 
qumara qoyar, ya da arvadlara xərcləyər?! Ay axmaq artist!.. O qədər semiçka yağında qızarmış 
kartoşka yemisən ki, başın xarab olub! (Vera Nikolayevnaya) Qazı azalt! Day kartoşkanın iyindən 
nəfəs ala bilmirəm!.. Püf!.. 
V e r a   N i k o l a y e v n a (plitənin üstündəki tavada qızaran kartofu əlindəki qaşıqla çevirə-
çevirə hirsli). Azaltmıram! 
Ivan Ivanoviç(burun pərələrini qapayaraq). Püf!.. 
Vera Nikolayevna. Sənin kimi axmağın sözünə baxıb bir elə vaxtımı itirdim lüğətlərə!.. Viktor 
Aleksandroviç yüz dəfə səndən yaxşı ər idi!.. 
I v a n  I v a n o v i ç. Qazı azalt!.. Püf!.. 
Vera Nikolayevna. Pyotr Matveyeviç də səndən yaxşı idi!.. 
I v a n  I v a n o v i ç. Vera!.. Püf!.. 
Vera Nikolayevna. Hətta... hətta Nikolay Petroviç də səndən yaxşı ər idi!.. 
Ivan Ivanoviç(qışqırır).  Hamı hamıdan yaxşıdı! It də pişikdən yaxşıdı! Pişik də siçandan 
yaxşıdı! Ancaq bir ifritə var yer üzündə, o da sənsən, Vera! Sən! Sən!.. 
Vera Nikolayevna. Sən özünsən!.. 
I v a n  I v a n o v i ç. Istəmirəm mən kartoşka!.. Istəmirəm!.. Boğuluram mən bu iydən!.. 
Ölürəm!.. 
V e r a   N i k o l a y e v n a (daha da bərkdən qışqırır). Sən ölən zibil deyilsən!.. 
Ivan Ivanoviç (qışqırır). Əsl zibil sənsən! Nadejda Konstantinovna! 
Vera Nikolayevna. O-o-o!.. Bəs, siz kimsiniz? Möhtərəm Vladimir Iliç! Bəs, sizin saqqalınız 
hanı? 
I v a n  I v a n o v i ç. Onu sən yolmusan, kaftar. 
V e r a  N i k o l a y e v n a (eyni qışqırıqla). Mən bütün günü o qədər məşqdən sonra ayaq 
üstə dayanıb sənə kartof qızardıram, sən mənə kaftar deyirsən?!  (Içi kartof dolu tavanı plitənin 
üstündən götürüb yerə çırpır.) Ala! 
 
Pauza. 
 
Ivan Ivanoviç (döşəməyə səpələnmiş kartofa baxaraq). Oy, kakoye sçastye!.. 
Işıq sönür və yenidən yananda  Isgəndərzadənin üzərinə düşür. 
 

 
157
I s g ə n d ə r z a d ə (cani-dildən özünü mühakimə ilə məşğuldur). Bəs, mənim sinfi sayıqlığım 
harada idi?! Hə?! Necə oldu ki, mən o antipod Əsədullanın səviyyəsinə endim?! Bunu tarix mənə 
bağışlayacaqmı? Eh, yoldaş Isgəndərzadə! Kapitalist aləmindən gəlmiş avaranın birini milyonçu 
qəbul etmək?! Hətta onunla qohumluq barədə fikirləşmək?! Məgər marksizm-leninizm klassikləri 
sübut etməyiblər ki, kapitalist aləmi başdan-başa  əxlaq pozğunluğu içindədi?! Nə tez unutdun bu 
böyük təlimi, yoldaş Isgəndərzadə, hə?! Nə üçün sənin sinfi sayıqlığın bu dərəcədə korlanıb?! Bu, 
Qorbaçovun təsiridi!.. Sən bu təsirdən uzaq ol!.. Belə getməyəcək! Bizimkilər qayıdacaq! 
Qayıdacaq! Kremlin qülləsində  qızıl bayraq hələ çox dalğalanacaq! Imperialistlər Qorbaçovu ram 
eləyə bilirlər, ancaq o qızıl bayrağı yox! Gələcək o gün! Qorbaçov bütün keçmiş  Siyasi  Büro  ilə 
birlikdə müttəhimlər kürsüsündə oturub tarixin qarşısında cavab verəcək! O zaman mən də öz 
qırmızı pasportumu bütün opportinistlərin gözünə soxub deyəcəyəm: Alın ha!.. Yana-yana qalın 
ha!.. Mən sovet vətəndaşıyam!.. 
 
Pauza. 
 
(O əllərini arxasına qoyub var-gəl eləməyə başlayır.) Mən necə də əsəbiləşirəm... Ah, Lenin! 
Lenin!.. 
 
Işıq sönür. 
 
 
ON ALTINCI ŞƏKİL 
 
Həyət. Əhməd bəy, Əsədulla, I s g ə n d ə r z a d ə,  
V e r a  N i k o l a y e v n a, Süpürgəçi k i ş i. 
Səhnənin dibində həyəti süpürən Süpürgəçi kişi bütün bu şəkil ərzində müstəqil olaraq öz işi ilə məşğuldu. 
Əhməd bəy həyətə girir və həyətdən çıxan Əsədulla ilə qarşılaşır. 
 
Ə h m ə d  b ə y. Bonjur, müsyö!.. 
Ə s ə d u l l a (bir anlıq ayaq saxlayıb, acıqla Əhməd bəyə baxır). Nə? 
 
Süpürgəçi kişi onlara tərəf boylanır. 
 
Ə h m ə d  b ə y. Bonjur!.. 
Ə s ə d u l l a. Nə deyir, alə, bu? (Əhməd bəyə) Özünsən!.. (Çıxıb gedir.) 
Ə h m ə d  b ə y. Bunlara nə oldu? (Təəccüblə çiyinlərini çəkir.) Birdən-birə birtəhər oldu... 
Yaxşı oldu!.. Sakit oldu!.. 
 
Işıq iti addımlarla gedən  I s g ə n d ə r z a d ə n i n  üzərinə düşür. 
 
Ə h m ə d  b ə y. Bonjur, müsyö!.. 
 
Süpürgəçi kişi də o saat boylanıb onlara tərəf baxır. 
 
Ə h m ə d  b ə y (elə bilir ki, Isgəndərzadə onu başa düşmədi, təkrar edir). Bonjur, müsyö!.. 
I s g ə n d ə r z a d ə  (bir anlıq ayaq saxlayıb hiddətlə  Əhməd bəyə baxır).  Müsyö yox, 
tovariş!.. Bəli, tovariş, yoldaş! Mən hələ sinfi sayıqlığımı itirməmişəm! Bu «istefa!» «istefa» sözləri 
mənə  təsir edə bilməz!  (Barmağı ilə  Əhməd bəyi hədələyir.)  Bildin?!  (Daha da iti addımlarla 
uzaqlaşıb gözdən itir.) 
Əhməd bəy(tamamilə heyrət içində).  Nə oldu?.. Bunlar başqa adam oldu?!. Allah! Allah! 
Amma yaxşı oldu başqa adam oldu! Sakit oldu!.. 

 
158
 
Işıq həyətdən keçən Vera Nikolayevnanın üzərinə düşür. 
 
Əhməd bəy(həvəslə). O-o-o!.. Bonjur, madumazel!.. 
 
Vera Nikolayevna ayaq saxlayıb nifrətlə Əhməd bəyə baxır və baxdıqca da Əhməd bəyin sifətindəki təbəssüm 
həmin qəzəbli baxışlar altında çəkilib gedir. Süpürgəçi kişi boylana-boylana onlara tərəf baxır. 
 
Vera Nikolayevna. Obmanşik! 
Əhməd bəy(təəccüblə). Nə? 
Vera Nikolayevna.Aferist! (Hirsli addımlarla həyətdən çıxır.) 
Ə h m ə d  b ə y (Vera Nikolayevnanın ardınca baxa-baxa). Allah!.. Allah!.. Mehdiqulu dayı 
duz dedi. Bunlar hamısı...  (Əlini havada oynadır.)  bir tahar! Adam bilmir nə tahar?!. (Səhnənin 
dibindəki Süpürgəçi kişini görür və ona yaxınlaşır.) Bonjur, müsyö!.. Bunlar. Bu hayatda adamlar... 
Na oldu? 
 
S ü p ü r g ə ç i   k i ş i  əlindəki süpürgəni saxlayır və bir an diqqətlə Əhməd bəyə baxır. 
 
Ə h m ə d  b ə y. Axı, na oldu?.. Bu adamlar... bir tahar oldu?.. Ermanilar Qarabağda. e-e-e... 
qabağa qaldi?.. 
 
Süpürgəçi kişi birdən-birə başını aşağı salıb cidd-cəhdlə həyətin tozunu-torpağını Əhməd bəyin üstünə 
tolazlamağa başlayır. 
 
Əhməd bəy(heyrət içində). Siz na?.. Siz na edir?.. 
 
Süpürgəçi kişi elə bil ki, onu eşitmir və eyni cidd-cəhdlə süpürgəni oynada-oynada həyətin tozunu Əhməd bəyin 
üstünə tolazlayır. 
 
Ə h m ə d  b ə y. Sizda tarbiya yok!.. 
 
Süpürgəçi kişi eləcə tozu-torpağı Əhməd bəyin üstünə tolazlaya-tolazlaya uzaqlaşıb qaranlıqda yox olur. 
 
Pauza. 
 
Ə h m ə d  b ə y (çaşmış halda əyilib ayaqqabılarına, şalvarının balaqlarına baxır). O batdı! 
(Başını bulayır.) Ay-yay-yay!.. Şalvarını batırdı! 
 
İ ş ı q  s ö n ü r. 
 
 
ON YEDDİNCİ ŞƏKİL 
 
Xor. 
Səhnə yenə də tamam qaranlıqdır və işıq yalniz sol küncdəki  
həmin plakatın üzərinə düşüb. 
Zaman – 1991-ci il avqustun sonu. 
Məkan – Bakı şəhəri. 
 
Xor.  
 
– Is-te-fa!.. 
– Is-te-fa!.. 
– Is-te-fa!.. 
– Azad Azərbayçan!.. 

 
159
– Azadlıq, ya ölüm!.. 
– Azərbaycan bölünməzdir!.. 
– Qaçqınlara yer verin!.. 
– SSRI! Səni istəmirik!.. 
– Qarabağı vermərik!.. 
– Bir dəfə yüksələn bayraq bir daha enməz!.. 
– Imperiya nökərlərinə ar olsun!.. 
– Ar olsun!.. 
– Ar olsun!.. 
– Ar olsun!.. 
– Is-te-fa!.. 
– Is-te-fa!.. 
– Is-te-fa!.. 
 
İ ş ı q  s ö n ü r. 
 
 
ON SƏKKİZİNCİ ŞƏKİL 
 
Həyət. Müxbirlər, Əsədulla, Eynşteyn, Əhməd bəy, Mehdiqulu bəy, Isgəndərzadə, Ivan Ivanoviç, Vera 
Nikolayevna, Züleyxa, Süpürgəçi kişi. 
Süpürgəçi kişi səhnənin dərinində həmişəki işi ilə məşğuldu: naz süpürgəsi ilə həyəti süpürür. Və birdən-birə, bir 
arı dəstəsi kimi, müxbirlər həyətə doluşurlar. 
 
Birinci  m ü x b i r. Buradır! Bu həyətdir! 
Ikinci  m ü x b i r. Heç kim yoxdu! 
Üçüncü  müxbir. Bu həyət elə bil ki, yatıb! 
Fotoqraf qız. Vay!.. Elə bil heç Bakıda deyil bu həyət! 
Fotoqraf oğlan. Bakıda o qədər belə həyət var ki! 
Birinci  m ü x b i r. Indi nə bilək Əhməd bəy harda olur? 
 
Süpürgəçi kişi işini saxlayıb səhnənin dibindən boylana-boylana müxbirlərə tərəf baxır. 
 
Ikinci  m ü x b i r. Deyirlər uzaq bir sürücü qohumunu tapıb, onun evində qalır... 
Fotoqraf qız. Sadəliyə bax də! 
Üçüncü  m ü x b i r. Indi biz onu hardan tapaq? 
Ikinci  m ü x b i r. Kimsə gəlir! 
Birinci müxbir(evinə tərəf gedən Əsədullaya). Bağışlayın, bir dəqiqə olar? 
Ə s ə d u l l a (yavaşdan). Xeyir ola, bunnar nöşün gəlib dolublar bura? (Bərkdən) Nə lazımdı? 
Ikinci  m ü x b i r. Siz burada yaşayırsınız? 
Ə s ə d u l l a. Bəli. Nolub ki? 
Fotoqraf qız. Bəlkə o sürücü elə sizsiniz! 
Ə s ə d u l l a. Nə? Mən şoferə oxşuyuram, hə?! 
F o t o q r a f   q ı z. Bağışlayın! Bizə Əhməd bəy lazımdı! 
Fotoqraf oğlan. Zəhmət olmasa, deyin, milyonçu Əhməd bəy bu həyətdə olur? 
Ə s ə d u l l a (başını geri atır). Nırç! 
Üçüncü müxbir.Necə nırç? 
Fotoqraf oğlan. Bizə bu həyətin adını veriblər! 
Ə s ə d u l l a. Burda yaşamağına, burda yaşayır, ancaq milyoner döyül!.. 
Birinci  m ü x b i r. Necə yəni milyoner deyil? 
Fotoqraf qız. Siz nə danışırsız? 
Ə s ə d u l l a. Bəli, avaranın biridi! 
Ikinci m ü x b i r. O cür adamçın gör bir nə deyir? 

 
160
Ə s ə d u l l a. Nə deyirəm, alə? Deyirəm gopçunun biridi də!.. 
Fotoqraf qız. Biz Fransadan gəlmiş Əhməd bəyi deyirik! 
Fotoqraf oğlan. Bizim həmvətənimizi! 
Ə s ə d u l l a. Bəs mən kimi deyirəm? Öz həmvətənimi deyirəm? Mən də süzün 
həmvətənüvüzü deyirəm də! (Fotoqraf onu təpədən dırnağacan süzür.) Bura gəl! (Əli ilə işarə edib 
çağırır və qız ona yaxınlaşanda yavaşdan) Görürəm sən yaxşısan, bunnarın tayı döyülsən! Görürəm 
də, hə, lap yaxşısan! Qulaq as, sənə deyəcəm. Bu Əhməd bəy ki, deyirsüz a, bəy!, bəy! gəlib ki
sosyalizmdən qalan artıq-urtuqnan qarnını doyuzdursun! Başa düşdün? Day mənim adım olmasın 
a!.. Amma milləti aldatmayın! Yazıqdı bu millət! Turp əkmüyün bu millətin başına! Yazansuz, 
gedün yazun, day dəlləyliyi öyrənməyin bu millətin başında!.. 
Fotoqraf qız (bərkdən). A-a-a!.. Sizin informasiyanız çox səhvdir! Necə milyonçu deyil? Necə 
yəni avaradı? 
Fotoqraf oğlan. Bunun, deyəsən, ermənilərnən əlaqəsi var! 
Ə s ə d u l l a. Alə, məni deyirsən?! 
Birinci m ü x b i r. Necə?! 
Ikinci m ü x b i r. Hə? 
Üçüncü m ü x b i r (dəftərçəsini çıxarıb qeydlər edə-edə). Aha! 
Fotoqraf qız.  Əhməd bəy öz şəxsi pulu ilə Amerikadan iki «Boinq» sərnişin təyyarəsi alıb 
Azərbaycana hədiyyə edib! 
Ə s ə d u l l a (heyrətlə). Necə? 
Ikinci  m ü x b i r. Bəli! 
Birinci  m ü x b i r. Əlbəttə! 
Üçüncü  müxbir.Bizim belə qeyrətli həmvətənlərimiz var! 
Fotoqraf qız. Bu saat Moskvanın da, Yerevanın da radiosu bunnan danışır. 
Birinci  m ü x b i r. «Bi-bi-si»! «Si-en-en»! «Röyter!»! «Assoşieytid pres»! «Azadlıq» 
radiosu! Hamısı dəyib bir-birinə! 
Ikinci müxbir. Hamısı Əhməd bəyin Azərbaycana hədiyyəsindən danışır! 
Üçüncü müxbir. Hələ dalı da olacaq! 
Ə s ə d u l l a (az qalıb çaşsın). Bu Əhməd bəy a?.. 
Fotoqraf qız. Bəli! Bu Əhməd bəy! 
Ə s ə d u l l a. Iki dənə «Boinq»? 
Birinci müxbir.Bəli! 
Ə s ə d u l la.  Birini... Birini neçəyə alıb? 
Fotoqraf oğlan. On yeddi milyona! 
Ə s ə d u l l a. Rubl? 
Fotoqraf qız. Xeyr! Dollar! 
Ə s ə d u l l a (özünü itirmiş halda yavaşdan). Rublla olsaydı, elə mən də alardım!.. (Bərkdən) 
Alə, adun da yadımdan çıxdı, şey, hardasan sən? 
Eynşteyn  (elə bil ki, yerin altından peyda olub özünü yetirir). Bəli! Burdayam, Əsədulla 
məllim! 
Ə s ə d u l l a (qəzəblə Eynşteynə tərəf gələ-gələ onu təpiklə vurmağa hazırlaşır). Alə, bəs, sən 
deyirdün ki, bu dilənçidi? 
Eynşteyn(ətrafdakı müxbirlərə baxaraq ürəklənir).  Xeyr! Siz düz demirsiniz, Əsədulla 
məllim! 
Ə s ə d u l l a (gözləri kəlləsinə çıxır). Mən?! Alə, mən düz demirəm?! 
Eynşteyn. «Boinq»lər çox gözəl təyyarələrdir! 
Ə s ə d u l l a. Mən bəyəm deyirəm pisdi? 
Eynşteyn(müxbirlərə baxa-baxa). Xeyr! Xeyr! «Boinq»lər çox gözəl təyyarələrdir! Xalqımızın 
bu ağır günündə bizimçün böyük hədiyyədir! (Müxbirlərin arasına qaçır.) 

 
161
Birinci m ü x b i r. Əlbəttə, böyük hədiyyədir! 
Ikinci m ü x b i r. Bizim gizli milyonçularımıza ar olsun! 
Ə s ə d u l l a. Bax, bunu ürəyimdən dedün! Ar olsun!  
Fotoqraf oğlan(qışqırır). Ode, Əhməd bəy! 
 
Işıq Əhməd bəyin üzərinə düşür. Süpürgəçi kişi isə daha artıq bir canfəşanlıqla əhli-məclisə tərəf boylanır. 
 
Üçüncü  m ü x b i r. Odur! 
Birinci  m ü x b i r. Bəli, odur! Şəklindən tanıdım! 
Fotoqraf qız.O-o-o!.. Gör necə oğlandı!.. 
Ikinci müxbir(Əhməd bəyə tərəf qaça-qaça). Siz bu böyük hədiyyəni nə məqsədlə etdiniz? 
Ə h m ə d  b ə y. Azərbaycan... (Özünü göstərir.) Onun canı! 
Fotoqraf qız (Əhməd bəyin fotosunu müxtəlif nöqtələrdən çəkə-çəkə). Ah, nə gözəl dedi! 
Operator(həyətə daxil olaraq). Qabağımdan çəkilin! «Günün ekranı!» Televiziya! (Kamera ilə 
çəkməyə başlayır.) 
Ikinci  müxbir. Siz Azərbaycana yenə də belə hədiyyələr etmək barədə düşünürsünüzmü? 
Ə h m ə d  b ə y. Man... 
M e h d i q u l u  b ə y (hövlnak özünü yetirərək).  Yox! Hədiyyə  hələlik bu qədər! 
Hədiyyələrin arasında qazanmaq lazımdır, baba! Yoxsa ki, daha hədiyyə etmək imkanın olmaz! 
Ə h m ə d  b ə y (etiraz etmək istəyir). Dayı... 
M e h d i q u l u  b ə y (onun sözünü kəsir).  Yox! Atan, Allah ona rəhmət eləsin, haqq 
dünyasına köçəndə səni mənə tapşırdı, Əhməd bəy! Hələlik bu qədər! (Müxbirlərə) Baba, bir az da 
özünüz hərəkətə gəlin! Bir az da özünüz əl-ələ verin. Iş görün, baba! Boğazdan yuxarı vətəni, milləti 
tərifləməklə iş aşmaz, həzərat! 
Üçüncü  m ü x b i r (Mehdiqulu bəyi göstərir). Bu kimdi belə?.. 
Birinci  m ü x b i r. Əşşi!.. Fikir vermə!.. 
Ikinci  müxbir(Əhməd bəyə). Sizin Qarabağa münasibətiniz? 
Ə h m ə d   b ə y (özünü göstərərək). Azərbaycan onun ürəyi! Qarabağ Azərbaycanın ürəyi! 
Ə s ə d u l l a. Ay bərəkallah! Oğul belə olar!.. (Eynşteynə) Day sənün kimi yox e!.. (Eynşteyn 
belini büküb, başını aşağı salır və gözlərini yerə dikir.) Sən öləsən, heç bir köpük də vermiyəciyəm 
sənə! Qurtardı day! (Əhməd bəyi göstərib, müxbirlərə) Gördüz nə cavab verdi də!.. 
Birinci m ü x b i r (dəftərçəsinə yaza-yaza, Əsədullaya). Bəs sizin Qarabağa münasibətiniz? 
Ə s ə d u l l a (hirslənir). Belə başnan da müxbir olar? Alə, dedi kişi də, dedi ki, Azərbaycan 
(özünü göstərir) onun ürəyi! Qarabağ da Azərbaycanın ürəyi! (Əhməd bəyi göstərir.) Onunnan biz 
bir-birimizə çox yaxınıq! (Əllərinin barmağını bir-birinə sürtür.) Lap e, lap! Qəzet söhbəti döyül!.. 
E y n ş t e y n (qəflətən belini düzəldir). Əsədulla məllim düz deyir! 
Birinci m ü x b i r (dəftərçəsinə yaza-yaza, yenə  də  Əsədullaya).  Siz qaçqınlara nə yardım 
etmisiniz? 
Ə s ə d u l l a. Alə, bunnar necə müxbirdi?! Bəs o boyda «Boninq»ləri vətənimizə  hədiyyə 
eləmədik? (Əhməd bəyi göstərir.) Bir yerdəyik də! 
Ikinci  m ü x b i r (Əsədullaya). Yəqin sizin Əhməd bəylə söhbətləriniz çox olub, hə? 
Üçüncü  m ü x b i r. Yəqin Azərbaycanı ona tanıtmaqda sizin rolunuz olub, elədirmi? 
Ə s ə d u l l a (onu əhatə etmiş müxbirlərə baxa-baxa bir az özünü itirmiş halda). Tanıtmusuz 
deyəndə ki... Mən... Deyim sizə ki... (Eynşteynə baxır.) Hə? 
Eynşteyn(ruh yüksəkliyi ilə). Əsədulla məllim xalqımızı qəlbən sevən insanlardandı! 
Birinci  müxbir. Eşq olsun! 
Ə s ə d u l l a (vəcdə gələrək). Mənim canım qurban Azərbaycana! 
Ikinci  m ü x b i r. Əhsən! 
 

 
162
Müxbirlər Əsədullanın başına yığışır və tək qalmış Əhməd bəylə Mehdiqulu bəy bir-birlərinə baxırlar. 
 
M e h d i q u l u  b ə y (Əsədullaya işarə ilə). Baba, bu nəmənədi? 
Ə h m ə d   b ə y. Həmişə danışar... e-e-e... yemək!  Balık!  Pilov!  Kaver! Dolma! Yaqin... e-
e-e... aşpaz! 
Operator(Əsədullanı çəkərək). Qabağımdan çəkilin! «Günün ekranı»... 
Ə s ə d u l l a. Azərbaycansız bizim bir günümüz olmasın!  (Get-gedə daha da qızışaraq) 
Bizim borcumuzdur ki, doğma Azərbaycanımızın uğrunda neyniyək? 
E y n ş t e y n. Çalışaq! 
Ə s ə d u l l a. Bəli, çalışaq! Azərbaycan, ana vətən! 
Fotoqraf oğlan(Əsədullanın şəklini çəkə-çəkə). Bu adam necə də vətənpərvərdir, Ilahi! 
Fotoqraf qız(Əsədullanın şəklini çəkə-çəkə). Ona görə də biz məğlubedilməzlərik! 
Birinci  m ü x b i r. Biz Babək nəsliyik! 
Ə s ə d u l l a. Yaşasın Koroğlu! 
Əhməd bəy(heyrətlə). Allah!.. Allah!.. 
 
Həyətə girən Isgəndərzadə müxbirləri görüb tələsik evinə tərəf əkilmək istəyir, amma müxbirlər imkan vermirlər. 
 
Ikinci m ü x b i r  (Isgəndərzadəyə yaxınlaşır). Siz də, deyəsən, bu həyətdə yaşayırsız? 
I s g ə n d ə r z a d ə. Mən?.. Bəli... Nə olub ki? 
Birinci müxbir. Sizin hələ xəbəriniz yoxdu? 
Ikinci müxbir. Əhməd bəy ABŞ-dan iki «Boinq» sərnişin təyyarəsi alıb Azərbaycana 
bağışlayıb! 
I s g ə n d ə r z a d ə (heyrətlə). Öz puluna? 
Üçüncü  müxbir. Bəs kimin puluna? 
I s g ə n d ə r z a d ə. Deməli, o, həqiqətən, milyonçudu? 
Birinci  m ü x b i r. Əlbəttə! Yalançı milyonçu da olur? 
Operator. Çəkilin! Qabağımdan çəkilin! 
Birinci  müxbir (Isgəndərzadəyə). Siz Əhməd bəylə ünsiyyətinizdən nə deyə bilərsiniz? 
Ikinci  m ü x b i r. Mənim də sualım var: Əhməd bəydə böyük vətən məhəbbəti yaranmasında 
sizin rolunuz? 
I s g ə n d ə r z a d ə  (özünü itirib). Siz... Mən.. Idarədə! Bəli, idarədə! Gəlin idarəyə, 
suallarınızı yazılı şəkildə təqdim edin... 
Fotoqraf oğlan. Aydındır! Bu adam partokratdır! 
Ə s ə d u l l a. Özü də lap yekəsindən! Alə, QKÇP-ni müdafiə edirdi! Yanayevə  təbrik 
teleqramı vurmuşdu! 
I s g ə n d ə r z a d ə. Yalandır! Mən həmişə demokratiya tərəfdarı olmuşam! (Əsədullaya) 
Antipod. 
Ə s ə d u l l a. Antipod vaxtı qurtardı day! Indi bazar iqtisadiyyatıdı! Day antipod yoxdu! 
Demokratiyadı! 
Əhməd  bəy. Allah!.. Allah!.. 
I s g ə n d ə r z a d ə. Rüşvətxor! Mən sənin kimi rüşvət almıram! 
Ə s ə d u l l a. Bacarmırsan, ona görə almırsan. Bacarsan, elə alarsan!.. 
M e h d i q u l u   b ə y (səhərdən bəri mat-mat ona-buna baxa-baxa). Baba, bunlar nə danışır 
belə? 
Əhməd bəy (özünü göstərərək). O da başa düşdü yok! 
Fotoqraf qız(Isgəndərzadəyə). Elə bil ki, siz nədənsə qorxursunuz? 
Ə s ə d u l l a. Əlbəttə! 
E y n ş t e y n. Əsədulla məllim düz deyir! 

 
163
I s g ə n d ə r z a d ə. Xeyr! Xeyr! Mən nədən qorxmalıyam? 
Birinci  m ü x b i r. Onda cəsarətli bir söz deyin! 
Ikinci  m ü x b i r. Indi qeyrət vaxtıdır! 
Üçüncü  m ü x b i r. Xalq sizin də sözünüzü eşitmək istəyir. 
I s g ə n d ə r z a d ə  (yavaşdan).  Doğrudan da, mən haçansa cəsarətli bir söz deməliyəm, 
yoxsa yox? Vaxtdır artıq, yoldaş Isgəndərzadə, vaxtdır! Cəsarətli ol! Millət səni eşitmək istəyir! 
(Bərkdən)  Mən sizə deməliyəm ki, Leninin «Dövlət Plan Komissiyasına qanunvericilik vəzifələri 
verilməsi haqqında» əsərini yenidən oxudum! 
 
Pauza.  
 
Hamı bir-birinin üzünə baxır. 
 
I s g ə n d ə r z a d ə. Və bütün məsuliyyəti ilə deməliyəm ki, bəzi fikirlərin yanında quş 
qoydum! 
 
Pauza. 
 
Birinci  m ü x b i r. Necə yəni quş qoydum? 
I s g ə n d ə r z a d ə. Bəli! Məndə tərəddüdlər yarandı. Xüsusən bir yerdə Lenin yazır ki... 
Ikinci  müxbir (dəftərçəsində yaza-yaza, onun sözünü kəsir). Deməli, siz Lenini rədd edirsiz? 
I s g ə n d ə r z a d ə (yenidən özünü itirir). Yox... Bilirsiz... Burada məsələ... Iş belədir ki... 
Ivan Ivanoviç (tələm-tələsik gələrək özünü müxbirlərin arasına dürtür). Mən oynamışam! 
Lenini mən oynamışam! Lakin mən inanmışam! Mən bilməmişəm ki, bu imperiya dağılmalıdır! 
Azərbaycan xalqı mənim üçün doğmadır! Qarabağı vermərik! Yazın! Şəklimi də çəkin ki, bilsinlər 
mənəm! Qoy teatrdakılar paxıllığından ölsün! Qoy hamı bilsin ki, mən də sizinləyəm! Səhərdən 
pəncərədən baxırdım! Eşq olsun Əhməd bəyə! 
Ə h m ə d  b ə y. Allah!.. Allah!.. 
Mehdiqulu bəy. Pərvərdigara! Bu yazıq insanlar niyə bu günə düşüb?! 
Ə s ə d u l l a. Alə, yalan danışır! (Ivan Ivanoviçi göstərir.) Onun məqsədi başqadı! Onu qovun 
ordan! 
Üçüncü  m ü x b i r  (Əsədullaya). Siz xalqlar dostluğunun əleyhinəsiniz? 
Ə s ə d u l l a. Mən? (Eynşteynə baxır.) 
E y n ş t e y n. Xeyr! 
Ə s ə d u l l a. Xeyr! Mənim mühasibim də, kassirim də yəhudidi! Mənim «Xalqlar dostluğu» 
ordenim var. 
Operator. Qabağımdan çəkilin! «Günün ekranı»... 
Fotoqraf qız  (Əhməd bəyə).  Sizin  şəklinizi bir də  çəkmək istəyirəm. Bütün qəzetlər üçün! 
(Əhməd bəyə tərəf gedir.) 
Fotoqraf oğlan. Mən də! (Əhməd bəyə yaxınlaşır.) 
I v a n  I v a n o v i ç. Mənim də  şəklimi! Mənim də! Mən də  əziz həmvətənimlə bir 
dayanacağam! (Əhməd bəyə tərəf qaçır.) 
Ə s ə d u l l a. Alə, dayan mən də  gəlim! Xalqıma canım qurban! Qoy xalqım qəzetlərdə 
görsün ki, həmişə onunlayam! Qoy görsün ki, vətən üçün nələr eləyirik! (Eynşteynə) Gəl dalımca! 
(Cəld addımla Əhməd bəyə yaxınlaşırlar.) 
I s g ə n d ə r z a d ə (əzablı tərəddüdlər içində yavaşdan). Mən də gedim çəkdirim, yoxsa 
yox? Hə? Gedim? Getməyim? 
V e r a   N i k o l a y e v n a (səhnə arxasından). Dayanın! Məni də gözləyin! Məni də! 
I v a n  I v a n o v i ç. Gözləyin! Onu da gözləyin! 

 
164
Ə s ə d u l l a. Alə, lazım döyül! (Müxbirlərə) Çəkün! 
I v a n  I v a n o v i ç. O Azərbaycanın patriotudur! Onu da gözləyin! 
Ə h m ə d  b ə y. Allah!.. Allah!.. 
Vera Nikolayevna. Gəldim! Gəldim! (Qaça-qaça gəlib özünü yetirir.) 
 
Müxbirlər onları dövrəyə alır. Fotoqraflar şəkil çəkir, operator kamerasını işlədir. Əsədulla da, Ivan Ivanoviç də, 
Vera  Nikolayevna da, Eynşteyn də şəkil üçün özlərinə yaxşı yer seçməyə çalışırlar. 
 
Ə s ə d u l l a (Mehdiqulu bəyə). Alə, sən də əl-ayağa dolaşma də!.. Çəkil o yana!.. Sən öləsən, 
bunnan xoşum gəlmir! Erməni şipyonuna oxşayır! 
I s g ə n d ə r z a d ə (hələ də kənardadır və tərəddüdlər onu məhv edir). Gedim? Getməyim? 
 
Züleyxa tələsik addımlarla səhnəyə daxil olur. 
 
Z ü l e y x a (bərkdən və pafosla). Xanımlar və  bəylər! Mən artıq hər  şeyi bilirəm! Mənim 
istəkli xalqım! Mən bu xalqın qızı kimi, belə bir fürsətdən istifadə etməyə bilmərəm! Biz millətə öz 
sözümüzü çatdırmalıyıq! Mən mitinqimizi açıq elan edirəm! 
 
Müxbirlər bu dəfə  Züleyxanın başına yığışırlar. 
 
Operator. Çəkilin! Bu gün televiziya ilə gedəcək! Qabağımdan çəkilin! 
Züleyxa. Qoy bizim xalqımız görsün ki, biz onunla nəfəs alırıq! 
Birinci  m ü x b i r. Əhsən! 
Ikinci  m ü x b i r. Bu, yeni ulduzdur! 
M e h d i q u l u  b ə y (Əhməd bəyə). Baba, gəl əkilək! Bura bizim yerimiz deyil. 
Əhməd bəy(özünü göstərir). Onsuz da, o, heç nə başa düşdü yok!.. 
 
Mehdiqulu bəy və  Əhməd bəy bu vurhavurdan uzaqlaşırlar  
və daha heç kim onlara fikir vermir.  Süpürgəçi kişi yaxınlaşan   
Əhməd bəyi görüb dərin hörmətlə ona baş əyir, yol göstərir, qulluq edir. 
Mehdiqulu bəylə Əhməd bəy səhnədən çıxır. 
 
Züleyxa. Mənim əzizlərim! Əldə etdiyimiz son məlumata görə... 
 
 Züleyxanın sözləri daha eşidilməz olur və Züleyxa lal bir ehtirasla əl-qol atır, müxbirlərin, həyət 
adamlarının hərəkəti bir haray-həşirə çevrilir. Əsədulla da Züleyxanın yanında nəsə demək istəyir, Isgəndərzadə 
ona imkan vermir, özü nəsə deməyə çalışır və birdən-birə uzaqlarda kimsə bir qara zurnada dünyanın ən dərdli 
bir nəğməsini çalmağa başlayır və elə çalır ki, az qalır adamı ağlamaq tutsun. 
 
İ ş ı q  s ö n ü r. 
 
 
Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin