Miqdar zərfləri hərəkətin miqdarını, əlamətin
dərəcəsini bildirir. Miqdar zərfləri necə? nə qədər? nə dərəcə?
suallarına cavab verir. Miqdar zərfləri də quruluşca sadə,
düzəltəmə və mürəkkəb olur. Sadə miqdar zərfləri az, çox,
xeyli, tamam sözlərindən ibarətdir. Düzəltmə miqdar zərfləri də
dilimizdə azdır və əsasən ilə qoşmasının şəkilçiləşmiş
formasının iştirakı ilə, -inca şəkilçisi ilə yaranır. Məsələn,
tamamilə, dəfələrlə, lazımınca və s. Mürəkkəb miqdar
zərflərinin yaranmasında o, bu işarə əvəzlikləri az, çox, qədər
sözləri mühüm rol oynayır. Məsələn, az-az, çox-çox, az-çox, bir
az, bir qədər, o qədər və s. Bundan başqa, miqdar zərflərinin
bir qismi miqdar saylarının birləşməsi yolu ilə yaranır.
Məsələn, birə beş, birə min, iki dəfə, üç dəfə və s.
Zərflər cümlədə əsasən zərflik vəzifəsini daşıyır. Bəzi
zərflər adlıq halda dayanaraq, xəbərlə uzlaşdıqda mübtəda
vəzifəsində çıxış edir, xəbərlik şəkilçisi qəbul edərək xəbər
olur. Məsələn, İki-üç dəfə (zərflik) şimşək çaxdı. (M. Hüseyn)
Nahar vaxtı atası ilə bir azca (zərflik) içdilər. (Anar) Oralar
(mübtəda) çəmənlik, buralar (mübtəda) daşlıqdır. Hamı
içəridədir (xəbər) və s.
ƏDƏBİYYAT:
1. Abdullayeva G. A. Azərbaycan dilində -sa, -sə şəkilçisi,
onun qrammatik və üslubi xüsusiyyətləri. Bakı, 1999.
2.Hüseynzadə M. Müasir Azərbaycan dili. Morfologiya. III
hissə, “Maarif”, Bakı, 1983.
3. Kazımov Q. Müasir Azərbaycan dili. Morfologiya. Bakı,
2010.
4. Xəlilov B. Müasir Azərbaycan dilinin morfologiyası.
I hissə, Bakı, 2007.
Gülarə Abdullayeva
92
5.Xəlilov B. Müasir Azərbaycan dilinin morfologiyası.
II hissə, Bakı, 2007.
6. Müasir Azərbaycan dili. EA nəşri, II hissə, Bakı, 1980.
7. Müasir Azərbaycan dili proqramı. AMİ, Bakı, 2009.
8.Seyidov Y. Azərbaycan dilinin qrammatikası. (Morfo-
logiya). Bakı, 2000.
Müasir Azərbaycan dili
93
Mövzu № 3 Köməkçi nitq hissələri
Mövzunun planı:
1.Köməkçi nitq hissələri haqqında ümumi məlumat
2. Qoşma köməkçi nitq hissəsi kimi, onun təsnif
prinsipləri
3.Bağlayıcı, onun vəzifəsinə və quruluşuna görə növləri
4. Ədat haqqında məlumat, ədatın mənaca növləri
5.Modal sözlər, onun mənaca növləri
6. Nida, onu köməkçi nitq hissələrindən fərqləndirən
cəhətlər və mənaca növləri
Köməkçi nitq hissələri
haqqında ümumi məlumat
Əsas nitq hissələrindən fərqli olaraq, köməkçi nitq
hissələri müstəqil lüğəvi mənaya malik olmur, ona görə də
morfoloji sual tələb etmir, cümlə üzvü kimi çıxış edə bilmir. Bu
cəhətdən qoşma digərlərindən fərqli olaraq, aid olduğu sözlə
birlikdə bir cümlə üzvü kimi çıxış edir. Köməkçi nitq hissələri
yalnız müəyyən qrammatik mənaya malik olur, cümlədə sözlər
arasında əlaqə yaradır və ya cümləyə, onun üzvlərinə müəyyən
məna çaları əlavə edir.
Köməkçi nitq hissələri, əslində, tarixən əsas nitq
hissələrindən törəmədir. Lüğəvi mənaya malik olan hər hansı
bir sözün mənasının daralması və tədricən mənasını itirməsi
onun köməkçi nitq hissələri sırasına keçməsinə səbəb
olmuşdur. Bu gün dilimizdə kifayət qədər söz var ki, onlar həm
əsas, həm də köməkçi nitq hissəsi kimi işlənməkdədir.
Gülarə Abdullayeva
94
Dilçilikdə köməkçi nitq hissələrinin təsnifində müxtəlif
münasibət müşahidə olunur. Bəzi kitablarda qoşma, bağlayıcı,
ədat və modal sözlər köməkçi nitq hissələri qrupuna daxil
edilir, nidalar xüsusi nitq hissəsi kimi verilir, bəzilərində isə
bunların hamısını köməkçi nitq hissələri qrupuna daxil edilir.
Bəzi dilçilər yalnız qoşma, bağlayıcı və ədatı köməkçi nitq
hissəsi adlandırır, modal sözlərlə nidanı bir ad altında verməyi
məqsədəuyğun hesab edirlər.
Köməkçi nitq hissələrinin bir qismi sözlər, cümlələr
arasında əlaqə yaradır, onları bir-biri ilə bağlayır. Qoşmalar və
bağlayıcılar dilimizdə məhz bu vəzifənin daşıyıcılarıdır.
Köməkçi nitq hissələrinin bir qismi isə söylənilən fikrə
münasibət bildirir, əlavə məna çaları ifadə edir. Bu xüsusiyyət
isə modal sözlər və ədatlar üçün xarakterikdir.
Bunlarla
yanaşı, dilimizdə nida adlanan bir nitq hissəsi
də vardır ki, o həm əsas, həm də köməkçi nitq hissələrinin
xüsusiyyətlərindən məhrumdur. Nidalar öz-özlüyündə hiss-
həyəcan bildirdiyi üçün əsas nitq hissələrinə oxşasa da,
adlandırma xüsusiyyəti olmadığına görə onlardan fərqlənir.
Ona görə də nidanın xüsusi nitq hissəsi kimi ayrıca təqdim
edilməsi daha məqsədəuyğundur. Bundan başqa, dilimizdə səs
təqlidi sözlər, vokativ sözlər də vardır ki, onlar da
xüsusiyyətlərinə görə nidalara yaxındır.
Qoşma köməkçi nitq hissəsi kimi,
onun təsnif prinsipləri
“Hallana bilən nitq hissələrinə qoşularaq adlarla
adlar və adlarla fellər arasında əlaqə yaradan sözlərə qoşma
deyilir”. (2, səh. 335)
Qoşmalar bir sıra xüsusiyyətlərinə görə əsas və köməkçi
nitq hissələri arasında ortaq mövqedə dayanır. Bu, onun əsas
söz köklərindən əmələ gəlib şəkilçiləşməyə doğru inkişaf
Müasir Azərbaycan dili
95
etməsi ilə bağlıdır. Köməkçi nitq hissəsi kimi qoşmanı
səciyyələndirən əsas xüsusiyyətlər aşağıdakılardır:
1. Qoşmaların müstəqil lüğəvi mənası yoxdur.
2. Qoşma heç bir suala cavab vermir.
3. Təklikdə qoşma müstəqil cümlə üzvü olmur, yalnız
qoşulduğu sözlə birlikdə müəyyən sintaktik vəzifə daşıyır.
Qoşmanın aid olduğu söz də qoşma olmadan heç bir sintaktik
vəzifə daşıya bilmir. Yəni qoşmanın aid olduğu sözün digər
sözlə əlaqəyə girməsində onun rolu əvəzsizdir. Hətta qeyri-
təyini ismi birləşmələrin bir qismi (sənin kimi tələbə, Əli qədər
təmkinli və s.) qoşma olmadan qurula bilmir.
4. Qoşmalar güclü idarəetmə xüsusiyyətinə malikdir.
İsmin yiyəlik, yönlük, çıxışlıq halları qoşmalar tərəfindən güclü
şəkildə idarə olunur.
5.Digər köməkçi nitq hissələrindən fərqli olaraq,
qoşmalar məhdud da olsa, şəkilçi qəbul edərək dəyişir, III
şəxsin təkinin xəbərlik şəkilçisini qəbul etməklə aid olduğu
sözlə birlikdə cümlənin ismi xəbəri vəzifəsini daşıyır. Məsələn ,
Bütün bunlar onun üçündür ki, Şahbaz bəy gözümüzdən bir
dəqiqə uzaq olmasın. (M.F.Axundzadə)
6.Qoşmaların bir qismi vurğusuz, bir qismi isə
yarımvurğuludur.
7. Cümlədə qoşmanın yeri sabitdir. Yəni bir qayda
olaraq, aid olduğu sözdən sonra işlənir və yalnız onunla
birlikdə yerini dəyişə bilər.
8. Qoşmalarda da omonimiya ( kimi, qədər və s.) və
sinonimiya ( üçün, ötrü, görə və s.) hadisəsi özünü göstərir.
Qoşmanın təsnif prinsipləri Qoşmalar müxtəlif
prinsiplər əsasında təsnif oluna bilər. Bunlar aşağıdakılardır:
1.Nitq hissələri ilə münasibətinə görə.
Qeyd etdiyimiz kimi, qoşmalar əsas nitq hissələrindən
əmələ gəlmişdir. Hazırda dilimizdə keçid prosesində olan, əsas
nitq hissəsindən qoşmaların sırasına keçməkdə olan kifayət
qədər söz vardır. Bu proses başa çatmadığından həmin sözlər
Gülarə Abdullayeva
96
həm müstəqil leksik mənalı söz, həm də qoşma kimi
işlənməkdədir. Ona görə də dilimizdə olan qoşmaları aşağıdakı
kimi qruplaşdırmaq olar:
1. Sabit qoşmalar;
2. Qeyri-sabit qoşmalar;
3. Şəkilçiləşən qoşmalar.
Sabit qoşmalar dedikdə dilimizdə tarixən çox qədim
olub, hazırda yalnız qoşma kimi işlənən sözlər başa düşülür. Bu
sözlər dildə öz vəzifəsini qoşma kimi sabitləşdirdiyindən sabit
qoşmalar adlanır. Bu qrupa aşağıdakı qoşmalar daxildir: üçün,
ötrü, üzrə, içrə, aid, dair, məxsus, haqqında, barəsində və s.
Məsələn , Nəsib dayı adəti üzrə bu gün yenə hamıdan əvvəl
yuxudan durub kolxoz idarəsinə getdi. (İ.Şıxlı) Zina sibirli
olduğu üçün bu bişmişi çox sevər və gözəl bişirərdi.
(Y.V.Çəmənzəminli) Bibim nə Xəzər barəsində bir söz soruşdu,
nə də kəndə qaçdığıma görə məni danladı. (Ə.Əylisli)
Mətndən asılı olaraq, həm əsas nitq hissəsi, həm də
qoşma kimi işlənən sözlər qeyri-sabit qoşmalar adlanır. Qeyri-
sabit qoşmalara kimi, qədər, tək, özgə, ayrı, görə, bəri, tərəf,
başqa, qeyri, əlavə, qarşı, əvvəl, sonra sözləri daxildir.
Məsələn, Qızı ərə verəndən sonra Səfalı müəllim bir dəfə
Leninqradda olmuşdu. (Ə.Əylisli) Bayaq hökmdarın gözləri
başı kəsilmiş qoyun gözləri kimi cansız və soyuq idi.
(Y.Səmədoğlu) Axşamüstü camaat yeməkdən qabaq vestibülə
yığışmışdı. (Ə.Babayeva) Neçə illərdən bəri dünya işığına
həsrət qalmış Mikayıl oğlunu sanki nəfəsindən tanıyırdı.
(İ.Məlikzadə) Corabdan tutmuş papağa qədər hər şey
alınmışdı. (A.Şaiq) və s. - cümlələrdə bu sözlər qoşma kimi
işlənərək qoşulduğu sözü ismin bu və ya digər halında tələb
etmiş, onunla birlikdə uyğun cümlə üzvü yerində dayanmışdır.
Bu sözlər cümlədə müstəqil mənalı söz kimi işlənərək, bir
sintaktik suala cavab verdikdə əsas nitq hissəsi kimi çıxış edir.
Məsələn, Sonra (zərf) biz səhərə qədər söhbət elədik.(M. Oruc)
Qalxanda yönü artıq başqa (sifət) səmtə çönmüşdü.
Müasir Azərbaycan dili
97
(F.Kərimzadə) Qəzet və kitabları bir tərəfə (isim)
yığdım.(Y.V.Çəmənzəminli) Kimi (əvəzlik) ürəyim istəyir, onu
da alacağam. (İ.Şıxlı) Qələmimdən savayı özgə (sifət) varım
olmayıb heç. (C.Novruz) və s.
Dilimizdə çox işlənən ilə sözü həm qoşma, həm də
bağlayıcı kimi işlənir. Bu söz sözə qoşularaq vasitə, birgəlik
məna çaları yaratdıqda qoşma, və bağlayıcısı ilə əvəz oluna
bildiyi halda bağlayıcı olur. Məsələn, qoşma kimi: Onlar
yarğanın kənarında sudan gələn qızlarla qarşılaşdılar. (İ.Şıxlı)
Bağlayıcı kimi: Qızlarla gəlinlər hər gün burdan su
aparardılar.(İ.Şıxlı)
Qoşmaların üçüncü qrupunu şəkilçiləşən qoşmalar təşkil
edir. Buraya ilə (-la, -lə), -can,-cən, -dək qoşmaları daxildir.
Məsələn, Yaxşı adamlarla görüşəndə mənimçün ən böyük
bayram olur.(N.Rəfibəyli) Dedim:-nə yaraşır sən kimi cana,
Gecələr şam kimi sübhəcən yana? (M.Dilbazi)
2.İsmin hallarını idarə etməsinə görə.
Qoşmalar ismin müxtəlif hallarını idarə edir. Bu
baxımdan qoşmaları aşağıdakı kimi qruplaşdırmaq olar:
1.Yalnız ismin adlıq halı ilə işlənən, adlıq halda olan
sözlərə qoşulan qoşmalar. Bu qrupa içrə, üzrə, haqda, barədə,
-ca,-cə qoşmaları daxildir.
2.Həm adlıq, həm də yiyəlik halda olan sözlərə
qoşulanlar: üçün, ilə (-la,-lə), tək, təki, haqqında, barəsində.
3.Həm yiyəlik, həm də yönlük halla işlənən qoşmalar:
kimi, qədər.
4.Yönlük hal ilə işlənən qoşmalar. Bu qrupa görə, qarşı,
tərəf, doğru, sarı, məxsus, aid, dair, nisbətən, -dək qoşması
daxildir.
5.Çıxışlıq hal ilə işlənənlər: Bu qrupa əvvəl, qabaq,
sonra, bəri, başqa, özgə, qeyri, savayı, ötrü, çox, artıq
qoşmaları daxildir.
3.Qoşulduğu sözlə birlikdə yaratdığı məna çalarına
görə.
Gülarə Abdullayeva
98
Qoşmalar aid olduğu sözlə birlikdə rəngarəng məna
çalarları əmələ gətirir. Qoşulduğu hallardan asılı olaraq bu
mənalar da rəngarəng olur.
1. Zaman bildirən qoşmalar. Dilimizdə əvvəl, sonra,
qabaq, bəri qoşmaları çıxışlıq halda olan sözlərə və
birləşmələrə qoşularaq zaman məna çaları ifadə edir. Məsələn,
Yol boyu ürəyilə danışan Pənah bəy səhərdən bəri səsini içinə
saldığını hiss edib qımışdı. (M.Çəmənli) Bir xeyli səssiz-
səmirsiz dayandıqdan sonra o, aramla danışmağa başladı.
(İ.Hüseynov) Əlini cəftəyə uzatmazdan əvvəl dönüb geri
baxdı.(İ.Şıxlı) Bir həftə bundan qabaq Bakıya iş axtarmağa
getmək istədiyini mənə dedi.(İ.Şıxlı) və s.
2. Məkan, istiqamət, yön bildirən qoşmalar. Dilimizdə
işlənən tərəf, doğru, sarı qoşmaları yönlük halda olan sözlərə
və birləşmələrə qoşularaq bu məna çalarını əmələ gətirir.
Məsələn, Bibim bu dəfə iti addımlarla bizə tərəf
gəldi.(Ə.Əylisli) Həyətin tən ortasında, budaqları yanlara
doğru qoca bir tut ağacı vardı. (İ.Hüseynov) Əhməd cığırla
bostanın ortasındakı talvara sarı yollandı. (İ.Şıxlı) Əşrəf
arabanın boynuna doğru gəldi. (İ.Şıxlı)
3. Müqayisə, bənzətmə bildirən qoşmalar. Kimi, qədər,
tək, təki, -can, -cən qoşmaları yiyəlik hallı söz və birləşmələrə
qoşulmaqla qeyd olunan mənanın yaranmasına səbəb olur.
Məsələn, Sən mənə lazımsan sutək, havatək. Sən mənə
lazımsan öz canım qədər.(N.Kəsəmənli) Şahnigar birdən uşaq
kimi evin ortasında oynadı. (İ.Şıxlı) Əzəmətli Neva da axırdı
ağır-ağır, dünyadan küsmüş kimi.
4. Kimi, qədər, -can, -cən qoşmaları omonim qoşmalar
olmaqla, ismin yönlük halında olan söz və birləşmələrə
qoşulduqda zaman və məkan hüdudu bildirir. Məsələn, Özümə
söz vermişdim ki, səni qiyamətəcən dindirməyim. (İ.Şıxlı) Uzun
saçı qıvrılıb qaşının üstünə qədər enmişdi. (İ.Şıxlı) Bacı-
qardaş düşərgədə səs-səmir kəsilənə qədər beləcə uzandılar.
(İ.Şıxlı) Axı nə üçün səhərdən axşama qədər bir parça çörək
Müasir Azərbaycan dili
99
üçün yollarda fayton sürən bir rus kəndlisi tanımadığı xalq
haqqında belə danışır? (İ.Şıxlı)
5.Aidiyyət bildirən qoşmalar. İçrə, üzrə, haqda,
haqqında, barəsində qoşmaları adlıq halda olan sözlərə
qoşularaq aidlik, uyğunluq, müvafiqlik məzmunu bildirir.
Məsələn, Biçinçilər adət üzrə xırman açıb taxıllarını elə
zəmilərin kənarındaca döyərdilər. (İ. Şıxlı) Çoxdur bəni-adəm
içrə bidad. Seminariyaların açılması haqqında atamız çarın
özü fərman vermişdir. (İ.Şıxlı) və s.
6.Vasitə və birgəlik bildirən qoşma: ilə qoşması adlıq
və yiyəlik halda olan sözlərə qoşularaq vasitə və birgəlik məna
çaları ifadə edir. Məsələn, Belə qızla evlənərsən, ömrün boyu
ürəyini buz kimi eləyərsən.(Anar) Hökmdar vəzirin müşayiəti
ilə çadıra daxil olduqda qullar yerə döşənib alınlarını yerə
qoydular. (İ. Əfəndiyev) Onların külünü torba ilə daşıtdıraram.
Salatın dirsəyi ilə Əşrəfə toxundu. (İ. Şıxlı)
7. İstisnalıq bildirən qoşmalar: Başqa, özgə, qeyri,
savayı, ayrı qoşmaları ismin çıxışlıq halında olan sözlərə
qoşularaq istisna məna çalarını ifadə edir. Məsələn, Evimdə
pendir-çörəkdən savayı heç nə yoxdur.(V.Səmədoğlu) Ey
sevdiyim, səndən qeyri kimim var?
8.
Səbəb və məqsəd bildirən qoşmalar. Üçün, ötrü görə
qoşmaları qoşulduğu sözdən asılı olaraq səbəb və ya məqsəd
çaları ifadə edir. Bu qoşmalar feli sifət və ya feli sifət tərkibinə
qoşulduqda səbəb zərfliyi, məsdər və ya məsdər tərkibinə
qoşulduqda məqsəd zərfliyi, isim və əvəzliklərlə işləndikdə
tamamlıq olur. Məsələn ,Qorxduğu üçün (səbəb zərfliyi) özünü
itirdi. (İ.Şıxlı) Tapdıq cansıxıcı sükutdan yaxasını qurtarmaq
üçün (məqsəd zərfliyi) dilləndi. (İ.Şıxlı) Cahandar ağa özünü
sındırmamaq üçün (məqsəd zərfliyi) maralın üzünə baxmadı.
(İ.Şıxlı) Uzun yolun yorğunluğunu unutmaq üçün (məqsəd
zərfliyi) söhbət etmək istədi. (İ.Şıxlı) Ömrü boyu bir parça
çörək üçün (məqsəd zərfliyi) çalışmışdı...(İ.Şıxlı) Fikrini
cəmləməkdən ötrü (məqsəd zərfliyi) Canəli müəllim bir müddət
Gülarə Abdullayeva
100
də cəhd elədi, amma olmadı, baş tutmadı.(Ə.Əylisli) Ana üçün
(tamamlıq) övladdan əziz kim ola bilər?
Bağlayıcı, onun vəzifəsinə və quruluşuna görə
növləri
Bağlayıcı dildə çox mühüm rola malik olan köməkçi
nitq hissəsidir. O, cümlədə müəyyən vəzifə daşıyır, lakin
cümlə üzvü olmur. Bağlayıcı müstəqil lüğəvi mənaya malik
olmadığı üçün söz yaradıcılığında iştirak etmir. Bu köməkçi
nitq hissəsi söz birləşməsinin tərəfləri və cümlənin üzvləri
arasında əlaqə yaradır. Nitqdə oynadıqları rola və daşıdıqları
vəzifəyə görə bağlayıcılarla qoşmalar arasında müəyyən
oxşarlıqlar vardır. Üçün, ötrü, görə qoşmalarının o, bu
əvəzlikləri ilə birləşərək yaratdığı bağlarıcılarla həmin
qoşmaların mənaları arasındakı oxşarlıq aydın hiss olunur. İlə
sözünün həm qoşma, həm bağlayıcı kimi işlənməsi də bunların
arasında yaxınlığın olmasını göstərir. Lakin qoşmalarla
bağlayıcıların arasında aşağıdakı mühüm fərqlər də vardır:
1.Bağlayıcılar quruluşca sadə, düzəltmə və mürəkkəb
olduğu halda, qoşmaların quruluşu sadə olur.
2. Qoşmaların inkişaf prosesində şəkilçiləşməyə doğru
meyl güclü olduğu halda, bağlayıcılarda bu xüsusiyyət
görünmür.
3.Qoşmalardan fərqli olaraq, bağlayıcılar nə təklikdə, nə
də hər hansı sözlə birlikdə cümlə üzvü ola bilmir.
4. Bağlayıcılar sözlər və cümlələr arasında işləndiyi
halda, qoşmalar bir qayda olaraq qoşulduğu sözdən
sonra işlənir.
5.Bağlayıcılar heç bir şəkilçi qəbul edə bilmir.
Müasir Azərbaycan dili
101
6.Bağlayıcıların ismin halları ilə əlaqəsi yoxdur.
Qoşmalar isə ismin müxtəlif hallarını güclü idarəetmə
qabiliyyətinə malikdir.
7.Qoşmaları heç bir durğu işarəsi ilə əvəz etmək
mümkün olmadığı halda, bağlayıcıları durğu işarələri
ilə də əvəz etmək olur.
Bağlayıcıların təsnifi. Bağlayıcılar aşağıdakı cəhətlərə
görə təsnif olunur:
1. Sintaktik vəzifəsinə görə,
2. Mənasına görə,
3. Quruluşuna görə.
Sintaktik vəzifəsinə görə bağlayıcıların iki növü vardır:
1.Tabesizlik bağlayıcıları;
2.Tabelilik bağlayıcıları.
Tabesizlik bağlayıcıları bərabərhüquqlu sözlər və
cümlələr arasında əlaqə yaratmağa xidmət edir. Məsələn , və, və
ya, həm, həm də, amma, ancaq, lakin və s . Tabesizlik
bağlayıcıları həmcins üzvlər, bərabərhüquqlu tərəflər və tabesiz
mürəkkəb cümlənin tərkib hissələri arasında işlənir.
Tabelilik
bağlayıcıları isə bir qayda olaraq tabeli
mürəkkəb cümlənin qurulmasında müstəsna əhəmiyyət daşıyır,
budaq cümləni baş cümləyə bağlayır. Məsələn , ki, guya ki,
hərçənd ki, çünki, əgər, yoxsa və s . tabelilik bağlayıcılarıdır.
Bağlayıcıları daşıdıqları sintaktik vəzifəsi ilə əlaqədar
olaraq məna növlərinə görə də iki hissəyə ayırmaq olar:
1. Tabesizlik bağlayıcılarının məna növləri. 2. Tabelilik
bağlayıcılarının məna növləri. Tabesizlik bağlayıcılarının məna
növləri aşağıdakılardır:
1. Birləşdirmə bağlayıcıları: və, ilə (-la,-lə); Çox
keçməmiş yasavulların hamısı atlandı və bütün dəstə getdiyi
yolla geri qayıtmağa başladı.(M. Hüseyn) və s.
2. Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin;
Bizim havalara oxşarı yoxdu, ancaq ürək açan xalları çoxdu.
(M.Rahim) Qarı düşmən onları özünə tabe edir, amma
Gülarə Abdullayeva
102
bununla da onlardan əl çəkmir.(M. İbrahimov) Bu sükut ani idi,
lakin çox mənalı idi. (M.Cəlal) və s.
3. Bölüşdürmə bağlayıcıları: ya, ya da, yaxud, yaxud da,
gah, gah da, istər, istərsə də, yainki, və ya, və yainki və s.
Bilmirdi bu həngamə həqiqətdi, ya vahimədi, olan şeydir,
xəyaldır, aşkardır, ya yuxudur. (M. Cəlal)
4.İştirak bağlayıcıları: həm, həm də, həmçinin,
həmçinin də, da, də, habelə, o cümlədən; Qızı Bakıya gedəndən
sonra Məsmə həm sevinmiş, həm də qüssələnmişdi. (M. Cəlal)
5.İnkar bağlayıcıları: nə, nə də, nə də ki; Çünki nə
Qaçay bizi görüb, nə də ki biz Qönçənin üzünü görmüşük.
(B. Bayramov)
6.Aydınlaşdırma bağlayıcıları: yəni, yəni ki, məsələn;
Bu gündən məsuliyyətimiz daha da artır, yəni hər kəs nə
edəcəyini, özü də necə edəcəyini dəqiq ölçüb-biçməlidir. (Ə.
Vəliyev)
7. Qoşulma bağlayıcıları: həm də, bir də, özü də; Amma
bu qırxıncı hamısından cavandır, özü də xalis od parçasıdır.
(M. İbrahimov)
Tabelilik bağlayıcılarının da aşağıdakı məna növləri
vardır:
1.Aydınlaşdırma bağlayıcıları: ki, belə ki; Şəkk-şübhə
yox idi ki, indi bu binada başqa adamlar yaşayırdı. (Elçin)
Müzakirəyə çıxarılmış məsələlər yaxşı həll olundu, belə ki,
hamı razı qaldı.
2. Səbəb bildirənlər: çünki, zira, ona görə ki, ondan
ötrü ki, o səbəbə ki; O, üzünü Tahirə tərəf çevirdi, ona görə ki,
onunla gizli danışmaq istəyirdi. (M. Hüseyn)
3. Nəticə bildirən bağlayıcılar: ona görə, buna görə, ona
görə də, buna görə də, onun üçün də, bunun üçün də və s .; Siz
düz danışırsınız, ona görə də mən sizdən incimirəm.
(M. İbrahimov)
Müasir Azərbaycan dili
103
4. Şərt bağlayıcıları: əgər, əgər ki, hərgah, hərgah ki;
Əgər Ələsgər razı olsa, Mürsəlin oğlunu onlarda gizlədərik.
(Ə. Vəliyev)
5. Qarşılıq-güzəşt bağlayıcıları: hərçənd, hərçənd ki,
indi ki, madam, madam ki və s .; Hərçənd ilk söz böyüyündür,
ancaq Mədət adəti pozub dedi.(Ə. Vəliyev)
Quruluşuna görə bağlayıcıların üç növü var: sadə, düzəltmə,
mürəkkəb bağlayıcılar. Sadə bağlayıcılar bir kökdən ibarət olur
və tərkib hissələrinə ayrılmır. Məsələn, və, həm, ki, ya, da, də,
gah, amma, əgər, ancaq, lakin, hətta, yəni, nə və s. sadə
quruluşlu bağlayıcılardır.
Düzəltmə bağlayıcılar
əsas nitq hissələrinin
quruluşundan fərqlənir. Belə ki, düzəltmə bağlayıcıların
tərkibində heç bir sözdüzəldici şəkilçi iştirak etmir. Bu
bağlayıcılar ya bağlayıcı ilə başqa bir hissəciyin, ya bağlayıcı
ilə başqa bir sözün, ya da bir sözlə bir hissəciyin
birləşməsindən əmələ gəlir və sadə bağlayıcılığa doğru inkişaf
edir. Düzəltmə bağlayıcılar bunlardır: çünki, yaxud, hərgah,
hərçənd, nəinki, yainki, habelə, yoxsa və s.
Mürəkkəb bağlayıcılar dilimizdə daha çox işlənir.
Bunlar ən azı iki sözdən ibarət olur və ayrı yazılır. Mürəkkəb
bağlayıcılar müxtəlif yollar və vasitələrlə əmələ gəlir.
Əmələgəlmə yoluna görə mürəkkəb bağlayıcıları iki qrupa
ayırmaq olar:
1. Sadə və düzəltmə bağlayıcılardan əmələ gələnlər.
Məsələn , həm də, və həm də, gah da, ya da, yaxud da, nə də,
nə də ki, hərçənd ki, və hərçənd ki və s .
2. Müxtəlif sözlərlə bağlayıcıların birləşməsindən
əmələ gələnlər. Bu bağlayıcıların əmələ gəlməsində o, bu işarə
əvəzlikləri, üçün, ötrü, görə qoşmaları və bəzi bağlayıcılar
xüsusi rol oynayır. Məsələn , on görə, ondan ötrü, onun üçün,
ona görə də, onun üçün ki, ondan ötrü ki, lakin bununla belə,
amma bununla belə, ancaq bununla belə və s.
Gülarə Abdullayeva
104
Dostları ilə paylaş: |