UĞURSUZLUĞA İNANMAQ - «Onlara bolluq qismət olduğu zaman: Bu bizim (haqqımızdır) deyər, bir pislik üz verdikdə isə bunu (bir uğursuzluq, nəhslik kimi) Musadan və yanındakılardan görərdilər. Agah olun ki, onların başına gələn uğursuzluq (nəhslik) Allahdandır. Lakin onların əksəriyyəti (bunu) bilməz». (əl-Əraf 131). Fironun ailəsi bədbəxtliyə uğrayanda bunu Musa və onunla olanlarla əlaqələndirib deyərdilər: «Bunların hamısı Musanın və onun səhabələrinin ucbatından-dır». Lakin Allah bu şeyi təqzib edir. «Harada olursunuz olun, hətta uca qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaqdır. Onlara bir xeyir yetişdikdə: Bu Allahdandır – deyirlər, bir pislik üz verdikdə isə: Bu səndəndir – söyləyərlər. (Onlara) de: Hamısı Allah tərəfindəndir. Bu cəmaata nə olub ki, az qala söz də anlamır! Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir. Biz səni insanlara Peyğəmbər göndərdik. Allahın buna şahid olması (sənə) kifayət edər». (ən-Nisa 78-79).
Ərəblərdə biri səfər etmək və hər hansısa bir iş görmək istədikdə bir quş uçurardı. Əgər quş sağ tərəfə uçsaydı o, işi uğurlu sayardı, yox əgər sol tərəfə uçsaydı uğursuzluq sayar və o, işdən əl çəkərdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Uğursuzluğa inanmaq şirkdir»1484. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim quş uçurmaqla (işin nəhs gətirməyinə inanıb) işindən qalsa şirk etmiş olur». Soruşdular: «Bəs bu günahı nə ilə yumaq olar?». Peyğəmbər: «İlahi nə Sənin verdiyin xeyirindən başqa xeyir yoxdur, nə də Sənin (uçmasına) izn verdiyin quşdan başqa quş yoxdur və səndən başqa ilah yoxdur»1485. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Quş uçuran və onun üçün quş uçurulmasını istəyən, kahinlik edən və etdirən, cadu edən və etdirən bizdən deyildir»1486.
Tövhid əqidəsinə zidd olan belə haram əməllərdən: Ayların uğursuz olmasına inanmaq (Cahiliyyə ərəbləri Səfər ayında evlənməzdilər. Çünki bu ayı uğursuz ay sayırdılar və aylarda baş verən nigahın uğursuz olduğuna da inanırdılar. Bu ayı boş bir ay sayardılar. Aişə - radıyallahu anhə – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – mənimlə bu ayda evləndikdən sonra bu xurafata son qoydu), günlərin uğursuzluğuna inanmaq (Birinci gün ağır gündür. Bu gündə iş görmək olmaz, beşinci günü ayın 13-nə düşərsə), rəqəmlərin uğursuzluğuna inanmaq (on üç rəqəminə), adların və ya şikəst adamların bədbəxtlik gətirməsin inanmaq (dükançının ilk alıcısı şikəs birisi olarsa o, günü ticarətin zəif olmasına inanmaq) və s. bu kimi xurafatlara inanmaq. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Nə xəstəliyə yoluxma (infeksiya), nə işin nəhs gətirməsi, nə bayquşun ulaması, nə də Səfər ayının nəhs ay olması, ulduzların da təsiri yoxdur, təşəüm (hər hansı bir şeyi uğusuzluq saymaq) da yoxdur, qulyəbani də yoxdur, şərr qüvvələrdə»1487. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Nə xəstəliyə yoluxma, nə də işin nəhs gətirməsi doğrudur. Lakin gözəl bir söz, xoş bir kəlimədən ibarət olan fal mənim xoşuma gəlir»1488. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Uğursuzluğa inanmaq şirkdir. Ona inanan adam heç bir vəchlə bizdən deyildir»1489.
Bütün bunlar quşların uçuşu, qara pişiyin yoldan keçməsi, həftənin müəyyən günlərini, gecə vaxtı dırnaq tutmaq, ev süpürmək, qaşıq düşdü qonaq gələcək, gecə vaxtı güzgüyə baxmazlar və s. müxtəlif əşyaları, sözləri yozmaqla bədbinliyə qapanmaqdır. Allah mövhümatçılığı haram buyurub və pis əlamətləri inanları qınayır. O, gözəl əlamətləri sevir və pis əlamətlərə nifrət edir. Bu iki anlayış arasında xeyli fərq vardır. Xoş əlamət insanın əqidəsinə və şüuruna təsir etmir. Həmçinin onun qəlbini Allahdan başqa heç nə ilə bağlamır. İnsan bəd əlamət gördükdə qəti etmək fikrində olduğu işdən imtina edə və ya hansısa işdən dönə bilər. Bu da insanın qəlbinin bu haram əmələ bağlandığını və öz iradəsini və inancını ona tabe edərək onun ardıyca gedir. Şübhəsiz ki, bu da onun Allaha olan inamına, Tövhidinə və təvəkkül etməyinə təsir edir. Bu kimi fikirlər insana gələrsə bununla mübarizə aparmalı Allaha sığınmalı və Ondan kömək diləməlidir.
Dostları ilə paylaş: |