O, el üçün keçdi candan,
O, yaşadı insan kimi.
Demə oldu o qəhrəman,
O müqəddəs diləklərdə,
Bir də təmiz ürəklərdə
Yaşayacaq dastan kimi.
İlk təyyarəçimiz Fərrux ağa Qayıbovdan yazmaq, tədqiqat aparmaq ilk dəfə
mənə 1975-ci ildə müyəssər oldu.
O vaxtlar, yəni 70-ci illərdə qeyri-rəsmi də olsa çar zabiti Fərrux ağa
haqqında yazmaq, onu təbliğ eləmək o qədər də yaxşı qarşılanmırdı.
Fərrux ağa haqqında ilk dəfə 1942-ci ildə general Əliağa Şıxlinski balaca bir
məqalə yazıb. Mən həmin məqaləyə 1977-ci ildə arxivdə rast gəldim. Şübhəsiz ki,
generalın məqaləsi köməyimə gəldi. Belə bir igid haqqında axtarış aparmalı oldum.
Çünki generalın məqaləsi çox qısa idi. Tiflis arxivinə getdim. Qazaxdakı bəzi
qocalarla görüşdüm. Bir müddət 1916-cı il qəzet və jurnallarını vərəqlədim. O vaxt
1914-cü ildə nəşr olunmuş “Müharibənin salnaməsi”ni oxudum. Peterburq
arxivlərində axtarış apardım. Ən çox köməyimə gələn mərhum Zülfüqar Qayıbov
oldu. Hətta Zülfüqar müəllim dedi ki, nahaq zəhmət çəkirsən, bu yazını heç kim
dərc etməyəcək. Nə isə... Bir çap vərəqi həcmində “İlk səma şahinimiz” adlı yazını
“Azərbaycan ” jurnalına təqdim etdim. Baş redaktor İsmayıl Şıxlı şəxsən özü
yazını oxuyub “Azərbaycan” jurnalının 1978-ci il ikinci nömrəsində dərc etdi.
Sonra Kinostudiya ilə Fərrux ağa haqqında on dəqiqəlik sənədli film çəkdik.
Kinostudiyanın o vaxtkı rəhbərliyi filmi ekrana buraxmadı. “Olmaz - dedi - Lenin
Birinci Dünya müharibəsi haqqında belə deyib, elə deyib. Həm də Fərrux ağa çar
zabiti olub”. Film indi də arxivdə qalır...
1971-ci ildə aviasiya marşalı Pavel Kutaxov Qazax-Tovuz bölgəsindən SSRİ
Ali Sovetinə deputat seçilib. Bir il sonra seçiciləri ilə görüşə gələn marşala Qazax
ağsaqqalları, ziyalıları deyiblər ki, Birinci Dünya müharibəsində təyyarəçi
həmyerlimiz igidliklə həlak olub. Marşal inanmayıb. Ona sənəd, şəkil tapıb sübut
edə bilməyiblər. Onda marşal deyib ki, Moskvaya qayıdanda arxivi yoxlatdıraram.
Əgər doğrudan da sizin həmyerliniz təyyarəçi olubsa, mən ona bir heykəl, bir
nişangah qoydurmağa söz verirəm. Arxivi yoxlatdırıb dəqiqləşdirəndən sonra bir
nömrəli heykəl-təyyarə göndərib. Üzərində də belə bir lövhə: “İlk Azərbaycan
təyyarəçisi Fərrux ağa Qayıbovun xatirəsinə”.
Lakin o vaxtı raykom katibi Fərruxun adına olan lövhəni sökdürüb əvəzində
belə bir yazı həkk etdirib: “Böyük Vətən müharibəsində həlak olanların
xatirəsinə”.
Lakin Qayıbovdan başqa Qazax rayonundan Böyük Vətən müharibəsində
təyyarəçi kimi vuruşub həlak olan nə əsgər var, nə də zabit.
Həmin səhv vurulmuş lövhə indi də qalır.
Fərrux ağa çox gənc yaşında həlak oldu. İyirmi üç yaşında. Onun
qəhrəmanlığı, igidliyi bu günkü gənclərimizə nümunə qaldı. Bir də 1913-çü ildə
Peterburq Mixaylovsk hərbi məktəbini bitirəndə ona əla qurtardığına görə
İsveçrənin “Pavel-Bure” firmasında hazırlanmış saat bağışlanıb. Üstündə belə bir
yazı ilə: “Əlaçı yunker Fərrux ağa Qayıbova, 1913-cü il”. Saat hazırda Fərruxun
bacısı oğlu Turan Seyidovda saxlanılır. Bir də muzeydə bir yaylıq saxlanılır. Onu
muzeyə general Şıxlinski təqdim edib. Üstündə yazılıb ki, bu yaylıq ilk pilotumuz
Fərrux ağa Qayıbova məxsusdur.
Hazırda Fərrux ağanın maarifçi nəsli haqqında kitab yazıram. Bir neçə ildir
ki, bu sahədə axtarışlar aparıram. Kitabımın adı “Nəsli Qayibdən...”dir. Bu nəsil
Azərbaycan tarixinə çox böyük maarifçilər verib. Bu nəsildən Qori və Qazax
Seminariyalarında 20-yə yaxın adam oxuyub. O da məlumdur ki, Qori
seminariyasında Azərbaycan şöbəsinin 1879-cu ildə açılmasına ilk dəfə təşəbbüs
göstərən məşhur din alimi və maarifçi Mirzə Hüseyn Əfəndi Qayıbzadə olmuşdur.
Onun dörd cildlik “Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” adlı
çax sanballı əsəri var. Mirzə 1860-cı ildə yazdığı bu kitabı maddi vəsaiti
olmadığına görə nəşr etdirə bilməyib. Həmin kitabın birinci cildi 1986-cı ildə,
ikincisi isə 1989-cu ildə professor Cahangir Qəhrəmanov və Şamil Cəmşidov
tərəfindən nəşr olundu. Bu nəsildə iki nəfər hərbçi olub. Əbdülkərim ağa
Qayıbov, bir də Fərrux ağa Qayıbov. Qayıbovlar nəslinin oğlu, qızı bütün
varlığı ilə xalqımıza baş ucalığı gətirib. Bu o Qayıbovlardır ki, general İsmət
Qayıbov kimi oğulları, ilk pianoçu qadın Xədicə xanım Qayıbova kimi qızları
ilə tarixdə yaşayırlar. Taleyin hökmünə bax ki, Fərruxdan 80 il sonra Vətəninin,
xalqının səadəti uğrunda İsmət Qayıbov da təyyarədə həlak oldu. Rəhmətlik
İsmət deyərdi ki, Şəmistan, bizim nəsildən kitab yaz, özüm nəşr etdirəcəyəm.
Qismət olmadı...
* * *
Deyirlər, qədim Misirin qəbirüstü abidələrinin çoxunda belə bir yazı var:
“Həlak olanın adını yad etmək onu həyata qaytarmağa bərabərdir”. Bəli, şərəflə
ölənlərə ölümsüzlük qismət olur. Əgər oğul döyüş meydanında həlak olursa, o,
dirilərin and yerinə çevrilir və xatirəsi əbədiləşir. Ən qorxulu cəza unudulmağa
məhkum olunmaqdır. Bu mənada ilk təyyarəçimiz Fərrux ağa Qayıbovun qısa
ömrünə, bioqrafiyasına nəzər salsaq, onun ölumsüzlüyünün şahidi olarıq. Fərrux
ağa Qayıbov həlak olandan sonra Baş Qərargahın verdiyi məlumatın ikinci
cümləsini oxuyanda istər-istəməz fəxr edirsən: “Poruçik Qayıbovu şərəfli ölümü
münasibətilə almanlar hərbi ləyaqətlə dəfn ediblər. Məzarı üstündə
yaylım atəşi açıblar”.
Əlbəttə, düşmən də olsa cəngavərlərə məxsus hərbi əxlaqi ədalətlə
eloğlumuzu 1916-cı il sentyabrın 12-də dəfn etmişdi. Düşmən də olsa, almanlar
eloğlumuz Fərrux ağa Qayıbovu öz əsgəri, öz igidi kimi ehtiramla torpağa
tapşırmışdı. Bu, bizim Azərbaycan hərb tarixinin solmayan səhifəsi oldu. Təəssüf
ki, biz belə qəhrəmanlarımızı və qəhrəmanlıq səhifəmizi nə az, nə çox - düz səksən
ilə yaxındı unutmuşuq. Hətta rus marşalının onun xatirəsini əbədiləşdirmək üçün
göndərdiyi bir nömrəli heykəl təyyarənin üstünə Fərrux ağa Qayıbovun adının
yazılmasına belə razılıq verilməyib. Böyük şairimiz M.Ə.Sabir bu yerdə demişdir:
Dindirir əsr bizi, dinməyiriz,
Atılan toplara diksinməyiriz,
Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz,
Quş kimi göydə uçur yerdəkilər,
Bizi gömdü yerə minbərdəkilər.
M.Ə.Sabirin “göylərə balonlarla çıxmaq” kimi işıqlı arzusunu Azərbaycanda
ilk dəfə Fərrux ağa Qayıbov həyata keçirmişdi. Bunun da səbəbi var: Fərrux ağanın
əmisi, məşhur maarifçi Səməd ağa Qayıbov, C.Məmmədquluzadə, Ü.Hacıbəyov,
M.Ə.Sabir, S.M.Qənizadə, F.Köçərli kimi xalqının gələcəyini, tərəqqisini düşünən
görkəmli adamlarla yaxın dost idi. Fərrux ağanın atası Kərim ağa cavankən vəfat
etdiyindən o, əmisinin himayəsində böyüyüb tərbiyə almışdı. Böyük M.Ə.Sabir də
bu şeri yazdığı illərdə Tiflisdə müalicə olunurdu. Bu yandan da həmkəndlisi
“Artilleriyanın Allahı” general Əliağa Şıxlinski Fərrux ağanın bu arzusuna dayaq
olmuşdu.
Azərbaycanda təyyarəçilik, aviasiya tarixi 1910-cu ildən ilk şahin Fərrux ağa
Qayıbovun adı ilə bağlıdır.
Yaxşı ki, əlyazmaları, arxiv sənədləri yanmır, məhv olmur. İstəyirsən ki,
tarixin yaşasın, arabir arxaya da boylanmalısan. Onda Azərbaycan Dövlət Tarix
Muzeyinin nadir fondunda saxlanan bir fotoşəklin arxasındakı yazını oxuyacasan:
“Birinci Dünya müharibəsi illərində paraşütdən tullanan azərbaycanlı zabit Soltan
Əhmədov. 1915-ci il”. Bu da say etibarilə ikinci təyyarəçimizdir, səksən ildən
sonra yalnız foto-şəklini aşkar etmişik. Tarix isə tükənmir, amma tarixin təkəri
fırlanır. Onu irəliyə, gələcəyə fırlatmaq üçün güclü qol, bir də sinədə Vətən üçün
döyünən ürək olmalıdır. Yaxşı ki, qehrəmanlıq unudulmur. Səməd Vurğun
demişkən:
Unutmaz tarixin böyük günləri,
Dünyaya mərd gəlib, mərd gedənləri.
CÜMHURİYYƏTİN SƏMA
ŞAHİNLƏRİ
Azərbaycan dövləti, hərbi hava quvvələrini
möhkəmlətmək üçün 1920-ci ildə on iki
hidro-plan və altı aeroplan almalı idi.
Arxiv sənədi
1918-20-ci illərdə Milli Ordumuzda hərbi təyyarəçilərimiz olubmu? Bu
barədə Azərbaycan Dövlət Yeni Tarix Arxivində məlumata rast gəlmək olur.
Müdafiə naziri, general Səməd bəy Mehmandarov 1919-cu il yanvarın 22-də
Gürcüstan Respublikasının nəzdində ADR-in diplomatik numayəndəsi Məmməd
Yusif Cəfərovun adına belə bir məktub göndərmişdir:
“Əlahəzrət Məmməd Yusif bəy!
Bizim qoşunların təşkili işində yaxından iştirak etdiyinizə görə Sizdən
razıyam və minnətdaram. Radioteleqraf işinin təlimi üçün iki zabiti və ya giziri,
lazımi təhsili olan on iki cavanı Sizə ezam edə bilərəm. Onların məktəbə gəlmək
vaxtını əvvəlcədən xəbər verməyinizi xahiş edirəm.
Bununla yanaşı, xahiş edirəm aydınlaşdırasınız ki, azərbaycanlıların da
Tiflisdə yerləşən təyyarəçilik məktəbinə həmin şərtlərlə qəbulu mümkündürmü?”
Həmin il sentyabrın 14-də hərbi nazir orduda aviasiya dəstəsini yaratmaq
haqqında əmr verib. Gürcüstanda doqquz nəfər Tiflis Aviasiya məktəbində üç aylıq
kurs bitirib Azərbaycana qayıtmışdır. Bunlar ikinci Bakı alayının praporşikləri
Əlihüseyn Dadaşov, Teymur Mustafayev, Gəncinski, birinci Cavanşir piyada
alayının podporuçiki Əliyev, birinci artilleriya briqadasından kapitan şahzadə
Firidun bəy Qacar, üçüncü Gəncə süvari alayından praporşik Həsənzadə,
praporşik Qaraşarov və başqaları idi.
Arxivdə general S.Mehmandarovun və M.Sulkeviçin imzaladığı 370 nömrəli
əmr də saxlanılır. 1919-cu il avqustun 19-da verilən əmrdə göstərilir ki, hərbi
təyyarəçi podporuçik Xan Teymurçin Əfşar Azərbaycan Ordusunun Baş Qərargah
İdarəsində aviasiya dəstəsinin rəisi təyin edilsin. Ona hərbi təyyarəçi kimi maaş
verilsin.
Bu barədə Baş Qərargah rəisi, general Məmməd bəy Sulkeviçin 1920-ci il
yanvarın 28-də Şuşadan Bakıya, kvartir-meyster generalının adına vurduğu
teleqram saxlanılır:
“Gürcü təyyarəçilərinin Svanetidə üsyanı yatırmaq üçün təcrübəsi, çətin
keçilə bilən dağ yerlərində bu üsulun əlverişli olduğunu subut etdi. Gürcü
təyyarəçilərinin arasında beş pudluq bombanı üsyan etmiş kəndin uzərinə atmış
leytenant Makayev də var idi. Bu təcrübədən elə o cür, tez, qəti nəticələr baş verə
bilən Zəngəzurda da istifadə etmək olar. Telefon vasitəsilə Tiflislə əlaqə saxlayıb,
məsələni aydınlaşdırın, Zaxaryadze ilə gürcü dilində danışın. Bir aeroplan
göndərmək olar, özü də təyyarəçi Xan Əfşar Teymurçin ola bilər. Beləliklə,
gürcülər gürcü zabitlərinin bizim daxili ekspedisiyalarda iştirakını qadağan edən
hərbi konvensiyanı pozmurlar. Uçuşlar qısa olacaq, uçuş radiusu 100 verstdən uzaq
olmayacaq. Aviasiya bazası Şuşada və ya Xankəndindədir. Cavabı mənə teleqrafla
çatdırın. Yanvarın 29-da Xankəndində, 30-da Yevlaxda, 31-də isə Bakıda
olacağam, bu halda cavabı mənə evə çatdırın. Yevlaxa vaqon göndərmək üçün
komendanta tapşırıq vermişəm.
Baş Qərargah rəisi M.Sulkeviç”.
Qanlı-qadalı iyirminci ilin apreli gəldi. Bu tarixdə daşnak-bolşevik qoşunu
ölkəmizə soxuldu. Bu igidlərin də payına sürgün, ölüm və təqiblər düşdü. ÇK-nın
qəddarlığı ilə yüzlərlə azərbaycanlı əsgər və zabitin şöhrəti unudulub yaddan çıxdı.
Onların adı yalnız məhkəmə protokollarında və xatirələrdə qaldı.
Milli Ordumuzun hərbi təyyarəçisi Xan Əfşar Teymurçin haqqında rast
gəldiyim daha bir sənəd görkəmli pianoçu və Bakıda Şərq konservatoriyasının
yaradıcısı Xədicə xanım Qayıbovanın dindirilmə protokoludur. 1933-cü ildə
“casus” kimi həbs edilən ilk pianoçu Xədicə xanım 1938-ci ildə ikinci dindirilmədə
demişdir; “Təyyarəçi zabit Xan Əfşar Teymurçinlə məni indi xalq düşməni kimi
ifşa olunmuş Çingiz İldırım tanış etmişdir”.
“Dəstəmizə hərbi kadrları könüllülərdən yığırdıq. Onların çoxusu
yoxlanılmamış və naməlum adamlar olub. Sənin əqidən Qızıl Orduda xidmət
etməyinin ziddinə deyil ki sualıma o, belə cavab verdi:
- Mənim əqidəm mənə veriləcək pulun miqdarından asılıdır.
Bu cavabdan məlum oldu ki, Əfşar etibarlı adam deyil, ona görə də biz onu
təyyarəçi vəzifəsinə götürmədik. O, Azərbaycan hava donanmasında işə düzəldi.
Bir xeyli işləyəndən sonra Əfşar həkim işləyən həyat yoldaşı ilə qaçıb İrana getdi”.
/Marşal S.A.Krasovski, “Jizni v aviasii” kitabı, 1960-cı il, səh. 46/.
Vəssalam. Təyyarəçi Xan Əfşar Teymurçinin son taleyi necə olub, məlum
deyil.
* * *
1919-cu ildə Milli Ordumuzda təyyarəçi kimi xidmət edən Mahmud
Mahmudzadənin 1927-ci ildə Solovki həbs düşərgəsindən yazdığı məktubdan
sətirlər:
“...1896-cı ildə Lənkəranda anadan olmuşam. On üç yaşına qədər məktəbdə
oxumuşam. Ərəb və fars dillərini öyrənmişəm. İki il Lənkəran üçillik məktəbində
ibtidai təhsil almışam, sonra gimnaziyaya daxil olmuşam. 1918-ci il fevralın 23-də
gimnaziyanı ekstern yolu ilə bitirmişəm. Ali təhsilimi yarımçıq qoyub əlimə silah
alaraq, millətimi, torpağımı təcavüzkarlardan xilas etmək məcburiyyətində
olmuşam.
Süvari praporşikliyindən başlayaraq, artilleriyaya keçib 1919-cu ildə Tiflisdə
aviasiyaya düşdüm.
34
1920-ci ildə Bakıya qayıtdım. Azərbaycan Ordusunun Baş
Qərargahı məni və dörd dostumu hərbi hava məktəbinə göndərdi.
Məktəbin rəisi, hərbi təyyarəçi Pavlov bizim aviasiya biliyimizi yoxlayandan
sonra hamımızı nəzəriyyədən təcrübəyə keçirdi. Bizə M-5 hidro-təyyarəsini
starşina Karpuxinin rəhbərliyi ilə yığmağı tapşırdılar. Mənim yoldaşlarım Teymur
Mustafayev, Əlihüseyn Dadaşov, Əhədəli Əjdər Həsənzadə, Məlik Mikayıl Mirzə
idi.
M-5 sınaq təyyarəsini yığandan sonra növbə ilə uçmağa başladıq. 1921-ci
ildə ilk uçan Teymur Mustafayev oldu. O, məşq edib hərbi təyyarəçi rütbəsini aldı.
1922-ci il sentyabrın 22-də mən də uçdum. Məndən sonra Əlihüseyn Dadaşovu və
kursant Əsəd Əliyevi uçuşa buraxdılar. Əlihüseyn Dadaşov və mən əlavə imtahan
verib hərbi təyyarəçi rütbəsi aldıq.
34
Аrхivdə gizir М Маhmudzаdənin охumаsı hаqqındа Аzərbаycаn Rеspublikаsının hərbi аttаşеsinə göndərdiyi bеlə
bir rаpоrt sахlаnılır: "Diqqətinizə çаtdırırаm ki, iyulun 4-də Тiflis şəhərinə çаtdım və аviаsiyа məktəbində dərslərə
bаşlаdım" -müəl.
1923-cü ildə məni Sevastopol yaxınlığındakı Kaçinski hərbi aviasiya
məktəbinə göndərdilər...
1926-cı il oktyabrın 25-də həbs olundum. Səbəbini soruşdum, dedilər ki,
1920-21-ci illərdə xalq arasında milli məsələ ilə bağlı söhbətlər aparmısan.
Məndən bir az əvvəl Əlihüseyn Dadaşovu və Teymur Mustafayevi həbs etmişdilər.
Bizi əlli ikinci maddə ilə beş il müddətinə Solovki adalarındakı həbs düşərgələrinə
göndərdilər”.
* * *
Gərgin axtarışlardın sonra Mahmud Mahmudzadənin haqqında danışdığı
azərbaycanlı təyyarəçilərdən ancaq birinin kimsəsini tapa bildim - Teymur
Mustafayevin qardaşı, ağsaqqal İsrafil müəllimi. Unudulmuş, yaddan çıxmış
qardaşının adını eşidəndə qocaman müəllimin uşaq kimi kövrəldiyini təsvir etmək
çətindir...
Qardaş həsrətli İsrafil müəllim:
- Qardaşımın adı iyirminci illərdə dastan idi, - dedi, - hamı - böyük də, kiçik
də onunla fəxr edirdi. Atam, anam isə bu şöhrətdən bərk narahat idilər.
“Bu xoşbəxtliyi bizə çox görmə, ay Allah” deyib dua edirdilər. Kasıb ailə
idik. Teymur işləyəndən sonra güzəranımız yaxşılaşdı. O, məndən böyük idi.
1896-cı ildə Bakıda anadan olub. Atam dülgər; idi. 1919-cu ildə hökumət onu
pulsuz-parasız məktəbə götürəndə atam xoşbəxtliyindən özünə yer tapa bilmədi.
1922-ci ildə əlaçı pilot Teymur Mustafayevə iki mükafat verildi. Noyabrın
on dördündə yüz səksən nömrəli əmrlə Respublikanın Qırmızı Bayraq Ordeni ilə
təltif olundu. Həmin il aprelin iyirmisində Respublika Hərbi Dəniz Komissarlığının
yüz otuz iki nömrəli əmrilə Teymur uçuşda qazandığı müvəffəqiyyətlərə görə üstü
yazılı qızıl saatla mükafatlandırıldı.
Təyyarəçi Teymur Mustafayev 1924-cü ildə Xəzərin üstü ilə beş yüz - altı
yüz metr məsafədən uçarkən dəniz səthinin bir sahəsində yağlı neft ləkələri
müşahidə edir. O, bu barədə Neft Təsərrüfatı Nazirliyinə məlumat verir. Həmin
illərdə respublikamızda hərbi xidmətdə olan, sonralar Sovet İttifaqı Marşalı, Sovet
İttifaqı Qəhrəmanı Stepan Akimoviç Krasovski yazır ki, Xəzərdə ilk dəfə neftin
olmasını azərbaycanlı təyyarəçi Teymur Mustafayev kəşf etmişdir, desək,
yanılmarıq.
İyirminci illərin sonunda ölkədə ilk siyasi proseslərdən birinə başlandı. Gizli
anti-sovet təşkilat olan “prom-partiya” /sənaye partiya/ ittiham edilirdi. Guya bu
təşkilat burjua-texniki ziyalılarından ibarət yuxarı təbəqənin bir hissəsini birləşdirir
və sərhədin o tayının köməyinə, digər əksinqilabi qüvvələrin yardımına
arxalanaraq SSRİ-nin sənaye və nəqliyyat sahələrində pozuculuq fəaliyyəti
göstərirmiş. Həmin iş üzrə ölkədə bir çox məşhur aviasiya konstruktorları,
təyyarəçi və mühəndislər həbs edildilər.
Azərbaycanlı təyyarəçi Teymur Mustafayev də guya “sərhəddin o tayının
köməyinə” gedənlərdən biri olub. Yalan və haqsızlığın qurbanı olan Teymur 1926-
cı ildə həbs edilərək əvvəl Solovki adalarına, sonra isə Qazaxıstanın Karaqanda
şəhərinə sürgün edilir. Şəxsiyyətə pərəstiş dövrünün ilk qurbanlarından olan
həmyerlimiz burada da fəaliyyətini dayandırmır. O, Karaqandada yenicə açılan daş
kömür mədənlərinin inkişafında yaxından iştirak edir. T.Mustafayev “Karaqanda-
kömür” mədənlərində müxtəlif məsul vəzifələrdə qaz generatorları qurğusunun
hazırlanması və Böyük Vətən müharibəsi illərində cəbhə üçün yük
avtomobillərinin əsaslı təmirində böyük əmək sərf etmişdir.
Dövlət onun müharibə illərindəki və müharibədən sonrakı xidmətlərini
nəzərə alaraq “Böyük Vətən müharibəsində fədakar əməyinə görə”, “Əməkdə
fərqlənməyə görə” və “Xam torpaqların istifadəyə verilməsinə görə” medalları ilə
təltif etmişdir. Həmyerlimiz həm də “Üçüncü dərəcəli dağ mühəndisi”fəxri adına
layiq görülmüşdür.
Ömrünün axırına kimi Vətəndən uzaqlarda yaşayıb işləyən Teymur
Mustafayevin səksən illik yubileyini 1976-cı ildə Karaqanda ictimaiyyəti
keçirmişdir.
V.Jilkin familiyalı müəllif “İndustrialnaya Karaqanda” qəzetinin 27 oktyabr
1976-cı il tarixli nömrəsində “Yaxşı insan haqqında” məqaləsində yazır:
“Ucaboy, çevik və həmişə gülümsər sifətli Teymur Mustafayevi mədənçilər
şəhərində hamı qayğıkeş bir adam kimi tanıyır. O, kiminə xeyirxah məsləhəti ilə,
kiminə də mənzil və məişət məsələlərinin həllində kömək edir. Artıq uzun illərdir
ki, Teymur şəhər sovetinin xalq nəzarəti şöbəsində ictimai müfəttişdir. O, həm də
rayon komitəsində mənzil-məişət komissiyasının üzvüdür. Bizim şəhərdə o, demək
olar ki, yarım əsrdir yaşayır və işləyir.
1930-cu ildə Qazaxıstanda daş kömür sənayesinin əsası qoyuldu. Bu sahədə
ilk və fəal çalışanlardan biri də Teymur Mustafayev idi. Böyük Vətən müharibəsi
illərində o, yük avtomobillərini təmir edib cəbhəyə göndərən sexin rəisi idi. Onun
təşəbbüsü ilə yük avtomobillərinin mühərrikləri qaz generatorları ilə işləməyə
uyğunlaşdırılmışdı. Bu təşəbbüs cəbhənin ehtiyaclarını ödəmək üçün yüz tonlarla
benzin yanacağına qənaət etməyə imkan vermişdi.
Müharibədən sonra Teymur Mustafayev Tixonovski, Novomaykudski,
Prişaxtinski avtobazalarının və avtotəmir emalatxanalarının tikintisinə rəhbərlik
etmişdir”.
Heç bir günahı olmadan sevimli hərbi təyyarəçilik sənətindən ayrılaraq
doğma Azərbaycandan uzaqda yaşayan Teymur Mustafayev yetmişinci illərdə bir
neçə dəfə öz Vətəninə qonaq kimi gəlib qayıtmışdır. Bir neçə dəfə köçüb Vətəni
Azərbaycanda yaşamaq üçün yuxarı dairələrə müraciət etsə də, “yox, sən siyasi
dustaq olmusan, xalq düşmənisən...” kimi ədalətsiz ittihamlarla onu məyus
qaytarmışlar.
1981-ci ildə qurbətdə Vətən həsrətilə vəfat edən Teymur Mustafayevin
hazırda Karaqanda şəhərində iki oğlu yaşayır. Böyük oğlu Yusif dağ mühəndisidir,
kiçiyi İsgəndər isə atasının ilk gəncliyində yarımçıq qalmış arzusunu davam etdirir
- təyyarəçidir.
Hər şeyin ilki, əzəli və əbədidir. Tarixin müəyyən mərhələlərində onlar
unudulsalar da, gec-tez yada düşür, xatırlanırlar.
Haqq nazilir, amma üzülmür. Bu gün adı, şöhrəti doğma xalqına qaytarılan
ilk təyyarəçilərimizin - Fərrux ağa Qayıbovun, Xan Əfşar Teymurçinin, Mahmud
Mahmudzadənin, Teymur Mustafayevin, Əlihüseyn Dadaşovun, Məlik Mikayıl
Mirzənin, Əsəd Əliyevin, Əjdər Əhədəli Həsənzadənin ömür yolu öyrənilməklə
adları əbədiləşdirilməlidir.
“SƏMƏD BƏY NAMINDA BİR
KİŞİ GÖRDÜM”
“Borçalı elində bir şəxsi izzət,
Gedib qoca köydə xoş ülfət gördüm”.
Aşıq ŞENNİK.
Qənsələrin yanında avtobusdan düşdük. Qaranlıqda minib, qaranlıqdada
düşdüyümüzə görə sərnişinlərdən heç biri bizi tanımırdı. Soyuq, çiskinli dekabr
havasında hamı evinə, isti ocağına dağılışdı. Çöldə qalan ikimiz olduq. Geniş bir
prospektin başında dayanıb Aranın evini soruşmağa adam axtardıq. Yol yoldaşım
Mahmud əmi əllinci illərdə burada müəllim işləmişdi. Ötüb-keçən illərin
dəyişikliyi, üstəlik də axşamın sazağı, tor qaranlığı onu da çaşdırmışdı. İns-cins
olmayan yad küçədə hara istiqamət götürməyə çətinlik çəkirdik. Arxadan gələn
ayaq səslərini eşidib geriyə döndüm. İki nəfər düşmən dilində nəyinsə qarasınca
deyinə-deyinə ötüb keçdi. Mahmud əmi təəssüflə:
- Əyə, onlardan niyə soruşmadın? - dedi.
- Onların göstərdiyi yoldan xeyir tapmarıq, - dedim.
- Niyə?
- Ermənicə danışırdılar...
- Ə, bu qırılmışları hələ burdan rədd eləməyiblər?
Qarasına prospekt boyu bir az irəlilədik. Sağ tərəfə dönən yolun
başlanğıcında, iki yük maşınının işığında da doğma dilimizdə danışıq eşidəndə
eynimiz açıldı.
Mahmud əmi irəli durub;
- A qardaşlar, - dedi, - Ağanın evinə yol hardan dönür?
- Düz gəlmisiniz, elə bu küçədir, - dedilər, - odey, darvazasına gur işıq
düşən Ağanın mülküdür.
Qazaxdan ta Sarvana /indiki Marneuli - Ş.N./ kimi Mahmud əmi mənə
Daşdəmir ağa Rüstəm ağa oğlu Paşayev və onun nəsli-nəcabəti haqqında
danışmışdı. Demişdi ki, Borçalı mahalında hamı ona “Ağa” deyə müraciət edir.
Mənə ləzzət verən də yolda soruşduqlarımızın cavabı oldu. Onlar demədilər ki,
hansı ağa...
Ağanın görüşünə getməkdə iki məqsədim vardı: biri ulu babası Səməd ağa
haqqında olan əhvalatları eşitmək, biri də onun ana tərəfdən Səməd Vurğunla
qohumluğunu öyrənmək.
Evə çathaçatda Mahmud əmi dedi ki, kef bundadı gedək görək Ağa evdə
yoxdu.
Həyəcanımı gizlədə bilməyib:
- Nə danışırsınız, - dedim, - bunu Qazaxda desəydin, bu sazaqlı qış
havasında, dörd-beş maşın dəyişə-dəyişə bu əziyyətlə gəlməzdik.
- Gəl görək, - dedi, - qardaşoğlu, əziyyətdən keçib, daha gəlib çatmışıq, ya
qismət...
- Mahmud əmi, - dedim, - hanı Sarvan camaatı, hələ axşamdandı, amma iraq
olsun, elə bil köçüblər?
- Qorbaçovun aşkarlığının işığına yığışıblar, oğul, - köksünü ötürüb - Allah
pis rəhbərin evini yıxsın, - dedi, - yıxacaq da... Başıpozuqluqdan burda oğru,
quldur çoxalıb. Adam girov aparmaq, ev yarmaq bu saat dəbdi. Ona görə də hamı
axşamdan ocağının başına yığılıb. Bir fikir ver, qapı-pəncərə dəmir barmaqlıqlarla
necə bərkidilib...
Gur işıq düşən darvazaya çatıb dayandıq. Mahmud əmi:
- Ay ev yiyəsi, ay Ağa - deyib bir-iki ağız çağırdı.
Eyvanın o başında qucağı uşaqlı bir gəlin göründü.
- Qızım, Ağaya de, bir eşiyə çıxsın.
- Ağa yoxdu evdə, kimdi soruşan?
- Hardadı? - Mahmud əminin səsi özü də hiss eləmədən hirsli çıxdı.
- Toya gedibdi. Kimdi ki, Ağanı soruşan?
- Mənəm, Mahmudam, Qazaxdan gəlirəm...
- Bıy, a Mahmud müəllim, sizsinizmi, qoy darvazanı açım, bircə dəqiqə...
İlahi, insan insana necə oxşarmış... Ata-babalarımız yox yerdən deməyib ki,
insan ekiz doğulur. Kəndində-kəsəyində olmasa da, hardasa onun oxşarı, tən yarısı
var. Şən əhval-ruhiyyə ilə toydan gələn Ağanı bilmirəm iki qardaşdan hansına
oxşadım. Səməd Vurğunamı, yoxsa Mehdixan Vəkilovamı?
Boy-boxunda Mehdixan müəllim, danışıqda, təmkində isə Səməd Vurğun
idi, dip-diri qarşımda durmuşdu.
- Anamın dediyinə görə, mən süd qohumlarım Vəkilovlara çəkmişəm.
İki gün qonağı olduğum Daşdəmir ağa bunu bircə dəfə təvazökarlıqla, həm
də iftixarla etiraf elədi.
- Daşdəmir ağa, - dedim, - qohumun Səməd Vurğunla görüşünüz olubmu?
- Olub, çox gec. O da bircə dəfə. 1955-ci ildə gürcü şairi David
Quramişvilinin 250 illik yubileyinə gələn Səməd Vurğun və Osman Sarıvəlli bizim
qonşu Hidayət Bayramovla Tbilisidə görüşür. Söhbət zamanı Hidayət müəllim
deyir ki, sizin bir qohum Sarvanda bizimlə qonşudur. Saquramoya yubiley
şənliyinə gedən Səməd Vurğun Hidayət müəllimə deyir ki, bizim qohuma
salam söylə, deynən, onun görüşünə gələcəm.
Bir gün xəbər gəldi ki, Səməd Vurğun və Osman Sarıvəlli Faxralı kəndinə
gediblər, sabah Sarvana gələcəklər. On-on beş kişi maşınlara minib Qızılhacılı
yolunda onları qarşılamağa getdik.
Hamımız cərgə ilə durmuşduq. Maşından düşən şairlər hamı ilə əl tutub
keçirdilər. Səməd Vurğun mənimlə görüşüb dayandı, üzümə diqqətlə baxıb:
- Bizim qohum sən olarsan? - dedi.
- Bəli, - deyən kimi qollarını açıb məni qucaqladı. Öpüşdük, kövrəldik. Niyə
kövrəldik, bu günədək özüm də bilmirəm. Onun od kimi isti, xəstəhal nəfəsini indi
də üz-gözümdə hiss edirəm. Şair bir addım geri atıb mənə başdan-ayağadək
bir də baxdı: - Ayə, - dedi, sən elə mənim gəncliyimsən ki, qoca Səməd Vurğunla
üzbəüz durubsan.
Qonaqları Hidayət müəllimin evinə apardıq. O, əvvəlcədən hazırlıq
görmüşdü. Çünki Hidayət müəllim mənə demişdi ki, sizin ailə ilə çox maraqlanır,
ananla görüşmək istəyir. Mən nisbətən cavan olduğumdan onlarla çox da
həmsöhbət ola bilmirdim. Yemək-içmək başlandı. Elə birinci badələr qaldırılanda
Səməd Vurğun hiss elədi ki, bizim evdə deyil. Onda dedi:
- İçin, nuş olsun. Belə çıxır ki, mən buraya Hidayətin evini görməyə
gəlmişəm, qohumumun yox...
Durub bizə gəldik. Anamla görüşüb öpüşdü. Yanaşı oturub xeyli söhbət
elədi.
- Ay Fatma xanım, - dedi, - bilirsən sən kimə oxşayırsan?
- Bilirəm, niyə bilmirəm, sənin nənən, mənim də xalam Aşa qarıya.
- İcazə ver, səni bir də öpüm. Səni gördüm, elə bil rəhmətlik nənəmlə
görüşdüm. Torpağı sanı yaşayasan, - sonra üzünü məclisdəkilərə tutub: - Hə,
dostlar, - dedi. Allaha şükür ki, özümün ağalıq evinə qonaq gəldim. İndi özümü
burda rahat hiss edirəm.
Bizim raykom katibi Səmədə qıyğacı baxıb kinayə ilə:
- Nə ağabazlıqdır, - dedi, yoldaş Vurğun, ağaynan, bəynən çoxdan
qurtarmışıq.
Səməd təfərrünclə ona baxa-baxa:
- Yoldaş, - dedi, - sən hansı vəzifədə işləyirsən?
Bir yaltaq dərhal:
- Bizim raykom katibidir, - dedi, - Səməd müəllim.
Səməd Vurğun iti və sərt baxışlarını katibdən yayındırmadan:
- Danışığından və hərəkətlərindən demaqoq adama oxşayırsan. Təsadüfən
bizim ağalığımızı yuxarılara yazmazsan ki...
- Yazardım, şair, nə qabiliyyətim, nə də dəftər-qələmim yoxdu.
Cəməd Vurğun gur və şaqaraq səslə:
- Ayə, onda çalın oynayaq, - dedi, -raykom katibiniz savadsız çıxdı.
Bu, Səməd Vurğunun bizə birinci və axırıncı gəlişi oldu.
* * *
Daşdəmir ağanın ana babası Həsən Əfəndiyev 1905-ci ildö Sankt-
Peterburqda universitet bitirir. Rus qızı ilə evlənib Salahlıya qayıdır.
Atası Musa əfəndi oğlunun gavur qızına evləndiyinə bərk əsəbiləşir. Övlad
kimi onu vərəsəlikdən məhrum edir. Hirslənən ata:
- Çıx, - deyir, - mənim evimdən, kəndimdən. Sən mənim pak evimə qara
ləkə saldın. Eldə-obada məni rüsvay elədin.
Oğlu Həsən yalvar-yaxarla bircə gecə qalmağa rüsxət istəyir. Allahın
qəzəbindənmi, yoxsa tərslikdənmi gecə ot tayası uçur, arıq bir camış altda qalıb
ölür.
Musa əfəndi haray salıb:
- Oğlum kafir qızı aldığına görə evimə bəla gəldi, - deyib Həsəni evdən
qovur.
Türkmənistana gedən Həsən 1908-ci ildə ilk dəfə Aşqabadda rus-
tatar məktəbi açır. 1937-ci ildə Ali Təhsil Nazirliyində yüksək vəzifədə işləyən
Həsəni nəslən ağa olduğuna görə güllələyirlər. Onun üç oğlu - Aman, İsgəndər və
Cavad indi də Aşqabadda yaşayır. Nəslin bir qolu da orada davam edir.
Otuzuncu ildən başlayaraq, Daşdəmir ağanın Qasımlı nəslinə çox zülmlər
olub. Hər iki tərəfdən - ana və ata tərəfindən nəslən ağalıq olduğuna görə onları
Borçalıda “xalq düşməni” kimi qələmə veriblər. Arada su bulandıranların, yaltaq
və buqələmunların əlinə girəvə düşüb. Çuğulların fitvası ilə 1930-cu ildə atası
Rüstəm ağa, əmisi İsgəndər ağa güllələnib. Əmiləri Şəmi və Balabəy isə sürgün
olunub.
- Nəslimizin başıpapaqlılarının hamısını yığışdırdılar, Mən 1944-cü
ildə güc-bəla ilə Sarvan Dövlət Bankında şagird kimi işə düzəldim. Bir il əvvəl
babam Səməd ağanın fotoşəklini tapmışdım. Onu Aşa nənəm qorxudan
həyətimizdə daşın altında basdırmışdı. Bir az solan şəkli bərpa elətdim, başıma
bəla açdım.
Qonşulardan kimsə NKVD-yə xəbər verir ki, ağa nəvəsi Daşdəmir babası
Səməd ağanın şəklini saxlayır. Gecə saat ikidə qapımız çox kobudcasına döyüldü.
Qapını açan kimi dörd nəfər içəri soxuldu. Podpolkovnik Parikyan, Oruc
Məmmədov, milis Göyü Zamanov, Molla adlı birisi də Qızıl - Hacılıdan idi. Oruc
içəri girən kimi:
- Əyə, köpək oğlu, - dedi, - Səməd ağanın şəkli hardadı?
- Niyə söyürsən, - dedim, - şəkli istəyirsən bu saat verərəm.
Kamoddan şəkli tapıb verdim. Qəfildən soldat kəməri ilə sol gözümün üstünə
vurdular. Səntərləyib kamoddan tutdum. Yıxılmadım, hansısa: “köpək oğlunda
doğrudan da ağa gücü var” - dedi. Əməllibaşlı geyinməyə qoymadılar. Maşına
basıb Tiflisə apardılar. İki gün sorğu-sual elədilər. Elə sənəd düzəltmişdilər ki,
guya mən hökumət çevrilişi eləməyə hazırlaşıram. Bir gecə “rəisin qəbuluna” -
dedilər. Üç nəfər oturmuşdu; yuxarı başda general Rapava /millətcə meqrel idi/,
mayor Karanidze və Naçqebia da yanında.
General Rapava diqqətlə mənə baxa-baxa astadan gürcücə dedi ki, bu ki, çox
uşaqdır.
Onda mənim on dörd yaşım yenicə tamam olmuşdu.
Naçqebia məni azərbaycanca sorğu-suala tutdu:
- Hansı kənddənsən, oğlan?- dedi.
- Qasımlıdan.
- Hansı nəsildən, hansı famildənsən?
- Ağalıq nəslindənəm, - dedim. - Dəli Səməd ağanın qardaşı oğluyam.
İsgəndər ağanın da əmizadəsi.
- İşləyirsənmi?
- Bəli, yeddinci sinfi bitirmişəm.
Atam güllələnəndən sonra dolana bilmədik, işə girdim.
- Komsomolçusanmı, kim səni komsomola götürüb?
- Bəli, Cəlal Məmmədov komsomola qəbul edib.
- Oğlan, görürəm çox dilli-dilavərsən, sənə bir sual verəcəm, düz cavab
desən, canını qurtararsan...
- And içirəm ki, Sizə düz cavab verəcəm. Onsuz da mənə olan olub. Cavan
yaşında atam güllələnib, evimizi hökumət alıb məktəb eləyib. Anamı məcbur
elədilər ki, ya sürgünə, ya da ayrı ərə getməlisən ki, ağalıq familini daşımayasan.
Anamın getdiyi ikinci əri 1941-ci ildə öldü, dəyirmançı idi. Ondan da üç uşaq
qaldı. Mən də yetim bacı-qardaşımı saxlamaq üçün dəyirmanda işlədim. İndi də...
- Bəs sən bilmirsən ki, keçmiş çar zabitinin, ağanın fotoşəklini saxlamaq
olmaz? Axı, sən komsomolçusan? . .
- Bu şəkil mənim babamındır. Siz də generalsınız. İllər keçib quruluş
dəyişsə, nəvəniz Sizin şəklinizi saxladığına görə onu soldat kəməri ilə başına
vurub bihuş etsələr, bu, Sizə xoş gələrmi?
Naçqebia susdu. Köksünü ötürüb mənim dediklərimi general Rapavaya
tərcümə elədi. Üzünə xoş təbəssüm qonan Rapava:
- Okro bici var - dedi, yəni qızıl kimi oğlandır. Bununla işiniz olmasın.
Bir kapitan çağırdılar. Dedilər get, bir dəst paltar gətir. Paltarı mənə
geyindirdilər. Məni gecəylə aparanda tuman-köynəklə aparmışdılar. Məni
gətirənləri içəri çağırdılar, mənə isə dedilər ki, çöldə gözlə. Səhər saat altıdan
səkkizə kimi gözlədim. Onların dördü də suyu süzülə-süzülə çıxanda biri dedi ki,
mən sizə demədimmi ki, bu çox uşaqdı, bu qədər sənədi niyə hazırlamısınız?
Geri qayıdanda mənə hədə-qorxu gəlib dedilər:
- Bax ha, səni hara apardığımızı gərək heç kəs bilməsin, yoxsa yenə... Yazılı
surətdə dilindən iltizam verməlisən.
Namərdlərin planlarının baş tutmamasından ayağım yer almışdı. Bir tərəfdən
də general Rapavanın “okro bici var” - deməyi məni ürəkləndirmişdi. Ona görə də
cəsarətlə dedim:
- Necə deməyim, vurub gözümün üstünü partlatmısınız, sabah mən işə
çıxmalıyam. Hələ bir yoxsa yenə deyirsiniz...
Səhər işə çıxanda bankın direktoru Həsröt İsmayılov məni yanına çağırdı.
Özümu saxlaya bilməyib uşaq kövrəkliyi ilə ağladım. Əhvalatı danışdım. Həsrət
məni raykom katibi Qoçladzenin yanına aparıb dedi:
- NKVD gecə ilə bunu aparıb döyüb, gör nə kökə salıb.
Qoçladze orqana zəng elədi. Bir az danışıb sarısını udmuş halda dedi ki, hədə-
qorxu gəlirlər, deyirlər, siz qarışmayın.
1949-cu il yanvarın iyirmi birində məni yenə həbs elədilər. Bu dəfə nə
evimizi axtardılar, nə də şəkil-zad istədilər. Günahım nə idi, bilmirdim.
Mənim Givi Çaparidze adlı bir gürcü dostum vardı, atalığı Valiko Loladze
rayon prokuroru idi. Kameradan Giviyə məktub yazıb xahiş elədim ki, atalığına
desin, mənə kömək eləsin. Givi görüş alıb yanıma gəldi. Valiko deyib ki, qırx
dördüncü ildə məni siyasi dustaq kimi aparanda ona görə buraxıblar ki, on səkkiz
yaşım tamam deyilmiş. O vaxtdan səni həbs etmək üçün sənəd hazırlayıblarmış.
İndi on səkkiz yaşın tamam olan kimi həbs ediblər.
- Doğrudan da həbs olunan günü -yanvarın iyirmi birində on səkkiz yaşım
tamam olmuşdu.
Mənə beş il iş verdilər. Məhkəmədə üzümə elə adamları şahid elədilər ki,
heç onlarla salam-kəlamım yoxuydu. Üzümə elə şeylər oxudular ki, heç yatsam
yuxuma da girməzdi. Beş il Volqa-Don kanalında siyasi dustaq kimi işlədim. Üç il
də səsimi aldılar.
***
Daşdəmir ağanın bu günlərindən olmuş bir əhvalat:
1981-ci ildə ailənin böyük oğlu Nazim Moskvada Ali Milis məktəbini bitirib
orqanda işləyir. Nadürüstlərin “yuxarılara” imzasız danos və şikayətləri axışır, nə
axışır. Nəhayət, bir gün Gürcüstan Daxili İşlər naziri, general Qevatadzenin özü
şikayətə baxmaq üçün Nazimi yanına çağırır:
- Leytenant Paşayev, sənin keçmişin hansı nəsildəndir?
Nazim qürurla:
- Ağalıq, - deyə cavab verir. Cavabdan xoşu gələn general bığaltı
gülümsünüb:
- Səndən öz julikləriniz şikayət yazıblar, - deyir, - özü də nə az, nə çox - bir
kisə. Cavabından xoşum gəldi, kişi kimi boynuna aldın. Mən də Tavat
nəslindənəm... Get, işlə, heç kəsin səninlə işi ola bilməz...
İllər, haqsız təzyiqlər Daşdəmir ağanı çox sıxıb, güzəranı pis də olub,
yaxşı da, özü demiş, elə-belə, ortabab da. Əzizlərini, yaxın-uzaq qohumlarını itirib,
amma şah vüqarı sınmayıb, ağalıq dəyanətini qoruyub saxlayıb. Ona görə
saxlaya bilib ki, nəsli-nəcabəti saf olub. Xoş saatda dünyaya gələn bu insanda
yaxşı keyfiyyətləri qısa müddətli görüşdə də aydınca hiss etmək olur. Onun bircə
nisgili, bircə intizarı var: nəslimin, kökümün adı itib-batmasın.
* * *
Yüz ilə yaxındı Borçalı mahalında bu nəslin ulusu Səməd ağa haqqında
danışılan rəvayət var. Amma bu barədə yazılı heç bir sənəd-filan yoxdu. Artıq
yaddaşlarda kök salmış bu rəvayət xalq arasında inanılmış həqiqətə dönüb. Bu gün
bizim də ona inanmamağa haqqımız yoxdu. Mən də onu dönə-dönə Qazax və
Borçalı aşıqlarından, ağsaqqallarından eşitmişəm.
...Ali bir məclisdən sonra Tiflis zadəganları Nəbatat bağında gəzə-gəzə
xanım-xatın gözəllərlə söhbət edirmişlər. Səməd ağa da nəcib bir gürcü gözəli ilə
əylənirmiş. Onun yanından keçən erməni generalı Karqanov kinayə ilə söz atır:
- Görəsən, bu gözəllikdə qız vəhşi türkdən nə zövq alır?
Hirslə ayağa duran Səməd ağa general Karqanovu qılıncı ilə yarıya bölür.
Səməd ağanı həbs edirlər. Divan məhkəməsi uzun çəkir. Generalı öldürdüyünə
baxmayaraq, şəxsiyyəti təhqir olunan Səməd ağanı məhkəmə müəyyən mənada
müdafiə edirmiş. Məsələni həll etməkdə çətinlik çəkən Qafqaz canişini Səməd
ağanın ərizəsini çar I Nikolaya göndərir. İmperator Səməd ağanın ərizəsinə belə bir
dərkənar qoyur:
“Min düşmənimi məhv edən dostum Səməd ağa bir təəbəmi öldürüb. Ona
görə də əfv edirəm”.
Çar Səməd ağanı müharibələrdə göstərdiyi igidliyinə görə bağışlayıb.
Əfvetmə ilə bağlı el arasında belə bir əhvalat da var:
Deyilənə görə, çar Səməd ağanın müharibədə göstərdiyi qəhrəmanlığına
heyran qalıb deyir:
- Səməd ağa, bir şey istə, diləyinə sərəncam verərəm.
Qürurlu Səməd ağa isə belə cavab verir:
- Əlahəzrət, iltifatınız artıq olsun. Mənə heç nə lazım deyil, sayənizdə
bəndənizin hər şeyi var. Mənim atamın qızılı çanaqla ölçülür. Beş at mənzili torpaq
sahibiyəm. Sizdən bircə diləyim var: acıqımı, hirsimi özümə verin.
Çar məmnuniyyətlə razı olub deyir:
- Səməd ağa, bu mərdliyi ki, səndə görmüşəm, haqsız iş tutmayacağına
əminəm. Amma ədalət naminə hirslənib Qafqaz canişinini doğrasanda, səni yenə
də cəzalandırmaram. Get, acığın, ədalətin, bir də igidliyin sənə yar olsun!
* * *
El qəhrəmanı Səməd ağa Qasımlı haqqında Borçalı və Qazax ellərində
danışılan əhvalatlar çoxdur.
1970-ci ilin qışında Ləmbəli Molla Məhəmməd Əfəndiyevin görüşünə
getmişdim. Səksən yaşlı Məhəmməd dayının keçmiş igidlər və aşıqlar haqqında
məlumatı çoxdur. Səməd ağa haqqında belə bir əhvalatı ondan yazıb götürmüşəm.
...İmperator I Nikolayın ölümündən sonra Səməd ağanı dolaşdırıb Sibirə
sürgün edirlər. O, Sibirdən qaçıb Türkiyəyə pənah gətirir. Başında bir dəstə
yaraqlı-yasaqlı, özü kimi qoçaq, vuran-tutan igidləri.
Türkiyənin bir kəndində Kərim adlı kişinin evinə qonaq düşürlər. İgidlər
kürd Kərimə deyirlər ki, bu qışı bizi evində qonaq saxla. Görünür, kürd ya xəsis
olub, ya da kasıb. Odur ki, etiraz edib deyir:
- Mən sizi necə saxlayım, bu qədər at, adam, məndə bunlara yem hardandı?
Səməd ağa cavab verir ki, kürd qardaş, sən bizim burada qalmağımıza razı ol.
Yemək sarıdan fikir eləmə. Mənim igidlərim Türkiyədən, Ursiyyətdən,
İrandan çalıb-çapıb gətirəcəklər. Sənə də bəs edər, bizə də.
Bu zaman aşıq Şennik də gəlib həmin kəndə çıxır. Xəbər Səməd bəyə çatır.
O, kürd Kərimi çağırıb deyir:
- Eşitmişəm, aşıq Şennik sizin kənddədi. Get, onu gətir, bu gecə bizə bir
söhbət eləsin. Qürbət eldə kefimizi açsın.
Kürd Kərim gedib aşığı gətirir.
Çuğulun evi yıxılsın, adamın şirin söhbətini yarımçıq qoyandı. Çarığının
dabanını bərkidib ajana xəbərə qaçır, Şennik çalıb-çağıran vaxtı kürdün evi üzük
qaşı kimi araya alınır. Mühasirəni görən Səməd bəyin adamları türk ajanları ilə
vuruşmaq istəyirlər. Bunu görən qeyrətli igid Səməd bəy yoldaşlarına deyir:
- Aya, ay uşaqlar, elə eləyin ki, bircə damcı da insan qanı tökülməsin.
Dinbir, dilbir qardaşlarımızı öldürməyin. Taqqıltı-tuqqultu salın, bir təhər aradan
çıxaq.
İgidlər mühasirədən çıxandan sonra türk zabiti başında da əsgərləri evə girir.
Görür ki, burada əli sazlı bir adam var. Əmr verir ki, tez tutüb qollarını bağlayın.
Aşığı qolları bağlı türk paşasının yanına gətirirlər.
Paşa soruşur:
- Yavrum, sən də eşkiyasanmı
35
?
- Yox, əfəndim, mən yanşağam.
- Bəs onda söylə, görək bu qarapapaqlılar kimdi, sən bunlara niyə
qoşulubsan?
- Əfəndim, paşam sağ olsun, əmr ver, qollarımı açsınlar, sazla deyim.
Aşığın qollarını açırlar. Şennik sazı sinəsinə sıxıb deyir:
Dostları ilə paylaş: |