SəRBƏst iŞLƏr fəNN: multikulturaliZMƏ GİRİŞ


DİNİ MÜXTƏLİFLİK, DİNİN MAHİYYƏTİ VƏ ONUN TƏZAHÜR FORMALARI



Yüklə 49,52 Kb.
səhifə9/10
tarix02.01.2022
ölçüsü49,52 Kb.
#35083
1   2   3   4   5   6   7   8   9   10
MULTİKULTURALİZM (1)

9. DİNİ MÜXTƏLİFLİK, DİNİN MAHİYYƏTİ VƏ ONUN TƏZAHÜR FORMALARI

Sosioloji metodların dini sahəyə tətbiq olunması ilə ortaya çıxan din sosiologiyası dinlərin inanc sistemlərini, ibadət şəkillərini, qurumlarını, ictimai təzahürlərini, onların sosial şərtlərlə əlaqədar dəyişmələrini, sosial təbəqələrlə münasibətlərini, dini qrup və camaatları, müxtəlif dini əxlaq növlərini tədqiq edən bir elm sahəsi olaraq XX əsrin əvvəllərində təşəkkül tapmışdır. 

“Ümumi din sosiologiyası” bütün dinlərin tədqiqi ilə məşğul olursa, “xüsusi din sosiologiyası” bir din, yaxud məzhəbi öyrənir. Din sosiologiyasının mövzusu barəsində elm adamlarının müxtəlif fikirləri vardır. Fransız sosioloqu E.Durkeim və onun ardıcılları dinin mahiyyətini açıqlamaq məqsədi ilə “ibtidai” deyə səciyyələndirdikləri dinləri çılpaqlıqla nəzərdən keçirərək tarixi və etnoloji materiallar vasitəsilə tədqiqatlar aparmışdırlar.

Din sosiologiyasının qurucusu kimi qəbul edilən M.Veber, E. Troelts və V.Sombart isə bu elm sahəsinin din - cəmiyyət münasibətlərini önə çəkirlər. Onların fikrinə görə bütün faktorlar funksional olaraq bir-birinə bağlı olduğu üçün dinin iqtisadi həyata təsirləri olduğu kimi iqtisadi faktorların da dini həyata təsiri vardır. Din sosiologiyası dinin mahiyyətini araşdırmaq əvəzinə dini, sosial davranışın müəyyən bir tərzi kimi qəbul etməli və bu nöqteyi-nəzərdən onun təsirlərini və şərtlərini tədqiq etməlidir. Din sosiologiyasının mövzusu dinin cəmiyyətlə münasibətləri kimi göstərilsə də, bu elm sahəsində daha çox dinin cəmiyyətə təsirləri üzərində dayanılmışdır. 

Veber və onun ardıcıllarının səyləri ilə din sosiologiyası ibtidai dinlər araşdırması çərçivəsindən çıxmış, inancların dəyişmələrini və onların bağlı olduğu sosial şərtləri, şəhər, kənd və müxtəlif sosial qruplarda təzahür formalarını araşdırmağa başlamışdır. Son onilliklərdə istər praktikaya ağırlıq verən Amerikada, istərsə də nəzəriyyəni önə çəkən Avropadakı çalışmalarda dinin və xüsusilə, xristianlığın müasir dünyaya tətbiqi, sekularizm (dünyəviləşdirmə), müasirləşmə, ihtida (doğru yola gəlmə), irtidad  (doğru yoldan sapma), klassik və müasir dini qruplar, Xristianlıqda və xüsusilə İslamda fundamentalizm, ənənəvi və sivil din, din və müxtəlif dini təşkilatlarda qadının keçmişdəki və hazırkı durumu, din və ailə, dini müxtəliflik, dini bütövləşmə, din və inkişaf, müxtəlif dini əxlaq növləri kimi mövzular din sosiologiyasının başlıca məsələlərindəndir.

Ümumi sosiologiyanın bir sahəsi olan din sosiologiyası kəlam, din psixologiyası, din fenomenologiyası və dinlər tarixini tamamlayan və onlarla əlaqəli fəaliyyət göstərən bir elm sahəsidir. Eyni zamanda din sosiologiyası hüquq və siyasət elminin mövzusu olan dövlət, iqtisadiyyat və siyasət kimi sosial elmlərlə də əlaqəlidir.

Qədim yunan düşüncəsində din sosiologiyasına dair maraqlı məlumatlara rast gəlinir. Əflatunu öz fikirlərinə görə ilk din sosioloqu hesab edənlər vardır. Əflatun dini fəlsəfə, əxlaq və siyasət sisteminin təməlinə qoymaq istəmiş, “Dövlət və qanunlar” adlı əsərində din və dinin cəmiyyət həyatındakı əhəmiyyətindən bəhs etmişdir. 

Aristotel din haqqındakı görüşlərini daha çox metafizik və psixoloji təməllərə əsaslanaraq izah etmişdir. İslam düşüncə tarixində sistemli şəkildə olmasa da təfsir, hədis, fiqh, islam tarixi və islam fəlsəfəsi kimi müxtəlif elmlərdə din sosiologiyası mövzuları ilə bağlı bir sıra məlumatlar mövcuddur. İslam fəlsəfəsinin görkəmli simalarından olan Fərabi “əs-Siyasətu-l-mədəniyyə”, “Təhsilu-s-səadə”, “əl-Mədinətü-l-fazilə”, “Kitəbu-l-miləl” adlı əsərlərində din və cəmiyyətlə bağlı fikirlərinə geniş yer vermişdir. Din sosiologiyasının önəmli məsələlərindən olan din-dövlət mövzusunu araşdırdığı birinci və üçüncü əsərində görüşlərini üluhiyyət və nübüvvət çərçivəsində təqdim edən Fərabi siyasi gücü təmsil edən hökmdarı öz şəxsində fəzilət və hikməti cəmləşdirən insan kimi nübüvvət xalatı geymiş bir Əflatun şəklində göstərərək peyğəmbərliyin və dinin cəmiyyət həyatındakı əhəmiyyətini ortaya qoymağa çalışmışdır. 

Onun fikrincə, böyük dövlətlər yalnız din təəssübkeşliyi ilə qurulub mövcud ola bilər. İbn Xəldun xalqın siyasi gücə itaət etməsini Allahın dəyişdirilməz, əksi düşünülməz bir fərmanı kimi qavraması ilə xalq etiqadının meydana gəldiyini söyləyərək bunun cəmiyyətin siyasi həyatında əks olunmasını və sultan xarizmasının əmələ gəlməsini açıqlayarkən Veberi qabaqlamışdır. Onun fikrincə, dövləti əldə saxlayanların idarələri sağlamlaşıb sabitlik qazanana qədər bu sabitlik bir neçə nəsil boyu atadan oğula keçər. Bu isə insanların xanədanlara könüllü itaətini asanlaşdırır, get-gedə təslimiyyət göstərmənin dini bir əmr olduğuna inanmalarına vasitə olur. Beləliklə, xalq xanədanlar üçün savaşarkən Allah üçün savaşdığını düşünür. 

Din sosiologiyasının müstəqil bir elm sahəsi kimi meydana çıxmasında A.Komte, E.Durkeim və M.Veber mühüm rol oynamışdır. Komte metafizik yanaşmalara təzyiq olaraq meydana çıxan pozitivist və təkamülçü görüşlərin təsirindən yaxa qurtara bilməmiş və insanlığın inkişafını üç mərhələdə araşdıraraq ilk mərhələyə “teoloji hal” adını vermişdir. 



Yüklə 49,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin