Bu an rahib hıçqıra-hıçqıra ağlamağa başladı. Sonra isə uzun müddət susdu. İkinci dəfə yerə əyildi və:
− Mirdad, məni məğlubedən əfəndim, ümidim, günahım və savabım! Şəmadimin bu səhvini bağışla! İlanın başı bədənindən ayrılsa belə, yenə də onun zəhərindən qorunmaq lazımdır. Lakin artıq sancması mümkün deyildir. Bu gün Şəmadimin vəziyyəti də belədir. Ağzında nə dişi var, nə də zəhəri! Bu gün onun da ağzının sənin ağzın kimi bal ilə dolduğunu görə bilməsi üçün ona sevgin ilə yardım et. Sən ki, bunu vəd etmişdin. Bu gün onu ilk həbsxanasından azad etdin. İkinci həbsxanasında uzun müddət qalmağa qoyma − deyib yeri üç dəfə öpdü.
Kapitan elə bil “birinci və ikinci həbsxana ilə nə demək istəyir?” sualını gözlərimdən oxumuşdu. Köksünü ötürdü və sanki başqa bir insanın dilindən, nəzakətli və məlahətli bir səslə danışmağa başladı:
− O gün hamımızı, yeddi nəfəri, hər zaman dərs verdiyi o mağaraya çağırdı. Günəş yavaş-yavaş qərq olurdu. Qərbdən əsən külək qalın bir duman qaldırmışdı. Burdan ta dənizə qədər olan məsafəni sanki sirli bir örtü ilə örtmüş, dağın ortasına qədər yüksəlmişdi. Elə bil dağın ortasında dəniz sahili vardı. Qərbdəki dumanın üzərində günəşin üzünü örtən qapqara buludlar görünürdü. Ustad yeddi nəfərə yaxınlaşdı və bir-bir onları qucaqladı. Vəziyyətdən son dərəcə təsirləndiyi üzündən bəlli olurdu. Yeddi nəfəri bir-bir qucaqladıqdan sonra, üzünü bizə çevirib danışmağa başladı:
− Yüksəklərdə oturduğunuza görə, bu gün artıq alçaq yerlərə enməlisiniz. Çünki aşağı tərəfi üst tərəf il birləşdirməsəniz, alçaldığınız an yüksələcək, yüksəldiyinz an da alçalacaqsınız. Yüksəklərdə başınız dönəcək, aşağılarda isə kor olacaqsınız.
O an nəzakətli və mərhəmətli bir nəzərlərlə mənə tərəf döndü. Uzun müddət və dik baxışlarla mənə baxdıqdan sonra,
− Sənin isə Şəmadim, hələ vədən dolmayıb. Bu təpənən üstündə mənim gəlişimi gözləyəcəksən. Minbərin altındakı dəmir sandığın içində saxlanılan kitabımı qoruyacaqsan. Amandır, ona bir əlin toxunmasına izin vermə! Hətta bu əl sənin əlin olsa da! Səndən kitabı alıb, dünyaya elan etməsi üçün elçimi göndərəcəyəm. Elçimi bu işarətlərdən tanıyacaqsan: Səvvan yoxuşundan bu təpəyə çıxacaq. Yola çıxarkən yeddi tikə çörək, bir əsa və tam geyimli olacaq. Lakin sən onu bu mağaranın qarşısında lüt, saf, azuqəsiz, əsasız və nəfəssiz tapacaqsan. Elçim gələnə qədər ağzından bir kəlmə belə çıxmasın. Heç kəslə danışma və heç kimə yaxın olma. Onu gördüyün an səssizliyin pozulacaq. Kitabımı ona təslim etdikdən sonra sən daş olacaqsan. Bu daş mağaranın girişini qoruyan bir gözətçi kimi olacaq. Mən dönənə qədər belə qalacaqsan. Bu daş həbsindən səni yalnız mən qurtaracağam. Əgər gözləməyə səbrin yetməzsə, o zaman həbsini daha da uzadaram. Səbr etsən mən də müddəti azaldaram. İnanclı və səbrli ol. − dedi.
Sözünü bitirdiyi an məni qucaqladı. Sonra yeddi nəfərə səslənib əli ilə işarət etdi və “Yoldaşlar məni izləyin!” − dedi. Yoxuşda onların önündən getdi. Elə bil Səvvan yoxuşunda heç ayağı yerə dəymədən havada uçurdu. Tərtəmiz başı çiyinlərindən çox yüksəkdə görünürdü. Təsirli və sakit baxışları sanki uzaq üfüqlərin pərdələrini deşib keçəcəkdi. Dağın ortasındakı duman pərdəsinə çatdıqları vaxt günəş dənizin üzərində idi. Günəşin işıqları aşağıdakı qapqara bulud təpələrini deşib, tərifi mümkün olmayan və bir insan gözünün baxmağa qadir olmadığı parlaq işıqlardan bir çadır meydana gətirmişdi. Mənə elə gəlirdi ki, ustad və yeddi nəfər dağdan qopub dumanların üzərində gəzirdi. Sonra da işıq çadırına, daha doğrusu günəşə girmişdilər. Ürəyim sıxıldı, çünki tək başına qalmışdım. Bəli, yalnızdım.
Çox ağır bir yorğunluqdan sonra dincələn biri kimiydim. Şəmadim birdən susmuşdu, gözlərini bağladı, boynunu bükdü və dərin-dərin nəfəs almağa başladı. Bir müddət beləcə qaldı. Onu təsəlli etmək üçün kəlimələr düşünməyə çalışdım. Başını qaldırdı və:
− Sənin bəxtin gətirir. Şansı olmayan bir adamı üzrlü hesab et. Çox, lap çox danışdım. Belə etməməli idim! Yüz əlli il danışmayan bir adamın “bəli” və “xeyr” kəlimələri ilə kifayət etməsi mümkündürmü? Şəmadimin Mirdadın yerinə keçməsi mümkündürmü? – deyə soruşdu.
− Sənə bir sual verə bilərəmmi Şəmadim qardaş?
− Nə yaxşı mənə qardaş dedin! Mənə bir neçə il əvvəl tək qardaşım öləndən bəri bu şirin kəlmə ilə səslənən olmamışdı. Nədir sualın?
− Mənə danışdığın böyük ustad Mirdadın və yoldaşlarının hekayəsini bu günə qədər dünyada heç kəsin eşitməməsi çox təəccüblüdür.
− Bəlkə də vaxtı gəlməmişdi. Bəlkə də fərqli bir isim altında öyrədir onlara. Lakin mən Mirdadın gəmini dəyişdirdiyi kimi bütün dünyanı da dəyişdirəcəyindən əminəm.
− Bəlkə illər əvvəl ölüb artıq.
− Xeyr, Mirdad ölməyəcək! Çünki o ölümdən də güclüdür.
− Deməli gəmini yıxdığı kimi, dünyanı da yıxacaq?
− Əsla! Əsla! O gəmini yıxmadı. Onu artıq olanlardan qurtardı. Eləcə dünyanı da artıq olanlardan qurtaracaq. O zaman yenidən mən və mənim kimilərin səbəb olduğu yıxıntıların altında qalan o sonsuz işığı yandıracaq. Məgər indi sən içində olduğumuz bu zülmətə görə fəryad etmirsənmi? Mirdad insanlara mənliklərindən itirdiklərini özlərinə qaytaracaq. Bir azdan kitab da əlində olacaq. Onu oxu və aydınlan! İndi tələsməliyəm. Mən dönənə qədər burda gözlə! Lakin məni əsla izləmə!
Rahib sürətli addımlarla mağaradan çıxdı. Mən zülmət qaranlıq çuxurun kənarına qədər onu izlədim. Orda zirvənin təpəsindən dəniz kənarına qədər uzanan mənzərəni seyr etmək üçün dayandım. Müxtəlif rənglər toplusu içində və can alan cizgilər halındakı mənzərə insanı özünə cəlb edirdi. Sanki əridiyimi, sel kimi axdığımı, buxarlandığımı, hər şeyin üstünə görünməyən damlalar axıtdığımı; hər şeyin içinə, mirvariyə bənzəyən dumadan şəffaf kəfənlərlə dolu, uzaq dənizlərə, altı dənizə, üstü qupquru dağların zirvələrinə çatmış, sanki bir nərdivanın pillələri kimi görünən qayalıqlara, təpələrin üzərində qurulmuş yamyaşıl tarlalara və kəndlərə, üzərində insanların çalışdığı, heyvanların otladığı və hər tərəfə yayılmış dağların suyu ilə bəslənən, təpələrlə əhatə olmuş zümrüdü yaşıllıqlara, dağların bədənlərində canlı yara görünüşünü verən və yenə dağların zamanla mücadiləsində sonsuzluqlarına şahidlik edən vadilərə və çuxurlara, sərxoş sahil küləyinə, səmanın maviliyi və yer üzünün bulanıqlığına qərq olduğumu hiss etdim.
Uzaq üfüqlərə verdiyim diqqətimi yaxındakı Səvvan yoxuşunda cəm etməsəydim, rahibi, özü və Mirdad haqqındakı o qəribə hekayəni unudacaqdım. Məni sirli rahibi axtarmaq üçün evimdən çıxardan o sirli əli düşünməyə başladım; məni ona, ondan daha çox, Mirdada və kitabına gətirən o əli... Daxilən o ələ dua etdim.
Dostları ilə paylaş: |