Sərraf Şiruyə
234
AĞLADAR SƏNİ
Həyat yoldaşım Cəmilə xanıma
Az qalıb, ay gülüm, son gedişimə,
Qurulan matəmim ağladar səni.
Yarımçıq sətirlər haray çəkəndə,
Sahibsiz qələmim ağladar səni.
Torpaq olar son axirət beşiyim,
Anam məzar – çəkər qayğı-keşiyim.
Sükuta qərq olan evim, eşiyim,
Kəsilən get-gəlim ağladar səni.
Şəkilim üstündə olan başdaşım,
Sənə məlul-məlul baxan göz-qaşım.
Yaxınım, uzağım, dostum, sirdaşım,
Hər könül həmdəmim ağladar səni.
Gələr xatirinə eh, nələr, nələr...
Yanağına onda gözün qəm ələr.
Yadına düşdükcə dərdli gecələr,
Əzablı sitəmim ağladar səni.
Solar yanağının gül rəngi itər,
Harayın bir yana çətin ki yetər.
Sərraf Şiruyəyəm, hər şeydən betər,
Çəkdiyim hər qəmim ağladar səni.
Dostları ilə paylaş: |