379
situasiyası, söyləm semantikasının konkretikası ilə müəyyən çərçivəyə
salınır, aydınlaşır. Qlobal yanaşmada əks, antonim qütblərin qarşılaşması,
qəti inkarla qəti təsdiq arasındakı geniş yayılanlıq zonası söyləmin daxili
dinamizminin, koqnitiv-praqmatik gərginliklərin hərəkətverici amilinə
çevrilir.
Litota strukturlarının, kiçiltmə, zəiflətmə
və yayılanlıq
mexanizmlərinin konkret üslubi təsir gücü, praqmatikası haqqındakı
təsəvvürlərimizi daha da genişləndirmək üçün aşağıdakı ünsiyyət faktlarına
da nəzər salmaq faydasız olmaz.
İnkarı inkar fiqurunda eyni anlayışa aid olan iki neqativ elementin
bir-birini neytrallaşdırması, bərtərəf etməsi nəticəsində təsdiq hökmün
yumşaldılmasının, danışanın praqmatik məqsədindən asılı olaraq fikrin ən
müxtəlif, bəzən bir-birinə əks ifadə variantlarında, semantik-emosional və
modal çalarlıqlarda gerçəkləşdirilməsinin yeni imkanları açılır, dilin
“manipulyasiya xidməti” aktivləşir. Cümlənin struktur-semantik təşkilində
iştirak edən eksplisit inkarlıq daşıyıcılarının real olaraq qavrayışa daxil
olması, müxtəlifxarakterli mühakimələrin formalaşmasındakı rolu konkret
ifadə alternativlərinin müəyyənləşməsində və aktuallaşmasında, üstün
variantın seçilməsində inkarlıq fonunun tamamilə aradan qalxmasına,
ifadədən büsbütün silinib getməsinə mane olur. “Er konnte nicht nicht
wissen, daß seine Mutter schon seit langem krank war”, yaxud “Gözətçinin
oğurluğun baş verməsindən xəbəri olmaya bilməzdi” söyləmləri, sözü
gedən şəxsin mütləq ananın xəstəliyi haqqında məlumatlı olması, yaxud
“Gözətçinin yəqin ki, / mütləq, heç şübhəsiz ki, hökmən oğurluq
hadisəsinin baş verməsindən xəbəri olub / ola bilməz ki, onun bundan
xəbəri olmasın” söyləmlərinin mənası ilə tənləşir. Azərbaycan dilinə aid
nümunədə elə bir situasiya təsvir olunur ki, mövcud şərait, hadisələrin baş
vermə səbəbi, ardıcıllığı, müəyyən şübhə elementləri, nəhayət, vəzifə
borcunun yerinə yetirilməsi, yaxud dərk olunması gözətçini
günahlandırmağa imkan versin. Lakin “olmaya bilməzdi” təkcə “olub”,
“baş verib” kimi deyil, real dil formasına uyğun olaraq həm də “olmaya
bilər” mənasında anlaşılmaq potensialına malikdir. Əks təqdirdə, dil
mövcud gerçəkliyi, həmin alternativ variantı öz yaradıcılıq, fikir törədiciliyi
arsenalına daxil etməz, daha sadə və təbii şəkildə birbaşa “xəbəri olub”
380
kimi əks etdirərdi. Çünki “xəbəri olub” hökmünün özü də intonasiyadan və
mətndən asılı olaraq fərqli modal və semantik-emosional çalarlıqlarda
qavranıla bilər, praqmatik yöndən, ifadə məqsədindən və müəllifin
qiymətləndirmə səylərindən asılı olaraq (əlbəttə, həm də uyar leksik
elementlərin köməyilə) müəyyən keyfiyyət üstünlüyünün ifadəsi kimi
işlənə bilər: “Ola bilsin ki, xəbəri olub”, “hökmən xəbəri olub”, “mütləq
xəbəri olub”, “şübhəsiz ki, xəbəri olub”, “xəbəri olmalı idi” və s. Halbuki
“xəbəri olmaya bilməz” perifrazı bu sözlərin, ifadələrin heç birini öz
tərkibinə daxil edə bilmir, yığılmayan sıra əmələ gətirir:
?
Mütləq xəbəri
olmaya bilməzdi,
?
Hökmən xəbəri olmaya bilməzdi,
?
qətiyyən, bilmərrə
xəbəri olmaya bilməzdi. Iki qrammatik inkarlıq elementinin əlaqələnməsi
keyfiyyət sözləri ilə inkarın birləşməsindən fərqli olaraq qeyri-dəqiqliyi,
yayılanlığı zəiflədir, daha çox qeyri-müəyyən, bir qədər mücərrəd , ümumi,
çoxmənalı və çoxtərəfli aldanış və hiyləgərlik aktlarına, fikir
alternativlərinə daha çox imkan verən bir ifadə modeli statusuna yüksəldir.
Burada eyni zamanda, kifayət qədər çevik və mobil sintaktik obraz
daxilində həm təsdiq hökmü zəiflətmək, həm də onu qüvvətləndirmək
imkanı gizlənir, danışılan situasiyadan asılı olaraq bu variantlardan hər
birindən istifadə etməklə həm həqiqəti dilə gətirmək, həm də gələcək
müstəntiq araşdırmalarında özünü yalan və böhtan təhlükəsinə salmaq
xətası ilə üzləşir. Lakin bir məsələ şəksizdir ki, “xəbəri olmaya bilməz”
inkarı inkar modelində, mücərrəd, ibarəli-perifrastik ifadə şəklində, başqa
cür desək, potensial alternativ çoxluqlar zəminində hər dəfə konkret üstün
seçimi, alternativi dəyişmək, fikrin, ifadənin altından qaçmaq, başqa sözlə,
manevr və manipulyasiya imkanı daha çox olur. Əgər, məsələn, işçilərdən
deyək ki, “ən sədaqətlisi” idarə müdirini mümkün şübhələrdən qorumaq
istəyirsə, “Bundan gözətçinin xəbəri olmaya bilməz” variantını daha zəif,
mütərəddid təsdiq hökmün yumşaldılması perifrazı kimi işlətməz, mütləq
qüvvətli təsdiq, iqrar intonasiyası və praqmatikası ilə ortaya qoyar. Belə
ifadə alternativi dərketmədə çətinlikləri olan, yaxud dili kifayət qədər
bilməyən, qeyri-səlis çoxluqlarla deyil, səlis çoxluqlarla, haqq-hesab
məntiqi ilə düşünən idarə müdirini hətta narazı salar, müdir ona borclu olan
adamı “Gözətçinin xəbəri var! / hökmən xəbəri var, mütləq xəbəri var”
kimi birbaşa, vasitəsiz ifadə forması ilə deyil, “xəbəri olmaya bilməz” kimi
381
dolaşıq, çoxmənalı, dolayı ifadə forması ilə müdafiə etməsindən narazı
qalar. Perifraz, xüsusilə çoxsaylı alternativlərə imkan verən inkar
perifrazlarından düzgün istifadə etmək və ya onları birmənalı şəkildə
qavramaq dərketmənin, koqnitiv psixolojinin o qədər də asan olmayan
vəzifələrindəndir. “Oğurluq hadisəsindən xəbəri olmamış deyildi” inkarı
inkar formulunun linqvistik imkanları, fikir və ifadə alternasiyaları
haqqında da eyni sözləri demək olar. “Es war kein uninteressanter
Aufsatz”, “Bu məqalə maraqsız məqalə deyildi” / “Bu məqalə pis məqalə
deyildi” söyləmində də “interessant – nicht interessant” (maraqlı-maraqsız)
alternativləri arasında xeyli ifadə-anlam fərqləri, linqvistik qiymətlər
çoxluğu əks olunur.
Bir hadisənin, əlamətin, faktın onun əksinin inkar edilməsi yolu ilə
xüsusi nəzərə çarpdırılması və ya zəiflədilməsi həm bir, həm də bir neçə
inkarlıq vasitəsilə reallaşa bilər. Qeyd etdiyimiz kimi, eyni anlayışa, fikir
predmetinə aid olmaqla inkarlıq işarələrinin çoxluğu dərketməni ləngidir,
onu xeyli əngəlləyir, ünsiyyət prosesində maneələrin meydana gəlməsinə
səbəb olur. Bu xüsusilə inkarı inkar mexanizmlərinin tabeli mürəkkəb
cümlə səviyyəsinə proyeksiya edilməsi, keçirilməsi şəraitində baş verir. In
der Rede des Ministers wird nicht verschwiegen, daß bestimmte negative
Tendenzen nicht nur nicht fehlen, sondern auch nicht gänzlich bekämpft
worden sind (Nazirin nitqində bu məsələ heç də gizlədilmir ki, / bu
məsələnin üstündən heç də sükutla keçilmir ki, müəyyən mənfi hallar
nəinki yox deyildir, hətta onlara qarşı lazımınca mübarizə də aparılmır /
onlar hələ bütünlüklə aradan qaldırılmamışdır). Belə çoxqatlı perifraz
tipləri diplomatik ünsiyyətdə, müəyyən ideyaların, fikir elementlərinin
gizlədilməsi vacib olan fəaliyyət növlərində, prokuror-məhkəmə
araşdırmalarında, ittiham sənədlərində, faktları qəsdən dolaşdıran, təhrif
edən və ya şişirdən hesabat məruzələrində, ümumən siyasi diskursda
xüsusilə geniş işlədilir, yalan və aldanışın sevimli dil priyomları kimi klişe,
ştamp hüququ qazanır. Heç kim olmasa da biz azərbaycanlılar Qarabağ
konfliktinin “həlli” üzrə Minsk qrupunun, onun tez-tez dəyişən
həmsədrlərinin çıxışlarında, bir-birini təkzib və təkrar edən bəyanatlarında
inkarlıq perifrazlarının, konkret heç nə ifadə etməyən sintaktik formaların
382
tapmacasına, fikri, daha doğrusu, fikirsizliyi qəsdən dolaşdıran “ritorika
nümunələrinə” çox rast gəlmişik.
Qarabağ danışıqlarına dair ən müxtəlif bəyanatlar həqiqət
xumarlığı ilə yaşayan bir çox azərbaycanlılar üçün əsl yalan-aldanış
məktəbi oldu. Lakin təkcə yad, çox hallarda tərəfli informasiya
mənbələrinin məlumatlarında, artıq əyləncə mədəniyyətimizin tərkib
hissəsinə çevrilmiş Minsk qrupunun (müqayisə et: Şeron qrupu!) müxtəlif
biçimli təklif və mühakimələrində deyil, öz daxili “qruplarımızın”
düşməncəsinə rəy və çıxışlarında inkarlıq linqvistikasının ifrat-mənfi
təsirlərinə çox rast gəlmişik. Yalnız siyasi-diplomatik münasibətlər
sahəsində deyil, ictimai həyatın bütün sahələrində həqiqətdən, gerçəkdən
yayınmaq istəyi, praqmatik məqsəd və maraqlar dilin neqativ
energetikasına, yayğınlaşdırma vasitəsinə marağı artırır. Mübarizə, xalq
hərəkatı dövründə və ondan sonrakı illərdə, sözün hər iki mənasında
müstəqillik və xalq hakimiyyəti dövründə işləməkdən, zəhmətə
qatlaşmaqdan çox dil-dil ötməyi öyrənən Azərbaycan cəmiyyətində
əhalinin demək olar ki, bütün təbəqələri arasında nitq mədəniyyətinin
səviyyəsi xeyli yüksəldi (təəssüf ki, etimad, anlaşma mədəniyyətinin
səviyyəsi aşağı düşdü!), natiqlik sənəti qısa müddətdə kütləviləşdi,
şəxsiyyətə pərəstiş qanadlarında əlçatmaz üfüqlər fəth etdi. Namusla işləyib
nəsə əldə etmək çətinləşdikcə, danışıb, tərifləyib nəsə almaq həvəsi və
perspektivi artdı. Hamı – danışa bilən də, danışa bilməyən də danışdı.
Danışıb nəsə əldə etmək istədi. Təəssüf ki, dövlətimizi, dövlətçiliyimizi
zəiflədən bu xora, ucuz, icazə verilən bu mədhiyyəçilik qafiləsinə dildən
güc aləti, üstünlük vasitəsi kimi daha yaxşı və daha hiyləgərliklə istifadə
edə bilən ziyalılar da qoşuldu. Öz məşğuliyyətinin mahiyətinə görə
təlxəklik sənətinə yaxınlaşan ucuz şairlər, kasıbçılığı özünə sığışdırmayan
“ağır” alimlər, akademiklər də sıraya dayandı. Dil – çörək, mənsəb və
şöhrət qazanmaq alətinə, dil formaları isə rahat mövcudluq, asan mübarizə
vasitəsinə çevrildi. Bu vəziyyət siyasi diskursda bir meyxana, dil yarışması
halına gəldi. Hətta ümumən elmi-akademik diskursda, alim məişətində bir
canlanma, intiqam fürsəti yaratdı. Məmurları ən yaxşı natiqə, alimdən də
artıq alimə, diplomatdan da artıq diplomata çevirdi. Mərhum Tofiq
383
Bayramın məşhur misralarını yada saldı: Ürək dözmür yalanlara / Həm
diplomat, həm sənətkar olanlara.
Dil, hüquq, dil və hüquq məntiqi onlardan daha çox və daha sərbəst
istifadə edənlərin tərəfində olur. “Yerlərdə zəhmətkeşlərin hüquqlarının
pozulması haqqında bizə heç bir məlumat daxil olmamışıdır / ... səhih
məlumat daxil olmamışdır”, “Yəqin ki, bələdiyyələrin fəaliyyətində də
müəyyən nöqsanlar yox deyildir / olmamış deyildir” kimi sintaktik
ştamplar bəlkə də axıra qədər dinlənilmədən, qavranılmadan qəbul olunur.
Perifraz, sözü başqa cür demək mexanizmləri artdıqca, artıb çoxaldıqca
onlardan qorunmaq, onları zərərsizləşdirmək vasitələri yaranır.
Ümumiyyətlə, perifraz, xüsusilə kiçiltmə və zəiflətmə perifrazları ehtiyatlı,
mülayim dil davranışının əvəzsiz vasitələri hesab olunur. Zaman keçdikcə,
çox təkrarlandıqca onlar öz ilkin məntiqi ekspressivliyini itirsə də, bir sipər,
müdafiə, qorunma funksiyasını mühafizə edib saxlayır, dəfolunmaz klişe
halına gəlir.
Dissertasiya müdafiəsində işlənən “Əsər bir çox / xırda
nöqsanlardan da xali / azad deyildir”, “Bütün bu qeydlər dissertasiyadan
alınan ümumi təəssüratı zəiflətmir”, “Avtoreferatda bəzi nöqsanlar /
çatışmazlıqlar da yox deyildir”, “Göstərilən qüsurlar dissertasiya işinin
ümumi məzmununa ciddi təsir göstərə bilmir / əhəmiyyətini azlatmır” tipli
çox vaxt özünümüdafiə xarakteri daşıyan ehtiyatlı-sığallı perifrazlar,
qiymətləndirmə səviyyələri buna misal ola bilər. Bütün bunlar əsl həqiqətdə
konkret qiymətləndirmələrdən yayınmaq manevrləridir.
Kiçiltmə, zəiflətmə fiquru ümumən yumşaq, ehtiyatlı dil
davranışına, ünsiyyət əməkdaşlığına, kooperativliyə gətirib çıxartsa da,
nəzakət və xidmət yalanları da bir çox hallarda bu dərketmə qəlibində
reallaşır və ifadə olunur. Həyati yalan və aldanışları da bu sıraya aid etmək
olar. Lakin qətiyyətlə dilin kiçiltmə mexanizmlərindən, inkarlıq
perifrazlarından ən çox yararlananların siyasi xadimlər olduğunu söyləmək
olar. Postsovet ölkələrinin demək olar ki, hamısında belə perifrazlar
mənimsənilir və xeyir gətirir “Dünyada rüşvət və korrupsiyanın olmadığı
bir ölkə yoxdur” (nə qədər, hansı həcm və dərəcədə (?), “Parlament
seçkilərində müəyyən pozuntuların olması tamamilə istisna olunmur”,
“Dünyada xalis demokratiya, tam demokratik ölkə yoxdur və ola da
384
bilməz” kimi ifadə formaları hadisələrə analitik baxışdan, həqiqi vəziyyəti
araşdırmaqdan çox faktlardan, gerçəklərdən qaçmaq məqsədi güdür. Aydın,
konkret heç nə ifadə etməyən belə ifadə formaları beyinlərə soxularaq
dərketməni əngəlləyir, düşüncəni yalnış yola salmaq məqsədilə dövriyyəyə
atılır. İnsan dillə formalaşan şüur imperativlərinin təsirindən çıxa bilmir.
Yalanı özünə sənət kimi seçmişlər, bir də divanələr və fəlakətə düşmüşlər
dil (deməli həm də idrak) üzərində nəzarəti itirdiklərindən nə həqiqət və
yalanı dərk etmənin, nə də ifadəetmənin fərqində olmurlar. Guya ayıq,
şüurlu hərəkət etdiklərini düşünənlər də həm dilin, həm də psixikanın
avtomatizminə, şüursuzluğuna uğrayırlar.
Siyasi diskursda litota işlənmələrinə keçməzdən
əvvəl
müxtəlifsistemli dillərdə yayılanlığın hüdudları, həcm və miqyasları,
ümumən struktur-funksional qanunauyğunluqları haqqındakı biliklərimizi
bir qədər də dərinləşdirmək, dolğunlaşdırmaq üçün inkarı inkar formaları
üzərində müşahidə və araşdırmalarımızı davam etdirək. Bütün ifadə
rəngarəngliyinə və çalarlanma genişliyinə baxmayaraq, dil faktlarının da
təsdiq etdiyi kimi, litota sxemləri, inkarı inkar strukturları ilk növbədə
təsdiqin zəiflədilməsinə, təsdiqlik məzmununun yumşaldılmasına, fikrin,
mövqeyin mülayimləşməsinə xidmət edir. Litota təsdiqin zəiflədilməsinin
üslub vasitəsidir (S. Abdullayev (2), 59-64). Litota strukturları -dünyanı
kiçiltmə, minimallaşdırma prizmasından dərketmə mexanizmləridir. Bu
cəhəti litotadan bəhs edən bütün müəlliflər təsdiq edirlər. (Bax: Н. А.
Булах, 290; E- Riesel, 201; Riesel/Schendels, 205; Fleischer/Michel, 156;
B. Sowinski, 265; С. Абдуллаев, 178). Göstərilən mənbələrdə bütövlükdə
perifrazlar, o cümlədən də litota quruluşları daha çox sırf qrammatik-üslubi
planda araşdırılmış kiçiltmənin kommunikativ və semantik-praqmatik
aspektləri arxa planda qalmışdır. Azərbaycan dilində aşağıdakı dil-üslub
fraqmentlərinə nəzər salaq.
(1)
Papuş xala savadsız olsa da, dünyanın işlərini çox
oxumuşlardan yaxşı bilir. Bu da səbəbsiz deyil (“Kirpi” jurn.).
(2)
İran musiqiçilərinin bizim musiqi həyatımızın hansı cəhətlərinə
daha çox maraq göstərdiklərini bilmək baxımından, güman edirəm ki,
həmin söhbətlərimiz oxucularımız üçün maraqsız olmaz (“Ədəbiyyat və
incəsənət”).
385
Müxtəlif dillərdə litota quruluşları intensivlik dərəcələrinə görə
seçilir. Məsələn, Azərbaycan dilində aşağıdakı modelləri ən intensiv
kiçiltmə-qavrayış modelləri kimi fərqləndirmək olar.
1. pis, yaxşı, bəd, əskik, az... + deyil (-ma, -mə, -m):
(3)
Neftçi... yarış cədvəlində yeddinci yeri tutmuşdur. Bu, pis
nəticə deyildir (“Ədəbiyyat və incəsənət”).
(4)
Son illər ədəbiyyatımızda isə təsvirçiliyə, hadisələrin insan
xarakterlərinin səthi, üzdən təsvirinə, həyat faktlarının ideya bədii dərkini
vermədən onları naturalistcəsinə qeydə almaq hallarına az təsadüf edilmir
(“Azərbaycan” jurn.).
2. ...yox + deyil –
(5)
doğrudur ki, belə yüngülxasiyyətli kişilər yox deyildir (M.
Cəfər)
(6)
“Ötən günlər dəfətərindən” silsilə hekayələrin çoxunda da xalq
yaradıcılığının, “Molla Nəsrəddin” lətifələrinin təsiri yox deyildir
(“Ədəbiyyat və incəsənət”).
3. ...dan / dən + xali / azad + deyil –
(7)
Buna görə də gülüş dilindəki əsas səciyyəvi cəhətləri ayırd
etmək və göstərmək faydadan xali deyildir (Ə. Dəmirzadə).
4. – ma (– mə, – m) + deyil; – ma (– mə, – m) + – ma (– mə, – m)
(8)
... Bu cəhətədən xalq şairi Rəsul Rzanın “Lenin” poeması
xüsusi diqqətə layiqdir. Lenin haqqında poema yazmağın çətinliyini Rəsul
hiss etməmiş deyildi (“Bakı”).
(9)
– Yəni deyirsən ki, bu məntəqənin bir böyüyü yoxdur?
–
Olmamış olmaz (“Kirpi”)
Aşağıdakı situasiya tiplərində litota qeyd-şərtsiz olaraq zəif deyil,
əksinə, qüvvətli təsdiq ifadə edir, mətn semantikası dil strukturu ilə
dərketmənin məzmununu diametral surətdə dəyişir.
(10)
Sən paşasan, mən də sultanam. Mən də bu dağların pələng
əmcəklərindən az qaynar süd əmməmişəm. Onsuz da mənim düşmənim az
deyil. Bütün kəndlər, Şehlidən belə bütün obalar, Gəray bəydən belə bütün
Qarabağ Cavanşirləri, Ağaxandan belə bütün Qafan sultanları məni gözü
götürməyənlərdir (S. Rəhimov).
386
Misallardan da aydınlaşdığı kimi, ümumən təsdiqin zəiflədilməsi
vasitəsi kimi işlənən litota kontekstdən, situasiyadan asılı olaraq həm də
təsdiqin qüvvətləndirilməsi və inkarın zəiflədilməsi vasitəsi kimi şəkillənir.
Geniş mətndə maksimal yayğınlıq, əhatəlilik kəsb edir, bununla da
linqvistik qiymət dərəcələrinin müxtəlifliyini, rəngarəngliyini təmin edir.
Funksional-semantik inkarlıq sahəsinin əsas konstituentlərinin
universal, dominant ifadə fiqurunun təsvir olunan situasiyanın zirvəsini
təşkil edən müxtəlif semantik qruplarla, modallıq elementləri ilə
əlaqələnməsi birmənalı şəkildə təsdiq mülahizəni zəiflətmir, əksinə, onu bir
qədər də qüvvətləndirir, intensivləşdirir, mətnin ən aktual ünsiyyət
fraqmenti halına gətirir, yayğınlıq və yayılanlığa yeni stimullar əlavə edir.
Aşağıdakı misalları müqayisə edək.
(11)
Bu əsərlərdə nəyə rast gəlmək olmaz, nəyi tapmaq olmaz?
Oxucu müəllifin hərtərəfli biliyinə, istedad və zəkasına, dünyagörüşünün
dərinliyinə heyran olmaya bilmir (“Bakı” qəz.).
(12)
Salonda tam sakitlik hökm sürürdü. Qulaq asmayan yox idi
(= hamı qulaq asırdı, hamı heyrət içində idi).
Lakin nümunələrin də təqdim etdiyi bu rəngarənglik və funksional
genişliyə baxmayaraq, litota strukturlarının hamısını birləşdirən ümumi bir
cəhət var: litotanın işlədilməsində məqsəd ilk növbədə aydın, birbaşa
mövqedən, dəqiq, birmənalı qiymətləndirmədən qaçmaq, ən müxtəlif
yozum, şərh imkanlarını vahid tərtibdə, sinkretik formada reallaşdırmaqdır.
Bu hadisəyə funksional polifoniya, praqmatik üslubi omonimlik kimi də
yanaşmaq olar. Həmin linqvistik situasiya litota quruluşlarını potensial
olaraq yalan və aldanışların ixtiyarına verir. Nitqdə dərketmənin bütün
genişlənmə, yayılma potensialına baxmayaraq, litota fiquru, inkarı inkar
strukturları ilk növbədə fikrin, mülahizənin gerçək təsirini gizlətmə, bir
meliorasiya düşüncəsi kimi diqqəti cəlb edir. Gerçəkliyi özünə “hopduran”
kiçiltmə və minimallaşdırma kodları – litota və inkarı inkar modelləri
qətiyyət, təkid modallığından sərf-nəzər etmək, mümkün radikalizmi, ifrat-
barışmaz mövqeyi neytrallaşdırmaq, lüzumsuz, konkret praqmatik məqsəd
və maraqları təhlükə altına ala biləcək emosional-iradi məqamları azaltmaq,
mümkün olarsa, tamamilə cilovlamaq və təshih etməyin əlverişli vasitələri
hesab olunur. Birbaşa, vasitəsiz ifadə üsulundan fərqli olaraq, alternativ,
387
ehtiyat çoxluqlar, vasitəli dil forması, ifadə strategiyası olan inkarı inkar və
litota sxemlərində
təsviri, xarakteroloji, qiymətləndirmə
və
meliorativləşmə, mötədilləşdirmə funksiyaları üzvi surətdə birləşir.
Litotanın yığılma və genişlənmə potensiyalı, qəti hökmü zəiflətmək,
yumşaltmaq praqmatikası, məntiqi və emosional ekspressivliyi, habelə
yayılanlıq hüdudları alman dilinə aid aşağıdakı nümunələrdə bütün
aydınlığı və şəffaflığı ilə görünməkdədir. Göstərilən cəhəti nicht + ohne,
nicht + los, nicht +un modelləri əsasında izləməyə çalışaq. Bu, litotanın
ifadə şəkilləri ilə qavrayış mexanizmlərinin tipoloji müxtəlifliyini izləmək
üçün də maraqlıdır.
(1) Mit der Mehrzahl westdeutscher Politiker verglichen, war Walter
Ulbricht ein Staatsmann von hohen Graden. Er hatte ein klares Ziel und
holte aus der jeweiligen Lage heraus, was nur irgend möglich war. In der
Schlichtheit seines geistigen Gefüges war er Konrad Adenauer nicht
unähnlich. Beide verfügten über einen mäßigen Wortschatz (R. Eichler).
(2)
Von Anbeginn war das All nicht lautlos. Unsere menschlichen
Sinne reichen allerdings nicht aus, um Sphärenklänge zu erfassen (R.
Eichler).
(3)
Daß der emsigste Hervorbringer von Wörtern, die Presse,
nicht ohne Einfluß auf die Gegenwartssprache ist, bedarf kaum eines
Beweises (R. Eichler).
(4)
Ich kann mir mein Ich nicht ohne meine Muttersprache
vorstellen (Günter de Bruyun).
(5)
... Das ist die metaphorische Situation von Korns Buch... Ihr
Entsetzen zu bannen, fehlen die Worte selber; das rechtfertigt die
Gelassenheit, die Korn nicht ohne strategische Klugheit sich währte (Th.
W. Adorno)
(6)
Ja, es stimmt, was der deutschen Sprache so wichtig erscheint,
es ist in der unseren nicht. Aber natürlich ist sie nicht ohne Ordnung im
Satzbau (R. Eichler).
Normal halda kiçiltmə, zəiflətmə mexanizmlərinin ümumi ünsiyyət
strategiyalarının gerçəkləşməsində ehtiyatkarlıq, qorxu, müəyyən etik
mülahizələrə əməl olunması, qarşılıqlı əməkdaşlıq istəyi əsas motivlər kimi
çıxış edir. Litota fiquruna geniş mənada ehtiyat-mühafizə mexanizmləri,
|