388
mövcudluq, uğur ehtiyaclarından doğan təbii müdafiə reflekslərinin dil
təzahürləri kimi baxmaq olar. Hər halda mən inanıram ki, siyasət
dəllalarından, “həm diplomat, həm də şair olanlardan”, həm məmur, həm
də biznes kimi səksəkəli ömür yaşayanlardan fərqli olaraq, məsələn, mafiya
babasının, yaxud hər şeyi öz adı ilə çağırmağa adət etmiş qanuni oğruların,
həqiqət məhbuslarının dilində çoxlu litota “nümunələri” tapmaq mümkün
olsun. Qəti əminəm ki, dünyada bərabərləşmə, tolerantlıq, fərqsizlik və
laqeydlik düşüncəsi və psixologiyası artdıqca kiçiltmələrə, kiçilmələrə də
maraq artacaq. Dil işarələri daha çox aşınmalara, yayğınlıqlara məruz
qalacaq.
Nasional-sosialistləri bir çoxları üçün son dərəcə cazibədar edən
səbəblərdən biri də bu idi ki, onlar nə qədər dəhşətli, nə qədər məşum olsa
da, bir çoxlarının yadırğadığı, həsrətində olduğu, gözlədiyi açıq həqiqətləri,
açıq mətləbləri öz mübarizələrinin, məqsədlərinin həlledici amilinə,
hərəkətverici qüvvəsinə çevirmişdilər. Onlar xalq, millət, reyx, irq
haqqında çoxlu yalanlar uydursalar da, heç kəsin bu gün də söyləyə
bilmədikləri, bəşəriyyətin əzablar çəkdiyi çılpaq həqiqətləri bəyan
etmişdilər. Dünya bunu unutmamalıdır. Və ikinci dünya müharibəsinin
sonlarında dünya almanlardan bir də elə bu həqiqətlərin qisasını alırdı.
Sonra.
Litota ilk növbədə tərəddüdlərin, həqiqi, real gerçəkliyi dillə təqdim
olunan gerçəkliyə dəyişmək psixologiyasının ifadəsidir. Obyektin,
hadisənin həqiqətdə olduğundan kiçik və zəiflədilmiş, azaldılmış formatda
göstərilməsi fərqli bir dünya və dil mənzərəsi gəlişdirir. Bu baxımdan
litotaya, inkarı inkar simvollarına dildə “mədəniləşmənin”, güzəşt və
optimal, idarə olunan məqsəd strategiyasının, bir çox hallarda qeyri-
səmimi, qeyri-təbii olsa da, hər halda daha praqmatik, uyğun-adekvat dil
davranışının, nitq hərəkətlərinin təzahürləri kimi yanaşmaq münasibdir. Bir
də görürsən ki, əməlindən, işindən çox dilinin, qəsdən, bilərəkdən,
dilbilməzliyinin çörəyini yeyən, hansı millətin vəkili olduğu bilinməyən bir
millət vəkili əslində heç reallıqdan xəbəri olmaya-olmaya yalnız
ehtiyatkarlıq, “sədaqət” instinktinin təsiri altında bir az əvvəl orduda
korrupsiya hallarının olduğunu qətiyyətlə inkar etdiyi halda, az sonra eyni
məharətlə orduda korrupsiya hallarının ola biləcəyini etiraf edir. Daha
389
doğrusu, reallığı dillə istədiyi kimi, guya ondan tələb olunduğu kimi idarə
edir və dəyişir: Bir də görürsən müdafiə nazirliyinin nümayəndəsi və ya
dövlət dumasının deputatı deyir: “Mən orduda korrupsiyanın olmadığını
demirəm” (“Mən demirəm ki, orduda korrupsiya yoxdur”; “Mən orduda
korrupsiya hallarının olduğunu istisna etmirəm”). Heç şübhəsiz ki, birbaşa
“orduda korrupsiya var” mülahizəsinə nisbətən bu mülahizələrin altından
qaçmaq daha asandır. Çünki həqiqətin təsviri bəzən onun özündən daha
qorxunc olur. Əslində öz funksiyası etibarilə millət vəkilinin məsələn
Bakıda oturub Azərbaycan ordusunda korrupsiyanın, əsgər ölümlərinin,
rüşvət hallarının olub-olmamasından, geniş, ya az geniş yayılıb-
yayılmamasından xəbərdar ola bilməz. Əksinə, əgər ordu ilə bağlı müəyyən
bir komissiyanın üzvi isə, vəziyyətdən xəbərdar olmaya bilməz. Lakin
xüsusilə siyasi diskursda bu mülahizələrdən hansının reallaşmasının çox
vaxt gerçəkliklə əlaqəsi olmur, dil forması bir düşüncə stereotipinin, ifadə
avtomatizminin nəticəsi olaraq doğulur. Belədə dərketmə predmetsiz bir
şeyə çevrilir, bütünlüklə dil formasının ixtiyarına keçir, gerçəklilə deyil, dil
işarələri ilə tənzim və idarə olunur. Əgər kimsə dil işarəsinin arxasındakı
reallığı heç olmasa dumanlı şəkildə, tam adekvat olmasa da (bu, əslində
mümkün də deyildir) görmürsə, dil simvollarını reallıq formasına çevirirsə,
yalan danışır. Həqiqi gerçəkliklə dil gerçəkliyini, doğru ilə yalanı qarışdırır.
Dil hansı zənginlikdə linqvistik qiymətlər və qiymətləndirmə alternativləri,
variantları hazırlasa da, yalançını həqiqətin qarğışından və yalanın
şərindən, məsuliyyətindən tam qoruya bilmir. Çünki dərketmə yalnız dil
vasitələri ilə olmur. Kontekst semantikası denotativ semantikanı öz
içərisinə alaraq, onu gah önə çəkib, gah da mətnin dərinliklərinə qovsa da,
yalan aysberqi dərinliklərə otursa da, onun görünən hissəsi reallığın tam
gizlədilməsinə, təsəvvür radiusundan tamamilə uzaqlaşmasına,
yayınmasına imkan vermir. Belələri guya dövləti qoruduqlarını, nəyəsə,
kiməsə xidmət etdiklərini düşünsələr də, əslində dövlətin dayaqlarına zərbə
vururlar, dil müqavimətinə rast gələn kimi ağ bayraq qaldırmağa məcbur
olurlar.
Litota strukturları genişləndikcə, leksik-semantik tərkib və sintaktik
kütlə mürəkkəbləşib ağırlaşdıqca yayğınlıq, əsl mətləbi dolaşdırmaq,
müqabil tərəfdə, dinləyici və ya oxucularda çaşqınlıq yaratmaq,
390
koqnisiyanı, anlamanı dolaşdırıb çətinləşdirmək imkanı da artır.
“Xəbərlər”i dinləmək peşmançılığından ayılmamış bir də görürsən, daha
doğrusu, eşidirsən ki, başqa bir kanalda adi, görünən qiymətlərdən fərqli
olaraq linqvistik qiymətlərdən, dil dəyərlərindən o qədər də xəbəri olmayan
dövlət məmuru deyir: “Tarif şurasına müxtəlif xidmət sahələrində və dövlət
qurumlarından qiymətlərin artırılması haqqında müxtəlif müraciətlər daxil
olub. 13 müraciətdən çoxuna müsbət cavab verilməyib... Dövlət Dəniz
Administrasiyasında... çoxtonnajlı gəmilərə 3200 manatlıq rüsum tətbiq
ediləcək. Bu birdəfəlik rüsumdur və tarif şurasının qərarı ilə əlaqədar hətta
hüququ şəxslərdə belə böyük narazılıqlar olmayacaq” (ANS). “Böyük
narazılıqlar olmayacaq” dil forması “kiçik narazılıqlar olacaq” anlamından
çox, “müəyyən qədər, cüzi sayda narazılıqlar ola bilər” anlamına uyğun
gəlir. Axırıncı söyləmdə “müsbət” sözünün manipulyativ gücünə fikir
verin. Allah göstərməsin, pis xəstəliklərdə və dopinq yoxlanışlarında da
mənfi, dəhşətli xəbər “pozitiv” (müsbət) indeksi ilə qeyd olunur. Müsbət
demişkən, müsbət, pozitov sözlərə, mükəmməl leksikaya inkarlıq işarəsinin
əlavə olunması yayılanlığın yeni praqmatik qatlarını gündəmə gətirir. Bu
gün dözümlü, mehriban, yolayaxın bir xalqın yaşadığı Azərbaycanda,
xüsusilə gənclər arasında “Yaxşı deyil” replikası ilə bir çox xoşagəlməz
situasiyaları tam sovuşdurmaq mümkün olmasa da, onları qismən
yumşaltmaq mümkündür.
İnkarın qüvvətləndirilməsi, habelə obrazlı inkarlıq vasitələri,
kiçiltmə, inkarı inkar mexanizmlərinin maksimum istismara
buraxılmasında mühüm rol oynayır, kiçiltmə və zəiflətmə çalarlarını
intensiv təsdiq prizmasından xeyli dərəcədə yayğınlaşdırır. Sandıq başında
duran “şərəfli peşə” sahibi – müəllim və ya hər hansı digər bir inaılmış şəxs
ciddi əsas və ya heç bir əsas olmadan saxtalaşdırmada günahlandırılan
məktəb direktorunun müdafiəsinə qalxır: “Biz bir zərrə qədər də / iynənin
ucu qədər də onun fəaliyyətindən narazı deyilik”, “Qonaqların bizdən bir
qram da / bir damcı da, bir qırıq da (dialekt sözü) narazılıqları yoxdur”,
“Onlar bu vaxta qədər / indiyə qədər bizdən razı olmamaları haqqında bir
kəlmə söz də deməmişlər”, “Onların narazı olması haqqında bizə bir dənə
də olsun fakt daxil olmamışdır” kimi yayındırma manevrlərində qüvvətli
inkarlıq psixoloji cəhətdən hər hansı şübhə imkanını bir anlığa da olsa
391
aradan qaldırır, hər cür alternativ imkanı tamamilə istisna edir, xalis
tərəddüdsüz, müzakirəsiz həqiqət illüziyası formalaşdırır. Bu qəbildən olan
söyləmlərdə subyektin mövqeyincə qəti hökm nəzərdə tutulsa da, əslində
təxmini mühakimə ifadə olunur. Litota strukturlarında digər leksik
ağırlaşdırıcılar da əksərən eyni funksiyanı yerinə yetirməyə xidmət edir,
yayğın, birmənalı olmayan linqvistik qiymətləri əks etdirir, inkar hökmün
intensivləşdirilməsi vasitələri danışanın nəzərində gerçəklik, həqiqət
dəyərlərinə münasibətdə inam və psixi təsir imkanlarını artırır: Biz qətiyyən
onun fəaliyyətindən narazı deyilik, Biz əsla onun fəaliyyətindən narazı
deyilik, Biz heç vaxt / heç zaman onun fəaliyyətindən narazı deyilik /
narazı olmamışıq: “Biz dünyasında onun fəaliyyətindən narazı qala
bilmərik” kimi qəti hökmlər ümumiyyətlə, “razı olmamaq”, “narazı
qalmaq” kimi qeyri-praqmatik variantları istisna edir. Sosial kontekst,
gözləyiş belə məqamlarda mənfi olanı, pisi daha asan, daha fəal qavramaq
psixologiyası isə israrla mülahizəni əks, “pozitiv” tərəfə istiqamətləndirir.
Müasir alman dilində işlənən aşağıdakı cümlələrdə mübahisə doğurmayan
həqiqət bundan ibarətdir ki, onlar ən müxtəlif məna və anlamlarda reallaşa
da bilir.
Es ist gar nicht unmöglich.
Es ist durchaus nicht unmöglich.
Es ist ganz und gar nicht unmöglich.
Es ist alles andere als unmöglich.
Es ist überhaupt nicht unmöglich.
Es ist auf keinen Fall / keineswegs, keinesfalls unmöglich.
Belə yayğın, yayılan ifadə üsullarının pozitiv praqmatikası haqqında
da eyni sözləri demək olar. Dil istifadəçisi şişkin, aldadıcı və parıltılı ifadə
formalarının arxasında, daha doğrusu, fonunda ən müxtəlif qeyri-səmimi
nitq davranışlarını, yalan və aldanış hərəkətlərini reallaşdıra bilər.
Danışanın məqsədindən, intonasiyasınadan, linqvistik qiymətləndirmə
meyarlarından asılı olaraq mühakimənin doğruluq və yalanlıq hədlərini
mürəkkəb, kompleks leksik-semantik tərkibdə diametral surətdə dəyişməsi
operativ və birmənalı anlamanı çətinləşdirir, mümkün dil-ifadə
reflekslərinin avtomatlaşmasına, mexaniki dərkinə gətirib çıxarır.
392
Beləliklə, kiçiltmə perifrazlarına dilin güclü ehtiyat qüvvəsi,
mühakimələrin, informasiya komplekslərinin həqiqilik və səhihlik
dərəcələrini, modal və emosional çalarlarını tənzimləmə, fokuslaşdırma
mexanizmləri kimi yanaşmaq lazımdır.
Deməli, litota fiqurunda kiçiltmə, zəiflətmə və qətiyyətlə demək olar
ki, həm də fikir qütblərini yaxınlaşdırma, tarazlaşdırma strukturlarında
yalnız birmənalı, birqiymətli şəkildə iki anlayış – müsbət və mənfi deyil,
həm də gah müsbət, gah da mənfi kimi anlaşıla bilən iki adlandırma və iki
mühakimə - təsdiq və inkar hökmlər, onların mümkün məntiqi çalarlıqları
bir bütöv halında qarşılaşır. Litotanı, kiçiltmə-zəiflətmə, maksimallaşdırma
düşüncəsi və strategiyasının digər mümkün dil resurslarını yalan və aldanış
həvəskarları üçün cəlbedici edən də elə budur. Litota və inkarı inkar təkcə
anlayışların, linqvistik qiymətlərin deyil, mühakimələrin, təkliflərin,
danışanın ifadə olunan fikrin gerçəklik dərəcəsinə, doğruluq meyarlarına
uyğunluq, münasiblik hədlərinin yayılanlığını nümayiş etdirməyə imkan
verir.
Təsdiq mülahizəyə, iqrara xidmət edən inkar hökmün heç bir ehtiyac
olmadan, lüzumsuz yerə qüvvətləndirilməsi yalanın ən bariz siqnallarından,
nişanlarından biri kimi diqqəti cəlb edir. Bu fenomenə yalançı əlində
(dilində!) boğulan, əzilən, əzab çəkən dilin fəryadı, günahın, eyni zamanda
dil günahının da etirafı kimi baxmaq olar. Psixoloji baxımından daim
həqiqəti, yeganə doğrunu düşünən, haqq sözünün eşidilmədiyini, ona məhəl
qoyulmadığını güman edən adamların dil davranışlarında da belə ifrat, qəti
və alternativsiz, qeyd-şərtsiz nitq aktları özünə yer tapır. Adətən,
diplomatik ünsiyyətdə, siyasi diskursda belə ifrat mühakimələri təshih
etmək, yumşaltmaq, bütövlükdə mətni qəbul olunmuş standartlara,
stereotiplərə oturtmaq ehtiyacı yaranır və bu ehtiyac litotanın, inkarı inkar
fəndinin sıx-sıx reallaşmasını şərtləndirir. Bir qayda olaraq iki ifrat qütb
(məsələn, “radikal müxalifət” və “barışmaz iqtidar”) və ya iki bir-birinə
tamamilə zidd ideologiya, yaxud ciddi beynəlxalq danışıqlarda açıq
tendensiyaçılıq, təəssübkeşliklə sadəlövh “həqiqət axtarıcılığı” üz-üzə
dayandıqda mühakimələrin, mövqelərin, bununla dil hərəkətlərinin də aşırı,
ifrat həddə dırmanması ehtimalı artır. Bu strategiya digər bir yandan da öz
fərdi həqiqətinə, sözünün doğruluğuna inanmamaq psixologiyasının
393
qanunauyğun nəticəsi kimi doğulur. Siyasi aləmdə az-çox həqiqəti demək
istəyi ilə tanınan, Azərbaycan tərəfinin ciddi müqaviməti və təpkisi ilə
qarşılaşan Andreas Qross sanki ürəyini boşaldırmış, kiməsə son anda acıq
verirmiş kimi tam ifrat mövqe nümayiş etdirərək dedi: “Bu ölkədə
demokratiya adına heç nə yoxdur”. O, Azərbaycanla heç bir razılığa, sazişə
gəlmək istəməyən Ermənistan haqqında da eyni ifrat mövqedən çıxış edir
və bir diplomat olaraq mətn boyu “kompromislərdən” danışaraq linqvistik
realizm və mötədillik nümayış etdirməyə səy göstərir: “Demokratiya təkcə
oliqarxik qruplar üçün deyil. Müxtəlif oliqarxik qruplar Ermənistanda
siyasi iqtidarı öz əllərində cəmləyiblər. Heç olmasa, sizdə bu oliqarxik
qruplar arasında rəqabət var. Azərbaycanda isə heç bir rəqabət yoxdur,
hakimiyyətə ancaq bir qrup nəzarət edir”. Qross beynəlxalq müşahidəçilər
missiyasının Ermənistanda ilk dəfə azad və ədalətli seçkilərin keçirilməsi
haqqında fikrə münasibət bildirərək əlavə edir ki, bu, daha çox diplomatik
addımdır. Çünki ötən seçkilər çox pis olub, bu seçkilər isə daha az pis
olduğuna görə onu irəliyə doğru addım adlandırırlar. “Bu rəy açıqlanarkən
mən də mətbuat konfransında iştirak edirdim, görürdüm ki, bu rəy heç də
kifayət qədər ədalətli deyil. Bəzən beynəlxalq müşahidəçilərin problemi
onda olur ki, onlar nəzakətli olmağa çalışırlar.” Ermənistanla Azərbaycanda
demokratiya sahəsində vəziyyəti müqayisə edən Qross daha sonra deyir ki:
“Azərbaycanda vəziyyət Ermənistandakı ilə eyni deyil, ancaq bundan daha
pisdir”. “... Ermənistanda heç olmasa müxtəlif oliqarxik qruplar arasında
rəqabət var. Azərbaycanda isə heç bir real rəqabət yoxdur. Eyni zamanda
hər hansı plüralizm də yoxdur, bu ölkədə müxalifətin fəaliyyət göstərməsi
mümkün deyil. Müxalifət olamyan ölkədə isə demokratiya adına heç nə
yoxdur...”. Sonra Qross ekstremizm və mübaliğə “dalğalarında” tərəfləri
tamamilə birləşdirərək belə bir dahiyanə “kəşfə” gəlib çıxır: “Siz
kompromislərə getməlisiniz və adamları buna hazırlamalısınız. Kompromis
o deməkdir ki, heç kim istədiyinin hamısını almır, ancaq hər tərəf nəsə əldə
edir. Bu, siyasi mədəniyyətdir. Mən qorxuram ki, oleqarxik strukturların
olduğu, qeyri-demokratik və cəsarətsiz hakimiyyətin hökm sürdüyü bir
vaxtda siz bu cür müdrik kompromislərə gedə bilməyəcəksininz”
(Qəzetlərdən). Qrossun təkliflərində - Avropa “müdrikliyi” ilə
kosmopoltizminin bu tipik nümunəsində qeyri-səlis məntiqin, ifrat-təxmini
394
mühakimələrin güclü tərəfi və ziddiyyətləri öz əksini tapır. Buna siyasətin,
siyasi düşüncə və məntiqin “nisbilik nəzəriyyəsi” də demək olar.
Göründüyü kimi, kimliyindən asılı olmayaraq məntiqi-semantik
paradokslar siyasi diskursda tematik proqressiyanın, silsilə-mülahizələrin
əsas motivlərindən birini təşkil edir. Siyasi diskurs dərketmə prosesində
mütləq danışan və düşünən şəxslərə öz şərtlərini, qanunauyğunluqlarını da
diqtə edir.
İnkarın intensivləşdirilməsi vasitələri ilə söyləmin funksional
statusunu dəyiçmək, konkret praqmatik yönlüyü yalan və aldanış
dumanlarında qərq etmək “ustalığını” Azərbaycan reallıqlarına aid konkret
mətn parçaları ilə izləmək maraqlıdır. Müasir Azərbaycan gerçəkliyində
hakimiyyət-müxalifət düşmənçiliyi, ifrat radikal münasibət və barışmazlıq
kontekstində nəyin həqiqət, nəyin qeyri-həqiqət olduğunu təyin etmək o
qədər də asan məsələ deyil. Çünki reallıq təklə yox, cəmlə ölçülür,
fərdlərin, iddiaların sayını belə ötüb keçir, yayğınlıqlara, qeyri-dəqiqlik və
təxmini mülahizələrə geniş yol açır. Açıq, sərbəst münasibət və
qiymətləndirmələr məsələyə ayıq, dialektik yanaşmanı əngəlləyir.
Əvvəlcə o qədər də böyük rütbəsi olmayan, iqtidar üçün də böyük
problemlər yaradan dövlət rəsmisinin diffamasiya, böhtan haqqında
qanunla bağlı mülahizələrini nəzərdən keçirək. “Diffamasiya haqqında
qanun hələ Avropanın heç bir ölkəsində qəbul olunmayıb...”. Bu
məlumatda “hazırda Azərbaycan cəmiyyətinin jurnalistləri bütün
məsuliyyətdən azad etməyə hazır olmadığı” (?) bildirilir. Səriştəsiz “siyasət
məmuru” Azərbaycanda mətbuatın durumu ilə bağlı ABŞ rəsmilərinin
bəyanatlarını da bölüşmədiyini bildirməklə psixoloji həddi də adlayır, artıq
belələrinin yalanları ilə doldurulmuş (və deməli, həm də zənginləşdirilmiş!)
Ana dilinin, hüquqları taptalanan Ana dilinin inkarlıq xidmətindən səmərəli
şəkildə yararlanmaq “nümunəsi” göstərir: “Azərbaycanda söz və mətbuat
azadlığına heç bir təhlükə yoxdur. Dövlət azad sözün qarantiyasıdır” (?).
(Düz deyir, amma belə məmurlar tərəfindən təhlükə var!). Əvvəlcədən
formalaşmış, oturuşmuş yalan və aldanışın felinə uymayaraq soyuq başla
düşünməyə üstünlük və dəyər verən məmur da anlayar ki, bu gün heç ABŞ,
Almaniya, Fransa, İtaliya kimi ölkələrdə də dünyada ən güclü silaha – sözə
yiyələnmiş jurnalistlərin, onların təmsil etdikləri azad mətbuatın
395
təhlükəsizliyinə tam qarantiya vermək mümkünsüzdür. Digər tərəfdən, heç
bir cəmiyyət, hətta yetkinlik səviyyəsi aşağı olan bir cəmiyyət heç bir kəsi
heç vaxt məsuliyyətdən xilas etməz və heç bir fərd də özünü tam
məsuliyyətsiz, məsuliyyətdən kənar hiss edə bilməz. Məsuliyyətsizliyin
məsuliyətini öz üzərinə götürməz. Həqiqət budur və əgər bundan kənara
çıxırsansa, lüzumsuz tərəfgirliyini yalana yuvarlandığını etiraf etmiş
olursan.
İndi də öz “mükəmməlliyinə” görə heç də yuxarıdakı mühakimədən
geri qalmayan azərbaycansayağı bir müxalifət yalanı:
Onu da bildirək ki, hakimiyyətin bu cür davranacağı gözlənilən idi...
Onlar heç bir zaman verdikləri vədə əməl etmirlər və onlar üçün kişi sözü
heç bir əhəmiyyət kəsb etmir... Bütün Azərbaycanı xilas funksiyasını
çiyinlərinə alan bir siyasət bloku üçün hansısa meydanın azadlığına nail
olmaq o qədər də çətin deyil (Qəzetlərdən).
Mühakimənin gerçəklik dəyərinin ifrat dərəcədə böyüdülməsi, aşırı
qiymətləndirmə və səciyyələndirmələr inam limitinə zərbə vurur, təklifin,
mülahizənin həqiqiliyini, gerçəkliyini şübhə altında qoyur, kognitiv -
psixoloji transformasiya nəticəsində fikir əks yayılmalarla təsirini getdikcə
zəiflədir. Həbsxana, xüsusilə “postsovet” həbsxanaları elə bil məkana
oxşayır ki, orada məhbuslar öz həyatlarından nəinki tam, heç qismən də
razı ola bilməz. Bu məqamda “razı olmaya bilməz”, “narazı ola bilməz”
kimi dolaşıq inkarı inkar müdaxilələri də vəziyyəti “yaxşılığa doğru” əsaslı
surətdə dəyişə bilmir. Məhbusların saxlanma şəraitindən “narazı olması” və
ya “razı olmaması”, onların “narazılıq etməməsi” tamamilə başqa-başqa
şeylərdir. Bu məntiq həqiqətə daha çox uyğundur ki, “narazı olan” məhbus
müxtəlif səbəblərdən – qorxudan, ehtiyatdan, sonradan incidiləcəyindən,
işgəncə veriləcəyindən çəkinərək adətən “narazılıq etməyə”, bunu dilinə
gətirməyə cəsarət etmir. Bu hər yerdə belədir, mövcudluq, yaşam tələbidir.
İnsanların, xüsusilə məhbəs sakinlərinin həyatı, gələcəyi təkcə onların
davranışından, əməlindən deyil, sözlərindən, bircə sözdən də çox asılı olur.
“Məhbuslardan heç biri saxlanma şəraitindən narazılıq etməyib” təklifi,
psixoloji situasiyadan kənara çıxan ifrat ümumiləşdirici və qəti mühakimə
fikri gerçəklikdən, həqiqi vəziyyətdən xeyli uzaq salır, mühakimə sanki
sükunət məkanını itirərək bir anlığa itib gedir, yoxa çıxır. Lakin uzun
396
müddət gerçək təsirini, izini saxlayır. İnkarı fakt adlandırıla bilən (hərçənd
öyrənilmə və qavranılma imkanları hələ də çox məhdud olan elm sübut edir
ki, inkarı fakt yoxdur) həmin materialı olduğu kimi təqdim etmək maraqlı
olar.
Elçin Behbudov 3 saylı Şüvəlan İstintaq Təcridxanasında monitorinq
keçirib.
Hüquq müdafiəçisi bildirib ki, rəcridxanadakı şəxslərin heç biri
saxlanma şəraitindən narazılıq etməyib.
Dünən İşgəncələrə Qarşı Komitənin (İQK) sədri Elçin Behbudov 3
saylı Şüvəlan İstintaq Təcridxanasında saxlanma şəraiti ilə bağlı monitorinq
keçirib. Bu barədə APA-ya komitə sədri məlumat verib.
E. Behbudovun bildirdiyinə görə, orada saxlanılan bəzi şəxslər
onunla görüşmək istəyib: “Mən orada Elşən Qurbanov, Mehriban
Ələkbərova, Səftər Əsədov, Ruslan Bessonov və Adil Şamilovla görüşdüm.
Səftər Əsədov əvvəllər 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkib.
Orada baş verən məlum hadisələrdən sonra təcridxanaya göndərilib. O
bildirdi ki, “obşaq” meylli olmayıb. Dustaqlar yalnız sabiq rəis Oqtay
Həsənovun əməllərinə etirazlarını bildirib. Belə ki, sabiq rəis onlara
həbsxanada işgəncə verib. Hətta onun təhqir etdiyi məhkumlardan biri
özünü öldürüb”. Hüquq mqdafiəçisi bildirib ki, təcridxanadakı şəxslərin
heç biri saxlanma şəraitindən narazılıq etməyib. Onların şikayəti istintaq
zamanı üzləşdikləri təzyiqlərlə bağlı olub (“Şərq”)
Şübhəsiz ki, təkcə bizdə deyil, bütün dünyada heç kəsin xoşuna
gəlməyən bahalaşma ilə bağlı daha bir ifrat dəyərləndirmə, linqvistik
saxtalaşdırma örnəyi:
...İlk baxışdan belə görünür ki, bahalaşmanın dozası yüksək
olduğundan hakimiyyət təmsilçiləri də narahatçılıqlarını açıq şəkildə
büruzə vermək məcburiyyətində qalıblar. Ancaq faktlar proseslərin
öncədən hazırlanmış ssenarin üzrə getdiyindən xəbər verir. Bahalaşma ilə
bağlı narahatçılıqlarını ifadə edən hakimiyyət təmsilçiləri sadəcə olaraq
həmin ssenaridəki “ev tapşırıqlarını” yerinə yetirirlər...
...Bütün bunlar göstərir ki, korrupsiyalaşmış və harınlaşmış hökumət
üçün insan amilinin zərrə qədər də əhəmiyyəti yoxdur ...
397
...Bahalaşma ilboyu davam edəcək. Qiymət artımları ilə bağlı Tarif
Şurasının məlum qərarları isə “bir illik bahalaşma proqramını bir günə
reallaşdırmaq” cəhdi idi...
Məlumdur ki, əgər iqtisadi yüksəliş, qiymət bumu dövründə
bahalaşma insanları narazı salırdısa, maliyyə böhranı zamanı, əksinə,
ucuzlaşma hadisələrə müxtəlif münasibət və yanaşmalar doğurdu, əhalinin
heç də bütün təbəqələrini tam razı salmadı. Belə görünür ki, ucuzlaşma lap
yaxın gələcəkdə öz praqmatikasını, o cümlədən də linqvistik praqmatikasını
yaradacaq. Çünki onların hər ikisi həqiqətdir və əahlinin müxtəlif
təbəqələrini, ayrı-ayrı fərdlərin eyni həqiqətə münasibəti heç zaman eyni,
müxtəlif həqiqətlərə münasibətləri də mütləq fərqli olmur. Dil dərketmə
sistemini, insanın koqnitiv bacarıq və qabiliyətlərini tam əhatə etməsə də,
onun ən mühüm tərkib hissələrindən biri kimi insanlararası münasibətlərdə
ən müxtəlif və intensiv eksperimentlərə məruz qalır, sosial və psixoloji
situasiyaya, reallıqlara münasibətdə öz dəyərlər və dəyərsizliklər sistemini
formalaşdırır. Buraya yeni çalarlar, elementlər əlavə edir (Bax: S.
Abdullayev (2), 208).
“Doğruluq” dəyişəninin linqvistik qiymətlərini dolaşdıran, fikrin
analşılmasını düyünə salan, əslində həqiqəti ifadə etməyə deyil, ondan
qaçmağa hesablanmış daha bir dil-ifadə spiralı – əslində sərfəli olmayan
situasiyanı praqmatik baxımdan daha səmərəli tənzim etmək cəhdi.
Mühacirətdə olan məşhur siyasi xadimin Azərbayacana qayıdışı, daha
doğrusu, siyasi mülahizələrə görə onun qayıtmasının qarşısının alınması ilə
bağlı daha bir zəruri yalan:
...Həmin hadisədən bir gün sonra ...ABŞ-ın bir sıra KİV-inə
müsahibəsində deyilir: Rəsul Quliyevin Bakıya gəlmək xahişi heç də rədd
edilməyib. Bu, yenə də müxalifətin ictimai rəyi azdırmaq cəhdidir... Xahiş
edirəm, düzgün əks etdirəsiniz və yanlış xəbərlər verməklə ictimai rəyi
azdırmayasınız (Qəzetlərdən).
Əslində siyasi təcrübədə bu qəbildən olan dil hərəkətləri məqbul
sayılır və mübarizənin məntiqindən, konkret situasiyanı öz xeyrinə
dəyişmək və hadisələrə yeni baxış formalaşdırmaq səyindən və
zərurətindən doğur. Makiavellinin məşhur tezisini xatırlayaq: “Hakimiyyətə
398
yiyələnmək və onu əldə saxlamaq üçün bütün vasitələr məqbuldur”.
Deməli, dərketmənin mühüm komponetlərindən biri olan dil vasitələri də!
Dövlət rəsmilərindən biri Azərbaycanda qısa bir müddətə prezident
səlahiyyətlərini yerinə yetirmiş siyasi xadimin fəaliyyəti haqqında
danışarkən dedi: “Onun vaxtında bir qarış Azərbaycan torpağı da
ermənilərə verilməyib”. Dövlət rəsmisinin sözləri tamamilə doğru idi,
çünki həmin şəxsin vaxtında “bir qarış” Azərbaycan torpağı deyil, bütöv
ərazilər, milyon qarışlarla ölçülən torpaqlar əldən getmişdi, Azərbaycan
bunun nəticəsində strateji təşəbbüsü tamamilə əldən vermişdi. Şuşa
itirilmişdi. Doğrudur, Ana dilinin düzünə, sağlam məntiqi bu mülahizədə
obrazlı inkarlıq vasitəsi ilə fikri nəinki bilavasitə, vasitəsiz yolla ifadə edir,
həm də onu möhkəmləndirir, söyləmə qəti və sarsılmaz bir həqiqət qüvvəsi
bəxş edir. Lakin fırıldaqçının, dələduzun, işbazın dilində dil də öz simasını
itirir, öz təbiiliyini, normativliyini saxlaya bilmir, belə ifadə etmək
mümkünsə, öz biolojisindən məhrum olaraq fərdi iradəyə tabe olur. Gücə,
zorakılığa itaət etməli olur. Qrammatika kitablarında “kiçik ölçü”, “kiçik
kəmiyyət” bildirən söz (bir qarış da, bir damla da, bir zərrə də, bir millimetr
də) adlandırılan minimallıq işarələri ən böyük kəmiyyətləri, ölçüləri,
coğrafi əraziləri öz içərisinə alıb gizlədir. Bu işin sadə izahı və
psixologiyası belədir ki, vəzifəsini, dəbdəbəli həyatını, nüfuzunu və var-
dövlətini qorumağa, əldə saxlamağa çalışan, “əlverişli” fürsətdən,
situasiyadan istifadə edərək daha da irəli getməyə can atan bir avantüra,
macəra həvəskarı, söz möhtəkiri nəinki Vətənə, həm də Ana dilinə xəyanət
etməkdə, onu öz fərdi həqiqətlərinin dili səviyyəsinə gətirməkdə özünü tam
haqlı bilir. Bəlkə də düz edir, çünki bir çoxlarının nəzərində “o şey ki,
mənə xidmət etmir, deməli mənim deyil”. Onunla həmrəy, həmqayə
olmasaq da, bu “dahi” dünya adamını, istedadlı realisti, praqmatiki dərk
etməyə çalışmasaq, dünya bizə daha əlçatmaz, çətin və dərkolunmaz
görünəcək. Belələrinin nəzərində söhbət “həqiqət imtahanı” verməkdən
deyil, konkret vəzifəni yerinə yetirməkdən, situasiyaya üstün gəlməkdən
gedir. Daha doğrusu, gerçəkliyi qeyri-adekvat şəkildə ifadə edən, etməyə
qadir olan “su kimi hər tərəfə axan” dilin, dil vasitələrinin köməyi ilə fərqli,
daha konstruktiv reallıq yaratmaqdan, daha münasib situasiya konstruksiya
etməkdən gedir. And-amanla “Bu vaxta qədər bir qəpik də rüşvət
399
almamışam” deyən peşəkar rüşvətxorun dilindəki “dil həqiqəti”ni də
görmək və ona da “inanmaq” gərəkdir. Bir qədər diqqətli olsaq və onu da
anlamağa çalışsaq görərik ki, söhbət heç də sadə yalandan, sadələşdirilmiş
yalandan getmir. Söhbət məqsədli, qeyri-əxlaqi dil aktından, nitq
manerasından gedir. Yalan dilin sanksiyası, onun bir növ xeyir-duası ilə
reallaşır. Belələrini tanıdığımdan və o konkret adama yaxşı bələd
olduğundan, onun özünün təhfsirindən, “dahiyanə” şərhindən öyrənmişəm
ki, adam demək istəyir ki, bir qəpik, bircə qəpik (?) yox, çox-çox, lap çox
rüşvət almışam! Xırda-xuruş oğru yox, böyük oğru, ağır kişi imici qazanan,
hamıya kələk gələn bu dil manyakı sonra demək istəyir ki, məsələn,
manatla, rublla yox, indi dəbdə olan dollarla, avrolarla alver edib. Daha
xırda rüşvətxorlar kimi ucundan tutub ucuzluğa getməyib, özünü
yüngülsaqqal eləməyib, oğurluq aktını “ləyaqətlə” icra edib. Buradan çıxan
nəticə odur ki, ən müxtəlif situasiyalarda dil hərəkətlərinin zənginliyini və
müxtəlifliyini öyrənmək bütöv xalqların və hər bir insanın şəxsi həyatında
heç də əhəmiyyətsiz bir şey deyildir. Görünür, biz həyat mübarizəsində
nəyin bahasına olursa-olsun qalib gəlməyə can atan əslində güclü, sərvaxt
insanların nitqini daha diqqətlə, bütün təfərrüatı ilə öyrənib
ümumiləşdirməli, onlardakı aldanış və hiylə imkanlarını bütün mənfi-
müsbət çalarları ilə qavramağı və onlara vaxtında reaksiya verməyi
öyrənməliyik. Hər bir situasiyada hər bir dil davranışını “oxumağı”,
məqamında dərk etməyi öyrənməliyik. Yalana həqiqətin, doğrunun bir
elementi, “döğruluğ”un linqvistik qiymətlərindən biri kimi baxan müasir
dünya ilə ünsiyyət saxlamaq üçün yeni dünyanın Ezop dilini, “Ezop
standartlarını”, bütün mümkün anomaliyaları, sapmaları yaxşıca öyrənib
mənimsəməliyik. Əks təqdirdə istər xaricdə, istərsə də daxildə “tərəqqi
etmiş” müasir insanın, onun xarakterinin, mövcudluğunun zəruri
komponenti olan əlahəzrət Yalanın praqmatikasını öyrənmək, onu dəf
etmək və özünümüdafiə çətin olacaq. Dərketmənin insanmərkəzçi xarakteri
bunu zəruri və qaçılmaz edir. Görünür yalana qeyri-etik hərəkət kimi
yanaşmaq heç də həmişə konstruktiv olmur. Nəinki heç də həmişə
konstruktiv olmur, həm də öz aktuallığını çoxdan itirmiş psixoloji
nonsensdir – desək səhv etmiş olmarıq.
400
Mətbuatda, siyasi diskursda yalançı informasiya xidməti ilə bağlı
topladığımız və
təhlil edə biləcəyimiz materiallar üzərində
müşahidələrimizi davam etdiririk.
Millət vəkili, xalq deputatı seçilmək iddiasında olan, lakin səs
toplaya bilməyən yeni dövr fəallarından biri şansını tamamilə əldən
verməmək, yuxarıların yadından çıxmamaq, qələmindən düşməmək üçün
bir dəfə seçkilərin keçirilməsi ilə bağlı təşkil olunan dəyirmi stolda dedi:
“Seçkilərin demokratikliyinə, tam düzgün və obyektiv keçirilməsinə mən
qətiyyən şübhə eləmirəm”. Məlumdur ki, hətta dünyanın ən demokratik, o
cümlədən ən geridə qalmış ölkələrində belə “Seçkilərdə heç bir qanun
pozuntusu olmayıb” və ya “Seçkilərdə heç bir nöqsana yol verilməyib”
kimi qəti, birmənalı, birqiymətli hökmlərdə də labüd olaraq reallığın,
gerçək faktların özündən qaynaqlanan yanlışlıq, natamamlıq və aldanışdan
qaçmaq mümkün deyil. Çünki mahiyyətcə, sırf texniki baxımdan da
dünyada heç bir seçkidə, heç bir yerdə, heç bir ölkədə, heç bir hörmətli,
şöhrəti dünyanı tutan nüfuzlu, ideal adamın seçkisində istisnasız olaraq heç
bir qanun pozuntusu, nöqsan və ya çatışmazlıq olmaya bilməz. Dil
işarələrinin qeyri-səlistliyi, qeyri-adekvatlığı və bərabərləşdirmə, detalları
tənləşdirmə, ümumilədirmə kimi ilkin qüsurları aldanış mənbəyinə çevrilir.
Digər tərəfdən, hər bir konkret nitq aktında dil işarələri subyektiv təsirlərə,
təhriflərə də məruz qalır. Məsələ burasındadır ki, bir çox həddindən artıq
fəal, səlahiyyətli adamlar, sükanı əlində tutan adamlar “qanun pozuntuları”
anlayışını ancaq digərlərinə, qanun imperativlərinin yönəldiyi şəxslərə
şamil edir, özlərinə aid “pozuntuları” isə heç cür dərk etməyə hazır
olmurlar. Və ya bunu əsl ədalətsizlik, haqsızlıq kimi qavrayırlar. Psixoloji
cəhətdən də belədir ki, qanunun, dövlətin bəslədiyi, bəzi tox, kəkliyi azmış
məmurlar həmişə olduğu kimi bu situasiyada da özlərini qanunun fövqündə
hiss edirlər. Qanunları cəmiyyəti, insan münasibətlərini qaydaya salan bir
harmoniya aləti kimi deyil, aşağıları da özləri ilə bərabərləşdirən bir maneə,
əngəl kimi qəbul edirlər. Onların bir çoxu deyəsən qanunları və dili də
özəlləşdirmiş kimi görünürlər. Hindistan, Misir, Şimali Koreya kimi açıq,
“humanist” məmləkətlərdə səksəni, doxsanı haqlamış prezident digər
ölkənin birinci şəxsi haqqında “onun heç bir xəstəliyi yoxdur” kimi qəti,
qeri-dəqiq hökmlər də gerçəklik, həqiqət zəminindən məhrumdur. “O heç
401
vaxt ölməyəcək”, “O ölə bilməz” kimi hökmlərdə isə dərketmənin iflası
mütləq həddə çatır, hər cür yalan-mübaliğə limitini keçir. Kantın dediyi
zəkanın müstəqilliyi, avtonomluğu – zəkanın, insan ağlının köləliyi ilə əvəz
olunur. Əlbəttə, belə “hökmlər”də söhbət səmimiyyətdən, inamdan çox
patalogiyadan, vahid ideya və ideologiyaya, cəbhələşməyə münasibətdə
yanlış müdafiə, mövcudluq instinktindən gedir. Azərbaycan qəzetlərində
yayılan şayiələrə görə həbs olunması gözlənilən maliyyə naziri haqqında
belə məlumatlar getmişdi: “Bu məsələdə maliyyə nazirinin zərrə qədər də
günahı yoxdur”, “Maliyyə nazirinin günahı olmaya bilməz”. “Yəqin ki,
maliyyə nazirinin müəyyən nöqsanları var / olmamış deyildir” (“Yoxsa bu
qədər villalar, var-dövlət haradandır?”). Belə situasiyalarda nə qədər yayğın
olsa da, məhz inkar strukturları daha adekvat və gerçəkçi ifadə hesab
olunur. Doğrudan da kollektiv şüur belədir ki, maliyyə nazirinin, böyük
pulları idarə edən adamın nöqsanı, günahı olmaya bilməz. Bal tutan mütləq
barmağını yalayacaq və sonda günahkar olmasa belə günahkar olacaq.
Günahkar tutulacaq.
Dil faktları təsdiq edir ki, inkarlıq işarələrinin kəmiyyət
nisbətlərinin gözlənilməməsi, əlahiddə götürülmüş bir cümlədə və ya
mətndə qəsdən, bilərəkdən inkarlıq sıxlığının yaradılması güclü aldanış və
manipulyasiya mənbəyinə çevrilir, ünsiyyət prosesində çoxlu
anlaşılmazlıqlar, bəzən keçilməz sədlər yaradır. Bu informasiya süzgəci, dil
düyünləri xüsusilə az savadlı, naşı, təcrübəsiz və zəif qavrayışlı insanları
çaşdırmaq, onları pis vəziyyətdə qoymaq gücündədir və çox vaxt kütləvi
aldanışa hesablanır. Unutmaq olmaz ki, inkarlıq vasitələrinin kəmiyyət
çoxluğu və yüksələn ardıcıllığı ilə manevr etmək aludəçiliyi fikir qütblərini
dolaşdırmaqla əsl mətləbi gizlətmək, fikrin əks qütbünü daha yaxşı nəzərə
çarpdırmaq hiyləgərliyi bəzən danışanın (yazanın) özü üçün də ciddi
problemlər yarada bilir. Müxtəlif dil səviyyələrindən olan inkarlıq
elementlərinin, mənfi çalarlıqlı leksik vahidlərin, yoxluq, natamamlıq və
çatışmazlıq bildirən sözlərin, neqativ və privativ frazeolgiyanın artan
təzyiqi şəraitində mətni kommunikativ baxımdan tənzim etmək və dərhal
dərk etmək, birmənalı şəkildə qiymətləndirmək çətinlik törədir. Bu
informasiya strategiyasının anti-nümunəsini radikal müxalifət mətbuatı
402
hesab olunan “Azadlıq” qəzetində Norveç səfirinin seçkilərin nəticələri ilə
bağlı münasibətinin təqdim edilməsində aydın görmək olar.
“Norveç höküməti noyabrın 6-da Azərbaycanda keçirilən
parlament seçkilərinin beynəlxalq stadartlardan tamamilə uzaq
olmamasından dərin təəssüf hissi keçirir. Keçirilən seçkilər Azərbaycanda
demokratiyanın inkişafı baxımından bir addım geridir. Norveç hökuməti
Azərbaycan hakimiyyətini seçki prosesində saxtakarlığa yol vermiş şəxsləri
cəzalandırmağa çağırır” (Qəzetlərdən).
Qeyd olunan dil eksperimentləri, “yalan sınaqları” mürəkkəb
sintaktik vahidlərdə, xüsusilə tabeli mürəkkəb cümlə adlandırılan cümlə
formalarında qaranlıq meşəyə, əsl dil cəngəlliyinə çevrilir. Manipulyasiya
naminə cümlənin qəsdən dolaşdırılması siyasi mübarizənin sınanmış
üsullarından biri hesab olunur. “İqtisadiyyat nazirliyinin hesabatında heç də
inkar edilmir və burada iddia edildiyi kimi bu məslənin üstündən sükutla
keçilmir ki, iri və xırda müəssisələrin, zavod və fabriklərin müxtəlif fiziki
şəxslər tərəfindən özəlləşdirilməsində müəyyən nöqsan və çatışmazlıqlara
yol verilməməsi tapşırığı heç də tamamilə təmin oluna bilməmişdir”
(Çıxışlardan).
Göründüyü kimi, belə mühakimə, fikir labiritində, konyunktura
dolanbaclarında nəinki cümlənin, bütövlükdə mətnin məzmununu
qavramaq çətin olur, həm də dil istifadəçisi tərəfindən eksplisit (aşkar) və
implisit (gizli, qeyri-aşkar) inkarlıq daşıyıcılarının yerini, məqamını düzgün
müəyyənləşdirmək, onların linqvistik enerjisini əlaqələndirmək,
istiqamətləndirmək, sintaktik normalara uyğunlaşdırmaq müşgül məsələyə
çevrilir. Və bulanıq suda balıq tutmaq xeyli asanlaşır.
Əlbəttə, mürəkkəb, dolaşıq cümlələr iki səbəbdən – həm dili yaxşı
bilməməkdən, həm də, əksinə, dili çox yaxşı bilməkdən, onun yalan-aldanış
imkanlarına, praqmatik resurslarına, incəliklərinə yetərincə bələd olmaqdan
irəli gəlir. Fikrin dəqiq, axıra qədər düşünülməməsi M. Qorkinin dediyi
kimi “intibalar qabında bişməməsi”, kifayət qədər aydın olmaması da
lüzumsuz inkara yol açır.
....Qusarda Kişiyevin namizədliyini geri götürməyə çalışıblar. Sonra
qohumlarını həbs ediblər, ona yaxın maşınlarını aparıblar. Mən əminəm ki,
403
bütün bunlar prezidentin göstərişi ilə edilib. Mən inanmıram ki, mənim
prezidentim belə hərəkət eləməz (İctimai televiziya).
Bir deputatlığa namizədin seçkiqabağı çıxışından götürülmüş həmin
parçada əsl məntiq, normal, təbii dil davranışı deyil, qorxu və ehtiyatkarlıq
motivi cümləni təşkil edir, daha doğrusu, onu məzmunca amorf, anlaşılmaz
bir hala gətirir.
Bəzən müqabil tərəfi hər hansı bir mənfi hərəkətdən, neqativ
düşüncədən çəkindirmək çağırışı, əksinə, onu həmin hərəkətə daha fəal
şəkildə təhrik etməklə nəticələnir, hadisənin, faktın inkarı əks mövqenin
daha aydın və təkidli nəzərə çarpdırılması işini görür. İnkar formantı bir
çaşqınlıq, yalan və aldanış elementi kimi qavranılır və təsir göstərir:
...Natiq Ruslan Bəşirli olayının ölkə əhalisinin haqlı hiddətinə səbəb
olduğunu desə də, xalqı partiya qərargahına qarşı hücumlar etməməyə
çağırıb. Ramiz Tağıyev AXCP (“i”) rəhbərliyində Əli Kərimovun
qohumlarının üstün mövqe tutduğunu və süni qarşıdurma yaratdığını
bildirib. “Bu cinayət əməlinin məsuliyyəti təkcə Ruslan Bəşirlinin deyil,
onu Gürcüstana göndərən şəxslərin də üzərinə düşür. Tələb edirəm ki, təcili
olaraq qurultay çağırılsın və Əli Kərimov özünün qondarma Rəyasət Heyəti
ilə bu məsələyə aydınlıq gətirsin. Bu fikirlərimə görə Əli Kərimov məni
partiyadan xaric edə bilməz. Əgər o məni partiyadan çıxararsa, Əli
Kərimova yumurta atmayacağam, onu yumurta kimi qərargahın
pəncərəsindən çölə atacağam” (“Səs”).
Burada inkarlıq işarələrinin düzgün paylanmaması diqqəti cəlb edir.
Əslində heç bir təhlilə, araşdırmaya layiq olmayan bu şikəst, qüsurlu mətn
parçasında, “yumurta, yoxsa toyuq” dilemmasını bir zərbədə həll edən bu
“dahiyanə” dil əsərində təhrikçilik, konflikti qızışdırmaq, əsl hədəfi gizli,
kol-kos arxasından daha dəqiq nişan almaq ustalığı çox aydın görünür. Çox
aydın görünən bir də budur ki, partiya funksioneri nəinki “hücum etməyin”
tərəfdarı deyil, əksinə, aqressiyanın, təhdidin daha ardıcıl və kəskin şəkildə
davam etdirilməsinin təşəbbüskarı və fəal iştirakçısı kimi çıxış edir, yalnız
öz mövqeyini, çoxdankı arzusunu ifadə etmir, kimlərinsə, görünür, çox
arxalandığı və güclü adamların, qrupların sifarişini yerinə yetirir.
Mühakimədə, təklifdə həmin mövqeyi qismən ört-basdır etmək cəhdi də
404
heç bir nəticə vermir. Gizli, latent litota dil istehlakçısının nəzarətindən
çıxır, fikri gizlətmək əvəzinə, əksinə, ifşa aktı kimi səslənir.
(1) Der Redner hat (gar) nicht verschwiegen, dass in der Tätigkeit
der von ihm geleiteten Brigade bestimmte Versäumnisse und Fehler nicht
da wären, (2) Der Staatssekräter verneinte nicht, dass beim Angriff
bestimmte Verletzungen des internationalen Rechtes nicht ganz vermieden
werden konnten, (3) Der Rechtsanwalt schließt nicht völlig / gänzlich aus,
dass dieses schreckliche Ereigniss nicht ganz ohne Konsequenzen
ausgelaufen ist kimi söyləmlərdə kiçiltmə, zəiflətmə strategiyası
ehtiyatlılıq, təxminilik və güman mövqeyi başlıca praqmatik məqsəd kimi
ön plandadır. İnkarın qüvvətləndirilməsi vasitələri söyləmi yeni yayılanlıq
miqyasları, emosional qiymətləndirmə və çalarlarla daha da zənginləşdirir.
Çox hörmətli və varlı bir adam evində hansı münasibətləsə qonaqlıq
verirmiş. Birdən məclisin şirin yerində evin xanımı qonaqların hamısının
eşidəcəyi bir tərzdə həyat yoldaşına – evin kişisinə “Sən qələt eləmə” deyir.
Xanım bunu mən yazdığım kimi zəif formada demir, xalqın düşündüyü,
qavradığı və dilə gətirdiyi daha kəskin bir empirizmlə, canlı əyaniliklə
deyir: “...yemə!”
Məclis dağılandan sonra ağsaqqallar kişini məzəmmət edir. Bu
nədir? Sən belə hörmətli adamsan, arvadın camaatın içində sənə belə dedi.
Kişi tövrünü pozmadan, görünür, hər şeyi götürən və hər çirkabı
təmizləyən dilin himayəsini hiss edərək cavab verir: “Nə dedi ki? Dedi
...yemə, demədi ki, ...ye!”
İnkarın mühüm bir funksiyası da əslində gizlədilən, ilk baxışda o
qədər də əhəmiyyət verilməyən müddəanı qüvvətləndirmək, onu
kommunikativ vurğu altına gətirməkdir. “Gələn il qazın qiymətinin
qalxması gözlənilmir” söyləmi ilk növbədə “gözlənilmir” variantını önə
çəkir, insanların şüurunda gözlənilən hadisəni oyadır, fəallaşdırır. Yersiz,
gözlənilməz, artıq inkarın psixologiyası belədir.
Qəzetlərin birində belə bir başlıq verilmişdi: “Mən Əbülfəz bəyi
satmamışam”. Bunu yalnız Əbülfəz Əliyevi satan adam deyə bilər. Nikson
sindromu («Я не вор») deyilən bu inkarlıq etirafı az qala bir dəlil, sübut
olunmuş fakt, sənəd hüquq qazanır, inkarlıq yalanlarının, ümumən dilin
psixologiyasının öyrənilməsi baxımından ciddi maraq və əhəmiyyət kəsb
405
edir. Təəssüf ki, həcm mülahizələrinə görə inkarlıq elementlərinin ən
müxtəlif üslubi funksiyalarını geniş mətn daxilində araşdırmaq imkan
xaricindədir.
“O, dünyada / dünyasında, heç vaxt, heç zaman, qətiyyən, əsla
məndən narazılıq eləyə bilməz”, “heç kim onu mədəniyyətsiz / əxlaqsız
adlandıra bilməz”, “heç kim dünyada / dünyasında onun savadsız, bisavad,
kəmsavad olduğunu deyə bilməz” kimi ümumiləşmiş mülahizələrdə də
dəqiq sərhəd-son deyil, yayğın, yayılan semantika ifadə olunur. Həmin
təkliflər kontekstdən asılı olaraq qüvvətli inkarlıqdan tutmuş intensiv,
qeyri-qəti və mütərəddid təsdiqə qədər geniş çalarlıq, fərqli qiymət və
qiymətləndirmələr kəsb edə bilər. Paradoksal haldır ki, zahirən inkar
hökmün qüvvətləndirilməsi - daha güclü linqvistik enerji doğura bilən
leksik-semantik kütlənin artması, əlavə və ağırlaşdırmalar bir tərəfdən
ünsiyyət fokusunun kəskinləşməsinə, daralmasına gətirib çıxarırsa, digər
tərəfdən də emosionallığın artması ilə semantik-assosiativ və praqmatik-
üslubi genişlənməyə getdikcə yüksələn, artan üzvlənməyə, şaxələnməyə,
başqa sözlə, alternativ kəmiyyət çoxluğunun, ifadə variantlarının
yaranmasına səbəb olur, kontekstdə, mətn daxilində fərqli şərh və yozum
imkanlarının, linqvistik qiymətləndirmələrin doğulmasını şərtləndirir.
Müasir alman dilində işlənən Niemand / in dieser Welt / kein Mensch, kein
Hund, kein Aas, kein Teufel ... / könnte ihn als einen nicht ganz
unschuldigen Mann bezeichnen (Bu dünyada, dünyasında, dünyada, yer
üzündə ... elə bir adam, canlı, ins-cins, bəşər övladı ... tapılmaz ki, onu
tamamilə heç bir günahı olmayan adam kimi təsəvvür edə bilsin), Niemand
/ kein Mensch in dieser Welt, in ganz Deutschland, in unserer Stadt könnte
diesen unerziehbaren Verbrecher nicht für einen ganz harmlosen, gänzlich
unschuldigen Menschen halten (Bu dünyada / bütün Almaniyada, bütün
şəhərdə ... heç kim / heç bir ağlı başında olan adam bu islaholunmaz canini
tamamilə günahsız adam hesab edə bilməzdi / hesab etməzdi), Der Redner
sprach keinesfalls / keineswegs nicht ganz ohne Mitgefühl (Natiq heç cür,
heç vəchlə, heç bir şəkildə həyəcanını boğa bilmirdi, həyəcansız danışa
bilmədiyini gizlədə bilmirdi) və s. kimi çoxpilləli, çoxfiltrli inkarlıq
perifrazlarında hətta kontekst, əlaqəli mətn belə yayılanlığı, qeyri-dəqiqlik
və təxminiliyi, daha doğrusu, dolaşıqlığı, semantik çəkisizliyi tamamilə
406
aradan qaldıra bilmir. Söyləm semantikası daha artıq genişliyə və
yayğınlığa, mücərrədlik və qeyri-müəyyənliyə istiqamətlənir, dil
istifadəçisi işarə kompleksini müxtəlif, fərqli və mümkün şərh variantlarına
uyğunlaşdırmaya çalışır. “Seine Gedanken sind nicht ganz frei von
Wiedersprüchen”, “Sein Weltbild ist durchaus / ganz, gänzlich nich
unvorstellbar”, “Der Inhalt des Buches / der Gegenstand des Werkes ist
nicht ganz / durchaus nicht undeutlich”, “Die Beziehungen der
obenerwähnten Substanzen waren nicht ganz / durchaus nicht deutlich /
unbegreifbar” tipli yayğın, ehtiyatlı mühakimələrdə danışanın həyat
haqqındakı biliklərinin səthiliyi, qeyri-mükəmməlliyi və bir çox hallarda
yanlışlığı, qüsuru ifadə olunur. Problem burasındadır ki, dünya haqqında
yalnız çox ümumi, təxmini məlumatlar verən, solğun təəssüratlar yaradan
dil işarələrinin köməyilə insan şeylər arasındakı real, mürəkkəb əlaqələrin,
mühakimə və hökmlərin qeyri-dəqiqliyi ilə sanki predmet və hadisələrin
ilkin mükəmməlliyi və dolğunluğunu bərpa etməyə, dünyanı yenidən
doğurmağa, gerçək əlaqələri bərpa etməyə çalışır, yeni, daha münasib
reallıqlar konstruksiya etməyə səy göstərir. Dil, daxili semantika hər dəfə
dünyanı yeni çalar və rənglərdə, fərqli biçimlərdə təqdim edir.
22 may 2007-ci ildə Almaniyanın ZDF kanalında belə bir
informasiya verilmişdi: “Der Anschlag gegen Litvinenko war nicht ohne
Wissen des Präsidenten verübt”. Bu söyləmdə yalnız yumşaltma,
mühakimənin qətiliyini, kəskinliyini zəiflətmə düşüncəsi ifadə olunmur,
həm də gerçəkliyi, hadisəni qəsdən qeyri-adekvat şəkildə əks etdirmək,
bununla da informasiyanı zənginləşdirmək, ən müxtəlif aspektləri ilə ifadə
və dərk etdirmək istəyi reallaşır. Verilən məlumatı Azərbaycan dilinə belə
transformasiya etmək olar: “Litvinenkoya qarşı yönəlmiş sui-qəsdən
prezidentin xəbəri olmaya bilməzdi” / Yəqin ki, prezidentin xəbəri olmamış
deyildi / ... prezident xəbərsiz ola bilməzdi, bu hadisə prezidentin xəbəri
olmadan baş verə bilməzdi” və s. İfadə variantlarının, şərhin çoxluğu, heç
şübhəsiz, fikrin, mülahizənin real yayılanlığının göstəricisi, gerçək
situasiyada qeyri-səlisliyi, təxminiliyi mümkün qədər aradan qaldırmaq
səylərinin nəticəsidir.
Mülahizənin gerçəklik şansını artırmaq, şübhə və etimadsızlığı
tamamilə kənar etmək məqsədilə fikri qüvvətləndirmək taktikası birbaşa,
407
vasitəsiz dil hərəkəti oaraq dolayı-perifrastik ifadə forması olan kiçiltmə və
inkarı inkar düşüncəsi ilə ziddiyyət təşkil edir, adətən danışanın məsələni
konkret şəkildə müzakirə etmək əvəzinə güc, zorakılıq mövqeyindən çıxış
etmək istəyindən, qarşı tərəfə psixi təsir göstərmək niyyətindən xəbər verir.
“Qızıl orta” mövqeyi, kompromis, mübahisə, müzakirə ruhunu saxlamaq
üçün məsələyə daha ehtiyatla, ehmal yanaşmaq, çoxqiymətli, çoxvariantlı
ifadə formasını tapmaq üçün ekspressiv, qüvvətli inkarı litota və inkarı
inkar strukturları ilə birləşdirmək siyasi diskursun elementar tələblərindən
hesab olunur. Həqiqi vəziyyətin, hamının gözü qarçısında baş verən
hadisələrin qəti inkarı rəqib düşərgəni çaş-baş salır, bəzən uzun müddətə
tərksilah edir. Bir misal:
“Turanın məlumatına görə dövlət rəsmisi deyib ki, .... bu məsələlər
siyasiləşdirilir. Məsələyə tamam başqa cür baxmalıyıq. Birincisi,
ümumimiyyətlə insanların yaşayışı, ölkənin inkişafı üçün Azərbaycanda
sabitlik yaratmalıyıq. Digər tərəfdən, qəzetlərə qarşı heç bir təzyiq yoxdur.
Söhbət bu qəzetlərin rəhbərlərinin, jurnalistlərin qanunları pozaraq insanları
təhqir etməsindən gedir (Qəzetlərdən).
Jurnalistlərin kimlər tərəfindənsə döyülməsi, redaksiyalara olan
hücumlar, bəzi qəzetlərin bağlanması, ağır şərtlərlə cərimələnməsi və bir
qayda olaraq ictimaiyyətin haqsız saydığı qüvvələrə qarşı məhkəmə
proseslərini uduzması reallığında “qəzetlərə qarşı heç bir təzyiq yoxdur”
mühakiməsi sonuncu həqiqəti əks etdirmir, bütöv, çoxsaylı, çoxtərəfli
gerçəkliyi və gerçəkləri əhatə etmir. Danışan, söz söyləyən öz qarşısına heç
belə məqsəd də qoymur. Söyləm qəsdən birvalentli, birqiymətli semantika
ilə çərçivəyə alınır, məhdudlaşır.
İnkarlıq stilistikası haqqında məlimatlarımızı zənginləşdirmək üçün
daha bir nümunə.
Dövlət rəsmisi beynəlxalq təşkilatların təklifinə Azərbaycanın
etinasız yanaşması ilə bağlı sualla razılaşmayıb: “Qətiyyən belə deyil. Biz
beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edirik. Qarşılıqlı hörmət əsasında
əməkdaşlq edirik. Hansısa təşkilat hesab edirsə ki, ona hörmətsizlik edirik,
o, ilk növbədə öz hərəkətlərinə qiymət verməlidir” (Qəzetlərdən).
Bu cümlələrin barışmazlıq ruhu ünsiyyət əməkdaşılığı, konstruktivlik
və faydalı yayılanlıq prinsipi ilə ziddiyyət təşkil edir, güclü tərəfə qarşı
408
qiyam ruhu yalnız yalançı həqiqət görüntüsü yaradır. Belə mühakimələr
beynəlxalq əlaqələrimizə heç də xeyir gətirmir.
Heç kəs mübahisə etməz ki, problemlərini “sülh yolu ilə”,
beynəlxalq təşkilatların köməyilə həll etmək istəyən zəif, “xahiş edən” tərəf
üçün yuxarıda göstərilən dil-davranış tərzi, alternativ ifadə formalarından
heç də ən münasibi, ən effektlisi deyil. Bunu hətta Azərbaycan dövlətinin
ziyanına qəsdən söylənmiş bir fikir, “diplomatik qəza” kimi də
qiymətləndirmək olar. Yumşaq, tədrici, meliorativ ifadə tərzi müasir
siyasətçinin qulağına daha tez çatır. Konstruktivlik, əməkdaşlıq tələbi və
qaydası çağdaş standart Qərb düşüncəsinin elementlərindən, atributlarından
birini təşkil edir. Açıq, səmimi dil davranışı biri yüz eləmək gücünə
sahibdir və daha artıq uğur və diqqətli münasibət vəd edir (Baxmayaraq ki,
litota formaları kontekstdə, mətn əlaqələri fonunda maksimal dərəcədə
konkret, məhdud və obyektivləşmiş dil fraqmenti kimi də şəkilləşə bilər).
Beynəlxalq, siyasi təşkilatlara münasibətdə sərt mövqe heç də bu şəkildə,
bu səviyyədə ifadə olunmur.
Aktual informasiyanın təqdim edilməsi prosesində mətn əlaqələri və
presuppozisiyanın – fon biliklərinin köməyilə kəmiyyət və keyfiyyət
nisbətlərinin yaxın və uzaq hədləri, həcm və miqyasları nisbətən
konkretləşib aydınlaşa və müəyyənləşə bilər. Burada reallıqdan artıq dil
istehklakçısının iradəsi həlledici rol oynayır. Cənubi Azərbaycanda milli
azadlıq hərəkatı ilə bağlı verilən məlumatın qısa mətninə nəzər yetirək.
... O, qeyd etdi ki, ildönüm ərəfəsində Urmiya, Təbriz, Sulduz və
digər şəhərlərdə hərəkatın fəalları kütləvi şəkildə həbs
olunur ki, onların sırasında məşhur simalar da az deyil: “Bu məsə-
lələrlə bağlı ABŞ Dövlət Departamentindən də etirazlar gəlib. Biz
də bu haqsızlıqlara son qoyulmasını nəhayət, İran hakimiyyətindən
tələb etməliyik. Biz qan qardaşlarımızın taleyinə biganə qala
bilmərik (Qəzetlərdən).
Litota, inkarı inkar strukturları prizmasından inikas və dərketmənin
ümumi perspektivlərini və spesifik aspektlərini, ifadə olunan məna
çalarlarının zənginliyini və çoxcəhətliyini, funksional tipologiyasını
nisbətən geniş təsəvvür etmək üçün aşağıdakı nümunələrə də nəzər salmaq
münasibdir.
409
(1)
... bir qrup ziyalının Xankəndinə, oradan isə İrəvana səfəri
ölkədə sərt etirazlar doğurub. “Bu səfərin pərdəarxası məqamları aydın
deyil”. Qeyd edək ki, Musavat Partiyasının Məclisi bu gün məsələni
müzakirə edib mövqeyini bəyan edəcək. Partiyanın başqanı “ANS-press”ə
açıqlaması zamanı səfərin pərdəarxası məqamlarının hələ aydın olmadığını
deyib: “Hakimiyyət dairələrinin kifayət qədər sərt bəyanatlarlarından sonra
birdən-birə Azərbaycanın Rusiyadakı səfirinin bir dəstə ilə Dağlıq
Qarabağa səfəri gözlənilməz və təəccüblü hadisədir. Məncə, bu səfərin
pərdəarxası məqamları hələ aydın deyil. Hələ məlum deyil bu səfər
Rusiyanın təşəbbüsü ilə, nəzarəti ilə həyata keçirilən prosesin bir hissəsidir,
yoxsa Azərbaycan hakimiyyət dairələri ilə Ermənistan hakimiyyət dairələri
arasında hansısa bir addımlarla bağlı ilkin razılaşmalar var”. İsa Qəmbər bu
məsələni kiçik hadisə hesab etmədiyini bildirib: “Biz bu məsələnin
aydınlaşmasını nəinki istəyirik, həm də bunu tələb edirik” (Qəzetlərdən).
(2)
Bu günlərdə polis zorakılığına bəraət qazandırılan bəyanat
verildi... Bu, qanunlar, məmurların fəaliyyəti baxımından o qədər də uğurlu
bəyanat deyildi. Məmurlar prezidentin əmri ilə işləməməli, prezidenti,
hakimiyyəti qorumaqla vəzifələrə irəli çəkilməməlidir. Onlar qanunla
işləməlidir və polisin də fəaliyyəti qanunla tənzimlənməlidir, əmrlərlə yox.
- Belə çıxmırmı ki, növbəti seçkilərdə də Azərbaycanın demokratik
qüvvələri əvvəlki situasiyalarla üzləşə bilər?
-
Söhbət demokratik qüvvələrdən yox, bütövlükdə
Azərbaycandan gedir (Qəzetlərdən).
(3)
Bakının olimpiyadaya təşkilatçılıq etmək şansı çox deyil...
Olimpiya komitəsinin sədr müavini deyib ki, 2016-cı il yay olimpiya
oyunlarının Amerika qitəsində keçirilməsi ehtimalı çoxdur (“Azadlıq”);
Bakının olimpiyadaya təşkilatçılıq etmək şansı o qədər də çox deyil
(qəzetlərdən); Bakının olimpiyadaya təşkilatçılıq etmək şansı qətiyyən yox
deyildir (Qəzetlərdən).
(4)
İnsanların Bakıda ilk dəfə olan məşhur ulduzun konsertini
yarımçıq tərk eləməsinin ən müxtəlif fərdi səbəbləri ola bilər. Amma
ümumi səbəblər də olmamış deyil. Tədbir təyin olunduğu vaxtdan bir saat
gec başladı. Adamlar saatlarla giriş qapıları qarşısında gözləməli oldular.
Səhnə əsas tribunalardan çox uzaqda qurulmuşdu, “ağ adamlar” üçünsə düz
410
onun qarşısında VİP yerlər düzəldilmişdi. Azərbaycandakı kasta ayrı-
seçkiliyi özünü hətta Elton Conun konsertində belə idbar gormada biruzə
verdi. Və şəxsən mənim, (ola bilər ki, bir çox başqalarının da) konserti
yarımçıq tərk etməyimə məhz bu ayrı-seçkilikdən doğan narazılıq səbəb
oldu. Bir də ki, xoşbəxt iqtidarımızdan fərqli olaraq, indi millətimiz bayram
və şou ovqatında deyil.
Elton Conun adi bir konsert salonunda, məsələn, Əl Oyunları
Sarayında çıxış etməsi normal bir hadisə olardı (Qəzetlərdən).
(5)
Ziyalılardan söz düşmüşkən, bu günlərdə bir qrup ziyalının
Dağlıq Qarabağa və Ermənistana səfərinə reaksiya bildirməməyiniz onu
təqdir etməyinizlə bağlıdır, yoxsa ...
-
Niyə ki, patiyanın reaksiyası oldu. Mənim də reaksiyam çox
mənfidir. “Xalq diplomatiyası” adı altında belə hərəkəti həyata keçirmək
olmazdı. Ora gedənlər xalq deyil, bu, “xalq diplomatiyası” deyil, onlar
hamısı rəsmi adamlardır. Rəsmi vəzifə tutan adamlar ayrıdır, ziyalı
mövqeyində olan, vəzifəsiz adamlar ayrı. Xüsusən də Xarici İşlər
Nazirliyinin rəsmisi hesab olunan səfir statuslu adamın o prosesdə iştirak
etməsi gələcəkdə olduqca neqativ nəticələr verə bilər. Mənim fikrimcə, bu,
çox böyük səhv idi və qətiyyən xoşagələn hal deyil. Dünən ora gedən
insanların “xalq düşməni” adlandırılması, bu gün gedənlərinsə qəhrəman
səviyyəsinə qaldırılması xalqı bu prosesdən uzaqlaşdıra bilər (Qəzetlərdən).
Hadisələrin subyektiv qavrayışının tipik nümunələri olan bu gah
tutqunlaşdırılmış, gah da həqiqətdə, reallıqda olduğundan daha parlaq, açıq
rənglərdə təqdim olunmuş dil əsərlərində kiçiltmə mexanizmləri
intonasiyanın da köməyi ilə həm sona qədər sıxılan, həm də maksimal
dərəcədə genişlənib açılan bir spiral təsiri bağışlayır. Daim dəyişən və
dəyişdirilə bilən canlı, çevik, dinamik bir linqvistik orqanizm, nitq aktı
halına gəlir. Bir qədər mübaliğəli olsa da, onların sayəsində ifadə olunan
fikir, bütövlükdə mətn bir semantik-praqmatik variativlik, çoxfunksiyalılıq
və şaxəlilik kəsb edir. Mətn zaman və məkana görə sanki genişlənib
böyüyür. Litotanın sayəsində fikir, təklif (mülahizə) və mövqelər, ifadə və
dərketmə aktı bir tənzimləyici, nizamlayıcı mexanizm əldə edir. Digər
tərəfdən, kəmiyyət və keyfiyyət müxtəlifliyi, semantik-assosiativ genişlik
və əhatəlilik qazanır, bununla da, çox vaxt real, konkret-empirik düşüncə və
411
dərketmə hədlərini ötüb keçir. Beləliklə, ifadə aktının arxasında dil
siteminin, konkret bilik və təcrübənin, kompetensiyanın, fəal psixoloji
yönəlişliyin təqdim etdiyi və formalaşdırdığı zəngin potensial imkanlar,
variantlar dayandığı kimi, dərketmə prosesində də mətnin reallaşdırdığı
əlahiddə bir variant, real, tanış linqvistik obraz yaddaşda canlanır, nisbətən
birbaşa informasiya ilə yanaşı, mürəkkəb, çoxsaylı və çoxcəhətli
informasiya elementlərinin qarışması, ani olaraq qavranılması, işlənməsi
mexanizmləri işə düşür. Hər bir oxucu, dinləyici, tamaşaçı həm də şərhçi,
interpretator olduğundan və bir “ekspert” kimi mövcud məlumatları
qiymətləndirmək, təhlil etmək üstünlüyü əldə etdiyindən dərketmə, əqli
nəticə prosesində variativlik, yayğınlıq və iradi impulsların doğurduğu
subyektivlik, habelə bayaq bəhs etdiyimiz ilkin başlanğıc mürəkkəblik və
təxminiliyə, mətnin tamamilə aradan qaldıra bilmədiyi qeyri-dəqiqliyə,
yayğınlığa əlavə olunur. Qarşılıqlı işgüzarlıq, əməkdaşlıq məramı,
mövqeləri yaxınlaşdırmaq, birləşdirmək və kompromis səyi olmadıqda dil
istifadəçisi və şərhçi başqa-başqa dillərdə danışmağa başlayırlar. Yeri
gəlmişkən deyim ki, Qarabağ hadisələrindən sonra hakimiyyət uğrunda
mübarizə zamanlarında heç bir ölkədə və heç bir dildə eyni xalqa, eyni
millətə mənsub adamlar Azərbaycanda və Azərbaycan dilində olduğu qədər
müxtəlif dillərdə danışmamışdı. Bu həqiqəti, daha doğrusu, tarixi yanlmanı
belə də ifadə etmək olar ki, həmin illərdə böyüklü-kiçikli dünyanın heç bir
ölkəsində və heç bir dilində iqtidar və müxalifət modallıqları bu cür bariz
və aşkar şəkildə bir-birinə qarşı durmamışdı, belə kəskin şəkildə bir-
birindən fərqlənməmişdi (böyük müharibələr aparan aparıcı ölkələri istisna
saymaq olar). Ədalət naminə demək lazımdır ki, və vahid məqsəd uğrunda
bu qədər asan və sürətlə birləşməmişdi. Xalq ruhunun, xalq
psixologiyasının dərinliklərindən süzülüb gələn birlik, həmrəylik duyğusu,
təklik-təklənmək məsuliyyətinin dərindən dərk olunması, ümumi düşmənə
qarşı sonsuz nifrət və real təhlükənin qavranılması ilə yanaşı, ifadə və
qavrayış aktlarını tənzimləyən dil mexanizmləri, xalq müdrikliyi, folklorla
birlikdə kollektiv şüursuzluğun ən dərin qatlarına hopan dil strukturları,
dilin vasitəçilik və birləşdiricilik missiyası olmasaydı, yəqin ki, bu əsl
düşmənçilik münasibətləri, vətəndaş müharibəsi, terrorçuluq və s. kimi
başqa “ünsiyyət vasitələri” ilə ifadə olunardı. Siyasi diskursda linqvistik
412
reallıqların dialektikasının, vasitəsiz (nominativ) və vasitəli, əlavə
adlandırmaların, dil işarələrinin semantik-üslubi nisbiliklərinin öyrənilməsi
baxımından fərqli mövqe və maraqları təmsi edən mətbuat orqanlarından,
mediya vasitələrindən toplanmış müxtəliftipli, müxtəlifxarakterli
nümunələr xeyli dərəcədə zəngin material verir. Müşahidə və təhlillər
birmənalı şəkildə bu nəticəyə gəlməyə əsas verir ki, konkret bir dövrdə,
xüsusilə inqilabi dəyişikliklər dövründə mübarizənin, mücadilənin
linqvistikası əsaslı dəyişikliklərə məruz qalır, keyfiyyət və kəmiyyət
münasibətərinə görə yayğınlıq və yayılanlıq, ifrat qeyri-səlislik, aşırı
subyektivlik və praqmatik yönəlişlik davam edən, daim şiddətlənən siyasi-
ideoloji mənafe və qrup maraqları kontekstində, güclü ilə gücsüzün
çarpışması, mübarizəsi şəratində yeni, universal çalarlar kəsb edir. Nəinki
dil işarələrinin, bütöv üslub fiqurlarının semantik-koqnitiv profili
gözlənilmir, onların dərketmə statusu, gerçək dəyərlərə, hadisələrə
münasibətdə şəffaflığı, “keçiricilik” xassəsi pozulur. (1)-ci nümunədə bir
qrup ziyalının Xankəndinə, oradan da İrəvana göndərilməsi xeyli sərt
ittihamlardan sonra sadəcə olaraq “kiçik olmayan hadisə” kimi
dəyərləndirilir. Bu heç də geriçəkilmə deyil, əksinə, maskalanmış,
gizlədilmiş hücüm taktikasıdır. Çünki “kiçik olmayan hadisə” həm də “ən
böyük”, “çox böyük hadisə” kimi qavranılmaq potensialına sahibdir. (2)-ci
nümunədə “polis zorakılığına” bəraət qazandırılan bəyanat ... qanunlar,
məmurların fəaliyyəti baxımından “o qədər də uğurlu olmayan bəyanat”
kimi təfsir edilir. “Uğurlu olmayan bəyanat” (“uğurlu bəyanat deyildi”) heç
də birmənalı şəkildə “uğursuz bəyanat” kimi qavranilmir və adekvat,
birbaşa mövqedən yan keçir. (3)-cü mətn parçasında 2016-cı ildə Olimpiya
oyunlarının Bakıda keçirilə biləcəyi haqqındakı mövqe, iqtidar
mənsublarının bu haqda təntənəli bəyanatları – söhbət başqa ölkədən və
başqa şəhərdən gedirmiş kimi – müxalifət tərəfindən maksimal soyuqluq və
biganəliklə “Bakının Olimpiyadaya təşkilatçılıq etmək şansı çox deyil”
kimi mühakimə olunur. “Çox deyil” forması “olduqca az”, “yox
dərəcəsində”, “azdan da az”, “lap az”, “cüzi”, “çox cüzi” kimi
qiymətləndirilir, bunlardan da geniş, yayğın və konkret olmayan
variantlarda dərk olunur. “O qədər də çox deyil” minimallaşdırıcı, kiçildici
alternativ isə “çox deyil” variantının təsirini daha da zəiflədir, buna
413
baxmayaraq, məsələn, “Bakının ... zərrə qədər də şansı yoxdur” qəti
alternativinə nisbətən “daha şanslı” görünür. “İqtidaryönlü” müxalifət
qəzetlərindən birinin “Bakının Olimpiadaya təşkilatçılıq etmək şansı
qətiyyən yox deyildir” mesajı isə məzmunca az qala birbaşa, vasitəsiz və
qəti hökmlə bərabərləşir: “Olimpiada mütləq Bakıda keçiriləcək”,
“Olimpiadanın Bakıda keçirilməsi heç bir şübhə doğurmur”. Əslində
müxalifəti də sevindirməli olan bu bəyanat iqtidarın gözləntilərinə,
mövqelərinə daha çox uyğun gəlsə də, onların, həmçinin vətənpərvər
müxalifətçilərin arzusunu da ifadə etsə də, məsələn, Olimpiadanın
Amerikada keçiriləcəyi variantı ilə müqayisədə çox cüzi obyektivlik şansı
qazanır. “Tamamilə yox deyildir”, “heç də yox deyildir”, “tamamilə istisna
olunmur” kimi variantlar isə daha ehtiyatlı və yumşaq mövqeyi ortaya
qoyur. Əsil reallıq isə bundan ibarətdir ki, hər bir konkret variant, ifadə aktı
mövcud, gözlənilən alternativlər potensialı fonunda gerçəklik tapır, hər bir
konkret şəxsin, sosial qrupun gözləntilərinə uyğun şəkildə dərk olunur və
qiymətləndirilir. Elton Conun Bakıya gəlməsindən, “konsert
macəralarından” bəhs edən (4)-cü mətndə onun şəxsi həyat və vərdişlərinə
işarə ilə nisbətən az sayda tamaşaçıların konsertə gəlməsi ilə bağlı “...
ümumi səbəblər də olmamış deyil” replikası çox məhdud, əslində
əhəmiyyətsiz səbəblərin olması haqqında informasiya gətirir. Halbuki
“olmamış deyil”, “bilməmiş deyil”, “səbəsiz deyil” inkarı inkar modelləri,
habelə privativlik, yoxluq bildirən sözlərlə inkar elementinin əlaqələnməsi
sxemi (“az deyil, cüzi deyil”) səbəblərin, kəmiyyətlərin ən geniş spektrini
əhatə edə bilir və istiqamətlənmiş yayılanlıq, keçicilik nümayiş etdirir.
Adamların “hamıya aydın olan” “ümumi səbəblərdən” konserti vaxtından
əvvəl tərk etməsi əslində gizli, “incə” eyhamla hamıya, o cümlədən “VİP
yerlərdə” oturan “ağ adamlara” irad tutan “radikal müəllif”in fərdi işlənmə
və konnotasiyaları, əlavə mənalarla litotanın əhatə dairəsini az qala çoxdan
bəri həyata keçməyən arzuları boyda genişləndirir və söyləmin
emosionallığını xeyli artırır, əslində ciddi, estetik baxımdan qeyri-adi,
unikal situasiyaya komik notlar, ştrixlər əlavə olunur. Əgər mövcud iqtidara
qarşı qibtə və qəzəbin “cazibəsindən” çıxa bilməyən müəllif haqqında bəhs
olunan bu “ümumi səbəbləri”, məsələn, biletlərin tapılmaması, konsertin
pis təşkil olunması, adamların saatlarla gözləməsi, “kasta ayrı-seçkiliyi”,
414
bir qrup adamlar üçün bilet almağın mümkünsüzlüyü və s. kimi daha ciddi
səbəblərlə bağlasaydı, “olanlar”, bu “ümumi səbəblər” daha ciddi, nisbətən
görünən, aydın konturlu bir dairə cızar, inkarı inkar formulunun əks
etdirdiyi həcm intensivliyi daha yüksək olardı. Heç şübhəsiz ki, “olmamış
deyil” – “var” – “olmaqdan”, “var / vardır” variantından kiçik həcmli,
kiçik radiuslu olsa da, ondan daha zəngin modal və semantik-ekspressiv
məna tutumuna malikdir. Və mətndə bu üstünlüyü nümayiş etdirmək,
reallaşdırmaq əsil takt və səriştə tələb edir. “Bakının Olimpiadaya ev
sahibliyi / təşkilatçılıq etmək şansı qətiyyən yox deyildir” variantından
fərqli olaraq (5)-ci mətndəki “Bu ... qətiyyən xoşagələn hal deyil” perifrazı
birmənalı və birqiymətli şəkildə hökmü qüvvətləndirir, “çox xoşagəlməz
haldır”, “çox mənfi / qəbuledilməz haldır” kimi vasitəsiz ifadə şəkilləri ilə
sinonimləşir, funksional tarazlıq əmələ gətirir. İnkarlıq elementi
“xoşagələn” sözünü “xoşagəlməyən”, “qətiyyən”, “heç xoşa gəlməyən”
şəklində çevirir. Yayılanlıq yüksələn xətt üzrə gedir, yuxarıya, üstün
qiymətləndirməyə doğru yönəlir. Mətn semantikası, dünya bilikləri
(Weltwissen), koqnitiv məlumatlar, o cümlədən də linqvistik biliklər hər
şeyi öz yerinə qoyur.
İnkarı inkarın qavrayışının dərketməni, düşüncəni yönəltmək,
stimullaşdırmaq perspektivləri deyilənlərlə bitmir.
Minimallaşdırma və yumşaltma, zəiflətmə, əks qütbün inkarı
vasitəsilə aktuallaşdırma və nəyinsə baş verməməsinin nəzərə çarpdırılması
yolu ilə diqqəti baş verən hadisə üzərinə yönəltmə strategiyası litota və
inkarı inkar strukturlarını əlverişli dil-aldanış və oyun vasitəsinə çevirir.
Bu, bütün dillərdə, ünsiyyət-anlama sistemlərində belədir və əslində kalka,
oxşatma yolu ilə bir dildən başqa dilə keçir. Çoxaltma surətləri kimi yayılıb
universallaşır. Müasir alman dilində işlənən “ganz zu schweigen von ...”,
“gar nichts zu sagen von ...” tipli aşkar və qeyri-aşkar (eksplisit və implisit)
inkarlıq formulları əslində zahirən inkarlaşdırma, istisna yolu ilə fikrin daha
da qüvvətləndirilməsini təmin edir, diqqəti konkret olaraq əks etdirilməyən,
ifadəyə alınmayan vacib bir hadisəyə yönəldir. Burada ifadənin təsir
qüvvəsi onun əks-effektindən doğur; guya əhəmiyyət verilməyən, zahirən
ikinci dərəcəli hesab edilən bir məsələ, bir detal daha qabarıq şəkildə
nəzərə çarpdırılır, kommunikativ-praqmatik üstünlük qazanır. Azərbaycan
415
dilində işlənən, canlı danışıq dili, akademik diskurs və publisistik üslubda
geniş yayılan “Mən hələ bunu demirəm”, “Bunu deməyib bir tərəfə
atıram”, “Biz hələ bunu demirik / bu məsələnin üstündən keçirik”
qəbilindən olan dil-ifadə formalarında əsas qayə, aparıcı ideya imtina,
zahirən
əhəmiyyətsizlədirmə, gizlətmə yolu ilə söyləmin
intensivləşdirilməsinə gətəirib çıxarır, nəticə etibarilə kommunikativ oyun
effekti doğurur. Müxtəliftipli, müxtəlifməzmunlu mətnlərin təhlili göstərir
ki, bu qəbildən olan bütün əks-perifrastik formalarda ilk baxışda diqqətdən
yayındırılan bir təfərrüat, ümumi faktlar, dəlillər silsiləsində əhəmiyyətsiz
kimi göstərilən xırda bir detal ümumi semantik fonda, potensiyada
saxlanılır, aktual söyləmin xarakterini təyin edir, konkret ünsiyyət
şəraitində canlanmağa, özünü hiss etdirməyə başlayır. Həm ifadə, həm də
məzmun planında qabarma və çəkilmələr, daşma və dayazlaşmalar,
qüvvətləndirmə və zəifləşmələr bir-birini əvəz edir. Məsələn, söhbət çox
varlı və korrupsiyaya bulaşmış bir məmurdan gedirsə, onun var-dövləti,
sərvəti, bank hesabları, pulları, xaricdə tikdirdiyi villaları sadalanırsa və
sonra da “Mən hələ onun Mərdəkanda tikdirdiyi bağ evini demirəm” kimi
“xırda” bir detal gizlədilirsə, “mötərizə xaricinə çıxarılırsa”, bu, qeyd-
şərtsiz kiçiltmə, əhəmiyyətsizləşdirmə semantikasını ortaya qoyur.
Aşağıdakı mətndə də ilk baxışda xüsusiləşdirmə, qabartma və böyütmə
düşüncəsindən çox aktualsızlaşdırma, gizlətmə, mətndənalma qavarayışı ön
plana çıxır, inkarı istisnalar sonucda iqrara, ifadə rəngarəngliyinə, semantik
kompressiyanın dərinləşməsinə xidmət göstərir. Lakin mətnin məzmununa,
praqmatik kodeksə diqqətlə fikir versək görərik ki, əksinə, sonrakı
hadisələrin bütün dinamizminə və gərginliyinə baxmayaraq, məhz
“cəbhəçilərin hansı oyundan çıxdıqları” baş motivə, aparıcı detala çevrilir,
sonra baş verən hadisələrin prelüdü, başlanğıcı kimi irəli çəkilir,
“kadrlaşdırılır”. Beləliklə, mətndə deyilənlər və deyilməyənlər, aktual
oalnlar və daha aktual olmayanlar, əsas və köməkçi detallar tez-tez bir-
birini əvəz edir. Faktların və onların qiymətləndirilməsinin bütöv
ierarxiyası, asılılığı təqdim olunur. Həmin mətni olduğu kimi təqdim edirik:
1992-ci il martın 6-da Ayaz Mütəllibov cəbhəçilərin təzyiqi ilə
vəzifəsindən uzaqlaşdırıldı. Həmin gündən başlayaraq AXC liderləri
hakimiyyəti ələ almaq üçün hansı oyunlardan çıxdılar – bunu hamı bilir və
416
mən bu məsələyə toxunmuram. Mərhum Elçibəy hakimiyyətə gətirildikdən
sonra Əli Kərimovun iqtisadi sabotaj üçün təşkil etdiyi dəsətənin
respublikanın ayrı-ayrı rayonlarında hansı iqtisadi cinayətləri törətdiyini
deyə bilmərəm, lakin Şamaxı rayonunun prokuroru kimi, onların Şamaxı
rayonundakı şərab zavodlarından minlərlə ton şərab məhsullarını saxta
sənədlərlə respublikadan çıxarıb sataraq pullarını mənimsədikləri mənə
məlumdur.
Şamaxı rayonunu Mədrəsə kəndində böyük şərab zavodu var idi və
həmin zavoda Fəridə İsgəndərova rəhbərlik edirdi. Hakimiyyət
dəyişikliyindən sonra cəbhəçi bəylər tərəfindən o, dərhal direktor
vəziəsindən uzaqlaşdırıldı. Rayon prokurorluğunun göstərişi ilə şərab
zavodu yoxlatdırıldı və xüsusilə külli miqdarda şərab məhsulları
çatışmazlığı aşkar olundu. Bu fakta görə rayon prokurorluğunda cinayət işi
başlandı və istintaq aparıldı.
İstintaq nəticəsində müəyyən olundu ki, zavodda 28 milyon
manatdan çox dəyərdə şərab məhsulları çatışmazlığı var. Bundan əlavə,
zavodda 117 ton sintetik etil spirti aşkar olundu. Ekspertiza rəyi ilə
müəyyən edildi ki, həmin spirt karbohidrogen qazlarından alınır, neft-
kimya sənayesində işlədilir və məişətdə işlədilməsi qəti qadağandır. Həmin
spirtin 50 qramı ölüm dozasıdır. Bu məsələlər aşkar edildikdən sonra
cəbhəçilər Ayaz Mütəllibovun adamı kimi vəzifədən kənarlaşdırdıqları
Fəridə İsgəndərovanı, ya da heç olmasa onun yaxın adamı, əvvəllər
məhkum olunmuş Rafiq adlı şəxsi zavoda direktor qoymaq üçün Əli
Kərimovun göstərişi ilə onun rayondakı cəbhəçi dostları zavodun
qarşısında piket təşkil edib müəssisəyə heç kimi buraxmırdılar (“Ayna”).
“Mən hələ onun aldığı torpaqları, suyu qiymətinə özəlləşdirdiyi iri
zavodları demirəm” inkarlıq perifrazında isə, əksinə, ən mühüm faktı, ən
əhəmiyyətli detalın təsirini zəiflətmək, minimallaşdırmaq prizmasından onu
daha artıq nəzərə çarpdırmaq, mətndə ön planda göstərmək intensiyası
həlledici əhəmiyyət kəsb edir.
Aşağıdakı nümunədə isə birmənalı şəkildə çoxlu alternativlər,
yayılanlıqlar arasında ən əhəmiyyətli detal, ən mühüm və taleyüklü
problem irəli çəkilir, litota fiquru əsl qüvvət və şiddət ölçüsü kimi mətndə
yer alır.
417
... Komitə sədri deyir ki, məhz azərbaycanlıların işlə təmin
edilməsinə nail olmaq üçün Azərbaycan dilindəki məktəblər bağlanmalıdır.
Buna loru dildə “qaş düzəltdiyin yerdə vurub göz çıxarmaq” deyirlər.
Problemin daha konstruktiv həll yolu yoxdurmu? Tutaq ki, təhsilin
keyfiyyətini yüksəltmək və ya gürcü dilindəki dərslərinin sayını artırmaq...
Həqiqətənmi cənab İbrahimov yaranmış vəziyyətin kökündə ancaq
soydaşlarımızın gürcü dilini bilməməsi olduğunu düşünür? Həmin məntiqlə
Azərbaycanda özünə iş tapa bilməyib, Rusiyanın çöllərinə səpələnən yerli
əhali hansı dili öyrənməlidir? İngilis, fransız, yoxsa alman dilini?
Ermənilər, kürdlər, hətta yəhudilər milyonlarla dollar vəsait
xərcləyib, dünyanın bir çox ölkələrində məktəblər açır, oradakı
soydaşlarının təhsilini təmin edirlər. Çünki millət həm də təhsildən
başlayır. Gələcəyə kapital qoymaq isə heç vaxt dövlətləri “ziyana”
salmayıb.
Elə təkcə Axalkələk bölgəsində yerləşən Cavaxaşvili adına Tiflis
Dövlət Universitetində təhsil alan 6.000 tələbənin 75 faizini öz dilində
təhsil alan ermənilərin təşkil etdiyini və onların təhsil, sosial xərclərinin
ödənməsi üçün Ermənistan hökumətinin xüsusi büdcə ayırdığını xatırlamaq
kifayətdir. Məncə, bu, düşmənlərimizin təhsilə münasibətdə bizdən bir neçə
addım qabağa getdiyinin bariz nümunəsidir. Hələ mən hər bir xalqın öz
dilində oxumaq, təhsil almaq kimi hüququ olduğunu demirəm. Baxmayaraq
ki, bizim hökumət insanların bir çox hüququ kimi bu hüququnu da
tapdalamağı adi hal sayır. Bizimkilər hazırda var olanı da yerlə-yeksan
etmək xətti götürüblər.
Tutaq ki, Borçalıdakı uşaqlar gürcü dilində təhsilə başladılar və
onlara Azərbaycan dili, tarix, coğrafiya fənləri ancaq fakültətiv olaraq
tədris olundu. Uşaq hansı dildə biliklərə yiyələnirsə, həmin millətin
psixologiyası ilə də böyüyür, bu, faktdır. Elə bu məntiqlə Borçalı
gənclərinin də bir müddət sonra “gürcüləşəcəyinə” əminliyim artır
(Qəzetlərdən).
Aldanış-oyun elementləri litota və inkarı inkar strukturlarını
inteqrativ qavrayş və anlam sahəsi olan bədii üslubun, xüsusilə komik-
satirik diskursun əlverişli, münasib yumor və kinayə vasitəsinə çevirir,
münbit bədii-estetik və semantik-praqmatik mühit formalaşdırır. Bunun
418
parlaq nümunələrini H. Hayne, H. Mann, T. Mann, C. Məmmədquluzadə,
Ə. Haqverdiyev, Ü. Hacıbəyov və başqa görkəmli yazıçıların əsərlərində
görürük. Təəssüf ki, bu məsələləri geniş material əsasında hərtərəfli və
dərindən təhlil etməyə kifayət qədər imkanımız yoxdur və yalnız bəzi
nümunələrlə kifayətlənməli oluruq. Dahi Azərbaycan yazıçısı Cəlil
Məmmədquluzadənin felyeton və hekayə yaradıcılığında litota fəndi, digər
ləngitmə, istisna və minimallaşdırma strukturları təhkiyə məkanını
genişləndirən, kommunikativ predikatı ayrıca vurğu altına gətirən, bəzən
tamamilə dəyişən üslubi dekorasiya səviyyəsinə yüksəlir. Fikrin onun əks
qütbünü inkarlaşdırmaqla daha aydın nəzərə çarpdırılması çoxqatlı,
çoxplanlı semantik proqramı ortaya qoyur, mətnin məzmun və formal
üzvlənməsini, bununla da daha fəal və informativ cəhətdən tutumlu
qavranılmasını, eyni zamanda dinamikliyini təmin edir. Sanki əlavə, paralel
ifadə və dərketmə xətləri kimi mətni müşayiət edir, bir dialoq, mükalimə
ruhu yaratmaqla sintaktik motivlilik, optik-vizual əyanilik, şəffaflıq yaradır.
Kiçiltmə, istisna və əhəmiyyətsizləşdirmə, zəiflətmə taktikası, əksinə,
aktuallaşmaya, fikir qütblərindən gah bu, gah da digərinin
qabarıqlaşdırılmasına, böyüdülməsinə gətirib çıxarır. Nəinsə, ilk baxışda
tamamilə gərəksiz, başdan-başa yalan, qeyri-həqiqi, doğru olmayan bir
şeyin “deyilməməsi”, “çap olunmaması” fonunda ən incə mətləblər, ən
“əhəmiyyətsiz” detallar daha kəskin və görümlü şəkildə ifadə olunur, sanki
qabarıq zərrəbin altına düşür. Bir-birini əvəz edən yayılan çoxluqlar,
kiçiltmə və istisna mexanizmləri ifadə rəngarəngliyini təmin edir. Həmin
mətndə litotanın mətnyaratma funksiyasını, arxitektonikasını izləmək də
maraqlıdır.
Məcmuəmizin nəşrini başlayandan indiyə kimi idarəmizə Bakıdan və
İrəvandan yüz on altı kağız gəlib. Kağızların başında yazılıb: “İran
konsulxanasından şikayət” və axırında imza qoyulub: “İran əhli”, yainki
“İran fəhləsi”. Bu kağızların heç birini biz çap etməmişik, necə ki,
oxucularımıza məludur və çap etməyəcəyik.
Çap etməməyimizin iki səbəbi var:
Əvvəlinci səbəb budur ki, biz istəmirik konsulları özümüzdən
incidək, nüfuz əhlinə sataşmağı və güclü adamlara dolaşmağı biz əvvəldən
özümüzə rəva görməmişik. Məlumdur ki, konsul kimi mütəşəxxis və
419
ehtiram sahiblərindən ehtiyat etmək, - hər halda lazımdır; doğrusu,
qorxuruq!
Məktubları çap etməməyimizin ikincə səbəbi budur ki, yüz on altı
kağızın hamısına biz diqqətlə baxıb bir kəlmə doğru söz tapa bilmədik:
başdan axıra kimi yalan, palan, böhtan, nəqli-məkan, filan. Məsələn,
Bakıdan Kərbəlayi Fərəc yazır ki, Verxni – Təzəpirski küçədə konsulxana
fərraşı meyxananın qapısında kefli və əlində çaxırla dolu stəkan mənim
qabağımı kəsib məndən dörd manat istədi. Dedim: Vallah, mən bir fəhlə
adamam, pulum yoxdu. Fərraş acıqlanıb çaxırı səpdi üstümə və məni çəkə-
çəkə apardı naibin yanına...
Biz bir nümunə üçün bunu yazırıq; qalan yüz on beş kağızda da bu
cür hədərən-pədərəndən savayı özgə bir mətləb yoxdu. Məsələn, İrəvandan
usta Əli yazır: “İrəvan konsulu fərraşların bir neçə dəstəsini naibin
sərkərdəliyi ilə düzüb Naxçıvan yoluna, bir neçə dəstəsini üçkilsə yoluna.
Naiblər əllərində günlük, fərraşlar əllərində zoğal ağacı yolun kənarında
düzülüb səhərdən-axşama kimi müntəzirdilər... Naib və fərraşlar bunların
qabağını kəsib əvvəl soruşurlar ki, haralısınız? Əgər cavab verdilər ki, rus
rəiyyətiyik, - canları qurtardı; yoxsa desələr ki, İran əhliyik, - aşları bişibdi.
Naib əvvəl öz əli ilə başlayır yolçuların ciblərini axtarmağa, əgər birindən
narazılıq əlaməti görsənirsə, fərraşlara hökm oxuyacaq ki, vursunlar. Elə
ittifaq düşür ki, yolçuların bəzisi biədəblik edib üzə durur. Onu axırda
aparırlar. İrəvana konsulun hüzuruna. Məsələn, Məşədi Heydərqulu yazır
ki, məni apardılar konsulun yanına və ərz elədilər ki, bu kişi çox danışır.
Konsul hirslənib durdu ayağa. Heç yadımdan çıxmır. Konsul özü bir uca
adamdır, amma mən alçaq adamam. Konsulun qıçları az qalır mən boyda
olsun. Qərəz, konsul hirslənib gəldi mənim yavığıma və sağ ayağını
qaldırıb çəkməsinin dabanı ilə başımdan vurub, papağımı saldı yerə və
sonra yumruq ilə çılpaq başıma o qədər vurdu ki, az qaldım öləm. Sabahkı
günü bir kəllə qənd alıb məni bağışladı və günahımdan keçdi. Dedim: Xan,
öz aramızdı, dünən məni çox bərk döydün. Xan gör mənə nə cavab verdi:
Dadaş, mən özgə qulluqçular kimi müftə yeyib yatan deyiləm: həmişə
alnımın təri axa-axa mən padşaha xidmət eləmişəm.
Xülasə, qalan yüz on kağız da bu məzmunda, növ-növ iftira və
yalan! Sözüm orasındadır ki, bu cür böhtanlar İran konsullarının barəsində
420
çox deyilib və yazılıb; Həmin böhtanların biri də İbrahimbəyin, İranın
xariciyyə nazrinə dediyidir... (Felyetonlar, Məqalələr, Xatirələr, Məktublar)
Böyük Mirzə Cəlilin “deməyib üstdən keçdiyi”, həmin detallar,
“yalan, böhtan və iftiralar”, “çap eləməyə ehtiyat etdiyi” hadisələr və
faktlar dövrünün gerçək reallıqlarıdır və bu reallıqlar fərqli bir üslubi
rakursdan, görüş bucağından təqdim edildiyi üçün daha təsirli və parlaq
rənglərə bürünür. Yeri gəlmişkən qeyd edək ki, Mirzə Cəlilin
yaradıcılığında mətndüzəltmə vasitələri ayrıca bir mövzudur,
filologiyamızda mütləq dərindən araşdırılmalı və öyrənilməli olan bir
mövzudur.
Mirzə Cəlilin yaradıcılıq üslubu üçün səciyyəvi olan gizli-perifrastik
kodlarla pərdələmə, yayındırma və minimallaşdırma strategiyası
çərçivəsində qeyri-müstəqim ifadə vasitələrinin, aşkar və gizli ifadə
üsullarının transformasiya, çevrilmə səviyyələrinin müxtəlifliyi və
rəngarəngliyi, dolayı-çoxtərəfli-vasitəli anlam şəkillərinin keyfiyyət və
kəmiyyət müxtəlifliyi istər məntiqi, istərəsə də emosional ekpressivliyi
nəzərə çarpacaq dərəcədə gücləndirir, partitur strukturlaşma, şaxələnmə,
çoxplanlıq yaradır, mətni yeni çalarlar, orijinal deyim formaları ilə
zənginləşdirir. “Molla Nəsrəddinin xəlvəti cavabı” nda təhkiyə-üslub
aldanışlarına diqqət yetirək:
Ay Dəmdəməki, sən lap dəlisən: kişi, necə qorxmadın o sözləri
mənə yazdın? Məgər sən canından əl çəkibsən? Bəlkə mən o sözləri
götürüb məcmuəmə yazaydım, onda canını hara qoyardın?
Yəqin bil ki, bakılılar səni daş-qalaq edib mənim də məcmuəmə
bilmərrə müştəri olmazdılar. Kişi, mən yaza billəm, Bakı qiraətxanalarında
bayquşlar banlayır?! Mən yaza billəm ki, Bakı cəmiyyəti-xeyriyyəsinin
fikrinə düşən yox, üzvləri çox kahil və iş görmək istəməyən?! Mən yaza
billəm ki, Bakının küçələri dilənçilik edən müsəlman övrətləri və uşaqları
ilə doludur?!
Ay Dəmdəməki, mən yaza billəm ki, aprelin doqquzunda iki
məşhur müsəlman qlasnısı bir-birinə altıaçılan çəkib, olmayan sözləri bir-
birinə dedilər?! Və mən buna inana billəm ki...
421
Ay Dəmdəməki, məcmuədə yaza billəm ki, səfər ayının iyrmi
səkkizində qubalılar ilə bakılılar Bibi-Heybətdə elə şiddətli baş yardılar ki,
bir neçə nəfərin başının qanı hələ yenə axır?!
Ay Dəmdəməki, sən dəlisən-nəsən?
Ay kişi, mən yaza billəm ki, dekabr ayında bakılılar qərib oğruları
eşşəyə mindirib şəhəri gəzdirdilər, amma öz oğrularını tutduqda buraxırlar,
çünki bu oğrular qlasnıların qohumudurlar?
Ay Dəmdəməki, bir fikir elə gör, mən bu sözlərə məcmuədə yer
verə billəm ki, sən məndən xahiş edirsən? Bəlkə mən bu sözləri yazaydım,
canını hara qoyacaq idin? (C.Məmmədquluzadə, Felyetonlar, Məqalələr,
Xatirələr, Məktublar)
Eyni aldanış-oyun fəndindən, təhkiyə texnikasından Ə. Haqverdiyev
də məharətlə istifadə edir. “Marallar”ın, kinayə, gülüş obyektlərinin tip
müxtəlifliyi bu əsərlərin vahid semantik-üslubi paradiqmada birləşməsinə
mane olmur:
Hamı oxucularıma məlum olsun ki, mən indiyədək heç bir kəsin
sirrini açmamışam. Hər kəs mənə xəlvət bir söz desə, yəqin etsin ki, o söz
mənimlə qəbrə gedəcək. İnanın və etiqad edin ki, əgər İsgəndəri
Zülqərneynin başını qırxan dəllək mən olsaydım və onun buynuzlarını
görsəydim, gedib quyuya da deməzdim və oradan da qamış bitib xalqa
xəbər verməzdi.
Mən heç kəsə deməmişəm və qiyamətədək demərəm ki, Məşədi
Qulamın arvadından başqa bir Nataşa adlı aşnası da var və Nataşa üç gün
bundan qabaq Məşədi ilə dava edib, onu evindən qovub. Səbəb də bu olub
ki, Nataşa Məşədidən brilyant üzük xahiş edib, Məşədi də ona yaqut üzük
gətirib.
... Bu sirri əgər mən bir adama açıb desəm, dilim lal olsun və
qiyamətdə Məşədi Qulamın yanına Hacı Molla Baba sifətində gəlim.
Xülasə, Məşədi Qulam yenə qarpızı əlinə alıb iki tərəfdən kəsib yerə vurdu.
Qarpız iki parça oldu. Bunu da deməliyəm ki, əgər qarpızın parçalarını
tərəziyə qoyub çəksəydin, bir-birindən nə bir misqal ağır, nə bir misqal
yüngül gələrdi (“Seçilmiş əsərlər”).
Əlbəttə, dərinlik semantikasının parlaq nümunələri olan bu sadə,
şəffaf və təkrarolunmaz mətnlərin ekspressivliyi, məna, ifadə və
422
dərkolunma sinkretizmi həm də digər üslub vasitələri – paralelizm, ritorik
sual, təzad, inversiya, ellipsis, anakoluf və s. kimi aktuallaşdırma
vasitələrinin, onların mətnyaratma, mətndoğurma impulslarının mürəkkəb
qarşılıqlı əlaqə və təsirlərindən hasilə gəlir. Lakin bu, tamamilə başqa bir
mövzudur.
Nəticə olaraq qeyd edək ki, ayrı-ayrı perifraz formalarının, o
cümlədən də dərinlik perifrazlarının, fərdi metafora kimi şərh olunan
kinayə strukturlarının ümumən sintaktik çoxluqlar kontekstində, sintaktik
sinonimlik, çoxmənalılıq və omonimlik perspektivləri bağlamında, onlarla
sıx əlaqə və vəhdətdə araşdırılması qeyri-səlis sintaksisin, bütövlükdə
qeyri-səlis qrammatikanın işlənib hazırlanmasında mühüm rol oynaya bilər.
Belə kompleks tədqiqatlar yayılan sintaktik çoxluqların ifadə və dərketmə
imkanlarının araşdırılması, bütövlükdə qeyri-səlis məntiq, qeyri səlis
ehtimal və təxmini mühakimələr nəzəriyyəsinin inkişafına, eləcə də onların
praktik tətbiqinə böyük töhvələr verə bilər. Qeyri-səlislik yalnız leksik
çoxluqlarla, nominasiya-adlandırma səviyyəsi ilə bitmir, dilin digər
səviyyələrini də əhatə edir. Həm də dil işarəsi mürəkkəbləşdikcə, maddi-səs
kütləsi artıb ağırlaşdıqca, linqvistik həcm və tutum genişləndikcə,
yayılanlıq, mücərrədlik və ümumilik də güclənir. Kateqoriallaşma,
predikativlik əlaqələri qeyri-konkretliyi, natamamlıq və təxminiliyi
azaltmaq əvəzinə daha da artırır, geniş qavram, dərketmə kontekstində onu
yeni səviyyəyə qaldırır, daha mürəkkəb münasibətlər şəbəkəsinə daxil edir.
Bununla ifadə, anlama və şərh imkanları da genişlənib mürəkkəbləşir.
Məsələyə bu məntiqlə yanaşdıqda daha yüksək dil səviyyəsinə daha yüksək
yayılanlıq sahəsi kimi yanaşmaq lazım gəlir. Halbuki bunun tam əksi
olmalı – daha yüksək dil səviyyəsinə daha aşağı, daha zəif yayılanlıq sahəsi
uyğun gəlməlidir. Həmin linqvistik paradoksallığı silsilə məqalələrimizdə
irəli sürdüyümüz belə bir qanunauyğunluqla izah etmək olar ki, ünsiyyət
prosesində mahiyyətcə qeyri-adekvat xarakter daşıyan dil işarəsi ilə hər cür
təkrar müdaxilə, yayılanlığı azaltmaq, aradan qaldırmaq cəhdləri, əksinə,
qeyri-səlisliiyin, ümumiliyin daha da güclənməsi ilə nəticələnir. Bu cəhət
xüsusilə qeyri-səmimi ünsiyyət formalarında özünün ən yüksək həddinə
çatır. Nə qədər çox və müxtəlif dil işarəsi bir yerə yığılırsa, başqa sözlə, dil
işarələrinin, işarə komplekslərinin təmərküzləşməsi, təması nə qədər çox
423
artırsa, yayğınlıq da o qədər artır. Qapanma, bitmə çətinləşir, insan daha
çox dil işarələrinin aldanışlarına məruz qalır. Yanılma, dərketmə
çətinlikləri içərisində qalır. Bu mənada nisbi bütövlük, informativlik və
tamlıq əlamətlərinə baxmayaraq, fərdi-praqmatik ifadə və dərketmə
müstəvisində mətnə də bir yayılanlıq, semantik nisbilik və qeyri-adekvatlıq,
qeyri-müvazilik işarəsi və substansiyası kimi baxmaq olar. Funksional-
üslubi paradiqmalar, çoxmənalılıq çərçivəsində hər bir mətnə bir yayılanlıq
variantı, bütün mümkün mətnlər potensialına isə yayılanlıq variasiyası kimi
yanaşmaq mümkündür. Şübhə etməmək olar ki, həmin məsələlər
formalaşmaqda olan mətn semantikasının əsas mövzusuna çevriləcək,
koqnitiv və kommunikativ-praqmatik tədqiqatlara marağı artıracaq,
beləliklə də qeyri-səlisliyin tədqiqini yeni səviyyəyə qaldıracaq.
|