Ümumtəhsil məktəbin musiqi dərslərində şagirdlər təkcə mahnı oxumaqlq, və musiqi savadı almaqla məşğul olmurlar. Onlar həm də müəllimin ifasında və ya texniki vasitələrdən istifadə etməklə musiqi dinləyirlər. Musiqi dərslərində müəllim qarşısında duran əsas vəzifələrdən biri də musiqi əsərini diqqətlə və maraqla dinləməyi öyrətməkdir.
Musiqi dinləmənin böyük əhəmiyyəti vardır, çünki, bu şagirdin musiqi səviyyəsinin artmasına kömək edir və musiqi dərsinin məzmunca zənginləşməsinə və maraqlı olmasına səbəb olur. Təcrübə göstərir ki, şagird musiqi haqqında müəllimin söhbətinə və musiqiyə maraqla qulaq asır. Lakin heç də hamı musiqi əsərini tam qavraya bilmir. Çünki şagirdlərin musiqi hazırlığı və qabiliyyətləri heç də eyni səviyyədə deyil. Musiqi əsərini tamamilə qavramaq üçün şagird musiqi dinləmə vərdişlərinə, müəyyən musiqi savadına və musiqi təcrübəsinə malik olmalıdır. Şagird bu sahədə nə qədər hazırlıqlı olsa, o, bir o qədər musiqi əsərini maraqla dinləyər, həmin əsər haqqında fikir söyləyə bilər. Musiqi proqramında dinləmə mərhələsi üçün ayrılan musiqi nümunələri (repertuar) aşağıdakı tələblərə cava verməlidir:
1. Musiqi əsərləri tərbiyəvi əhəmiyyətə malik olmalıdır, yəni əsərin ideya məzmunu və bədii keyfiyyəti aydın olmalıdır;
2. Dinlənilən musiqi gözəl və incə olmalıdır və şagirdin bədii zövqünü tərbiyə etməlidir;
3. Dinlənilən musiqi əsəri şagirdin yaş xüsusiyyətinə uyğun və müxtəlif xarakterli olmalıdır;
4. Dinləmə üçün seçilmiş musiqi materialı ildən – ilə getdikcə öz məzmun və forma etibarı ilə mürəkkəbləşməlidir. Əgər I və II siniflərdə şagirdlər əsasən uşaqlar üçün yazılmış musiqi əsərlərini dinləyirlərsə, sonrakı illərdə kütləvi mahnılarla, klassik və Azərbaycan bəstəkarlarının iri həcmli əsərləri ilə tanış olurlar.
Dinlənilən musiqi əsərini dinləyib mənimsəməkdən ötrü müəllim şagirdlərdə dinlənilən musiqiyə qarşı maraq oyatmalı və onu sevdirməyi bacarmalıdır. Bunun üçün müəllim əsəri yaxşı ifa etməli, ya da səsləndirməlidir. Bu prosesdə müəllimin söhbəti (dinləməyə hazırlıq üçün müəllim giriş söhbət aparır) əsərə qarşı maraq oyadır, əsərin asanlıqla qavranılmasına səbəb olur.