Ə.Firdovsi “Şahnamə” əsərində deyirdi ki, alçaq və tərbiyəsiz ailədən doğulan qızı nəcib və kübar ailədə bəsləmiş və tərbiyə etmiş olsan da, yenə o özünü bir qadın kimi hiss etdiyi zaman öz anasının getdiyi yolu davam etdirəcəkdir.
Mühitin tərbiyəedici təsiri haqqında müxtəlif nəzəriyyələr mövcuddur.Bunların bəziləri mühitin tərbiyəetmə imkanını həddindən artıq şişirdir, bəziləri heçə endirir, bəziləri isə kortəbii hesab edirlər. Bunların heç biri ilə tam razılaşmaq olmaz. Yalnız irsiyyətlə vəhdətdə mühit və tərbiyə şəxsiyyət yetişdirə bilər.
İnsan şəxsiyyətinin formalaşmasında ictimai mühitin təsirinə dair elmə məlum olan 40-dan çox «homo feruz» (vəhşi insan) faktlarını və 450 il bundan əvvəl hind şahzadəsi Əkbərin eksperimentini xatırlamaq lazım gəlir.
Bu kimi faktları araşdıran N.P.Dubinin belə bir nəticəyə gəlir ki, insana mənəvi keyfiyyətlər irsən verilmir, bunlar ictimai mühitin və tərbiyənin nəticəsidir.