02.03.1997
KEÇİLMƏZ
Hicran soyuq yatağımda mürgülər,
Gün biçilər, heç vaxt dardan seçilməz.
Qapımızı kəssə qorxu, hürkülər,
Can keçilər, heç vaxt yardan keçilməz.
Səadətim yollarında naçarsa,
Bağlı qalan qapımı qəm açarsa,
Gecələrim al səhərdən qaçarsa,
Dan keçilər, heç vaxt yardan keçilməz.
Var başımda yuva quran quş olsa,
Dünya malı şirin cana nuş olsa,
Uca-uca şöhrətlərə tuş olsa,
Şan keçilər, heç vaxt yardan keçilməz.
Gördüyünə kor olan da gözümdü,
Hər fəsilin qovğasında üzümdü,
Pak adı da cilovlayan dözümdü,
An keçilər, heç vaxt yardan keçilməz.
Şadimanı qiymə edin dilindən,
Dara çəkin saatda hər telindən,
Yarın bağrın, dərya tutun selindən…
Qan keçilər, heç vaxt yardan keçilməz.
07.01.1995
|