226 ШиринХаным Кяримбяйли Шадиман
XƏZƏRDƏ FIRTINADI Xəzərdə fırtınadı, tökür dəniz göz yaşı,
Göyü, yeri titrədir dalğaların savaşı.
Qağayılar qışqırır vurur özün sulara,
Küləyə üsyan deyir sürtür üzün sulara.
Qaralmış ləpələrin harayı qulaq tutur,
Göydə qara buludlar bu aha çıraq tutur.
Diləklərin üstündə meydançalar yellənir,
Qasırğa özün öyür, Xəzər üstə tellənir.
Taleyimiz asılıb Allahın ətəyindən,
Ölüm qorxusu keçir ağlı olan beyindən.
Bu taxta evciklər də titrəyir dirək üstə,
Dolur havalı təbim yer tapır ürək üstə.
Duyğularım çırpınır, sözlər axır dilimə,
Alıram qələmimi, kağızımı əlimə.
İlhamımla həmnəfəs yerə, göyə qaçıram,
Bu dəhşətli dəmlərin ahından söz açıram…
Mənim də duyğularım sular təki çağlayır,
Qoşulub ürəyimə bu Xəzər də ağlayır…