233
Сечмяляр (шеирляр)
Quşbaşı qar yağır, torpaq üşüyür,
Təbiət üzünü bozardıb yaman.
Budaq üstə qalan, yarpaq üşüyür,
Qış qapını kəsib verməyir aman.
Bakının çöhrəsi bozarır-solur,
Yalın ayaqları donur quşların.
Külək dər-divarda saçını yolur,
Sanki iniltisi qopur daşların.
Göylərin üzündə bir çaxnaşma var,
Bulud qoşun çəkir buludun üstə.
Bütün kainatda, sanki coşma var,
Döyünür dünyanın qəlbi ahəstə.
Quşbaşı qar yağır yer göyə əsir,
Səmanın bağrından inci ələnir,
Qapıdan girməyə külək tələsir,
Dolmuş novulçada buzlar yellənir.
Pəncərəm önündə qar naxışları,
Atəşə bürünür könlüm odundan…
Əridir rəngkartək o baxışları,
Ürəyim riqqətə gəlir dadından.
Mən Xəzər üstündə donub qalmışam,
Otağım içində dolaşır bu qış.
Ayağım altına qarı salmışam,
Bir xışıltı salır, dalaşır bu qış.
Təbiət nə gözəl, həyat nə şirin?
Ömrə hər fəsili qonaq eyləyir.
İlahi qoruyur adəmdən sirin,
Bizi bu dünyaya sınaq eyləyir.
Dostları ilə paylaş: