Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə55/72
tarix31.01.2017
ölçüsü3,34 Mb.
#7257
1   ...   51   52   53   54   55   56   57   58   ...   72

ay qalmış qardaşının qürbət eldə qanını qaraltmaq, kədərləndirmək istəmirdi. 

 

Qardaşının gəlməsini səbirsizliklə gözləyirdi. Özü onun otağının divarlarına yapışqanlı rəng 



çəkdi, hətta üstünə naxışlar da vurdu. 

 

Pətəklərlə əlləşməyi də Cəlil müəllim çox xoşlayırdı, bəlkə də heç bağda işləməkdən az 



xoşlamırdı. Əvvəl-əvvəl arılara yaxınlaşanda, Cəlil müəllim başına özünü qorumaq üçün xüsusi 

tor salırdı, amma sonra arılar ona isinişdilər, indi torsuz da gedəndə dəymirdilər. 

 

Ancaq yenə də hərdənbir sancırdılar. Cəlil müəllim arıçılığa aid məsləhət istəyəndə, pətəkləri 



satan qoca arıçı ona demişdi ki, arılar onlara hirsli, əsəbi adam yaxınlaşanda hiss eləyirlər. Necə 

hiss eləyirlər, baş açmaq olmur, amma hiss eləyirlər və belə şeyi xoşlamırlar, bax, bu vaxt hətta 

sahiblərini də sancırlar. 

 

Cəlil müəllim heç cür yadına sala bilmirdi ki, arılar onu sancanda o hansı əhval-ruhiyyədə onlara 



yaxınlaşmışdı, bir də qocanın sözünə o qədər inanmırdı, xüsusilə ona görə ki, arıların sancması 

onu çox da dilxor eləmirdi. Cəlil müəllim adamlardan eşitmişdi ki, arı zəhərinin insan 

orqanizminə yalnız xeyiri var. 

 

Hər şey qaydasında gedirdi, işdə də, məhəllədə də Cəlil müəllim qaydasında xoş güzəran 



sürürdü, bu güzərana o alışmışdı. Bu dövrdə onun kefi həmişə bir qaydada kök olurdu, işdən də, 

evdən də, onu əhatə eləyən aləmin verdiyi hər şeydən də həzz alırdı. 

 

Bir dəfə axşam tərəfi Manaf onlara gəldi, Cəlil müəllimi onun gəlişi o qədər də hirsləndirmədi. 



Manaf içəri girən kimi ona işi düşdüyünü dedi və xahiş elədi ki, qızını Cəlil müəllimə tapşırılmış 

rabitə idarəsinə bir işə götürsün. 

 

Ədəb-ərkanla xahiş elədi ki, köməyini əsirgəməsin. Cəlil müəllim bir qədər fikirləşib dedi ki, 



onun öz yanında boş yer yoxdur, ancaq bir yaxın dostu ilə, qonşuluqdakı Çadrovı küçəsindəki 

aptekin müdiri ilə danışar. 



 

397


 

Dilbər birinci gün aptekə işə gedəndən sonra Manaf bütün ailəsilə birlikdə Cəlil müəllimin 

yanına gəldi. Özü də, arvadı da çox razılıq elədilər. 

 

Dilbər təzə paltar geymişdi, başını daramış, üstündən də çəhrayı lent bağlamışdı, Cəlil müəllim 



onu heç vaxt bu səliqədə görməmişdi, pörtmüş qız heyran-heyran Cəlil müəllimə gülümsünürdü, 

minnətdarlıq eləyirdi, tutula-tutula, hər sözü kəkələyə-kəkələyə. 

 

Onlar hədiyyə də gətirmişdilər – gümüş qənddan, gümüş qənd maşası, bir dəstə də qızılgül. 



 

Cəlil müəllim dedi ki, Dilbəri çox abırlı bir adamın müdirlik elədiyi aptekə işə nə Manafın, nə də 

onun ailəsinin xətrinə düzəldib, o öz borcunu yerinə yetirib, doğru yola qayıdan hər bir adama 

kömək eləmək onun borcudur. 

 

Cəlil müəllim təmkinlə, ancaq xeyirxah-xeyirxah danışırdı. 



 

Onlar durub getmək istəyəndə Cəlil müəllim gümüş qənddanı və maşanı Manafın qoltuğuna 

verdi. Manaf dirənmək istədi, ancaq Cəlil müəllim ona elə baxdı ki, Manaf dərhal susdu, Cəlil 

müəllim həmişə birisinə həddini aşdığını qandırmaq, onu yerində oturtmaq lazım gələndə belə 

baxardı. Qızılgül üçün isə Cəlil müəllim təşəkkür elədi. 

 

Nəhayət, Cəlil müəllim nə vaxtdan bəri həsrətində olduğu o xoşbəxt günü də gördü. Qatarın 



gəlməsinə bir saat qalmış özünü vağzala yetirdi. Simurqu bağrına basdı, uzun müddət 

buraxmadı, hiss elədi ki, çoxdan həsrətində olduğu sevinc bütün varlığını bürüyür, üç il bundan 

qabaq ürəyinin başında yaranmış boşluq anbaan dolur; qardaşını, yer üzündə ən əziz və yaxın 

adamını qucaqlamış Cəlil müəllim elə bil ki, insana həyat bəxş eləyən, gücünü onqat artıran 

dirilik çeşməsindən su içirdi. 

 

Vağzaldan qəbiristana getdilər, Simurq özünü anasının qəbrinin üstünə atdı, ucadan hönkür-



hönkür, uşaq kimi, göz yaşı içində boğula-boğula ağladı. 

 

Cəlil müəllim heç cür qardaşını sakitləşdirə bilmədi, axırda özü də ona qoşuldu, dəfn günündən 



sonra birinci dəfə ağladı, ağlayıb ürəyini boşaltdı, yüngülləşdi. 

 

Simurq bütün gecəni, sevinc dolu gözlərini ondan çəkməyən qardaşına, gəlinlərinə və qardaşı 



uşaqlarına, qardaşlara gözaydınlığı verməyə gəlmiş qonaqlara ordu həyatından, əsgərlik elədiyi 

gözəl 56 yerdən danışdı. Maraqlı danışırdı, tez-tez oturanların indiyə kimi eşitmədikləri, bu 

səbəbdən də mənasını ya tamam, ya da qismən başa düşmədikləri sözlər işlədirdi. 

 

Qonaqlar getdilər. Cəlil müəllim arvad-uşaq yatana kimi gözlədi, sonra qardaşı ilə söhbətə 



başladı. Əvvəl-əvvəl öz hədiyyəsini, Simurqun adına yazılmış dörd yüz əlli manatlıq əmanət 

kitabçasını qardaşına verdi. 

 

Simurq çox mütəəssir oldu, mehriban-mehriban böyük qardaşının üzünə baxdı, ancaq dedi ki, 



pulu götürəsi deyil, çünki pul, ailə sahibi kimi, Cəlil müəllimə daha çox lazımdır, o, birtəhər 

keçinər, üstəlik də ordudan pulsuz qayıtmayıb. Hələ bəzi sovqatlar, hədiyyələr alandan və yolda 

xərcləyəndən sonra yetmiş manatı da qalıb, bu pul hələlik gen-bol bəsidir. 

 

Cəlil müəllim özünü yalandan hirslənmiş kimi göstərib, ona acıqlandı və qardaşının etirazına 



baxmayaraq, əmanət kitabçasını onun gimnastyorkasının döş cibinə basdı. 

 

Bu məsələni qurtarıb, Simurqdan gələcək planlarını soruşdu. 



 

398


 

Bir xeyli məsləhət vermək, eləcə də harada özünün Simurqa köməyi dəyə biləcəyini, harada 

tanışlarının, dostlarının vasitəsilə ona əl tuta biləcəyini qabaqcadan öyrənmək arzusu ilə soruşdu. 

 

Cəlil müəllim qardaşının xatirinə nədən ötəri desən, kimə desən, hətta özü üçün ömründə heç bir 



şey xahiş eləməyəcəyi adama da ağız açmağa hazır idi. 

 

Cəlil müəllim soruşdu ki, Simurqun, əsgərliyə getməmişdən istədiyi kimi, gələn il instituta 



girmək fikri varmı, soruşdu ki, qardaşı imtahanlar başlanana kimi işləmək istəyirmi və əgər 

istəyirsə, onda niyyəti harada işləməkdir. Soruşdu və susub Simurqun cavabını gözlədi. Şəxsi 

həyat planları, deyək ki, evlənmək, yaxud buna bənzər pərdəli məsələlər barədə heç bir şey 

soruşmadı, istəsə, qardaşı özü deyərdi. 

 

Simurq dedi ki, institut barəsində hələ fikirləşməmişdir, ancaq orası yəqindir ki, gələn il heç bir 



yerə girmək fikri yoxdur, ola bilsin sonralar, özünü əməlli-başlı düzəldəndə bəlkə də oxudu, 

ancaq mütləq qiyabi oxuyacaq, əyani şöbəyə getməyəcək. Simurq bu sözdən sonra tələsik əlavə 

etdi ki, gündüz oxumaq istəməməsi təkcə ona görə deyil ki, qardaşına yük olmaq istəmir, xeyr, 

ona görə əyani oxumaq istəmir ki, asılı tələbə həyatı onu açmır, yaşının o vaxtı ötüb, ona görə də 

indi müstəqil adam kimi yaşamaq istəyir. 

 

Simurqun, ali təhsil almaqla əlaqədar niyyəti, daha doğrusu, bu niyyətin olmaması, Cəlil 



müəllimi dilxor elədi, ancaq daha cəhlə girişmədi. Cəlil müəllim qəti ümid idi ki, həyatda layiqli 

yer tutmaq istəyən adam üçün ali təhsilin əhəmiyyətini, cavan olduğuna görə başa düşməyən 

qardaşını yavaş-yavaş dilə tutub, fikrindən döndərə biləcəkdir. 

 

İşləmək barəsində Simurq dedi ki, öz sənətində işləyəcəkdir – orduda olanda şoferlik 



öyrənmişdir, bu sənəti yaxşı bilir, birinci dərəcəli sürücülük vəsiqəsi alıb, buna görə də hər cür, 

hər gücdə avtomobil nəqliyyatında, eləcə də xüsusi maşınlarda, “təcili yardım” da, milis 

maşınında, yanğınsöndürən maşında işləyə bilər. 

 

Cəlil müəllim üz-gözünü turşutdu, qardaşını o bu cür təsəvvür eləmirdi, ağlına gəlməzdi ki, 



mütləq həkim görmək arzusunda olduğu, ən nəhayət, orta təhsili olan Simurq, qonşusu əyyaş 

Manaf kimi şoferlik eləyəcəkdir. Ancaq hər cür namuslu əmək şərəflidir, buna Cəlil müəllim qəti 

əmin idi, ona görə də dinmədi, yenə fikirləşdi ki, sonra Simurqu dilə tutub, onu boya-başa 

çatdırmış, tərbiyə eləmiş, eləcə də camaat arasında haqlı olaraq gözəl hörmət qazanmış, familiya 

və ad vermiş ailənin ad-sanına yaraşan fəaliyyət sahəsi seçməyə razı sala biləcəkdi. Gələcəkdə 

adının, indi Cəlil müəllimin adı kimi hörmətlə çəkilib-çəkilməməsi yalnız ad sahibinin özündən 

asılı idi. Öz şəxsi işləri barədə də Simurq elə təxminən oxumaq barədə dediklərini dedi; dedi ki, 

qazancı arvadını və uşaqlarını əməlli-başlı dolandırmağa çatmayınca evlənmək haqqında heç 

fikirləşmək istəmir. 

 

Cəlil müəllim uzun ayrılıqdan sonra birinci dəfə ata evində gecələyən qardaşına “gecən xeyrə 



qalsın” dedi və yatmağa getdi, yatmazdan əvvəl vaxtın necə sürətlə keçdiyini, qardaşının nə cür 

dəyişdiyini fikirləşib, bir neçə dəfə köksünü ötürdü, əsgərliyə getməmişdən qabaq, həlim, 

yumrusifət, yeniyetmə Simurqun indi ülgüc dəymiş üzündə ağzının hər iki tərəfinə uzanan sərt 

qırışlar əmələ gəlmiş, baxışları ağır və zəhmli, iradəli, güclü cavan kişi olmuşdu. 

 

Simurq, birinci dərəcəli şofer kimi, “təcili yardım”, yanğınsöndürən, yaxud milis maşınında 



işləyə bilərdi, ancaq bunların heç birinə getmədi, hətta taksiyə də düzəlmədi. Şəhərlərarası yük 

daşıyan avtobazanın ağır yük maşınının sükanı arxasında oturdu. Çox 58 işləyirdi, həvəslə 

işləyirdi. Bir həftəliyə, on günlüyə gedir, evə tamam əldən düşmüş, arıqlamış, gecələr yolda 

yuxusuz qaldığından çox vaxt rəngi avazımış qayıdırdı, ancaq üzü həmişə gülürdü, həmişə 



 

399


uşaqlara və gəlinlərinə hədiyyə gətirirdi. Simurq hər dəfə qardaşına da mütləq hədiyyə gətirirdi. 

Özü də elə-belə, təsadüfən alınmış, ağına-bozuna fikir verilmədən, yalnız hədiyyə almaq xatirinə 

alınmış şeylər gətirmirdi, Simurq qardaşına aldığı hədiyyələri diqqətlə seçirdi, onun zövqünü, 

istəyini nəzərə alırdı. 

 

Hər dəfə Simurq qardaşının qəlbini kövrəldirdi, Cəlil müəllim iş seçmək məsələsində tərslik 



elədiyinə görə Simurqdan çox incimişdi, ancaq bunu o, qətiyyən büruzə vermirdi, dərdini 

ürəyində çəkirdi, yalnız hərdən soruşurdu ki, Simurq hələ çoxmu qaraçı kimi yaşayacaqdır. 

Ancaq bu inciklik, Simurq evdə olan günlərdə, Cəlil müəllimin onun istirahətinə, yemək-

içməyinə göz qoymasına mane olmurdu. Simurqun yorğunluğu canından çox tez çıxırdı, elə 

gəldiyi günün səhərisi ya Cəlil müəllimlə bir yerdə bağda əlləşir, ya da oturub, səfərdə olarkən 

başına gələn gülməli macəralardan danışır, onları əyləndirirdi. 

 

Simurq deyirdi ki, işi çox xoşuna gəlir: həm təzə yerlər görür, həm də təzə adamlarla tanış olur, 



üstəlik işinin bir yaxşı cəhəti də vardı – əgər tənbəllik eləməsən, fərasətin olsa və sənətinin ustası 

olsan yaxşı pul qazanmaq mümkündü. 

 

Simurq yaxşı qazanırdı, pulu xəzəl kimi səpələyirdi, yaxın, ürəyi istəyən dostlarını səxavətlə 



qonaq eləyirdi, Cəlil müəllimin qulağına çatırdı ki, qardaşını tez-tez restoranlarda görürlər. Cəlil 

müəllim bu söhbətlərə qulaq asanda dilxorçuluğunu bacarıqla gizlədir, özünü kiçik qardaşının 

başqa əməllərindən də xəbərdar adam kimi aparırdı. Simurq yaxşı geyinirdi, baxan deyərdi ki, 

əyninə yaxşı oturan modalı kostyum geymiş bu ucaboy, gözəl oğlan yəqin ya müxbirdir, ya 

televiziya bəstəkarı, ya da hətta ustalardan ibarət “A” qrupu futbol komandasının oyunçusudur. 

 

Yük avtobazasına işə girəndən altı-yeddi ay sonra isə fürsət tapıb, otaqda ikisi tək qalanda, 



Simurq cibindən bir çəngə pul – dörd yüz əlli manat çıxartdı və qardaşına qayğıkeşliyinə görə 

çox möhkəm dil-ağız eləyib, pulu ona uzatdı. 

 

Cəlil müəllim: 



 

– Mən bu pulu sənə borc verməmişəm, bağışlamışam, – dedi. 

 

Bu zaman Simurq əmanət kitabçasını cibindən çıxartdı və bu sərvət sahibinin nəinki mayaya 



dəymədiyini, hətta əksinə, onu xeyli artırdığını, altı yüz əlli manata çatdırdığını sübut eləyən 

səhifəni açdı. 

 

Simurq Cəlil müəllimə dedi: 



 

– Gördünmü? – Simurqun kefi həmişəki kimi kök idi, həmişəki qaydada mehriban-mehriban, 

ehtiramla gülümsünür, qardaşının üzünə baxırdı, onun bu cür gülümsəməsi Cəlil müəllimin 

xoşuna gəlirdi. 

 

– Mən özümə korluq vermirəm. Pulunu arxayınca götür. Əl tutduğuna görə sağ ol. Əgər işdir, 



sənə pul lazım olsa, mənə deyərsən. 

 

Çox xahiş eləyirəm! 



 

Cəlil müəllim Simurqu təriflədi, dedi ki, əhsən Simurq, həyatda nə isə bir məqsədə çatmaq 

istəyən kişi kimi, doğru yol tutmuşdur. 

 


 

400


Dedi ki, Simurqun qaytardığı pulu onun nə indi, nə də gələcəkdə almaq fikri yox idi, çünki onun 

qardaşına açıq ürəknən vermişdi, indi də yalnız ona görə götürür ki, görür Simurqun pulu 

çoxdur. 

 

Bu sözləri Cəlil müəllim qardaşının müvəffəqiyyətinə ürəkdən sevinə-sevinə deyirdi, hətta bu 



dəfə o, alicənablıq eləyib, Simurqa, onu başqa, daha sakit və abırlı işdə görmək arzusunu 

xatırlatmadı. 

 

Ancaq Cəlil müəllim üç il ərzində qardaşının adına yığdığı pulu götürəndə nədənsə fikirləşdi ki, 



bu pula onun bərk ayaqda daha çox ehtiyacı olacaq. 

 

Xatırladı ki, əsgərlikdən qayıdan gün bu pulu Simurqa verib ona öz qayğı və diqqətini sübut 



etmək imkanı qazanmaq xatirinə o, az qala qırx dəfə əmanət kassasına ayaq döymüşdür. 

 

Sonra Simurqun pulu ona necə qaytardığını xatırladı: çox asanlıqla qaytarmışdı, görünür, elə o 



cür asanlıqla da qazanmışdı. Köksünü ötürdü və qəlbinə hakim kəsilən dumanlı şübhəni 

qovmağa çalışdı. Cəlil müəllimin ürəyinə dammışdı ki, onun həyatında nə isə yeni, qeyri-adi və 

qəribə bir dövr başlayır. Ancaq o vaxt, Cəlil müəllim nə qədər uzaqgörən və ayıq adam olsa da, 

bu yenilik, həmin gün Cəlil müəllimin çox aşkar hiss elədiyi başlanğıcın ona və onun yaxın 

adamlarına nə verəcəyini başa düşə bilmədi. 

 

Bəd xəbəri o öz kabinetində əyləşib gələcəkdə rabitə şöbəsinin işini daha da yaxşılaşdırmaq üçün 



konkret tədbirlər fikirləşdiyi vaxt eşitdi. 

 

Rabitə şöbəsi yaxşı işləyirdi. Abunəçilər də, müştərilər də şöbədən razılıq eləyirdilər, nazirlikdə 



də şöbənin yaxşı işini layiqincə 60 qiymətləndirirdilər: müşavirələrdə şöbəni nümunə 

göstərirdilər, eyni zamanda, haqlı olaraq mütləq kollektivin əhaliyə xidmət işində qazandığı 

müvəffəqiyyətlərdə, onun daimi rəhbərinin – Cəlil müəllimin böyük xidmətini də qeyd edirdilər. 

Lakin müvəffəqiyyət Cəlil müəllimin başını gicəlləndirmirdi. Həmişə özünə xatırladırdı ki, 

indiki böyük sürət dövründə qazandığınla kifayətlənib dayanmaq, geri qalmaq deməkdir, ona 

görə də işdə qüvvə və bacarığını əsirgəmirdi. 

 

Onu fikir-xəyaldan, bu rabitə idarəsində iyirmi ilə yaxın bağlamalar göndərilən şöbədə işləyən 



Məmməd Babanlının gəlişi ayırdı. Üzünün ifadəsindən və qapını arxasınca möhkəm örtməsindən 

Cəlil müəllim o saat başa düşdü ki, nə isə bir pis xəbər var, ancaq aydın məsələdir ki, nə qədər 

ayıq olsa da, bunun nə olacağını təsəvvür eləyə bilmədi. 

 

Məmməd dinməzcə stola yaxınlaşdı və axşam qəzetini Cəlil müəllimin qabağına qoydu, qəzet 



elə qatlanmışdı ki, məqalənin iri hərflərlə yığılmış “Avtomobil fırıldaqçıları və yüngül qazanc” 

başlığı və onun felyeton janrına mənsub olduğunu göstərən yarımsərlövhəsi dərhal nəzərə 

çarpırdı. 

 

Cəlil müəllim məqaləni oxuyur və bir kimsənin köməyi olmadan, yalnız öz bacarığı hesabına 



uzun illərdən bəri çətinliklə qazandığı hər şeyin necə uçub dağıldığını və məhv olduğunu hiss 

eləyirdi. 

 

Məqalə Simurqun haqqında idi. Daha doğrusu, Simurqdan başqa da bir xeyli adamın adı 



çəkilirdi. Ancaq Cəlil müəllim öz familiyasını bir neçə yerdə gördü. 

 

Felyetonu Cəlil müəllimin xoşuna gələn müəllif yazmışdı. Cəlil müəllim həmişə onun yazılarını 



bəyənir, fikrinə şərik olurdu. Bu dəfə də müəllif öz üslubuna sadiq qalmışdı. Yük avtobazası 

rəhbərlərinin maymaqlığından və səhlənkarlığından sui-istifadə edərək şübhəli işlərlə, 



 

401


fırıldaqçılıqla məşğul olan, ölkənin şimalı rayonlarına xəlvəti tərəvəz və meyvə daşıyan, 

müqabilində həmin iş üçün müəyyən edilmiş ən yüksək haqdan da qat-qat çox pul alan bir dəstə 

əliəyri adamın fəaliyyətini və onların necə ifşa olunduqlarını dəlil-sübutla qələmə alırdı. 

 

Axırda həmişə olduğu kimi, müəllif felyetonun qəhrəmanlarının öz cəzalarını alacaqlarına əmin 



olduğunu bildirir və geniş ictimaiyyətdən yuxarıda, haqqında danışılan adamların və onlar kimi 

artıqtamah cinayətkarların əməllərinə göz yummamağı xahiş edirdi. 

 

Felyeton Cəlil müəllimə çox ağır təsir elədi. Çox ağır. O bilirdi ki, bu cür bədbəxtliyə, müsibətə 



layiq deyil, elə bir günah iş tutmamışdır ki, başına da bu müsibət gəlsin, ona görə özünün özünə 

yazığı gəldi. Axı adamı da bu cür möhkəm, həm də gözlənilmədən vurmaq olarmı, özü də necə 

adamı, onu, Cəlil müəllimi. Nədən ötrü?! 

 

Cəlil müəllim yalnız indi, son ayda olmuş bəzi xırda-para əhvalatları xatırladı, o, başı qarışıq 



olduğuna görə, eləcə də qardaşına hədsiz inandığı üçün bunlara fikir verməmişdi. 

 

Yalnız indi başa düşdü ki, Simurq son ayda niyə bircə dəfə də səfərə çıxmamışdı. Axı felyetonda 



açıq deyilirdi ki, sayıq avtomobil müfəttişi onun sürücülük vəsiqəsini bir ay bundan qabaq 

almışdır, bəlkə də aydan bir az artıq olardı. 

 

Bir də Cəlil müəllimə o ağır gəlirdi ki, qardaşı ona heç bir şey deməmişdi, əhvalatı, ailəsində, 



evində olub-keçənləri o, şəhər qəzetindən öyrənirdi. Bu an Cəlil müəllim aydın başa düşdü ki, 

axşam qəzetinin bugünkü nömrəsi onu məhlə adamları arasındakı nüfuzunun və hörmətinin 

üstündən birdəfəlik qələm çəkir, indiyə kimi təmiz, ləkəsiz familiyalarına təmizlənməsi, 

yuyulması mümkün olmayan qara yaxır. 

 

Cəlil müəllim başını qaldırdı, qabağında dayanmış Məmməd Babanlını gördü. O, Məmmədin 



otaqda olduğunu tamam unutmuşdu. 

 

Cəlil müəllim təzədən başını aşağı saldı. 



 

Məmməd müdirinin aşağı əyilmiş başına bir xeyli də baxdı və dilxor-dilxor köksünü ötürdü. 

Onlar çoxdan tanışdılar – o vaxtlar Cəlil müəllimin hələ əsasən cəbhədəki və arxadakı 

vəziyyətdən yazan qəzet bağlamaları daşıyırdı. Məmməd isə hərbi xəstəxanadan gəlmişdi, 

yaraları sağalandan sonra təzəcə işləməyə başlamışdı. 

 

Məmməd hər il, özünün dediyi kimi: “həyata qayıtdığım möcüzəli günü” təntənə ilə qeyd edir, 



böyük qonaqlıq verirdi. Məmməd o günü – tələsik geri çəkilən tibb hissəsi sanitarlarının onu 

təsadüfən, qaranlıqda çayın sahilində, ölü kimi özündən getmiş halda tapıb katerlə səhra hərbi 

xəstəxanasına aparmalarını heç kimə danışmamışdı. 

 

O, huşunu itirənə kimi, uzun saatlar ərzində nə müsibət çəkdiyini də bir kimsəyə deməmişdi... 



 

Məmməd sağ ayağını çəkə-çəkə balaca pəncərə ilə üstünə tərəzi qoyulmuş stolun arasında 

vurnuxur, yorulmaq bilmədən bağlamaları qablaşdırır və sağ əli ilə, abırlı-başlı adicə insan 

əlindən 62 daha çox xərçəng qısqancına oxşayan salamat qalmış baş və şəhadət barmağı ilə qəbz 

yazırdı. 

 

Adamlar isti paltarlar yığılmış qutuların ağzını mıxlamazdan qabaq, oddan-alovdan çıxmış 



cəbhəçi Məmməd kişi ilə məsləhətləşirdilər, o da son qəpiyini verib cəbhədəki əziz adamı üçün 

isti paltar almış adama xoş söz deyir, tərifləyirdi. İlk yeddi-səkkiz ay ərzində bağlamalar sel kimi 



 

402


bir istiqamətə, Bakıdan qərbə gedirdi, bu bağlamalardan sarımsaq, soğan, kolbasa, duzlu balıq və 

başqa yeməli şeylərin iyi gəlirdi. 

 

Məmməd həmişə Cəlil müəllimin hörmətini saxlayırdı, xətrini istəyirdi. Doğrudur, bəzən araları 



sərin də olurdu, bir yerdə işləyəndə bunsuz ötüşmək mümkün deyil, ancaq bu xırda söz-

söhbətləri hər ikisi çox tez unudurdu. Cəlil müəllimin xətrini müstəqilliyinə və işgüzarlığına görə 

Məmməd çox istəyirdi, onun hələ yeniyetmə vaxtlarından nə cür olur-olsun adam olub ortaya 

çıxmaq arzusu, yorulmaq bilmədən çalışması Məmmədin çox xoşuna gəlirdi, eyni zamanda da 

təzəcə müdir qoyulduğu günlərdə tez-tez, elə sonralar da hərdənbir Cəlil müəllimin özünü 

çəkməsini, kübar davranışını, ədasını görəndə o öz-özünə gülürdü. 

 

Amma indi Məmməd dinməzcə Cəlil müəllimin qarşısında dayanmışdı, ona yazığı gəlirdi, müdir 



başını yuxarı qaldıranda isə onun gözlərində çaşqınlıq və kədər gördü, Məmmədin aləmində bu 

lal yalvarış məsləhət və kömək diləyirdi. 

 

– Axşam qəzetinə abunə yazılışı hələ gələn ildən elan ediləcəkdir, – Məmməd aram-aram dedi, o 



yavaş-yavaş, ehtiyatla Cəlil müəllimi hazırlamaq istəyirdi. – Nazirlikdə deyiblər ki, gələn ildən 

ona abunə yazılmaq olar... 

 

Cəlil müəllim səsi titrəyə-titrəyə soruşdu: 



 

– Abunənin bura nə dəxli var? Doğrudanmı sən elə bilirsən ki, bu saat mənim yadıma abunə 

yazılmaq düşür? 

 

– Heç harada yazılmayıb ki, bir adam neçə qəzet ala bilər, – Məmməd ağır-ağır sözünə davam 



elədi. – Hər kəs istədiyi qədər ala bilər, məsələn, birisi bu şənbə günü rayona verilmiş tirajın 

hamısını ala bilər, bir başqası da həmin gün, görünməmiş işdir məgər, qəzetsiz qalar. Lap elə 

başqa rayonlara da getmək olar, Allaha şükür, qəzet köşklərindəki satıcıların hamısı tanışdır. 

Maşınımız da var. 

 

Məmməd ötəri Cəlil müəllimin üzünə baxdı, üzündə intizar, ümid sezdi, sifətinin durulduğunu 



gördü. 

 

– Bizim rayonun tirajını mən bütünlükdə saxlamışam, Səmədovdan xahiş elədim, qoydu mənim 



şöbəmdə, cəmi beş mindir. 

 

Başqa rayonların köşklərində isə axşam qəzetini bir saatdan, qırx dəqiqədən sonra satmağa 



başlayacaqlar... Bir də bütün rayonlar bizim nəyimizə lazımdır, – təkcə Yeddinci paralel 

küçəsindəkini, bir də beşmərtəbənin yanındakını çatdırıb almaq lazımdır. 

 

Sonrakı işlər elə bil duman içində baş verirdi. Cəlil müəllim dinməz-söyləməz Məmmədin 



ardınca getdi, maşına əyləşdi. 

 

Əvvəlcə əmanət kassasına dəydilər, Cəlil müəllim iki yüz manat pul götürdü, sonra bir neçə 



köşkə baş çəkdilər. Cəlil müəllim maşının küncünə qısılmışdı, onlar köşkə çatmamış, yarım tin 

qalmış dayanırdılar. Məmməd tanış satıcı ilə nə isə danışır, sonra da qoltuğunda qəzet bağlaması 

qayıdıb gəlirdi. Cəlil müəllim neçə dəfə onun ardınca qışqırıb demək istədi ki, tez ol qəzetlərin 

hamısını qaytar ver, təcili satsınlar, o, vəzifəsindən şəxsi mənafeyi üçün istifadə etmək istəmir... 

 

Məmmədi saxlamaq istəməsi Cəlil müəllimin yadında dəqiq qalmışdı. Amma saxlamamışdı. 



Əksinə, dinməzcə, sözünü kəsmədən Məmmədin mühakimələrini dinləmişdi, bütün bu üzücü 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin