gedəndən sonra, orduda qulluğunun ikinci ili doğulmuşdu. Uşaqlarını Cəlil müəllim ərköyün
böyütmürdü; onların özlərinin xeyri üçün sərt rəftar eləyirdi, çünki başa düşürdü ki, ərköyün
böyüyən uşaqların axırı bir şey olmur. Söz ola bilməz. Cəlil müəllim uşaqlarını istəyirdi.
Qızı, yaxud balacası xəstələnəndə ürəyi qana dönürdü, ancaq bu istək Cəlil müəllimin Simurqa
olan istəyinin müqabilində heç bir şey idi, heç müqayisəyə gəlməzdi. Nə anası, nə də arvadı buna
görə onu qınamırdılar, çünki bilirdilər ki, hələ özünün ata kölgəsinə ehtiyacı olduğu vaxtlarda
Simurqu o böyüdüb boya-başa çatdırıb, qayğısını o çəkib, buna görə də Simurqu bir növ özünün
ilki, böyük oğlu hesab eləyir, böyük övladını isə ata uşaqlarının hamısından çox istəyir.
Bu qaydada da, Simurqu gözləyə-gözləyə yaşayırdılar. Pis dolanmırdılar.
Cah-cəlalları yox idi. Cəlil müəllim zəhmətlə qazandığı pulu havaya sovuran adamlardan deyildi,
ancaq hər şeydən də özünə korluq verməzdi, nə abırlı-başlı geyinmək, nə də yeməkiçmək
sarıdan. Tez-tez qonaqları olurdu, özləri də qonaq gedirdilər.
Əgər Cəlil müəllimi arvadı ilə bir yerdə ad gününə, yaxud toya çağırsaydılar, heç vaxt xəsislik
eləməzdilər, ad-sanlarına, mövqelərinə layiq hədiyyə aparırdılar. Simurq əsgərlikdən qayıdan ilin
yayında isə, Cəlil müəllim özü də gözləmədən çoxdan arzuladığı bir şeyi həyata keçirmək
qərarına gəldi – ailəsini də götürüb Kislovodska getmək fikrinə düşdü.
Bəlkə də bu çoxdan mürgüləyən fikrin oyanıb fəallaşmasına və təlatümə gəlməsinə səbəb
Simurqun göndərdiyi məktublar və Cəlil müəllimin görmədiyi şəhərlərin təsvirləri, mənzərə
şəkilləri olmuşdu, ancaq ola da bilərdi ki, səbəb heç bu deyildi! Kim bilir?
Yəni indiyə kimi elə bir mütəfəkkir, yaxud alim olubmu ki, insanın ağlına gələn, misal üçün, indi
qəflətən Cəlil müəllimin beyninə düşən fikir kimi qəribə, o qədər də xas olmayan fikirlərin nədən
törəndiyini dəqiq deyə bilsin? O, qoca yaşında anasının da xatirini xoş eləmək istəyirdi.
Evlərində atasının – əməkdar neftçi-briqadir Bayram bəyin bir neçə şəkli vardı, bu şəkilləri
möhkəm qoruyub saxlayırdılar. Şəkillərdən biri atasının və anasının lap cavanlıq vaxtlarında
385
çəkilmişdi, əyinlərində indi adama qəribə gələn, müharibədən əvvəl geyilən kostyum qayanın
üstündə dayanmışdılar, qayanın altından enli, dayaz şırnaq axırdı, duruluğundan belə görünürdü
ki, bulaq suyudur. Şəklin lap aşağı tərəfində, qara qayanın üstündə yazılmışdı: “Büllur şırnaq.
Kislovodsk”. Anası çox söhbət eləmişdi, Cəlil müəllim əzbər bilirdi ki, toydan sonra atası və
anası Kislovodska getmişdilər, bilirdi ki, dünyada Kislovodskdan gözəl yer yoxdur. O zaman
düşdükləri evi anası ömürlük yadında saxlamışdı, qabağında meyvə bağı olan bu evi o dönə-
dönə, bütün təfsilatı ilə təsvir eləmişdi, hətta küçənin adını da unutmamışdı, əcaib adı vardı –
Rebrovaya balka. Hər dəfə də bütün bunları danışanda dirçəlir, elə bil ki, cavanlaşırdı. Hər
danışanda da heyifsilənirdi ki, Cəlil müəllimə Kislovodsk kimi gözəl yeri görmək qismət olmadı,
görünür, sadəlövhlüyündən, yaxud fikri dağınıqlığından ana nəzərdən qaçırırdı ki, Cəlil
müəllimin bütün dünyada, hətta Sovet İttifaqında gəzmədiyi, görmədiyi yeganə şəhər yalnız
Kislovodsk deyil. İndiyə kimi o, heç yerdə olmamışdı, doğulduğu gündən bu vaxta kimi Bakıdan
kənara çıxmamışdı.
Onu çoxdan həsrətində olduğu Kislovodski görmək arzusuna çatdıran, arvadının və uşaqlarının
dünyagörüşünün artmasına səbəb olan bu səfər, həm də mehriban və qayğıkeş övlad olan Cəlil
müəllimə anasının könlünü açmaq, onu sevindirmək imkanı verirdi.
Götür-qoy eləyib, Cəlil müəllim bu qənaətə gəldi ki, kurorta getmək – bu məhəllədə əlamətdar
və nadir hadisə idi – qonşuların yanında onun nüfuzunu qaldırardı. Cəlil müəllim ailəsini kurorta
aparmaq qərarını qardaşına yazdı, Simurqsuz getməli olduqlarına heyifsiləndi. Məktubun
axırında Cəlil müəllim yola, gedib-qayıtmağı sərf olunacaq vaxtı da hesablayıb, Simurqun
məktubların Kislovodsk poçtamtına göndərməli olacağı tarixi dəqiq göstərdi.
Cəlil müəllim əmindi ki, Kislovodska getmək xəbərinin Simurqa və uşaqlarına yaxşı, tərbiyəvi
təsiri olacaqdır, əvvələn, vicdanla çalışan, özünü faydalı əməyə həsr eləyən adamın həyatda nə
cür imkanlara malik olduğunu əyani surətdə görəcəklər, ikincisi də bu hadisə xatirələrində Cəlil
müəllim kimi xudbinlikdən çox-çox uzaq bir ailə başçısının onlara göstərdiyi əlavə bir
qayğıkeşlik və xeyirxahlıq nümunəsi kimi qalacaqdı.
Həmişəki kimi, özü və yaxın adamları barədə fikirləşəndə, Cəlil müəllim kövrəldi və onların
hamısına – qardaşına, arvadına və uşaqlarına daha artıq mehribançılıq etməyi, alicənab olmağı
qət elədi, yəni fikirləşdi ki, düşüncəsizlik üzündən törəyən səhvlərin üstünü vurmasın, onlarla
münasibətində inandırma və nümunələr üsulundan istifadə etsin, əmrsiz və göstərişsiz ötüşsün,
halbuki, heç şübhəsiz, bir ailə başçısı kimi, böyük kimi, Cəlil müəllimin əmrlər, qəti tapşırıqlar
verməyə haqqı vardı, nəhayət, onlar öz varlıqları, indi olan və hələ gələcəkdə də olacaq bütün
yaxşı şeylər üçün bu adama borclu idilər.
Dünyagörmüş, təqaüdə çıxana qədər uzun müddət ekspeditor və əmtəəşünas kimi bütün ölkəni
gəzib dolaşmış Ağasəmədlə çayxanada əməlli-başlı məsləhətləşəndən sonra, Cəlil müəllim on
gün qabaqdan qatara, kupeli vaqona bilet aldı. Ağasəməd dedi ki, yayda yumşaq vaqonda
getməkdən də axmaq iş yoxdur, çox isti olur, hələ isti olsa yenə dərdyarıdı, müharibədən bir az
əvvəl, yayda, axırıncı 38 dəfə Tbilisidən Bakıya qayıdanda yumşaq vaqonda taxtabitilərin
əlindən gecə səhərə kimi gözünü yuma bilməmişdi.
Belə qərara gəldilər ki, ümumi plaskartlı vaqonda getmək Cəlil müəllimə yaraşmaz. Ona görə də
kupeli vaqonun üstündə dayandılar, doğrudur, Ağasəməd özü bu vaqonda getməmişdi,
müharibədən əvvəl bu cür vaqonlar yox idi, ancaq Ağasəməd dedi ki, o, bəzi adamlar tanıyır,
onların sözünə arxayın olmaq, inanmaq olar, ailəsi ilə birlikdə kurorta rahat, basabassız-filansız
getmək istəyən adam üçün kupeli vaqondan yaxşısı yoxdur.
386
Evin açarını yola düşəndə Cəlil müəllim ən yaxın qonşuları neftçi Kərimə verdi. Onu çox
əziyyətə salmamaq üçün Cəlil müəllim həyətdəki su kranının rezin borularını çəkib bağa və
bostan ləklərinə qoydu, indi bağı və bostanı əməlli-başlı suvarmaqdan ötrü hər axşam kranı
yalnız axıra kimi açmaq və düz qırx beş dəqiqədən sonra bağlamaq kifayət idi. Cəlil müəllim
xronometraj aparmış, bağ-bostanın suvarılma müddətini dəqiq müəyyən etmişdi.
Cəlil müəllimin ailəsi yerbəyer olan kupe doğrudan da çox rahat idi. O, pardaqlanmış taxta
yatacaqları, parıldayan plastik çəkilmiş divarları razılıqla süzdü, kefin istəyən kimi yandırmaq,
gurlaşdırmaq, yaxud yatanda zəiflətmək mümkün olan işığı yoxladı, gözü balaca nərdivana
sataşan kimi onun nədən ötrü olduğunu başa düşdü, saz olub-olmadığını yoxladı. Kupeni gözdən
keçirəndən sonra o, birinci növbədə yerləri bölüşdürdü, aşağı yerləri anasına və dörd yaşlı oğlu
ilə arvadına verdi, yuxarı yerləri isə özünə və qızına götürdü. Sonra saatına baxdı, qatarın yola
düşməsinə hələ xeyli, yarım saata qədər vaxt qaldığını görüb, perrona, vaqonla üzbəüz bufetə
qaçdı və on şüşə mədən suyu aldı ki yolda çiy su içməsinlər; yay vaxtı idi, hər cür yoluxucu
xəstəlik ola bilərdi. Qatar tərpənənə kimi, Cəlil müəllim tualetə girdi, paltarını dəyişdirdi, təzə
mil-mil pijamasını geydi, yola çıxmamışdan qabaq məxsusi kurortda geymək üçün aldığı
yumşaq idman ayaqqabılarını ayağına keçirtdi. Bir müddət, hava tamam qaralana kimi, dəhlizdə
dayandı, sonra kupelərinə girdi. Bu vaxt Məryəm xanım Kislovodskdan danışırdı, Cəlil müəllim
sevindiyindən cuşa gəlmiş anasının üzünə baxıb, bir də məmnuniyyətlə fikirləşdi ki, səfərə
çıxmaqları anasına çox yaxşı təsir eləyib və Allah qoysa, səhhətinə də xeyri dəyəcək. Məryəm
xanım nə isə bir “Xram vozdux”dan, onun dörd dövrəsindəki yamyaşıl, kölgəli talalardan, 39
həmin bu “Xram vozdux”da, baş vermiş, Cəlil müəllimin bütün təfsilatı ilə bildiyi bir əhvalatdan
söz salmışdı, ancaq Cəlil müəllim heç cür baş aça bilmirdi ki, bu “Xram vozdux” özü
restorandır, yaxud “Xram vozdux”da restoran var. Musiqili, rəqsli axşamlardan birində onun
mərhum atası burda çox uzaq qohumu polkovnik Mehmandarova, çar ordusunda qulluq eləyən,
ancaq inqilab dövründə Qızıl Ordu tərəfə keçən, sonralar isə ilk sovet generallarından biri olan
həmin polkovnik Mehmandarova rast gəlir.
Məryəm xanım əhvalatı demək olar ki, tamam (ömründə bircə dəfə həmin axşam gördüyü
generalın onu iki dəfə tanqo oynamağa dəvət etməsini, Bayram bəyin də generalın indi rəhmətə
getmiş arvadı ilə oynamasını) danışıb qurtarana kimi Cəlil müəllim qulaq asdı, sonra ədəblə
anasının sözünü kəsib, xatırlatdı ki, şam yeməyinin vaxtıdır. Cəlil müəllim ona görə belə elədi
ki, bu əhvalatın gerisini, sonra onların şampan şərabı və musiqiçiləri də götürüb, hamılıqla iki
faytona doluşduqlarını, səhərə kimi gəzməyə getdiklərini, mərhum atasının həmin gün möhkəm
sərxoş olmasını və özünü çox qəribə aparmasını, evdə də Məryəm xanımın onu çox çətinliklə
dilə tutub yatağa salmasını yaxşı bilirdi. Cəlil müəllim əhvalatın bu hissəsinin uşaqların yanında,
xüsusilə on yaşlı qızının yanında danışılmasını lazım bilmirdi.
Gecə o, sakit və möhkəm yatdı, səhərə yaxın tək bircə dəfə kupedə hər şeyin qaydasında olub-
olmadığını yoxlamaq üçün ayıldı və demək olar ki, dərhal da təzədən yuxuya getdi, yuxuya
gedənə kimi bircə onu fikirləşə bildi ki, bütün olub-keçənlərin hamısı həqiqətdir və bir gündən
sonra o, Kislovodskda olacaqdır. Cəlil müəllim özünü çox yaxşı hiss eləyirdi, ürəyi sakit idi.
Kislovodskda vağzalda uzun müddət taksi gözləməli oldular.
Anası dedi ki, o vaxtlar onlar gələndə qatardan ayaqlarını yerə qoyan kimi, faytonçular onları
araya aldılar, az qaldılar ki, şey-şüyün üstündə dava-dalaş salsınlar, hərə onları öz faytonuna
çəkməyə çalışırdı. Nəhayət, taksi gəldi, Cəlil müəllim kurorta gələnlərə otaq verilən kontora
sürməyi buyurdu, məlum oldu ki, kontor lap yaxında, vağzalın böyründə imiş. Burada Cəlil
müəllim dedi ki, ona Rebrovaya balka küçəsindəki evlərdən birində otaq lazımdır. Cəlil müəllim
anasının xətrini xoş eləmək istəyirdi. Söz ağzından çıxan kimi, bir qadın ona yaxınlaşdı, dedi ki,
387
o elə Rebrovaya balka küçəsində 40 olur, bir təmiz və işıqlı, hər cür rahatlığı olan, iki pəncərəsi
bağa baxan otaq kirayə verir.
Cəlil müəllim evin sahibini maşına dəvət etdi, onlar yola düşdülər. Məryəm xanım şoferin
yanında əyləşmişdi, qatardakı kimi həyəcanlı, şən idi. O, aramsız deyirdi ki, mütləq aparıb bütün
görməli, gəzməli yerləri uşaqlara göstərəcəkdir, iqtidarı olmasa da, birtəhər aparıb göstərəcək.
Sonra yavaş-yavaş həyəcanı keçdi, süstləşdi, birdən tamam susdu, diqqətlə qələbəlik, maşınların
sel kimi axışdığı tərtəmiz, yaraşıqlı küçələrə, mərtəbələri başdan-başa şüşəli, balkonlu, işıqlı
evlərə tamaşa eləməyə başladı. Sonra o, oğluna tərəf qanrıldı, Cəlil müəllim onun üzündə
çaşqınlıq və hətta qorxu gördü.
– Cəlil! – Məryəm xanım soruşdu. – Biz hara gəlmişik?
Cəlil müəllim:
– Kislovodska! – dedi.
– Yox, – Məryəm xanım etiraz elədi. – Bura Kislovodsk deyil.
Cəlil müəllim fikirləşib dedi:
– Çox dəyişib, ona görə sənə elə gəlir. Sən Bakıda da heç yerə çıxmırsan, əgər çıxsan, onda
görərsən ki, elə ora da çox dəyişib.
Başdan-başa yeni küçələr salınır. Hər yerdə bu cür sürətlə tikirlər.
İndi Rebrovaya balkaya çatırıq, hər şey dərhal yadına düşər. – O, anasının kefini açmaq üçün
zarafat eləmək istədi. – Onda inanarsan ki, biz Kislovodskdayıq. Soçidə deyilik.
Tamam çaşbaş qalan anasının tanış küçəni görüb sakitləşməsi üçün Cəlil müəllim maşını iki dəfə
Rebrovaya balkanın başından ayağına, ayağından başına sürdürdü.
O, hətta şoferə buyurdu ki, maşını bir dəqiqəliyə anasının o səfər gələndə düşdüyü evin
qabağında saxlasın, Məryəm xanım bu evi elə müfəssəl təsvir eləmişdi ki, nömrəsi də Cəlil
müəllimin yadında qalmışdı.
– Bu da sənin Rebrovaya balkan, – Cəlil müəllim dedi. – Sən, bax, bu evə düşmüsən.
Məryəm xanım:
– Bura Kislovodsk deyil, – dedi. Anasının birdən-birə dəyişmiş, qocalıq, üzgünlük duyulan səsi
Cəlil müəllimi sarsıtdı. – Şəhər bu cür dəyişə bilməz, heç bir şey bu dərəcədə dəyişə bilməz,
həmişə bir şey qalır. Buranın havası da indi başqadır, axı mən o havanı 41 xatırlayıram. Mən
sənə deyirəm ki, bu başqa şəhərdir, adını nə qoyurlar qoysunlar. Burada hər şey başqa cürdür.
Mənim hər şey yaxşı yadımdadır, sənki, mənim yaddaşıma bələdsən. Bu küçənin Rebrovaya
balkaya, rəhmətlik atanla düşdüyümüz küçəyə heç oxşarı da yoxdur. Hər nə deyirlər desinlər, sən
mənim sözümə inan.
Dilxor olmuş Cəlil müəllim şoferlə köməkləşib şeyləri evə yığdı. Otaq doğrudan da, böyük və
işıqlı idi, bura bir paltar şkafı, bir stol və üç çarpayı qoyulmuşdu. Çarpayılardan biri ikiadamlıq
idi. Qıza ev sahibəsi açılıb-yığılan çarpayı verdi. Cəlil müəllim ensiz çarpayıların birini kənara
388
sürüdü və yenə də ev sahibəsinin gətirdiyi şirmanı qabağına qoyub, öz çarpayısını qalan otaqdan
ayırdı.
Ev Cəlil müəllimin xoşuna gəldi. Bəlkə də ona görə xoşuna gəlmişdi ki, onun Bakıdakı evinə
çox oxşayırdı: demək olar ki, quruluşları da eyni cürə idi; kürsülü dörd otaq, dörd dövrəsi enli
eyvan; hamam otağına da onun evindəki kimi, Leninqrad su qızdırıcısı qoyulmuşdu. Bircə fərqi
vardı, bu evin üstünə qırmızı kirəmit döşənmişdi, taxta çardağı da vardı. Cəlil müəllim fikirləşdi
ki, o da evinin damını bu cür düzəltdirsəydi, pis olmazdı, bu cür dam, qara qır basılmış yastı
damdan daha yaxşıdır, yayda evin içini istidən saxlayar. Belə qərara gəldi ki, Simurq qayıdandan
sonra eləyərlər.
Çardaq da kara gələr – pətəkləri ora qoyar, arıların xoşuna gələr, həm hündür, həm də külək
tutmayan yer.
Cəlil müəllim anasının kefini açmaq üçün çox səy göstərirdi. İlk günlər işi-gücü anasını da
götürüb, haqqında çox eşitdiyi yerləri gəzmək oldu. Gəldikləri günün ertəsi, səhər-səhər “Xram
vozdux” a getdilər. Cəlil müəllim anasının söhbətlərindən belə başa düşmüşdü ki, bu, şəhərdən
kənar, meşəlik bir yerdir. Özü də düşünürdü ki, nə isə qeyri-adi, qəribə bir şey görəcəkdir, nə
görəcəyini heç vaxt aydın təsəvvür eləməmişdi, ancaq hər halda bunun səliqə ilə adicə akasiya,
ya yasəmən ağacları əkilmiş, xiyabanlarına asfalt döşənmiş adi şəhər bağında açıq eyvanlı təzə
restoran olduğunu heç ağlına da gətirməzdi.
“Xram vozdux”a çatıb taksidən düşəndə Məryəm xanım dedi:
– Yaxşı yerdir. – O, hamının xətrini xoş eləməyə çalışan, elə bu səfərə də əslində, anasına görə
çıxmış oğlunun ümidlərini doğrultmadığından özünü müqəssir kimi hiss eləyirdi. – Uşaqlara
oynamağa yer də var.
Cəlil müəllim köksünü ötürdü və arvadının üzünə baxdı, arvadı da ona baxdı. O, maşından
düşəndə az qalmışdı anasına təntənəli surətdə desin ki, neçə il keçəndən sonra, nəhayət, yenə də
həmin “Xram vozdux”un yaxınlığındadır, indi bu sözü deməməsinə sevindi, yüngüllük duydu.
Onların oturduqları yerdən, eyvanda qoyulmuş stolun arxasından, günəşin şüalarında əriyən
seyrək duman içində, bütün şəhər görünürdü. Pis mənzərə deyildi, ancaq Dağüstü parkdakı
“Dostluq” restoranından baxanda adamı heyran qoyan Bakı panoraması hara, bura hara! Heç
müqayisəyə gəlməzdi. Elə xörəklər də burada, “Xram vozdux”da “Dostluq”dakından qat-qat pis
idi, ofisiant gələndən sonra isə məlum oldu ki, heç siyahıda sadalanan xörəklərin də əslində,
yarısından çoxu yoxdur.
Nəzakətli ofisiant onları inandırırdı ki, səhər verilməyən xörəklərin hamısı axşam mütləq olur.
Ancaq narşərablı, üstünə narın doğranmış reyhan səpilmiş osetrin kababını Bakıda kefin istəyən
vaxt, axşam da, istəsən lap səhər-səhər də yemək mümkün olduğunu yaxşı bilən Cəlil müəllim
yavaş-yavaş öz-özünə fikirləşdi ki, başqa şəhərlərdən gələnlər özləri bilərlər, amma bakılı üçün
Kislovodsk bir elə yer deyil.
Başqa görkəmli yerləri də gəzdilər, heç biri də onları o qədər açmadı. Bu səyahətlərdə Məryəm
xanım arabir elə bil ki, bəzi şeyləri xatırlayırdı, ancaq daha vəcdə gəlmirdi, sevinmirdi. Cəlil
müəllim ona inanmırdı, möhkəm şübhələnmişdi ki, anası rəhmdilliyinə görə onu tamam dilxor,
pərt eləmək istəmir. Sonra bu səyahətlərdən yorulmuş, üzülmüş anası və dərhal onun sözünə
qüvvət verən arvadı, Cəlil müəllimdən xahiş elədilər ki, onlara dinclik versin, qoysun otursunlar
evdə, ona görə ki, şəhəri kifayət qədər gəzmişdilər, elə bir qəribə şey yox idi, adicə şəhərdi.
389
İndi Cəlil müəllim naharını eləyəndən sonra, külfətini evdə qoyub, demək olar ki, bütün günü
şəhəri dolanırdı. Uşaqları bağda ev sahibinin uşaqları, öz yaşıdları ilə oynayırdılar, ev sahibi ilə
dostlaşmış arvadlar isə səhərlər bazara gedir, sonra da ev işləri ilə məşğul olurdular.
Cəlil müəllim əvvəlcə poçta girib, Simurqdan məktub olubolmadığını soruşur, sonra parka
gedirdi, ya da elə-belə küçələri gəzirdi. Soraqlaşıb, ayrıca nömrələri olan hamamın yerini
öyrəndi, 43 oradan çox hiddətlənmiş qayıtdı, bir də Kislovodskda hamama getməyə tövbə elədi.
Duş qoyulmuş nömrələr çox kiçik idi, soyunmaq yeri darısqaldı, özü də buradan çox pis, karbol
turşusu iyi gəlirdi.
Günlər ötürdü, evi, bağı üçün qəribsəmiş Cəlil müəllim gündəlik gəzintilərini davam etdirirdi.
Gözünün qabağına gətirirdi ki, o, əzilmiş kərpic tökülmüş qırmızı cığırlı, üstüörtülü, ağ sütunlu
tağlı köşkdə simfonik orkestrin axşamdan ta gecə yarısına qədər qatmaqarışıq, başa düşmək
mümkün olmayan musiqi çaldığı zəhləsi gedən bu parkda yox, öz küçələrindədir, özünü gah
qonşuları ilə söhbət eləyən, gah bağda işləyən, yaxud da hamamdan sonra çayxanada oturmuş
təsəvvür eləyirdi. Cəlil müəllim dəstə-dəstə bütün günü boş-bekar veyllənən adamlara göz qoyur,
onların Kislovodska nəyə gəldiklərini başa düşməyə çalışırdı. Cəlil müəllim mədən suyunun bir
dərdə dərman ola biləcəyinə, şəfa verəcəyinə inanmasa da buraya müalicəyə gəlmiş adamı yenə
birtəhər başa düşərdi.
Amma qalanları... Sağlam adamlar yad şəhərin küçə və parklarında veyl-veyl gəzişirdilər, guya
bunu orada, gəldikləri yerdə eləmək mümkün deyildi. Bir soruşan lazımdı ki, heç bir şeyə
ehtiyacı olmayan adamların (aşkar görünürdü ki, bunların əksəriyyəti elə bu cür adamlardır)
vurub dünyanın o başına getmək, dörd otaq sahibi Cəlil müəllimin elədiyi kimi, üç-üç, dörd-dörd
bir otağa təpilmək nəyinə lazımdır? Daim bu barədə düşünən Cəlil müəllim yavaşyavaş belə
qənaətə gəldi ki, buraya Allah bilir, nə görmək arzusu ilə gələn, amma istədiklərini tapa
bilməyən bu adamların hamısı, sadəcə müxtəlif mülahizələrə görə vaxtından qabaq qayıdıb
getməyi namünasib bilirlər, kimisi qabaqcadan verdiyi ev kirayəsinə heyifsilənir, kimisi
qonşularından utandığı üçün qayıdıb gedə bilmir, kimisi də, ola bilsin ki, qatara bilet tapmır...
Qısası, Cəlil müəllim əmindi ki, Kislovodska gələnlərin əksəriyyəti cəmisi bir neçə gün qalandan
sonra çıxıb gedirlər, saysız-hesabsız dəstələr isə ona görə azalmır ki, hər gün yeni-yeni sadəlövh
adamlar gəlirlər.
Əgər küçə qonşuları olmasaydı (vaxtından əvvəl qayıtmaq səfəri dərhal və ömürlük onların
gözündə inflyasiyaya uğradar, qiymətdən salardı) o, fikirləşmədən yola düşərdi. Simurqa
teleqram vurardı ki, daha nahaq yerə bura məktub yazmasın, poçtamtda da xahiş eləyərdi ki, işdir
əgər o, yola düşəndən sonra məktub gəlsə, Bakıya göndərsinlər.
Çirkin əkizlər kimi bir-birinə oxşayan günlər ona bir ilə qədər uzun gəlirdi. Elə axşamlar da onun
kimi. Cəlil müəllim adəti üzrə axşamlar parka gəzməyə çıxırdı, bu gəzintilər Bakıdakından fərqli
olaraq ona ləzzət vermirdi, orada Cəlil müəllim addımbaşı tanışa rast gəlirdi, özünü lazımlı və
mötəbər adam kimi hiss eləyirdi.
O nəyə görə isə, heç bir əsassız-filansız “Qızıl güllər xiyabanı” deyilən xiyabanla getdi və
ortasında tər çiçəklərdən düzəldilmiş təqvim olan talaya çıxdı. Təqvimin ağ çiçəklərdən
düzəldilən hissəsinin, ayın günləri göstərilən hissəsinin hər gün dəyişməsi bu talanı babat
göstərirdi, demək olar ki, cansıxıcı və mənasız gəzinti vaxtı bir az adamın ürəyi açılırdı. Cəlil
müəllim bu əyani və çox etibarlı dəlili, yola düşmək vaxtının bir gün də yaxınlaşdığını görəndə
xoşhal oldu və parkın yuxarı hissəsinə gedən cığırla addımladı. Məqsədsiz-filansız addımladı.
Hara gəldi getmək xatirinə addımladı. Evə qayıtmaq istəmirdi, arvad-uşaq çoxdan yatmışdı.
Toranlıqda basırıq kol-kosluqdan yaxşı seçilməyən səslər, boğuq gülüşmə gəlirdi. Cəlil müəllim
bilirdi ki, əgər cığırdan çıxsa, bir neçə dəqiqədən sonra mütləq skamyaya, cüt-cüt oturub öpüşən
390
adamlara rast gələcəkdir, skamyanın ensiz hamar səthi biribirindən cəmisi bir neçə santimetr
aralı beş, yaxud altı sahəyə bölünmüşdü, bu bir neçə santimetrlik bitərəf zona hər qonşu sahənin
sahibinə çox güclü müstəqillik və sərbəstlik hissi aşılayırdı.
Cəlil müəllim rişxəndlə gülümsündü, fikirləşdi ki, bu adamların skamyanın üstündə bir-birinə
qısılıb, öpüşmək xatirinə vaxt itirib, pul xərcləyib, yır-yığış eləyib, qatar, yaxud təyyarə ilə bu
qədər yolu gəlməyinə dəyərmi, bunu elə öz şəhərlərində də eləyə bilərdilər, təki adamın həvəsi
olsun!
Havadan zərif ətir iyi gəlirdi, aydınlıq yay gecəsində ilıq meh nə isə tanış olmayan çiçəklərin
ətrini gətirəndə, adamlar qəflətən qəribə həyəcan keçirməyə başlayırdılar.
Cəlil müəllim çiçəklərin ətrini duyur, amma heç cür onların adını xatırlaya bilmirdi. O, fikirləşdi
ki, yəqin tütün çiçəyinin ətridir, ancaq tez qərarından daşındı, tütün hələ yarım aydan sonra
çiçəkləyəcəkdi.
Cəlil müəllim yorulub yay kinoteatrının qabağındakı talada, skamyanın üstündə oturdu. Onun Dostları ilə paylaş: |