403
səfərin əvvəlindən ta axırına kimi Məmməd elə hey deyirdi ki, o dəqiqə çıxardıb pulunu nağd
verirsə, onda hər bir vətəndaşın ömründə bir dəfə on min nüsxə qəzet almağa haqqı var.
O, şövqlə, səmimi danışırdı, tutduqları işə heç bir məna vermirdi, ona görə də Cəlil müəllimə bir
neçə anlığa elə gəldi ki, Məmməd haqlıdır, o heç bir pis iş görmür, bərk ayaqda cibinin pulunu
verib qəzet alır. Ancaq həmin gündən sonra bir fikir, cinayət eləməsə də hər halda, çox
ləyaqətsiz bir işə qoşulması fikri ona çox əzab verirdi, Cəlil müəllim fikirləşirdi ki, indi bu
əhvalatdan sonra gələcəkdə o hələ nə qədər səy göstərməli, çalışmalıdır ki, həmin günü unuda
bilsin.
Cəlil müəllim hava qaralanda evə qayıtdı. Məmmədlə köməkləşib qəzet bağlamalarını həyətə
daşıdılar, çinçin eyvanın o başına yığdılar, Cəlil müəllim arvadına və uşaqlarına bərk-bərk
tapşırdı ki, qəzetlərə heç kim əl vurmasın.
Məmməd nahar elədi, axşamdan xeyli keçənə kimi oturdu və qonşulardan heç birinin felyetonu
oxumadığına tamam arxayın olandan sonra çıxıb getdi. Aydınlıq şənbə axşamında Cəlil
müəllimə baş çəkməyi özünə borc bilən adamların sorğu-suala başlamamaları da onu xatircəm
etdi.
Məmməd çoxdan getmişdi, evdəkilərin hamısı yatmışdı, amma Cəlil müəllim qaranlıqda
eyvanda oturmuşdu, məhəccərə dirsəklənib haradasa ləngimiş Simurqla ciddi və xoşagəlməz
söhbətə hazırlaşırdı.
Çox gözlədi, sonra bugünkü yorğunluq və həyəcan üstün gəldi, qazanların sakitlik gətirən
uğultusu və həyətdə cırıldaşan cırcıramaların səsi altında yuxuya getdi.
Cəlil müəllim kiminsə yavaşca çiyninə toxunduğunu hiss eləyib, yuxudan ayıldı. Gözünü açdı,
ala-toranlıqda qardaşının sifətini gördü.
Simurq astadan dedi:
– Axşamın xeyir.
Cəlil müəllim qardaşının üzünə yuxulu-yuxulu baxırdı, uzun mürgüdən hələ tamam ayılmamışdı.
Təbiətin xəsisliyi üzündən insanlara çox fövqəladə halda, cəmisi bir neçə anlığa qismət olan bir
vəziyyətdə idi, bu zaman insanın beynini heç nə məşğul eləmir və o, vaxtın heç kim tərəfindən
hesablanmamış anları ərzində onu əhatə eləyən aləmi, heç bir şey fikirləşmədən, heç bir şey
xatırlamadan dərk eləyir. Cəlil müəllim qardaşını görəndə xoş, sakitləşdirici bir sevinc duydu.
Bu sevinc ona Simurqdan keçirdi. O, sevinc duydu və bu sevinc onu güldürdü, bu qısa gülüş elə
bil Cəlil müəllimin sinəsinin dərinliklərindən gəlirdi.
Simurq əlini onun çiynindən götürmədən dedi:
– Elə yaxşı yatmışdın ki, ağadadaş, qıymırdım oyadam.
Cəlil müəllim soruşdu:
– Çoxdan gəlmisən?
– İndicə, bu dəqiqə gəlmişəm. Qarpız gətirmişəm, sən otur, mən bu saat kəsib gətirərəm.
404
Onlar şirin, sərin qarpız yeyirdilər, Cəlil müəllim Simurqla ciddi söhbətə nədən başlayacağını
götür-qoy eləyirdi. O, əllərini yudu, Simurq qarpız qabıqlarını stolun üstündən yığışdırıb atana
və işığı yandırana kimi gözlədi. Cəlil müəllim dinməz-söyləməz Simurqu dəhlizin küncünə
yığılmış qəzet qalaqlarının yanına apardı.
Simurqun gözləri kəlləsinə çıxdı, qəzet qalağına baxa-baxa soruşdu:
– Bu nədir?
Cəlil müəllim dedi:
– Xəcalətdən tər tökə-tökə qəzet köşklərini gəzib bugünkü qəzetin bütün nömrələrini almışam.
– Niyə? – Simurq soruşdu. – Bu qədər qəzet nəyinə lazımdır? – Cəlil müəllim onun səsində
təəccüb nişanəsi duydu. – Olmaya sən bu qəzeti, felyeton çap olunmuş qəzeti almısan? Məndə
var. Birini almışam.
Simurq cibindən bir əzilmiş qəzet çıxartdı, döşəmənin üstünə qalaqlanmış, ən az uduşlu
lotereyadan da fərqli olaraq içərisində tək bircə dənə uğurlu nüsxə olmayan neçə min qəzetin
birini.
Cəlil müəllim dilxor-dilxor dedi:
– Doğrudanmı mən bunu sənə hələ izah da etməliyəm? – Ailəsinin mənafeyi naminə, Simurqun
və özünün təmiz adı naminə nə cür işə girişdiyini qardaşının başa düşməməsi Cəlil müəllimə
yaman yer elədi. – Biz danışmalıyıq.
Danışdılar. Simurq dedi ki, işində möhkəm qanqaralıq olmuşdu, ona görə də işdən çıxmağa
məcbur oldu. Sürücülük vəsiqəsini qaytardılar, işdən azad elədilər. O, əlbəttə qeyri-qanunu
işlərdə əli olduğunu bilirdi, ancaq bu fırıldaqlarda fəal iştirak eləmirdi, eləbelə, işdən sonra
səfərlərə çıxır və dilini saxlayırdı, bunun müqabilində də ona yaxşı pul verirdilər. Onu
məhkəməyə verməyəcəklər, saxta sənədlərdə əli olmadığını, eləcə də təmiz keçmişini, ordudan
verilmiş gözəl xasiyyətnaməsini nəzərə alıblar.
Simurq dedi ki, bədbəxtlik üz verəndən sonra, əlbəttə, qardaşını yad adam hesab elədiyinə görə
yox, sadəcə qanını qaraltmaq istəmədiyi üçün heç bir şey deməmişdir.
– İndi başa düşdünmü ki, onda sənə “şoferliyə getmə” deyəndə haqlı idim? Yadındadır, sənə
necə yalvarırdım? Sözümə qulaq assaydın, heç bu rüsvayçılıq da olmazdı!
– Nə rüsvayçılıq? Mən nə oğurluq eləmişəm, nə də adam öldürmüşəm, elə-belə, bir xatadır
eləmişəm. İşdir olub. Kimin başına gəlmir?
Cəlil müəllim dedi:
– Sən heç olmasa məni fikirləşəydin. Ailəmizi tanıyan adamları nəzərə alaydın...
– Olmaya qonşularımızı deyirsən? – Simurqun səsində əsəbilik duyuldu. – Cəlil, niyə sən indi
mənə qonşulardan söz salırsan?
Mənim qonşularımızla nə işim var?
405
Onlar çox söhbət elədilər, Cəlil müəllim hiss eləyirdi ki, Simurq ona ehtiram və hörmətlə qulaq
asır, ancaq sifətində nə isə qəribə bir ifadə var, elə bil ki, Cəlil müəllimin dediklərinin hamısını
o, çoxdan bilirdi, ona görə söhbət çox da maraqlı deyildi. Doğrudur, axırda o, qardaşının
dediklərinin hamısı ilə razılaşdı və söz verdi ki, başqa işə gedəcək, şoferlik eləməyəcək. Ancaq
könülsüz-könülsüz, demək olar ki, etinasız razılaşdı, nə isə öz aləmində idi.
Cəlil müəllim:
– Bəlkə sənə bir köməyim dəydi? – deyə soruşdu və Simurqa bu sualı verməsinə elə həmin
dəqiqə, özü də çox möhkəm peşman oldu.
– Sən? – Simurq təsvirəgəlməz bir təəccüblə soruşdu. O, başını qaldırıb diqqətlə, dodaqlarında
çətinliklə sezilən təbəssüm, Cəlil müəllimin üzünə baxdı. – Mənə sənin nə köməyin dəyə bilər?
– Fikirləşərik, – Cəlil müəllim bir az duruxandan sonra dedi. – Fikirləşmək lazımdır. – O,
deməyə söz tapmırdı, ona görə də alnını ovuşdururdu. – Fikirləşmək lazımdır. Məsləhətləşmək...
– Heç kimlə məsləhətləşmək lazım deyil, Cəlil, – Simurq mülayim-mülayim dedi. – Mən balaca
uşaq deyiləm, özüm iş taparam.
Sən narahat olma, hər şey kefin istəyən kimi olacaq. Yaxşı? – O, qardaşının nə cavab verəcəyini
gözlədi, amma Cəlil müəllim dinməzcə başını tərpətdi. – Mən bəzi şeylər fikirləşmişəm.
Əməllibaşlı yerinə yetərəm, sonra bu günlərdə hər şeyi sənə danışaram.
Gecən xeyrə qalsın.
O öz otağına getdi. Cəlil müəllim isə hələ yatağına girməmişdən qabaq xeyli vaxt qaranlıq
eyvanda oturdu, qəzet köşklərini gəzməsini, Simurqla söhbətini bütün təfsilatı ilə yadına saldı,
ürəyinə qüssə doldu, güzgüyə baxıb, öz sifəti əvəzinə qəflətən başqa bir üz – yazıq baxışlı yad,
miskin bir sifət görən, eyni zamanda da bundan belə həmin sifətin onun olacağını, ondan heç cür
yaxa qurtara bilməyəcəyini başa düşən adam kimi özünü itirdi.
Simurq çox işsiz qalmadı. İş tapması bir həftə, bəlkə də bir az artıq çəkdi. Səhər tezdən evdən
çıxır, axşam qayıdırdı, şam vaxtı həvəslə danışırdı ki, ürəyinə yatan iş axtarır, elə yer istəyir ki,
çox 67 pul versinlər, iş maraqlı olsun, ən başlıcası isə vaxtını çox almasın, çünki gələn il ya
axşam, ya da qiyabi institutda oxumaq istəyirdi, imtahanlara hazırlaşmalı idi. Deyirdi ki, lap az
qalmışdı o cür bir yer tapsın, maaşı da yaxşı, bütün ayı sərasər xərclə, yenə də qurtara bilməzsən,
ilin axırında da mükafatını zərfin içində gətirib qoyurlar stolun üstünə, səhərlər də işə gedəndə
hər işçinin dalınca qapısına maşın gəlir, özü də bu gözəl idarənin rəhbəri xeyli dilə tutandan
sonra o, az qalmışdı ki, işləməyə razılıq versin, ancaq bir şərti eşidəndə başını götürüb qaçdı. Bu
yerdə Simurq susdu, özünü başı yeməyə qarışmış kimi apardı, sözünə ara verib, söhbətə çox
gərgin, diqqətlə qulaq asan, sadədil Leyla xanımın, – görəsən, bu necə dəhşətli şərtdir ki, ona
görə Simurq işləməyə razı olmamışdır, – sualından sonra dedi ki, o hər necə olur-olsun ağ
əlcəkdə, qara qalstukda işləməyə razı olan deyil, tapdığı yerdə isə bu məcburidir, bu şərti heç cür
pozmaq olmaz. Leyla xanım onu dilə tuturdu ki, bir əməlli-başlı fikirləşsin, belə boş şeydən ötrü
o cür gözəl işi əlindən çıxartmasın, amma Simurq sözünün üstündə möhkəm dururdu; Leyla
xanımı başa salırdı ki, adam gərək uzaqgörən olsun, bu gün işə ağ əlcəkdə getməyə razılıq
verərsən, sabah səni könlün qətiyyən istəməsə də, quru kütüm balığı ilə pivə içməyə məcbur
eləyərlər.
Leyla xanım hirslənib əlini-əlinə vurur və deyirdi ki, Simurqun bu cür vasvası və tərs adam
olduğunu ömründə ağlına gətirməzdi.
406
Cəlil müəllim arabir gülümsünə-gülümsünə bu söhbətlərə qulaq asır, ancaq qardaşına iş
barəsində heç bir sual vermirdi.
Bir axşam isə Simurq evə kefi kök qayıtdı və dedi ki, nəhayət, ürəyinə yatan, xoşuna gələn iş
tapıb, həm də bu işdə qalstuk, ağ əlcək barədə heç söhbət açan da olmadı.
Ümumiyyətlə, demək olar ki, bütün qadınlar kimi, zahiri firavanlığa, təmtərağa çox əhəmiyyət
verən Leyla xanım soruşdu:
– Səhərlər dalınca maşın da gələcəkmi?
– Maşını soruşmaq yadımdan çıxdı. – Simurq təəssüflə cavab verdi, – amma dəqiq bilirəm ki,
katerim olacaq, hərdən vertolyot da olacaq. Sən, Leyla xanım, heç vertolyotda uçmusan?
Cəlil müəllim bunun zarafat olmadığını başa düşdü:
– Harada işə düzəlmisən?
– Təsadüfən oldu, ancaq mənə elə gəlir ki, bəxtim gətirib, – Simurq çəkinə-çəkinə danışırdı, hiss
olunurdu ki, qardaşının kön- 68 lünü almaq, onu razı salmaq istəyir. – Zaur Nağıyevə rast
gəldim, çoxdan görmürdüm, orta məktəbi bitirəndən bəri birinci dəfədir ki, görüşürdük. Yadına
gəlirmi, ağadadaş, o hərdən bizə gəlirdi?
– O, baş milis idarəsində işləyən, arvadından ayrılan kişinin oğlu?
– Hə, hə... O indi neft institutunda qiyabi oxuyur, bu yaxınlarda bitirməlidir. İşgüzar oğlandır,
boş-boş danışan adam deyil. Məktəbi qurtaran kimi işə girib. İndi buruq ustasıdır, institutu
bitirən kimi də sahə rəisi təyin eləyəcəklər, qəti söz veriblər. O, dəniz neft qazma idarəsindədir.
On gün dənizdə olur, əvəzində on gün də evdə.
– Aydındır. Neft daşlarında işləyir?
Simurq dedi:
– Ona oxşar bir şeydir, amma bir az ayrı cürdür, onlar yeni özülləri istifadəyə verirlər. Zaur hər
şeyi mənə ətraflı başa salıb, dənizdə polad ada salınan kimi, onlar bu adada işləməyə
başlayırlar...
Cəlil müəllim dedi:
– Hər şey aydındır. Elə bir yaxşı iş deyil. Təhlükəli işdir. Gecəgündüz açıq dənizdə. Ancaq bir
şeyi başa düşə bilmirəm, orada sən nə iş görəcəksən, sən ki, neftçi deyilsən?
– Bu dəqiqə hamısını sənə başa salım, – Simurq tələsik qardaşının sözünü yarımçıq kəsdi. –
Əvvəla, heç bir təhlükəsi yoxdur.
Zaur mənə hər şeyi danışıb, deyir ki, bircə dilxorçuluğu var, qəfil xəzri başlayanda, işdən artıq
bir neçə gün də dənizdə qalmalı olursan, ancaq bunun əvəzinə, neçə gün artıq qalmısansa, o
qədər də istirahət verirlər, ikincisi, onlara dizelçi lazımdır, mən də dizeli beş barmağım kimi
bilirəm, orada maaş da şəhərə nisbətən ikiqat çoxdur, üstəlik planı dolduranda, mükafat da düşür,
planı da onlar hər ay artıqlaması ilə yerinə yetirirlər. Hələ hər il, staja görə, maaşın artmasını
407
demirəm. Çox vacib bir məsələ də var, – Simurq dedi, – institut məsələsi: dəniz neftçilərini
birinci növbədə götürürlər, qiymətlərinin necə olmasının əhəmiyyəti yoxdur, təki imtahanların
hamısını verə bil, lap hamısı üç olsun. Hansı kurorta desən putyovka da verirlər. Kefin haranı
istəyirsə, ora da get.
Cəlil müəllim dedi:
– Özün bilərsən. Bir halda ki, girmisən, daha danışmağa dəyməz.
Ancaq mən istəməzdim ki, doğma qardaşım gecə də, gündüz də dənizdə suyun içində olsun,
guya bu böyüklükdə şəhərdə ona iş tapılmır... Adamlar kənddən-kəsəkdən Bakıya qaçırlar, işə
girirlər, 69 hara gedirsən işçilərin hamısı keçmiş kəndçilərdir, akademik olurlar, amma sən... –
Cəlil müəllim dilxor-dilxor əlini yellətdi.
Simurq dedi:
– Hər şey lap yaxşı olacaq, Cəlil. Mən bu gün ora getmişdim, əsl mənim yerimdir. Müstəqil işdir,
yaxşı qazanmaq da mümkündür, gələcəyi də var.
Cəlil müəllim nisgilli-nisgilli soruşdu:
– Bəs tibb institutuna girmək fikrin yoxdur?
– Nə danışırsan! Ömrümdə bircə dəfə hərbi xəstəxanada olmuşam, qolum zədələnəndə,
dərmanların iyindən az qalırdı öyüyüm.
Həkimlik mənim işim deyil.
Leyla xanım dedi:
– Sən heç hərbi xəstəxanada yatdığını bizə yazmamısan.
– Elə bir ciddi iş deyildi. Qolum çıxmışdı, yerinə saldılar, beş gün saxlayıb buraxdılar. Orada
mən necə qorxular keçirmişəm, yox, həkimlik mənim işim deyil.
– Demək, qəti fikrindir?
Simurq dedi:
– Bəli.
– Eyibi yoxdur. Nə deyə bilərəm ki? Allah amanında. Mənim istədiyim bircə odur ki, sənin
bütün işlərin yaxşı olsun.
– Bilirəm, ağadadaş.
Simurq təzə işdə elə qızışmışdı ki, heç onu tanımaq olmurdu.
Hər dəfə növbədən qayıdanda bir neçə gün üst-başından neft və dəniz iyi gəlirdi, işi haqqında
Simurq çox həvəslə, şövqlə danışırdı, ev adamları və qonşular bu söhbətlərdə çoxlu yeni və
maraqlı şeylər eşidirdilər, bu da təəccüblü idi ki, lap böyürlərində olan, bütün qəzetlərin
408
haqqında yazdığı, televizorda göstərdiyi həmin bu Neft daşlarında heç kimin təsəvvür eləmədiyi
işlər, əhvalatlar vardı.
Həmin bu süni adalarda, ümumiyyətlə, bütün Neft daşları ərazisində içkinin qəti qadağan
olduğunu və bu qaydanı ən böyük rəisdən tutmuş ta Neft daşlarına bircə günlüyə gəlmiş
jurnalistə kimi, heç kimin pozmağa cəsarət etmədiyini eşidəndə hamı hədsiz dərəcədə
təəccübləndi.
Neft daşlarına gətirilmiş adicə televizorların təkcə Bakı və Moskva proqramlarını deyil, hərdən
başqa kanallarda qəflətən Həştərxanı, Krasnovodsk, Pyatiqorsk və başqa naməlum xarici
stansiyaları da demək olar ki, tərtəmiz tutmasına təəccüb elədilər.
Hər şeydən görünürdü ki, Simurq öz işindən razıdır və bu işdən əl çəkmək fikri yoxdur. Hər dəfə
söhbət eləyəndə Simurq təhlükəsizlik qayda-qanunlarını müfəssəl təsvir eləyir, xüsusi
təhlükəsizlik xidmətinin sərəncamına verilmiş ən müasir vertolyotları və katerləri sadalayırdı,
Cəlil müəllim başa düşürdü ki, qardaşı bunu onun xatirinə eləyir.
Simurq dedi:
– Sən, xahiş eləyirəm, heç bir şeydən nigaran qalma. Mənə orada heç nə olmaz. İşim yaxşı
işdir... Mənə elə gəlir ki, sən deyəsən nədənsə narazısan. Allah xatirinə de, sən necə buyursan, o
cür də eləyəcəyəm.
Cəlil müəllim dedi:
– Mən səndən razıyam. Bir də mən çox şey istəmirəm, təki sağsalamatlıq olsun. – Son vaxtlar
Cəlil müəllim özündə getdikcə artan, nə isə ona tamam yad olan bir laqeydlik duyurdu. İşə o
qədər həvəslə getmirdi. Əlbəttə, bu qətiyyən o demək deyildi ki, Cəlil müəllim qulluq işində
daha əvvəlki kimi səy göstərmirdi, səhlənkarlığa başlamışdı, xeyr; ancaq qulluq onun gözündə
hər işdə cazibə qüvvəsini itirmişdi.
İndi o, nə isə bir səhv iş tutmuş, teleqramı, yaxud başqa məktubu vaxtında çatdırmamış, ya da
ünvanına düz yetirməmiş işçini yanına çağırıb qısaca danlayır və buraxırdı, daha saxlayıb tərbiyə
məqsədilə uzun-uzadı söhbət eləmirdi, ilk nəzərdə o qədər əhəmiyyətli görünməyən səhvin
insanın həyatında nə cür faciəyə səbəb ola biləcəyini aydın göstərən misallar çəkmirdi, öz
həyatından və yaxşı tanıdığı, hörmət elədiyi adamların həyatlarından ibrətamiz əhvalatlar
danışmırdı.
İndi kollektivin ümumi yığıncaqları ərəfəsində evdə çıxışa hazırlaşmırdı, çıxış eləyəndə hamıya
çox qəribə gəlsə də, qısa danışırdı, yalnız bilavasitə iclasa dəxli olan məsələlərə toxunurdu.
Cəlil müəllim başqa xırda məsələlərdə də dəyişmişdi, məsələn, həyasız-həyasız rabitə şöbəsinin
binasında papiros çəkən yeniyetmə oğlanın yanından iyrənirmiş kimi üz-gözünü turşudub
keçirdi.
Qabaq vaxtlar olsaydı, Cəlil müəllim onu çəkib “Burada papiros çəkmirlər” lövhəsinin qabağına
gətirər və camaat arasında bu yeniyetməyə bir neçə təsirli söz deyib, abrını elə alardı ki, ondan
sonra həssas, az-çox abırı-həyası qalmış adam, nəinki rabitə şöbəsində, 71 yaxud deyək ki,
maqazində, hətta üzdəniraq, heç kişi ayaqyolunda da ömründə papiros çəkməzdi, çünki buraya
da bəzən sinəgir və başqa ürək-damar xəstəliyi olan adamlar girirlər. Məmmədnən də onun
münasibəti dəyişmişdi. Əgər qabaqlar Cəlil müəllim onunla uzun-uzadı söhbət eləyirdisə, indi
409
yalnız iş barəsində danışır və qalan vaxtlar, Məmməd həmişə – yaman gündə də, yaxşı gündə də
– etibarlı yoldaş, hətta demək olar ki, etibarlı dost olsa da, ondan uzaq dolanmağa çalışırdı.
Bir də, əvvəllər Cəlil müəllimdə heç görünməmiş işdi, indi qulluqda olanda, demək olar ki,
bütün vaxtı səbirsizliklə iş gününün qurtarmasını gözləyir və nəşə ilə axşamı, evini, yaxud bağını
düşünürdü.
Yol uzunu tanış-bilişləri ilə görüşür, yeniliklərdən söhbət açır, mülahizələrini söyləyirdi, həmişə
olduğu kimi, evə yaxınlaşanda mütləq Manafın ailəsindən bir adama – ya Manafın özünə, ya da
onun meymun kimi aramsız tum çırtlayan arvadına, yaxud da qızına rast gəlirdi, ancaq axır
vaxtlar Dilbər Cəlil müəllimin qabağına azaz çıxırdı, daha əvvəllər olduğu kimi sevinə-sevinə,
həyasız-həyasız üzünə gülümsəmirdi, ciddi salam verirdi, özü də indi əyin-başı da abırlı idi,
sadə, qaydasında qısa paltar geyirdi, yalnız qəşəng baldırları görünürdü. Bütün dəyişikliklərin
hamısını Cəlil müəllim Dilbərə kollektivdə işləməyin yaxşı, faydalı təsiri kimi izah eləyirdi, ona
görə də həmin gün qızı aptekə işə düzəldəndə əkdiyi toxumun, deyəsən, yaxşı bar verdiyinə
sevinirdi.
Cəlil müəllim hər gün bağda işləyir, arılarla əlləşir, onların həyat tərzinə məmnuniyyətlə tamaşa
eləyir, bağı suvarır, təpir, meynələrin başını vurur, meyvə ağaclarının və adamın gözünükönlünü
oxşayan, mənzərə yaratmaq üçün əkilmiş bəzək ağaclarının artıq zoğlarını kəsirdi.
Qardaşını o, sahildə olan günlər, hər gün nahar və günorta yeməyi vaxtı görürdü. Simurqun işləri
yaxşı gedirdi. Bu, aydın hiss olunurdu.
Simurq bir neçə dəfə qardaşından ona pul lazım olub-olmadığını soruşdu, zorla pul vermək
istədi, ancaq Cəlil müəllim hər dəfə cavab verdi ki, ona pul lazım deyil, öz maaşı artıqlaması ilə
bəs eləyir.
Tez-tez axşamlar Simurqun yanına əksəriyyəti elə özü yaşda yoldaşları gəlirdilər. Simurq hər
dəfə qardaşını da dəvət eləyirdi, 72 Cəlil müəllim nəzakət xatirinə yarım saat oturur, sonra durub
gedirdi, onlara sıxıntı vermək istəmirdi. Bu cavanların hər şeyə, onun mülahizəsinə görə,
qətiyyən gülməli olmayan şeyə də gülmələri Cəlil müəllimi mat qoyurdu. Cəlil müəllim əvvəl
bunu onların cavanlıqları ilə bağlamaq istədi, ancaq özünün Simurq və onun yoldaşları yaşda
olanda bu cür olmadığını, düşüncəli və təmkinli olduğunu, özünü məclislərdə heç vaxt belə
yüngül aparmadığını xatırlayıb, labüd nəticəyə gəldi ki, bu cavanların tərbiyəsində çatışmazlıqlar
var, bu çatışmazlıqları dəf etmək isə təəssüf ki, mümkün deyil. Simurqun yanına tanış və tanış
olmayan adamların çox bivaxt, səhər, axşam, çox vaxt isə gecəyarısı gəlmələri də Cəlil müəllimi
əsəbiləşdirirdi. Görünür, bu cür vaxt-bivaxt gedibgəlməyi orada, öz aralarında vərdiş eləmişdilər.
Qısası, ev dönmüşdü karvansaraya.
Cəlil müəllim çox dözdü, özünü saxladı, ancaq sonra yenə də bir gün söhbət vaxtı bu barədə
Simurqa ötəri işarə vurdu.
Simurq dedi ki, çox gediş-gəlişin qardaşının və onun ailəsinin istirahətini poza biləcəyi fikir
onun özünü də çoxdan narahat eləyir, ona görə də Cəlil müəllimdən xahiş elədi ki, yanına gəlib-
gedənlər üçün həyətin dal darvazasını açsınlar; bu darvazanı lazım olmadığına görə lap çoxdan,
hələ mərhum ataları mıxlamışdı, Simurqun otağının qapısı həyətin bu səmtinə baxırdı.
Cəlil müəllim razılıq verdi və bu cür sadə şeyin niyə ağlına gəlmədiyinə təəccüb elədi, sonra da
dedi ki, həyətin o hissəsini – bomboş, bərbad hala düşmüş, bütün bu illər ərzində gərəksiz şeylər
zibilliyinə çevrilmiş hissəsini bir az abıra salmaq lazımdır. Simurq onun fikri ilə razılaşdı və dedi
ki, o sahənin hamısını özü təmizləyib, yaşıllaşdıracaqdır.
410
Cəlil müəllim onun niyyətini bəyəndi, ancaq qardaşının həvəsinə gülümsünüb, xahiş elədi ki, bu
işə çox da baş qoşmasın, çünki ağac əkmək hədsiz vaxt, zəhmət və qayğı istəyir. Bu bağı əməlli-
başlı bağ halına salmasının neçə il çəkdiyini xatırlatdı.
Simurq güldü və dedi ki, çalışıb həyəti özü abadlaşdırar, Cəlil müəllimə əziyyət verməz,
qardaşının onsuz da qayğısı çoxdur.
Ertəsi gün Simurq iki fəhlə gətirdi, həyətin dal darvazasını açdılar, köhnə, sınıq-salxaq şeyləri
yığışdırdılar, üç günün ərzində Simurqun göstərdiyi yerlərdə çoxlu çalalar qazdılar. Sonra həyətə
bir-birinin dalınca qalaqlama peyinlə dolu iki yük maşını girdi. Dostları ilə paylaş: |