***
İlya Qlazunov yazır: "Rusiya heç zaman heç bir ölkəni zəbt
və istila etməmişdir". Məşhur rəssam heç olmazsa Tretyakov
qalereyasına baş çəkib orada Surikovun "Sibirin Yermak
tərəfindən istila edilməsi" əsərinin qarşısında dayanaydı, yaxud
boş vaxtlarında L.Tolstoyun "Hacı Murad" əsərini oxuyaydı.
***
Hər hakimiyyət sənətkara gizlin, yaxud açıq-aşkar kin
bəsləyir, çünki əqli cəhətdən ən geridə qalmış hakimiyyət
sahibləri də anlayır ki, o, olsa-olsa müəyyən qısa vaxt çərəyi
daxilində hökmlüdür. Həqiqi sənətkar əsrindən yuxarı dayana
biləndir. Bax buna görə də çox qısa bir zamanın hakimləri
sənətkardan öc almalıdır. Sənətkarın zamandan asılı olmamağı
onların əsəblərini gəmirir, onlara öləri olduqlarını xatırladır.
***
Saat 17.00. Gəmimiz Poros adasından yola düşür – sahil
boyu dənizdə gün qüruba enərkən forma və rəngini itirən
meşəli təpələr görünür – bunlar nə müvafiq ölçülü heykəllərə,
nə də rəngləri aşıb-daşan rəsm əsərlərinə bənzəyir. Bu, artıq
xalis qrafikadır, dağların silueti hamar, qaranlıq və tünd, həm
585
də yekrəng məkanı əhatələyir. Dağların görünən konturları
arasında hamar sahədir. Dənizin də rəngi dəyişir: bu, sözün əsl
mənasında, günəşin diqtəsidir - o və ancaq o, günün müxtəlif
anlarında dünyanı rənglərə boyayır. Əbəs deyil ki, ibtidai
insan hesab edirmiş ki, hər səhər günəş məhz ağacları, kolları
və gülləri yapıb-doğurur.
Gün – elə simfoniyadır, öz ritmi olmasa da, şübhəsiz ki,
ovqat çaları yalnız onun özünə məxsusdur – səhər alleqrosu,
sonra axşam və gecə vaxtının andantesi, adajiosu.
Təpələrin arxasında günəş itir, onun sarı-qızılı şüaları
dənizin məxmər səthində bərq vurur. Ancaq qəribədir ki, bu
görünüş qüssə oyatmır, bəlkə ona görə ki, günəş çox qəlbi
dayanıb, parlaqdır, əlçatmazdır. Ən qüssəli qürub narıncıdır.
Yunan adaları elə türk adalarına bənzəyir. İnsanlar, musiqi,
yeməkləri belə az qala eynidir. Dan yerinin ağarması və
zərlərin səsi… də oxşardır (Yeri gəlmişkən, təkcə söz, musiqi,
ətir-qoxu, yeməyin tamı… yox, adicə səs də vətənə nostalji
oyada bilər. Moskvada Kaşir şossesində onkoloji mərkəzin
ucu-bucağı görünməyən dəhlizi boyu irəliləyərkən birdən bu
yerlər üçün heç də adi olmayan, ancaq mənə doğmadan-doğma
görünən səsi eşidəndə ürəyim sıxıldı – kimsə zər atır, nərd
oynayırdı).
Beləliklə, türklər və yunanlar bu qədər bir-birlərinə
yaxınkən nədən dolanmamalıdırlar? Yunanlar türkləri
bağışlamırlar ki, əllərindən torpaqlarını alıblar, xüsusən
Konstantinopolun – İstanbulun itirilməsi ilə qövr edən yara beş
əsrdir ki, qaysaq bağlamır. Belə bir incini itirən yunanları
anlamaq olar. Ancaq axı zamanında onlar da yad torpaqlarını
istila etməklə məşğul olmuşlar – Makedoniyalı İskəndər az
qala dünyanın tən yarısını istila etmişdi, həmin o torpağı zəbt
olunmuş xalqlar nə duymalıdır?
İnsanların həyatına, bizim bəşər tarixinə, Yer kürəsinin
tarixinə yadplanetlinin gözüylə baxmalı olsaq, orda absurddan
başqa bir şey görmərik. Minlərlə, milyonlarla insan həyatını
586
itirib, ancaq ona görə ki, hansısa tikilinin üzərində məlum
həndəsi işarə + (xaç) qoyulsun. Digərləri isə orda ayparanı
görmək istəyir. Bunu hansısa ağlı başında (varsa əgər) olan
kəsə izah etmək olarmı? Amansız insanları vəhşi heyvan
adlandırırlar – nə böyük haqsızlıqdır. Hətta ən yırtıcı heyvan da
öldürə, parçalaya, yeyə bilər, ancaq pəncəsinin altında olan
qurbanına əzab verib, bu əzabdan həzz ala-ala məhv etmir.
Bizantiya imperatoru VI Konstantini elə öz anası taxtdan
salmış, bu azmış kimi gözünü çıxartdırmış (oğlunun gözünü –
!) və onu adadakı monastra yollamışdı. Öz növbəsində Nikifor
tərəfindən devrilən şahzadə İrina da bu monastra məhkum
edilmiş, oradaca ölmüşdü. O zaman saray qarşısında hansısa
əməlinə görə günahlandırılan adamları pişik və ilanlarla bir
yerdə torbaya salıb dənizə tullayarmışlar.
Bunu ancaq insan edə bilər. Heç bir vəhşi heyvan bunu
etmir. Yırtıcı heyvan insan ətini gəmirəndə belə o, yalnız təbii
ehtiyacını – aclığını ödəyir. İnsansa öz həmcinslərinə hansı
formada əzab və işgəncə verməyini düşünüb tapır. Madriddə
Çingiz Abdullayevlə korridaya getdik. Hər ikimiz ilk dəfə
olaraq bunu canlı şəkildə görürdük. Bu mənzərə məndə
dəhşətli ikrah hissi oyatdı. Çingiz bu qanlı döyüşün
özünəməxsus estetikaya malik olmasını sübut etmək üçün
ədəbiyyat və incəsənətdən misallar çəkirdi (Heminquey,
Pikasso). Ancaq çox tez bir zamanda bu cəllad oyununun bütün
dəhşətini dərk edərək o da məyus oldu. Bəlkə də biz ispanların
milli əyləncəsinə çevrilən bu oyunun gözəlliyini və gizli
mənasını anlamırıq, elə ispanların özləri də bizim qoyun
qurban kəsməyimizi heç cürə anlaya bilməzlər, ancaq mən
yalnız gördüyümüz mənzərədən keçirdiyimiz hisslər barədə
yazıram. Bu hissiyyat insanı məcbur edir ki, insan təbiəti
haqqında dərindən düşünüb-daşınsın. Korridanı az qala sənət
əsəri səviyyəsinə qaldıran insan cəllad kimi, həm də mənasız
yerə ölüm törədir. Qoy deməsinlər ki, torreador da həyatını risk
edir. Torreadorun seçimi var. Bu riski onun özü qəbul etmişdir,
587
şöhrətə, pula, yaxud nəsə başqa bir şeyə nail olmaq üçün, yəni
könüllü şəkildə. Öküzünsə heç bir seçim imkanı yoxdu. O,
yalnız kor-koranə özünü müdafiə edir. Hansısa təhlükədən
sığortalanmayan öküz səbəb-nəticə əlaqəsini yaradan məntiqi
düşüncədən məhrumdur, yəni milyon illərin təkamülü
nəticəsində Təbiətin, yaxud Tanrının yer üzündə yeganə ağıllı
canlıya bəxş etdiyi nemətdən məhrumdur.
***
Leonid Bejinin Çin şairi haqqında yazdığı "Du Fu"
kitabından (JZL, 1987, səh.80): "Li Bo, damarlarından türk
qanı axan şair".
***
Quberniyanın sakit bir guşəsində, Astapovkada, stansiya
rəisinin evində Tolstoy can verirdi. 6 noyabrda, ölüm
ərəfəsində oğlu Sergeyi çağırdı, yaxın gələndə sakit səslə dedi:
"Seryoja… mən həqiqəti sevirəm, sevirəm həqiqəti". Bu, onun
sonuncu sözləriydi.
***
Rəsul Həmzətov Şamil damğalanarkən onu "çeçen canavarı,
inquş ilanı" adlandırmışdı. Bu, təkcə Şamilə qarşı yox, həm də
o vaxt sürgün edilmiş çeçen və inquş xalqlarına qarşı təhqir idi.
Həmzətov bilməmiş deyildi ki, Şamil elə onun özü kimi
avardır.
***
Hegel "Tarixin fəlsəfəsində" yazırdı: "Aralıq dənizi
dünyanın üç hissəsinin körpüsüdür və ümumdünya tarixinin
parlaq nöqtəsi olan Yunanıstan burada yerləşir. Suriyada isə
iudaistlərin və xristianların mərkəzi olan Yerusəlim yerləşir,
cənub-şərqdə Məkkə və Mədinə, Məhəmmədə iman
gətirənlərin vətəni, qərbdə Delf, Afina, ucqar qərbdə isə Roma.
Aralıq dənizinin sahillərində Aleksandriya və Karfagen
yerləşir. Beləliklə, Aralıq dənizi qədim dünyanın döyünən
ürəyidir, məhz o, həmin dünyanın mövcudluğunu şərtləndirir".
Yeri gəlmişkən, Gertsen hesab edirdi ki, XX əsrdə Atlantik
588
okeanı, sahilləri ilə birlikdə, Aralıq dənizinin qədim dünyada
oynadığı rolu oynayır.
"Tarixin fəlsəfəsində" Hegel qeyd edir ki, "Asiyada ruhun işığı
doğdu və ümumdünya tarixi məhz bunun sayəsində pərvəriş
tapdı". Elə həmin məqamda maraqlı bir müşahidə ilə rastlaşırıq:
"Din hissiyyatı elə bir şeydən başlayır ki, insandan ali və yüksək
olan nəyinsə mövcud olması dərk edilir… cadugərlikdə isə belə
məqam əsasdır ki, insan ən böyük gücdür, onun yerini nə Tanrı, nə
də hansısa daxili inam-tapınma tuta bilər".
***
O, pulu daxıla atırmış kimi öz fikirlərini dəftərə köçürürdü.
Günlərin bir günü o, daxılı sındırdı, ancaq bu zaman pul
dəyişmişdi, yığdıqları buna görə də dəyərdən düşmüşdü.
***
O, səhvlərini ona görə etiraf edirdi ki, gələcəkdə onları bir
daha təkrarlamamaq üçün imkan əldə etsin.
***
Ağacların da janrları, bədii üslubları var: palıd, çinar – epik,
sərv ağacı – romantik, salxım söyüd – lirik, Abşeron
küləklərindən budaqları qıc olmuş əncir ağacı – dramatik,
banyan – fantastik, palma – eqzotikdir.
***
Kommunistlərin yeni şüarı: "Bəlkə də qaytardılar!"
***
"Ortalıq" qazaxca mərkəz deməkdir. Yaxşı sözdür.
***
Mən heç vaxt yalqız olmuram. Tənhalığım həmişə
mənimlədir.
***
Məsələ etno-psixoloji fərqdədir. Azərbaycanlıların xeyli
naqis cəhəti var, amma biz məkrli deyilik, asan inanırıq. Bəlkə
elə bu da naqis cəhətdir. Ermənilərin yaxşı cəhətləri də var:
işgüzar, zəhmətkeşdirlər, məmə yeyəndən pəpə deyənə həqiqi,
ya uydurma tarixləriylə maraqlanırlar. Amma həm də
589
məkrlidirlər. Əsas fərqimiz də bundadır. Erməni uzun zaman
özünü dost qələmə verə bilər, səninlə çörək kəsər, yeyər, içər,
şəninə yaxşı sözlər deyər, ailəliklə dostluq edər, amma məqamı
gələndə, fürsət düşəndə xəyanətə əl atar, arxadan kürəyinə
bıçaq saplar, yaxud üzünə gülə-gülə ayağının altını qazar.
Yaşadıqları müxtəlif ölkələrdə ermənilər (əlbəttə, hamısı
yox, bir qismi və böyük qismi) başını aşağı salıb erməniliyini
qabartmadan öz işiylə məşğuldur – yaxşı alim, həkim,
mühəndis, vəkil, jurnalist, siyasi xadim olur. Ətrafdakıların heç
biri onu məhz erməni kimi qavramır, amma məqamı gələndə
hər hansı peşə sahibi kimi yox, ilk növbədə məhz erməni kimi
hərəkət edir. Bizimkilər isə (əlbəttə, hamı yox, bir qism) başqa
xalqlar arasında yaşayıb bir mövqe, mənsəb, ad-san qazana
bilibsə, özünün hansı millətdən olduğunu həm unudur, həm də
unutdurmaq istəyir.
***
Zəmanəmizin qəhrəmanları: Taxtaqılınc, Yalançı Pəhləvan.
***
Müstəqilliyimizin beşiyi başında duranlardan böyük Məmməd
Əmin Rəsulzadə deyirdi ki, biz xalqımıza azacıq da olsa azadlıq
dadızdırdıq. Bəla da bundadır: dadızdırdılar, amma doyuzdura
bilmədilər. Nə yazıq ki, buna imkanları olmadı. Qoymadılar. Odur
ki, xalqımız 18-20-ci illərin azadlığından, müstəqilliyindən umsuq
oldu. Necə deyərlər, "dadı damağımızda qaldı". Sonrakı illərdə bu
dadı da ağzımızdan qaçırdılar.
91-ci ildə qazandığımız müstəqilliyi isə ermənilər və daxili
çaxnaşmalar burnumuzdan tökdü.
***
Bayatılarımızı ard-arda oxuyanda görürük ki, hər hansı
yazıçının yaza biləcəyi bütün mövzular, ovqatlar, hadisələr bu
dördsətirliklərdə öz ifadəsini tapıb. Körpəlik, körpəsini
əzizləmək, oxşamaq, yatızdırmaq, onunçün təlaş keçirmək.
Ailə münasibətləri – ata, ana, bacı, qardaş… Məhəbbətin,
590
sevginin bütün çalarları – aşiq olmaq, həyəcan, sevinc, fərəh,
qısqanclıq, ayrılıq, həsrət, itki.
Ümüdsizlik və təsəlli. Qürbət, qəriblik özləmi, vətən niskili.
Həyatın keçiciliyini dərk etmək. Ötən illərin təəssüfü,
gəncliyinçün qəribsəmə… Ölüm vahiməsi və əcəlin qaçılmazlığı.
Vəfatın hüznü, kədəri. Təkliyin möhnəti. Xoş günlərə inam
– hər cür iztiraba, əzaba, müsibətə və faciəyə rəğmən yaşamaq
eşqi. Bütün bunlar və burda sıralanması, sadalanması imkansız
olan yüzlərcə, minlərcə mətləb, hiss, ovqat, fikir, duyğu
sezgiləri – budur dərindən dərin, incədən incə bayatılarımız.
Bir dəfə zarafat naminə bir neçə bayatımızı ruscaya vəznsiz,
qafiyəsiz çevirdim:
Na lepestok
Upala rosa
Üvetku stalo xolodno.
V dverğ upala tenğ
Ə podumal çto prişla
Moə vozlöblennaə.
Ə polil uliüı vodoy
Çtob ne podnəlasğ pılğ
Koqda po ney proydet moə löbimaə.
Bunları yapon poeziyasını çox sevən bir dostuma hokkular
kimi təqdim etdim, inandı və heyran oldu. Yalnız handan- hana
dərk etdi ki, bizim bayatıların tərcüməsidir.
***
Balaca adamların böyük adamlardan qısası onları özləri
boyda etmək cəhdidir.
***
Əqidəni, mövqeyini, insanlara münasibətini, rəğbət və nifrət
hədəfini hər gün, ya günaşırı dəyişirsənsə, ləyaqətini, sifətini,
mənliyini qoruyub saxlayan dəyişməz adamları heç cür başa
düşməyəcəksən, çaş-baş qalacaqsan. Flüqer bənd edildiyi
591
dirəyi necə başa düşsün axı?..
***
İqtidara, ya müxalifətə qarşı müxalifətdə deyiləm, Vaxta
qarşı müxalifətdəyəm. Yəni mənəvi dəyərləri iqtidar, ya
müxalifətin deyil, Zamanın, Dövrün heçə saydığı bir Vaxta
qarşıyam. İmkanım daxilində bu dəyərləri nəinki qoruyub
saxlamağa, həm də artırmağa çalışıram.
***
Əlimizdən ala bilməyəcəkləri yeganə şey – hər birimizin
Keçmişidir. İndimizi ləkələyə bilərlər, Gələcəyimizi məhv edə
bilərlər, amma Keçmişimizi silib atmağı bacarmayacaqlar.
Keçmiş yalnız ötüb keçən olaylar deyil, min bir anımdır,
sözdür, səsdir, qoxudur, mehriban gözlərin təbəssümüdür.
…və bu Keçmiş yaşadığımız hər gün, hər an bizimlədir.
***
Alçaqlıq və əclaflıq yarışı keçirilsəyi, o üç nəfərin hansının
birinci, hansının ikinci, hansının üçüncü yer tutacağını deyə
bilmərəm. Çünki üçü də birinci yerə layiqdir.
***
Altmışıncılar ədəbi nəslinə ağız büzənlər dərk etmir, ya dərk
etmək istəmirlər ki, bu nəsil yaradıcılığa başlayanda, ədəbi
meydana (daha doğrusu, ədəbi tarlaya) çıxanda ədəbiyyatda
indi parodiya kimi səslənən əsərlər örnək sayılırdı. Bu ədəbi
tarlanı əsasən altmışıncılar təmizlədilər, şumladılar, əkdilər,
becərdilər. Sonra gələnlər isə bu tarladan başaq yığdılar və elə
hey əvvəlkilərin qarasınca deyindilər.
Ancaq nə yazıq ki, "dınqır, sazım, dınqır-dınqır" şerini,
əşirət nəsrini örnək sayan mağara adamları hələ də meydan
sulamaqdadır.
***
Bir sıra şair və nasirlərimizin bədii əsərlərində və
müsahibələrində dönə-dönə qaldırdıqları son dərəcədə vacib,
aktual və ağrılı bir problem var: niyə mən yox, başqası fəxri ad
(ya mükafat, ya orden, ya özəl təqaüd, ya təbrik məktubu –
592
fərqi yoxdur) aldı. Birisi hətta nekroloqun altındakı imzalar
içində xəttinin, daha doğrusu, adının olmamasının xiffətini
çəkirdi. "Narahat olmayın, – dedim, – inşallah, gələn
nekroloqlarda imzalar içində mütləq sizin də adınız olar".
Məmnun qaldı. Bədbəxtin yumor hissi də yoxmuş.
Orden (medal, mükafat, ad) məsələsi kimi ciddi ictimai və
milli problem ədəbiyyatımızın mühüm mövzusudur və onun
müxtəlif variantları var: a)Mənə niyə vermədilər – təəssüf, ağrı
variantı; b)ona niyə verdilər – niskil, həsrət, qəzəb variantı;
v)mən heç istəmirəm də, mənə heç lazım deyil – israrlı və buna
görə də şübhə doğuran təkid variantı.
***
Cayıl (yəni cavan) olmaq yaxşıdır, cahil olmaq (nə yaşda
olursan ol) pis.
***
Allaha inanan insan üçün Ölüm qorxulu deyil, ancaq
maraqlıdır: görəsən, həyatın o tayında nə var?
***
Onları o qədər ağzı kip bağlı bankada saxladılar ki, axırda
bankanın içində hörümçək kimi bir-birini tələf etməyə
başladılar.
***
Son vaxtlar içimdə qəribə bir öz-özümə yabançılaşma hissi
var. Sanki mən özüm deyil, mənim zahiri qiyafəmdə olan birisi
iclaslarda iştirak edir, idarədə işləyir, televiziyada çıxış edir,
qəzetlərə müsahibə verir, müxtəlif məclislərdə görünür. İçimdə
isə tamam başqa bir insan yaşayır. Yunis İmrə deyir ki, "məni
məndə bilmə, məndə deyiləm, bir mən vardır məndə məndən
içəri". Mən isə deyərdim, "məni məndə bilmə, məndə deyiləm,
başqa bir mən vardır mənim çölümdə".
***
Mənimçün Türk dünyası, türk birliyi, ortaq türk mədəniyyəti
– uyqar, sivil, dünya ölçülərinə boy verə biləcək bir anlayışdır.
Mənimçün Dədə Qorqudsuz, Yunis İmrəsiz, Füzulisiz,
593
Üzeyirsiz türk dünyası olmadığı kimi, Nazim Hikmətsiz, Qara
Qarayevsiz də türk dünyası yoxdur.
İki cür şer, sənət var. Öz ölkəsində, öz dövründə çox
populyar olan, sevilən sənət. Elə sənət də var ki, öz dövründə,
öz ölkəsində yetərincə qəbul edilmir, amma dünyada öz xalqını
tanıda bilir və uzaq gələcəkdə də yaşarı qalır. İkincilərə aid
olanlar birinciləri qısqanmamalı, birincilər ikinciləri inkar
etməməlidirlər. Xalqın, millətin mənəvi, mədəni varlığı üçün
hər iki növ sənət önəmlidir, gərəklidir, hərəsinin öz yeri var və
heç biri digərinin yerini dar eləmir.
***
Milləti sevməyin tək nişanəsi – yalnız millətçilik deyil,
millətə xidmətin başqa üsullari və yolları da var. Doğrudur,
millətin başının üstünü təhlükə alanda, mənəviyyatın, dilin
məhvi real qorxuya çevriləndə millətçiliyin əlahiddə rolu olur.
Amma ümumi tarixi prespektivdə yalnız millətçiliyə tapınan
cəmiyyət, quruluş öz xalqını, millətini uçuruma yuvarlaya
bilər. Tarixdə yəqin ki, alman nasistlərindən və italyan
faşistlərindən betər qatı millətçi olmayıb, amma görün öz
xalqlarının necə böyük fəlakətlərinə bais oldular.
Millətçilikdən daha üstün, millətə daha çox xeyir verə bilən –
maarifçilikdir. Təbii ki, ötən əsrlərin ədəbi və ictimai-fəlsəfi
cərəyanı olan maarifçiliyin süni təkrarı yox, çağdaş anlamda
inkişaf etmiş variantı – yəni xalqın öz milli dəyərlərini
qoruması ilə bərabər (əks halda bu kosmopolitizmə gətirib
çıxarar ki, kiçik millətlərçün böyük təhlükədir), dünyanın
mədəni dəyərlərini mənimsəmək, bəşər mədəniyyətinin
əxlaqımıza zidd olmayan sərvətlərinə yiyələnmək, milləti
ksenofobiya (başqaları bəyənməzlik), milli yekəxanalıq,
mənəm-mənəmlik mərəzindən xilas edərək onu dünyanın
qabaqcıl inkişaf etmiş ölkələrinə çatdırmaq. Milli ləyaqət
hissinin milli lovğalıqla heç bir əlaqəsi olmadığını dərk etmək.
Bu böyük amallar uğrunda onlara mane olan hər əngələ
qarşı barışmaz mübarizə aparmaq. Bu mübarizədə təklənmək,
594
tənha qalmaq qorxusunu da göz altına alaraq yolundan
sapmamaq. Bizim böyük maarifçilərimiz Mirzə Fətəli, Həsən
bəy Zərdabi, Mirzə Cəlil, Sabir məhz bu yolun yorulmaz
yolçuları idi. Bizim karvanımız da bu yoldan dönməməlidir.
Onu hansı səslər müşayət etməsinə məhəl qoymadan.
***
"Alilər xaki-məzəllətdə, dənilər mötəbər
Sahibi-zərdə kərəm yoxdur, kərəm əhlində zər".
Molla Pənah Vaqif bunu haçan yazıb. Dünən? Bu gün? Ya
sabah? XVIII əsrdə, yaxud XXI əsrdə?
Sabir sağ olsaydı, nə deyərdi? Bir dövrdə ki, fahişələr əxlaq
dərsi deyəcək, ismətdən danışacaqmış, biqeyrətlər qeyrətdən
dəm vuracaqmış, rüşvətxorlar rüşvətlə "mübarizə
aparacaqmış",
şərəfsizlər özlərini
şərəflilər sırasına
sırıyacaqmış, "bilməm belə dövranları neylərdin, İlahi?".
***
"Mən dünyanı min rəngdə görürəm" deyən adam əslində
dünyanı yalnız iki rəngdə görür – ağ və qara. Ağappaq, aydan
arı, sudan duru – özü, qapqara bütün başqalar.
Deyir ki, uşaqlıqda kolxoz sədri olmaq arzusundaydım.
Sonra da deyir ki, Yazıçılar Birliyi kolxozdur. Rəhmətlik Freyd
demişkən, "dil dolaşar düzün deyər".
Deyir ki, Quranı tərcümədə oxuyuram, Bibliyanı orijinalda.
Görəsən, Bibliyanı hansı dildə oxuyur: ivritdə, yunanca, ya
latınca?
***
Belə bir fikir formalaşıb ki, monoteizm (təkallahlıq)
bütpərəstliyə və bütün başqa dinlərə nisbətən dini şüurun daha
mütərəqqi şəklidir. Ancaq axı zərdüştlüyün dualizmi
(cütallahlığı) dünyanı daha məntiqli izah edir. Əgər Tanrı
təkdir, qadirdir, adil və müdrikdirsə, dünyada Şərin səbəbi
nədir? Nədən, Allah öz qüdrətiylə Şəri ram etmir? Niyə özünün
yaratdığı Mefistofelin, Lütsiferin, İblisin öhdəsindən gələ
bilmir?
595
Atəşpərəstlik dünyadakı
təzadları Xeyirlə
Şərin
mübarizəsiylə izah edir. Xeyir Allahı Hörmüzd yaxşı işləri, Şər
Allahı Əhrimən pis işləri himayə edir. Bu iki qüvvənin
mübarizəsi – dünyada ədalətin və ədalətsizliyin səbəbidir. Hər
iki Allahın qüvvəlləri təndir, dünyada Xeyrinmi, Şərinmi üstün
çıxması bu toqquşmanın müxtəlif mərhələlərindən asılıdır.
Çoxallahlı qədim yunanların pantenonunda isə Allahlar indiki
nazirliklər kimi idi. Olimpdə hər sahənin öz naziri – Allahı vardı.
Mars – hərbi nazir, Afina – ədliyyə naziri, Hermes – ticarət naziri,
Apollon – mədəniyyət naziri, Poseydon – dəniz naziri və s. Baş
nazir də vardı – Zevs Birini ledi də – Gera. Hətta Ana müxalifətin
lideri də vardı – Prometey. Onu da qeyd edək ki, antik Elladanın
dövlət quruluşu respublika idi.
Monoteizmin təsdiqi də Dövlət quruluşuyla bağlıdır. Vahid
Allah, vahid imperiya, vahid imperator, şah, sultan. İmperator,
kral, şah, sultan – Allah kimi adildir, müdrikdir. İblis isə bu
quruluşda İmperatorun, kralın, şahın, sultanın ətrafındakılardır
– vəzirlər, vəkillər, Çeka, KQB və s. Şər, zülm də onlardandır.
Şahın, kralın bunlardan xəbəri yoxdur.
***
Deyirlər ki, Rusiyanın Qərbdən fərqli öz yolu var. Bu yolun
bariz nümunəsi dəmir yollarıdır. Bütün Avropada relslər
arasında bir məsafə var, Rusiyada başqa. Odur ki, sərhəddə
sərnişinlər saatlarla gözləyir ki, qatarlar bir relsdən o birinə
keçirilsin. Budur bax, Rusiyanın fərqli, özəl yolu.
***
Bu çətin günlərdə öz rahat evində oturmuşdu, çay içə-içə
iştirak etmədiyi qaynar hadisələr haqqında, göstərdiyi igidliklər
barəsində xatirələrini yazırdı.
***
Bir şeyi başa düşdüm. Kimə yaxşılıq edirsənsə, bunu sənə
heç bir vaxt bağışlamır. Pisliyi bağışlar, unudar, üstündən
keçər, yaxşılığı heç bir vaxt əhf etməz. Yaxşılıq edənə nifrəti
də bununla bağlıdır. Axı niyə sənin mənə yaxşılıq etmək
596
imkanın olsun? Bunu heç cür sənə bağışlaya bilmərəm.
Dostları ilə paylaş: |