***
Ürəyin vətən sarıdan nigarançılıqla döyünür, amma heç kəs
bu döyüntünü eşitmir. Amma bax, mən vətənpərvərliyimi təbil
sədaları altında bəyan edirəm, hamı eşidir, hamı əl çalır.
***
Sınaqsız zamanların alçaqları və qorxaqları ağır zamanların
namuslu adamlarından daha qoçaq görünür. Axı zaman onları
sınağa çəkməyib.
***
Dövr kitablarda qalacaq. Dövr necəydisə, o cür də, özünü
678
necə görmək istəyirdisə, o cür də. Kitabı – hər hansı kitabı –
sevin, o, vaxtın şahididir.
***
Aygün ad var. Gərək BUGÜN adlı da insan olsun. Dünəni
və Sabahı olmayan insan.
***
Xalq çörəklə tam təmin olunmayınca "İnsan tək çörəklə
doymur" ifadəsi yaxşı səslənmir. Əvvəl-əvvəl insanların
qarnını doydur, sonra yüksək mətləblərdən dəm vur.
Amma aclığın özü də təsirli sənət əsərləri yarada bilər -
Amerika yazıçısı Perl Bakın Çində aclıq haqqında "Torpaq"
romanı (romanın qəhrəmanları sözün hərfi mənasında aclıqdan
torpaq yeməyə məcburdurlar). Bir də üç yazıçının – norveçli
Knut Qamsunun, Hindistanlı Bxabani Bxattaçariyanın və tatar
Qalimcan İbrahimovun eyni "Aclıq" adlı üç romanı.
***
Ağrılı düşüncələrim Rusiya haqqındadır. Mən müstəqil,
suveren, dünya cameəsi tərəfindən tanınmış, BMT-nin və
onlarla başqa beynəlxalq təşkilatın üzvü olan Azərbaycanın
vətəndaşıyam. Rusiyayla bu dəfə bəlkə də həmişəlik
boşanmışıq (18-ci ilin boşanması müvəqqəti oldu). Hər halda
altı ildir ki, ayrı yaşayırıq. Bəs nədən Rusiyanın ağrıları məni
bu qədər incidir? Doğrudanmı, bu böyük ölkə, bu böyük xalq
əsrdən-əsrə yalnız üç düstura uyğun yaşamalıdır. Birincisi,
"Gücün var, ağıl cərək deyil". İkincisi, "Ağılla Rusiyanı
anlamaq olmaz". Üçüncüsü, "Ağıldan bəla".
Doğrudanmı, ağıl Rusiyadan artıq bir şey kimi qovulub,
doğrudanmı, bu ölkənin bəlası – ağıldır. Yəni Rusiyada ağıllı
adam qalmayıb? Əlbəttə, qalıb. Rusiyada ağıllı insanlar hər
hansı ölkədəkindən az deyil ki, bəlkə çoxdur. Amma hamısı
ağıllarının əziyyətini çəkir. Onlara qarşı duran isə nəhəng,
sürüşkən bir kütlədir – ona ağıl gərək deyil, sayına, çoxluğuna
arxalanan gücü var, bəsidir. "Kərəm əhlini" qovmağa, əzməyə,
ömrünü çürütməyə yetər bu güc.
679
***
Hər xalq özü haqqında düşünür ki, o, seçilmişdir, xüsusidir,
başqalarına bənzəmir, hamıdan üstündür və dünyada
başqalarından fərqli məqsədi var. Bu kiçik xalqın iddiası
olanda onun öz işidir, qoy özü özüyçün lovğalansın,
qürrələnsin, desin ki, mənim millətim ən cəsur millətdir,
qadınlarımız dünyada ən gözəl qadınlardır, ədəbiyyatımız ən
zəngin ədəbiyyatdır, bunun kimə nə zərəri var? Amma bu meyl
böyük xalqlara hakim kəsiləndə – artıq bütün dünyanın taleyi
təhlükə qarşısında qalır.
***
Rus xalqı əbədi bir suala cavab verməlidir: Hansı
qonşularının olmasını istəyir – ona hörmət edən qonşuları, ya
ondan qorxan qonşuları? Əgər balaca xalqlar arxayın olsalar ki,
Rusiyanın yüksəlməsi, dirçəlməsi, güclənməsi onlara təhlükə
törətmir, onları əzməyəcəklər, alçaltmayacaqlar, istismar
etməyəçəklər, onlarçün nəyin yaxşı, nəyin pis olduğunu
Moskva yox, özləri həll edəcəklər, əlbəttə, o zaman Rusiyanın
əzəmətli və qüdrətli olmasını niyə istəməsinlər? Amma axı
indiyəcən bir təhlükə mövcuddur. Bu təhlükənin əlaməti yalnız
Limonov səviyyəsində deyil, hətta Berdyayev və Soljenitsin
səviyyəsində rus düşüncəsinə hakimdir – yazıçılar,
mütəfəkkirlər, siyasətçilər bunu müxtəlif şəkillərdə durmadan
ifadə edirlər: "Vaxtilə Rus, sonra Sovet imperiyasına daxil olan
bütün xalqlar, indi müstəqil dövlətlər olan ölkələr yenidən
bizim himayəmiz altında olmalıdır". Bu məqsədlə hər xalqın öz
taleyi olması fikriylə razılaşmırlar və süni bir anologiyaya əl
atırlar: müstəqilliyini qazanmış keçmiş sovet respublikaları
ABŞ ştatlarına uyğundur və Amerikada millət anlayışı
olmadığı kimi Rusiyada da olmamalıdır (başqa sözlə, hamı
özünü rus saymalıdır). Amma axı Amerika ştatlarından heç
birinin açıq etnik sifəti yoxdur, hətta zəncilərin, hinduların,
latınamerikalılarının çoxluq təşkil etdiyi ştatları belə onların
680
milli əraziləri saymaq olmaz. Amerika qazanında hamı çoxdan
qaynayıb qarışıb. ABŞ unikal milli struktura malik ölkədir və
amerikan xalqına universal kosmopolitizm xasdır ki, çeşidli
etnik elementləri öz içinə alıb əridir. Bu cəhət rus mentalitetinə
tamamilə yad olan bir keyfiyyətdir. Rus mentalitetinə görə
Rusiyanın dünyada ancaq özünəməxsus yolu var. Ortodoksluq
(Pravoslaviya) yeganə həqiqətdir. ABŞ çoxmillətliliyi – keçmiş
etnik elementlərin qorunub saxlanmasıyla ümumamerika
mentalitetinin qəbul olunması Rusiyanın etno-milli
quruluşundan tamamilə fərqlidir. Amerika – mühacirlər
ölkəsidir, könüllü şəkildə əzəli torpaqlarını tərk edib Yeni
Dünyanı vətən sayanların və onların nəsillərinin ölkəsidir. Bu
yeni dünya müxtəlif xasiyyətli, müxtəlif məqsədli, müxtəlif
niyyətli insanları nəylə cəlb edir, nəylə özünə bağlayırdı?
Azadlıq arzusuyla, xilas olmaq imkanıyla, özünütəsdiq,
təşəbbüskarlıq keyfiyyətləriylə. Bu cəhətdən Rusiya – "xalqlar
zindanı" – tarix boyu heç vaxt, heç kəsi cəlb etməyib. O ki
qaldı guya hansı xalqınsa Rusiya tərkibinə könüllü qatılmasına,
ağ Padşahdan himayədarlıq istəməsinə, bu da ayrı-ayrı irili-
xırdalı feodalların öz hakimiyyətlərini saxlamaq ehtiyacından
doğan xahişlər idi. Başqa, daha amansız qüvvələrin şikarı
olmamaq üçün bu yola əl atırdılar. Balaca xanlıqlar özləri kimi
kiçik qonşu xanlıqlarla çəkişərkən Rus çarının qoltuğuna
sığınmağı daha üstün tuturdular. Bu tarixi süjetləri bütöv
xalqların istəyi kimi qələmə vermək SSRİ-nin saxlanması
haqqında yalançı referendumun nəticələrinə inanmaq kimi bir
şeydir. SSRİ-nin saxlanması üçün keçirilən bu referendum
Stalin-Brejnev sosialist demokratiyasının – "dünyada ən kamil
demokratiyanın" ən qabarıq cəhətlərini nümayiş etdirdi.
Yaxşı, əgər Rus xalqının öz müstəqil dövləti olmalıdırsa,
nəyə görə estonların, ya çeçenlərin də eyni arzuları ruslar
tərəfindən nankorluq kimi qəbul edilir? Əgər balaca xalqları
böyük İmperiyanın kiçik övladları, ya rusların kiçik qardaşları
kimi saysaq belə, gün gəlir bu balaca qardaşlar və böyümüş
681
övladlar ayrı yaşamaq haqqında düşünürlər. Bunu niyə faciə
kimi qəbul etmək lazımdır? İmperiya iddialarını nə vaxta qədər
guya ki, təhlükəsizliklə bağlamaq olar? Kimdir sizin
təhlükəsizliyinizə qəsd edən? Volski "Moskovski Novosti"
qəzetində (4. X. 92) yazır: "Biz (yəni Rusiya) Zaqafqaziyadan
gedə bilmərik, çünki o Şimali Qafqaza yaxındır, Stavropolun
lap böyründədir".
Bu məntiqlə demək olar ki, Rusiyanın cənub sərhədlərinin
təhlukəsizliyi naminə yaxındakı ölkələri – Türkiyəni, İranı da
tutmaq lazımdır. Məhz elə bu fikri – son niyyətlərini
gizlətmədən – açıq-aşkar şəkildə Jirinovski bəyan edir.
***
Hər hansı hakimiyyət açıq, ya gizli şəkildə Sənətkara nifrət
bəsləyir. Çünki ən küt hökmdarlar belə anlayırlar -onların
hakimiyyəti yalnız müəyyən vaxt kəsiyinə aiddir. Həqiqi
sənətkarlar isə əsrlər boyu şüurlara hakim kəsilir.
Hakimiyyətlərinin qısa müddətli olmasının heyfini hökmdarlar
sənətkarlardan çıxır. Sənətkarın tarix müstəvisində müstəqilliyi
onlara xatırladır ki, özləri vaxtdan asılıdırlar və zaman
baxımından da fanidirlər.
***
Günəş qüruba ğoğru dığırlandıqca, göy boyu aşağı endikcə
buludlar daha qəmli görünür və belə yanlış təsəvvür yaranır ki,
buludlar günəşdən ucadır, günəş onları göydə atıb yerin altına
gedir. İbtidai insanları anlamaq olar – onlar şüurlarının
deduktiv qabiliyyətinə, həndəsi ya astronomik hesablamalara
deyil, gözləriylə gördüklərinə inanırdılar. İbtidai insanın dərk
edə bilmədiyi əsl dünya – mücərrəd hesablamalarda, şüurun
gəldiyi mücərrəd nəticələrdədir. Sivil insanın ziddiyyətləri də
bundan doğur – gözüylə gördükləri və gözlə görünməyən,
mücərrəd, amma həqiqət olan bildikləri. Nədir belə fəlsəfi
mətləblərə girişdim? Bəlkə bu elə Yunanstanın havasıdır,
adamı dənizin dayaz yerində "dərin" düşüncələrə qərq edir.
Əslində mən dayazda yox, dənizin dərinlikləri üzərində üzən
682
gəmidəyəm. Ətraf Yunan sahilləri, yunan adaları. Doğrudan
da, qədim Elladanın – çağdaş Yunanstanın ab-havası adamı
sanki fəlsəfi düşüncələrə və mücərrəd fikirlərə sövq edir. Necə
ki, Parisin ab-havası insanı bədii yaradıcılığa, məhəbbətə
kökləyir. Bəlkə də bu ənənədən gəlir. Haçansa oxuduğun
kitabların, gördüyün filmlərin və rəsm əsərlərinin təsirindən
yaddaşında ilişib qalanlar sənin bu ovqatını yaradır.
Günəşin dairəsi qeyb oldu – indi günəş, daha doğrusu, onun
işığı göyə qayğanaq kimi yayılıb. Tava – günəş özü artıq
görünmür, amma yumurtanın ağı-sarısı buludların arasına
dağılıb.
Gəminin göyərtəsində oturub bu ölkə haqqında düşünürəm,
bu torpağın bəşəriyyətə bəxş etdiyi demokratiyanın mahiyyəti
haqqında düşünürəm. İnsanların bu yerlərdə, bu açıq səma
altında 2500-2700 il qabaq düşündükləri metofizik problemləri
yada salıram. Nə deyirsiz deyin, çox şeyi məhz iqlim həll edir.
Bu ölkə, demək olar ki, heç vaxt qış görməyən bir diyardır,
günəş və dəniz ölkəsidir, yarıçılpaq Allahların və yarılüt
insanların – siyasətçilərin, filosofların, natiqlərin,
heykəltaraşların, söz ustalarının vətənidir. O insanların ki,
özləri kimi yarıçılpaq Allahları uydurub bütün problemlərini
onların çiyninə yükləyiblər. Amma üç min il bundan qabaq da
varlığın ən əsas suallarına cavab yox idi – həyatın mənası
nədir? Kainatn əvvəli-axırı varmıdır? Vaxt haçandan başlanır
və haçan, necə bitəcək?
Kainatın böyüklüyü haqqında çoxlu bənzətmələr tapmaq
olar. Əgər bizim planet kəhkəşanda bir qum dənəsi boydadırsa,
kəhkəşanın özü kainat dəryasında bir damladır – Sakit okeanın
bir damlası kimi. Amma bütün bu çətin təsəvvür olunan
mənzərələr belə kəmiyyət ölçüləridir, onları keyfiyyət
baxımından dərk edə bilmirik. Yaxşı, kainat nə qədər
təsəvvürolunmaz dərəcədə böyük olur-olsun, axır ki, hardasa
qurtarırmı? Deməli, hardansa başlanır? Bəs bitdiyi yerin
ardında nə var? Əgər bir şey yoxdursa, bu yoxluğun özü nə
683
deməkdir? Eləcə də Vaxt, Zaman anlayışı. Vaxt, Zaman haçan
başlanıb, haçan sona yetəcək. Bu sualların cavabsızlığı öz-
özlüyündə sonsuzluq deyil, bizim şüurumuzun müəyyən
sərhədlərlə məhdudlaşmasıdır. İnsan şüuru sonsuzluğu
sonsuzluq kimi qavramaqda acizdir – bu artıq beynimizin
xüsusiyyətidir. Məkan sonsuzdur, amma bu sonsuzluğu dərk
etmək istəyən insan zəkasının imkanlarının sonu var. Din elə
hesab edir ki, belə sualların cavabını bircə Allah özü bilir.
Razıyam. Ona da razıyam ki, insan beynindəki bu
məhdudiyyəti də o görünməz ulu Varlıq müəyyənləşdirib.
İnsan bunu bilməməlidir. Mənim Allaha inanmağımın çoxlu
səbəblərindən biri də elə budur. Gəncliyimdən qəbul etdiyim
düstura ömrüm boyu sadiq qalmışam: "Allaha inanıram, Dinə
hörmət edirəm, Xurafata, Mövhumata nifrət bəsləyirəm".
Allah mənimçün həm də Ədalətin son və ən yüksək
qoruyucusudur. Amma bu artıq etik anlayışlar aləmindəndir,
yəni yalnız insan münasibətlərinin, ictimai əlaqələrin əhatə
etdiyi sahəyə aiddir. Bəs metofizik sahədə? Cavabı bilməsək
də, sual vermək haqqımız ki var? Hər halda, insan beyninə "nə
barədəsə heç düşünmə, sual vermə" yasağını qoymaq olmaz.
Dünyanı Allah yaradıb, əstəğfürullah, bəs Allahı kim
yaradıb? Dindarlar dərhal Tküfr danışmaU deyəcək. Amma axı
bu cavab deyil. Din, Allah əbədidir deyirik. Bəs əbədilik nədir?
– yenə, yenə bu sualı verirəm. Özüm cavab verirəm: Əbədilik –
vaxtın yoxluğudur. Amma axı biz – düşünən məxluqlar Vaxtın
içində yaşayırıq – doğuluruq, böyüyürük, ölürük. Deməli, Vaxt
hər halda mövcüddur. Yunanların təfəkküründə Xronosa
(Vaxta) qədər Xaos varmış. Bəs Xaosdan əvvəl? Din cavab
verir, daha doğrusu, dinin iki cavabı var: birincisi; Allah (ya
Allahlar) varmış Xaosdan qabaq. Amma onda ikinci sual açıq
qalır – Allahı (ya Allahları) kim yaradıb, onlardan qabaq nə
varmış? Din Tbu küfrdürU – deyir. Yəni İlk haqqında
düşünməyin özü günahmış. Bu barədə düşünmək belə yasaqdır.
Yəni cavab yoxdur, yasaq var. Amma yasaq – cavab deyil.
684
Daha aşağı səviyyəli problemlərə – cəmiyyət problemlərinə
enəndə, mənimçün cavabsız suallardan biri də demokratiyanın
mahiyyəti məsələsidir. Mən qüsurlu antik demokratiyanı
demirəm. Qulları bərabərlik cəmiyyətindən çıxdaş edən
demokratiya, təbii ki, tam demokratiya sayıla bilməz. Və
qulların cəmiyyətdən kənar edilməsi hansı mənadasa
xristianlığı – insanların bərabərliyi haqqında ilk təlimi yaratdı.
Amma söhbət bundan getmir. Antik demokratiya yox,
demokratiyanın ən kamil formaları da bir sadə suala cavab verə
bilmir: əgər demokratiya xalqın istəyidirsə, xalqın
hakimiyyətidirsə, daha doğrusu, hakimiyyət olmazdan qabaq
xalqın seçimidirsə və xalqın əksəriyyəti də demokratiyanı
istəmirsə, seçmirsə, bu müəmmanın cavabı necə olmalıdır?
Əksəriyyətin rəyinə xilaf olan əksəriyyətin hakimiyyəti – yəni
demokratik üsul-idarə. Onda bunun nəyi demokratik seçim
oldu? O biri seçim – xalqın əksəriyyətinin istəyiylə tiranik,
müstəbid, diktator rejiminin yaranması da, təbii ki,
demokratiyanın təntənəsi sayıla bilməz. (Çoxluğun rəyiylə,
seçimiylə, səsiylə bərqərar olsa da). Bu abstrakt, mücərrəd
məsələlər deyil, hər birimizin qarşısına hər gün çıxan konkret
problemlərdir. O cümlədən bizim – öz rejimini və
ideologiyasını müəyyənləşdirmək istəyən məmləkətin
vətədanşları qarşısında da durur.
Daha bir zarafatyana paradoks. Əgər əcnəbinin: - Sizin
ölkənizdə demokratiya varmı? – sualına sən tamamilə sakitcə:
– Yoxdur, – deyə cavab verə bilirsənsə, – deməli, hər halda
ölkəndə demokratiya var. Olmasaydı, qorxundan TvarU
cavabını verməyə məcbur idin.
***
Bəs niyə mən, özünü ziyalı sayan adam (ziyalı sözü indi
söyüş kimi səslənsə də) öz ölkəmdəki avtoritar rejimi qəbul
edirəm? Onun bütün naqisliklərini, traybalizmi, şəxsi
itaətkarlıq prinsipini, korrupsiyanı və sairəni görə-görə bu
rejimə etiraz etmirəm? Belə rejim mənim insanlıq ləyaqətimi
685
alçaldırmı? Şübhəsiz. Onda səbəb nədi? Başını girləmək cəhdi?
Bəlkə də. Sakit və stabil həyat tərzinə meşşan aludəçiliyi? Ola
bilər. Ya əsas məqsəd – mətnlər yarada bilmək imkanı üçün
özünü qoruyub saxlamaq ehtiyacı? Yəqin bu da var, çünki mən
həyatda vəzifəmi də, xalqım qarşısında əsas borcumu da
mətnlər yaratmaqda görürəm ki, onlar, güman edirəm, məndən
sonra da yaşayacaq və kiməsə gərək olacaq. Bəli, bunlar hamısı
belədir. Amma bir mühüm, bəlkə də ən mühüm cəhət də var.
Biz qısa ömürlü demokratiya təcrübəsindən keçdik. Bu çiy
demokratiya idi, kor, aciz, üzmək bilmədən suya atılmış uşaq
kimi çabalayan demokratiya idi, başlıcası isə ölkəni idarə
edənlərin nə özlərini, nə də idarə etdikləri ölkəni qoruya
bilməyən demokratiya idi.
Bəla bir də ondadır ki, bu adamlar, liderlər, onları
qələmləriylə
dəstəkləyənlər, onların ardıcılları
məğlubiyyətlərindlən heç bir nəticə çıxarda bilmədilər.
(Əslində kim tarixdən, lap elə öz taleyindən ibrət dərsi ala bilir
ki?) Bunlara üstün gələnlər həm də ölkəni dağılmaqdan,
parçalanmaqdan, müxtəlif istiqamətlərdən gözlənilən işğaldan
xilas etdilər. Mənim də bu rejimi qəbul etməyimin əsas səbəbi
bax budur.
Bəli, bizdə müxalifət olmalıdır, mən istəyirəm ki, müxalifət
olsun, hətta indiki qışqırıqçı – karikatur şəklində meydana
çıxırsa da. Amma mən istəmirəm ki, bu müxalifət, hər halda
indiki şəklində və indiki tərkibdə bir daha hakimiyyətə gəlib
hər şeyi yenidən bərbad eləsin. Əgər onlarla xırda partiyalara
bölünmüş, çeşidli maraqlara, liderlərə, onların iddialarına
xidmət edən qruplar birləşə bilmirsə, hətta ən nüfuzlu və ciddi
partiyalar belə buna qabil deyilsə, onda bəs bunlardan hər hansı
biri min bir siyasi, iqtisadi, ideoloji ziddiyyətlərin toqquşduğu,
xarici maraqların üz-üzə durduğu ölkəni necə birləşdirib
bütövləşdirə biləcək? Ona görə də avtoritar rejimin indiki
nisbətən yumşaq variantı – onun bütün qüsurlarını unutmadan
– mənimçün daha üstündür. Heydər Əliyev ikinci dəfə
686
hakimiyyətə gələndə dedim ki, bu bizim son şansımızdır. Mən
indi də fikrimi dəyişməmişəm. Amma o zaman düşün-müşdüm
ki, Heydər Əliyev Azərbaycanın birinci şansıdır, onun yetmiş
yaşında olması isə ikinci şansı.
***
Xalqın dünyaduyumunun formalaşması üçün geosiyasi
iqlim və meteoroloji şərait çox vacibdir. Cənub dənizlərinin –
Xəzərin, Qara dənizin çimərliklərində günəşdən bol-bol
faydalanan, isti sulardan ləzzət alan, kəhrəba qumlara
səpələnən rusları görəndə bu xalqın əsrlər boyu sürən siyasətini
– isti cənub dənizlərinə can atmasını yaxşı başa düşürsən. Bu
isti həsrəti daima üşüyən və daima günəşə boylanan şimal
xalqının genetik yaddaşındadır.
***
Çoxmu düşmənim var? Xalqımın düşmənlərinin sayı qədər.
Nə bir nəfər çox, nə bir nəfər az.
***
Gənc nasir özundən əvvəl yazanlar haqqında elə yekə-yekə
danışırdı ki, elə lovğalıqla onlara qiymət verirdi ki, mən hətta
bir az qorxdum. Daha doğrusu, utandım ki, mən də bir vaxt nə
isə yazmışam. Gör bu cavan ədəbiyyata necə yüksək tələblərlə
yanaşır ki, bizim bütün yazdıqlarımızı bəyənmir. Sonra qorxa-
qorxa onun öz yazılarını oxumağa başladm və … sakit oldum.
Demə, bütün sələflərini bəyənməyən ən adi qrafoman imiş.
Adicə süjet belə qura bilməyən, bir salamat cümlə yazmağa
qadir olmayan cızma-qaraçı. Yazıları yalnız yüz dəfə
deyilmişlərin, yazılmışların zəif və savadsız təkrarıdır.
Təkəbbüründən başqa heç nəyi yoxmuş.
Odur ki, hələ yaşamaq olar. Yazmaq da…
***
Bəxtlərinə nisbətən sərbəst zamanlarda yaşamaq şansı düşən
Vaxt ərköyünləri gərək ağıllarına nə gəldi danışarkən
özlərindən əvvəlkiləri çətin zamanlarda yalan danışmaqdansa
susmaqda suçlamasınlar, sözlərini dolayı yolla deməkdə, Ezop
687
dilində ifadə etməkdə gunahlandırmasınlar. Eynən o cür, azad
ölkələrin vətəndaşlarının repressiv rejimlərdə yaşayanları
fəaliyyətsizlikdə, passivlikdə günahlandırmağa haqları yoxdur.
Məlum deyil ki, bu ərköyünlər başqa vaxtda və başqa ölkədə
yaşasaydılar, özlərini necə aparardılar.
***
Bazar dövrüdür, hər şeylə alver edirlər. O cümlədən guya ki,
keçən dövrlərdə qoçaq olmalarını, cəsarətli hərəkət etmələrini
də bazara çıxarıblar. Hamısı da qəlp mallardır. Olmayanları
olan kimi sırımaq cəhdidir.
***
Qocalıqla gəncliyin bir təfavütü də ondadır ki, gənclikdə
dost qazanırsan, qocalıqda itirirsən. Bəzi dostlarımızı əlimizdən
ölüm alır, bəzilərini həyat.
***
Həyat qoyur ki, yaşayaq? Elmirayla Tofiqin Erika Erikovna
adlı bir tanışları vardı, hansısa Baltik respublikasındandı.
Onlara ev işlərində kömək edirdi. Bir dəfə kimsə ondan xəbər
aldı: Pribaltikadan ölümdən qurtulmaq üçün qaçdınız? Qadın:
– Yox, – dedi, – həyatdan qurtulmaq üçün.
Şekspirə layiq replikadır.
***
Polad Bülbüloğlu bəzən zarafatla məni "Millət atası"
adlandırır. Mən nə millət atası, nə xalqın başbiləni, ağsaqqalı
olmaq istəyirəm. Mən yalnız xalqımın yaddaşı olmağa
çalışıram.
***
Dünya vətənimi eşitmək istəmir, vətənim də məni…
***
Orta Asiya rejimləriylə münasibətlər. Bir tərəfdən hər necə
olsa soydaşlarımızdır, o biri təpəfdən o ölkələrin totalitar
rejimlərinə dəstək verdikdə öz demokratik imicimizi
itirmirikmi?
688
2 dekabr 1993
***
Türk jurnalisti İlhan Selcuk "Cümhuriyyət" qəzetində mənə
irad tutur ki, bir müsahibəmdə "Qərb bizdən qorxur"-demişəm.
Görünür, müsahibəni diqqətlə oxumayıb. Mən "Qərblilər
bizdən (yəni İslam Şərqindən) qorxur" deyəndə hərbi
gücümüzdən yox, "ağlımızdan" qorxduqlarını nəzərdə
tuturdum. Əgər bir müsəlman ölkəsi terrorizmi rəsmi
ideologiya kimi qəbul edirsə, başqa bir müsəlman ölkəsi
kitabına görə yazıçının qətlinə fitva verirsə, üçüncü müsəlman
ölkəsinin naziri deyirsə ki, mənim atom bombam var və onu
rəqib ölkənin paytaxtına atacam, Qərb bizdən qorxub
çəkinməsin, neyləsin?
Təkrar edirəm, gücümüzdən yox, ağılsızlığımızdan
qorxurlar, dövlətlərin və xalqların qəbul etdiyi ümumbəşəri
anlaq və əxlaq normalarına riayət etməməyimizdən çəkinirlər.
1993, İstanbul
***
Elə kitab var oxuculara mənəvi qida verir, elə kitab var
anbarda siçanların qidasıdır.
***
Kiməsə bir qaşıq artıq tərif payı, kiməsə bir qaşıq az – bütün
incikliklər bundan başlanır.
***
Əsl dostluq günəş, dəniz, ulduzlar kimidir. O mənada ki,
illərlə dənizi görməyə bilərsən, amma qayıdıb onu yenə həmin
yerində və həmin cür görəcəksən.
***
Qəlblə ağıl yaşıd olmur. Ağlımın yüz yaşı var, qəlbim on
səkkiz yaşındadır.
***
689
Ssenari kurslarında təhsil aldığım illərdə İosif Brodskinin
məhkəməsinin protokollarını oxudum, onun özüylə isə bir, ya
iki il sonra, Repinoda kino seminarı zamanı kurs yoldaşlarım
və Brodskinin leninqradlı dostları İlya Averbax və Anatoli
Naymanın vasitəsilə tanış oldum. Bu protokolda əks olunmuş
ölçüsüz-biçisiz haqsızlıq, ədalətsizlik, insafsızlıq, açıq-aşkar
antisemitizm məni elə sarsıtmışdı ki, rastıma çıxan hər
yəhudidən üzr istəməyə hazır idim. Bu işə heç bir aidiyyatım
və heç bir günahım olmasa da, bütün insanların adından üzr
diləmək istəyirdim. Əlbəttə, pis xasiyyətli yəhudilərə də rast
gəlmişəm, amma küll olaraq bu xalqın tarix boyu çəkdiyi
əzablar qarşısında baş əyirəm. Həm də yəhudilər dərdlərini
ağlayıb-sızlamaqla çəkmir, yeri gəldi-gəlmədi taleyindən
şikayətlənmir, heç kəsi günahlandırmır, amma bütün sınaq-
lardan çıxaraq işləyir, düşünür və qarşılarına qoyduğu
məqsədlərə çatır. Bütün bəşəriyyəti yeni kəşflər, yeni
ideyalarla zənginləşdirir. Bu xalqın cəsarətinə, ağlına,
istedadına və ləyaqətinə hörmət bəsləməklə mən heç də öz
millətimi alçaltmıram – başqa xalqın iztirablarına şərik olmaq
hər bir xalqın özünün də başını ucaldır.
Dostları ilə paylaş: |