Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə44/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   ...   41   42   43   44   45   46   47   48   49

*** 

Ziyalılarımızın çoxu komformistdirlər. Amma bəla ondadır 

ki, onlar bu sözün özünü də bilmirlər.  


 654 

*** 

O, tarixi aldatmaq istəyirdi, Xalqı aldatmaq olar, 

hakimiyyəti aldatmaq olar, nəhayət, yaşadığın Vaxtın, zamanın 

özünü aldatmaq olar. Amma Tarixi aldatmaq mümkün deyil. 

Gec-tez Tarix hər  şeyi yerbəyer edir. Hərəyə öz payını verir, 

kimisə qaldırır, kimisə yerlə-yeksan edir, amma hər halda, 

yalançı dəyərlərin əsiri olmur.  

*** 

İvasakinin "Yapon kinosunun tarixi" kitabında bir epizod 

məni sarsıtdı. İkinci dünya müharibəsi bitər-bitməz darmadağın 

olmuş, alçaldılmış Yaponiya dünya ictimaiyyəti qarşısına 

Venetsiya kino festivalına Midzoqutinin filmini tədim etməklə 

çıxır. Aktrisa Tanaka xatırlayır ki, konkurs baxışından  əvvəl 

Midzoqutinin oteldəki otağına gəlir. Yapon kinosunun ən 

böyük sənətkarı Midzoqutini milli geyimdə – kimanoda, sandal 

çubuqlarını yandırıb dua edən görür. Allaha yalvarırmış ki, 

qələbə qazansınlar. Aktrisaya deyir: Biz məğlub olmuş, 

alçaldılmış, amma məğrur ölkənin övladları –  kinomuzu 

dünyanın mühakiməsinə  çıxarmışıq. Allaha yalvarırdım ki, 

bizə zəfər əta etsin". 

Midzoquti xalqının ruhunun qələbəsi üçün dua edirmiş. Bu 

qələbəylə ümidsizlikdən, bədbinlikdən çıxmaqları üçün dua 

edirmiş.  

O il Midzoqutinin "Ugetsu Monoqatari" ("Yağışdan sonra 

dumanlı ayın nağılı") filmi Venetsiya festivalının  ən ali 

mükafatını – Qran prini qazanır.  

*** 

Lev Tolstoyun fikri doğrudur: Millətçilik – alçaqların son 

sığınacağıdır. Heç nə millətə ifrat millətçilikdən çox zərər 

gətirmir. Faşizm,  şovinizm bu həqiqətin parlaq təsdiqidir. 

Tolstoydan fərqli olaraq mən ifrat millətçilik ifadəsini 

işlədirəm, çünki millətçiliyin daha həlim, daha maarifçi 

şəkilləri müəyyən vaxtlarda və müəyyən şəraitdə faydalı da ola 

bilər. Xüsusilə də, kiçik xalqlar, əzilən millətlər üçün.  



 655 

*** 

SSRİ-nin başqa xalqları üçün rus ideyası:  İstəyirsinizsə, 

buyurun,    özünüz olun… Amma bizim altımızda.   

*** 

Nemət Azərbaycanda mövcud olan quruluşu faşist quruluşu, 

Milli Məclisin deputatlarını isə xain adlandırıb.  İskəndər 

Həmidova sual veriblər ki, nədirsə çoxdan jurnalistləri 

döymürsünüz. Cavab verir ki, Ağamalı Sadiq Əfəndidən başqa 

bütün qalanlarını mütləq döyəcək və  əlavə edib: – Mən 

demokrat deyiləm. Demokratiya yanvarın 1-də (?) bitdi, Nemət 

və onun kimilərlə ancaq zopa, dəyənək dilində danışmaq 

lazımdır.  

Partokratlar bu sözləri alqışlayır:  İndi hakimiyyətdə 

olanlarla biz də vaxtilə  gərək bu metodlarla mübarizə 

aparaydıq.  

Bütün bunlardan sonpa İskəndərin demokratik seçkilər 

haqqında sözləri lap qəribə görünür. Əcəb demokratiyadır – 

zopalı, dəyənəkli.  

Axır ki, nə? Repressiyalar, ya demokratiya? Ya 70 ildə 

keçdiyimiz riyakarlıq, fariseylik məktəbinin yeni dərsləri.  

*** 

İşığımız keçdi, batareyalı radionu qurdum. Bizim köhnə 

xalq mahnıları  səslənirdi – Nərminə, Qaragilə, Kəsmə 

şikəstə… Qaranlıqda Zemfira sakit-sakit ağlayırdı – bu 

mahnıları anası oxuyardı.  

İş yalnız mahnılarda və xatirələrdə deyil. İş yalnız keçmişdə 

deyil, indidə və daha da artıq Gələcəkdədir. Türkiyəyə getmək 

ərəfəsindəyik. Ürəyimdən daş asılıb. Vahid biletləri gətirdi – 

saat 4-də Türkiyəyə uçuruq, uzun müddətə. Vətənlə, doğma 

şəhərinlə, qohumların, yaxınların, dostlarınla, uzun illər 

yaşadığın həyat tərziylə vidalaşmaq asandır məgər? 

Getməyimizlə bağlı yüz cür şayiə  çıxarıblar: "Hakimiyyətdən 

küsüblər, ona görə gedirlər", yaxud "çoxlu qızılları var, onları 

xərcləməyə gedirlər", ya da tamam tərsi: "dilənçi 



 656 

kökündədirlər, pul qazanmağa gedirlər".  

Daş insanın böyrəyində olar, mənim ürəyimdədir. Türkiyəyə 

özüm-özümdən qaçıram. Məgər bizim istədiyimiz, 

gözlədiyimiz bu idi? İndiki hakimiyyətin rəhbərləri: "Biz 

tanklarla hakimiyyətə gəlmişik, bizi yalnız tanklarla devirmək 

olar" – deyirlər. Görünür, hakimiyyət davasında tanklar ən 

inandırıcı  dəlildir. Məhz bu mükəmməl dəlildən 56-cı ildə 

Macarıstanda, 68-ci ildə Çexoslovakiyada, 79-cu ildə 

Əfqanıstanda, daha da əvvəl 20-ci ildə Azəbaycanda istifadə 

etdilər. Düzdür, 20-ci ildə tanklar yox idi, ayrı "dəlildən" – 

zirehli qatardan istifadə etməli oldular. Bəli, o vaxt 

Azərbaycana hakimiyyəti zirehli qatarla yeritdilər. Bu gün də 

demokratiyanı, ya antidemokratiyanı tanklarla həyata keçirmək 

istəyirlər. Belə "demokratiyadan" da, totalitarizmdən də daha 

betər riyakarlıqdır.  Əgər  İskəndər kimi demokrat olmağı 

istəmirsinizsə, bunu onun tək açıq deyin, heç olmasa riyakarlıq 

etməyin. Qəzetlərinizdə keçmiş "Bütün dünya proletarları 

birləşin"  şüarı  əvəzinə, "Həqq qəvinindir", yəni THakimiyyət 

güclünündürU şüarını yazın.  

Ancaq bir şeyi unutmayın. Həmişə  ən güclüdən də daha 

güclüsü tapılır və sizi güc hesabına devirdiyi gün çığır-bağır 

salmayın: "Hardadır haqq-ədalət, demokratiya?".  

Ordadırlar. Siz onları dəfn etdiyiniz yerdə.  

 

Yanvar, 1993 

 

(Burda proqnozlaşdırdıqlarım cəmisi altı aydan sonra təsdiq 



olundu – sonrakı qeyd).  

*** 

Əbülfəz Elçibəyin yanında Qara Yanvarın ildönümünü necə 

qeyd etmək məsələsi müzakirə olunurdu. Bu hadisələrdə kimin 

günahkar olduğu barədə danışırdılar. Mən çıxışımda dedim ki, 

kimin nə 

dərəcədə günahkar olduğunu tarix 

müəyyənləşdirəcək. Biz bu gün kimin günahkar olduğunu 


 657 

bilmirik, amma kimin günahsız olduğunu dəqiq bilirik. Heç bir 

günahı olmayanlar – şəhidlərdir.  

*** 

Bəlkə  də  bəşər tarixində ilk serial "Min bir gecə" 

nağıllarıdır.  

*** 

Hələ  mən diriykən  şahidi olduğum hadisələr haqqında elə 

uydurma xatirələr danışırlar ki, mat qalıram. Görürsən, bu 

hadisələrdə epizodik iştirak edənlərdən biri özünü baş 

qəhrəman kimi qələmə verir. Demədiyi sözləri indi cəsarətlə 

"xatırlayır", etmədiyi "igidliklərdən" danışır. Ümumiyyətlə, 

belə  çıxır ki, sovet vaxtında hamı  qəhrəman imiş  və rejim 

ucdantutma hamını  təqib edirmiş. Rüşvət üstündə tutulan da 

"millətçi, antisovet əqidələrim üçün cəzalandırılmışdım"- deyir. 

Sovet təqib sisteminin də  qəribə xüsusiyyətləri varmış, demə. 

Qəribə bir şəkildə təqib edirmişlər adamları – təqib etdiklərinin 

başına nemətlər yağdırırlarmış – mükafatlar, adlar, orden-

medallar, mənzil, bağ və s.  

*** 

Yaşamaqdan bezmiş yazıçı intihar etmək istəyir. Onu bu 

addımdan saxlayan yeganə  şey – ailə, övlad qayğıları deyil, 

yazmadığı əsərləridir. Həyata keçirmək istədiyi niyyətləridir.  



*** 

Ədəbyyat – özgələri özünün vasitəsiylə anlamaq cəhdidir. 

Öz taleyini, öz duyumlarını, fikirlərini başqasının həyatına 

şamil edərək onu da, hamını da başa düşə bilirsən.  



*** 

Həmişə daha gənc nəsil öz sələflərini inkar edir. O vaxta 

qədər ki, daha gənc nəsil yetişir və indi də onların özlərini 

inkar etməyə başlayır. O zaman həmin bu təzə inkar olunanlar 

əvvəllər inkar etdiklərinə üz tuturlar, vaxtilə 

bəyənmədiklərində dayaq nöqtəsi axtarırlar, həyatda 

yoxdurlarsa ruhlarından dəstək diləyirlər. Atalar və  oğullar 

probleminin mahiyyəti budur.      



 658 

*** 

Hər bir inqilab uğursuzların uğur qazananlardan qisas 

almasıdır. 

*** 

Kommunist baxış sistemi hələ  də  şüurlara hakim kəsilib, 

ancaq sözlər dəyişib – "beynəlmiləlçilik" sözünü – "millətçilik" 

sözüylə, proletar həmrəyliyini – türk həmrəyliyi, Lenini  – 

Rəsulzadəylə  əvəz ediblər. Model isə eynidir – yenə  də 

dünyaya dar baxış, dünyanın bütün mürəkkəbliyini, əlvanlığını 

sxemlərə, doqmalara, ehkamlara pərçim etmək cəhdi.  

*** 

Ümumiyyətlə, ədəbiyyat tarixi varmı? Hər halda, az, ya çox 

dərəcədə  dəqiq elm kimi mövcüddurmu? Daha da geniş 

götürsək, ümumiyyətlə, tarix varmı, ya o yalnız tarixçilərin 

bəhrəsidir? Mübahisəli məsələdir. Hər halda, ədəbiyyat 

tarixindən danışırıqsa, ayrı-ayrı yazıçılar var, onların  əsərləri, 

fikirləri, hissləri, təcrübələri var ki, sözlərlə ifadə olunub. 

Ədəbiyyat tarixçilərinin işi isə bunları sistemləşdirmək, bu, ya 

digər konsepsiyaya uyğunlaşdırmaq, bu yazı axınını müəyyən 

məcraya salıb dövrləşdirmək, estetik, ictimai-siyasi, ideoloji 

sxemlər üzrə düzməkdir. Bax bu mücərrəd elm – ədəbiyyat 

tarixi məhz bu cür yaranıb. Tarix də belədir. Tarixdə xadimlər, 

hadisələr olub, onların  əsasında monumental, amma şərti bir 

bina – Tarix adlı bina yapmaq isə tarixçilərin işidir. Bir çox 

hadisələr bizə  məntiqsiz görünür. Çünki Tarix yoxdur, tarix 

haqqında kitablar var. Və bu kitab müəlliflərinin də  hərəsinin 

öz baxışı və öz məntiqi var. Yenə də fikrim Stalinə ilişib qaldı. 

Pəsməndə, nimdaş stalinçilərin uğursuzluğu ondadır ki, 

stalinizmi dirçəltmək istəsələr də, bacarmırlar. Axı Stalin özü 

yoxdur. Stalinsiz nə stalinizm? (Aydındır ki, söhbət personal 

olaraq Stalindən yox, stalinizmin mahiyyətini ifadə edə biləcək 

Stalin tipli adamdan gedir). Nə  qədər ki, yeni Stalin peyda 

olmayıb stalinçilərin heç bir şansı yoxdur. Amma əfsus ki, yeni 

Stalinin zühur etməsi tam real bir fərziyyədir. Yalnız müqəddəs 



 659 

yer yox, lənətlənmiş yer də uzun zaman boş qala bilməz. 

Kimsə bu guşəni tutmalıdır.  

*** 

Azad insan olmaq istəyirəm – nə kommunist, nə millətçi, nə 

sosialist, nə faşist, nə dinçi… Bütün təlimlərə maraq göstərən, 

fəlsəfi, siyasi, dini təlimlərlə müfəssəl tanış olan, amma heç 

birinin əsarətinə düşməyən insan olmaq istəyirəm. Həyatda da 

müxtəlif  əqidəli adamlarla tanış olmaq istəyirəm. Onların 

baxışlarını  qəbul etməsəm də, özümdən uzaqlaşdırmaq da 

istəmirəm. Amma əfsuslar olsun ki, insanlar siyasi əqidələrinə, 

dini inanclarına, milli mənsubiyyətlərinə görə bir-birindən 

məftilli çəpərlərlə ayrılıblar, bu çəpərləri aşıb bir "zonadan" o 

birinə keçmək çətindir.  İnsanlar özlərinin özləriyçün 

yaratdıqları  təkadamlıq ideloji kameralarda yaşamağa 

məhkumdurlar. Bunun bəzən çoxadamlı ideoloji baraklar 

olması məsələnin mahiyyətini dəyişmir.  



*** 

Paradoksdur, Türkiyədə tələbəm mənə həvəslə danışırdı ki, 

fransızlar Orxan Vəlinin 

şerlərini oxuyub maraq 

göstərməyiblər, "belə yazılar bizdə  də var" deyiblər, "Divan 

ədəbiyyatı" isə  əksinə onları çox cəlb edib. Məsələnin belə 

qəribə qoyuluşu Azərbaycanda da var. Qərbi qəbul eləməyən, 

onun mədəni və estetik dəyərlərinə yuxarıdan aşağı baxan 

adamlar bəzən öz milli ədəbiyyat və  sənətimizdə  hər hansı 

hadisənin qiymətini Qərbin onu dəyərləndirməsində görürlər. 

Onlara elə gəlir ki, guya Qərbin bu təqdiri mühafizəkar sənətin 

qiymətini artırır. Aydındır ki, avtomobilə  vərdiş etmiş  Qərb 

adamını Azəbaycanda bu miniklə heyrətləndirmək olmaz, 

fayton, qazalaq, ya öküz arabası  Qərb adamına daha maraqlı 

gələ bilər. Macarıstanlı  tərcüməçim Laslonun balaca oğlunu 

xatırlayıram. Onları Lahıca aparmışdıq və Laslonun oğlu at 

belində oturub ağlayırdı ki, vətənlərində onun sinifdaşlarının 

heç biri buna inanmayacaq, uzaq Qafqaz kəndində at belinə 

minməsini nağıl sayacaqlar. Amma bir avropalının ata bu 


 660 

marağı o deməkmi ki, biz də avtomobillərimizi atıb arabada 

gəzməliyik. (Araba demişkən, Türkiyənin məşhur alimi, 

həkimi, Azərbaycanın dostu İhsan Doğramaçı  əslən  İraq 

türklərindəndir – son illərdə onları özlərinə türkman deməyə 

məcbur ediblər. Bilkənddə Füzuli yubileyi ərəfəsində  İhsan 

bəylə görüşdüyümüz zaman bu yaxında  İraqa getdiyimizi 

söyləmişdim.  İraq blokadada olduğu üçün İhsan bəy: "Nəylə 

getmişdiniz?" – deyə soruşdu. Türkiyə tükrcəsində danışırdıq, 

odur ki, "Arabayla" – dedim. İhsan bəy yüngülcə  qımışaraq: 

"Arabaya at qoşmuşdular, ya öküz? " – deyə soruşdu. Başa 

düşdüm ki, Türkiyə türklərin "avtomobil" yerinə  işlətdikləri 

"araba" sözünün əleyhinədir). 

*** 

Klassik Qərb musiqisi kasetlərini almışam, dinləyir, hey 

dinləyirəm. Gəncliyim  ədəbiyyatın, kinonun cazibəsilə keçdi, 

qocalığımın təsəllisi, deyəsən, musiqi olacaq.  

Musiqi də müqəddəs kitablar kimi Tanrının insanlara 

ismarıcıdır. Bəlkə  də musiqi hardasa Allahın emosiyaları, 

duyğularıdır və  qəribədir ki, o, bu hisslərini dünyada 

emosiyalar sarıdan ən xəsis xalq olan almanlar vasitəsilə ifadə 

etmişdir – Bax, Hendel, Haydn, Motsart, Bethoven, Şubert, 

Şuman, Vaqner, Brams, Maler – bu hisslərin müxtəlif üslublu 

ifadəçiləridir.  

O biri tərəfdən də fransızların "Karmen" operası. Çağdaş 

bəstəçilərin musiqi dili nə qədər qəlizləşsə də, avanqardistlərin 

heç biri mənimçün Bize əsərinin ispan-ərəb əlvanlığını kölgədə 

qoya bilməz.  

Şuşada, Malıbəyli kəndində, Səkili bulağın yanında 

duyduqlarımı xatırlayıram.  İsti yay günü "Üzeyir ömrü" 

filminin çəkilişində bir neçə  dəqiqəlik qrupdan aralandım, 

corablarımı soyunub ayaqlarımı Səkili bulağa salladım. Bu an 

dünya mənimçün elə  sərin, elə  işıqlı, elə sakit və dinc idi ki, 

sanki musiqi dinləyirdim. Və o günlər içimi lim-həlim 

doldurmuş Üzeyir musiqisini də yox, nədənsə, Haydn 



 661 

musiqisini dinləyirdim, sanki. Məhz Haydn musiqisini. Əgər 

mən bu mətni çağdaş Azərbaycanda – dünya mədəniyyətinə 

saymazyana yanaşan, Qərb dəyərlərini, ümumiyyətlə, mədəni 

dəyərləri, sənət dəyərlərini heçə çıxarmış bir ölkədə çap etsəm, 

məni, Allah bilir nələrdə suçlayacaqlar – ədabazlıqda, özünü 

mədəni göstərməkdə, xalqın real ehtiyaclarından uzaq 

olmaqda, bilmirəm daha nədə. "Biz nə hayda, sən nə hayda", 

yaxud "vardı hər yarağımız, çatmırdı bir saqqal darağımız" və 

sairə bu kimi hikmətli kəlamlar eşidəcəkdim. Amma məsələ 

bunda da deyil. Heç də özümü musiqi bilicisi kimi göstərmək 

istəmirəm. Düzdür, musiqidən bir az başım çıxır, ona görə ki, 

müsiqi məktəbində oxumuşam. Doğrudur, bu sahədə uğurlarım 

olmayıb, birinci yəqin ona görə ki, müsiqiyə qabiliyyətim 

yoxdur, ikincisi də, bəlkə heç yerdə bu məktəbdə olduğu qədər 

musiqiyə nifrət aşılanmır. Musiqi təhsili alanlar əgər sonralar 

da bu sənət növünə sədaqətli qalıblarsa, igid adamlardır. Çünki 

musiqi təhsili müsiqinin cismini cərrah insanı yaran kimi yarır 

və insanın iç-içalatını görəndən sonra onun estetik 

gözəlliyindən zövq almaq çətindir. Nə isə…. Bəlkə  də belə 

deyil. Sözdür də deyirəm. Amma qəribə odur ki, müsiqi 

məktəbində musiqiyə nifrət bəsləməsəm də, hər halda, xüsusi 

sevgim də olmadığı halda, demə, bu elə bir xəstəlik imiş ki, 

fəsadları çox sonralar meydana çıxacaqmış.  İndi ahıl yaşımda 

musiqi xəstəsi oldum, heç kəsə öz "mədəniyyətimi" nümayiş 

etdirmədən tək-tənha, saatlarla klassik musiqini dinləməkdən 

daxili rahatlıq duyuram. Plaşa, köynəyə və kostyuma ayırdığım 

bütün pullarıma yüzdən artıq kaset aldım. Musiqi mənim yaralı 

yaddaşıma məlhəm qoyur. Elə bil, bu anlarda hər  şeyi 

unuduram. O cümlədən onu da ki, mənim xatirələrimdə 

Haydnla bağlı Səkili bulaq indi düşmən tapdağındadır. Musiqi 

dinlərkən Allaha yaxın oluram, əbədiyyətə, saflığa yaxın 

oluram, bir sözlə, Tanrının emosiyalarını duyuram.  

Musiqi məktəbində harmoniya müəlliməmiz məni hey 

danlayırdı ki, septakkordla kvartseptakkordu ayıra bilmirəm. O 


 662 

uzaq illərdə septakkordu kvartseptakkorddan ayıra 

bilməməyim mənə dərd olmuşdu. Nəhayət, bir dəfə təngə gəlib 

həmin o müəlliməyə dedim ki, mən iki akkordu ayıra 

bilmirəmsə, o da indiyəcən mənim adımı düz tələffüz edə 

bilmir, mənə Anar yox, Ənar deyir. Bu isə iki akkordu 

ayırmaqdan daha asandır.  

Bütün bunlar uzaq günlərin xatirələridir və necə də istərdim 

ki, o illərə qayıdım, həmin o sinifdə oxuyum, yenə  də 

kvartseptakkordu septakkorddan seçə bilməyim və  həmin o 

müəlliməmiz də yenə mənim adımı düzgün tələffüz etməsin.  

 

May 1993, İstanbul 



 

*** 

Həmişə  təəccüb qalırdım ki, musiqiçilər alətsiz-filan 

partituranı üzdən oxuya, daha doğrusu, eşidə bilirlər. Kağız 

üzərində yazılmış notlara baxıb orkestrin bütün alətlərinin necə 

səslənməsini dinləyə, tembrlərini, templərini təyin edə bilir və 

böyük simfonik əsəri təsəvvürlərində canlandırmağı bacarırlar.  



*** 

Türkiyədə müxtəlif televiziya kanallarında ölkə rəhbərlərini, 

başqa siyasətçiləri gülməli kuklalar şəklində nümayiş etdirirlər. 

(Sonralar bu Rusiyada da tətbiq olundu). Əvvəl-əvvəl bu məni 

– sərt puritan kommunist sistemində yetişmiş adamı – çaş-baş 

salırdı. Sonralar bu işin vacibliyini anladım. Siyasi xadimin 

karikatur kukla şəklində göstərilməsi cəmiyyət üçün də, elə 

onun özü üçün də (qürrələnməsin!) qat-qat daha faydalıdır, 

nəinki onun hər yerdə ucaldılmış monumental heykəlləri, 

yaxud öz şəkilləri fonunda çəkdirdiyi fotoları. SSRİ-də diri 

rəhbərlərə heykəl qoyur, ölümlərindən sonra bu heykəlləri 

uçururdular. Burda diriykən yox, yalnız ölümündən sonra 

heykəl qoyur və daha heç vaxt uçurmurlar.  

*** 

Dəfələrlə deyirdilər ki, biz hakimiyyətə tankların üstündə 



 663 

gəlmişik, bizi ancaq tanklarla devirmək olar. Belə  də oldu. 

Özününüz qoyduğunuz qaydalardan nahaq şikayətçisiniz.  

 

19 iyun 1993, Türkiyə gündəliyi 



 

*** 

Heydər  Əliyev siyasətdə qrossmeyesterdir, onun rəqibləri 

isə heç şahmat oynaya bilmir. O siyasi şahmat oynayır, onunla 

rəqabət aparmaq istəyənlər isə nərd oynayırlar – "ya bəxt" deyə 

zər atırlar.  

*** 

Niyə görə mən bu kəmsavadlara öz vətənpərvərliyimi sübut 

etməliyəm? Nədi, bədbəxt vətənimizi məndən artıq istəyirlər, 

ya onun yolunda məndən çox iş görüblər? Belə bir təsəvvür 

oyanır ki, Allah onları Azərbaycan üzrə müvəkkili təyin edib, 

onlar ittihamçılardır, qalan hamı isə müttəhimlərdir. Səbəb? 

Səbəb eynidir. Bu hərəkat milli olmaqdan daha çox, sinfi, 

sosial hərəkatdır. Zahiri millətçilik isə lüm-penlərin 

ziyalılardan qisas almaları üçün ən  əlverişli vasitədir. Nəyin 

qisasın alırlar? İndiyə qədər kölgədə ömür sürmələrinin?  



*** 

Əslində  hər  şey sərvətlərin, gəlirin yenidən bölünüb 

paylanması üstündədir. Talan olunmuşu talan elə – bəlkə  də 

bütün xalqlar birbaşa, ya dolayı yolla bu Lenin-Stalin-Trotski 

sosializminin qanlı  məngənəsindən keçməlidirlər. Digər 

tərəfdən başqa bir qanlı rejimin – Hitler natsizminin müdhiş 

təcrübəsini də bilməliyik ki, sadə bir həqiqəti dərk edək: rifahın 

yüksəlməsi üçün gərək özün zəhmət çəkəsən, işləyəsən, 

başqasını (başqa xalqı, başqa sinfi, başqa şəxsi) qarət etməklə 

əldə etdiyin dövlət, sərvət, bir gün burnundan töküləcək. Öz 

ifrat faşist millətçiliyi üstündə 45-ci ildə diz çökdürülən alman 

xalqı iflasa uğradı, amma məhv olmadı. Ona görə ki, qisasçılıq 

yanğısıyla yaşamadı, ağlayıb-sızlamadı, işləməyə başladı  və 

özü öz gərgin  əməyi sayəsində  qısa müddətdə  hər  şeyə nail 



 664 

oldu. Eləcə  də yaponlar. Rusiya hələ ki, bunu dərk etməyib. 

Bizsə heç dərk etməmişik.  

*** 

Əbülfəz Elçibəy hakimiyyəti bitdi. Mənim bu namuslu və 

bədbəxt idealistə  səmimi surətdə yazığım gəlir. Bu anlayışın 

yaxşı mənasında Don Kixot idi (bir az bicliyi olsa da). Zahirən 

də Don Kixota oxşayırdı, xüsusilə  də, Turqut Ozal – Sanço 

Pansoyla yan-yanaşı qoşa duranda.  

Hər halda, yazıq ona. Amma dövlət başçısı yazıqlıq 

duyğuları oyatmamalıdır. Hörmət, ehtiram, heyranlıq, ya da 

qəzəb, qorxu, nifrət, – hansı duyğu oyadır-oyatsın, bircə gərək 

xalqın yazığı  gəlməsin ona. Yazığın gəldiyi adam sənə  də, 

ölkəyə də rəhbərlik edə bilməz.  

Amma nə  əkərsən, onu biçərsən. Heydər  Əliyev həqiqətən 

zərgər dəqiqliyiylə  işlədi. Televizorla siyasi oyunlara, ictimai 

rəyin hazırlanmasına, taktikasına baxıb heyran qalırdım. Son 

nöqtəni də bir mollayla keçirilən tədbirdə qoydu (bunu da 

televiziyayla gördüm). Molla kürsüyə  çıxıb: "Şəhidlərirn 

ruhuna fatihə oxuyacam" – dedi.  

–Oxu, – dedi Heydər Əliyev.  

Amma fatihə  əvəzinə molla Mutəllibovun dövründən 

danışmağa başladı, siyasi tövsiyyələr vermək istədi. Görünür, 

Əliyevi Mütəllibovla dəyişik salmışdı. Davam etdi: "Əbülfəz 

ona görə  yıxıldı ki, Allahsız idi" – dedi. (Əbülfəz yazıq 

Allahsız imiş? Burda – Türkiyədə onu hətta "köy imamı"- kənd 

mollası adlandırırdılar). "Birinci yerə İslamı qoymasanız, sizin 

də aqibətiniz elə olacaq" – dedi molla Heydər Əliyevə. Əliyev 

kəskin şəkildə onun sözünü kəsdi: – "Sən fatihəni oxu" – dedi. 

Molla yenə siyasi mövzularda moizələrini davam etdirmək 

istəyəndə H.Əliyev elə  bərkdən öskürdü ki, mollanın sözü 

boğazında qaldı və dərhal fatihə oxumağa başladı. Azəbaycan 

tragikomediyasının növbəti səhnəsi belə bitdi. 



*** 

Hər xalqla müəyyən bir heyvanın obrazını əlaqələndirirlər – 



 665 

rus ayısı, ingilis şiri, fransız (qall) xoruzu, ispan öküzü. 

Almanlar donuzu sevir, hindlilər inəyə sitayiş edir, ərəbi 

dəvəsiz təsəvvür etmək çətindir. Çinlilər ilanı, türklər boz 

qurdu totemləşdirir. Sovet vaxtında Darvin təliminə görə bizi 

inandırırdılar ki, meymundan törəmişik.  İndi isə deyirlər ki, 

Boz qurddan əmələ gəlmişik.  

*** 

Keçmiş qayıdır – elə  həmin mədhiyyələr dinmədən, 

məmnunluqla qəbul edilir.  

 

2 sentyabr, 1993  



 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin