***
Ən bacarıqlı yalançılar ən səmimi yalançılardır, yəni yalan
danışdıqları vaxt səmimi olanlar, öz yalanlarına özləri
inananlar, ya özlərini inandıranlar. Dahi yalançı ilk öncə özü-
özünü aldada bilən yalançıdır. O, elə davranır, elə duyur, elə
danışır ki, sanki bu situasiyada həqiqi davranış, həqiqi duyum,
həqiqi söz – bax belə olmuş, ya olmalıdır. O, yalnız öz fikir və
sözlərinə müəyyən vaxt həddi qoyur, belə bir müddət ki, özünü
də, başqalarını da səmimi şəkildə aldada bilsin. Bu hədd
keçiləndən sonra o, yalanın başqa bir situasiyasına keçir və
yenə özü özünü aldadır.
***
Qadınlar haqqında o, Napoleon şahmat barədə dediyi kimi
düşünürdü: Bu çox yüngül məsələdir ki, onu ciddi iş sayasan
və çox ciddi işdir ki, ona əyləncə kimi baxasan.
***
Elə düşünürdük ki, öz ömrünü, özünün yaşamaq müddətini
dünyada əsas dəyər saymaq "mənçi"liyə, eqoizmə,
eqomərkəzçiliyə gətirib çıxarar. XIX əsrdə də hesab edirdilər
ki, ateizm özbaşınalığa, hərki-hərkiliyə səbəb olacaq. "Allah
yoxdursa, demək hər şey etmək olar" – Dostoyevskinin bu
düsturu həyat gerçəkliyindən daha məhdud görünür indi. (70-ci
illərdə etdiyim bu qeydlərin həqiqiliyinə 90-cı illərdə şübhəylə
yanaşıram).
XX əsr bir çox ateistlər yetişdirdi ki, onlar əxlaqı
tapdamadılar. Beləcəsinə öz həyatını ən vacib dəyər hesab
etmək də əxlaqsızlıq, mənəviyyatsızlıq, eqoizm deyil. Ona
qalsa, gələcək səadət naminə indiki mərhumiyyətlərə dözmək
düsturu da əxlaqsız və mənəviyyatsız fikir sayıla bilər. Gələcək
xoşbəxt cəmiyyət naminə milyonlarla insanın məhv edilməsi
isə tamamilə cinayətkar düstur olmaqla bərabər, həm də
həqiqətə uyğun deyil. Milyonlarla insanın qanı bahasına
632
qurulan səadət heç cür səadət sayıla bilməz. Hegel haqlıdır: "
Məqsəd – ona çatmaq üçün istifadə olunan vasitələrin
toplusudur". Dostoyevski bir çocuğun bir gilə göz yaşlarından
danışanda peyğəmbərlik edirdi. Həm peyğəmbərlik edirdi, həm
də gələcək Rusyanın falını açmışdı. Rus inqilabı damla nədir,
dənizlərlə göz yaşı axıtdı. Gözyaşı və qan. Özü də tək bir
uşaqlarınkını yox.
Rus inqilabının metafizik və fəlsəfi uğursuzluğu Çarın
günahsız övladlarının qanı axıdılan gecə müəyyənləşdi. Hansı
siyasi və strateji məqsədlərlə izah olunsa da (uzun müddət
gizlədilsə də), bu cinayətin bəraəti yoxdur. Və tarix sübut etdi
ki, saf, işıqlı və xoşbəxt gələcəyi günahsız insanların, uşaqların
qanı üstündə qurmaq olmaz. Tarix Vladimir Ulyanovdan da
betər qisasçıdır.
Əlbəttə, qəlblərdə döyünən yalnız Orenburqda edam
olanların külü deyil, milyonlarla başqa günahsızların səssiz
harayıdır. Amma hər halda Orenburq faciəsi kökündən cinayət
üstündə qurulmuş bir işin axır-əlbət uğursuzluğa düçar
olacağının ən parlaq rəmzidir.
Türkiyədə bu ölkənin tarixiylə tanış olarkən mən bu barədə
də düşünürdüm. I Sultan Muradın hakimiyyəti dövründə (1359-
1389) sui-qəsdin üstü açılır, bu sui-qəsdə Sultanın öz oğlu da
bulaşıbmış. Qəsdin bütün iştirakçıları edam olunur. (Məlumdur
ki, Qorxunc İvan (İvan Qroznı) və Dəli Petro (I Pyotr) da öz
oğullarının başına oyun açıblar). Amma Osmanlı dövlətində bu
vaxtdan bəri bir ənənənin əsası qoyulur. Taxt-tac uğrunda
çəkişmələrin qarşısını almaq üçün hər yeni sultan hakimiyyətə
gələn kimi yaxın qohum-əqrəbasını qətlə yetirir (əcəb
ənənədir!). Məsələ ondadır ki, bu vəhşi davranışı ən yüksək
dövlət maraqlarıyla izah etmək və ona bu baxımdan bəraət
qazandırmaq istəyirlər. Sonralar İkinci Məhmədin verdiyi
fərmanlarda deyilirdi: "Əgər mənim övladlarımdan, əziz
oğullarımdan, ya nəvələrimdən biri dövlətin başçısı olarsa,
ümumi xeyir naminə öz qardaşlarını məhv edə bilər". Bax buna
633
görə də türbələrdə sultanların uşaqkən öldürülmüş övladlarının,
ya qohumlarının məzarları belə çoxdur.
Dünyanın özü qədər qədim, amma alçaq bir fikir var –
hansısa ali məqsələrlə günahsız insanların, hətta uşaqların
qanını tökmək man deyil. Bu fikir bəlkə də Bibliyada öz əksini
tapmış "körpələrin məhv edilməsi" əfsanəsindən qaynaqlanır.
Bu düsturu əsas götürüb Stalin və digər müstəbidlər məxsusi
haqq-hesabı qanuniləşdiriblər. Əgər yüzlərin naminə on adamı
məhv etmək məqbuldursa, minlərin uğrunda yüzləri,
milyonların yolunda minləri və bu haqq-hesabla yüz minləri,
milyonları qurban vermək olar. Böyük miqyasda söhbət hətta
yüz milyonlardan gedir. O vaxt milyard əhalisi olan Çinin
rəhbəri Mao Xruşşova deyirmiş ki, Üçüncü Dünya
müharibəsində kapitalizmin məhv olması və kommunizmin
qələbə çalması naminə yüz milyon insanın qırılması böyük itki
deyil. Stalin dövrünün amansız anekdot - lətifələrindən biri də
belə idi: Guya ki, Stalinin özü Beriyanın təqdim etdiyi edam
siyahılarından dəhşətə gələrək: – Bu qədər adamı qırmağı təklif
edirsən? – deyə soruşur. Beriya cavabında: – Məgər biz bu
əhalini Nikolay padşahdan siyahıyla almışdıq? – deyir.
(Bu fikrin müəyyən əks-sədası 1990-cı ilin Qara
yanvarından sonra M.S.Qorbaçovla olan söhbətimizdə səsləndi.
"Bəli, Bakıda insanlar həlak oldu – deyirdi Qorbaçov bizimlə
görüşdə və əlavə edirdi: – Ancaq qoşunlar daxil olmasaydı,
daha çox insan məhv ola bilərdiU. Mən, bax bu yuxarıda
yazdığım fikirləri xatırlayaraq Qorbaçova dedim: "Minlərin
naminə yüzlərin məhv edilməsi, minlərin naminə yüz minlərin
həlak olması – bu haqq-hesabı biz tarixən çox keçmişik axı"…
Qorbaçov dinmədi, onun yanında dayanmış Primakov isə
məzəmmətlə başını buladı – bu qeyd, çox sonralar, 90-cı illərdə
edilib).
Mənə ruhən çox yaxın olan fəlsəfə sisteminə – zen-
buddizmə müraciət edərək bu təlimin bir maddəsini yada
salmaq istəyirəm: "Günahı xeyirxah əməllərlə yumaq fikri və
634
gələcək səadət naminə indi cinayət törətmək düşüncəsi zen
etikasına kökündən ziddir". Zenbuddizmin tədqiqatçısı
Y.V.Zavadskaya "Qərb Şərqdə" kitabında belə yazır. Beləliklə,
dəyərlər cədvəli necə qurulub? Kim deyə bilər ki, gələcək
nəsillər səadətə indikilərdən daha artıq layiqdirlər və nəyə görə
indiki nəsillər öz yeganə və təkrarsız ömürlərini necəliyi
məlum olmayan, hansı dövrdə yaşayacağı bilinməyən nəsillərin
fərziyyə, güman şəklində nəzərdə tutulan səadətlərinə qurban
verməlidir? Və bu gələcək nəsillər də öz növbələrində
ömürlərini daha da irəlidə yetişəcək nəslin yolunda fəda
etməlidir? Və sonsuza qədər bax beləcəsinə…
Amma digər tərəfdən bu fədakarlıq olmasaydı, ən bəsit
şəkildə desək, valideynlər ömürlərini təmənnasız – filan
övladlarına qurban verməsəydi, həyatın davamı da mümkün
deyildi. Çox qədim və çox müdrik bir fikir də var: sənin
əkdiyin ağacın bəhrəsini gələcək nəsillər görəcək, köl-gəsində
nəvə-nəticələrin oturacaq, amma sən özün onun nə bəhrəsini
görəcəksən, nə kölgəsində dincələcəksən. Vaxtilə mən özüm də
yazmışdım ki, həyat bir borcdur, bu borcu biz
valideynlərimizdən alırıq, övladlarımıza qaytarırıq. Hər nəsil
əcdadlarından onların fədakarlığını da borc alıb, bu borcu
xələflərinə qaytarır. Bəlkə də belədir. Yox, lap yəqini belədir.
Amma yenə də müəyyən şübhələr beynimi gəmirir: Hər nəslin
fədakarlığı bəlkə də gələcəyin mümkünsüz xoşbəxtliyi
haqqında bir aldanışdan, bir illüziyadan, sirabdan, ilğımdan
başqa şey deyil. Bəlkə bu da şirin bir özünüaldatmadır. Necə
ki, xatirələrimiz, keçmişlər haqqında nostalji duyğularımız da –
xoş bir yalandır. Keçmişdə, o anları yaşadığımız zaman
duymadığımız fərəh, sevinc hisslərini indi, o anları yada
salarkən duyuruq. İtirilmiş cənnət əfsanəsi. Gələcək səadət
haqqında xəyallar da eynən itirilmiş cənnət xülyasına bənzər
bir şeydir.
Əgər doğrudan da, səadət dedikləri bir şey varsa, o ancaq
ötəri və tez keçib gedən anların tələsik sevincləridir. Az qala
635
başlanan kimi bitən sevinclərdir. Bax bu tutulub saxlanması
mümkün olmayan an, iki yoxsuzluq arasındakı qısa fasilə yəqin
ki, həqiqiət məqamı, həyatın və gözəlliyin mənasıdır.
***
Ən gənc, az qala uşaq yaşlarımdan mənə söylənən ən xoş
"kompliment" – çox mütaliəli olmağımdır.
Xeyirxahlarım da, bədxahlarım da mütaliəmi mənə gah
müsbət qiymət kimi, gah da ittiham kimi verirdilər… Halbuki,
özüm yaxşı bilirdim, mənim geniş mütaliəm daha çox zahiri
görüntüdür, nəinki əsl həqiqət. Oxumadığım, amma oxunması
vacib olan kitablar oxuduqlarımdan dəfə-dəfə artıqdır. Bəzən
sancmaq istəyəndə mənim bütün yaradıcılıq cəhdlərimi, illah
da, onlar uğur qazanırdısa, ancaq və ancaq oxuduğum
kitabların təsiriylə bağlayırdılar. Əlbəttə, heç bir yazıçı başqa
bir yazıçının, özəlliklə böyük və klassik müəlliflərin müəyyən
təsirindən xali deyil. Amma doğrudan-doğruya heç vaxt
oxumadığım yazıçıların mənə guya ki, təsir etdiyini eşidəndə
yanıb-yaxılırdım. İlk povestimi "Ağ liman" adlandırmağım və
finalda qırmızı gəmilərdən yazmağım kifayət etmişdi ki, bunu
Qrinin təsiri hesab etsinlər. Niyə Qrin? Sadəcə olaraq onun "Al
qırmızı yelkənlər" əsərinin adı yadlarında qalmışdı (Çox
güman ki, əsərin özünü heç oxumamışdılar). Şükür olsun ki,
Çingiz Aytmatovun "Ağ gəmi" povesti mənim "Ağ
limanUımdan sonra çıxdı, yoxsa onun da təsirini
yapışdırardılar. Ayıb olsa da, etiraf edirəm: Qrinin heç bir
əsərini oxumamışam. Deyilənə görə, çox gözəl yazıçıdır, amma
vallah-billah bir sətrini də oxumamışam. Əvvəllər nə isə imkan
düşməyib, tənqidçilərin bu iradlarından sonra isə bilərəkdən,
qəsdən oxumuram (bəlkə də haçansa oxudum). Amma Qrinin
əsərlərinin yalnız adıyla deyil, məzmunuyla da tanış olan ciddi
adamlar mənə dəfələrlə deyirdilər ki, "Ağ liman"ın Qrinin
əsərlərinə heç bir dəxli yoxdur.
Əfsus ki, Edqar Ponu da oxumamışam, ona görə də təəccüb
qalıram: bəzi yazılarımda onun təsirini tapanlar da var. Tanış
636
olmadığın mətn sənə necə təsir edə bilər? Bilmirəm. Qoy bunu
tənqidçilər izah etsin.
Bu ittihamların əsas məqsədi yazılarımın orijinal olmaması
haqqında fikri beyinlərə yeritməkdir. Ən yaxşı variantda
mənim güya ki, həyatı yetərincə bilməməyim və həyata
kitablar vasitəsiylə bələd olmağımdır. Bir dəfə bizim milli
bəlamız yerliçilik haqqında söhbət düşəndə Vaqulyaya (Vaqif
Səmədoğluna) dedim: – Valideynlərimizin doğulduğu yerlərə
görə biz səninlə ayrı-ayrı bölgələrdənik. Amma mən Göyçayda
və Gəncədə küll halında heç bir ay da yaşamamışam. Necə ki,
sən də Qazaxda, ya Dərbənddə. Biz Bakıda doğulumuşuq,
burda boya-başa çatmışıq, burda yaşamışıq və yəqin
ömrümüzün sonuna qədər yaşayacayıq, Amma bununla belə
köklü bakılılar da, bizi özününkü, yəni əsl Bakılı saymır. Odur
ki, biz istəsək də, yerlibaz, yerlipərəst ola bilmərik. Vaqif,
məncə, çox dəqiq cavab verdi: Biz səninlə kitabstanlıyıq.
Bizim yerlibazlığımız kitablar zəminindədir.
Bir dəfə bazarda nəyinsə qiymətini düz demədim, kimsə
məni hesabı pis bilməkdə suçladı, atam gülərək: hesabı yox,
həyatı pis bilir, – dedi.
Daha bir şeydə də suçlayırlar məni "sən bu xalqdan uzaqsan,
yaxud bu xalq səndən uzaqdır". Əvvəllər belə sözlər məni
ağrıdırdı. İndi bu kəmlik kompleksindən azad olmuşam. Çünki
təvazökarlıqdan uzaq olsa da, deməliyəm, kaş xalqa yaxın
olduqlarını iddia edənlər mənim bu xalq üçün elədiklərimin
yüzdə birini edəydi. Bu sözlərimçün üzr istəyirəm, yoxsa lap
Bəxtiyar Vahabzadənin şerinin tərsi çıxdı: Bircə ondan razıyam
ki, özümdən çox razıyam. Əstəğfürullah. Allah göstərməsin
mənə belə özündən müştəbehliyi.
Yuxarıdakı iradı da anlamağa çalışıram. Bu iradın arxasında
duran fikir də mənə gün kimi aydındır: yəni dedikləri odur ki,
sən (yəni mən) uşaqlıqdan firavan bir şəraitdə böyümüsən,
həyatın bərkinə-boşuna düşməmisən. Xalqın əksəriyyətinin
yaşadığı gün-güzəran, dolanışıq tərzi sənə yad və yabançıdır.
637
Və buna görə də sənin nəslinin uşaqları – müharibə dövrünün
ac-yalavac balaları çörək qeydinə qalanda sənin mədəniyyətlə,
ədəbiyyatla, müsiqiylə tanış olmaq imkanın olub.
Hələ yeniyetməlik çağlarımda bir dəfə məşhur kinorejissor
Lətif Səfərovla mübahisəmiz düşdü. O, Ənvər
Məmmədxanlının "Leyli və Məcnun" ssenarisi əsasında film
çəkməyə hazırlaşırdı və bağa, Ənvərin yanına gəlmişdi. Öz
yozumunu danışırdı. Mən bu yozumla razılaşmırdım. Leyli –
Məcnun mövzusu haqqında öz fikrimi çatdırmağa çalışırdım: –
Məncə, – deyirdim, – Məcnunun faciəsi zahiri əngəllərlə
rastlaşmasında deyil, ondadır ki, Qeys anadangəlmə faciə
qəhrəmanı kimi doğulub, o, dünyaya ancaq əzab çəkmək üçün
gəlib. Baş rollarda çəkilən aktyorlar haqqında da fikrimiz çəp
düşmüşdü. Lətif bütün fikirlərimi, o cümlədən məcnunluq
haqqında fikirlərimi də diqqətlə dinləyirdi, heç bir iradıma
cavab vermirdi, amma sonda elə bir şey dedi ki, o sözlərin
mübahisə predmetimizə heç bir dəxli yoxdu. Amma o sözlər
ömrüm boyu yadımda qalıb. Məcnunçuluq haqqında mücərrəd
fəlsəfəçiliyimə cavab olaraq Lətif: – Anar, həyat səni yetərincə
incitməyib, – dedi.
16-17 yaşım olardı o vaxt. Sonralar həyat məni yetərincə
incitdi, amma o vaxt anlamamışdım ki, Lətif bununla nə demək
istəyir və bu fikrin bizim mübahisəmizə nə dəxli var. Sonralar
intihar etmiş Lətif haqqında düşünərkən, mən bu sualın
cavabını da tapdım. Belə gənc yaşlarında belə "dərin" fikirlər
yalnız firavan uşaqlığın nəticəsi ola bilər.
Atrıq yetkin çağımda, 50 yaşım keçəndən sonra 1989-cu ilin
sentyabrında Azərbaycan Ali Sovetinin sessiyası zamanı mitinq
edən kütlənin arasından Parlament binasına tərəf keçmək
istəyirdim. Mən onda respublika Parlamentinin deyil, SSRİ Ali
Sovetinin deputatı idim, oradakı fəaliyyətim, çıxışlarım və
hətta çıxış etməməyim də birmənalı qarşılanmırdı.
Səkkiz-doqquz dəfə danışsamda, yalnız bircə dəfə Qorbaçov
mənə söz vermədi.
638
(Əvvəlcədən çıxışa yazılmamışdım, o, mikrofonu çıxartdı və
səhərisi gün Prezidiumda əyləşən Püstəxanım Əzizbəyova
vasitəsilə mənə üzrxahlığını bildirdi. Amma Parlamentdəki
bütün fəaliyyətim bir yana, bir bu faktdan bədxahlarım ağızları
sulana-sulana bolluca istifadə etdilər. (Bu günün əlavəsi: Və bu
günə qədər də mənə qarşı "kəsərli" silah kimi istifadə edirlər.
Hətta dəlixanada müalicəsini yarımçıq qoyub ordan çıxmış
birisi yazır ki, guya Qorbaçov mənə "sadis, molçi" – deyib.
Yalançının lap… Qorbaçov yox, dünyada heç kəs mənimlə
belə danışa bilməz. Bu adamcıq özünə xas olan cəhətləri mənə
şamil eləməsin – çox sonrakı illərin əlavəsi).
Ümumiyyətlə, ittifaq deputatlarımızın fəaliyyətində xeyli
müsbət cəhətlər və əlbəttə, müəyyən kəm-kəsirlər vardı. Amma
gün kimi aydındır ki, ümumittifaq deputatlarının damğalanması
və ləkələnməsi yolunda əməlli-başlı planlı iş də aparılırdı. Elə
gün olmurdu ki, mənə onlarla kağız, teleqram gəlməsin,
yüzlərlə telefon zəngi (Moskvadan, Bakıdan və başqa
şəhərlərdən, İrəvandan və Moskvanın özündən hədələyici
zənglər də vardı) edilməsin. Sonra bu zənglərin, teleqramların,
kağızların birdən-birə doxsan faiz azalması sübut edir ki, bütün
bunlar müəyyən mərkəzdən idarə olunurmuş. Əlbəttə, bizim
işimizi təqdir edən, bizə ürək-dirək verən məktublar,
teleqramlar, telefon zəngləri də az deyildi.
Bax belə bir "məhəbbət-nifrət" münasibətinə tuş olaraq kütlənin
içindən Parlamentə tərəf gedirdim, amma gedib çata bilmədim.
Tanıdılar, dövrəyə aldılar və saysız-hesabsız suallara, iradlara,
tələblərə, xahişlərə cavab verməli oldum. Bir sözlə, mitinqin
mərkəzinə çevrildim. Epizodun əvvəlinə qayıdım. Maşından
düşüb kütlənin içindən Parlamentə tərəf addımlayarkən mənə əl
çalmağa başladılar. Lap cavan bir oğlan, sütül yeniyetmə isə: – Əl
çalmayın, – dedi, – qoy hələ dokazat eləsin. Nəyi "dokazat"
eləməliydim, bilmirəm... Yəqin ki, bu alqışlara haqqım olduğunu.
Bir də cır səsli bir qadının qışqırığını eşitdim və onun dediyi
sözlər, məncə, gecə düşüncələrimin bu bölümünə məntiqi yekun
639
vurur. Qadın çığırırdı: "Anar müəllim, bizə mədəni deputatlar
lazım deyil!"
Şübhəsiz, Qorbaçovun mənə söz verməyib mikrofonu
söndürdüyü vaxt onunla əlbəyaxa olmadığıma irad tuturdu.
Bu an mən çox şeyi anladım. Anladım ki, bu qadın da
haqlıdır, vaxtilə Lətif Səfərov da haqlıymış.
Amma onu da anladım ki, onları haqlı saymağı mənə
kitablar öyrədib.
***
İndi dəhşətli bir tiraniya mövcuddur – informasiya tiraniyası
– qəzetlər, radio və televiziya başımıza kürül-kürül xəbər
axıdır, bununla da, nəinki kitabla ünsiyyətə, heç işləməyə,
sərbəst düşünməyə də vaxt qalmır. Sözun yalnız fiziki
anlamında deyil, mənəvi anlamında da elementar fikrə dalmağa
imkan verilmir. Elə bil, fikrin dərinləşməsinə, təkmilləşməsinə,
öz-özünü ürütməsinə ehtiyac qalmayıb. Bu əsasən ziyalıları –
elmi və yaradıcı ziyalıları zədələyir. Estetik, mənəvi, elmi
dəyərlərin istehsalçılarından istehlakçılarına çevrilirlər.
Deyirlər ki, qərb qəzetləri ("Fiqaro", ya "Nyu-York TaymsU)
azı əlli-yüz səhifə çıxır və orda onlarla telekanal var. Amma bu
problemi aradan qaldırmır. Çünki orada hər kəs bu informasiya
axınında özünü maraqlandıran guşəni axtarır. Uzun illərin
informasiya pəhrizində yaşamış bizləri isə hər şey
maraqlandırır – siyasət də, idman da, uçan boşqablar da,
ekstrasenslər də, tarixin ağ ləkələri də. Lenin əməkdaşlarının və
Stalin əlaltılarının taleyi də, Vısotskiylə Marina Vladinin şəxsi
həyatı da, çar ailəsinin qətli də, kosmosdan gəlmiş qonaqların
izləri də, dini mütəfəkkirlər də. İnformasiya aclığı informasiya
"qarınqululuğunu" meydana gətirib. Bu mənəvi qidanın (əslinə
qalsa bu mənəvi qidadırmı?) həddən ziyadə çoxluğu uzun
illərin ideoloji pəhrizindən çıxıb rəsmi polifabrikatlarla
zəhərlənəndən sonra mədələrin deyil, beyinlərin pozulmasına
gətirib çıxarmasın…
***
640
RSFSR-in qurultayında Silayevin kəndli təsərrüfatı
haqqında məruzəsinə qulaq asırdım. Nəyə görə kəndlilər
fermer təsərrüfatına belə həvəssiz yanaşır. Çünki bunun hüquqi
təminatı yoxdur, heç kəs də quru sözlərə etibar etmir. Eyni
sözləri İttifaq müqaviləsi və daha geniş anlamda Milli məsələ
haqqında deyə bilərəm. Qorbaçov arxayınlaş-dırır: "Tamamilə
yeni əsaslarla qurulan İttifaq, həqiqi suverenitetlərin Birliyi". O
biri tərəfdən də jurnalistlər məsxərə edir: suverenitetlər paradı.
(Yeri gəlmişkən, akademik Saxarov Ali Sovet kürsüsündən
təklif edəndə ki, Azərbaycan Qarabağı Ermənistana bağışlasın,
mən çıxış edib ona cavab verdim: Bizim respublika suveren
respublikadır, suvenir respublikası deyil ki, torpağının bir
hissəsini kiməsə hədiyyə, süvenir versin).
Axı kim qarantiya verə bilər ki, Qorbaçovun bu vədləri də
növbəti oyun deyil, bu sözlərin arxasında Oruelin romanında
olduğu kimi tamamilə əks və tərs anlayışlar dayanmayıb.
Əvvəlki Sovet Konstitusiyasında da bir xeyli qəşəng söz vardı
– hətta respublikaların istədikləri vaxt ayrılmaq hüququ da
təmin olunurdu. Amma nəinki Stalin dövündə, hətta Brejnev və
Xruşşov dövründə belə bu fikri dilinə gətirənlərin boğazını
üzərdilər.
Hər hansı respublika bu istiqamətdə bir balaca qımıldandımı
– bütün vasitələrə əl atacaqdılar – sabitliyin pozulması,
separatizmin körüklənməsi (bəzən, məsələn, Dağlıq Qarabağ
problemiylə əlaqədar bu, qabaqcadan hazırlanan tədbir kimi də
meydana çıxır), hədə-qorxu, blokada və s. Yadımdadır,
Lukyanovun iş otağında o vaxt palatanın sədri Primakov öz
müdrikliyindən yorulmuş baxışlarla bizə, Azərbaycan
deputatlarına mentor tonuyla izah etməyə çalışırdı ki, hər hansı
respublika ayrılmaq istəsə belə, prosedura məsələləri on illər
boyu çəkəcək. (Yox, müdrik orakul yaman səhv edibmiş,
demə, bütün bu işlər çox qısa bir müdətdə baş verdi – sonrakı
əlavə).
Yeni qanunlarınmı qəbul olunması, yaxud əski qanunlaramı
641
riayət olunması o qədər də vacib deyil. Vacib olan odur ki, bu
qanunlarda yazılmış sözlərin həqiqi anlamıyla onların həyata
keçirilməsi arasında təzad, ziddiyyət, tamamilə tərs təfsir
olmasın. Bu sözlərin, maddələrin istənilən kimi, demoqoji
şəkildə yozulması yox, müstəqim mənasına uyğun olaraq
rəhbər tutulması cəmiyyətə çoxdan itirilmiş əxlaq normalarını,
qanunun ruhuna və hərfinə inam və etibar hissini qaytara bilər.
Bax budur cəmiyyət qarşısında duran əsas məsələ – sözlərə
inamın, etibarın qaytarılması, sözlərin hərəkətlərə əks yox,
uyğun olması. Yetmiş ildə çox iş görülüb, amma əsas işlərdən
biri UYĞUNSUZLUQ anlamının şüurlara yeridilməsi olub.
Sözlərin və əməllərin uyğunsuzluğu, bəyan edilənlə icra
olunanın uyğunsuzluğu, başqa sözlə desək, YALAN. Yalan və
riyakarlıq. Riyakarlıq – dəyərə çevrilib, insanlarda hörmətə
layiq bir keyfiyyət sayılır, elə bir qabiliyyət hesab olunur ki,
çoxları bu qabiliyyətə həsəd çəkir, çoxları heyran qalır. "Əhsən
filankəsə, hamını barmağına doladı, maşallah, bəhmənkəs
yaşamağın təhrini bilir. Bərəkallah, peşmənkəs işin içindən gör
necə çıxdı". Uyğunlaşmaq, konyukturçu – zamanın adamı
olmaq cəmiyyətin qınağını yox, təqdirini qazanır və onun,
cəmiyyətin simasını da müəyyənləşdirir. İctimai əxlaqı
tapdayıb keçmək şücaət kimi qəbul edilir, buna uyğun olmayan
həqiqi əxlaq prinsipləri isə burjua qalıqları, dinçilik, xristian,
ya İslam ehkamları kimi damğalanır. Bu illərdə bütöv bir insan
populyasiyası yetişib ki, artıq heç nəyə və heç kimə inanmır.
Bu mənada, doğrudan da, yeni tarixi insan cəmiyyəti – sovet
xalqı haqqında danışmaq olar.
Dostları ilə paylaş: |