Sual 48. Sosial pedaqoqun korreksiyaedici işi Cavab: Korreksion pedaqogikanın aktual problemlərindən biri sosial-psixi inkişafın ləngiməsi problemidir. Bu problem həm uşaqların səhhəti, həm də eyni zamanda məktəb təlimi, məktəb müvəffəqiyyətsizliyi ilə sıx bağlıdır. Sosial-psixi inkişafın ləngiməsi altında psixi funksiyaların yetişməsinin ləngiməsi və bu səbəbdən yaş normalarından geri qalması başa düşülür. Bu proses erkən yaş dövründə inkişaf etməyə başlayır, stabil gedişlə və uşaq böyüdükcə təzahürlərinin azalması ilə xarakterizə olunur. Sosial-psixi inkişafın ləngiməsinin təzahürləri, əsasən, məktəbdə özünü biruzə verir: belə uşaqlar fiziki və psixoloji və sosial adaptasiya cəhətdən məktəbə hazır olmurlar, onlarda bəzi sosial psixi proseselərin və funksiyaların ləng inkişafı müşahidə edilir. Onlar emosional – iradi sahənin və dərketmə fəaliyyətinin yetkinlik dərəcəsinə görə daha erkən yaş səviyyəsindədirlər. Belə ki, onlarda ümumi biliklərin çatışmazlığı, dar dünya görüşü, ətraf aləm haqda təsəvvürlərin qeyri–dəqiqliyi, psixi proseslərin lazımınca formalaşmaması, məktəbəqədər motiv və maraqların üstün olması müşahidə olunur. Sosial-psixi inkişafın ləngiməsi zamanı uşaq bir yaş dövründən o birisinə keçərək, əvvəlki yaş dövrünə xas olan xüsusiyyətlərinin təkcə bəzilərini mənimsəmiş olur.
Sosial-psixi inkişafında ləngimə müşahidə edilən uşaqlar biz zənn etdiyimizdən qat–qat çoxdur və getdikcə onların sayı daha da artacaq. İndi isə onlardan bəziləri kütləvi məktəbin adi və inklüziv siniflərində, bəziləri isə yardımçı məktəbdə təhsil alır. Kütləvi məktəbin adi siniflərində bu uşaqların inkişafında olan problemlər dərinləşir, biliklərin kəsirliyi artır. Əgər belə uşaq yardımçı məktəbə təyin olunursa, onda onun kütləvi məktəbə qayıtması perspektivi cüzidir. İnklüziv siniflər isə belə uşaqların problemlərini həll edə bilər: belə ki, sosial-psixoloji ləngiməsi olan uşaqlar ibtidai təhsili inklüziv sinifdə alıb, sonradan həmin məktəbin adi sinifinə keçirilə bilər. Burada psixi inkişafın ləngiməsinin erkən aşkarlanmasından, düzgün diaqnostikasından və erkən korreksiyasından çox şey, ilk növbədə isə bir çox uşaqın gələcək taleyi bundan asılıdır. İntellektual cəhətdən bu uşaqlar salamatdırlar, inkişaf üçün potensial imkanlar onlarda genişdir. Oliqofrenlərdən fərqli olaraq, sosial-psixi inkişafda ləngiməsi olan uşaqlarda beyinin qabıq strukturlarının, əsasən də alın hissəsinin ləng yetişməsi müşahidə olunur. Amma əgər oliqofreniyada beyin strukturlarının total və qeriyədönməz inkişafsızlıqı müşahidə edilirsə, ləngiməsi olan uşaqlar psixi inkişafın bütün qanunauyğun dövrlərini ləng də olsa, ardıcıllıqla keçirlər. «Ləngimə» termini geriliyin yaş, dövrü xarakterini və müvəqqətiliyini vurğulayaraq, ləngimənin aradan qaldırılmasının mümkünlüyünü təsdiq edir.
Sosial-psixi inkişafda ləngiməsi olan uşaqların məktəbə hazırlıqının psixoloji aspektlərinin müqayisəli şəkildə öyrənilməsi və araşdırılması böyük praktik əhəmiyyətə malikdir. Qaydasında, tipik inkişaf etmiş 6 yaşlı uşaq məktəbə fiziki, sosial və psixoloji cəhətdən hazır gəlməlidir; onun intellektual və emosional – iradi sahəsi artıq sistematik təlimə hazırdır və onu tələb edir, yəni uşaq «məktəbli» pozisiyasından irəli gələn bütün şərtlərə hazır olmalıdır. Sosial inkişafda ləngiməsi olan uşaqın şəxsiyyətinin isə bütün sahələri inkişafda geri qalır. Məlumdur ki, məktəbə hazırlıq intellektual, şəxsiyyəti və sosial, və emosional – iradi hazırlıqdan ibarətdir. İntellektual hazırlıq uşaqın bildiyi şer və nağılın sayı ilə deyil, məktəbəqədər dövrdə müqayisə, təhlil, ümumiləşdirmə, sərbəst nəticə çıxarmaq bacarığına yiyələnməsi ilə müəyyənləşir. İndiki uşaqlar hər tərəfdən informasiya ilə əhatə olunduğundan, onlar yeni söz və ifadələri tez mənimsəyirlər, onların lüğət ehtiyatı müəyyən mənada genişdir. Amma lüğət ehtiyatının sürətlə artması təfəkkürün də eyni sürətlə inkişaf etməsi demək deyil – burada asılılıq yoxdur.
Uşaqların təfəkkürünün fəallaşdırılması aktual inkişaf səviyyəsini nəzərə alıb, gələcək inkişaf zonasına müraciət etməni nəzərdə tutur. Məlumdur ki, aktual inkişaf zonası uşaqın əldə etdiyi bilik və bacarıqların sayı və ehtiyatıdır.«Gələcək inkişaf zonası» anlayışını L.S.Vıqotski belə izah edirdi: «Müstəqil bacardığından əməkdaşlıqda bacardığına keçmək imkanı uşaqın inkişafında dinamikanın olmasını xarakterizə edən əsas və ən həssas simptomdur.» Sosial-psixi inkişafda ləngiməsi olan uşaqlarda ümumiləşdirici təfəkkür əyanidir, real əşya və real hərəkətlərə əsaslanır. Praktik fəaliyyət əsas rol oynayır; bu fəaliyyətin daxilində əyani – hərəkəti və əyani – abstrakt təfəkkür mühüm yer tutur. Təfəkkürün bu formalarının potensial imkanları məntiqi təfəkkürdən geri qalmır və ümumi əqli inkişafda özünəməxsus yer tutur. Amma qeyd etmək lazımdır ki, psixi inkişafda ləngiməsi olan uşaqlar intellektual cəhətdən passivdirlər, onların intellektual təəssuratları və maraqları məhduddur.
Bəzən ən sadə təlim tapşırıqlarını yerinə yetirə bilmirlər; amma məsələ oyun şəklində və ya praktik səthidə keçirilərsə, onlar bu məsələni düzgün həll edirlər. Bu uşaqları düşünmək, dərk etmək tələb edən fəaliyyətə cəlb etmək lazımdır ki, onlar özləri əşyaların eyniliyini və fərqini görüb, onların yeni – yeni xüsusiyyətlərini aşkar və dərk etsinlər. L.İ.Bojoviçin fikrincə, intellektual hazırlıq məktəbə hazırlıqın yeganə şərti deyil. Şəxsiyyəti və sosial – psixoloci hazırlıq uşaqın yeni, «məktəbli» sosial pozisiyasını öz üzərinə götürməyə hazır olması məktəbə, dərs fəaliyyətinə, müəllimlərə və özünə münasibəti ilə ifadə olunur.Məktəbəqədər yaş dövründə sırf məktəb keyfiyyətləri formalaşa bilməz, çünki yaxşı məlumdur ki, uşaqda psixoloji yenitörəmələr aparıcı fəaliyyət növü çərçivəsində formalaşır. Deməli, məktəb keyfiyyətləri məhz məktəb fəaliyyəti zamanı formalaşmalıdır – amma bunun üçün uşaq sosial cəhətdən kamil olmalıdır, məktəb keyfiyyətlərini mənimsəməyə hazır olmalıdır. Məktəbə qəbul olunmaq, mexaniki olaraq, məktəbli olmaq deyil: bu təşəkkül, məktəbli həyatına daxil olma L.S.Vıqotskinin «litik dövr» adlandırdıqı bütün ibtidai məktəb dövrünü əhatə edir. Psixi inkişafda ləngiməsi olan uşaqlarda «sosial kamillik» deyilən amil inkişaf etməyib: bu uşaqlar məktəbə getmək istəmirlər, məktəbdən qorxurlar; orada oynamaq imkanı olmadığından, onu sevmirlər.
Şəxsiyyəti və sosial – psixoloji hazırlıqın əsas şərtlərindən biri də kommunikativ keyfiyyətlərin formalaşmasıdır. Psixi inkişafda ləngiməsi olan uşaqlar müəllimlərlə və sinif yoldaşları ilə məhsuldar ünsiyyət qura bilmirlər.Psixi inkişafda ləngiməsi olan uşaqlarda emosional – iradi sahənin müəyyən inkişafsızlıqı müşahidə olunur: onlar oyunu təlim fəaliyyətindən üstün tuturlar, onların davranışında və ünsiyyətində infantillik cizgiləri mövcuddur, özünəxidmət vərdişlərinə gec yiyələnirlər. Bu neyropsixoloji cəhətdən emosional – iradi sahəyə cavabdeh olan beyin qabığının alın strukturlarının ləng yetişməsi ilə izah olunur.Psixi inkişafda ləngiməsi olan uşaqları xarakterizə edən keyfiyyətlər qeyri –müstəqillik, qeyri – təşəbbüskarlıq, özünənəzarətin aşaqı olması, konformluqdur.
Ümumiyyətlə, müəllim və tərbiyəçilər yaxşı bilirlər ki, sosial-psixi inkişafda ləngiməsi olan uşaqlarda iradiliyin tərbiyəsi çox vaxt və səbr tələb edən bir prosesdir. İradiliyi məktəbəqədər yaş dövründən tərbiyələndirmək lazımdır: uşaqa istədiyini deyil, zəruri işi yerinə yetirmək üçün oyundan, stimul – motivlərdən və s. Üsullardan istifadə etmək məqsədə uyğundur.Qeyd edək ki, sosial-psixoloji ləngimənin korreksiyasının əsasında psixoloq, loqoped, həkim, müəllim – defektoloq və b. Fəal iştirakını nəzərdə tutan çoxşahəli yanaşma durur. Bundan başqa, valideynlərin də öz uşaqlarına düzgün yanaşması belə uşaqların ünsiyyətli, emosional cəhətdən sağlam böyümələrinə kömək edir. İnklüziv təhsilə istiqamətlənmiş və bu sahədə xeyli işlər görülən vaxtda korreksion təhsilin bu probleminin həlli vaxtı gəlib çatmışdır. Bu problemin həlli Təhsil, Səhiyyə və Əhalinin sosial təminat nazirliklərinin koordinasiya olunmuş fəaliyyətini tələb edir.
Məktəbə sosial-psixoloji xidmət təkcə diaqnostik işləri həyata keçirməklə də başa çatmır. Bu və ya digər çətinliyi və onun səbəbini aşkara çıxarmaqla yanaşı (istər intellektual, istərsə də şəxsiyyət baxımından) sosial-psixoloji xidməti həyata keçirən mütəxəssis həmin çətinlikləri aradan qaldırmaq, təshih etmək üzrə də iş aparmalıdır.
Sosial pedaqoq sosial – psixoloji xidmət zamanı aşağıdakı korreksiya işlərinin həyata keçirilməsini diqqət mərkəzində saxlamalıdır.
Şagirdlərin şəxsiyyətində, əqli inkişafında, emosional iradi xüsusiyyətlərində özünü göstərən çətinliklərin aradan qaldırılması. Şagirdlərin yaşlılar və həmyaşıdları ilə qarşılıqlı münasibətlərində özünü göstərən qüsurların aradan qaldırılması.